Məhkəmə qərarları › İş №1(124)-190/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-190/2023

08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-190/2023 08.02.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, xx.xx.1965-ci ildə Xaçmaz rayonu, Zeyxur-oba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, məhkumluğu olmayan, Xaçmaz rayonu, Zeyxur-oba kəndində qeydiyyatda olmaqla faktiki olaraq Xaçmaz şəhəri, Xaçmaz-Qaraçı yolunun sağ tərəfində yerləşən yeni yaşayış massivində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hal-hazırda Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmişdir. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi çətənə bitkisinin toxumlarını 2022-ci ilin aprel ayında Xaçmaz şəhəri, Xaçmaz-Qaraçı yolunun sağ tərəfində yerləşən yeni yaşayış massivində, yaşadığı evin həyətyanı sahəsində torpaqda qanunsuz olaraq əkib aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə külli miqdarda, yəni ümumilikdə 21 (iyirmi bir) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini kultivasiya etmiş, bu fakt 03 may 2022-ci il tarixdə saat 15:05-dən 15:20-dək olan müddətdə Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən həyətin giriş hissəsindən sol tərəfdə mişar daşı ilə çəkilmiş hasarın içəri tərəfində torpaqda əkdiyi 13 ədəd və evinin arxa tərəfindəki hissədə torpaqda əkdiyi 8 ədəd olmaqla ümumilikdə 21 ədəd kök üstə yaş vəziyyətdə ümumi çəkisi 25 qram olan, əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüş, bununla da o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya(əkmə və yetişdirmə) etmişdir. Təqsirləndirilən şəxsin həmin cinayət əməlini təqsirli olaraq törətməsi onun özünün tam etirafı ilə yanaşı məhkəmə iclasında tədqiq olunmuş şahid ifadələri, həmçinin ekspert rəyləri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o xəstədir, marixuanadan çəkmə yolu ilə istifadə etmişdir. Çətənə bikilərini şəxsi istifadəsi üçün əkmişdir. Həmin bitkiləri üç gün olar ki, əkmişdir. Həmin bitkilərin cəmi üç-dörd ədədi yetişmişdir. Toxumları isə tanımadığı şəxslərdən əldə etmişdir. Çəkilişdəki bitkilərin hamısı ona məxsusdur. Bitklərin ölçüləri 3 santimetr olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu ona mümkün qədər yüngül cəza təyin olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış, ifadəsində göstərmişdir ki, Xaçmaz rayonu, Qaraçı kəndində yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, fərdi qaydada harada gündəlik iş tapsa orada günəmuzd işləyib özünü dolandırır. Təxminən bir il olar ki, narkotik vasitə olan qurudulmuş marixuanadan siqaretə doldurub çəkməklə istifadə edir. Narkotik vasitə marixuanadan istifadə edərkən onun içərisindəki toxumlardan götürüb saxlamışdır. Sonradan həmin toxumları əkib-becərməklə öz istifadəsi üçün marixuana əldə etmək qərarına gəlmişdir. 2022-ci ilin aprel ayının 20-də həmin toxumları saymış, 21 ədəd olduğunu görmüş və onların hamısını həmin gün həyətində yerdə torpağa basdırmaqla əkmişdir. Toxumlardan 13 ədədini evinin həyətində sol tərəfdə olan hasarın içəri tərəfində torpağa basdırıb əkmiş, 8 ədədini isə evin arxa tərəfində torpağa basdırıb əkmişdir. O, toxumları gün düşə biləcək yerdə əkmiş ki, İnkişaf edə bilsin. Bundan sonra əkdiyi toxumlara qulluq göstərməyə başlamış, onların dibinə bir neçə dəfə su vermişdir. Təxminən iki həftə içində həmin çətənə bitkilərinin toxumları cücərib inkişaf etməyə başlamışdır. Fikirləşmişdir ki, həmin bitkilər tam yetişdikdən sonra onlardan yaxşılarım seçib öz istifadəsi üçün qurudulmuş marixuana hazırlayar, qalan bitkiləri də yandırar. 03 may 2022-ci il tarixdə Xaçmaz rayon polis şöbəsinin əməkdaşları yaşadığı evin qarşısına gəlmilər və onu küçəyə dəvət edib ona narkotik tərkibli bitkiləri əkib-becərməyi barədə məlumat əldə etdiklərini demişlər. O, da artıq polis əməkdaşlarının hər şeydən xəbəri olmalarını görüb səmimi olaraq narkotik tərkibli bitkiləri əkib yetişdirdiyini etiraf etmiş və polis əməkdaşları ilə, həmçinin aqronom-mütəxəssis ilə birlikdə yaşadığı evin həyətinə daxil olub əkdiyi çətənə bitkilərini polis əməkdaşlarına göstərmişdir. Videoçəkiliş aparılmaqla polis əməkdaşları həmin bitkilərin hamısını köklərindən çıxarıb saymışlar və ümumilikdə 21 ədəd bitkini bir ədəd kağız zərfdə qablaşdırıb götürmüşlər. Bununla bağlı tərtib edilmiş protokolun doğruluğunu və zərfin tamlığını imzaları ilə təsdiq etmişlər. Sonra da rayon polis şöbəsində ona müdafiəçi təqdim edilmiş, hüquq və vəzifələri izah edilməklə şübhəli şəxs qismində tutulmuşdur. Əlavə olaraq bildirmişdir ki, o, çətənə bitkisini ilk dəfə Şabran rayonu ərazisində meşəlik sahədə təsadüfən görüb dərmişdir, həmin dərdiyi bitkiləri istifadə etmişdir, toxumları isə yaşadığı evin həyətində əkmişdir. Həmin 21 ədəd narkotik tərkibli çətənə bitkilərinin keyfiyyətlilərini seçib saxlayıb, qalanlarını isə yandıracaqdır. Məqsədi özü üçün marixuana əldə etmək olmuşdur. Külli miqdarda çətənə bitkilərini əkib yetişdirməkdə başqa heç bir məqsədi olmamışdır. O, narkotik tərkibli bitkiləri əkib-yetişdirməyini heç kimə bir söz deməmişdir. Hətta evdə ailə üzvlərinə də bu barədə məlumat verməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona hər hansı bir təzyiq göstərilməmiş və ya zor tətbiq edilməmişdir. Hətta polis əməkdaşlarının evinin həyətinə baxış keçirmələrinə özü icazə vermiş, bu barədə ərizə də yazmışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı tam etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin Narkotiklərlə Mübarizə qrupunun əməliyyat müvəkkili polis leytenantı Şahid1 ifadəsində göstərdi ki, Xaçmaz rayon sakini Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Qaraçı kəndində, yaşadığı evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib-becərməsi və istifadəsi etməsi barədə ona daxil olmuş əməliyyat məlumatını raport yazaraq rəhbərliyə məruzə etmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkibbecərməsi barədə daxil olmuş məlumatın yoxlanılması və qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmiş və bu qərar şöbə rəisi tərəfindən təsdiq edildikdən sonra müvafiq əməliyyat tədbirlərinin keçirilməsindən ötrü ondan və Xaçmaz RPŞ-nin Cinayət- axtarış bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Bu məqsədlə əvəlcədən dəvət edilmiş mütəxəssis-aqranom Əspəndi Əspəmdiyevin iştirakı ilə 03 may 2022-ci il tarixdə saat 15:00 radələrində Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi polis mayoru Elxan Allahverdiyev tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib-becərməsi və istifadəsi barədə polisdə məlumatın olduğunu bildirərək, yaşadığı Xaçmaz rayonu, Qaraçı kəndində, yerləşən evinin həyətyanı torpaq sahəsinə videoçəklişdən istifadə etməklə baxış keçirlməsi zərurətinin olduğu izah edilmişdir, Təqsirləndirilən şəxs buna etiraz etməmiş və Təqsirləndirilən şəxs özünün razılığı ilə yaşadığı evinin həyətinə daxil olduqdan sonra Təqsirləndirilən şəxs təklif olunmuş ki, həyətində və ya evində narkotik tərkibli bitkilər və ya hər hansı qanunla saxlanılması qadağan olunmuş nə varsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs özü həyətə girişdən sol tərəfdəki mişar daşı ilə çəkilmiş hasarın içəri tərəfində torpaqda əkdiyi çətənə şitillərinin yerini göstərmişdir. Həmin ərazidən 13 (on üç) ədəd müxtəlif ölçülü, dibləri yumuşaldılmış və nəm olan çətənə bitkiləri aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs evinin arxa tərəfində də narkotik tərkibli bitkiləri əkdiyini bildirmiş və həmin yeri də göstərmişdir. Təqsirləndirilən şəxs göstərdiyi yerə, yəni evinin arxa hissəsindəki sahəyə baxış keçirərkən orada torpaqda əkdiyi 8 (səkkiz) ədəd çətənə bitkisi aşkar edilmişdir. Baxışda iştirak edən aqronom-mütəxəssis Şahid3 də aşkar edilmiş bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu təsdiq edərək həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyini, yəni onların diblərinin yumşaldıldığını, su verilərək nəm halına gətirildiyini və alaq otlarından təmizləndiyini, onların əkildiyi torpaqda narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərilməsi üçün tam əlverişli münbit şəraitin olmasını bildirərək bu barədə rəy vermişdir. Təqsirləndirilən şəxs həyətindən aşkar olunmuş küllü miqdarda, yəni 21 ədəd şitillərin narkotik vasitə çətənə bitkiləri olduğunu və öz istifadəsi üçün əkib-yetişdirdiyini bildirmişdir. Aşkar edilmiş narkotik tərkibli çətənə bitkilərinin hamısı bir-bir kökündən çıxarıldıqdan sonra sayılmış və onların ümumilikdə 21 (iyirmi bir) ədəd olması müəyyən edilmişdir. Həmin 21 (iyirmi bir) ədəd çətənə bitkisi qablaşırılıb möhürlənərək maddi sübut kimi müstəntiq tərəfindən ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis kapitanı Şahid2 məhkəmədə ifadəsi alınmış Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. ( cild 1, iş vərəqə 80-82) Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Xaçmaz rayon İcra Hakimiyyəti Mənzil İstismar İdarəsinin aqronom işləyir. 03 may 2022-ci il tarixdə, saat 15:00 radələrində Xaçmaz RPŞ-nin əməkdaşlarının dəvəti ilə keçiriləcək baxışda aqronom-mütəxəssis kimi iştirak etmək üçün Xaçmaz rayonu, Qaraçı kəndi istiqamətinə getmişlər. Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi polis mayoru Elxan Allahverdiyev tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib-becərməsi və istifadəsi barədə polisdə məlumatın olduğunu bildirərək, yaşadığı evinin həyətyanı torpaq sahəsinə videoçəklişdən istifadə etməklə baxış keçirlməsi zərurətinin olması izah edilmişdir, Təqsirləndirilən şəxs buna etiraz etməmiş və Təqsirləndirilən şəxs özünün razılığı ilə yaşadığı evinin həyətinə daxil olduqdan sonra ona təklif olunmuşdur ki, həyətində və ya evində narkotik tərkibli bitkilər və ya hər hansı qanunla saxlanılması qadağan olunmuş nə varsa təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özü həyətə girişdən sol tərəfdəki mişar daşı ilə çəkilmiş hasarın içəri tərəfində torpaqda əkdiyi çətənə şitillərinin yerini göstərmişdir. Həmin ərazidən 13 (on üç) ədəd müxtəlif ölçülü, dibləri yumuşaldılmış və nəm olan çətənə bitkiləri aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs evinin arxa tərəfində də narkotik tərkibli bitkiləri əkdiyini bildirmiş və həmin yeri də göstərmişdir. Təqsirləndirilən şəxs göstərdiyi yerə, yəni evinin arxa hissəsindəki sahəyə baxış keçirərkən orada torpaqda əkdiyi 8 (səkkiz) ədəd çətənə bitkisi aşkar edilmişdir. Təqsirləndirilən şəxs baxış keçirilən ərazidə əkdiyi bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu etiraf edərək, həmin bitkiləri qurudulmuş marixuana əldə etmək məqsədilə 2022-ci ilin aprel aynın sonlarında özü tək əkib qulluq göstərərək yetişdirdiyini və bu barədə heç kimin xəbəri olmadığını bildirmişdir. O, aqronom-mütəxəssis kimi aşkar edilmiş həmin bitkilərə baxaraq onların narkotik tərkibli çətənə bitkiləri olduğunu təsdiq edərək, onlara aqrotexniki qaydada qulluq göstərildiyini, yəni diblərinin yumşaldıldığını, su verilərək nəm halına gətirildiyini və alaq otlarından təmizləndiyini, onların əkildiyi torpağın tərkibində çürüntü olmasını, bu torpaqda narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərilməsi üçün tam əlverişli münbit şəraitin müəyyən edərək, bu barədə rəy vermişdir. Bundan sonra aşkar edilmiş bitkilər hamısı bir-bir kökündən çıxarılmış, həmin 21 (iyirmi bir) ədəd çətənə bitkisi müstəntiq tərəfindən qablaşdırılıb möhürlənərək maddi sübut kimi götürülmüşdür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 may 2022-ci il tarixli “Əməliyyat tədbirinin keçirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin evin həyətyanı sahəsində kultivasiya etməsi barədə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Xaçmaz Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli qərarı ilə “Əməliyyat tədbirinin keçirilməsi barədə” 03 may 2022-ci il tarixli qərar qanuni hesab edilmişdir.( cild 1, iş vərəqə 5,70) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik təbiətli çətənə bitkilərini əkib-yetişdirdiyi ərazi onun yaşadığı Xaçmaz rayonu, Qaraçı kəndindəki fərdi yaşayış evinin həyətidir. Təqsirləndirilən şəxs özünün razılığı ilə yaşadığı evinin həyətinə iştirakçılarla birlikdə müstəntiq Elxan Allahverdiyev daxil olduqdan sonra Təqsirləndirilən şəxs təklif olunur ki, həyətində və ya evində narkotik tərkibli bitkilər və ya hər hansı qanunla saxlanılması qadağan olunmuş nə varsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs özü həyətə girişdən sol tərəfdəki mişar daşı ilə çəkilmiş hasarın içəri tərəfində əkdiyi çətənə şitillərinin yerini göstərmişdir. Həmin ərazidən 13 (on üç) ədəd müxtəlif ölçülü, dibləri yumuşaldılmış və nəm olan çətənə bitkisinin şitilləri müəyyən edilərək köklərindən çıxarılıb götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs evinin arxa tərəfində də narkotik tərkibli bitkiləri əkdiyini bildirdi və həmin yeri də göstərmişdir. Təqsirləndirilən şəxs göstərdiyi yerə baxış keçirərkən oradan 8 (səkkiz) ədəd eyni üsulla dibləri yumuşaldılmış və suvarılması aşkar görünən çətənə bitkisi şitilləri aşkar edildi və köklərindən çıxarılmaqla götürülmüşdür. Təqsirləndirilən şəxs həyətindən aşkar edilərək götürülən küllü miqdarda, yəni 21 (iyirmi bir) ədəd şitillərin narkotik vasitə çətənə bitkiləri olduğunu və öz irstifadəsi üçün əkib-yetişdirdiyini bildirmişdir. Baxışda iştirak edən aqranom Şahid3 də həmin bitki şitillərinin narkotik tərkibli çətənə bitkisinə aid olduğunu və onlara aqrotexniki qaydada qulluq göstərildiyini . təsdiqləmişdir. Baxış zamanı aparılmış videoçəklişin görüntülərinin köçürdüyü bir ədəd CD disk protokola əlavə edilmişdir. .( cild 1, iş vərəqə18-20) “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokolda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 03 may 2022-ci il tarxili arqonom rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu Qaraçı kəndində ki, evinin həyətyanı sahəsindən 4 sm-dən 20-sm-ə qədər olan müxtəlif ölçülü əkilib-becərilməsi qanunla qadağan edilmiş narkotik təbiətli 21( iyirmi bir) ədəd yaş kökü üstünsə narkotik təbiətli çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasına dair 04 may 2022-ci il tarixli 7/626 nömrəli ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs evinin həyətindən aşkar edilib götürülmüş 21 (iyirmi bir) ədəd yaş vəziyyətdə ümumi çəkisi 25,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. (cild 1, iş vərəqə 42-44) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2022-ci il tarixli 3669 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 94- 95) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsindən aşkar edilərək götürülmüş 21 (iyirmi bir) ədəd yaş vəziyyətdə ümumi çəkisi 25,0 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri 06 may 2022-ci il tarixli qərarla maddi sübut kimi tanınmış, çətənə bitkilərinin ekspertiza tədqiqatından sonra qalan 24,58 qram qalığı 01 ədəd kağız zərfdə saxlanmasından ötrü Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. (cild 1, iş vərəqə 62- 64) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə, narkotik tərkibli bitkiləri əkdiyi hadisə yerinə baxış keçirilməsi görüntülərini özündə əks etdirən 01 ədəd CD disk 06 may 2022- ci il tarixli qərarla maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir saxlanılır. (cild 1, iş vərəqə 73-75) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədəm görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (cild 1, iş vərəqə 77-78) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz rayonu, Xaçmaz şəhər İƏD-dən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs barəsində Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. (cild 1, iş vərəqə 93) Məhkəmə, Təqsirləndirilən şəxs həyətindən aşkar edilmiş çətənə bitkilərinin üç-dörd ədədinin yetişməsi barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisini külli miqdarda kultivasiya etməklə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının izah və tələblərini də rəhbər tutur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində göstərilmişdir ki, narkotik xassəli bitkilərin qanunsuz kultivasiyası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik xassəli bitkilərin əkilməsi, becərilməsi və ya yetişdirilməsidir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, narkotik xassəli bitkilərin hasil edilməsinə və narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hər hansı digər hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 19-cu bəndində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Çətənə (kannabis) bitkisi Azərbaycan Respublikasının 2005-ci ilin 28 iyun tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikası ərazisində “Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilər” siyahısına aiddir ( siyahı İİİ ). Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən Təqsirləndirilən şəxs səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 03 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 03 may 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 03 may 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, lakin ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Xaçmaz RPŞ-də saxlanılan təhqiqatdan sonrakı qalıq çəkisi 24,58 qram olan 21 ədəd çətənə bitkisi məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 72 ( yetmiş iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. (cild 1, iş vərəqə 37). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, 03 may 2022-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınmış Xaçmaz RPŞ-də saxlanılan təhqiqatdan sonrakı qalıq çəkisi 24,58 qram olan 21 ədəd çətənə bitkisi məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra ekspertiza tədqiqatının dəyəri olan 72 ( yetmiş iki) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar