Məhkəmə qərarları › İş №1(124)-191/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-191/2023

13.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-191/2023 13.09.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxx 1983-cü il tarixdə Abşeron rayonu, Fatmayı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, və həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs telefon vasitəsi ilə tanış olduğu istintaqa məlum olmayan “Mehti” adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin müəyyən pul müqabilində tapşıracağı yerə çatdırmaqla Azərbaycan Respublikasının ərazisində satışını həyata keçirməkdə vasitəçilik etməsi barədə ümumi razılığa gəlmiş, istintaqa məlum olmayan tarixdə bir qrup şəxs halında “Mehti” adlı şəxsin Bakı şəhəri Əhmədli qəsəbəsində qoyduğu 01 ədəd qırmızı rəngli sellofanda 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısı»na daxil olan 408,668 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısı»na daxil olan 91,730 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürüb qanunsuz əldə edərək, əvvəlcədən razılaşdıqları kimi narkotik vasitə heroin və psixotrop maddə metamfetamini İran İslam Respublikası vətəndaşı “Mehti” adlı şəxsin göstərişi ilə deyiləcək ünvanlara çatdırmaq və istifadə etmək məqsədilə daşımış və saxlamış, 11 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nın BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Fatmayı kəndi, Q. Qarayev küçəsi 70 nömrəli mənzilin qarşısında saxlanılaraq Abşeron RPİ-də üzərinə şəxsi axtarış keçirilən zaman sol əlində olan qırmızı rəngli sellofan torbanın içərisindən həmin bir ədəd bükümdə təmiz çəkisi 408,668 qram çəkidə narkotik vasitə olan heroin, bir ədəd bükümdə 91,730 qram psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroin izləri olan bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 3-4 ildir ki, narkotik vasitə heroindən istifadə edir. 11 mart 2022-ci il tarixdə narkotik vasitəni şəxsi istifadəsi üçün “Neapol kruqu” deyilən ərazidən götürərək evə gəlmişdir. Bir saat sonra onu evində yatdığı zaman 12-13 nəfər polis əməkdaşı tutmuşdur. Narkotik vasitənin çəkisi ittihamda qeyd olunan qədər olmuşdur. Narkotik vasitə aldığı adam iranlı olmamışdır. Narkotik vasitəni internetdə tanış olduğu adamdan əldə etmişdir. Taksi işləmiş, pulu olmamış, həmin adam narkotik vasitəni verib pulunu sonra almağa razı olmuşdur. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etməmişdir. Narkotik vasitəni satmaq məqsədi olmamışdır. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs tərəfindən verilən, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ona təqsirləndirilən şəxs olaraq Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. Hüquq və vəzifələri ona aydındır, Psixi və ruhi cəhətcə sağlamdır, ona verilən sualları tam qavrayıb cavab vermək iqtidarındadır. 11 mart 2022-ci il tarixdə saat 12:30 radələrində o, Abşeron rayonunda piyada hərəkət edərkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş və onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək polis şöbəsinə dəvət etmişlər. Burada dəvət edilmiş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o sol əlində olan qırmızı rəngli sellofan torbanı təqdim etmişdir. Həmin torbanın içindən bir bükümdə, qəhvəyi rəngli, narkotik vasitə heroin, bir bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetamin və br ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən, içində siqaret dənələri olan siqaret qutusu, 100 manat pul, sol yan cibindən bir ədəd «Samsung» markalı mobil telefon aşkar olunmuşdur. Daha sonra heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 400 qram (dörd yüz qram) olmuşdur. Daha sonra metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 97 qram (doxsan yeddi qram) olmuşdur. Sonra həmin kütlələr qablaşdırılmış, şübhəli şəxs, müdafiəçi, tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon götürülmüş, digər əşyalar və pul ona geri qaytarılmışdır. Üzərindən aşkar olunmuş narkotik maddələri Əhmədli qəsəbəsində gizlədilən yerdən sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı «Mehti» adlı şəxsin vasitəsilə deyiləcək ünvanlara çatdırmaq və İstifadə etmək məqsədilə əldə etdiyini, 055 *** ** ** nömrəsini işlətdiyini, şəxsi axtarışdan əwəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini, təxminən 5 ildir ki narkotik vasitələrdən istifadə etdiyini, başqa haradasa narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü bildirmişdir. Onun üzərinə axtarış video çəkilişlə təhqiqatçı tərəfindən aparılmış, təhqiqatçıdan başqa heç kim onun üzərinə şəxsi axtarış keçirməmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni Əhmədli qəsəbəsində gizlədilən yerdən sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı «Mehti» adlı şəxsin vasitəsilə deyiləcək ünvanlara çatdırmaq və istifadə etmək məqsədilə eldə etmişdir. Ona qarşı heç bir təzyiq və qanunsuz hərəkətlərə yol verilməmişdir. Polis əməkdaşları barəsində heç bir şikayət və tələbi olmamışdır. (Cild 1, iş vərəqləri 202-204) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin XMİÜ baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında 11 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs saxlanılaraq Abşeron rayon Polis İdarəsinin inzibati binasına gətirilmişdir. Abşeron rayon Polis İdarəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparmaqla şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əlində olan torbanı təqdim etmişdir. Həmin torbanın içində 01 bükümdə narkotik vasitə olan heroin, 01 bükümdə psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitələri İran İslam Respublikası vətəndaşı vasitəsilə öz istifadəsi və deyiləcək ünvanlara çatdırmaq üçün gizlədilən yerdən əldə etdiyini bildirmişdir. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış BNMİ-nin XMİÜ baş əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə xx.xx.1983-cü ildə Abşeron rayonu, Fatmayı kəndində anadan olmuş, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin rəisinə məruzə edildikdən sonra ondan və DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri ilə ünvan 1 ünvanın yaxınlığında əməliyyat axtarış tədbirləri keçirilmiş və 11 mart 2022-ci il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saat 12:30-da ünvan 1 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirlərini nəzərə alaraq Abşeron rayon polis İdarəsinin inzibati binasına gətirilmişlər. Abşeron rayon polis İdarəsinin inzibati binasında həmin şəxsin şəxsiyyəti müəyyən edilərkən məlum olmuşdur ki, baş idarəyə gətirdikləri şəxs xx xxxxx 1983-cü ildə Abşeron rayonu, Fatmayı kəndində anadan olmuş, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxsdur. Abşeron rayon polis idarəsinin inzibati binasında baş təhqiqatçı Nəcəf Aburşu tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edilməsi üçün dəvət edilmiş müdafiəçinin, onun və DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra üzərində olan qanunla qadağan edilmiş hər hansı bir əşya və predmetin olub-olmaması soruşulmuş və təqdim etmək təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu sol əlində olan qırmızı rəngli sellofan torbanı təqdim etmişdir. Həmin qırmızı rəngli sellfon torbanın içində 01 bükümdə qəhvəyi rəngli narkotik vasitə olan heroin, 01 bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Sonra Təqsirləndirilən şəxsnın üzərinə axtarış keçirilmiş, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd içərisində ***-***-**-** nömrəsi olan “Samsung” markalı mobil telefon, sağ yan cibindən isə içərisində siqaret dənələri olan siqaret qutusu və 100 manat pul aşkar edilmişdir. Başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroinə bənzər kütlənin qablaşdırma ilə birlikdə çəkisi 409 qram, psixotrop maddə metamfetaminə bənzər kütlənin qablaşdırma ilə birlikdə çəkisi isə 97 qram olmuşdur. Sonra təhqiqatçı tərəfindən aşkar edilmiş kütlələr ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş, üzəri Təqsirləndirilən şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Samsung” markalı mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra təhqiqatçı tərəfindən götürülmüş, 100 manat pul və digər əşyalar isə Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələri İran İslam Respublikası vətəndaşı "Mehti” adlı şəxsin vasitəsilə deyiləcək ünvanlara çatdırmaq və öz istifadəsi üçün Əhmədli qəsəbəsində gizlədilən yerdən əldə etdiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə Abşeron rayon polis idarəsinin inzibati binasında iş otaqlarının birində keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı «Sony» markalı video kameradan istifadə etməklə baş əməliyyat müvəkkili Şahid2 tərəfindən videoçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxsntn üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs külli miqdarda qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən onlara məlumat daxil olmuşdur. Onlarda həmin məlumat əsasında əməliyyat tədbiri keçirərək Təqsirləndirilən şəxs saxlamışlar. Təqsirləndirilən şəxs qarşı heç bir zor, təzyiq göstərilməmişdir. ( cild 1, iş vərəqə 151-154) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 mart 2022-ci il tarixli “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır.( cild 1, iş vərəqə 4-5) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “şəxsi axtarış və götürmə aparılması haqqında” 11 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 mart 2022-ci il tarixdə BNMİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron RPİ-yə gətirilib üzərində şəxsi axtarış keçirilərkən sol əlində olan qırmızı rəngli sellofan torbanın içərisindən bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə və 01 ədəd sellefon bükümdə narkotik vasitə heroine bənzər maddə aşkar olunaraq götürülmüşdür. (cild 1, iş vərəqə 28-31) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, DİN-nin BNMİ-nin Təhqiqat Qrupu tərəfindən təqdim edilmiş bir ədəd boz rəngli DVD formatlı diskə baxış zamanı müəyyən edilmişdir ki, həmin DVD diskdə əks edilmiş “Təqsirləndirilən şəxs Şəxsi axtarış” adlı video faylda olan görüntülər, Abşeron rayon polis idarəsinin inzibati binasında qeydə alınaraq, DİN- nin BNMİ-nin əməliyyat müvəkkili Şahid1 Razaman oğlunun, DİN-nin BNMİ-nin əməliyyat müvəkkili Şahid2 və «Mərkəz» vəkil bürosunun vəkili X3 iştirakları ilə DİN-nin BNMİ-nin Təhqiqat Qrupunun baş təhqiqatçısı, polis baş leytenantı X5 tərəfindən özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərinə şəxsi axtarış keçirildiyi müşahidə olunur. Görüntüdə əks edilmiş görüntülər 11 mart 2022-ci il tarixdə saat 14:10-da qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Abşeron RPİ-nin inzibati binasının xidməti otaqlarından biridir. Videogörüntüdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sol əlində olan qırmızı rəngli sellofan torbanın içindən aşkar edilmiş şəffaf rəngli sellofana bükülmüş bükümdə Məhkəmə Kimyəvi Ekspertizasının xx.xx.2022-ci il tarixli 6/1432 nömrəli rəyində göstərildiyi kimi 408,668 qram çəkidə qəhvəyi rəngli, toz formalı narkotik vasitə olan heroin! və 91,730 qram çəkidə ağ rəngli, kristallik hissəciklərdən ibarədə psixotrop maddə metamfetamini üzərində saxlayaraq daşıdığını və həmin kütlənin ona məxsus olduğunu qeyd etmişdir. Bundan başqa həmin qırmızı rəngli sellofan torbada 01 ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs üzərindən isə içərisində ***- ***-**-** GSM nömrəsi olan mobil telefon aşkar olunmuşdur. ( cild 1, iş vərəqə 148) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “şəxsi axtarış və götürmə aparılması haqqında”, “diskə baxış keçirilməsi haqqında” protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 11 mart 2022-ci il tarixli 6/1432 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində "...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən..." sözləri olan bağlamadakı bir ədəd bükümdə təmiz çəkisi 408,668 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir adad bükümdə təmiz çəkisi 91,730 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. (Cild 1, iş vərəqləri 38-44) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 02 iyul 2022-ci il tarixli 3608 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 167-168) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş, ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 91,630 qram psixotrop maddə olan metafetamin, qalıq çəkisi 408,568 qram narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş, 01 ədəd disk cinayət işinin materiallarına əlavə olunmuşdur. (Cild 1, iş vərəqləri 174-185) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Muradov X4 rayon məhkəməsinin xx.xx.2013-cÜ il tarixli hökmü İlə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa Muradov X4 rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir.(Cild 1, iş vərəqə 139-141) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Abşeron rayon İHB-nın Fatmayı kənd inzibati ərazi dairəsi tərəfindən verilən arayış və xasiyyətnamədən görünür ki, Muradov X4 rayonu, Fatmayı kəndində qeydiyyatdadır. Onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. ( cild 1, iş vərəqə 156-158) Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yanaşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, o, külli miqdarda narkotik vasitə heroin, külli miqdarda psixotrop maddə metamfetamini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirərək, daşımaqla üzərində saxlamışdır. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməli, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarlarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X6 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr» in siyahısına daxildir. Məhkəmə, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəni satmaq məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitənin külli miqdarda və müxtəlif növlərdə olması, elektron tərəzinin aşkar edilməsi Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 11 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 74-78) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 11 mart 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 91,630 qram psixotrop maddə olan metafetamin, qalıq çəkisi 408,568 qram narkotik vasitə heroin və 01 (bir) ədəd elektron tərəzi məhv edilməli, 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 42.1, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 11 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 91,630 qram psixotrop maddə olan metafetamin, qalıq çəkisi 408,568 qram narkotik vasitə heroin, 01 (bir) ədəd elektron tərəzi məhv edilsin, 01(bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs 81 ( səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar