Məhkəmə qərarları › İş №1(124)-191/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-191/2025

21.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-191/2025 21.01.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, evli, orta təhsilli, işsiz, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 54, mənzil 5-də qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq külli miqdarda, bir bükümdə təmiz çəkisi 5,027 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, 28 iyul 2024-cü il tarixdə saat 20:30-da Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 5-ci məhəllə, Azərbaycan prospekti, Mərkəzi Poçtun yaxınlığında yerləşən 12/17 saylı binanın qarşısında saxlanılaraq idarənin inzibati binasına gətirilmiş və şübhəli şəxs qismində tutularaq üzərinə keçirilən şəxsi axtarış zamanı əlində saxladıığ "Sobranie" siqaret qutusunun içərisindən 1 ədəd bükümdə təmiz çəkisi 5,027 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2003-cü ildə ailə həyatı qurmuş, həmin evlilikdə 4 uşağı olmuş, lakin 2019-ci ildə boşanmışdır. O, firmaya işə düzəlmiş, “Veysəloğlu“, "xxxx" MMC-də işləmişdir. "xxxx" MMC-də işlədiyi zaman hər gün 12 mağazaya baxdığı üçün çox yorğun olmuş, orada işləyən bir qız ona metamfetamindən istifadə etdikdə yorğunluq olmadığını demiş, o da qızın bu sözlərinə aldanmışdır. Daimi olaraq metamfetamin istifadə etmədiyini, fasilələrlə arada istifadə etdiyini, bəzən heç istifadə etmədiyini bildirmişdir. Daha sonra hamilə olduğu üçün psixotrop maddə metamfetamin istifadə etməmiş, 2024-cü ilin may ayından yenidən istifadə etməyə başlamışdır. O, “Tik-Tok”-da bir nəfər İİR vətəndaşı ilə tanış olmuş və oradan nömrəsini götürmüş, hərdən yazıb narkotik vasitənin qiymətini soruşmuşdur. xx.xx.2024-cü ildə günorta saatlarında ona “filan qədər narkotik vasitə qoyuram, gedib götürərsən” məzmununda mesaj yazmış, lakin o, pulunun olmadığını bildirmişdir. İİR vətəndaşı isə götürəcəyi metamfetaminin pulunu sonra verməsinin mümkün olduğunu bildirmişdir. Əvvəlcə qorxmuş, daha sonra razılaşmışdır. Onun, pulu az olmuş, rəfiqəsinə Sumqayıt şəhərində olan qohumlarının göndərəcəyi pulu birlikdə gedib götürməsini xahiş etmiş, rəfiqəsi də onunla razılaşmışdır. Qonşusu olan taksi sürücüsündən onları Sumqayıt şəhərinə gətirməyini xahiş etmiş, taksi sürücüsü Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfdə saxlamış, rəfiqəsinə onu gözləməsini bildirmişdir. O, deyilən ünvandan psixotop maddəni gedib götürmüş və qayıdanda polis əməkdaşları onu saxlayaraq polis bölməsinə aparmışdırlar. Təqsirləndirilən şəxs dövlət ittihamçısının sullarına cavab olaraq göstərmişdir ki, o, metamfetamini yalnız çəkmək yolu ilə istifadə etmiş, İİR vətəndaşına pul göndərməmişdir. İİR vətəndaşı ona pulu sonra az-az verə biləcəyini demişdir. Saxlanıldıqdan sonra metamfetamindən istifadə etməmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq sonucu dəfə saxlanılandan bir həftə əvvəl metamfetamin istifadə etdiyini, İİR vətəndaşı pulu sonra karta göndərməsini demiş, lakin pulu onun kartına göndərmək fikri olmamışdır. Başqa heç kim onun metamfetamin istifadə etməsini bilməmiş, o, heç kimə narkotik vasitə satmamışdır. O, danışdığı şəxsin İİR vətəndaşı olduğunu bilməmiş, metamfetamini deyilən yerdən götürüb həmin İİR vətəndaşına pul göndərmədən onu bloka atmağı planlamışdır. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq heroin istifadə etmədiyini, 5-6 aydır ki, artıq metamfetamindən də istifadə etmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin CAŞın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 bildirmişdir ki, 2024-cü ilin iyul ayında daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 5-ci məhəllə əraizisində saxlanılaraq polis bölməsinə dəvət edilmiş, bölmədə inzibati otaqların birində üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən təxminən 5-6 qram çəkidə psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Şahid Sumqayıt ŞPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili, polis kapitanı X12 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, icraatına Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi ev 54, mənzil 5-də qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələr istifadəsi və gəzdirməsi barədə dəqiq və qərəzsiz mənbədən əməliyyat məlumatları daxil olmuşdur. Bununla bağlı İdarə rəisinə raportla məruzə olunaraq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna ondan başqa İdarənin CAŞ-ın əməliyat müvəkkili, polis leytenantı Şahid2 da daxil edilmişdir. Əməliyyat qrupuna rəhbərliyi özü etmişdir. Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat marağı kəsb edən məlumatların yoxlanılması məqsədilə 28 iyul 2024-cti il tarixdə onun ola biləcəyi yerlər tərəflərindən müşahidəyə götürülmüş, saat 20:30 radələrində Təqsirləndirilən şəxs qucağında azyaşlı uşaqla Sumqayıt şəhəri, 5ci məhəllə, 12/17 saylı binanın qarşısında bir qadınla yolun kənarında dayanmış "Toyota Prius" markalı taksi avtomobili istiqamətinə tələsik getməsini görmüşlər və yaxınlaşıb özlərini təqdim edərək onu saxlamışlar. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi və üzərində gəzdirməsində şübhəli olduğunu bildirmişlər və həmin yerdə şəxsi axtarış keçirilməsi üçün normal şərait olmadığına görə onu Sumqayıt ŞPİ-nə dəvət etmişlər, həmçinin yanında olan adını sonradan X7 və X6 bildikləri taksi sürücüsünü də polis idarəsinə dəvət etdikdə etiraz etməmişlər və birlikdə polis idarəsinə gəlmişlər. Polis İdarəsində təhqiqatçısı, polis polkovnik-leytenantı Səadət Qənbərov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək Sumqayıt Regional Vəkillər bürosunun vəkillərinin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs siyahıdan özünə vəkil X1. Bundan sonra müdafiəçinin və dəvət olunmuş qadın iştirakçı Sumqayıt ŞPİ-nin 4-cü PB-nin YYÇ işləri üzrə inspektoru, polis kiçik leytenantı Şahid3 iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs qızım uşaq xəstəxanasına yerləşdirməyi təklif olunduqda etiraz etməmiş və azyaşlı uşaq Sumqayıt ŞPİ-nin YYÇİPTB-nin inspektoru, polis kapitanı Rəşad Dadaşova təhvil verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əlində saxladığı «Sobraniye» siqaret qutusunu təqdim etmiş, həmin siqaret qutusunun içərisinə baxılan zaman şəffav selofan bükümdə psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin bükümün içərisində metamfetamin olduğunu, həmin maddəni həmin gün «Tik tok»da tanış olduğu İran vətəndaşının Sumqayıt şəhərində ona dediyi ünvanda bir qismini istifadəsi üçün, digər qismini isə İran vətəndaşının ona deyəcəyi ünvanda qoyması üçün üzərində saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş 1 bükümdə metamfetamin bükülü ilə birlikdə elektron tərəzidə çəkilərək çəkisi 5,36 qram olmuş, həmin maddə ekspertizaya göndərilməsi üçün zərəfə qoyularaq qağlaşdırılmış, möhürlənmiş, zərfin üzərində qeydlər aparılaraq imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində saxladığı «Samsung» markalı mobil telefon təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs üzərində qadın iştirakçı Şahid3 tərəfindən keçirilən şəxsi axtarış zamanı heç bir şey aşkar olunmamışdır. Daha sonra keçirilən şəxsi axtarışla bağlı tərtib edilmiş protokolun məzmunu onlara ucadan oxunmuş, doğruluğunu imzalarla təsdiq etmişlər.Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini İran vətəndaşının vasitəsilə əldə etdiyi barədə məlumatlar daxil olmuşdur. Həmin İran vətəndaşının və onlara vasitəçilik edən şəxslərin kimliyi tərəflərindən dəqiqləşdirilir. Daxil olmuş məlumatlara əsasən taksi sürücüsü Tural Rüstəmlinin və X5 Yusibovanın Sumqayıt şəhərinə nə məqsədlə gəlməsi barədə heç bir məlumatları olmamışdır. Şahid Sumqayıt ŞPİ-nin 4-cü PB-nin YYÇ işləri üzrə inspektoru, polis kiçik leytenantı Şahid3 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 28 iyul 2024-cü il tarixdə saat 21 radələrində rəhbərlik tərəfindən ona göstəriş verilmişdir ki, Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən gətirilmiş üzərində qanunsuz narkotik vasitələr gəzdirməsində şübhəli bilinən bir qadının üzərinə keçiriləcək şəxsi axtarışda iştirak etsin. İdarədə xidməti otaqda CAŞ-ın baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, CAŞ-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Sumqayıt Regional vəkil bürosunun vəkili Əbülfəz Bünyatov və sonradan adını Təqsirləndirilən şəxs kimi bildiyi şəxsin üzərinə keçirilən şəxsi axtarışda iştirak etmişdir. Şəxsi axtarışı Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Səadət Qənbərov keçirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxsva azyaşlı qızını uşaq xəstəxanasına yerləşdirməyi təklif olunduqda etiraz etməmiş və azyaşlı uşaq Sumqayıt ŞPİ-nin YYÇİPTB-nin inspektoru, polis kapitanı Rəşad Dadaşova təhvil verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əlində saxladığı «Sobranie» siqaret qutusunu təqdim etmiş, həmin siqaret qutusunun içərisinə baxılan zaman şəffav selofan bükümdə psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin bükümün içərisində metamfetamin olduğunu, həmin maddəni həmin gün «Tik-tok»-da tanış olduğu İran vətəndaşının Sumqayıt şəhərində ona dediyi ünvanda bir qismini istifadəsi üçün, digər qismini isə İran vətəndaşının ona deyəcəyi ünvanda qoyması üçün üzərində saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş 1 bükümdə metamfetamin bükülü ilə birlikdə elektron tərəzidə çəkilərək çəkisi 5,36 qram olmuş, həmin maddə ekspertizaya göndərilməsi üçün zərəfə qoyularaq qağlaşdırılmış, möhürlənmiş, zərfin üzərində qeydlər aparılaraq imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində saxladığı «Samsung» markalı mobil telefon təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan başqa tərəfindən Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı heç bir şey aşkar olunmamışdır. Daha sonra keçirilən şəxsi axtarışla bağlı tərtib edilmiş protokolun məzmunu onlara ucadan oxunmuş, doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsində və üzərində gəzdirməsi barədə Sumqayıt ŞPİ-yə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 28 iyul 2024-cü il tarixli şəxsi axtarışın keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əlində saxladığı «Sobranie» siqaret qutusunu təqdim etmiş, həmin siqaret qutusunun içərisinə baxılan zaman şəffaf sellofan bükümdə psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisindəki metamfetamini həmin gün “Tik-tok”-da tanış olduğu İran vətəndaşının Sumqayıt şəhərində ona dediyi ünvanda bir qismini istifadəsi üçün, digər qismini isə İran vətəndaşının ona deyəcəyi ünvana qoyması üçün üzərində saxlamasını bildirmiş, Təqsirləndirilən şəxs aşkar olunmuş 1 büküm metamfetamin bükülü ilə birlikdə elektron tərəzidə çəkilərək çəkisinin 5,36 qram olduğu müəyyən edilmişdir. Aşkar olunmuş maddə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində saxladığı «Samsung» markalı mobil telefon təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə qadın iştirakçı Şahid3 tərəfindən keçirilən şəxsi axtarış zamanı başqa heç bir şey aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 30 iyul 2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi barədə” protokol və həmin protokola əlavə edilmiş foto şəkillər məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs məxsus "Samsung Galaxy J3" markalı mobil telefona baxış keçirilən zaman kontakt bölümündə “Nigar Zabrat” adı ilə qeyd olunmuş İİR-nın +**********40 abonent nömrəsi qeyd olunmuş, bundan başqa mobil telefonun “Whatsapp” bölümündə “Nigar Zabrat” adlı abonentin xx.xx.2024-cü il tarixdə, saat 18:39-da “yaz da” və saat 19:32-də “qadan alm sann xəbr olmadı ba” məzmunlu smslər müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, “TiK-Tok”-da tanış olduğu Hüseyn adlı İİR vətəndaşının +**********40 nömrəsini öz mobil telefonunda “Nigar Zabrat” adı ilə qeyd etmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus 01 ədəd "Samsung Galaxy J3" markalı mobil telefonu təhvil almışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/3868 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1(bir) büküm maddə...” yazıları və imzalar olan bir ədəd zərfin içərisində 1(bir) ədəd bükümdə təmiz çəkisi 5,027 qram olan ağ rəngli, kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamletamin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı 1) daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli, 5395 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün aparılan müayinənin 1/163 nömrəli aktından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş analiz nümunəsində narkotik vasitə və psixotrop maddələr aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan 22 avqust 2024-cü il tarixli “Əşyanın maddi sübut kimi tanınaraq saxlanc yerinə təhvil verilməsi haqqıda” qərar və 05 noyabr 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,977 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, “şəxsi axtarış və götürmə aparılması”nın görüntülərini özündə əks etdirən 01 ədəd DVD formatlı disk cinayət işi üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarından və “Elektron məhkəmə sistemi”dən əldə olunmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaq — xx.xx.2012ci il təvəllüdlü X9 və xx.xx.2023-cü il təvəllüdlü qadın cinsli uşağı və bir yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X10 vardır. Cinayət işinin materiallarında olan tələbnamədən göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə şahid ifadələrini, cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı öz müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan əməlin cinayət olmasını aradan qaldıran hallar və onun bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin cəzanı yüngülləşdirən halları müəyyən edən 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, bir yetkinlik yaşına çatmamış övladının olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixli qərarla barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin başlanğıcı hökmün faktiki olaraq icra edildiyi gündən hesablanmalıdır. Bununla belə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallara və cəzasını ağırlaşdıran halların olmamasına, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmədiyə görə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci tətbiq edilməsinə kifayət qədər əsas olduğundan, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi onun iki azyaşlı uşağı — xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2023-cü il təvəllüdlü qadın cinsli uşağı on dörd yaşına çatanadək təxirə salınmalıdır. Belə ki, cinayət qanununun həmin maddəsinə görə şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Bu qərara gələrkən məhkəmə nəzərə alır ki, təqsirləndirilən şəxsin hazırda azadlıqdan məhrum ediləcəyi halda 02 azyaşlı uşaqlarının gələcək həyatı və şəxsiyyət kimi formalaşmalarına ciddi şəkildə mənfi təsir göstərə bilər. Odur ki, təqsirləndirilən şəxsin cəzanı çəkməsi uşaqları on dörd yaşına çatanadək təxirə salınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində qüvvədə olan qətimkan tədbirini müzakirə edərək bununla bağlı belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və qalıq qalmış 4,977 qram psixotrop maddə metamfetamin məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 80 (səksən) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 28 iyul 2024-cü il tarixdən 30 iyul 2024-cü il tarixədək 3 (üç) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı hökmün faktiki olaraq icra edildiyi gündən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq edilərək Təqsirləndirilən şəxs uşaqları — xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2023-cü il təvəllüdlü qadın cinsli uşağı on dörd yaşlarına çatanadək ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs qızının üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan qalıq çəkisi 4,977 qram metamfetamin məhv edilsin, 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 80 (səksən) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə, 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar