Məhkəmə qərarları › İş №1(124)-196/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-196/2024

18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-196/2024 18.04.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1977-ci ildə Sumqayıt şəhərində doğulmuş, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanması, daşınması və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı Aydın adlı şəxslə və qeyriləri ilə istifadəsində olan “Samsung J2” markalı mobil telefon avadanlığında quraşdırılmış “Whatsapp” proqram təminatından istifadə etməklə əlaqə saxlayıb əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında bu məqsədlə xx.xx.2023-cü il tarixdə İran İslam Respublikası vətəndaşı Aydın adlı şəxslə danışıqlar apararaq cinayətkar niyyətin həyata keçirilməsi üçün İran İslam Respublikası vətəndaşı Aydın adlı şəxsin istintaqa məlum olmayan qeyriləri vasitəsilə qanunsuz olaraq satış məqsədilə külli miqdarda, 1(bir) bükülüdə, təmiz çəkisi 1.185,0 qram olan bitki mənşəli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı Suraxanı rayonu ərazisində qoydurması, həmin narkotik vasitə qurudulmuş marixuananı götürdükdən sonra başqa şəxslərin götürməsi üçün Sumqayıt şəhəri ərazisində qoyub həmin yerin fotoşəkilini çəkərək məkan yeri ilə birlikdə sonuncuya göndərməsi, bunun müqabilində sonuncunun onun üçün 400 qram qurudulmuş marixuana qoyduracağı və əlavə də pul göndərəcəyi ilə bağlı razılığa gəldikdən sonra, sonuncunun ona “Whatsapp” proqram təminatı vasitəsi ilə göndərdiyi məkan əsasında həmin tarixdə axşam saatlarında qeyd olunan ərazini müəyyən edib 1(bir) bükülüdə, təmiz çəkisi 1185,0 qram narkotik vasitə qurudulmuş marixuananı Suraxanı rayonu ərazisində qoyulduğu yerdən götürərək başqa şəxslərin əldə etməsi üçün Sumqayıt şəhəri ərazisində qoyması məqsədi ilə üzərində daşımaqla saxlamış və xx.xx.2023-cü il tarixdə narkotik vasitə qurudulmuş marixuananı əldə etməsi barədə İran İslam Respublikası vətəndaşı Aydın adlı şəxsə bildirdikdən sonra sonuncunun ona əldə etdiyi qurudulmuş marixuananı qoyacağı yerin fotoşəkilini və məkan yerini göndərib həmin yerə qoyması və əvvəlcədən razılaşdıqları kimi onun üçün qoyduracağı qurudulmuş marixuananı həmin yerdən götürməsi ilə bağlı razılaşdıqdan sonra İran İslam Respublikası vətəndaşı Aydın adlı şəxsin “Whatsapp” proqram təminatı vasitəsi ilə ona göndərdiyi fotoşəkil və ərazini işarəliyib göndərdiyi məkan əsasında həmin ərazini müəyyən edib başqa şəxslərin əldə etməsi üçün qoyması məqsədilə narkotik vasitə qurudulmuş marixuananı üzərində daşımaqla saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 20:05 radələrində DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 13-cü mkr, 42 saylı binanın yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmiş və şübhəli şəxs qismində tutulduqdan sonra üzərində keçirilən şəxsi axtarış zamanı sağ əlində saxladığı selofan torbadan, 1 ədəd bağlamada külli miqdarda təmiz çəkisi 1.185,0 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, İran İslam Respublikasının vətəndaşı olan Aydın adlı şəxs ilə əlaqə saxlayaraq, ondan şəxsi istifadəsi üçün 100 qram miqdarında narkotik vasitə sifariş etmişdir. Bakı şəhəri, Suraxanı rayonu ərazisindən sifariş etdiyim narkotik vasitəni götürmüşdür. Lakin, narkotik vasitənin miqdarı onun sifariş etdiyindən çox idi. Evə gəldikdən sonra İran İslam Respublikasının vətəndaşı ilə əlaqə saxlamış, narkotik vasitənin miqdarının sifariş etdiyindən çox olduğunu bildirmişdir. Həmin şəxs ona ünvanın səhv deyildiyini və götürdüyü narkotik vasitəni onun deyəcəyi ünvana qoymağını, bunun müqabilində ona pul verəcəyini və onun sifariş verdiyi 100 qram miqdarında narkotik vasitənin də qoyacağı həmin ünvanda olacağını bildirmişdir. 05 fevral 2023-cü il tarixdə təxminən saat 20:00 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində təxminən 8-9 nəfər polis əməkdaşı ona yaxınlaşaraq, onu tutmuşlar. Həmin vaxt aşkar olunan narkotik vasitə onun üzərində idi. İran İslam Respublikasının vətəndaşı olan şəxs narkotik vasitənin 800 qram miqdarında olduğunu demişdi. Lakin, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra miqdarı ölçüldükdə təxminən 1,2 kiloqram olduğu müəyyən edilmişdir. Polis əməkdaşları tərəfindən ona heç bir təzyiq olunmamışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini, narkotik maddələrin satışı ilə məşğul olmadığını, yalnız özünə qəbul etdiyini bildirərək göstərmişdir ki, təxminən 20 ilə yaxındır ki, narkotik vasitə olan qurudulmuş marixuananı çəkməklə qəbul edir. Polis işçiləri tərəfindən tutulmazdan təxminən 2 ay yarım əvvəl Binəqədi rayonu ərazisində Ekologiya postunun yaxınlığında yerləşən çayxananın yanında olan zaman təsadüfən özünü Aydın kimi təqdim edən İran vətəndaşı ilə tanış olmuş, söhbət zamanı aralarında səmimiyyət yaranmış, Aydın "TİR" sürücüsü olduğunu və Azərbaycana polietilen məhsulları gətirdiyni demiş, o da Aydına qurudulmuş marixuana istifadə etdiyini demiş, Aydın ona heroin, qurudulmuş marixuana və metamfetamin təşkil edə biləcəyini demiş, o, Aydına yalnız qurudulmuş marixuana istifadə etdiyini bildirmiş, Aydın qoyduracağı yerlərdən qurudulmuş marixuana götürüb dediyi digər yerə qoymağı müqabilində ona pul və qurudulmuş marixuana verə biləcəyini dedikdə o, Aydınla razılaşmışdır. Aydına istifadə etdiyi ***-***-**-**, ***-***-**-** nömrələrini vermiş və ***-***-**-** saylı nömrəsinin Whatsappı ilə Aydının +**********25 nömrəsi əlaqə saxlayırmış, Aydının nömrəsini istifadə etdiyi "Samsung J2" markalı mobil telefonunda "Aydın Mm" adı ilə qeyd etmişdir. Təxminən 1 ay əvvəl Aydınla əlaqə saxlayan zaman Aydın ona qoydurduğu yerdən qurudulmuş marixuana götürüb dediyi digər yerə qoymağı müqabilində özünə də biraz qurudulmuş marixuana götürməyini və 100 manat pul göndərəcəyini demiş, o,da həmin qurudulmuş marixuanadan biraz özünə götürmüş və qalan hissəsini Sumqayıt şəhəri, 4-cü mkr ərazisində yerləşən "ATS"in yanında ağacın dibinə qoyub fotoşəklini çəkib konumu ilə birlikdə Aydına göndərmiş, Aydın ödəmə terminalı vasitəsilə onun adına 100 manat pul göndərmişdir. xx.xx.2023-cü il tarixdə Aydın ona votsapda zəng edərək Bakı şəhəri köhnə Suraxanı ərazisində 1 bağlamada qurudulmuş marixuana qoydurduğunu və həmin yerin fotoşəklini ona göndərərək həmin 1 bağlamada olan qurudulmuş marixuananı götürdükdən sonra digər şəxslərin götürməsi üçün başqa yerlərə qoyub həmin yerin fotoşəkillərini çəkərək məkan yeri ilə birlikdə ona göndərməyini demiş, o, Aydına yalnız Sumqayıta narkotik vasitəni qoya biləcəyini, narahat olmamasını deyərək razılaşmışlar. O, da, xx.xx.2023-cü il tarixdə axşam saatlarında sifariş etdiyi tanımadığı taksi ilə Aydının ona məkan yerini göndərdiyi yerə gedərək oradan 1 ədəd qara rəngli selofan torbada qurudulmuş marixuananı götürüb Sumqayıta gəlmiş və həmin bağlamanı yaşadığı binanın yanında qarajların arxasında gizlətmişdir. xx.xx.2023cü il tarixdə səhər saatlarında Aydına səs ataraq qurudulmuş marixuananı götürdüyünü demiş, Aydın ona götürdüyü qurudulmuş marixuana bağlamasını açmadan Sumqayıtda deyəcəyi yerə qoymağını, özünün digər tanışları vasitəsilə onun üçün 400 qram qurudulmuş marixuana həmin yerə qoyduracağını və əlavə də pul göndərəcəyini demiş, o, Aydınla razılaşmışdır. Bir qədər sonra Aydın ona votsapda marixuananı qoyacağı yerin fotoşəkilini və məkan yerini göndərib onun(Aydımn) qurudulmuş marixuanasını oraya qoymağını və onun üçün qoyduracağı qurudulmuş marixuananı götürməyini tapşırmışdır. Həmin gün günortadan sonra Aydın ona qurudulmuş marixuananı qoyacağı yerin fotoşəklini və məkan yerini göndərmişdir. O, da hava qaraldıqdan sonra saat 19:30 radələrində qarajların arxasından gizlətdiyi 1 ədəd selofan torbada olan qurudulmuş marixuananı götürüb Aydının ona məkan yerini göndərdiyi Sumqayıt şəhəri, 13-cü mkr, 42 saylı binanın yanma gəlmiş və Aydına səs ataraq orada olduğunu demişdir. Aydın səbrli olmağını, ona çatası qurudulmuş marixuananı dediyi yerə qoyduracağını deyərək təkrarən narkotiki qoyacağı yerin fotoşəklini göndərib fotoşəkildəki yaşayış binasının 1-ci mərtəbəsinin balkonunun aşağı hissəsində daşın altında onqa çatası qurudulmuş marixuana qoydurduğunu, onda olan qurudulmuş marixuananı oraya qoyub özümün qurudulmuş marixuanasını götürməyini demişdir. O, da həmin yerdə bir qədər gözləyib deyilən yerə yaxınlaşmış, lakin orada ona çatası qurudulmuş marixuana olmamış və həmin yerdən uzaqlaşmaq istəyərkən 2 nəfər mülki geyimdə olan şəxslər onu əlində saxladığı içərisində qurudulmuş marixuana olan selofan torba ilə saxlamış və Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər, onun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək barəsində keçirilən əməliyyat-axtarış tədbirləri ilə bağlı qərarla tanış etmişlər və üzərində şəxsi axtarış keçirilməsi məqsədilə Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Müdafiəçi ilə təmin olunduqdan sonra üzərində iştirakçıların iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmadığı soruşulan zaman o, əynində olan şalvarının sağ yan cibindən "Samsung J2" markalı mobil telefonunu və ümumilikdə 6 manat pulu çıxarıb təqdim etmiş, pulu özünə qaytarılmış, mobil telefonu isə götürülmüş, daha sonra isə sağ əlində saxladığı qara rəngli selofan torbanı təqdim etmiş və verilən suallara cavab olaraq həmin selofan torbanın içərisində qurudulmuş marixuana olduğunu demişdir. Selofan torbanın içərisinə baxılanda şəffav yapışqan lentlə bükülmüş qara rəngli selofan bükülü aşkar olunmuş, həmin bükülünün içərisinə baxılanda qurudulmuş marixuana aşkar olunmuşdur. Həmin bükülüdə olan qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş, olduğu selofan bükülü ilə birlikdə çəkisi 1 kq 290 qram olmuşdur. (Cild 1, iş vərəqləri 46-49,60-62,165-166,176-178) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib Sumqayıt şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən hal ilə bağlı dərhal əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilən əməliyyat tədbirləri nəticəsində 05 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən 42 saylı binanın yaxınlığında saxlanılmışdır. Həmin vaxt onun əlində sellofan torba var idi. Xidməti vəsiqələrimizi Təqsirləndirilən şəxs göstərib özümüzü ona təqdim etdik və Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq satış məqsədi ilə əldə etməsi və Sumqayıt şəhəri ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğu barədə məlumat verərək onu Sumqayıt Şəhər Polis İdarəsinə dəvət etdik. Müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə ona üzərində olan qanunsuz vasitələri təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əlində olan sellofan torbanı təqdim etmişdir. Təqdim etdiyi sellofan torbanın içərisindən təxminən 1,2 kiloqram miqdarında marixuana növündə narkotik vasitə aşkar olunmuşdur. Həmin narkotik vasitələr barədə soruşduqda, onları Aydın adlı İran İslam Respublikasının vətəndaşı olan şəxsdən ona deyəcəyi yerlərə qoyulması üçün aldığını və onları Bakı şəhəri, Suraxanı rayonu ərazisindən götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs bunun müqabilində 200 manat məbləğində pul əldə edəcəyini də qeyd etmişdir. Təqsirləndirilən şəxs saxlanılması əməliyyatı zamanı ona qarşı heç bir təzyiq göstərilməmiş və onun tərəfindən də heç bir müqavimət göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib Sumqayıt şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən hal ilə bağlı dərhal əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən 42 saylı binanın yaxınlığında saxlanılmışdır. Həmin vaxt onun əlində sellofan torba var idi. Xidməti vəsiqələrini Təqsirləndirilən şəxs göstərib özlərini ona təqdim etmiş və Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq satış məqsədi ilə əldə etməsi və Sumqayıt şəhəri ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğu barədə məlumat verərək onu Sumqayıt Şəhər Polis İdarəsinə dəvət etdik. Müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə ona üzərində olan qanunsuz vasitələri təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əlində olan sellofan torbanı təqdim etmişdir. Təqdim etdiyi sellofan torbanın içərisindən təxminən 1,2 kiloqram miqdarında marixuana növündə narkotik vasitə aşkar olunmuşdur. Həmin narkotik vasitələr barədə soruşduqda, onları Aydın adlı İran İslam Respublikasının vətəndaşı olan şəxsdən ona deyəcəyi yerlərə qoyulması üçün aldığını və onları Bakı şəhəri, Suraxanı rayonu ərazisindən götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs bunun müqabilində 200 manat məbləğində pul əldə edəcəyini də qeyd etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Şəxsi axtarış keçirilməsi haqqında” 05 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən çıxartdığı üzərində ***-***-**-** və ***-***-**-** saylı nömrələri olduğunu bildirdiyi "Samsung J2" markalı mobil telefonunu və sağ əlində saxladığı qara rəngli sellofan torbanı təqdim etmiş, qara rəngli sellofan torbaya baxış keçirilən zaman içərisində şəffaf yapışqan lentlə bükülmüş 1 ədəd qara rəngli bağlamada tünd yaşıl rəngli kəskin iyli narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar olunmuşdur. (Cild 1, iş vərəqləri 29-32) “Şəxsi axtarış keçirilməsi” haqqında 05 oktyabr 2022-ci il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış bununla bağlı 01 ədəd disk iş materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı və mənzilə baxış zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika Narkoloji Mərkəzi X6" tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 844 nömrəli rəyindən görünür ki, müayinə zamanı X2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 122-123) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə-bioloji ekspertizasının 06 fevral 2023-cü il tarixli 7/173 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs əlində saxladığı selofan torbadan aşkar edilmiş kütlə..." yazı və imzalar olan 1 ədəd selofan bağlamada 1 ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış qara rəngli polietilen bağlamada təmiz çəkisi 1185,0 qram bitki mənşəli kütlə çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (Cild 1, iş vərəqləri 38-40) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən “Mobil telefona baxış keçirilməsi barədə” 07 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş üzərində ***-***-**-** və ***-***-**-** mobil nömrələri olan "Samsung J260F" markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı telefonun ***-***-**-** saylı nömrənin "Whatsapp" proqram təminatına daxil olduqda orada İran İslam Respublikasının mobil operatoruna məxsus +98 936-764-3125 nömrəsinin "Aydin Mm" adına yaddaşa qeyd olunduğu görünür. Mesaj qutusuna daxil olduqda orada "Aydin Mm" profil ilə - Təqsirləndirilən şəxs profili arasında olan danışıqları görünür. ("Aydin Mm" profilin adı mətində "AM" hərfi ilə, Təqsirləndirilən şəxs profili isə gələcəkdə "V" kimi qeyd olunmuşdur). Mesaj qutusuna baxdıqda orada: xx.xx.2023-cü il tarixdə saat 10:44-də "V" adlı şəxs "A" adlı şəxsə "Sabahın xeyr Aydın, necəsən. Dünən götürdüm. Dünən evə gec getdim deyənə dadına baxmadım. Ancaq belə baxdım tozludu, tozdu şeydi, olsun e tozdu, problem yoxdu, əsas odur keyfiyyətli olsun, indi işdəyəm, işdən çıxandan sonra gedib yoxluyacam, görüm nədir nə dör, prob eliyim. Birdə deyirdinee 200 qram atmalısan kiməsə, problem deyil qaqa ürəyin istəyirsə özün danışarsan həmin adamla axşam ataram. Amma mən Sumqayıta atacamaa, qırağa atan deyiləm. Birdə mənə başa sal, onu atırsan necə edirsən, birdən ikidən belə şey eləməmişəm, problem deyil, sənə görə ataram.” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023-cü il tarixdə saat 17:48-də "A" adlı şəxs "V" adlı şəxsə " 500 qrama səkkiz yüz neçə qram götürmüsən sən, o da zəif güldü, mənim adamım Sumqayıtda bir ikin nəfərə mal atır, sən o, malı səhv götürmüsən, mən onu qoy ora, mənim adamım hələ orda 2-3 nəfərə mal atır, sən onu ağzı bağlı qoy ora, sənə 400 qram gül bağlıyıblar qoyarlar ora, sənə onu götür get" xx.xx.2023-cü il tarixdə saat 17:49-da "A" adlı şəxs "V" adlı şəxsə "sənin malını Sumqayıtda qoyduracam". xx.xx.2023-cü il tarixdə saat 17:49-da "V" adlı şəxs "A" adlı şəxsə "Aydın işənin canını yeyim, problem yoxdu,sənə qurban olaram, mən nə bilim mənə oranı göstərdin mən də götürdüm, problem yoxdu, indi mən nə edim, mənə de görüm." xx.xx.2023-cü il tarixdə saat 17:49-da "A" adlı şəxs "V" adlı şəxsə "sənə axşam demişəm ki, malın götürdün, malı çek mənə de. Malıda çəkməmisən, götürüb qoymusan ora.” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023-cü il tarixdə saat 17:51 -də "A" adlı şəxs "V" adlı şəxsə" mənim adamım indi konum şəkil atır, sən malı ağzı bağlı qoy ora, öz malını götür, mənim də malımı qoy ora" məzmunlu səsli mesaj göndərib. xx.xx.2023-cü il tarixdə saat 17:51 -də "A" adlı şəxs “V" adlı şəxsə “məkan” bildirən məlumat göndərir. xx.xx.2023-cü il tarixdə saat 17:51-də "A" adlı şəxs "V" adlı şəxsə göndərmiş foto şəkildə “yaşayış binasının 1 -ci mərtəbəsinin balkonunun aşağı hissəsi yaşıl rəngli dairə ilə işarələnmişdir. xx.xx.2023-cü il tarixdə saat 17:51 -də "A" adlı şəxs "V" adlı şəxsə "sən mənim malımı qoy bura, öz malıvıda burdan götür çıx get” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023-cü il tarixdə saat 17:53-də "V" adlı şəxs, "A" adlı şəxsə "qaqa problem yoxdu, indi girmişəm evə, çay içim şey eliyəcəm” və “Aydın qaqa məndə günah yoxdu mənə oranı qeyd elədi məndə ordan götürdüm” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023-cü il tarixdə saat 17:54-də "A" adlı şəxs "V" adlı şəxsə " başına dolanım üzrlü hesab elə, bunların hamısının əvəzini qardaşın çıxar, o gül səkkiz yüz neçə qramdır, demişdim onu bağla verim o,gül yiyəsinə, o biraz zəifdi. Götürüb onu "ectimai" atıb sənə. Şən mənə dedinee bu çox ağırdı. Mən hələ bunu 500 qram bilirdim. Sənə demişdim bunu çəkginən mənə deginən. Səndə çekmədin. Apardın evə, dedim neynəy sabah deyəcək mənə birdəfəlik nə qədərdir, ona görə indi baxıram görürəm ki o 3-4 dənə mah "ectimai" atıb səhv atıb” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023-cü il tarixdə saat 17:55-də "A" adlı şəxs "V" adlı şəxsə "səndə günah yoxdu, üzrlü hesab elə, mənim malımı ağzı bağlı qoy ora, sonra qayıt öz malıvı götür get” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023-cü il tarixdə saat 17:55-də "V" adlı şəxs "A" adlı şəxsə" mən bəs hardan götürəcəm, qaqa mənim malım da ordadı?, həmin yerdədi ?” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023-cü il tarixdə saat 17:56-də "A" adlı şəxs "V" adlı şəxsə "Mənim malımı qoyassan ora. Sonra öz malıvı ordan götürüb gedəcəksən. Səndən sonra 2-3 dənə ünvanım var. Dedim gətirib orda atarlar. Bir qardaş var o atır. Sən mənim malımı ağzı bağlı qoy ora nə cür götürübsən, öz malıvı götür get.” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023-cü il tarixdə saat 17:56-də "V" adlı şəxs "A" adlı şəxsə " oldu qaqa, sənin qadanı alaram,problem yoxdu, prosta klyonkası deşik-deşik idi, başqa klyoka qoymuşam,qara klok tapıb şey eliyim tullayacam, sözün düzünə qalsa əl vurmamışam, qardaşcanı, problem yoxdu, gətirib qoyaram ora” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023-cü il tarixdə saat 17:58-də "A" adlı şəxs "V" adlı şəxsə " işində ol mənə deyərsən, çölə çıxdın mənə deyərsən, mən də o, adama deyərəm malını qoyar ora, qoy biçıqqılı qaranlaqlasın qoyarsan ora, ürəyim sənə qurban işində ol, mənimdə başqa yerdə işim var, başım çox şuluqdu ” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023-cü il tarixdə saat 17:59-da "V" adlı şəxs "A" adlı şəxsə " oldu qaqa, sənin başma dönərəm, problem yoxdu” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023-cü il tarixdə saat 18:59-da "A" adlı şəxs "V" adlı şəxsə " nə xəbər olddu, başına dolanaram biraz tez ol, mənim adamım tələsir,, bakıya gedir, sənin bu işinə görə qalıb” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023-cü il tarixdə saat 19:01-də "A" adlı şəxs "V" adlı şəxsə " haçan gedirsən, mən də deyim onu yerbəyer eləsin, malını qoysun ora, day gəlib qalmıyasan, malını götürərsən mənim malımı qoyarsan ora” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023-cü il tarixdə saat 19:18-də "V" adlı şəxs "A" adlı şəxsə " Aydın noldu tulladı malı ora? qoyub ora mah? gedim məndə qoyum öz malımı götürüm” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023-cü il tarixdə saat 19:19-də "A" adlı şəxs "V" adlı şəxsə " ora sən haçan gedəndə de mənə qoydurum ora, gedib orada qalmıyasan, ora sən getdin mənə de qoydurum” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023-cü il tarixdə saat 19:19-də "V" adlı şəxs "A" adlı şəxsə "qaqa mən uje burdayam. Gəlib çatmışam konum atdığın yerə, mənə xəbər elə axtarım tapım oranı” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023-cü il tarixdə saat 19:21 -də "A" adlı şəxs "V" adlı şəxsə " sən ordasansa səbrli ol malı qoydurum ora. Özünkünü götür mənimkini qoy ora” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023-cü il tarixdə saat 19:21 -də "A" adlı şəxs “V" adlı şəxsə “məkan” bildirən məlumat göndərir. xx.xx.2023-cü il tarixdə saat 19:23-də "V" adlı şəxs "A" adlı şəxsə "sən mənə təzdən konum göndərmisən. O nə konumdu elə” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023- cü il tarixdə saat 17:51 -də "A" adlı şəxs "V" adlı şəxsə göndərmiş foto şəkildə “yaşayış binasının 1-ci mərtəbəsinin balkonunun aşağı hissəsində yaşıl rəngli işarələnmiş yaşıl rəngli ox işarəsi. xx.xx.2023-cü il tarixdə saat 17:24-də "A" adlı şəxs "V" adlı şəxsə göndərmiş foto şəkildə “yaşayış binasının birinci mərtəbəsinin altı yaşıl rəngli dairə ilə işarələnmişdir. xx.xx.2023-cü il tarixdə saat 19:24-də "A" adlı şəxs "V" adlı şəxsə " binanın altındakı şəkildə” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023-cü il tarixdə saat 19:25-də "V" adlı şəxs "A" adlı şəxsə " bildim binanın altıdı, mal orda hazırdı gedim bunu qoyub özümkünü götürüm?” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023-cü il tarixdə saat 19:25-də "A" adlı şəxs "V" adlı şəxsə "hazırdı sən qoy ora” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023- cü il tarixdə saat 19:27-də "A" adlı şəxs "V" adlı şəxsə "binanın altında daşın altındadı, onu qoy ora onu götür” məzmunlu səsli mesaj göndərib. xx.xx.2023-cü il tarixdə saat 19:48-də "A" adlı şəxs "V" adlı şəxsə "mənə bir cavab verdə. Bəs nooldu. Mənim adamım qalıb orda, cavab ver” məzmunlu səsli mesaj göndərib. Baxış zamanı Təqsirləndirilən şəxs həmin telefonda olan ***-***-**-** saylı nömrənin Whatsapp proqram vasitəsi ilə mobil nömrəsi +98 936-764-3125 olan “Aydin Mm” adlı profili ilə adını mobil telefonuna qeyd etdiyi Aydın adlı İran vətəndaşı ilə sonuncunun qoydurduğu yerdən qurudulmuş marixuananı götürməyi və başqa şəxslərin götürməsi üçün Sumqayıt şəhərində qoyub həmin yerin fotoşəkilini çəkərək məkan yeri ilə birlikdə Aydına göndərməyi, bunun müqabilində ona da 400 qram qurudulmuş marixuana qoyduracağı və əlavə də pul göndərəcəyi ilə razılaşdığını, sonradan Aydın onda olan qurudulmuş marixuananı qoyacağı yerin fotoşəkilini və məkan yerini göndərib Aydının qurudulmuş marixuanasını həmin yerə qoymağı və onun üçün qoyduracağı qurudulmuş marixuananı götürməyi ilə razılaşdığını “Whatsapp” proqram vasitəsi ilə "Aydin Mm”-lə mesajlaşma aparan şəxsin özü olduğunu bildirmişdir. (Cild 1, iş vərəqləri 63-69) Cinayət işi materiallarında olan “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” 08 may 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirərkən xx.xx.2023-xx.xx.2023-cü il tarixli aralıqda olan aşağıdakı məzmunda SMS-lər aşkar olunmuşdur. Cild 1, iş vərəqləri 137-140) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi, cinayət əməllərinin hüquqi tövsifi, cinayət işi materiallarından başqa cinayət işinin ayrılması haqqında” 10 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1184,95 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərindən götürülmüş “Samsung J2” markalı mobil telefon maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. 03 ədəd disk maddi sübut kimi tanınmaqla iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 145-159) Məhkəmə, təqsirləndirilən şəxsin narkotik vasitənin satış məqsədi ilə deyil şəxsi istifadəsi üçün saxlaması, daha az miqdarda narkotik vasitə sifariş etməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi işin obyektiv hallarına uyğun olduğundan, həmin ifadə daha səmimi ifadə və mötəbər sübut kimi qəbul olunmalıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2001-ci il tarixdə Ağdam Hərbi Məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs barəsində 05 il azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM 70.1-ci maddəsinə əsasən 2 il sınaq müddəti ilə şərti hesab edilmişdir. (Cild 1, iş vərəqləri 109-110) Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinin “məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir” tələbinə əsasən hazırki iş üzrə təqsirləndirilən şəxsi məhkumluğu olmayan şəxs kimi tanıyır. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən Siruz Səmədliyə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yanaşı Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə ittiham verilmişdir. Dövlət ittihamçısı yekun nitqində təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməli, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarlarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X5 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin, tiryək «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr» in siyahısına daxildir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 05 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 07 fevral 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 84-85) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 05 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan 1.184,95 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İş materiallarına əlavə edilmiş “Samsung J2” markalı mobil telefon təqsirləndirilən şəxsin özünə və ya yaxın qohumlarından birinə qaytarılmalıdır. 03 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 88 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 05 fevral 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan 1.184,95 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş materiallarına əlavə edilmiş 01 ədəd “Samsung J2” markalı mobil telefon təqsirləndirilən şəxsin özünə və ya yaxın qohumlarından birinə qaytarılsın. 03 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 88 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar