Məhkəmə qərarları › İş №1(124)-196/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-196/2025

12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-196/2025 12.02.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, X1 (sədrlik edən), X4 və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi - X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs - xx.xx.1996-cı il tarixdə Xaçmaz rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Xaçmaz rayonu, Bay Oba kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır kəndi, Zaur Həsənzadə küçəsində nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 23 aprel 2024-cü il tarixdə, saat 20:00 radələrində Abşeron rayonu, Əliağa Vahid küçəsində yerləşən “Azərpoçt”un 2 saylı poçt şöbəsi yaxınlığında, küçədə tanışı Zərərçəkmiş şəxs onun bacısının mobil telefonuna mesaj yazması səbəbindən, şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı evdən götürdüyü, üzərində olan bıçaqla sonuncunun qarın nahiyəsinə qəsdən bir dəfə vuraraq, ona qarının ön divarının sağda bir ədəd boşluğa nüfuz edən, mədə divarının zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1 -ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, o, Zərərçəkmiş şəxs əvvəlcədən tanımamışdır. Qismətin onlara elçi gəlmək istədiyini və bacısı Ayşəni almaq istədiyini eşitmiş, lakin, buna razılıq verməmişdir. xx.xx.2024-cü il tarixdə Qismətin ailəsi onlara gəlmişlər və bacısını almaq istədiklərini anasına və ona bildirmişlər. O onlara bacısını verməyəcəyini bildirmiş və həmin şəxslər çıxıb getmişlər. xx.xx.2024-cü il tarixdə səhər saatlarında bacısının telefonunu götürüb işə gedərkən yolda telefona baxdıqda Qismətin bacısına ismarıc yazdığını görmüşdür. Qismətə zəng edərək nə səbəbə bacısına yazdığını, qəti surətdə bacısını ona verməyəcəyini bildirmiş və ona görüş təklif etmişdir. Həmin gün axşam saatlarında görüşmək istədiyini bildirmişdir. Daha sonra həmin gün axşam 20:00 radələrində Qismətdən harada olduğunu soruşmuş, Qismət ona cavab olaraq yeməyini yeyib evdən çıxacağını bildirmişdir. O hər ehtimala evin mətbəx hissəsindən mətbəx bıçağı götürərək cibinə qoymuş və Qismətlə görüşə getmişdir. Qismətlə Masazır dairəsi yaxınlığında olan Azərpoçt filialının qarşısında görüşmüşlər. Qismət görüşə bibisi oğlu Rövşən və adını bilmədiyi digər qohumu ilə gəlmişdir. Qismətlə birlikdə həmin şəxslərdən kənara çəkilərək ondan nə səbəbə bacısına yazdığını soruşduqda o cavab olaraq bacısı ilə evlənmək istədiyini bildirmişdir. Bu səbəbdən aralarında sözlə mübahisə baş vermiş, o ondan bacısının nömrəsinin onda haradan olduğunu soruşduqda Qismət cavab olaraq "o sənin ailənin problemidi" ifadəsini işlətmişdir. Bu səbəbdən o əsəbləşərək qabaq sağ cibinə qoyduğu bıçağı cibindən çıxararaq bir dəfə Qismətin qarın nahiyəsindən vurmuş, bu zaman Qismət qarnını tutaraq arxaya çəkilmişdir. O da geri çəkilərək bıçağı yerə atmış və sonra Qismətdən bıçağın ona batıb-batmadığını soruşduqda onun adını bilmədiyi qohumu bıçağın batdığını bildirmişdir. Bundan sonra Qismətin yanında gələn tanımadığı qohumu onu götürərək xəstəxanaya getdmişdir. Daha sonra mübahisənin böyüməməsi üçün o oradan uzaqlaşıb DİN-in 102 xidmətinə zəng edərək məlum məzmunda məlumat vermiş və Polis əməkdaşları gələrək onu polis idarəsinə dəvət etmişlər. O, Qisməti qorxutmaq üçün, onları bir daha narahat etməməsi üçün bıçaqla vurduğunu, onu vurmaq niyyətinin olmadığını, həmin vaxt ona bıçağı yüngül toxundurmaq istədiyini, xəsarət yetirmək fikrinin olmadığını əlavə etmişdir. Qismətlə dalaşdıqdan sonra o bıçaqla ona xəsarət yetirdiyini görüb bıçağı həmin yerin yaxınlığına atdığını, dəqiqliklə hara atdığını xatırlamadığını bildirmişdir. Həmçinin təqsirləndirilən Əmrah Haşimov zərərçəkmiş şəxslə barışdığını, sonuncunun ondan heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq məhkəmədən barəsində həbslə əlaqədar olmayan cəza təyin etməsini xahiş etdi. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi onun özünü etirafedici ifadəsilə yanaşı aşağıdakı sübutlarla təsdiq olundu. Belə ki, məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, o, təxminən bir il əvvəl Abşeron rayon Masazır kəndində Ayşən adlı qızla tanış olmuşdur. İlk başlarda araları yaxşı olsa da, sonradan Ayşənlə münasibətləri pisləşmişdir. Münasibətlərinin pisləşməsinə səbəb isə onun ailəsinin Ayşənin ailəsigilə elçi gedib imtina cavabı alması olmuşdur. xx.xx.2024-cü il tarixdə Ayşənlə danışarkən ona bildirmişdir ki, onunla ailə həyatı qurmağa razıdır, lakin qardaşı buna imkan vermir. xx.xx.2024-cü il tarixdə onun qardaşı Əmrah ona zəng edərək, bacısına niyə mesaj yazdığını soruşmuş, o isə ona bildirmişdir ki, bacısı ilə ciddi münasibəti var, ailə qurmaq istəyir. Bu zaman Əmrah ona kobud şəkildə cavab verərək, harda olduğunu soruşmuş və onunla görüşmək istədiyini bildirmişdir. O, Əmrahla görüş yeri təyin edib, Abşeron rayon Masazır kəndində poçtun yanında görüşəcəklərini bildirmişdir. Həmin gün Elmin və Rövşənlə görüşüb adı çəkilən yerə getdikdə Əmrah orada olmuşdur. O Əmrahla kənara çəkilib söhbət etməyə başlamış, söhbət zamanı Əmrah ona bacısı ilə ailə həyatı qurmayacağını bildirmiş, o isə onu razı salmağa çalışmışdır. Bu zaman anidən Əmrah belində olan bıçağı çıxararaq onun sinə nahiyəsindən bir qədər aşağı hissəyə bir dəfə bıçaq zərbəsi vurmuşdur. O özünü itirib yerə yıxılmış, bu zaman orada olan qohumları yaxınlaşıb Əmrahı ondan uzaqlaşdırmışlar. Onu isə köməkləşib yerdən qaldırıb Abşeron rayon Mərkəzi Xəstəxanasına aparmışlar. O mübahisənin təxminən söhbətə başladıqdan 5 dəqiqə ərzində baş verdiyini, nə Əmrahın nə də onun bir-birlərinə qarşı nalayiq ifadə işlətmədiyini, əmrahın onu vurduqdan sonra həmin bıçağı kənara atdığını, hadisə zamanı üzərində olan paltarların həkimlər tərəfindən atıldığını bildirmişdir. Həmçinin zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsinin davamında təqsirləndirilən Təqsirləndirilən şəxs bağışladığını ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki o, xx.xx.2024-cü il tarixdə əmisi oğlu Zərərçəkmiş şəxs və bibisi oğlu Şahid2 ilə birlikdə olarkən Təqsirləndirilən şəxs Qismətə zəng vuraraq onunla görüşmək istədiyini bildirmişdir. Həmin gün axşam onlar birlikdə Əmrahla görüşməyə getmiş, onun Qisməti hansı səbəbdən çağırdığını isə bilməmişlər. Rövşənlə onun oraya getməkdə məqsədli sadəcə Əmrahın Qisməti nə üçün çağırmağını bilmək olmuşdur. Onların Əmrahla dava-dalaş etmək kimi bir niyyəti olmamışdır. X6 dairəsi yaxınlığında olan ‘Azərpoçt”un binasının qarşısına gəlməyi istəmişdir. Onlar axşam saatlarında oraya gəldikdə Əmrah orada olmuşdur. Onlar Əmrahla görüşdükdən sonra Əmrah Qismətə təklikdə danışmaq istədiyini demiş və onlar bir qədər uzaqlaşmışlar. Qısa zaman içərisində Əmrahın anidən bıçaqla Qisməti vurduğunu görmüş və dərhal yaxınlaşmış onları ayırmışlar. O yolda dayanmış taksilərdən biri ilə Qisməti xəstəxanaya aparmış, Rövşən isə iş yoldaşının avtomobilini götürüb onların ardı ilə gəlmişdir. Onlar Abşeron rayon Mərkəzi Xəstəxanasına çatıb Qisməti yerləşdirmiş və onu əməliyyat etmişlər. Əmrah Həşimovun bıçağı atıb atmadığını görmədiyini, onunla Təqsirləndirilən şəxs arasında hər-hansı bir mübahisənin olmadığını bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verməklə onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 36 nömrəli əlavə rəyinə əsasən müəyyən olunur ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - qarının ön divarının sağda 1 (bir) ədəd boşluğa nüfuz edən mədə divarının zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin təsirindən törənmişdir, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixinə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni başqa şəxs tərəfindən bıçaqla vurulan bir zərbənin təsirindən əmələ gələ bilər. Azərbaycan Respublikası DİN-nin, BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2024-cü il tarixli qərar əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, ittihamda qeyd olunan əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi onun özünün etirafedici ifadəsilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma - üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Həmin Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların müəyyən edilməmişdir.. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını, işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və cəzasını çəkməsinin əvvəli hökmün elan olunduğu, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 12 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə zalında həbs edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına yerləşdirilməsi üçün Sumqayıt Şəhər Polis İdarəsinin məhkəmədə xidmət aparan polis əməkdaşlarına təhvil verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar