Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-192/2024 28.03.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1998-ci ildə Tərtər şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Tərtər şəhəri, Bəsti Bağırova küçəsi, ev 32-də qeydiyyatda olub, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Q.Səid küçəsi, ev 91-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 04 fevral 2023-cü il tarixdə, saat 18 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon, 26/65 nömrəli binanın qarşısında tanışı Zərərçəkmiş şəxs ondan borcunu nə vaxt verəcəyini, borc barədə söhbət etmək üçün çayxanaya dəvət etməsini özü üçün qəbul edilməz hal kimi qiymətləndirərək bunları bəhanə edib öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək özünü ətrafdakılara qarşı qoymaqla xuliqanlıq niyyəti ilə, yəni heç bir əsaslı səbəb olmadan üzərində olan kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı soyuq silah hesab edilməyən turist bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs qarnına vuraraq qarnın sol yarısının peritonarxası, qarın boşluğu və plevra boşluğuna sirayət edərək, sol böyrəyin, dalağın, diafraqmanın zədələnməsi ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yarası, sol tərəfli pnevmotoraks, travmatik şok İİİ dərəcə ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə, xuliqanlıq niyyəti ilə zərərçəkmiş Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 04 fevral 2023-cü il tarixdə, saat 18:00 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon, 26/65 nömrəli binanın qarşısında nişanlısı Şahid1 gözləyirdi. Şahid1 həyətə düşdükdən sonra onunla məhəllədə binaların ətrafında gəzməyə başlamışlar. Bu zaman bir avtomobilin də onların ardından asta-asta hərəkət etdiyinə diqqət yetirmişdir. Avtomobilin içərisindəkilər Zərərçəkmiş şəxs və Şahid4 idi. O, Şahid1 yaşadığı evə yola salarkən Vüqar İsmayılov ona yaxınlaşaraq, onu kənara çəkmək istəmişdir. O, da nişanlısının yanında onu kənara çəkməyə çalışdığı üçün ona etirazını bildirmişdir. Bundan sonra, aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı avtomobildən Şahid4 qaçaraq gəldiyini görmüşdür. Şahid4 da qaçaraq gəlməyini gördükdən sonra qorxduğu üçün cibindən bıçağı çıxararaq Zərərçəkmiş şəxs vurmuşdur. Həmin bıçaq hadisədən təxminən 3-4 gün əvvəl ona hədiyyə verilmişdi. Zərərçəkmiş şəxsə 1 dəfə bıçaq zərbəsi endirmişdir. Onun ayaq nahiyəsinə vurmaq istəmiş, lakin ehtiyatsızlıqdan sol böyrəyinin olduğu hissəyə vurmuşdur. Onun zərərçəkmiş şəxsin dayısı Şahid2 1000 manat məbləğində borcu var idi, lakin hadisədən qısa müddət əvvəl bu borcdan 100 manat məbləğində ödəniş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ona 2500 manat borcu var idi və uzun müddət idi ki, bu borcu qaytarmırdı. Təqsirləndirilən şəxsin yaşadığı ünvanı da, ailə üzvlərini də tanıyırdı. Hadisə baş verməmişdən əvvəl dəfələrlə borcun ödənilməsi ilə bağlı ona müraciət etmişdir. Əksər hallarda zənglərinə də cavab vermirdi. Onun Şahid1 ilə nişanlı olduğunu və onunla tez-tez görüşdüyünü bilirdi. Bu səbəbdən Şahid1 yaşadığı Sumqayıt şəhəri, 2-ci mikrorayon, 26/65 nömrəli binanın qarşısına getmək qərarına gəlmişdir. Həmin məhəlləyə çatdıqda Təqsirləndirilən şəxs Şahid1 ilə birlikdə gəzdiyini görmüşdür. Nişanlısı yanında olduğu üçün ona yaxınlaşıb borc söhbətini etməməyi, Təqsirləndirilən şəxs nişanlısını evə ötürdükdən sonra ona yaxınlaşıb danışmağı qərara almışdır. Bu məqsədlə avtomobildə bir müddət gözləmişdir. Təqsirləndirilən şəxs nişanlısı Şahid1 evinə ötürdükdən sonra ona yaxınlaşmış və gedib birgə oturub söhbət etməyi təklif etmişdir. Lakin, Təqsirləndirilən şəxs heç bir səbəb olmadan onu bir dəfə bıçaqla vurmuşdur. Bu zaman Şahid4 da avtomobildə idi. Təqsirləndirilən şəxs onu bıçaqla vurduğunu gördükdən sonra Şahid4 onun yanına gəlmişdir. Şahid4 taksi sürücüsü olduğu üçün ondan müştəri kimi onu Şahid1 yaşadığı məhəlləyə aparmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs təqribən 15 dəqiqə müddətində gözləmişdir. Şahid4 da taksi sürücüsü kimi xidmət haqqını vermişdir. Şahid1 blokun pilləkənlərini qalxarkən o, Təqsirləndirilən şəxs çağırmışdır. Şahid1 hadisəni görməmişdir. Zərərçəkmiş şəxs Sabir oğlu daha sonra məhkəmə çıxışında bildirmişdir ki, ona dəymiş ziyanın yarısı ödənilmiş, digər yarısı da ödəniləcəkdir. Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hadisə baş verdiyi tarixdə Təqsirləndirilən şəxs ilə nişanlı idilər. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs dostu kimi tanımışdır. 04 fevral 2023-cü il tarixdə, saat təxminən 18:00 radələrində Təqsirləndirilən şəxs onun yaşadığı binanın qarşısına gəlmiş və onlar binanın ətrafında birlikdə gəzmişlər. Bu zaman o avtomobilin içərisində Zərərçəkmiş şəxs və ya başqa şəxsi görməmişdir. Təqsirləndirilən şəxs ilə sağollaşdıqdan sonra o yaşadığı evə gedərkən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs çağırdığını eşitmişdir. Daha sonra, o, binanın pəncərəsindən baxdıqda Zərərçəkmiş şəxs sol hissəsini əli ilə tutduğunu görmüşdür. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurduğunu görməmişdir. O, sadəcə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs çağırdığını eşitmişdir. Zərərçəkmiş şəxs başqa şəxs görməmişdir. Təqsirləndirilən şəxs onun yaşadığı məhəlləyə gəlməzdən əvvəl Zərərçəkmiş şəxs olduğu avtomobil həmin məhəllədə olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Vahid oğlu ifadəsində göstərdi ki, hadisənin birbaşa şahidi olmamışdır. Ona sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs borcu olmuş, Zərərçəkmiş şəxs borcla əlaqədar söhbət etmək üçün Təqsirləndirilən şəxs ilə görüşmək istəmiş, Təqsirləndirilən şəxs də Zərərçəkmiş şəxs bıçaqla vurmuşdur. Yəqin ki, Təqsirləndirilən şəxs qorxduğu üçün Zərərçəkmiş şəxs bıçaq zərbəsi endirmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə borc məsələsi ilə bağlı sadəcə danışmaq istəmişdir. Onun Təqsirləndirilən şəxs ilə dalaşmaq niyyəti olmamışdır. Hadisə baş verdikdən təxminən 20-30 dəqiqə sonra Zərərçəkmiş şəxs ona zəng edərək, bıçaqlandığını və xəstəxanaya aparıldığını bildirmişdir. Təqsirləndirilən şəxs yanında onun nişanlısının olması barədə məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, hadisənin birbaşa şahidi olmamışdır. O, taksi sürücüsü kimi fəaliyyət göstərirdi. Zərərçəkmiş şəxs ondan taksi sürücüsü kimi onu “Stansiya Sumqayıt” deyilən əraziyə aparmağını xahiş etmişdir. Onu 5 dəqiqə də gözləməyini xahiş etmişdir. Onlar Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisinə getmişlər. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurmasını görməmişdir. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs onun idarə etdiyi avtomobilin arxa tərəfində idilər. O isə avtomobilin içərisində oturmuşdur. Hadisəni görməmiş, həmçinin hər hansı bir səs də eşitməmişdir. Hadisə yerində bıçaq görməmişdir. Zərərçəkmiş şəxs yaralı halda o xəstəxanaya aparmışdır. Təqsirləndirilən şəxs hadisə yerindən qaçmışdır. Hadisə baş verdiyi üçün Zərərçəkmiş şəxs taksi sürücüsü kimi hər hansı məbləğdə pul almamışdır. Avtomobil ilə Təqsirləndirilən şəxs və onun nişanlısını təqib etməmişlər, sadəcə avtomobildə Təqsirləndirilən şəxs nişanlısının ondan uzaqlaşmasını gözləmişlər. Şahid4 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs təxminən 3 ildir ki, tanıyır. Normal münasibəti olmuşdur. Özünə məxsus "'Opel Zafıra” markalı, **-OV- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2023-cü il tarixdə 2-ci mikrorayonda yerləşən ticarət mərkəzinə gedən zaman yolda Vüqarı görmüş, sonuncu onu saxlayaraq məhəllə içərisində 5-10 dəqiqəlik işi olduğunu demiş, o, razılaşmış və Vüqar avtomobilinə əyləşmişdir. Onlar Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən 26/65 nömrəli binanın qarşısına gəlmişlər. Vüqar həmin vaxt Rövşənin ona borcu olduğunu, həmin binada Rövşənin nişanlısının yaşadığını, Rövşəni tapa bilmədiyini, nişanlısı ilə görüşə gələn zaman onunla danışacağını demişdir. Bir neçə dəqiqə sonra 2-ci blokdan qız çıxmış, Vüqar həmin qızın Rövşənin nişanlısı olduğunu demişdir. Bundan sonra Rövşənin də bloka tərəf getdiyini görmüşlər. Həmin vaxt Vüqar Rövşənin onu görməməsi üçün arxa oturacaqda əyləşmiş, sonuncu qızla söhbət etmiş və qız bir neçə dəqiqə sonra bloka qayıtmışdır. Həmin vaxt Vüqar avtomobildən düşərək Rövşənə yaxınlaşmış, bir neçə saniyə söhbət edəndən sonra Rövşən bıçaqla Vüqarı vuraraq ona tərəf qaçmış, o isə avtomobildən düşməmişdir. Rövşən ona tərəf qaçmış, o, avtomobilin qapısını bağlamışdır ki, qapım aça bilməsin. Rövşən avtomobilə çatmamış geri qayıtmış və qaçaraq uzaqlaşmış, bundan sonra Vüqar avtomobilə əyləşmiş və Rövşənin onu bıçaqla vurduğunu demiş, sonra Vüqarı Sumqayıt şəhər TTYX-na aparmışdır.Şahid4 həmçinin ifadəsində avtomobildən ümumiyyətlə düşmədiyini, hadisə zamanı səs-küy olmadığını və ətrafa insanların toplaşmadığını bildirmişdir. (Cild 1, iş vərəqləri 105-106) İstintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra Şahid4 ümumən ifadəsini ifadəsini təsdiq etdiyini bildirmişdir. Bundan başqa, verilən suallara cavab olaraq o, göstərdi ki, Vüqar yolda onu saxlayıb demişdir ki, gedək 2-ci mikrorayona məhlə arası 5 dəqiqə işim var, buna görədə mən ora taksi kimi getmişdir. Bu haqda müstəntiq ondan soruşmadığı üçün istintaqda taksi kimi getdiyini deməmişdir. Belə ki, onun maşınının üstündə də taksi işarəsi olmuşdur. Getdikdən sonra isə hadisə baş verdiyi üçün Zərərçəkmiş şəxs taksi sürücüsü kimi hər hansı məbləğdə pul almamışdır. Həmçinin o, qeyd etmişdir ki, avtomobil ilə Təqsirləndirilən şəxs və onun nişanlısını təqib etməmişlər, sadəcə avtomobildə Təqsirləndirilən şəxs nişanlısının ondan uzaqlaşmasını gözləmişlər ki, Vüqar ona yaxınlaşsın. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısı oğludur. Təqsirləndirilən şəxs təxminən 2-3 aydır ki, tanıyır, sonuncu Vüqarın dostu olmuş və Vüqargildə olan zaman görmüşdür. Vüqarla Rövşən arasında borc pul məsələsi olmuşdur. Belə ki, Rövşən Vüqara 1000 manat borclu olmuş, sonuncu Rövşənin ondan qaçdığını və borcu qaytarmadığını demiş, buna görə də onlar arasında soyuq münasibət yaranmışdır. Təxminən 1 ay bundan öncə o, bu məsələyə görə Rövşəngilə getmiş, anası ilə görüşmüş, Rövşənin anasına pulu qaytarmalarını demiş, anası isə pul olmadığını, o isə pulun lambarddan götürüldüyünü demişdir. Bundan sonra anası pulu hissə-hissə qaytaracağını demiş, bir müddət sonra Rövşənin atası ona zəng edərək görüşmələrini istəmiş, həmin vaxt Rövşənin atası 100 manat pulu ona vermişdir. Bundan sonra Rövşən Vüqara heç bir məbləğdə pul verməmişdir. xx.xx.2023-cü il tarixdə Vüqar ona zəng edərək xəstəxanaya getdiyini, Rövşənin onu bıçaqla vurub qaçdığını bildirmiş, o, dərhal xəstəxanaya getmiş və Vüqarın əməliyyatda olduğunu bilmişdir. Şahid2 həmçinin ifadəsində Təqsirləndirilən şəxs hədələmədiyini, borc məsələsi olan zaman arada olan anlaşılmamazlığı düzəltmək üçün Səxanla bir yerdə Rövşənlə çayxanada söhbət etdiklərini, Rövşənin də tezliklə pulu qaytaracağını dediyini, bacısı oğlu Vüqara çatacaq pulun aqibətinə görə Rövşənlə görüşdüyünü bildirmişdir. (Cild 1, iş vərəqləri 108-109) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Baxış keçirilməsi haqqında” 01 mart 2023-cü il tarixli protokoldan görünür ki, hadisə Sumqayıt şəhəri, 2-ci mikrorayon, 26/65 nömrəli binanın qarşısında baş vermişdir. (Cild 1, iş vərəqləri 92-97) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 05 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bıçaq götürülərək baxış keçirilmişdir. Bıçaq tiyə və dəstək hissədən ibarətdir. Ümumi uzunluğu 195 m m-dir Tiyəsi qara rəngli metaldan, bir tərəfi küt, digər tərəfi kəsicidir. Tiyənin uzunluğu 85 mm, qalınlığı 1.5 mm-dir. Dəstəyin uzunluğu 110 mm-dir. (Cild 1, iş vərəq 40) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 15 mart 2023-cü il tarixli 264 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində qarının sol yarısının peritonarxası, qarın boşluğu və plevra boşluğuna sirayət edərək, sol böyrəyin, dalağın, diafraqmanm zədələnməsi ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yarası, sol tərəfli pnevmotoraks, travmatik şok İİİ dərəcə xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər deşici-kəsici alətin təsirindən, ola bilsin ki, bıçağın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na qəbul edildiyi vaxtdan az əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilər və dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. (Cild 1, iş vərəqləri 117-121) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən ambulator məhkəmə-psixiatrik ekspertizasının 10 mart 2023-cü il tarixli, 688 nömrəli rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar edilir, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən öz hərəkətlərinin faktiki xaraketrini və ictimai təhlükəliliyini dərk etmək, onlar idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs öz hərəkətlərini idarə edib onları qiymətləndirmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs hazırda da hərəkətlərinin faktiki xaraketrini və ictimai təhlükəliliyini dərk etmək onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xaraketrli məcburi tədbirlər tətbiq edilməsinə ehtiyac yoxdur. (Cild 1, iş vərəqləri 122-125) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə tibbi bioloji ekspertizasının 31 mart 2023-cü il tarixli 179/2023-MTBŞ nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus poluver üzərində insan qam ləkələri aşkar olundur. Ləkələrdə qanın qrupu ABO sistemi üzrə təyin edildikdə B antigeni və alfa aqqlyutini alındı. Bu qan ləkələri ABO sistemi üzrə B alfa /İİİ/ qriplu şəxslə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. (Cild 1, iş vərəqləri 126- 129) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-trasoloji kriminalistik ekspertizasının 31 mart 2023-cü il tarixli, 128- MTKŞ/2023 nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus poluverin arxa səthində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədə küpü, kafi itilikdə olan ülgüclü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alərin (ola bilsin bıçağın) təsirindən törənmişdir. (Cild 1, iş vərəqləri 130-132) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-ballistik ekspertizasının 01 may 2023-cü il tarixli 3/585 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilən 01 ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir. (Cild 1, iş vərəqləri 133-135) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 08 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bıçaq və Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 ədəd poluver maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. (Cild 1, iş vərəqləri 148-157) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(Cild 1, iş vərəqləri 98-99) Məhkəmə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin nişanlısının yanında onu kənara çəkməyə çalışdığı üçün ona etirazını bildirməsi, zərərçəkmişin onun əlindən və boğazından tutaraq zor tətbiq etməsi, Şahid4 taksi kimi deyil Zərərçəkmiş şəxs kömək kimi gələrək onu hər ikisinin maşınla təqib etməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirdikdə cüzi səbəbi bəhanə edərək, öz üstünlüyünü nümayiş etdirməyə çalışmaqla, davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyaraq məhz xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır dərəcəli bədən xəsarəti yetirmiş və mövcud əməl üzrə xuliqanlıq niyyəti cinayətin konkret motivi kimi özünü büruzə vermişdir. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı hər hansı bir qanunsuz hərəkət etməmiş, onu təhqir etməmiş, ona qarşı fiziki zor tətbiq etməmiş, yalnız borcunun qaytarılması ilə bağlı məsələnin aydınlaşdırlmasına cəhd etmişdir. Təqsirləndirilən şəxs isə sivil qaydada məslənin həll edilməsi, zərərşəkmiş şəxsin dinlənilməsi, zərərçəkmiş şəxs tərəfindən hətta qanunsuz hərəkət edildikdə belə özbaşına onu linç etmək əvəzinə, qanuna müvafiq qayadada hüquq-mühafizə orqanlarına şikayət etmək əvəzinə, heç bir əsaslı səbəb olmadan zərərçəkmiş şəxsin ona olan borcu ilə bağlı haqlı tələbini özünə qarşı hörmətsizlik kimi qiymətləndirib, bu kimi cüzi səbəbi bəhanə etməklə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan ağır dərəcəli xəsarət yetirmişdir. Məhkəmə həmçinin cinayətin törədilmə üsulunu da nəzərə almaya bilməz. Belə ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi yumruq və təpiklə, yerdə olan daş və ya taxta parçası ilə deyil, üzərində gəzdirdiyi bıçaqla həyat üçün təhlükəli nahiyyəsinə xəsarət yetirməklə cinayət əməlini törətmişdir. Təsirləndirilən şəxsin üzərində səbəbsiz olaraq bıçaq gəzdirməsi isə onun şəxsiyyətinin cinayətə meyilli və təhlükəli olmasının təzahürüdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli 3 №-li və “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2004-cü il 23 mart tarixli Qərarlarının izah və tövsiyələrini də rəhbər tutur. Belə ki, Ali Məhkəmənin Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 6-cı bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Bundan başqa, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun Qərarının 5-ci bəndinə əsasən, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli xuliqanlıq niyyəti kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Zərərçəkmiş şəxs Sabir oğlu məhkəmə çıxışında bildirmişdir ki, ona dəymiş ziyanın yarısı ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi və cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.14-cü maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 05 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 07 fevral 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 77-78) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı onun könüllü olaraq hüquq-mühafizə orqanlarına gəlib təslim olduğu və faktiki azadlığının məhdudlaşdırıldığı 05 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərinə əsasən, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan 01 ədəd bıçaq və yararsız vəziyyətdə olan 01 ədəd poluver məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 64 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 05 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan 01 ədəd bıçaq və 01 ədəd poluver məhv edilsin. Təqsirləndirilən şəxs 64 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-192/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-192/2024
28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver