Məhkəmə qərarları › İş №1(124)-192/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-192/2025

13.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-192/2025 13.03.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X10 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X8, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru X14, Müdafiəçi – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğlu, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi – X7 iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində üç azyaşlı uşağı olan, ali təhsilli, hazırda işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, Süleyman Rüstəm küçəsində nömrəsiz fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 179.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 01 aprel 2024-cü il tarixdən - 29 oktyabr 2024-cü il tarixədək olan müddətdə hüquqi ünvanı ünvan 3an kredit təşkilatı "AZPUL” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) xəzinədar-inkassatoru vəzifəsində işləyərkən, Cəmiyyətlə aralarında bağlanmış əmək müqaviləsinə və təsdiq edilərək imzalanmış vəzifə təlimatına əsasən, qəbul etdiyi nağd pul və digər qiymətlilərin təyinatı üzrə təhlükəsiz daşınmasını və terminalların inkassasiyasını həyata keçirmək, nağd pulun təhvil-təslimi zamanı inkassasiya prosesini müşayiət edən sənədləşmənin düzgünlüyünü yoxlamaq, terminal şəbəkəsinə texniki xidmət göstərən mütəxəssislər tərəfindən terminallara texniki xidmətin göstərilməsi zamanı buna nəzarət etmək, fövqəladə hadisə baş verdikdə təcili olaraq qiymətlilərin təhlükəsizliyi üçün şəraitə uyğun lazımi tədbirləri görmək, fəaliyyətinə dair Cəmiyyət daxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra etmək, nağd pul və digər qiymətlilərin daşınması vaxtı işlə əlaqədar bütün tələbləri yerinə yetirmək, sərvətlərin qorunması üçün tədbirlər həyata keçirmək, vəzifəsinin icrası ilə bağlı bütün məlumatların məxfiliyini təmin etmək, təşkilat sirrini qorumaq, əməliyyət gününün sonunda gün ərzində aparılan mədaxil - məxaric əməliyyatlarının hesabatını aparmaq və sair səlahiyyətlərə malik inzibati-təsərrüfat funksiyasını yerinə yetirən vəzifəli şəxs olmasına baxmayaraq, törətmək niyyətində olduğu əməlin cinayət xarakterini və hüquqaziddliyini, bu əməlin törədilməsi ilə zərərçəkmişə maddi ziyan vuracağına səbəb olacaq ictimai-təhlükəli nəticələrin baş verməsini qabaqcadan görərək və bunları arzu edərək, tamah məqsədilə əvvəlcədən planlaşdırdığı niyyətə uyğun olaraq, öz qulluq mövqeyindən istifadə edərək ona etibar olunmuş özgə əmlakını talamaq üçün özü tərəfindən xidmət göstərilən və inkassasiyası həyata keçirilən Cəmiyyətə məxsus Bakı şəhəri və Abşeron rayonunda yerləşərək fəaliyyət göstərən terminallardan pul vəsaitlərini çıxarıb Cəmiyyətin xəzinəsinə təhvil verməyib şəxsi ehtiyaclarına sərf etmək qərarına gəldikdən sonra 01 aprel 2024-cü il tarixdən - 19 sentyabr 2024-cü il tarixədək olan müddət ərzində Cəmiyyətə məxsus Bakı Metropoliteninin “Azadlıq prospekti" stansiyasında yerləşən terminaldan 11.704,0 manat, “Nəriman Nərimanov” stansiyasında yerləşən terminaldan 20.568,0 manat, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 266 ünvanında fəaliyyət göstərən “Rahat market” adlı ticarət müəssisəsində yerləşən terminaldan 9350,0 manat nağd pul vəsaitlərini çıxarıb Cəmiyyətin xəzinəsinə təhvil verməyib əvəzsiz olaraq öz mülkiyyətinə keçirib daha sonra tamah niyyətini davam etdirib 21 sentyabr 2024-cü il tarixdən - 22 sentyabr 2024-cü il tarixədək olan müddət ərzində yenidən Bakı Metropoliteninin “Azadlıq prospekti” stansiyasında yerləşən terminaldan 5570,0 manat, sonuncu dəfə isə 22 sentyabr 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 266 ünvanında fəaliyyət göstərən “Rahat market” adlı ticarət müəssisəsində yerləşən terminaldan 6560,0 manat nağd pul vəsaitlərini çıxarıb Cəmiyyətin xəzinəsinə təhvil verməyib öz mülkiyyətinə keçirib şəxsi ehiyaclarına sərf etməklə, ona etibar olunmuş Bank olmayan kredit təşkilatı “AZPUL’’ Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus özgənin külli miqdarda əmlakını, yəni 53.752,0 (əlli üç min yeddi yüz əlli iki) manat pul vəsaitini vahid niyyətlə mənimsəməklə talamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə qismən, yəni CM-in 179.2.4-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-də inkassator vəzifəsində çalışmışdır. 37000 manatı mənimsədiyini özü etiraf etmiş və bütün bu prosesləri aşkara çıxarmışdır. O, müəssisəyə aid olan terminallardan nağd pulu götürmüş, lakin daha sonra yerinə qoymuşdur. Bir müddət sonra götürdüyü məbləği yerinə qoyduqca borcun azalmaq əvəzinə daha da çoxaldığını görmüş və bu barədə ilk öncə müəssisənin baş xəzinədarı X5 məlumat vermişdir. Kamrandan sonra hüquqi şəxsin Müşahidə Şurasının sədri Şahid4 məlumat vermişdir. Məlumat verməsinə səbəb götürdüyü məbləğin terminalda çıxan borc qədər olmaması və bu halın araşdırılmasını istəməsi olmuşdur. Mövcud olan terminalların iki ədəd açarı var imiş və biri daim onda olurmuş. Açar onda olduğu üçün o, “Azpulmat” terminalına yaxınlaşıb müdaxilə edə bilirmiş. Terminalın həm kredit vermək, həm də kredit yığmaq üçün bölümləri var imiş. O, inkassator vəzifəsi ilə yanaşı, həm də texniki işlərlə məşğul olur, terminalda problem olduğu halda həll edir, proqram yazılması lazım olduqda yazırmış. Açarla terminalı açırmış. Orada təhlükəsizlik demək olar ki, sıfıra bərabər imiş. Pulları götürür, inkassasiya zamanı da götürdüyü pulları yerinə qoyurmuş. O, pulları terminaldan götürəndə sistemdə görünmür, yalnız fiziki cəhətdən sayanda bilinirmiş. Həmçinin, terminalı açanda da müəssisəyə heç bir xəbərdarlıq siqnalı getmirmiş. Məsələn, sistemdə Nərimanovda yerləşən terminala 15000 manat daxil edildiyi görünür, daha sonra fiziki cəhətdən sayıldıqda terminalda həmin qədər pulun olub-olmadığı bilinirmiş. Əgər 3000 manat götürürsə, inkassasiya zamanı həmin pulu yerinə qoyub, müəssisəyə təhvil verirmiş. Pulu olduqda özü, olmadıqda isə digər terminalın balansından götürüb pulu yerinə qoyurmuş. Bütün terminallardan nə qədər pul götürdüyü barədə özündə qeydiyyat aparırmış. Çünki, audit yoxlaması ola bilərmiş və bu zaman pullar yerinə qoyulmalı imiş. O, pulları yerinə qoyduqca hər terminalda olan pulları sayır və bu zaman terminallarda olan borcun azalmaq əvəzinə çoxaldığının şahidi olurmuş. Bu halı baş xəzinadara bildirmiş və terminallardan pul götürdüyünü, lakin yerinə qoyduğunu söyləmişdir. Hətta, həmin pulları yerinə qoymaq üçün bankdan kredit də götürmüş, borc da almışdır. Dəfələrlə, terminallarda sayım olmuş və bu zaman terminallarda balans düzgün olmuşdur. O, məsələni rəhbərliyə məlumat verəndə, çatışmayan məbləğin hamısının ona aid olmadığını bildirmiş və araşdırılmasını xahiş etmişdir. Ondan bu halın necə baş verdiyini soruşmuşlar, o da terminalın iki açarının olduğunu, birinin onda olduğunu, lakin ikinci açarın kimdə olduğunu və həmin açarın təhlükəsizliyinin necə qorunduğunu bilmədiyini bildirmişdir. Açar da elə imiş ki, onun rahatlıqla kopyasını çıxarmaq və qeyri-iş saatlarında terminalı açıb pul götürmək olarmış. İbtidai istintaq müddətində o, müstəntiq Emil Mehdiyevdən dəfələrlə xahiş etmişdir ki, onu şirkət nümayəndələri ilə üzləşdirsinlər, lakin onun xahişlərinə məhəl qoyulmamışdır. Faktiki olaraq, 54000 manatı mənimsəməsi də sübut olunmamışdır. İstintaq müddətində Emil Mehdiyevlə keçirilən heç bir prosesdə vəkili yanında olmamış, Emil Mehdiyev ancaq ona müsbət vədlər verərək şirkətin borcu bağlanacağı halda işə də xitam veriləcəyini bildirmişdir. O, da vədlərə inanaraq özünə vəkil tutmamış və şirkətin borclarını mütəmadi ödəyərək işə xitam verilməsini gözləmişdir. Bir gün prokurorluğa çağırılmış və onu iki gün Nərimanov Rayon Polis İdarəsində saxlamışlar. O, həmin vaxt vəkili ilə tanış olmuş, baxmayaraq ki, iki aydan artıq müddətdə proseslər davam edirmiş. 29 oktyabr 2024-cü il tarixdə o, işdən azad olunmuş və bundan bir ay əvvəl əməlləri barədə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, o, bir terminaldan digər terminala dəfələrlə pullar qoymuş, lakin nə qədər pul götürdüyünü xatırlayır. Özü üçün kompüterində qeydlər götürmüş, lakin sonradan silmişdir. Qeydlərini silməsinə və istintaqa təqdim edə bilməməsinə səbəb audit gəlməsi və kompüterlərin yoxlanacağını düşünməsi olmuşdur. Audit gəldikdən sonra, əraziyə çıxıb saymış və borcun artdığını görmüşdür. Hazırda ziyanı tam ödəmişdir. Özünü 37000 manata görə təqsirli bilməsinə baxmayaraq, 53000 manat ödəməsinə səbəb prokurorluqda işinin bağlanacağına dair vəd verilməsi olmuşdur. Götürdüyü pulları şəxsi problemlərinin həlli üçün istifadə edirmiş. Mərc oyunları üçün istifadə etməmişdir. Pul götürdüyü barədə məlumatı ilk dəfə özü vermiş, həmin vaxta qədər heç kimin məlumatı olmamışdır. O, öz cibindən pulları yerinə qoyduqca, borc azalmaq əvəzinə artırmış, ona görə də etdiyi əməl barədə məlumat vermişdir. Müəssisə yarandığı gündən, 2019-cu ilin sentyabr ayından orada işləyirmiş. Məzuniyyətə çıxırmış, hər il 34 günlük məzuniyyəti olmuşdur. O, məzuniyyətdə olanda onu kimin əvəz etdiyini bilmir, heç kimlə təhvil-təslim etmirmiş. Son 6 ayda yeni bir kassir gəlmiş və ona kömək edirmiş, lakin onunla da aralarında təhvil-təslim olmamışdır. Ondan başqa terminala pul qoyan şəxs olmuşdur. Həm o, məzuniyyətdə olanda, həm də adi vaxtlarda həmin şəxs terminallara pul qoyubmuş. Hətta, terminallarda problem yarananda o bir terminala, digər şəxs isə digərinə gedirmiş. Terminalı önündən açırlarmış. Terminalın özündə kamera var imiş, lakin işləmirmiş. Arxasında kamera yox imiş. 3 terminal metroda yerləşdiyinə görə, həmin terminallar daim kamera və polis nəzarətində olmuşdur. Sonuncu dəfə Xırdalanda yerləşən terminaldan 12000 manat, ondan əvvəl isə 5000, 3000, 4000, 3500 və 6500 manat məbləğlərində pullar götürmüşdür. Hamısını bir yerdə götürmürmüş, pulları götürüb yerinə qoyurmuş. 500, 1000 manat kimi kiçik məbləğlər də götürmüş və hamısının qeydiyyatını aparmışdır. Belə ki, maaşa 3-4 gün qalmış ona təcili 300 manat lazım olmuş, bu zaman terminaldan götürmüş və maaş alan kimi yerinə qoymuşdur. Onun törətdiyi əməldən əvvəl də müəssisədə belə hallar baş vermişdir. Məsələn, baş xəzinədar tərəfindən kassada olan pullar sayılarkən əskik gəlmiş və o bu barədə rəhbərliyə məlumat vermişdir. Halbuki, kassanın açarı yalnız onun özündə olmuşdur. Terminallara aid olan ikinci açarlar əvvəllər X27 Tural Vəliyevin otağında olurmuş, daha sonra o işdən çıxmış və açarların kimdə qaldığını bilməmişdir. Tural Vəliyevdən şübhəsi yoxdur, sadəcə həmin vaxt o, səhhəti ilə bağlı problem yaşayırmış. Şübhəli şəxs kimi izahat verərkən yanında müdafiəçi olmamış, müdafiəçi yalnız 48 saat müddətində tutulan anda yanında olmuşdur. Bundan sonrakı istintaq hərəkətlərinin heç birində, hətta sonda işlə tanış olanda da müdafiəçi olmamışdır. Müdafiəçini yalnız saxlanılanda və buraxılanda görmüşdür. Pulları çıxartdığı müddət təxminən, 5-6 ay davam etmişdir. Terminala qoyulan pullar 200000-dən çox olurmuş. Məsələn, terminalın içində kağız əskinazla 10000 manat pul var, müştəri yaxınlaşır və maksimum 600 manat kredit götürə bilir. O, pulu götürəndə elə məbləğ saxlayırmış ki, oradan ən az 10-15 müştəri kredit götürə bilsin. 12000 manatı şəxsi borclarını ödəmək üçün götürmüşdür. Ailəlidir və 3 uşağı var. Mərc oyununa görə götürməmişdir. O, məbləğin 37000 manatdan yuxarı olduğunu görən kimi bu barədə rəhbərliyə bildirmişdir. O, deməsə, işin üstü açılmayacaqmış. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və təqsirləndirilən şəxs həmin ifadəsində 2013-cü ildə Məmmədov Xumar imanqulu qızı ilə rəsmi nikaha daxil olub ailə həyatı qurduğunu, birgə 2 nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X15, xx.xx.2016-cı il təvəllüdlü X18 və xx.xx.2021-ci il təvəllüdlü X11 adında övladları dünyaya gəldiyini, 2019cu ilin təxminən avqust ayında ilk dəfə “AZPUL" Məhdud Məsuliyyətli Cəmiyyətinə “sistem üzrə məsləhətçi” vəzifəsinə işə qəbul edildiyini, daha sonra isə 2021-ci ilin əvvəllərindən Cəmiyyət tam olaraq fəaliyyət göstərməyə başladığını və Cəmiyyətin adının Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyəti olduğunu, Cəmiyyətin X27nin X19 olduğunu bildirərək göstərmişdir ki, Cəmiyyət artıq BOKT kimi fəaliyyətə başladıqdan sonra, o, ilk dəfə xx.xx.2021-ci il tarixdə T.Vəliyev tərəfindən BOKT "xxxx" MMC-nə “sistem üzrə məsləhətçi” vəzifəsinə işə qəbul olunmuşdur. Həmin vaxt o, sözü gedən vəzifəyə işə təyin edilən zaman Cəmiyyətlə onun arasında əmək müqaviləsi, tam-maddi məsuliyyət haqqında müqavilə bağlanaraq eyni zamanda vəzifə təlimatıda təsdiq edilərək imzalanmışdır. BOKT "xxxx" MMC isə fəaliyyətə başladığı vaxtdan Cəmiyyətin fəaliyyəti vətəndaşlara mobil tətbiq vasitəsilə qısa müddətli istehlak kreditlərin verilməsi ilə bağlı olmuşdur. O, sözü gedən vəzifədə işlədikdən sonra isə xx.xx.2023-cü il tarixdə Cəmiyyətdə “Terminallara texniki dəstək üzrə Baş mütəxəssis" vəzifəsinə keçirilmişdir. Daha sonra isə xx.xx.2024-cü il tarixdə o, yenidən Cəmiyyətdə “xəzinədar-inkassator” vəzifəsinə keçirilərək həmin tarixdən sözü gedən vəzifədə çalışmışdır. Cəmiyyətin faktiki ünvanı ünvan 5 ünvanda fəaliyyə göstərdiyini, eləcədə Cəmiyyətin 2024-cü ildə Gəncə filialınında açıldığını qeyd etmişdir. Təqsirləndirilən şəxs daha sonra bildirmişdir ki, “xəzinədar-inkassator” olaraq onun vəzifələri, vəzifə təlimatına əsasən «qəbul edilən nağd pul və digər qiymətlilərin təyinatı üzrə təhlükəsiz daşınmasını və terminalların inkassasiyasını həyata keçirməkdən, nağd pul təhvil-təslimi zamanı inkassasiya prosesini müşayiət edən sənədləşmənin düzgünlüyünün yoxlanılmasından, terminal şəbəkəsinə texniki xidmət göstərən mütəxəssislər tərəfindən terminallara texniki xidmət göstərilməsi zamanı nəzarət etməkdən, fövqəladə hadisə baş verdikdə təcili olaraq qiymətlilərin təhlükəsizliyi üçün şəraitə uyğun lazımi tədbirləri görməkdən, fəaliyyətinə dair BOKT daxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra etməkdən, nağd pul və digər qiymətlilərin daşınması vaxtı işlə əlaqədar bütün tələbləri yerinə yetirmək və sərvətlərin qorunması üçün tədbirlər həyata keçirməkdən, vəzifəsinin icrası ilə bağlı bütün məlumatların məxfiliyini təmin etməkdən və təşkilat sirrinin qorunmasından və s. ibarət olmuşdur. Bundan əlavə qeyd olunan vəzifələrdən başqa o, ərazidə olan teminallar üzrə yaranmış problemlərin aradan qaldırılmasını, təmirini, daşınmasını, yer dəyişməsini, həmçinin terminallarda olan pul vəsaitlərinin inkassasiyasını həyata keçirmişdir. Bundan əlavə bildirmişdir ki, BOKT "xxxx" MMC-nə məxsus Bakı, Gəncə və Xırdalan şəhərində cəmi 5 ədəd terminal fəaliyyət göstərmişdir. Belə ki, terminalların 3 ədədi Bakı şəhərində, 1 ədədi Xirdalan şəhərində, 1 ədədi isə Gəncə şəhərində yerləşməklə fəaliyyət göstərirlər. Bakı şəhərində olan terminalların biri Metronun “Nərimanov” stansiyasında, biri “Azadlıq” stansiyasında, digəri isə Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi 66 ünvanında Cəmiyyətin faktiki ofis binasında yerləşir. Cəmiyyətin digər terminalı isə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 266 ünvanında fəaliyyət göstərən “Rahat” adlı marketdə yerləşir. Gəncə şəhərində yerləşən filialda 1 ədəd terminalın yerləşməklə fəaliyyət göstərir. Qeyd etmişdir ki, o, “xəzinədar-inkassator” kimi yalnız Bakı və Xırdalan şəhərlərində yerləşən 4 ədəd terminallara xidmət etmiş və həmin terminallar üzrə pul vəsaitlərini inkassasiyasını həyata keçirmişdir. O, Bakı və Xırdalan şəhərlərində yerləşən terminalların balanslarına sistem üzərində nəzarət edərək terminallarda olan nəğd pul vəsaitlərinin 20.000,0 manatı keçməməsinə nəzarət etmişdir. Belə ki, o, Cəmiyyətin ofisində xəzinədarlığa yaxınlaşmış və orada ona terminallara mədaxil edilməsi üçün əksər hallarda 10.000,0 manatdan artıq olmayan pul vəsaiti təhvil verilmişdir. Pul vəsaitləri isə xəzinədar tərəfindən ona “məxaric” sənədi, həmçinin “təhvil- təslim” aktı əsasında təhvil verilmiş və sonradan isə həmin pul vəsaitləri onun tərəfindən terminallara mədaxil edilmişdir. O cümlədən o, terminallardan pul vəsaitlərini məxaric etdikdən sonra həmin pul vəsaitlərini terminaldan çıxan çeklə birlikdə eyni qaydada Cəmiyyətin faktiki ünvanında olan ofisində xəzinədara təhvil vermişdir. Xəzinədar isə pul vəsaitlərini ondan eynilə “mədaxil” sənədi, həmçinin “təhviltəslim" aktı ilə qəbul etmişdir. Hər iki halda isə “məxaric” və “mədaxil” sənədləri, həmçinin “təhvil-təslim" aktları xəzinədar və onun tərəfindən imzalanmaqla, Cəmiyyətin mühasibatlığında “inkassasiya” qovluğunda yığılmışdır. Təqsirləndirilən şəxs terminalların fəaliyyəti ilə bağlı bildirmişdir ki, fəaliyyət göstərən terminalların hər biri eyni olmaqla bir sistem üzərində fəaliyyət göstərmişdirlər. Terminalın ekran hissəsi sensor olmaqla barmaqla, yəni toxunuşla idarə olunur. Bundan əlavə bildirmişdir ki, hər bir terminalın seyf hissəsi mövcuddur. Həmin seyf hissəsi isə, terminalın aşağı hissədə yerləşir və sözü gedən seyf hissəsi aşağı sol hissədən açar vasitəsi ilə açılır. Qeyd etmişdir ki, Bakı və Xıdalan şəhərlərində yerləşərək fəaliyyət göstərən terminalların seyf açarları isə ona təhkim olunmaqla onun özündə saxlanılmış və həmin açarlardan Cəmiyyətin digər əməkdaşında olmamışdır. Təqsirləndirilən şəxs daha sonra inkassasiya ilə bağlı göstərmişdir ki, o, terminallar üzrə inkassasiya edən zaman, terminala yaxınlaşmış və ekran hissəsində sistemə daxil olaraq, yalnız ona məlum olan giriş şifrəsini daxil edərək terminalın sisteminə giriş etmiş və orada inkassasiya xanasını basaraq terminalı sıfırlaymışdır. Bu zaman isə seyf hissəsində olan kasetlərdə mövcud olan pul vəsaitləri sistem üzrə sıfırlanmışdır. Daha sonra isə açar vasitəsi ilə terminalın seyf hissəsini açaraq pul vəsaitlərini orada çıxarmışdır. Daha sonra terminala mədaxil edilməsi üçün Cəmiyyətin xəzinəsindən ona təhvil verilmiş nəğd pul vəsaitini seyfin sol hissəsində yerləşən üzərində “CASH CASSETTE” sözləri yazılmış 2 (iki) ədəd kasetə daxil etmiş və prosedur başa çatdıqdan sonra isə yenidən terminalda sisteminə daxil olaraq inkassasiya hissəsində terminala mədaxil etdiyi pul vəsaitlərinin məlumatlarını sistemə daxil etmişdir. Bundan sonra isə inkassasiya başa çataraq terminaldan qeyd olunan prosedurla bağlı çek çap edilmiş və terminalın seyf hissəsində olan üzərində “REJECT TRAY” və “CASH CASSETTE” sözləri yazılmış 3 (üç) ədəd və qara rəngli, tutacağı isə sarı rəngdə olan 1 (bir) ədəd kasetlərdən ilkin olaraq çıxarılmış qalıq nəğd pul vəsaitləri inkassasiya çeki ilə birlikdə sonradan onun tərəfindən Cəmiyyətin xəzinədarlıq şöbəsinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs həmçini bildirmişdir ki, o, Cəmiyyətdə “xəzinədar-inkassator” vəzifəsində işləməklə hər ay 1200,0 manat əmək haqqı almışdır. Ailədə isə onlar 4 nəfər olmuşdurlar. Qeyd etmişdir ki, onun son illər maddi durumunda çətikliklər yaranmışdır. Belə ki, o, aldığı aylıq məvacibi ilə ailəsinin xərclərini qarşılaya bilməmişdir. Bundan əlavə atası Təhməz Məmmədovun 06 noyabr 2023-cü il tarixdə qəfldən ürəyi dayanaraq öz əcəli ilə vəfat etmiş, sonuncu sağ olanda isə ona daima maddi dəstək olmuş və atası vəfat etdikdən sonra isə onun maddi durumu dahada pisləşmişdir. Maddi sıxıntıları olduğundan o, mütəmadi olaraq dost tanışdan və digər şəxslərdən borca pul götürmüş və sonradan həmin borcları ödəməkdə çətinlik çəkmişdir. Bundan başqa o, 2023-cü ilin təxminən yanvar ayında "xxxx" ASC-dən 17.500,0 manat kredit götürmüşdür. Həmin krediti o, 2024cü ilin təxminən aprel-may ayınadək ödədikdən sonra krediti qalan məbləğinin üzərinə yenidən kredit götürmüş və yenidən borcu təxminən 22.000,0 və ya 23.000,0 manat təşkil etmişdir. Təqsirləndirilən şəxs bundan əlavə mahiyyəti üzrə göstərmişdir ki, 2024-cü ilin təxminən aprel ayından onun maddi durumu daha pisləşmiş və borcları dahada artığından o, həmin tarixdən məcbur qalıb Cəmiyyəyə məxsus terminallardan pul vəsaitləri götürməyə başlamışdır. Belə ki, ona pul lazım olduqda, o, Cəmiyyətə məxsus Metronun “Nərimanov” stansiyasında, “Azadlıq" stansiyasında və Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 266 ünvanında fəaliyyət göstərən “Rahat" adlı marketdə yerləşən terminallarından müəyyən məbləğdə, (dəqiq məbləğləri xatırlamasada) təxminən 300,0- 500,0, 1000,0 manat və s. məbləğlərdə pul vəsaitlərini çıxararaq şəxsi ehtiyaclarına sərf etməyə başlamışdır. 2024-cü ilin təxminən aprel-may aylarında bir çox vaxt yeyib-içdiyi Masazır qəsəbəsində yerləşən “Göyəzən” restoranında olan zaman orada onlara daima qulluq edən, ofisiant işləyən Vüqar adlı şəxsə faizə pul lazım olduğunu bildirmiş və bununla ona köməklik göstərməsini sonuncudan xahiş etmişdir. Vüqar isə həmin vaxt ona Əli adında tanışının faizə pul verdiyini söyləmiş və ertəsi gün həmin restoranda sonuncu ilə onu görüşdürmüşdür. O, Əli ilə söhbəti zamanı isə sonuncu girov müqabilində aylıq faizə pul verdiyini bildirmişdir. O, isə Əlidən 20.000,0 manat pul götürmək istədiyini bildirdikdə, sonuncu həmin pulu girov müqabilində aylıq təxminən 12 %, yəni aylıq 2500,0 manat faiz verməklə verə biləcəyini söyləmişdir. O, isə girov kimi özünə məxsus “Mitsubishi Outlander” markalı avtomobili girov qoya biləcəyini və həmin avtomobili DYPdə sonuncunun adına rəsmləşdirə biləcəyini bildirmişdir. Razılaşdıqdan sonra isə, ertəsi gün onlar Əli ilə Xırdalan şəhərində yerləşən DYP-nin İmtahan Qeydiyyat İdarəsinə gedmişdirlər və o, avtomobili Əlinin adına rəsmləşdirmiş və avtomobil pul ödənənə kimi Əlidə qalmalı olmuş və o, avtomobili sonuncuya vermişdir. Bundan sonra isə elə həmin gün Əli ona Masazır qəsəbəsində 20.000,0 manat pul vermişdir. O, may-iyun ayında Dəyanət adlı şəxsdən “əl krediti” ilə “Mercedes-Benz E320” modelli avtomobili kreditə götürmüş ilkin ödəniş olaraq 2500,0 manat ödəmişdir. Həmin pulu isə Əlidən götürdüyü 20.000,0 manatdan ayıraraq Dəyanətə ilkin ödəniş kimi vermiş və aylıq olaraq kredit kimi Dəyanətə 450,0 manat kredit ödənişi etmiş və hazırdada aylıq olaraq ödədiyini bildirmişdir. O cümlədən bildirmişdir ki, Dəyanətdən kreditə götürdüyü avtomobilin aylıq pulunuda o, terminallardan çıxararaq sonuncuya ödəmişdir. Əlidən pulu götürdüyündən sonra, 2 ayın tamamında, təxminən 2024-cü ilin may-iyun ayında yenidən əvvəlki qaydada Cəmiyyətin bankotmarlarından pul çıxarmaq qərarına gəlmişdir. Bundan sonra isə 2024-cü ilin təxminən may-iyun ayında o, Cəmiyyətə məxsus Metronun “Nərimanov” stansiyasında, “Azadlıq" stansiyasında və Xırdalan şəhərində fəaliyyət göstərən “Rahat” adlı marketdə yerləşən terminallarından ümumillikdə 22.500,0 manat pulu çıxarmış və həmin pulu Masazırda Əliyə ödəmişdir. Bundan sonra isə onlar Əli ilə DYP-nə gedərək girov kimi onu adına rəsmləşdirdiyi d.q.n **-VT-*** olan, "Mitsubishi Outlander” markalı avtomobili yenidən öz adına rəsmləşdirmişdir. Bundan sonra isə 2024-cü ilin təxminən iyul ayında o, həmin avtomobili 24.500,0 manata satmışdır. O cümlədən bildirmişdir ki, “Access Bank" ASC-dən götürdüyü kreditin aylıq ödənişi olan 535,0 manatıda o, təxminən aprel-may aylarından terminallardan məxaric edərək Banka ödəmişdir. Bundan başqa şəxsi ehiyacları üçün pul vəsaitləri lazım olduğundada o, Cəmiyyətə məxsus terminallara yaxınlaşaraq oradan həmin qaydada pul çıxararaq şəxsi ehiyaclarına sərf etmişdir. Təqsirləndirilən şəxs bundan başqa bildirmişdir ki, 19 sentyabr 2024-cü il tarixdə o, həmişəki qaydada Cəmiyyətə məxsus Metronun “Azadlıq” stansiyasında və Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 266 ünvanında fəaliyyət göstərən “Rahat” adlı marketdə yerləşən terminallardan təxminən 9000,0 manat pul vəsaitini ikassasiya edib Cəmiyyətin xəzinə ofisində baş xəzinədar olan Kamrana təhvil vermişdir. Sözü gedən pul vəsaitlərini isə o, həmin terminallardan çap edilmiş çeklə birgə Kamrana təhvil vermişdir. Həmin vaxt isə Kamran çeklər və mövcud sənədlər üzrə sayım apardığında ona bildirmişdir ki, sözü gedən 2 (iki) terminal üzrə çatışmazlıq vardır. Belə ki, həmin vaxt Kamran söyləmişdir ki, Metronun “Azadlıq” stansiyasında yerləşən terminal üzrə 11.704,0 manat və Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 266 ünvanında fəaliyyət göstərən “Rahat” adlı marketdə yerləşən terminal üzrə isə 9.350,0 manat, ümumillikdə isə hər iki terminal üzrə 21.054,0 manat əskikgəlmə vardır. O cümlədən həmin vaxt Kamran aşkar edilmiş əskikgəlmə barədə ondan soruşmuşdur. O, isə həmin terminallar üzrə yaranmış çatışmazlığın ona aid olduğunu, yəni tərəfindən çıxarılaraq şəxsi ehiyaclarına sərf edildiyini bilsədə bu barədə Kamrana bildirməmişdir. Söyləmişdir ki, “ola bilər ki, sistemdə nə isə səhv və ya yanışlıq vardır”, həmçinin Kamrana təklif etmişdir ki, həmin faktı sistem üzrə yoxlayıb araşdırsınlar. Buna baxmayaraq isə Kamran sözü gedən 2 (iki) terminalda aşkar edilmiş əskikgəlmə ilə bağlı akt tərtib edəcəyini bildirərək sonradan sonuncu tərəfindən terminallarda ümumillikdə 21.054,0 manat əskikgəlmənin olmasına dair 2 (iki) ədəd akt tərtib edilmiş və tərəflərindən imzalanmışdır. Bundan əlavə həmin gün, yəni 19 sentyabr 2024-cü il tarixdə Cəmiyyətdə menecer vəzifəsində işləyən Elçin adlı şəxsin doğum günü olduğundan və bununla bağlı məclis təşkil olunduğundan onlar məclisdə iştirak edəsi olmuşlar və Kamranla danışdıqları kimi kəsirə dair sistem üzərində yoxlama apara bilməmişdirlər. Ertəsi gün isə, yəni 20 sentyabr 2024-cü il tarixdə Kamranla birgə sistem üzərində həmin kəsirə dair araşdırma aparmışlar, lakin həmin kəsirə dair sistem üzərində hər-hansı səhvlik və ya problem aşkar olunmamış və 21.054,0 manat kəsir olduğu kimi qalmışdır. Bundan sonra isə o, Kamranda dahada inam yaratmaq üçün sonuncuya bildirmişdir ki, 23 sentyabr 2024-cü il tarixdə əraziyə çıxaraq terminallar üzrə yerində yoxlamalar aparsınlar. Lakin yerində yoxlamanın aparılacağı təqdirdə artıq ifşa olunacağını anlamışdır. O cümlədən artıq etdiyi əməllərdən bezdiyi və onsuzda ifşa olunacağını anladığı üçün bu barədə Kamrana, həmçinin Cəmiyyət rəhbərliyinə məlumat verməyi düşünmüşdür və bunu artıq özündə qərara almışdır. Buna baxmayaraq isə ona həmin vaxt təxminən 12.000.0 manat pul vəsaiti lazım olduğundan o, həmin məbləğdə pulu sonuncu dəfə terminallardan çıxarmaq qərarına gəlmişdir. Belə ki, onun bir neçə illərdir ki, dostu olan Əli adında tanışına 5000.0 manat borcu olmuşdur. Həmçinin digər xərcləri üçün ona 7000,0 manat pul vəsaiti lazım olmuşdur. Bu səbəbdən də o, sonuncu dəfə 12.000,0 manat pul vəsaitini terminallardan çıxarmaq qərarına gələrək 21 sentyabr 2024-cü il tarixdən - 22 sentyabr 2024-cü il tarixədək olan müddət ərzində terminallardan təxminən 12.000,0 manat pul vəsaiti çıxarmış və həmin puldan 5000,0 manat pulu borc olaraq Əli adında dostuna qaytarmış, digər 7000,0 manatı isə şəxsi ehtiyacları üçün sərf etmişdir. Terminallardan çıxardığı 12.000,0 manat pul vəsaitini isə o, həmin tarixlərdə Metronun “Azadlıq” stansiyasında yerləşən və Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 266 ünvanında fəaliyyət göstərən “Rahat” adlı marketdə yerləşən terminallardan çıxardığını qeyd etmişdir. 23 sentyabr 2024-cü il tarixdə, təxminən saat 11-12 radələrində o, Cəmiyyətin ofisinə gələrək xəzinə şöbəsində Kamrana yaxınlaşmış və sonuncu ilə birgə ofisdən çıxaraq ərazidə olan terminallar üzrə yoxlama aparmaq məqsədilə onun idarə etdiyi avtomobilə əyləşərək oradan birlikdə əraziyə çıxmışdırlar. Onlar Kamranla avtomobilə əyləşdikdən sonra isə o, ifşa olunacağını artıq anlamış və bu səbəbdən də etdiyi qanunsuz əməllər barədə sonuncuya məlumat vermək qərarına gəlmiş və elə həmin vaxt Kamrana bildirmişdir ki, 21 setyabr 2024-cü il tarixdə və 22 sentyabr 2024-cü il tarixdə Cəmiyyətə məxsus terminallardan pul vəsaiti çıxararaq şəxsi ehtiyaclarına sərf etmişdir, bunu isə maddi sıxıntılarının, borclarının olması səbəbindən etdiyini qeyd etmişdir. Kamran isə həmin vaxt onun dediklərinə inanmamış və zarafat etdiyini düşünmüşdür. O, isə bunun həqiqət olduğunu bildirmiş və sözü gedən tarixlərdə terminallardan ümumillikdə 12.000,0 manat pul çıxardığını və şəxsi ehtiyaclarına sərf etdiyini söyləmişdir. Kamran isə həmin vaxt ona qəzəblərənək nə səbəbdən bu cür qanunsuz əməllərə yol verdiyini soruşmuş, o cümlədən etdiyi hərəkətin cinayət olduğunu ona bildirmişdir. Bundan başqa həmin vaxt Kamran ondan əvvəllərdə bu cür yolla şəxsi ehiyacları üçün terminallardan pul vəsaiti çıxarıb-çıxarmamağını soruşnuşdur. O, isə artıq əməllərinin ifşa olunduğunu anlayaraq sonuncya həqiqətləri söyləmiş və təxminən son 4-5 ay ərzində, yəni 2024-cü ilin aprel-may ayından başlayaraq mütəmadi olaraq terminallardan həmin qaydada pul vəsaitlərini məxaric edərək şəxsi ehiyaclarına sərf etdiyini söyləmişdir. Bundan başqa bildirmişdir ki, o, həmin qaydada terminallardan çıxararaq şəxsi ehtiyaclarına sərf etdiyi pul vəsaitlərinin ümumi məbləğini artıq itirmiş və bunu dəqiq bilməmişdir. Bu səbəbdən də həmin vaxt Kamrana bildirmişdir ki, onun hesablamasına əsasən terminallardan çıxararaq şəxsi ehiyaclarına sərf etdiyi pul vəsaitlərinin ümumi məbləği təxminən 37.000,0 manat təşkil edir. Bundan başqa o, həmin vaxt etiraf etmişdir ki, 19 sentyabr 2024-cü il tarixdə Metronun “Azadlıq” stansiyasında və Xırdalan şəhəri, Heydər Əliyev prospekti 266 ünvanında fəaliyyət göstərən “Rahat” adlı marketdə yerləşən terminal üzrə aşkar edilərək həmin tarixli aktlarda qeyd edilmiş ümumillikdə 21.054,0 manat məbləğində əksikgəlməyə dair həmin məbləğdə pul vəsaitləri onun tərəfindən həmin terminallardan çıxarılaraq şəxsi ehiyaclarına sərf edilmişdir. Bundan başqa bildirmişdir ki, 19 sentyabr 2024-cü il tarixdə Metronun “Azadlıq” stansiyasında və Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 266 ünvanında fəaliyyət göstərən “Rahat” adlı marketdə yerləşən terminalları üzrə ümumillikdə 21.054,0 manat əskikgəlmə yaranaraq bununla bağlı akt tərtib edilərək tərəflərindən imzalandıqdan və daha sonra isə 21 setyabr 2024-cü il tarixdə və 22 sentyabr 2024-cü il tarixlərdə onun tərəfindən sözü gedən terminallardan yenidən 12.000,0 manat pul çıxarıldığından və olanlardan Kamranda məlumatlı olduğundan yaranmış əskikgəlməni tam hesablamaq məqsədilə sistem üzərində terminallar üzrə onun iştirakı ilə yoxlama aparılmışdır. Həmçinin Cəmiyyətdə olan sənədlər əsasında üzləşdirmələr keçirilmiş və bununlada Cəmiyyətə məxsus Metronun “Nərimanov” stansiyasında, "Azadlıq” stansiyasında və Xırdalan şəhərində yerləşən terminallarından ümumillikdə 53.752,0 manat çatışmazlığın olduğu aşkar edilmişdir. Bundan başqa bildirmişdir ki, o, terminallardan çıxararaq şəxsi ehiyaclarına sərf etdiyi 53.752,0 manat pul vəsaitini yalnız Metronun “Nərimanov” stansiyasında, “Azadlıq” stansiyasında və Xırdalan şəhərində yerləşən terminallarından çıxardığından həmin məbləğdə əskikgəlmə yalnız sözü gedən 3 (üç) terminal üzrə yaranmışdır. Bundan əlavə o, terminallardan çıxardığı ümumi pul vəsaitlərinin sayını dəqiq bilməsədə, yoxlama zamanı həmin məbləğin 53.752,0 manat olduğu təsdiqlənmişdir. Lakin həmin məbləğ külli olduğundan sözü gedən məbləğdə pul vəsaitini gələcəkdə Cəmiyyətə ödəyə bilməyəcəyini düşünüb Cəmiyyətə məxsus terminallardan ümumillikdə 37.000,0 manat pul vəsaiti məxaric etdiyini və aşkar olunmuş çatışmazlıq üzrə yerdə qalan 16.000,0 manatın ona aidiyyətinin olmadığını bildirmişdir. Bundan sonra isə o, 24 sentyabr 2024-cü il tarixdə Cəmiyyətin ofisində Oktay müəllimin xidməti otağına gedərək orada etdiyi qanunsuz əməlləri etiraf etmişdir. Lakin yoxlamalar zamanı aşkar edilmiş 53.752,0 manat çatışmazlığı yalnız 37.000,0 manatının ona aid olduğunu bildirərək, 16.000,0 manatın ona aid olmadığını qeyd etmişdir. O cümlədən 24 sentyabr 2024-cü il tarixdə etdiyi qanunsuz əməllər barədə Cəmiyyət rəhbərliyinə yazılı izahat verərək öhdəsində yaranmış çatışmazlığı yaxın müddət ərzində ödəyəcəyinə söz vermişdir. Cəmiyyətin Müşahidə Şurasının sədri olan Şahid4 tərəfindən Cəmiyyətə məxsus Bakı və Xırdalan şəhərində yerləşən terminalların tam boşaldılaraq yekun sayımının həyata keçirilməsi, yəni yekun yoxlamanın keçirilməsi barədə göstəriş verilmişdir. Bundan sonra isə xatırladığı qədərilə 24 sentyabr 2024-cü il tarixdə və 25 sentyabr 2025-cü il tarixlərdə Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi 66 ünvanında yerləşən Cəmiyyətin əsas ofis binasında, Metronun “Nərimanov”, “Azadlıq” stansiyasıyasında və Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 266 ünvanında fəaliyyət göstərən “Rahat” adlı marketdə yerləşən terminalların seyfində olan pullar çıxarılaraq sayımı həyata keçirilmiş, həmçinin sənədlər əsasında hesablamalar aparılmışdır. Yoxlamanın yekunu olaraq isə Metronun “Azadlıq” stansiyasıyasında yerləşən terminal üzrə 5.570,0 manat, “Nərimanov” stansiyasında yerləşən terminal üzrə 20.568,0 manat, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 266 ünvanında fəaliyyət göstərən “Rahat" adlı marketdə yerləşən terminal üzrə isə 6.560,0 manat, hər 3 terminal üzrə isə ümumillikdə 32.698,0 manat əskik gəlmə aşkar edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi 66 ünvanında, yəni Cəmiyyətin əsas ofis binasında yerləşən terminal üzrə isə çatışmazlıq aşkar edilməmişdir. Bundan başqa sözü gedən 3 terminal üzrə ümumillikdə 32.698,0 manat əskik gəlmənin aşkar olunmasına dair 25 sentyabr 2024-cü il tarixdə 3 ədəd fərqli fərqli aktlar tərtib olunmaqla tərəflərindən imzalandığını qeyd etmişdir. Həmçinin 19 sentyabr 2024-cü il tarixdə Metronun “Nərimanov” stansiyasında yerləşən terminal üzrə yoxlama aparılmadığından və həmin terminal üzrə sayım 24-25 sentyabr 2024-cü il tarixlərdə aparıldığından yekundə sözü gedən terminal üzrə 20.568,0 manat əskik gəlmənin aşkar edildiyini qeyd etmişdir. Bununlada keçirilmiş yoxlama zamanı Cəmiyyətə məxsus Metronun “Nərimanov”, “Azadlıq” stansiyasıyasında və Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 266 ünvanında fəaliyyət göstərən “Rahat” adlı marketdə yerləşən 3 (üç) ədəd terminal üzrə ümumillikdə 53752,0 manat (21.054,0 + 32.698,0) əskikgəlmənin olduğu aşkar olunduğunu bildirmişdir. Təqsirləndirilən şəxs bundan başqa bildirmişdir ki, 2024-cü ilin oktyabr ayının əvvəllərində Cəmiyyətə dəvət olunmuş sərbəst auditor Ə.Tarverdiyev tərəfindən onunla əlaqə saxlanılaraq həmin fakt üzrə fəaliyyətinin sonuncu tərəfindən audit yoxlaması aparıldığı bildirilərək ona yoxmalada iştirak etməsi söylənilmiş və o, həmin yoxlamada iştirak edərək, o cümlədən faktla bağlı auditə izahat vermişdir. Keçirilmiş audit yoxlamasının yekunu olaraq isə onun öhdəliyində ümumillikdə 53752,0 manat çatışmazlığın olduğu müəyyən edilmiş, həmçinin bununla bağlı müvafiq audit aktı verilməklə onun tərəfindəndə imzalanmışdır. Auditin yekununda isə, yəni 07 oktyabr 2024cü il tarixdə o, Cəmiyyətə murduğu 53752,0 manat məbləğində maddi ziyandan 36.400,0 manat Cəmiyyətə ödəniş etmişdir. O cümlədən o, ilkin yoxlama zamanı Cəmiyyət rəhbərliyinə izahat verən zaman yaranmış əskikgəlmənin 37.000,0 manatının ona aid olduğunu, lakin 16 000,0 manatının isə ona aid olmadığını bildirsədə, keçirilmiş audit yoxlaması zamanı auditora izahat verərək aşkar edilmiş 53.752,0 manat əskikgəlmənin ona aid olduğunu, yəni həmin məbləğdə pul vəsaitini o, terminallardan çıxararaq şəxsi ehiyaclarına sərf etdiyini qeyd etmişdir. Bundan başqa bildirmişdir ki, o, 01 aprel 2024-cü il tarixdən - 22 sentyabr 2024-cü il tarixədək olan müddət ərzində Cəmiyyətə məxsus Metronun “Nərimanov”, “Azadlıq” stansiyasıyasında və Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 266 ünvanında fəaliyyət göstərən “Rahat” adlı marketdə yerləşən terminallarından ümumillikdə 53752,0 manat pul vəsaiti çıxarıb həmin pul vəsaitlərini Cəmiyyətin xəzinəsinə təhvil verməyib qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirib şəxsi ehiyaclarına sərf edərək mənimsəmişdir. Bundan əlavə o, etdiyi əməlin qanunsuz və cinayət olduğunu anladığını və buna görədə Cəmiyyətin rəhbərliyi qarşısında xəcalət çəkdiyini, lakin mən həmin məbləğin 36.400,0 manatını 07 oktyabr 2024-cü il tarixdə Cəmiyyətə ödədiyini, bundan əlavə 15 noyabr 2024-cü il tarixdə ailə üzvləri tərəfindən Cəmiyyətə vurulmuş ziyanın əvəzi olaraq 5.094,74 manat pul vəsaiti Cəmiyyətə ödənildiyini, ümumillikdə tərəfindən vurulmuş ziyanın əvəzi olaraq Cəmiyyətə 41.494,74 manat pul vəsaiti ödənildiyini, qalan məbləğin isə yaxın zaman ərzində tam olaraq ödəyəcəyini qeyd etmişdir. Həmçinin onun Cəmiyyətə məxsus terminallardan ümumillikdə 53.752,0 manat pul vəsaiti çıxararaq xəzinəyə təhvil verməyib şəxsi ehiyaclarına sərf etməsi barədə Cəmiyyət rəhbərliyinin və ya Cəmiyyətin hər-hansı əməkdaşının məlumatı olmamışdır. (cild 03, iş vər. 112-124). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra ona verilən suallara cavab olaraq göstərmişdir ki, o, ifadəsində “mən səhv hesablamışam” cümləsini işlətməmişdir. O, baş xəzinədarla birlikdə ərazini sayıb gəldikdən və rəhbərliyə məlumat verdikdən sonra, rəhbərlik ona 2 günə pulu yerinə qoyması üçün vaxt vermişdir. O da pulu 2 günə qaytara bilməyəcəyini demiş və onlar işi prokurorluğa vermişlər. O, baş xəzinədarla ərazini sayıb gəldikdən sonra, audit ondan izahat almışdır. Audit izahat alana kimi o, Emil Mehdiyevlə görüşmüşdür. Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsilə tanış olmuşdur. Xeyli və ya külli miqdarın hansı məbləğdən sonra yarandığını isə, ittiham aktını oxuyandan sonra bilmişdir. 50000 manatdan yuxarı məbləğ külli miqdarda mənimsəmədir. 48 saat müddətində tutulanda nə ilə bağlı tutulduğunu bilirmiş. Buraxıldıqdan sonra, 53000 manatı tam ödəmişdir. Sonda cinayət işi araşdırılıb bitəndə o, prokurordan pulu ödədiyi halda, ona niyə 179.3.2-ci maddə ilə ittiham verildiyini və işə xitam verilmədiyini soruşmuşdur. Prokuror isə işin araşdırılıb qutardığını, işin Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndəriləcəyini demişdir. O, işə girdikdən sonra, bir neçə dəfə vəzifə dəyişmişdir. Sonuncu dəfə məcburiyyətdən inkassator vəzifəsinə düzəlmişdir. Əslində isə onların müəssisəsində inkassator vəzifəsi yox imiş. Onun vəzifə borcu terminalların təhlükəsizliyini təmin etmək, yaranmış problemləri aradan qaldırmaq və terminalları inkassasiya etmək imiş. O, Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişdir. Hər terminalda minimum 10000 manat kredit vermək üçün qoyulurmuş. Yığımda isə, 17000, 18000 və s. fərqli məbləğlər olurmuş. Əməlini dəqiq hansı tarixdə etiraf etdiyi yadında deyil. O, Kamranla danışmamışdan əvvəl bir dəfə sayım aparmış və əskiklik olmuşdur. O, Kamrana deyənə qədər heç kim terminallarda əskiklik olduğunu bilmirmiş. Kamran ondan əvvəl sayım aparmamış, onunla birlikdə sayım aparmışdır. O, saymış və 21000 manat əskik olduğunu Kamrana bildirmiş və həmin pulu yerinə qoyacağını bildirmişdir. Onun Kamranla münasibətləri yaxşı olmuşdur. Məhkəmə istintaqı zamanı verdiyi ifadəni təsdiq edir. İbtidai istintaq zamanı ona qarşı fiziki təsir göstərilməmişdir. Məhkəmə istintaqı zamanı Bank olmayan Kredit Təşkilatı “AZPUL’’ Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X12 ifadəsində göstərmişdir ki, hazırda hüquqi şəxs olaraq Təqsirləndirilən şəxsla barışmışlar, ona qarşı heç bir tələb və şikayətləri yoxdur. Maddi zərər təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmişdir. Məhkəmədən təqsirləndirilən şəxsə ən yüngül cəzanın verilməsini xahiş edirlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 19 sentyabr 2024-cü il tarixdə, nahardan sonra o, Rüfətə tapşırmışdır ki, iki terminalı inkassasiya etsin. Həmin terminallardan biri Xırdalan şəhəri, Heydər Əliyev prospektində, digəri isə Metronun “Azadlıq” stansiyasında yerləşir. Rüfət həmin terminalları inkassasiya edib qayıtdıqdan sonra o, həmin pulları qəbul edən zaman hər bir terminalda pulun əskik gəldiyini müəyyən etmişdir. Çekdə olan göstəricilərlə faktiki vəsait arasında fərqlər meydana gelmişdir. Ümumi fərq məbləği 21504 manat olmuşdur. İş günü sonlanan zaman o, Rüfətdən fəqlərin yaranma səbəbini soruşmuş, Rüfət də ola bilsin ki, sistemdə problem yarandığını bildirmişdir. Onlar hər bir terminal üçün akt tərtib etmiş və iş yoldaşlarının doğum günü olduğu üçün araşdırmanı növbəti günə saxlamışlar. Növbəti gün Rüfət araşdırma aparmış və sistemdə səhv tapmamışdır. Axşama kimi araşdırma davam etmiş, o, birinci gün gedib terminalı yerində yoxlamalı olduqlarını bildirmişdir. Ayın 23-ü, saat 11- 12 radələrində o, Rüfətlə birlikdə ofisdən çıxmışdır ki, gedib terminalı yoxlasınlar. Ofisdən çıxan zaman Rüfət terminallardan pul götürdüyünü etiraf etmişdir. Onların metronun “Nerimanov” stansiyasında da terminalı mövcuddur və həmin terminal yoxlanılan zaman da əskiklik aşkar olunmuşdur. Onlar yolda gedən zaman Rüfət ona təcili pul lazım olduğu üçün şənbə və bazar günü, yəni ayın 21-22-i Xırdalan şəhəri, Heydər Əliyev prospektində və Metronun “Azadlıq” stansiyasında yerləşən terminallardan pul götürdüyünü etiraf etmişdir. Daha sonra onlar 3 terminalı yerində saymış və ümumi 53752 manat məbləğdə kəsir aşkar olunmuşdur. Növbəti günü işə gələn zaman o, maliyyə direktoru Zamin müəllimə yaxınlaşmış və terminallarda ümumi 53752 manat məbləğdə kəsir olduğunu bildirmişdir. Rüfət də Zamin müəllimə yaxınlaşmış və pul götürdüyünü etiraf etmişdir. Həmçinin, Rüfət 37000 manatdan xəbərdar olduğunu 16000 manatdan xəbəri olmadığını bildrimişdir. Terminallar yoxlanılan zaman Rüfət 53752 manat kəsir olduğunu özü etiraf etmişdir. O, həmin gün Müşahidə Şurasının sədri Oktay müəllimə baş verənlər barədə məlumat vermişdir. Oktay müəllim nöbvəti 3 gün ərzində bütün terminalların boşaldılması tapşırığını vermişdir. Onlar terminalları boşaltmış, akt tərtib etmiş və 53752 manat kəsir olduğunu müəyyən etmişlər. Həmin aktlarda onun, Rüfətin, maliyyə direktorunun və mühasibin imzaları var. Həmin aktları onlar istintaq orqanına təqdim etmişlər. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Rüfət məzuniyyətdə olan zaman onu əvəz edən olmamışdır. İnkassasiya edə bilən şəxs olmadığı üçün Rüfəti heç kim əvəz etməmişdi. Həmçinin, ikassasiya üçün kod yalnız Rüfətdə olmuşdur. Onların şirkətinin təsisçisi Qazaxıstan vətəndaşıdır. Onların baş ofisi Qazaxıstanda yerləşir və onlara texniki xidmət göstərir. Həmin kodu onlara Qazaxıstandakı ofis təqdim etməli imiş. Kassanın açarları da Rüfətdə olmuşdur. Rüfət məzuniyyətə çıxan zaman pullar terminalda yığışırmış. Rüfət xidmətdə olduğu müddətdə iki dəfə, iki günlük və beş günlük məzuniyyətə çıxmışdır. Rüfət 4-5 il inkassator vəzifəsində işləmişdir. Rüfətə şirkətdəki hər kəs etibar edirmiş. Rüfət həmin pulları hara xərclədiyini söyləməmişdir. Rüfət ona 23 sentyabr 2024-cü il tarixdə pulları götürdüyünü etiraf etmişdir. O, pullar kəsir olduğunu çekə əsasən müəyyən etmiş, daha sonra Rüfət etiraf etmişdir. Rüfət terminaldan götürdüyü dəqiq məbləği söyləməmiş, daha sonra 37000 manatdan xəbərdar olduğunu bildirmişdir. Həmin gün Rüfətin izahatı da alınmış və izahatında da 37000 manat qeyd etmişdir. Kassa açarla açılır və həmin açar sadəcə Rüfətdə olurmuş. Açar olmasa kodu bilməyin heç bir əhəmiyyəti yoxdur. Onun bildiyinə əsasən 1 terminalın 1 ədəd açarı var imiş. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Terminalın kassası açılan zaman baş ofisə məlumat ötürülmür. Əvvəlki dövrələrdə Təqsirləndirilən şəxsla işləyən zaman hər hansı kəsir aşkar olunmamışdır. Rüfət 4-5 aydır ki, terminaldan pul götürməyə başladığını bildirmişdir. Həmin vaxtlar da Rüfətlə o, hesabat aparmışdır. Rüfət ayın 19-u bir terminaldan pul götürsə onu müəyyən etmək mümkün olmayacaqmış. Göstərişə əsasən onlar gün ərzində bir terminalı inkassasiya edə bilərmiş. İnkassasiyanın vaxtını onun özü təyin edirmiş. 5 terminalın hamısına o, nəzarət etsə idi çatışmazlıqları əvvəldən təyin edə bilərmiş. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxsla Şahid1 baş vermiş hadisə barədə ona məlumat vermişdir. Onlar ofisin binasından kənarlaşmış və Rüfət bir səhvə yol verdiyini etiraf etmişdir. O, Rüfətə acıqlanmışdır. Onların Rüfətə olan etimadları böyük imiş. O, tövsiyyə etmişdir ki, Rüfət və Kamran Müşahidə Şurasının sədri Oktay bəyə hadisə barədə məlumat versinlər. O, Oktay bəyə məlumat verməkdən çəkinmiş və düşünmüşdür ki, Rüfətin özünün etiraf etməsi daha yaxşı olar. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, çatışmayan pulun miqdarı təxminən 50000 manatdır və Rüfət həmin pulun 37000 manatını boynuna almışdır. O, 2023-cü ilin iyul ayından "xxxx" MMC-də işləyir. Həm maliyyə, həm də xəzinədarlıq şöbəsi ona tabedir. Terminallara Təqsirləndirilən şəxs başqa heç kim fiziki müdaxilə edə bilmirmiş. Hadisədən 1-2 gün sonra Rüfət hər şeyi etiraf etmişdir. Birinci Kamran ona yaxınlaşmış və onunla bir məsələ barədə danışmaq istədiyini bildrimişdir. Daha sonra Rüfət hər şeyi etiraf etmişdir. Əvvəlcə o, Rüfətin söylədiklərinə inanmamış və onun zarafat etdiyini düşünmüş, Rüfət ciddi olduğunu söylədikdən sonra ona acıqlanmışdır. Rüfət 37000 manatı boynuna almış, 16000 manatdan xəbərsiz olduğunu bildirmişdir. Müşahidə Şurasının sədri həmin məsələ ilə bağlı hər hansı tədbir görməmiş və istintaq orqanına məlumat vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Terminalların yoxlanılmasına Kamran bəy nəzarət edir və ona hesabatlar verirmiş. Kamran bəyin Tural müəllimlə qurduğu plan əsasında terminalların yoxlanılması ardıcıllığı və vaxtı müəyyən edilirmiş. O, işləməyə başladıqdan sonra terminalların yoxlanılması qaydasında heç bir dəyişiklik etməmişdir. Gün ərzində 5 terminalın hamısı inkassasiya olunsa idi kəsir daha əvvəldən müəyyən oluna bilərdi. Onların gün ərzində bütün terminalları inkassasiya etmək imkanları olmamışdır. O, rəhbərliyə şifahi qaydada məruzə etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, hadisə 2024-cü il sentyabr ayında baş vermişdir. Baş xəzinədar məruzə edərək Rüfətin onun yanına gələrək törətdiyi hadisəni etiraf etmək istədiyini bildirmişdir. O, Rüfəti qəbul etməmiş və baş xəzinədara məsələni həll etməsi göstərişini vermişdir. Bir həftə keçdikdən sonra heç nə həll olunmamış və belə olan halda audit dəvət etmişdir. Audit yoxlaması nəticəsində 53700 manat kəsir aşkar olunmuşdur. Daha sonra o, hüquq mühafizə orqanına müraciət edərək hadisə barədə məlumat vermişdir. O, audit yoxlamasından sonra Rüfətin özünü dəvət etmiş və onunla danışmışdır. Rüfət hadisəni tək törətmədiyini, 53700 manatın hamısını özünün götürmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Təqsirləndirilən şəxs başqa şəxslərin terminallara müdaxilə etməsi halı olmamışdır. Terminallara giriş üçün Rüfət özü şifrə qoymuş və həmin şifrə sadəcə Rüfətə məlum olmuşdur. O, təsisçi və Müşahidə Şurasının sədri olduğu üçün cari idarəçiliklə məşğul deyil. Onun vəzifə səlahiyyətlərinə Ümumi Yığıncağı təşkil etmək, Ümumi Yığıncaqda iştirak etmək, hesabat almaq, qurumlara aid məruzələri dinləmək, ümumi nəzarəti həyata keçirmək və s. aiddir. Səhv etmirsə, hadisə sentyabr ayında baş vermişdir. Xəzinədar hadisənin sentyabr ayında baş verdiyini məruzə etmişdir. Rüfət özü Kamran bəyə hadisəni törətməsi barədə məlumat vermişdir. Rüfət əvvəlcə 53700 manatın hamısını götürdüyünü etiraf etmiş, audit yoxlamasından sonra 37000 manatı götürdüyünü bildirmişdir. Onda olan məlumatlara əsasən hər terminalın bir açarı olub. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs o, 2024-cü ilin təxminən aprel-may aylarında tanımışdır. Belə ki, onun gedib-gəldiyi, Masazır qəsəbəsində fəaliyyət göstərən “Göyəzən” adlı restoranda ofisiant işləyən Vüqar adlı şəxs ona müraciət edərək, sonuncunun Rüfət adlı tanışına təxminən 20.000,0 manat pul vəsaiti lazım olduğunu bildirmişdir. Həmçinin Vüqarı həmin vaxt pul vəsaiti lazım olduğu Rüfət adlı şəxsə borca pul verəcəyi təqdirdə aylıq olaraq ona 2000,0-2500,0 manat hörmətdə edəcəyini bildirmişdir. O isə Vüqarın xahişindən sonra həmin Rüfət adlı şəxsə görüşüb sonuncuyla söhbət etmişdir Söhbət əsnasında isə Rüfət işlədiyi (adını xatırlamadığı) şirkətdə öhdəliyində çatışmazlığın olduğunu, yəni şirkətə verəcəyinin olduğunu, o cümlədən əlimyandıda özünə məxsus avtomobili satmaq istəmədiyini bildirərək ona 20.000,0 manat pul vəsaiti lazım olduğunu söyləmişdir. O cümlədən Rüfət, ona 20.000,0 manat pul vəsaitinin verəcəyi təqdirdə, həmin vaxt özünün istəfadəsində olan “Mitsubishi Outlander” markalı avtomobili, girov kimi pulu qaytaranadək onun adına rəsmləşdirəcəyini, həmçinin hər ay ona xatırladığı qədərilə 2200,0 manat hörmət edəcəyini bildirmişdir. Bununla bağlı isə Vüqar ondan xahiş etdiyindən o, Rüfətlə razılaşmışdır. Bundan sonra isə onlar Rüfətlə birlikdə DİN-nin, DYP-nin Xırdalan şəhərində yerləşən İmtahan Qeydiyyat idarəsinə gedərək sonuncu özünə məxsus qeyd etdiyi “Mitsubishi Outlander” markalı avtomobili onun adına rəsmləşdirmiş və elə həmin gün o, 20.000,0 manat pul vəsaiti Masazır qəsəbəsində Rüfətə vermişdir. Qeyd etmişdir ki, bundan sonra isə Rüfət söz verdiyi kimi birinci ayın sonunda ona xatırladığı qədərilə 2200,0 manat pul vəsaiti vermişdir. Belə ki, ilkin danışığıqlarında ona pul verəcəyi təqdirdə Rüfət, ona hər ay hörmət olaraq həmin məbləğdə pul vəsaiti verəcəyini söyləmişdir. İkinci ayın sonunda isə, xatırladığı qədərilə təxminən may-iyun ayında Rüfət onunla danışığı zamanı pulu artıq geri qaytarmaq istədiyini bildirərək avtomobili geriyə, yəni öz adına rəsmləşdirməyi söyləmişdir. Bundan sonra isə Rüfət ona verdiyi 20000,0 manatı, həmçinin hörmət əlaməti olaraq ona söz verdiyi 2200,0 manatı verməklə ümumillikdə ona xatırladığı qədərilə 22.500,0 manat pul vəsaiti vermiş və onlar birlikdə yenidən DYP-nin sözü gedən idarəsinə gedərək avtomobili yenidən Rüfətin adına rəsmləşdirmişdirlər. Bundan başqa bildirmişdir ki, Təqsirləndirilən şəxs məxsus “Mitsubishi Outlander” markalı avtomobili onlar ilk dəfə DYP-nin idarəsində onun adına, həmçinin sonradan yenidən Rüfət adına rəsmləşdirdikləri zaman bütün zəruri dövlət rüsumları Rüfətin ödənilmişdir. Bundan sonra isə onun Rüfətlə ünsiyyətim olmamışdır. Lakin o, Rüfəti ara-sıra Masazır qəsəbəsində fəaliyyət göstərən “Göyəzən” adlı restoranda görmüşdür. Şahid3 daha sonra bildirmişdir ki, o, Rüfətə həmin pulu faizə verməmişdir. Qeyd etdiyi kimi, həmin vaxt Vüqar ondan bununla bağlı xahiş etmişdir. O cümlədən Rüfətlə söhbəti zamanı sonuncu, pul lazım olduğunu bildirərək özünə məxsus avtomobili əlimyandıda satmaq istəmədiyini söyləmiş, ondan köməklik etməyini, yəni 20.000,0 manat verməyini xahiş etmişdir. Bundan əlavə ona hörmət əlaməti olaraq hər ay üçün 2200,0 manat verəcəyini bildirmişdir. Qeyd etmişdir ki, Rüfət hər iki ay üçün ona ayrı-ayrılıqda hörmək əlaməti olaraq 2200.0 manat pul vəsaiti vermiş, o cümlədən ikinci ayın sonunda ondan aldığı ümumillikdə 20.000,0 manat pulu qaytarmışdır. Lakin o, həmin pul vəsaitini Rüfətə aylıq faizlə deyil, kömək məqsədilə vermişdir. Sadəcə olaraq Rüfət ona hörmət əlaməti olaraq ayın sonu 2200,0 manat verdiyini qeyd etmişdir. Bildirmişdir ki, 2024-cü ilin təxminən aprel-may aylarında Rüfət ondan 20.000,0 manat pul vəsaiti istəyən zaman sonuncu ona, işlədiyi şirkətdə öhdəliyində çatışmazlığın, yəni şirkətə borcunun olduğunu bildirmişdir. Qısa sözlə desə işdə nəisə problemin olduğunu söyləmişdir. Lakin onun Rüfətin hansı şirkətdə, hansı vəzifədə işləməsindən məlumatı olmamışdır. O cümlədən Rüfətdən bu barədə soruşmamışdır. Bundan başqa o, Rüfətin işdə hansı probleminin olması ilə bağlı həmin vaxt sonuncudan maraq etməmişdir. Belə ki, Rüfət, özüdə bu barədə ona geniş məlumat verməmişdir (cild 03, iş vər. 20-24). Cinayət işinin materiallarında olan “Ərizə”dən görünür ki, "xxxx" MMC-nin Müşahidə Şurasının sədri Şahid4 yazılı ərizə ilə Nərimonov rayon prokurorluğuna müraciət edərək Cəmiyyətdə xəzinədar-inkassator vəzifəsində işləyən Təqsirləndirilən şəxs Cəmiyyətə məxsus olan 53752 (əlii üç min yeddi yüz əlli iki) manat məbləğində pul vəsaitini ələ keçirməsi barədə məlumat vermiş və Cəmiyyətdə xəzinədar-inkassator vəzifəsində işləyən Təqsirləndirilən şəxs hərəkətlərinə hüquqi qiymətin verilərək Cəmiyyətə dəyən maddi ziyanın ödənilməsi üçün qanuna müvafiq tədbirlər görulməsi ilə bağlı müvafiq göstəriş verilməsini xahiş etmişdir (cild 01, iş vər. 24). Cinayət işinin materiallarında olan müqavilələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 05 iyul 2021-ci il tarixdə Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə “sistem üzrə məsləhətçi” vəzifəsinə işə qəbul edilmiş, daha sonra isə 03 iyul 2023-cü il tarixdə “terminallara texniki dəstək üzrə baş mütəxəssis" vəzifəsinə keçirilmişdir (cild 01, iş vər. 27-44). Cinayət işinin materiallarında olan “Tam maddi məsuliyyət haqqında müqavilə”dən görünür ki, Bank Olmayan Kredit Təşkilatı Azpul MMC adından İdarə Heyətinin X6 və Təqsirləndirilən şəxs Təhmız oğlu arasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və mövcud qanunvericiliyə müvafiq olaraq tam maddi məsluliyyət haqqında müqavilə imzalanmışdır. Təqsirləndirilən şəxs "xxxx" MMC-də Sistem üzrə məsləhətçi vəzifəsində işləyərkən bu müqavilə bağlandığı gündən əmək münasibətləri prosesində “Əmək müqaviləsi” və Azərbaycan Respublikasının mövcud qanunvericiliyi üzrə öhdəlikləri yerinə yetirərkən ona etibar edilmiş maddi sərvətləri, pul vəsaitlərini, mal-materialları, maşın-mexanizmlər və avadanlıqları və digər maddi qiymətiləri gələcəkdə qoruyub saxlamaq məqsədi ilə müqavilə bağlamışdır (cild 01, iş vər. 36-38). Cinayət işinin materiallarında olan Cəmiyyət rəhbərliyinin 01 aprel 2024-cü il tarixli, V.D-16 №-li əmrindən və 01 aprel 2024-cü il tarixli əmək müqavilsəinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cəmiyyətdə xəzinədar-inkassator vəzifəsinə təyin edilmiş, eyni zamanda sözü gedən tarixdə xəzinədar-inkassatorun vəzifə təlimatı tərtib edilməklə imzalanmışdır (cild 01, iş vər. 45-46, 49). Cinayət işinin materiallarında olan vəzifə təlimatından görünür ki, Təqsirləndirilən şəxs Bank Olmayan Kredit Təşkilatı “AZPUL" Məhdud Məsuliyyətli Cəmiyyətində xəzinədar-inkassator vəzifəsində işlədiyi müddətdə müəyyən edilmiş vəzifə funksiyalarına əsasən, qəbul etdiyi nağd pul və digər qiymətlilərin təyinatı üzrə təhlükəsiz daşınmasını və terminalların inkassasiyasını həyata keçirmək, nağd pulun təhvil-təslimi zamanı inkassasiya prosesini müşayiət edən sənədləşmənin düzgünlüyünü yoxlamaq, terminal şəbəkəsinə texniki xidmət göstərən mütəxəssislər tərəfindən terminallara texniki xidmətin göstərilməsi zamanı buna nəzarət etmək, fövqəladə hadisə baş verdikdə təcili olaraq qiymətlilərin təhlükəsizliyi üçün şəraitə uyğun lazımi tədbirləri görmək, fəaliyyətinə dair Cəmiyyət daxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra etmək, nağd pul və digər qiymətlilərin daşınması vaxtı işlə əlaqədar bütün tələbləri yerinə yetirmək, sərvətlərin qorunması üçün tədbirlər həyata keçirmək, vəzifəsinin icrası ilə bağlı bütün məlumatların məxfiliyini təmin etmək, təşkilat sirrini qorunmaq, əməliyyət gününün sonunda, gün ərzində aparılan mədaxil- məxaric əməliyyatlarının hesabatını aparmaq və sair səlahiyyətlərə malik olmuşdur (cild 01, iş vər. 51). Cinayət işinin materiallarında olan 01 oktyabr 2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə Bank olmayan kredit təşkilatı “AZPUL" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Bakı şəhəri və Abşeron rayonunda yerləşərək fəaliyyət göstərən terminallara baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs terminalların fəaliyyəti və şəxsi ehtiyaclarına sərf etmək məqsədilə pul vəsaitlərinin terminallardan hansı qaydada çıxarmasının mexanizmi barədə məlumat vermişdir. Müvafiq fotoşəkillər çəkilərək protokola əlaqə edilmişdir (cild 01, iş vər. 67-86). Cinayət işinin materiallarında olan iş üzrə keçirilmiş audit yoxlamasının yekunu olaraq verilmiş 07 oktyabr 2024-cü il tarixli auditor hesabatından görünür ki, Təqsirləndirilən şəxs öhdəliyində 53.752,0 (əlli üç min yeddi yüz əlli iki) manat məbləğində əskikgəlmə olmuşdur (cild 01, iş vər. 93-99). Cinayət işinin materiallarında olan BOKT "xxxx" MMC-nin “AZADLİQ” terminalından aşkar edilmiş kənarlaşma (əskik) pullar haqqında aktlardan görünür ki, 19 sentyabr 2024cü il tarixdə Cəmiyyətə məxsus Bakı Metropoliteninin “Azadlıq prospekti” stansiyasında yerləşən terminalda 11.704,0 manat, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 266 ünvanında fəaliyyət göstərən “Rahat market” adlı ticarət müəssisəsində yerləşən terminalda isə 9350,0 manat pul vəsaitinin çalışmazlığı aşkar edilmiş və bununla bağlı hər iki terminala dair həmin tarixdə aktlar tərtib olunaraq imzalanmış, lakin həmin tarixdə Cəmiyyətə məxsus Bakı Metropoliteninin “Nəriman Nərimanov" stansiyasında yerləşən terminalı üzrə yoxlama aparılmamış, daha sonra isə Təqsirləndirilən şəxs yenidən 21 sentyabr 2024-cü il tarixdən - 22 sentyabr 2024-cü il tarixədək olan müddət ərzində Bakı Metropoliteninin “Azadlıq prospekti” stansiyasında yerləşən terminaldan 5570,0 manat, sonuncu dəfə isə 22 sentyabr 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 266 ünvanında fəaliyyət göstərən “Rahat market” adlı ticarət müəssisəsində yerləşən terminaldan 6560,0 manat nağd pul vəsaiti çıxararmış və şəxsi ehiyaclarına sərf etmiş və 25 sentyabr 2024-cü il tarixdə Cəmiyyət rəhbərliyinin göstərişinə əsasən Cəmiyyətə məxsus Bakı Metropoliteninin “Azadlıq prospekti” və “Nəriman Nərimanov” stansiyasında və Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 266 ünvanında fəaliyyət göstərən “Rahat market” adlı ticarət müəssisəsində yerləşən terminalı üzrə yenidən sayım aparılaraq və Cəmiyyətə məxsus Bakı Metropoliteninin “Nəriman Nərimanov" stansiyasında yerləşən terminalda 20.568,0 manat, “Azadlıq prospekti” stansiyasında yerləşən terminalda yenidən 5570,0 manat, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 266 ünvanında fəaliyyət göstərən “Rahat market" adlı ticarət müəssisəsində yerləşən terminalda isə yenidən 6560,0 manat pul vəsaitinin çalışmazlığı aşkar edilmişdir (cild 01, iş vər. 107-111). Cinayət işinin materiallarında olan “Respublika Narkoloji Mərkəzi”nin xx.xx.2024-cü il tarixli 11450 nömrəli məktubundan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə narkoloji qeydiyyatda yoxdur (cild 02, iş vər. 255). Cinayət işinin materiallarında olan “Respublika Psixiatriya Xəstəxanası”publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 12414 nömrəli məktubundan görünür ki, xx.xx.1989cu il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 02, iş vər. 256). Cinayət işinin materiallarında olan “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 X9 Xəstəxanası”nın xx.xx.2024-cü il tarixli 115906 nömrəli məktubundan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X4 müraciət etməmişdir (cild 03, iş vər. 68). Cinayət işinin materiallarında olan “Əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2024-cü il tarixli “Əmr”dən görünür ki, BOKT "xxxx" MMC-də “Xəzinədar-inkassator” vəzifəsini tutan Təqsirləndirilən şəxs ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir (cild 03, iş vər. 69-70). Cinayət işinin materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 16 oktyabr 2024-cü il tarixli 3019 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Həmin rəylə təstiq olunmuşdur ki, Təqsirləndirilən şəxs hərəkətləri CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Qeyd olunanlardan əlavə, həmin rəylə təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə cinayət işi üzrə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. O cümlədən, rəylə təstiq olunur ki, Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Emosionallıq, ola biləcək nəticələri proqnozlaşdırmadan davranmaq, məsuliyyətsizlik kimi fərdi-psixoloji xüussiyyətlərə malikdir. Psixi-emosional durumu norma səviyyəsindədir. Rəydə göstərilənlər isə bir daha subut edir ki, Təqsirləndirilən şəxs ona etibar olunmuş Bank olmayan kredit təşkilatı "AZPUL” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus özgə əmlakını, yəni həmin Cəmiyyətə məxsus terminallardan ümumillikdə 53.752,0 manat təşkil edən pul vəsaitini çıxarıb həmin pul vəsaitlərini vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edib mənimsəməklə talayarkən, eyni zamanda taladığı pul vəsaitini öz şəxsi ehtiyaclarına sərf edərkən, eləcə də, bu əməlləri ilə əlaqədar hadisə zamanı etdiyi hərəkətlərin qanunsuz olduğunu tam dərk etməklə, özgənin külli miqdarda əmlakın qanunsuz və əvəzsiz olaraq özününküləşdirməyə dair planlaşdırdığı niyyətini həyata keçirməsində öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk edib, onları idarə etmək iqtidarında olmuşdur (cild 03, iş vər. 132-135). Məhkəmə istintaqı zamanı təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məlumatından görününür ki, Təqsirləndirilən şəxs tərəfindən Cəmiyyətə vurulmuş 53,752 manat məvləğində maddi ziyan tam ödənilmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. CM-in 179.1-ci maddəsinə əsasən mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama cinayət əməli sayılır və həmin əmələ görə şəxs min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 179.2.3-cü maddəsi ilə o zaman cinayət məsuliyyəti yaranır ki, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törətmiş olsun. Həmçinin, Məcəllənin 179.3.2-ci maddəsi ilə o zaman cinayət məsuliyyəti yaranır ki, şəxs sözügedən talama cinayətini külli miqdarda ziyan vurmaqla törətmiş olur. CM-in 177-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, dələduzluq cinayəti özgə əmlakını mənimsəmə və ya israf etmə cinayətindən (CM-nin 179-cu maddəsi) əmlakın təqsirkarın sərəncamına keçməsi üsulu ilə və həmin əmlakın ələ keçirilməsi anı ilə fərqlənir. Dələduzluğun törədilməsi zamanı təqsirkarın bütün hərəkətləri onun həmin əmlakın ələ keçirilməsinə yönəlmiş niyyətinin həyata keçirilməsində ifadə olunursa, mənimsəmə və ya israf etmə zamanı əmlak təqsirkara etibar olunur və yalnız bundan sonra təqsirkarda əmlakın ələ keçirilməsi və ya israf edilməsi niyyəti yaranır, bu niyyətinə nail olmaq üçün də o, müvafiq hərəkətləri edir. Mənimsəmə və ya israf etmə cinayətinin törədilməsi zamanı da aldatma və ya etibardan sui-istifadə etmə bu cinayətin üsulları kimi çıxş edə bilər (məsələn, ərzaq məhsullarının ticarət obyektlərinə paylanması vəzifəsini yerinə yetirən ekspeditorun həmin məhsulların xarab olması (oğurlanması, naməlum şəraitdə itməsi) barədə istehsal müəssisəsinin rəhbərinə bilə-bilə yalan məlumat verərək bundan sonra ona etibar olunmuş əmlaka istədiyi kimi sərəncam verməsi). Həmin qərarın 31-ci bəndində həmçinin göstərilmişdir ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Məhkəmə kollegiyası məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanmaqla ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaqı zamanı özünün verdiyi etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, audit rəyi, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl düzgün olaraq ibtidai istintaq orqanı tərəfindən CM-in 179.3.2-ci maddəsi ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxsin özünün məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsinə gəldikdə, məhkəmə həmin ifadələri həqiqəti və işin obyektiv hallarını əks etdirən ifadə kimi qəbul etmir, əksinə həmin ifadələri müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, şəxs bu formada ifadə verməklə cinayət qanunvericiliyinin daha ağır cəza nəzərdə tutan maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmaqdan yaxa qurtarmağa çalışmışdır. Belə ki, iş materiallarında yer alan sübutlar (şahid ifadələri, audit rəyi və s.) onun söylədiklərini tamamilə təkzib edir. Odur ki, məhkəmə onun ifadələrinə tənqidi yanaşır və həmin ifadələrin qabaqcadan seçilmiş müdafiə taktikası olduğu qənaətinə gələrək onlarla razılaşmır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş xasiyyətnamə, şəxsiyyət vəqisələri və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır və həmin mənzildə yaşayır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs himayənsində xx.xx.2014-cü il təvəllüdlü (X15), xx.xx.2016-cı il təvəllüdlü (X18) və xx.xx.2021-ci il təvəllüdlü (X16) adlı üç azyaşlı uşağı var. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 02, iş vər. 236). Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs hiayəsində üç azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə, zərərçəkmiş hüquqi şəxslə barışıq əldə etməklə zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını CM-in 59.1.12-ci maddəsinə, vurulmuş ziyanı tam ödəməsini isə CM-nin 59.1.13-cü maddəsinə və yaşayış yeri üzrə müsbət səciyyələnməsini, ilk dəfə cinayət məsuliyətinə cəlb olunmasını isə CM-in 59.2-ci maddəsinə əsasən əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, CM-nin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. CM-nin 46.2-ci maddəsinə əsasən isə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Odur ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini Bank Olmayan Kredit Təşkilatı "AZPUL” Məhdud Məsuliyyətli Cəmiyyətinin xəzinədar-inkassatoru vəzifəsində işləyərkən törətdiyindən, ona təqsirli bilindiyi CM-in 179.3.2-ci maddəsində nəzərdə tutulmadığı halda CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə cinayət qanunvericiliyinin Ümumi hissəsində nəzərdə tutulmuş həddə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə növündə, daha dəqiq dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilmə növündə əlavə cəza da təyin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası törədilən cinayətlərin ağırlığını və ictimai təhlükəliliyini nəzərə alıb Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə əsas cəza, o cümlədən müəyyən vəfizə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin olunmasını, həmin əsas cəzalar toplanılmaqla, əlavə cəza ilə əsas cəzaya birləşdirilməklə qəti cəzanın təyin edilməsini, lakin onun cəzasını yüngülləşdirən kifayət qədər halların mövcudluğunu, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cinayət nəticəsində dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş hüquqi şəxslə barışıq əldə etməsini, himayəsində üç azyaşlı uşaqlarının olmasını, yaşayış yeri üzrə müsbət səciyyələnməsini, həmçinin CM-in 60-cı maddəsinin tələblərini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin və onun həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında qeyd edilən tövsiyyələrini nəzərə alaraq Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə əsas cəzanı çəkmədən islah olunmasını mümkün sayaraq, barəsində təyin olunan azadlıqdan mərhum etmə növündə əsas cəzaya münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə, ona təyin olunan əsas cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, Cinayət Məcəlləsinin 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm – cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Qeyd olunanlara əsasən, belə nəticə hasil olur ki, bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. «Məhkəmələr tərəfindən cinаyət cəzаlаrının təyin edilməsi təcrübəsi hаqqındа» Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tаrixli 04 nömrəli qərаrının 2-ci bəndində isə göstərilir ki, cəzаlаrın tətbiqi məsələsi müzаkirə edilərkən cəzаnın növü və miqdаrının seçilməsinin mühüm əhəmiyyəti vаrdır. Cəzа birinci növbədə təqsirləndirilən şəxsin islаh olunmаsınа xidmət etməlidir. Qeyd olunan maddi hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət etməlidir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə, cəmiyyətə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci madəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən isə məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 73-74). Cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçmək haqqında” xx.xx.2024cü il tarixli Qərardan görünür ki, xx xxxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, hazırda işləməyən, ünvan 9 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır qəsəbəsi, Süleyman Rüstəm küçəsində nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Nərimanov RPİ-nin Müvəqqəti saxlama yerindən azad edilmişdir (cild 03, iş vər. 126-127). “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “30” aprel 2021-ci il tarixli qərarı ilə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarında dəyişiklik edilmiş və məhkəmələrə tövsiyyə olunmuşdur ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsi tətbiq edildiyindən, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun daimi qeydiyyat yeri üzrə Sumayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək bir vəzifə olaraq tapşırılmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. CPM-in 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs tərəfindən Bank Olmayan Kredit Təşkilatı "AZPUL” Məhdud Məsuliyyətli Cəmiyyətin xəzinəsindən qəbul edilən və xəzinəyə təhvil verilən pul vəsaitlərinə dair kassa məxadil və məxaric orderləri, həmçinin terminalların pul əskinazları ilə yüklənməsinə və terminallarda olan pul qəbuledici kasetlərdən vəsaitlərin çıxarılmasına dair tərtib edilmiş aktların iş materiallarında saxlanması nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfinin və mülki iddianın olmaması nəzərə alınmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 346-347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə növündə cəza 01 (bir) il sınaq müddəti ilə şərti hesab edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət onun daimi qeydiyyatda olduğu yer üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin və əlavə cəzanın başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs tərəfindən Bank Olmayan Kredit Təşkilatı "AZPUL” Məhdud Məsuliyyətli Cəmiyyətin xəzinəsindən qəbul edilən və xəzinəyə təhvil verilən pul vəsaitlərinə dair kassa məxadil və məxaric orderləri, həmçinin terminalların pul əskinazları ilə yüklənməsinə və terminallarda olan pul qəbuledici kasetlərdən vəsaitlərin çıxarılmasına dair tərtib edilmiş aktların iş materiallarında saxlanması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar