Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-193/2022 25.07.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), X11 və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxxx 1975-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 4-da qeydiyyatda olan və faktiki yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2021-ci ilin fevral ayında istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 53,550 qram narkotik vasitə olan heroin və külli miqdarda 19,030 qram psixotrop maddə metamfetamin əldə edib daşıyaraq yaşadığı Sumqayıt şəhəri, məhəllə 30, ev 4, 30 nömrəli mənzildə saxlamış, 10 fevral 2021-cı il tarixdə saat 06:30 radələrində ünvan 1 ünvanının yaxınlığında piyada hərəkət edərkən Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirilmiş, polis bölməsində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd bükümdə külli miqdarda 4,250 qram qəhvəyi rəngli maddə kütləsi, tərkibinə görə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq 10 fevral 2021-ci il tarixdə saat 09:30 radələrində yaşadığı Sumqayıt şəhəri, məhəllə 30, ev 4, 30 nömrəli mənzilə baxış keçirilərkən mənzildə sağ tərəfdə yerləşən eyvandakı 1 ədəd polietilen paketdə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə edib daşıyaraq saxladığı 1 ədəd bükümdə külli miqdarda 49,300 qram qəhvəyi rəngli maddə kütləsi, tərkibinə görə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd bükümdə külli miqdarda 19,030 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin izləri olan 2 ədəd elektron tərəzi, sellofan torbanın içərisindən 1 ədəd silah qabının içərisindən qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə edib gəzdirib daşıyaraq yaşadığı Sumqayıt şəhəri, məhəllə 30, ev 4,30 nömrəli mənzildə saxladığı saz vəziyyətdə, atəş açmaq üçün yararlı 7,65 mm kalibrli, “VZOR 70” modelli, 486473 №-li yarımavtomatik yivli odlu döyüş silahı tapança, “VZOR 70” modelli yivli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 8 ədəd 7,65x17 mm kalibrli patron tutumuna malik olan, zavod üsulu ilə istehsal edilmiş, təyinatı üzrə istifadəyə yararlı sandıqça və zavod üsulu ilə istehsal edilmiş, 7,65 mm kalibrli, “BROWNİNG”, “VZOR”, “BERETTA”, “WALTHER PPK”, “Zauer. Mod 38”, “ASTRA” modelli və s. uyğun kalibrli yivli odlu tapançalarda istifadə edilən, döyüş sursatı, təyinatı üzrə istifadəyə (atəşə) yararlı 8 ədəd patron aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, onun evində silah və narkotiklər aşkar edilməmişdir. 10 fevral 2021ci il tarixdə saat 05 radələrində yaşadığı ünvan 2 ünvanının qapısı döyülmüş və qapını açdıqda evə polis əmədaşları basqın etmişlər. Həmin vaxt evdə atası, arvadı və azyaşlı uşaqları olmuşdur. Polis əməkdaşları ona təzyiq etmiş və atasının da tutulacağı ilə hədələmişlər ki, narkotikin və silahın onun olmasını etiraf etsin. Belə ki, 5 ilə yaxındır ki, narkotik vasitə istifadə etsə də, nakotiklərin satışı ilə heç bir zaman məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən evdə tutulduqdan sonra Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinə aparılmış və orada videoçəkilişlə üzərinə baxış keçirilmiş bu zaman o, təzyiq altında olduğundan üzərində narkotik vasitənin olmasını demişdir. Daha sonra, polislər tərəfindən yaşadığı evə gətirilmiş, orada arvadı və 2 azyaşlı uşaqları evdən çıxarılmış, Şahin adlı polis əməkdaşı tərəfindən isə evə silah və narkotiklər qoyulmuşdur. Belə ki, Şahin adlı polis əməkdaşı əvvəl ondan pul almış və tutulmamışdan bir həftə əvvəl ona pul vermədiyi üçün Şahin onu tutdurmuşdur. Bundan əlavə, verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərdi ki, polislər ilkin olaraq evə daxil olan zaman müdafiəçi olmamış, sonradan polis bölməsində gəlmişdir. Evdən aşkar edilən narkotik vasitənin külli miqdar olduğunu bilməmiş, istintaq zamanı verdiyi ifadəni təzyiq altında vermişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraatın ilkin mərhələsində təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə elan olunaraq tədqiq olunduğu ifadəsində o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, 10 fevral 2021-ci il tarixdə yaşadığı evin yaxınlığında piyada hərəkət edən zaman 3 nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etməklə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə etməkdə və satmaqda şübhəli bilindiyini deməklə onu Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə dəvət etmişdirlər. 4-cü PB-də o, şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Bu zaman o, əynində olan qara rəngli uzunqol gödəkçənin sağ yan cibindən 1 ədəd narkotik vasitə olan heroini təqdim etmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan edilmiş digər əşyalar aşkar edilməmişdir. Üzərində aşkar edilmiş bir büküm heroin isə polis əməkdaşları tərəfindən elektron tərəzi ilə çəkildikdə onun çəkisinin 5 qram olması müəyyən edilmişdir. Həmin büküm polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bundan başqa, üzərində olan “Redmi” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi və iki ədəd plastik bank kartı da ondan götürülmüşdür. Polis əməkdaşları həmin narkotik vasitəni haradan əldə etdiyini soruşduqda o, təxminən 1 həftə əvvəl Bakı şəhəri Sabunçu rayonunda tanımadığı şəxs vasitəsi ilə əldə ediyi demişdir. Bundan əlavə o, yaşadığı evdə də narkotik olmasını və evinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Sonra polis əməkdaşları müdafiəçi ilə birlikdə onun yaşadığı ünvan 3 ünvanına gəlmişlər. Polis əməkdaşları mənzildə hər hansı bir qanunla qadağan edilmiş əşyaların olub-olmamasını soruşduqda o, mənzilin girişində sağ tərəfdə olan eyvandan olan 1 ədəd polietilen paketi polis əməkdaşlarına təqdim etmişdir. Həmin paketə baxış keçirdikdə 1 bükümdə narkotik vasitə heroin, 1 bükümdə psixotrop maddə metamfetamin, 2 ədəd elektron tərəzi, 1 ədəd qabda 149 manat pul və silah qabında odlu silah olan tapanca ilə 8 ədəd patron aşkar edilərək götürülmüşdür. Evə baxış da videoçəkilişlə aparılmış və aşkar edilmiş narkotik vasitə, psixotrop maddə və odlu silahla patronlar qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı o, bildirmişdir ki, heroinlə metamfetamini bir neçə gün əvvəl Bakı şəhəri Sabunçu rayonu ərazisində tanımadığı şəxsdən almış, silah və patronları isə 20 il əvvəl tanışı İbrahim İmanovdan almış, İbrahim isə 7 il əvvəl ölmüşdür. (Cild 1, iş vərəqləri 82-84) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 09 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə etməsi və satması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında işlədiyi idarənin əməkdaşı Şahid3 və Sumqayıt ŞPİ-nin X2 əməkdaşı Şahid1 ibarət əməliyyat qrupu yaradılmaqla qrupa rəhbərlik ona həvalə edilmişdir. 10 fevral 2021-ci il tarixdə saat 06 radələrində əməliyyat qrupunun üzvləri ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanına getmişlər və onu binanın qarşısında saxlamaqla ərazi üzrə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə aparmışlar. Bölmədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış bu zaman onda 1 ədəd bükümdə narkotik vasitə heroin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin heroinin internet vasitəsi ilə tanış olduğu şəxs tərəfindən ona göndərildiyini və Bakı şəhəri, Sabunçu rayonu ərazisindən şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs yaşadığı evə də videoçəkilişlə baxış keçirilmiş və bu zaman onun evindən içərisində metamfetamin, heroin, tərəzi, “Beretta” markalı silah və 8 ədəd patron olan 1 ədəd polietilen paketi aşkar edilərək götürülmüşdür. Silah barədə soruşulduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin silah və patronlar ona 20 il əvvəl, hazırda ölən dostu tərəfindən hədiyyə verilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 da Şahid2la oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin X2 əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3la birgə əməliyyat qrupunun tərkibində 10 fevral 2021-ci il tarixdə saat 06 radələrində ünvan 4-da qeydiyyatda olan və yaşayan, qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri gəzdirməkdə və satmaqda şübhəli bilinən Təqsirləndirilən şəxs yaşadığı binanın qarşısında saxlayaraq Sumqayıt ŞPİ-nin 4-cü PBnə aparmışlar. Bölmədə müdafiəçinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və bu zaman onda bir bükümdə narkotik vasitə heroin aşkar olunmuş və qablaşdırılaraq götürülmüşdür. Bu haqda soruşulduqda Təqsirləndirilən şəxs birldirmişdir ki, həmin narkotik vasitəni Bakı şəhəri Sabunçu rayonu ərazisindən əldə etmişdir. Daha sonra, Təqsirləndirilən şəxs evinə də baxış keçirilmiş və onu evindən 1 ədəd polietilen paket aşkar edilmişdir. Həmin paketə baxış keçirdikdə içərisində 1 bükümdə narkotik vasitə olan heroin, 1 bükümdə psixotrop maddə olan metamfetamin, elektron tərəzi və 1 ədəd odlu silah tapanca ilə 8 ədəd patron aşkar edilmişdir. Bu haqda soruşulduqda Təqsirləndirilən şəxs göstərmişdir ki, həmin silah və patronlar ona 20 il əvvəl dostu tərəfindən verilmiş, hazırda isə həmin dostu ölmüşdür. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 10 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-də xidməti otaqda müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı bir qanunla qadağan olunan əşya varsa təqdim etsin. Bundan sonra o, əynindəki qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 1 ədəd bükümdə heroinə bənzər kütləni təqdim etmişdir. Bundan başqa, o, bir ədəd “Redmi” markalı mobil telefon, bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, iki ədəd plastik bank kartlarını da təqdim etmişdir. Aşkar edilmiş 1 ədəd bükümdə olan heroinə bənzər kütlə elektron tərəzidə qablaşdırma ilə birgə çəkildikdə çəkisinin 5 qram olması müəyyən edilmişdir. Həmin heroinə bənzər kütlə ekspertizaya verilməsi üçün qablaşdırılmışdır. (Cild 1, iş vərəqləri 30-32) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Mənzilə baxış və götürmə aparılması haqqında” 10 fevral 2021-ci il tarixli protokoldan görünür ki, həmin gün Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanda olan 30 nömrəli mənzilə baxış keçirilərkən Təqsirləndirilən şəxs mənzilin girişindən sağ tərəfdə yerləşən eyvanında olan 1 ədəd polietilen paket təqdim etmişdir. Həmin paketə baxış keçirildirkdə 1 bükümdə narkotik vasitə olan heroinə və 1 bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlələr, 2 ədəd elektron tərəzi, 1 ədəd qabın içərisində 149 manat pul, sellofan torbanın içərisindəki silah qabında odlu silah olan tapança və 8 ədəd patron aşkar edilmişdir. Aşkar edilmiş 1 bükümdə narkotik vasitə olan heroinə və 1 bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkildikdə onların qablaşdırma ilə birgə çəkisinin müvafiq olaraq 52 və 21 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş heroinə və metamfetaminə bənzər kütlələr, eləcə də silah və patronlar ekspertizaya təqdim edilməsi məqsədi ilə qablaşdırılaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 35-37) “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “Mənzilə baxış və götürmə aparılması haqqında” 10 fevral 2021-ci il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı 02 ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu disklərə baxış keçirilməsinə dair 20 fevral 2021-ci il tarixli protokolla, eləcə də həmin disklərə bilvasitə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı və evinə baxış zamanı protokollarda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 102-105) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 10 fevral 2021-ci il tarixli, 6/609 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ...” və s. qeydləri olan kağız paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 4,250 qram olan qəhvəyi rəngli maddə kütləsi, tərkibinə görə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş üzərində: “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən ...” və s. qeydləri olan kağız paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 49,300 qram olan qəhvəyi rəngli maddə kütləsi, tərkibinə görə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin kağız paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 19,030 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddə, tərkibinə görə psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunması qeyd edilən heroinlə mənzilindən götürülməsi qeyd edilən heroinlər tərkiblərinə görə eynidirlər. 02 (iki) ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin və psixotrop maddə metamfetaminin izləri vardır. İz mikrohissəcikləri cüzi miqdar təşkil etdiyi üçün onların çəkisini və digər metamfetamin və heroinlərlə müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. (Cild 1, iş vərəqləri 49-53) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məcburinarkoloji tibbi yoxlamaya dair ekspertizanın 01 aprel 2021-ci il tarixli, 931 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 170-171) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-ballistik ekspertizasının 01 mart 2021-ci il tarixli, 3/321 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah Çexoslovakiyada, Strakonice şəhərində, Ceskoslovenska Zbrojovka zavodunda istehsal olunmuş, 7,65 kalibrli, VZOR 70 modelli, 486473 №-li yarımavtomatik tapançadır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir-yivli odlu döyüş silahı hesab edilir, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır. Tapança ilə birlikdə təqdim edilmiş 1 (bir) ədəd sandıqça “VZOR 70 modelli yivli tapançaların funsksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 8 (səkkiz) ədəd 7,65x17 mm kalibirli patron tutumuna malik olan, zavod üsulu ilə istehsal edilmiş sandıqçadır, təyinatı üzrə istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 8 (səkkiz) ədəd patron zavod üsulu ilə istehsal edilmiş, 7,65 mm kalibrli olmaqla, həmin kalibrə malik “BROWNİNG”, “VZOR”, “BERETTA”, “WALTHER PPK”, “Zauer. Mod 38”, “ASTRA” modelli və s. uyğun kalibrli yivli odlu tapançalarda istifadə edilən patronlardır, döyüş sursatıdırlar, təyinatı üzrə istifadəyə (atəşə) yararlıdır. Taktik texniki məlumatlara əsasən “VZOR 70 modelli tapançalardan təyinatı üzrə nəzərdə tutulmuş 7,65 mm kalibrli patronlarda istifadə edilməklə atılan güllələr 40-50 metr məsafəyə uçma qabiliyyətinə və həmin məsafələrə uyğun olaraq hədəfdə ( ö cümlədən canlı hədəfdə) müvafiq zədə yetirmə qüvvəsinə malik olurlar. Cinayət işinin materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” və “Sübutların qiymətləndirilməsi haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 53,450 qram olan narkotik vasitə heroin, 18,980 qram olan psixotrop maddə metamfetamin, 02 ədəd elektron tərəzi, qobur ilə birlikdə 7,65 mm kalibli, “VZOR 70” modelli, 486473 nömrəli 01 ədəd tapança, 01 ədəd sandıqça və ekspertiza tədqiqatından sonra qalıq qalan 05 ədəd 7,65 mm kalibrli patron maddi sübut kimi tanınmaqla saxlanılması üçün Sumqayıt ŞPİ-inin məsul saxlanışına təhvil verilmiş, şəxsi axtarış və mənzilə baxış keçirilməsi istintaq hərəkətlərinin görüntülərini özündə əks etdirən 02 ədəd “DVD” formatlı disk cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. İş materiallarında olan “Cinayət işinin materiallarından digər cinayət işinin ayrılması barədə” 12 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, hazırki cinayət işindən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin, eləcədə odlu silah və döyüş sursatının mənbəsinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqləri 278-280) Cinayət işinin materiallarında olan Sumqayıt şəhər məhkəməsinin 16 fevral 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair əməliyyat orqanının 09 fevral 2021-ci il tarixli qərarı məhkəmə nəzarəti qaydasında yoxlanılaraq qanunauyğun hesab edilmişdir. (Cild 1, iş vərəqi 99) Məhkəmə, Təqsirləndirilən şəxs onda narkotik vasitə, psixotrop maddə, odlu silah və döyüş sursatının olmaması, qeyd edilənlərin polis əməkdaşları tərəfindən onun evinə və üzərinə qoyulması, polis əməkdaşları tərəfindən döyülmə və təzyiq nəticəsində etirafedici ifadələr verməsi, həmçinin narkotik vasitənin satışı ilə məşğul olmaması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt şəhər prokurorluğunda qəbul edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 23 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı məhkəmədə verdiyi cinayət haqqında məlumat öz təsdiqini tapmamışdır. Məhkəmə həmçinin müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs arvadı X6, atası X7, onunla birgə işləyən X3, eləcə də qonşuları X4, X8 və X5 məhkəmədə verdikləri ifadələrinə tədqidi yanaşaraq qeyd edir ki, həmin ifadələrdə göstərilmiş Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən səhər saatlarında yaşadığı binanın qarşısından deyil, mənzildən aparılması ilə bağlı xüsusatlar işin obyektiv hallarına ziddir, bu ifadələr ailə üzvləri və yaxın qohumlar tərəfindən təqsirləndirilən şəxsin müdafiəsi və onun müsbət xarakterizə edilməsi məqsədi ilə verilmiş ifadələrdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin özünün və müdafiə tərəfinin şahidlərinin onun müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində və İİ siyahısının 67-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin və psixotrop maddə olan metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək, saxladığı və daşıdığı ümumilikdə 53,550 qram olan narkotik vasitə heroinin, 19,030 qram olan psixotrop maddə metamfetaminin miqdarının şəxsi istehlak miqdarından, heroinin 357 dəfə, metamfetaminin isə təxminən 126 dəfə, külli miqdardan isə heroinin təxminən 27 dəfə, metamfetaminin isə 9 dəfə artıq olması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə müvafiq olaraq az ağır və ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərimi törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından olan xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Bundan əlavə, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2014 və 2018-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır. (Cild 1, iş vərəqləri 206- 208) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun qeyd edilən normasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, evli olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması da onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 10 fevral 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 11 fevral 2021-ci il tarixli qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra, həmin məhkəmənin qərarı ilə həbsdə saxlanılma müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 97-98) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 10 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin 3-cü bəndinə əsasən həmin maddənin 1-ci bəndinin (c) yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs, dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəməyə qədər həbs müddəti müəyyən edilərkən nəzərə alınmalı olan müddət təqsirləndirilən şəxsin həbsə alındığı gündən başlayır və hökmün çıxarıldığı gün sona çatır, hətta bu hökm birinci instansiya məhkəməsi tərəfindən verilmiş olsa belə (Solmaz Türkiyə qarşı, §§ 23-24; Kalaşnikov Rusiyaya qarşı, § 110, Vemhoff Almaniyaya qarşı, § 9 ). Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edirək qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan: tədqiqatından sonra qalıq çəkisi 53,450 qram olan narkotik vasitə heroin, 18,980 qram olan psixotrop maddə metamfetamin və 02 ədəd elekton tərəzi məhv edilməli, iş materiallarında olan 02 (iki) ədəd “DVD” formatlı disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. Qobur ilə birlikdə 7,65 mm kalibli, “VZOR 70” modelli, 486473 nömrəli 01 ədəd tapança, 01 ədəd sandıqça və ekspertiza tədqiqatından sonra qalıq qalan 05 ədəd 7,65 mm kalibrli patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 172 (yüz yetmiş iki) manat 46 (qırx altı) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçilər ilə müqavilə bağlandığından, müdafiəçilərin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 10 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan: 53,450 qram çəkidə narkotik vasitə heroin, 18,980 qram çəkidə psixotrop maddə metamfetamin və 02 ədəd elektron tərəzi məhv edilsin, 02 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın, qobur ilə birlikdə 7,65 mm kalibli, “VZOR 70” modelli, 486473 nömrəli 01 ədəd tapança, 01 ədəd sandıqça və 05 ədəd 7,65 mm kalibrli patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Təqsirləndirilən şəxs 172 (yüz yetmiş iki) manat 46 (qırx altı) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-193/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-193/2022
25.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver