Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-188/2024 16.07.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 2001-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 216-cı maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 04 mart 2023-cü il tarixdə yaşadığı ünvan 1 ünvanında olarkən özünün yaratdığı və inzibatçısı olduğu “Whatsapp” ani mesajlaşma tətbiqetməsindəki “İş elanları” qrupunda Bakı metropoliteninin stansiyalarının birində yaxın gələcəkdə insanların həlak olmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına və ya sair ictimai təhlükəli nəticələrin baş verməsinə səbəb ola biləcək hazırlanan partlayış, yanğın və başqa hərəkətlər barəsində bilə-bilə həqiqətə uyğun olmayan səs yazısı paylaşmaqla terrorçuluq barədə bilə-bilə yalan məlumat vermişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 216-cı maddəsi ilə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, qrupa səs yazısı ataraq metroda partlayış ola biləcəyini demiş və həmin səs yazısını qrupa zarafat məqsədilə atmışdır. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, o, qrupu əsgərlikdən gələndə yaratmış, sonra silmişdir. Daha sonra isə yenidən yaratmış və həmin qrupun inzibatçısı olmuşdur. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, o, valideynləri danışan zaman eşitmişdir ki, metroda partlayış olacaq. Zarafat məqsədilə metroda partlayış olacağı barədə səs yazısı atıb ki, qrupdakılar Bakıya getməsinlər. Hadisədən sonra Dövlət Təhlükəsizliyi Xidmətindən zəng edərək onu idarəyə çağırmışdırlar. DTX onu çağırmamışdan əvvəl dayısı Daxili İşlər Nazirliyinə zəng edərək səsin bacısı oğlu Təqsirləndirilən şəxs məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, şadlıq saraylarının müdirləri ona ofisiant lazım olduğunu demiş, o da ofisiant lazım olduğunu həmin qrupa yazmış və bu elanlardan pul qazanmışdır. “Terror aktı” sözünü televiziyadan eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid3 oğlu ifadəsində göstərmişdir ki, səs yazısı ona dostu tərəfindən göndərilmişdir. Onun dostu səs yazısının atıldığı qrupda olduğu üçün səsi Ziyada atmışdır. Fəridin səs yazısından on beş gün-bir ay qabaq da “Nazim” adlı ekstrasens canlı yayımında Azərbaycanda problemlər ola biləcəyini, terror aktı ola biləcəyini söyləmişdir. Həmin şəxsin dediyi proqnozların iyirmiotuz faizi düz çıxdığından, ardınca Fəridin səs yazısını paylaşmasından dolayı onda bir qədər təşviş yaranmışdır. Bakı şəhəri sakinidir. Səs yazısında qeyd edilirdi ki, yaxın zamanlarda Bakı metropolitenində terror aktı gözlənilir, bu səbəbdən polislər nəzarəti gücləndirib, hər metroya girən şəxsi yoxlayırlar, ehtiyatlı olun. O, qrup üzvü olmayıb, qrupda olan başqa dostu səs yazısını ona göndərib. Səs yazısı ona göndərildikdən sonra bir qədər həyəcan keçirmişdir, çünki bu söhbət çoxdan getmişdir. Sonra isə o, səs yazısını tanışı Şahid4 göndərmişdir. Nicat da səs yazısını universitetdə birlikdə oxuduğu bir xanıma göndərmişdir. Xanım da ardınca səs yazısını müxtəlif tanışlarına yollamışdır. Hər kəs bir-birinə səs yazısını atdığı üçün yayılmışdır. Ona isə səs yazısını Əkbər adlı tanışı atmışdır. Səs yazısından sonra təşviş keçirsə də hüquq mühafizə orqanlarına bu barədə məlumat verməmiş, amma səs yazısını Nicata göndərdikdən üç-dörd gün sonra Dövlət Təhlükəsizlik Xidmətindən ona zəng gəlmiş və istintaq orqanına çağırılmışdır. Göndərdiyi səs yazısını kimin sosial şəbəkəyə atdığını bilmir. O, səs yazısını bir adama - Nicata göndərmişdir. Səs yazısını yayan isə Nicatın səs yazısını atdığı Leyla adlı xanımdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid4 ifadəsində göstərmişdir ki, ona “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə metroda partlayış haqqında səsli mesaj gəlmişdir. Həmin səsli mesajı da göndərən Ziya Bayramov adlı şəxs olmuşdur. O da həmin səsli mesajı kiməsə atmamışdır. O, hər hansı “whatsapp” qrupunun üzvü olmayıb, sadəcə olaraq həmin səsli mesaj onun telefonuna göndərilmişdir. Ziya Bayramovu isə oyundan tanıyır. Həmin səsli mesaj metroda partalayış haqqında olmuş, o da həmin məlumatı Leyla adlı şəxsə göndərmişdir. Həmin məlumat onda heç bir narahatlıq hissi yaratmamışdır. Həmin səsli mesajın sosial şəbəkələrdə kimin tərəfindən yayılması ilə bağlı məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid5 ifadəsində göstərmişdir ki, universitet qrupunda metroda partlayış olacağı ilə bağlı səs yayılmış, onlar da səsə qulaq asmışlar. Metrodan istifadə etdiyi üçün təşvişə düşmüşdür. Səsi yayan şəxsi tanımır. O, səs yazısını harasa göndərməyib. Nicatla bir qrupda oxuyub və Nicat həmin səs yazısını həm şəxsiyə, həm də qrupa atmışdır. Şahid3 oğlunu isə ümumiyyətlə tanımır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Fəridin yaratdığı ofisiant qrupunda işçi olmuş və həmin vaxt iş axtarmışdır. Fəridə də demişdir ki, iş olsa ona xəbər etsin. Sonra metroda partlayışla bağlı səs yazısı yayılmış, Fəridə yazaraq bu xəbərin yalan olub-olmadığını soruşmuşdur. Bundan bir-iki gün sonra o, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının zəngi vasitəsilə ifadə vermək üçün ibtidai istintaq orqanına çağırılmışdır. Həmin səs yazısında metroda bomba partlayacağı, 2024-də su qıtlığı, 2025-də nəsə olacaq kimi fikirlər olmuşdur, qalan hissələri isə dəqiq xatırlamır. Sonra isə qrupu silmiş, başqa məlumatdan xəbəri olmamışdır. Səs yazısının həmin vaxt qrupda olub olmamasını xatırlamır. Ondan sonra da mobil telefonu format olunub və içərisindəki hər şey silinib. Səs yazısını gördükdən sonra heç kimə heç nə göndərməyib və ya heç nə deməyib. Sadəcə olaraq Fəridə yazıb ki, bomba ilə bağlı səs yazısı doğrudur ya yox. Fərid də heç bir cavab yazmayıb. Şahid1 Müşfiq oğlu məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 2021-ci ilin iyul ayında Sumqayıt şəhərində yerləşən “Şahanə" şadlıq evində tanış olmuşdur. Bundan sonra onunla birgə həmin şadlıq evində vaxtaşırı olaraq ofisiant kimi işləmişlər. Təxminən bir neçə ay əvvəl Təqsirləndirilən şəxs “Whatsapp” ani mesajlaşma tətbiqində “İş elanları” adlı qrup yaratmış və onu da həmin qrupa üzv olaraq əlavə etmişdir. Qrupun yaradılmasında məqsəd müxtəlif ofisiant peşəsi olan şəxsləri bir qrupda birləşdirərək müxtəlif restoran və şadlıq evləri tərəfindən tələb edildikdə onları işlə təmin etmək olmuşdur. O, 04 mart 2023-cü il tarixdə “Whatsapp” ani mesajlaşma tətbiqindəki “İş elanları” qrupunda Təqsirləndirilən şəxs səs yazısı paylaşdığını görmüş və dinləmişdir. Həmin səs yazısında Təqsirləndirilən şəxs qrup üzvlərinə terror aktı olacağı üçün Bakı metro stansiyalarından istifadə etməməyi demişdir. O, bunu eşitdikdə qorxu və təşviş hissləri keçirmişdir. Çünki, onun yaxın qohumları da metrodan istifadə edirlər. Daha sonra, o, 10 mart 2023-cü il tarixində mətbuatdan məlumat almışdır ki, Təqsirləndirilən şəxs həmin səs yazısında bilə-bilə terror barədə yalan məlumat verdiyi üçün həbs edilmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şahid2 istintaqa təqdim etdiyi 1 (bir) ədəd DVD diskdə Təqsirləndirilən şəxs məxsus səs yazısı iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şahid2 qara rəngli “Samsung Galaxy А71” markalı mobil telefon cihazına və istintaqa təqdim etdiyi 1 (bir) ədəd DVD diskə baxış keçirilməsinə dair 14 mart 2023-cü il tarixli protokoldan aydın olur ki, həmin mobil telefondakı “Whatsapp” ani mesajlaşma tətbiqetməsində “İş elanları" adlı qrupda Təqsirləndirilən şəxs tərəfindən 04 mart 2023-cü il tarixdə saat 15:26 dəqiqədə paylaşdığı səs yazısı aşkar olunmuşdur. Həmin səs yazısında Təqsirləndirilən şəxs “Salam uşaqlar hər vaxtıvız xeyir olsun. Mən təzəlikcə bu haqda məlumat aldım. Heç kim ümumiyyətcə Bakıda qalan lap Sumqayıtdan Bakıya gedən heç kim çalışsın metroya minməsin. Metro bu axır vaxtlar çox təhlükəlidi, yəni terror aktı gözlənilir. Polislər də üstünə düşüb, yəni bu olacaq bir şeydir. Yəni bilinmir, bir gündən, bir həftədən, yəni 10 gündən sonra bu olacaq bir şeydir. Yəni kimi tanıyırsınızsa yaxın adamlardan yəni metrodan kim çox istifadə eliyirsə onlara deyin metroya minməsin, yəni avtobusdan istifadə eləsinlər. Metroda güclü partlayış gözlənilir ona görə. Adicə qadınların az qalsın ki, yəni yoxlamadıqları yer yoxdu, yəni kimsə nəsə keçirdəcək. Yəni bu olacaq bir şeydi. Prosta dəqiq tarix bilinmir də. Terrorun tam dəqiq tarixi bilinə bilməz, çünki bilinsə ora həmin gün adamlar daxil olmaz” demişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-fonoskopik ekspertizasının 12 aprel 2023-cü il tarixli 4/488 nömrəli rəyindən aydın olur ki, ekspertizaya təqdim olunmuş 04 mart 2023-cü il tarixdə “YouTube” internet portalında “Dogru TV” adlı kanalda dərc edilmiş “Metroda terror olacaq ilə bağlı naməlum səs yazısı yayılıb - Bu iddianı səsləndirən kimdir?" adlı videomaterialda əks olunmuş şəxsin səsi Təqsirləndirilən şəxs məxsusdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının 18 aprel 2023-cü il tarixli 1459 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayətin törədildiyi anda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs ona ittiham edilən əməl barəsində anlaqlı hesab edilməlidir. O, halhazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs məxsus “Xiaomi” markalı “Poco X3 NFC” modelli mobil telefona keçirilmiş 11 mart 2023-cü il tarixli baxış protokolundan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs mobil telefonunda quraşdırılmış “Whatsapp” ani mesajlaşma tətbiqetməsi vasitəsində həqiqətən “İş elanları” adlı qrup mövcuddur və qrupun 402 üzvü vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs məxsus “Xiaomi Poco X3 NFC” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 9 saylı Mənzil Kommunal Sahəsinin 06 aprel 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında ailəsi (ata, ana, qardaş) ilə birlikdə yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuşdur. Təqsirləndirilən şəxs haqqında 9 saylı MKS-nə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya idarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 216-cı maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməsi tam sübuta yetirildi və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 216-cı maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 216-cı maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs öz müdafiəsi üçün hər hansı bir dəlil gətirməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. İstintaq orqanı Təqsirləndirilən şəxs cinayət əməlini texniki vasitələrdən istifadə etməklə törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.10-cu maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qeyd etmişdir. Lakin məhkəmə hesab edir ki, Cinayət qanununun 61.1.10-cu maddəsində nəzərdə tutulan “texniki vasitə” istinad olunan cinayətin törədilməsində istifadə olunan telefon, “Whatsapp” ani mesajlaşma tətbiqetməsini ehtiva etmədiyindən qeyd olunan hal təqsirləndirlən şəxsin cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmamalıdır. Odur ki, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs könüllü gələrək təqsirini boynuna alması onun cəzasını yüngülləşdirən haldır. Cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, yaşadığı ərazidə müsbət xarakterizə edilməklə əvvəllər məhkum edilməməsini, yaşının gənc olmasını, cinayət hadisəsi baş verənədək faydalı əməklə məşğul olmaqla ailəsinin maddi ehtiyaclarının ödənməsində iştirak etməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs hansı növ cəzanın təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədinə nail oluna bilər. Lakin məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmalı və onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az həddə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Cinayət Məcəlləsinin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər.” «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Məhkəmə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin və onun həyat şəraitinə təsirini, təqsirləndirilən şəxsin cinayətin törədilməsindən sonrakı davranışını, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamında qeyd edilən tövsiyyələrini nəzərə alaraq bu qənaətə gəlir və Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddindən də az cəzanın təyin edilərək islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az həddə cəza təyin edilməsini cinayət qanunvericiliyinin ədalət və humanizm prinsiplərinə uyğun və cəzanın məqsədlərinə müvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı Şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və cinayət işinin materiallarında saxlanılan təqsirləndirilən şəxsə məxsus “Xiaomi” markalı “Poco X3 NFC” modelli telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 96 (doxsan altı) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 216-cı maddəsi ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkilməsinin əvvəli 10 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. İş üzrə maddi sübut olan və cinayət işinin materiallarında saxlanılan təqsirləndirilən şəxsə məxsus “Xiaomi” markalı “Poco X3 NFC” modelli telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınsın. Təqsirləndirilən şəxs 96 (doxsan altı) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə, 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-188/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-188/2024
16.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver