Məhkəmə qərarları › İş №1(124)-195/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(124)-195/2022

07.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-195/2022 07.07.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), X4 və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, anlaqsız vəziyyətdə cinayət törətməsi istinad edilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 1988-ci ildə Şamaxı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Şamaxı şəhəri A.Səhhət küçəsi ev 4-də qeydiyyatda olmaqla həmin evdə faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə və xüsusi tibb müəssisəsinə yerləşdirilmə təhlükəsizlik tədbiri tətbiq edilməklə hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasında müalicə məqsədi ilə saxlanılan Təqsirləndirilən şəxs Anlaqsız vəziyyətdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.4cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və hadisə anında “intellektin enməsi ilə müşayiət olunan travma mənşəli üzvi şəxsiyyət pozuntusu” psixi xəstəliyi nəticəsində öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etməməklə və onu idarə edə bilməməklə anlaqsız vəziyyətdə olub onunla bir evdə yaşayan arvadı xx xxxx 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs 24 iyun 2021-ci il tarixdə azyaşlı övladlarını götürərək Bakı şəhərinə əvvəlcədən “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanış olduğu Şahid2 yanına getdiyi üçün sonuncunu qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə 27 iyun 2021-ci il tarixdə arvadı Zərərçəkmiş şəxs, azyaşlı övladları 03 oktyabr 2014-cü il təvəllüdlü Şahid4 və 30 noyabr 2015-ci il təvəllüdlü Şahid1la birlikdə kirayə ev axtarmaq adı ilə ünvan 2 ilə birlikdə getdikləri zaman öz niyyətini həyata keçirmək məqsədilə həmin küçənin yaxınlığında yerləşən “Mərkəzi Univermaq” adlı ticarət mərkəzindən 1 ədəd soyuq silah hesab edilməyən məişət təyinatlı qatlanan cib bıçağı alaraq şalvarının sol cibində əli ilə saxlayıb gizlətdikdən sonra, həmin tarixdə saat 15 radələrində ünvan 2ndə “Mərkəzi Univermağa” qalxan pilləkənlərin yanında, X5 məxsus 7 saylı evin qarşısında azyaşlı övladları ilə dayanaraq onu gözləyən Zərərçəkmiş şəxs yaxınlaşıb azyaşlı övladlarının gözü qarşısında, onların ağlamalarına və Zərərçəkmiş şəxs yalvarışlarına məhəl qoymayaraq sonuncuya cibindən çıxardığı bıçaqla çoxsaylı zərbələr yetirib, ona döş qəfəsinin sağ yarısında bir ədəd, boşluğa nüfuz edən, qarnın sağ yarısında bir ədəd boşluğa nüfuz edib qara ciyərin zədələnməsi ilə müşahidə olunan yaralar, kürək, sağ bud, sol said və mil bilək nahiyyələrinin müxtəlif yerlərində boşluğa keçməyən yaralar (cəmi 18 ədəd) olmaqla, 2 ədədi boşluğa nüfuz etdiyindən yetirilən anda həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid, digərləri (cəmi 18 ədəd) dərəcələrinə görə ayrıayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, lakin hadisə yerinə gələn polis əməkdaşlarının müdaxiləsi və həkimlərin vaxtında tibbi yardım göstərmələri nəticəsində iradəsindən asılı olmayan səbəbdən öz cinayətkar əməlini sona çatdıra bilməmiş, yəni arvadı Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 477-ci maddəsinin tələblərinə uyğun olaraq qərar çıxararkən ictimai təhlükəli əməlin törədilməsinə, həmin əməlin barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraatın aparıldığı şəxs tərəfindən törədilməsinə, əməlin anlaqsız vəziyyətdə törədilməsinə və şəxsin məhkəmə baxışı zamanı da həmin vəziyyətdə olmasına, həmçinin, şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansının tətbiq edilməsinə ehtiyac olmasına dair məsələləri həll edərək belə nəticəyə gəlir ki, aşağıdakı səbəblərə görə Təqsirləndirilən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsi sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə əsaslar mövcuddur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasından Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş 08 fevral 2022-ci il, 04 aprel 2022-ci il və 06 iyul 2022-ci il tarixli məktublarından görünür ki, Təqsirləndirilən şəxs psixi vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan verməmişdir. Məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 2013-cü ildə valideynlərinin istəyi ilə Şamaxı şəhər sakini Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, birgə nikahlarından 2014-cü il təvəllüdlü Şahid4 və 2015-ci il təvəllüdlü Şahid1 adlı övladları dünyaya gəlmiş, ailə qurduqdan sonra valideynlərinə məxsus həyətyanı sahədə atasının tikdiyi evdə arvadı ilə birgə yaşamışdır. Təxminən 8-9 ildir ki, Şamaxı şəhərində yerləşən “Ocaq” adlı marketdə fəhlə işləyir, arvadı Zərərçəkmiş şəxs isə heç yerdə işləmir, arvadı Zümrüdlə münasibəti normal olmuş, aralarında heç bir dava-dalaş, münaqişə olmamışdır. xx.xx.2021-ci il tarixdə saat 13 radələrində fəhlə işlədiyi “Ocaq” marketə getmiş, saat təxminən 15-16 radələrində yaşadığı evə qayıtdıqda evə giriş qapısının bağlı olduğunu görmüş və fikirləşmişdir ki, Zümrüd yəqin atasıgilə gedib, bundan sonra atasıgilə getmiş, saat təxminən 18-19 radələrində Zümrüdün bibisi Südabə onlara gələrək arvadı Zümrüdün ona zəng etdiyini, ona sevdiyi oğlana qoşularaq Bakı şəhərinə getməsini bildirmiş, istifadəsində olan ***-***- **-** saylı mobil nömrədən arvadı Zümrüdün istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş nömrəyə zəng çatsa da lakin zəngə cavab verən olmamış, bundan sonra Zümrüdün nömrəsinə bir neçə dəfə zəng etsə də telefon artıq söndürülmüşdür. Zümrüdün qoşulub qaçmasını eşitdikdən sonra Şamaxı rayon polis şöbəsinə gedərək arvadının azyaşlı uşaqları ilə birlikdə evi tərk etməsi barədə ərizə ilə müraciət etmişdir. xx.xx.2021-ci il tarixdə saat təxminən 11 radələrində Şamaxı rayon polis şöbəsində təhqiqatçı işləyən Bəhlul müəllim zəng edərək arvadı Zümrüdün Şamaxı rayon polis şöbəsində olduğunu, arvadı ilə barışmaq istəyib-istəmədiyini soruşmuş, Bəhlul müəllimə arvadı ilə barışmaq istədiyini bildirmiş, polis şöbəsində ərizə və izahat verdikdən sonra çölə çıxmış, arvadı Zümrüdə artıq valideynlərinin onları onların olduğu həyətdə yaşamağa qoymayacaqlarını deyib kirayə ev axtarmağa getməklərini söyləmiş, Şamaxı şəhərində yerləşən Mərkəzi Univermağın yanından keçərkən Zümrüdə uşaqlarla yolda dayanmasını, univermağa girib su alıb gələcəyini demiş, Zümrüd pilləkənlərin yanında dayanıb onu gözləyəcəklərini demiş və onların yanından aralanaraq univermağa daxil olmuş, univermaqdan 5 manata adını bilmədiyi satıcıdan 1 ədəd bıçaq alıb Zümrüdün görməməsi üçün şalvarının sol cibinə qoyub bıçağın dəstəyini sol əlində saxlamış, univermaqdan çıxıb arvadı Zümrüdgilin yanına çatan kimi cibində olan bıçağı çıxardaraq sol əlində tutub Zümrüdün bədən nahiyyəsinə zərbələr endirməyə başlamış, bir neçə zərbə vurduqdan sonra Zümrüd yerə yıxılmış, Zümrüd yerə yıxıldıqdan sonra vurmağa yenə də davam etmiş, bu zaman oradan keçən polis əməkdaşları ona yaxınlaşaraq bıçağı əlindən almış, özünü isə polis şöbəsinə aparmışlar. Arvadı Zərərçəkmiş şəxs bıçaqla vuran zaman ətrafda şəxslərin olub-olmamasına fikir verməmiş, arvadı Zərərçəkmiş şəxs bıçaqla vurmaqda məqsədi onu öldürmək olmuş, bıçağı cibindən çıxaran zaman Zümrüd bıçağı görmüş və ona “Səməd sənin qadanı alım mənim günahım yoxdur, vurma məni” demiş, onun bu sözünə məhəl verməyib ona bıçaq zərbələri endirməyə başlamış, bıçaqla ona zərbələr endirən zaman Zümrüd əl-qol ataraq onu vurmağına mane olmağa çalışmışdır. Həmin vaxt çox həyəcanlı olduğuna görə arvadı Zümrüdə konkret olaraq neçə bıçaq zərbəsi vurmağını xatırlamasa da Zümrüd yerə yıxıldıqdan sonra kürək nahiyyəsindən 1 bıçaq zərbəsi endirməyini xatırlayır. Zümrüdün qoşularaq qaçdığı şəxsin kim olmasını bilmir, həmin vaxt Zümrüdün əynində hansı paltarlar olmasını xatırlamır, hadisə baş verən zaman özünün əynində göy rəngli üzərində ağ zolaqlar olan qısaqol köynək, sarımtıl rəngli şalvar və qara rəngli ayaqqabı olmuşdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2013-cü ildə Təqsirləndirilən şəxslə evlənmişdir. Əri Səməd “Ocaq” adlı marketdə fəhlə işləyirdi, həddindən artıq əsəbi idi, adi şey üstündə əsəbləşirdi və aralarında həm maddi cəhətdən həmdə onunla kobud davrandığı üçün tez-tez mübahisələr yaranırdı. İşlədiyi yerlərdə tez-tez dava edirdi. Səmədlə yaşadıqları dövrə psixi problemləri olduğu ona bəlli idi. Bununla bağlı müalicə də almışdır. Gecələr durub özözünə danışır, qarabasmaları olurdu, qulağına səslər gəlirdi. Əvvəllər ona bıçaq zərbəsi vurmağa cəhd etməmişdir. Hadisədən 3 ay əvvəl “İnstagram” sosial şəbəkəsində Elvin adlı şəxslə tanış olmuşdur. Bir müddət Elvinlə “İnstagram” sosial şəbəkəsində, daha sonra isə telefonla zəng edərək danışmışdır. Səməd bundan xəbər tutduqda aralarında yenı mübahisə yaranmışdır. Belə yaşaya bilməyəcəyini başa düşüb uşaqlarıda götürüb Bakıya gəlmişdir. Hansı tarixdə evdən çıxdığını xatırlamadığını bildirmişdir. Bir neçə gün parklarda gecələdikdən sonra Şamaxı şəhərinə geri qayıtmışdır. Onu polis şöbəsinə çağırmışlar, orada Səmədlə barışmışdır. Səməd artıq ata evində yaşaya bilməyəcəklərini demiş, kirayə ev tutaraq orada qalacaqlarını bildirmişdir. Polis şöbəsindən çıxdıqdan sonra Səməd kirayə ev axtarmaq üçün univermaq istiqamətində gedərkən univermağın yanına çatanda mağazaya girib qayıdacağını demişdir. Uşaqlarla birlikdə yolun kənarında dayanıb Səmədi gözlədikdən bir neçə dəqiqə sonra dükandan çıxaraq onlara tərəf gəlmiş, Zərərçəkmiş şəxs çatan kimi cibindən bıçağı çıxarıb bıçaqla onu vurmuşdur. O, huşunu itirmiş, oyandıqda xəstəxanada olduğumu görmüşdür, bildiyinə görə ona 20 bıçaq zərbəsi vurmuşdur. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla barışdığını və heç bir şikayətinin olmadığını məhkəməyə bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Zümrüd 2013cü ildə Təqsirləndirilən şəxsla evlənmişdir. Təqsirləndirilən şəxs anadangəlmə ruhi xəstədir. 2021-ci il iyunun 24-də Zümrüdün uşaqlarınıda götürüb qaçdığını eşitmiş, sonra Səmədgilə getmiş, bu barədə onlara məlumat vermiş, sonra da Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək Zümrüdün iki uşağınıda götürüb qaçması barədə məlumat vermişdir. 2021-ci il iyunun 27-də Şamaxı rayon polis şöbəsindən zəng edib Zümrüdün və iki uşağının polis şöbəsində olduqlarını dedikləri üçün Babaşah ilə birlikdə polis şöbəsinə getmişlər. X7 barışmış, kirayə ev axtarmaq istədiklərini demişlər. O, Səmədə kirayə ev tutmaq üçün 200 manat pul vermiş, sonra Səməd Zümrüd və iki uşağı ilə birlikdə ev axtarmaq üçün onların yanından uzaqlaşıb getmişlər. Evə çatdıqdan təxminən 20-25 dəqiqə sonra Şamaxı rayon polis şöbəsindən zəng edib Səmədin Zümrüdü bıcaqladığını demişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Səməd ailə həyatı qurduqdan sonra onunla eyni həyətdə ayrı evdə yaşayırdı. Səməd onunla birlikdə “Ocaq” adlı marketdə fəhlə işləyirdi. 2021-ci ilin iyun ayının 24-də axşam saat 23 radələrində işdən evə gələndə bacısı Hicran Zümrüdün uşaqları da özü ilə bərabər götürüb Bakı şəhərində yaşayan bir oğlana qoşularaq Bakı şəhərinə getdiyini demiş, bundan sonra Səməd çox əsəbi halda evə gəlmişdir. Səməd xəstəliyi ilə bağlı Maştağa qəsəbəsində yerləşən xəstəxanada bir dəfə müalicədədə olmuşdur. Daimi olaraq dərman qəbul edirdi. Qardaşının xəstəliyi olduğunu qonşular bilmirdi. Ailələrində Səməddən başqa psixi problemləri olan biri olmamışdır. 2021-ci ilin iyun ayının 27-də işdə olarkən Səmədin Zümrüdü bıçaqla vurması barədə eşitmişdir. Məhkəmədə qanuni nümayəndəsinin və psixoloqun iştirakı ilə şahid qismində dindirilmiş azyaşlı Şahid4 ifadəsində atası Təqsirləndirilən şəxs onların yanında anasını bıçaqla vurduğunu bildirərək ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmədə qanuni nümayəndəsinin və psixoloqun iştirakı ilə şahid qismində dindirilmiş azyaşlı Şahid1 anasının evdən qaçdığı üçün atasının onun yanında anasını bıçaqla vurduğunu bildirmişdir. İbtidai istintaqı zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır, Zümrüd 2013-cü ildə Şamaxı şəhər sakini Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, birgə nikahlarından 2 övladları dünyaya gəlmiş, Zümrüd ailə həyatı qurduqdan sonra əri Təqsirləndirilən şəxsla birlikdə Səmədin atasına məxsus həyətyanı sahədə tikilmiş evdə yaşamış, Səməd anadangəlmə ruhi xəstə olsa da fəhləlik etməklə ailəsini saxlamış, Zümrüdlə Səmədin münasibətləri normal olmuş, aralarında ciddi hər hansı bir problem olmamış, 24 iyun 2021-ci il tarixdə saat 18 radələrində bacısı Şəfiqə Zümrüdün uşaqlarınıda götürüb bir nəfər şəxsə qoşularaq yaşadığı evdən çıxıb getməsini demiş, Şəfiqə Səmədgilə getmiş və bir neçə saatdan sonra geri qayıtmış, Şəfiqə evə gəldikdən sonra onun mobil telefonu ilə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. xx.xx.2021-ci il tarixdə Şamaxı rayon polis şöbəsindən zəng edərək Zümrüdün və iki uşağının polis şöbəsində olması barədə onlara məlumat verildikdən sonra Şəfiqə ilə rayon polis şöbəsinə getmiş, polis şöbəsinə daxil olduqda Səmədin, Zümrüdün və iki uşağının orada olduqlarını görmüş, Səməd və Zümrüd izahat verdikdən sonra onlar çölə çıxmış, polis şöbəsinin qarşısında dayanıb söhbət edən zaman Səməd onlara bildirmişdir ki, Zümrüdü öz evlərinə apara bilməz, Zümrüd ilə kirayə ev tapıb orada qalmağı düşünür, lakin kirayə ev tutmaq üçün pulu yoxdur. Şəfiqə ona 200 manat verə biləcəyini bildirmiş, Səməd razılaşdqdan sonra Şəfiqə evə gedib 200 manat pul gətirərək Səmədə vermiş, bundan sonra Səməd kirayə ev axtarmaq üçün Zümrüd və iki uşağı ilə çıxıb getmiş, o da Şəfiqə ilə yaşadığı evə qayıtmış, evə çatdıqdan bir neçə dəqiqə sonra polis şöbəsindən zəng edərək bildirmişlər ki, Səməd Zümrüdü bıçaqlamışdır. Şəfiqə ilə birlikdə yenidən polis şöbəsində getmiş, orada məlum olmuşdur ki, Səməd kirayə ev axtarmaq üçün Zümrüd və uşaqları ilə birlikdə onlardan aralanıb getdikdən sonra yolda mağazadan bıçaq almış və Zümrüdü bıçaqlamış, Səməd Zümrüdü bıçaqlayan zaman polis əməkdaşları onu görmüş Səmədi tutaraq polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur, Zümrüdün uşaqları da götürüb başqa bir şəxsə qoşulub Bakı şəhərinə getməsi Səmədə kişi kimi pis təsir etdiyindən Zümrüdə bıçaqla xəsarət yetirmiş, polis şöbəsində və şöbənin yerləşdiyi inzibati binanın qarşısında söhbət edən zaman Səmədin əlində və ya üzərində bıçaq və ya hər hansı bir kəsici alət olmasını görməmiş, Səməd Zümrüdü öldürmək istəməsi barədə onlara heç bir söz deməmiş, Səməd bu barədə bir söz desəydi Zümrüdün Səmədlə getməsinə imkan verməzdi. Səməd onlardan ayrıldıqdan sonra bıçaq alaraq Zümrüdə aldığı bıçaqla xəsarət yetirmiş, Səmədlə arvadı Zümrüdün münasibətləri normal olmuş, aralarında dava-dalaş, mübahisə olmasının, Səmədin Zümrüdü döyməsinin şahidi olmamış, bu barədə heç bir söz eşitməmiş, belə bir hal olsaydı Zümrüd bu barədə ona və ya digər qohumlarına bir söz deyərdi. Zümrüdün ifadəsində göstərdikləri düzgün deyil, Səməd ruhi xəstə olsa da ailəsini və uşaqlarını çox istəmiş, Səməd heç vaxt Zümrüdü döyməmiş, Zümrüdün Elvin adlı şəxslə danışmasından yalnız Zümrüd uşaqlarınıda götürüb getdikdən sonra xəbər tutmuş, əvvəllər heç bir məlumatı olmamışdır. (Cild 1, iş vərəqləri 173-177) İbtidai istintaqı zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2021-ci ilin yanvar ayında tanımış, onunla “İnstagram” sosial şəbəkəsində tanış olmuşdur. Zümrüd Şamaxı şəhərində yaşayır, onun iki azyaşlı uşağı var, Zümrüd ona 25 yaşı olduğunu, evli olduğunu, ərinin öz qohumunun ərzaq mağazasında satıcı işlədiyini demiş, Zümrüdlə tanış olduğu vaxt Naxçıvanda olmuş, hər gün Zümrüdlə yazışıb danışmış, Zümrüdlə yazışıb danışdığı vaxtlar Zümrüd ona əri ilə münasibətlərinin yaxşı olmadığını, bir yerdə yatmadıqlarını demiş, o da Zümrüdə boşandığını, bir qızının olmasını, qızının anası ilə yaşamasını demiş, Zümrüdlə aralarında sevgi münasibəti yaranmış, bir-birlərinə şəkillərini atmış, bir-birlərini bəyənmişlər. Zümrüd ona ərindən ayrılmaq istədiyini demiş, Zümrüd ona “gəl Şamaxıya bir-birimizi yaxından görək” demiş, Zümrüdə hər dəfəsində Şamaxıya onu görməyə gedəcəyini desə də, ancaq getməmişdir. 2021-ci ilin iyun ayında işləmək üçün Bakı şəhərinə getmiş, orada olduğu müddətdə qardaşı Tahirin yaşadığı ünvan 1 ünvanında yaşamış, 23 iyun 2021-ci il tarixdə axşam saatlarında Zümrüd “whatsapp” sosial şəbəkə proqramı vasitəsilə ona mesaj yazaraq aralarında olan yazışmaları qardaşı Amidin gördüyünü, artıq əri Səmədlə yaşamaq istəmədiyini demiş, Zümrüdə öz məsləhətindir, nə istəyirsən et demişdir. 24 iyun 2021-ci il tarixdə saat 17:00 radələrində Bakı şəhərində “Koroğlu” metrostansiyasının yaxınlığında maşınyuma məntəqəsində işlədiyi vaxt Zümrüd hazırda qardaşı Tahirin işlətdiyi həmin vaxt onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək “20 Yanvar” adlanan ərazidə olduğunu demiş, Zümrüd əvvəlcədən ona Bakıya gələcəyini deməmiş, dərhal işdən çıxıb 20 Yanvar metrostansiyasının yanına gedib Zümrüdlə görüşmüş, Zümrüdlə görüşən zaman Zümrüdün yanında iki azyaşlı uşağıda olmuş, uşaqların adlarının nə olması yadında deyil. Zümrüdgili götürüb qardaşı Tahirin yaşadığı evə aparmış, qardaşının arvadı Şəfa “bunları hardan gətirmisən, küçədən tapmısan” deyib Zümrüdün və uşaqlarının evə girmələrinə icazə verməmiş, bundan sonra Zümrüdü götürüb Qaraçuxur qəsəbəsində olan parka aparmış, həmin parkın kimin adına olmasını bilmir, həmin park qardaşı Tahirin yaşadığı ünvandan təxminən 1 km məsafədə yerləşir. Parkda olduqları vaxt Zümrüd çantasından 15 manat pul çıxardıb ona vermiş, onunla uşaqlara su və yemək almış, bundan başqa onun üzərində və çantasında əlavə pulun olub-olmaması barədə məlumatı yoxdur. 2 gün həmin parkda qaldıqdan sonra 3-cü gün yəni 26 iyun 2021-ci il tarixdə parkda yuxudan ayıldığı vaxt Zümrüdün və uşaqlarının yanında olmadığını görmüş, konturu olmadığına görə Zümrüdə zəng edə bilməmiş, təxminən iki-üç saatdan sonra Neftçilər metrostansiyasının yanında olduğu vaxt bir nəfər ona zəng edib Şamaxı rayon polis şöbəsinin əməkdaşı olduğunu deyib ondan harada olmasını soruşmuş, olduğu yeri ona demiş, həmin polis Qaraçuxur qəsəbəsində olduğunu onunla görüşmək istədiyini demiş, o Qaraçuxur qəsəbəsinə getmiş, Zümrüd uşaqları ilə birlikdə orada polisin maşınında oturmuşlar, nəfər polis əməkdaşı ilə birlikdə Şamaxı rayon polis şöbəsinə gələrək izahatları alındıqdan sonra Zümrüd ona onunla Bakıya getmək istədiyini demiş, Zümrüdə qalmağa yerinin və pulunun olmadığını bildirsə də Zümrüd “heçnə olmaz, onunla Bakıya gedəcək” demiş, bundan sonra Zümrüd və uşaqları ilə birlikdə Şamaxıdan Bakıya, Neftçilər metrostansiyasının yaxınlığında olan parka gəlmiş, pulu qurtardığından mobil telefonunu satmış, bir gün parkda qalmışlar. Səhəri gün yəni xx.xx.2021-ci il tarixdə Zümrüdə demişdir ki, onu saxlaya bilməyəcək, uşaqlarıda götürüb ərinin yanına getsin, bundan sonra Zümrüd Şamaxı rayon polis şöbəsinin əməkdaşına zəng edib onu Şamaxı rayonuna, yaşadığı evə qayıtmasına köməklik göstərməsini bildirmiş, həmin polis ona maşına minib Şamaxı rayon polis şöbəsinə gəlməsini demiş, bundan sonra Zümrüdü taksi ilə Şamaxı rayonuna yola salmış, bundan sonra Zümrüddən xəbəri olmamışdır. Bir müddət Bakıda qaldıqdan sonra Naxçıvan Muxtar Respublikasına qayıtmış, təxminən 20 gündən sonra qardaşı Tahir ona zəng edib Zümrüdün əri tərəfindən bıçaqlandığını, lakin ölmədiyini demiş, Tahirə bu barədə Şamaxı rayon polis şöbəsinin əməkdaşları zəng edib demişlər. Qardaşı Tahirin evində qaldığı vaxt Zümrüdlə danışarkən qardaşının arvadı Şəfa telefonda danışdığını görüb kiminlə danışmağını soruşmuş, o da Zümrüd adlı qadınla danışmağını demişdir. (Cild 1, iş vərəqləri 225-228) İcraat materiallarında olan və məhkəmədə tədqiq edilmiş kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 13 sentyabr 2021-ci il tarixli 116 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən intellektin enməsi ilə müşayiət olunan travma mənşəli üzvi şəxsiyyət pozuntusundan əziyyət çəkmişdir. Təqsirləndirildiyi cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs düçar olduğu intellektin enməsi ilə müşayiət olunan travma mənşəli üzvi şəxsiyyət pozuntusunun gedişində dekompensasiya vəziyyəti olduğundan Təqsirləndirilən şəxs öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə münasibətdə anlaqsız hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs mübtəla olduğu intellektin enməsi ilə müşayiət olunan travma mənşəli üzvi şəxsiyyət pozuntusunun gedişində dekompensasiya vəziyyətinin hal-hazırda da davam etdiyini göstərir. Bununla əlaqədar olaraq Təqsirləndirilən şəxs hal-hazırda da psixi vəziyyətinə görə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi xroniki psixi patologiya hal-hazırda davam etdiyinə görə onun müalicəyə ehtiyacı yarandığı müəyyənləşir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixitariya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs aşkara çıxarılmış intellektin enməsi ilə müşayiət olunan travma mənşəli üzvi şəxsiyyət pozuntusu dekompensasiya vəziyyətində olduğu üçün onu cinayət əməlini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmiş, buna görə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə münasibətdə anlaqsız hesab olunmalıdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədərkən fizioloji affekt halında olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs intellektin enməsi (diqqətində dayanıqsızlıq, yaddaşında zəiflik, qavrama prosesində lənglik, təfəkkürünün torpid olması, abstrakt anlayışların dərk edilməsinin zəif çıxış etməsi, həmin anlayışları məhdud şəkildə şərh etməsi, ümumiləşdirmə və analizetmə qabiliyyətinin normadan aşağı olması, proqnozlaşdırmasının zəif çıxış etməsi, tənqidi münasibətinin tam həcmdə olmaması, maraq dairəsinin məhdudluğu), şəxsi xüsusiyyətlərində dəyişiklik (qıcığa qarşı həssaslıq, emosional reaksiyalara meyillilik, inadkarlıq, hövsələsizlik, kobudluq, səthilik, hərəkət və davranışı üzərində iradi tənzimləmənin çatışmazlığı) fərdi-psixi xüsusiyyətlərə malik olduğu müəyyən edilmişdir. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs psixiemosional vəziyyətində qəzəb, emosional oyanıqlıq yaranmış, həmin halın yaranması onda müəyyən edilən intellektin enməsi və üzvi şəxsiyyət pozuntusu ilə əlaqədar hərəkət və davranışını dərketmə, onları iradi olaraq tənzimləyəbilmə prosesinin enməsi ilə əlaqədar olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edəcək halları ümumən qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. (Cild 1, iş vərəqləri 244-248) İcraat materiallarında olan və məhkəmədə tədqiq edilmiş təkrar kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 153 saylı rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədən zaman fizioloji affekt halında olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hadisə baş verən zaman şüur və fəaliyyətinə təsir göstərən psixi-emosional halda olmamış, emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Lakin Təqsirləndirilən şəxs müəyyən edilən “intellektin enməsi və üzvi şəxsiyyət pozuntusu” onun hərəkət və davranışlarını dərketmək və onları iradi tənzimləmək qabiliyyətini zəiflətmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs halhazırki müayinə zamanı “intellektin enməsi ilə müşayiət olunan travma mənşəli üzvi şəxsiyyət pozuntusu” formasında psixi patologiyaya xas əlamətlər müəyyən edilir. Həmin psixi patologiya onda uzun müddət bundan əvvəl yaranmışdır. Ekspertizaya təqdim olunan tibbi sənədlərdən (xx.xx.2019-cu il tarixli elektroensefaloqrafik müayinənin nəticəsi, “Respublika Psixiatriya Xəstəxanası”nın publik hüquqi şəxsinin xx.xx.2021-ci il tarixli 5799 nömrəli məktubu, həmin xəstəxanadan alınan 0817/2019 nömrəli xəstəlik tarixi) Təqsirləndirilən şəxs psixiatrik profilli tibb müəssisəsində stasionar qaydada müalicə qəbul etdiyi aydın olur. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayəti törətməmişdən əvvəl və cinayəti törədərkən intellektin enməsi ilə müşayiət olunan travma mənşəli üzvi şəxsiyyət pozuntusundan əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən əziyyət çəkdiyi intellektin enməsi ilə müşayiət olunan travma mənşəli üzvi şəxsiyyət pozuntusunun gedişində dekompensasiya vəziyyəti olduğundan öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamış, buna görə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli barəsində anlaqsız hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əziyyət çəkdiyi intellektin enməsi ilə müşayiət olunan travma mənşəli üzvi şəxsiyyət pozuntusunun gedişində hal-hazırda dekompensasiya vəziyyəti müşahidə olunur, buna görə də Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Təqsirləndirilən şəxs hal-hazırki psixi vəziyyəti onunla istintaq hərəkətlərinin aparılmasına imkan vermir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırki psixi vəziyyətinə görə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırki psixi vəziyyətinə görə özü və ətrafdakı şəxslər üçün təhlükəlidir. Onun barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. (Cild 2, iş vərəqləri 41-47) İcraat materiallarında olan və məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs barəsində məhkəmə-tibb ekspertizasının 24 iyul 2021-ci il tarixli 293 №-li rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – döş qəfəsinin sağ yarısında bir ədəd, boşluğa nüfuz edən, qarnın sağ yarısında, bir ədəd boşluğa nüfuz edib qara ciyərin zədələnməsi ilə müşahidə olunan yaralar, kürək, sağ bud, sol said və mil bilək nahiyyələrinin müxtəlif yerlərində boşluğa keçməyən yaralar (cəmi 18 ədəd) yaralar deşicikəsici alət təsirindən xx.xx.2021-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməyə uyğun gəlirlər, ekspertizaya təqdim olunmuş bıçağın, eləcədə ona oxşar digər deşici-kəsici alət təsirindən törənməsi mümkündür. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən 2 ədədi boşluğa nüfuz etdiyindən yetirilən anda həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya, digər xəsarətlər (cəmi 18 ədəd) isə dərəcələrinə görə ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs xəsarət yetirilərkən ayaq üstə və ona yaxın vəziyyətlərdə, eləcədə uzanmış vəziyyətdə olmuşdur. (Cild 1, iş vərəqləri 188-191) İcraat materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi-bioloji ekspertizasının 30 iyul 2021-ci il tarixli 501/2021-MTBŞ nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: O(İ) / şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən/.-, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qısaqol kofta, iki hissəyə ayrılmış lifçik, ətək, bir cüt idman ayaqqabısı və çanta, Təqsirləndirilən şəxs məxsus şalvar, qısaqol köynək, ayaqqabının sağ tayı, iki ədəd pambıq topası və bir ədəd qatlanan bıçaq üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “H” antigeni alındı, Zərərçəkmiş şəxs məxsus qısaqol kofta və iki hissəyə ayrılmış lifçik üzərində həmçinin alfa və beta aqqlyutininləri də alındı. “H” antigeni O(İ) qrupunun əsasını təşkil etdiyi üçün bu qan ləkələri ABO sistemi üzrə Oalfa, beta(İ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər.Təqdim olunmuş Təqsirləndirilən şəxs ayaqqabısının sol tayı üzərində qan aşkar olunmadı.Qərarın təsvir hissəsində əmələ gəlmə müddəti barəsində olan suala hal hazırda dəqiq metodlar olmadığı üçün cavab vermək mümkün olmadı. İcraat materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi-bioloji ekspertizasının məhkəmə-tibbi-kriminalistik ekspertizasının 14 sentyabr 2021-ci il tarixli 343/MTKŞ-2021 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus koftanın ön səthinin orta-yuxarı hissəsində bir ədəd, ön səthinin orta və sağ yarısında çoxsaylı, ön səthinin sol yarısının aşağı hissəsində bir ədəd, arxa səthinin sağ yarısının aşağı hissəsində bir ədəd və yubkanın ön səthinin sağ yarısının yuxarı hissəsində bir ədəd deşilmiş-kəsilmiş zədə var. Bu zədələr iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər.Zərərçəkmiş şəxs məxsus yubkanın ön səthinin sol yarısının yuxarı hissəsində iki ədəd zədə var. Bu zədələr cırılmış zədələrdir, küt mexanizmdən törənmişlər. Zərərçəkmiş şəxs məxsus büsqalterin, bir cüt idman ayaqqabısının (krassovkanın) və çantanın üzərində zədə aşkar edilmədi. Zərərçəkmiş şəxs məxsus koftanın və yubkanın üzərində olan deşilmiş-kəsilmiş zədələrin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsi inkar olunmur. Zərərçəkmiş şəxs məxsus koftanın və yubkanın üzərində olan deşilmiş-kəsilmiş zədələrlə, onun bədəninin döş qəfəsi, qarın və sağ bud nahiyələrində olan xəsarətlər yerləşməsinə və xarakterinə görə bir-biri ilə uyğunluq təşkil edir. Zərərçəkmiş şəxs bədəninin digər nahiyələrində (sol said, mil-bilək nahiyələrindəki xəsarətlər) olan deşilmiş-kəsilmiş xəsarətlər təqdim edilmiş paltarların quruluşundan asılı olaraq (kofta qısaqoldur) paltarlar üzərində əks olunmamışdır. Bu xəsarətlərin eyni bir alətin tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik bir neçə alətin tiyəsinin təsirindən törənməsi inkar olunmur, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən törənməsi də mümkündür. Təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvarın sağ ayağının ön səthinin aşağı hissəsində iki ədəd zədə var. Bu zədələr cırılmış zədələrdir, küt mexanizmdən törənmişlər.Təqsirləndirilən şəxs məxsus köynəyin və bir cüt ayaqqabının üzərində zədə aşkar edilmədi. Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan cib bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmiş, onun təyinatı dəyişdirilməmişdir. (Cild 1, iş vərəqləri 250-255) İcraat materiallarında olan və məhkəmədə tədqiq edilmiş hadisə yerinə - ünvan 2 ünvanına baxış keçirilməsi haqqında protokolda hadisənin baş verdiyi yer ətraflı təsvir edilmiş, baxış zamanı hadisə yerindən götürülmüş 1 ədəd dəstəyinin uzunluğu 10.8 sm, tiyəsinin uzunluğu 8.9 sm olan üzərində qanabənzər ləkələr müşahidə edilən bıçaq, qanabənzər ləkələr hopdurulmaqla 2 ədəd pambıq, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş sarımtıl rəngli üzərində zədə izləri və qanabənzər ləkələr müşahidə edilən, ön tərəfindən üfüqi istiqamətdə ağ və qara xətlər olan, ön hissəsində “French kiss”, boyun hissəsinin iç tərəfində “derin life” sözü yazılmış qısaqol (köynək cərrahiyyə əməliyyatı zamanı ön tərəfdən şaquli istiqamətdə kəsilmişdir) köynək, qara rəngli ön tərəfində zədə izi olan, üzərində qanabənzər ləkələr müşahidə edilən 1 ədəd yubka (yubka cərrahiyə əməliyyatı zamanı kəsilmişdir), qırmızı rəngli ön orta hissədən ikiyə ayrılmış, üzərində qanabənzər ləkələr müşahidə edilən büsqalter, 1 cüt qadın idman ayaqqabısı və 1 ədəd üzərində qanabənzər ləkələr müşahidə edilən çəhrayımtıl rəngli qadın çantası, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş arxa və hər iki yan tərəflərində cibləri olan, üzərində qana bənzər ləkələr müşahidə edilən sarımtıl rəngli şalvar, göy rəngli üzərində şaquli və üfüqi istiqamətli ağ xətlər olan boyunluq hissəsinin iç tərəfində “Ricardo Ricco” “İtaly” “Classic” sözləri yazılmış, ön tərəfdən düymə vasitəsilə bağlanan, sol ön döş hissəsində bir ədəd cibi olan, üzərində qana bənzər ləkələr müşahidə edilən qısa qol kişi köynəyi və 1 cüt dəri materialdan hazırlanmış qara rəngli kişi ayaqqabısı aşkar olunaraq götürülmüşdür. “Respublika Psixiatriya xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş və icraat materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 5799 №-li məktubda (həmin xəstəxanadan alınan 0817/2019 nömrəli xəstəlik tarixi) göstərilmişdir ki, xx.xx.1988-ci il təvəllüdlü, ünvan 3 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs xx.xx.2019xx.xx.2019-cu il tarixdə Respublikası Psixiatriya xəstəxanasında “baş beyin üzvi xəstəliyi nəticəsində yaddaş və intellektin enməsi” diaqnozu ilə müalicədə olmuşdur. (Cild 1, iş vərəqi 146) Şamaxı rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsdən daxil olmuş və icraat materiallarına əlavə edilmiş 07 iyul 2021-ci il tarixli, 465 №-li məktubda göstərilmişdir ki, ünvan 4 ünvanında yaşayan xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Şamaxı RMXnın narkoloji, onkoloji, endikrinoloji kabinetlərində qeydiyyatda yoxdur. Lakin ruhi-əsəb kabinetində “baş beynin üzvi xəstəliyi nəticəsində yaddaş-intelektin enməsi” diaqnozu ilə qeydiyyatdadır. (Cild1, iş vərəq 128) Təqsirləndirilən şəxs Şamaxı rayon məhkəməsinin 21 dekabr 2021-ci il tarixli qərarı ilə prosessual fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş 24 dekabr 2021-ci il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (cild 2, iş vərəqləri 139-140) Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətmişdir. O, hazırda da həmin vəziyyətdədir. Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 477-ci maddəsinin tələblərinə uyğun olaraq onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi barədə qərar çıxarılmalıdır. Eyni zamanda, tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməklə o, ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1-1 və 93.1-1.1-ci maddələrinə əsasən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbir təyin edilir. Həmin Məcəllənin 95.0 və 95.0.3-cü maddələrinə əsasən, məhkəmə psixi pozuntusu olan şəxslərə ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirləri təyin edə bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 477.3-cü maddəsinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Bundan başqa, icraat materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində Şamaxı rayon məhkəməsinin 29 iyun 2021ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, daha sonra həbsdə saxlanılma müddəti uzadılmışdır. Şamaxı rayon məhkəməsinin 21 dekabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs istintaq müddətində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli psixiatriya xəstəxanasına yerləşdirilməklə barəsində xüsusi tibb müəssisəsinə yerləşdirilmə növündə təhlükəsizlik tədbiri tətbiq edilmişdir. Məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri və xüsusi tibb müəssisəsinə yerləşdirilmə təhlükəsizlik tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qərar ləğv edilməli, onun barəsində seçilmiş xüsusi tibb müəssisəsinə yerləşdirilmə təhlükəsizlik tədbiri hazırkı qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, icraat materialları üzrə maddi sübutlar – istintaq zamanı götürülmüş 1 ədəd bıçaq, qanabənzər ləkələr hopdurulan 02 ədəd pambıq tampon, eləcə də yarasız hala düşmüş geyim əşyaları: Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 ədəd qısaqol köynək, 01 ədəd yubka, 01 ədəd büsqalter, 01 cüt qadın idman ayaqqabısı, 01 ədəd qadın çantası, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 ədəd şalvar, qısa qol köynək və 01 cüt kişi ayaqqabısı məhv edilməlidir. Məhkəmə gəldiyi nəticələri "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın ədalətli məhkəmə araşdırılması hüququndan və qanunsuz cəzalandırılmamaqdan bəhs edən 6 və 7-ci maddələrinin tələblərinə uyğun hesab edir. Belə ki, Konvensiyanın həmin maddələrinə əsasən hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Heç kəs törədildiyi zaman milli və ya beynəlxalq hüquqa görə cinayət sayılmayan hər hansı hərəkət və ya hərəkətsizliyə görə cinayət törətməkdə təqsirli hesab edilə bilməz. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 348.2, 383-385, 468, 472-473, 477-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1-1.1-ci və 95.0.3-cü maddələri tətbiq edilməklə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, məcburi qaydada ixtisaslaşdırılmış psixiatriya stasionarında müalicə edilsin. Bu qərarın ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə ilə bağlı hissədə icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qərar ləğv edilsin, onun barəsində seçilmiş xüsusi tibb müəssisəsinə yerləşdirilmə növündə təhlükəsizlik tədbiri hazırkı qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İcraat materialları üzrə maddi sübutlar – istintaq zamanı götürülmüş 1 ədəd bıçaq, qanabənzər ləkələr hopdurulan 02 ədəd pambıq tampon, eləcə də yarasız hala düşmüş geyim əşyaları: Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 ədəd qısaqol köynək, 01 ədəd yubka, 01 ədəd büsqalter, 01 cüt qadın idman ayaqqabısı, 01 ədəd qadın çantası, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 ədəd şalvar, qısa qol köynək və 01 cüt kişi ayaqqabısı məhv edilməlidir. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar