Məhkəmə qərarları › İş №1(124)-197/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-197/2023

16.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-197/2023 16.03.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə, zərərçəkmiş şəxsin hüquqi varisi X2 və onun nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxx 1971-ci il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, Rusiya Federasiyasında fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Tovuz rayonu, Əyyublu kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 120.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən qapalı məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs2 qisas almaq məqsədi ilə qəsdən xüsusi amansızlıqla həyatdan məhrum etmiş, eləcə də qaynanası Zərərçəkmiş şəxs1 sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, o, nikahın xitam olunması barədə Tovuz rayon Məhkəməsinə müraciət etmiş arvadı Zərərçəkmiş şəxs2 ilə görüşüb onunla barışıq əldə etmək üçün birgə nikah dövründə əldə etdikləri Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4891C ünvanında yerləşən bağ evinə 08 may 2022-ci il tarixdə günorta saatlarında gələrək Zərərçəkmiş şəxs2 ilə barışıb nikahın pozulmasının qarşısını almaq istəmiş, lakin Zərərçəkmiş şəxs2 onun bu təklifini rədd etməklə Təqsirləndirilən şəxs evə buraxmamışdır. Daha sonra, Təqsirləndirilən şəxs həmin gün saat 14 radələrində öz bağ evinin hasarından tullanaraq həyətə daxil olub evdə olan Zərərçəkmiş şəxs2 barışıqla bağlı cavabını gözləmiş, saat 16 radələrində sonuncunun həyətə çıxdıqda onun üzərinə gəlib yumruqla sinəsinə vuraraq həyətdən çıxmasını təkrarən tələb etməsinə və onunla barışmaq istəmədiyinə əsəbləşərək, qisas alıb qəsdən Zərərçəkmiş şəxs2 öldürmək niyyətinə gəlmiş, bu məqsədlə də zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən ümumi uzunluğu 199 mm, tiyəsinin uzunluğu 89 mm olan məişət təyinatlı qatlanan tipli cib bıçağı ilə sonuncunun anası Zərərçəkmiş şəxs1 gözü qarşısında ona aşkar surətdə əzab və işgəncə verdiyini dərk etməklə bunu arzulayaraq Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr yetirməklə ona döş qəfəsinin sağ yarısının iki ədəd, döş qəfəsinin sol yarısının iki ədəd, sol kürəkaltı nahiyənin döş boşluğuna keçməyən bir ədəd, sağ bazunun bir ədəd, sol bazunun iki ədəd, sol əlin İ barmağının bir ədəd, sağ əlin İ barmağının bir ədəd, sağ əlin V barmağının bir ədəd kəsilmiş-deşilmiş yaraları ilə müşayiət olunan sağlamlığa yüngül zərəvurmaya aid olan 11 (on bir) ədəd, döş qəfəsinin sol yarısının döş boşluğuna keçərək sol ağ ciyəri və ürəyi zədələyən kəsilmiş-deşilmiş yarası ilə nəticələnən yetirildiyi anda həyat üçün təhlükəli olub sağlamlığa ağır zərərvurmaya aid kəskin qanitirmədən ölümünə səbəb olan 03 (üç) ədəd, ümumilikdə isə 14 xəsarət yetirərək Zərərçəkmiş şəxs2 xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan mərhum etmişdir. Bundan başqa, hadisəyə müdaxilə edərək onu və Zərərçəkmiş şəxs2 ayırmaq istəyən sonuncunun anası Zərərçəkmiş şəxs1 həmin bıçaqla sol sağrının, sol əlin üstünün, sağ əlin İV barmağının, sağ əlin İİİ barmağının yaraları ilə müşayiət olunan sağlamlığa yüngül zərəvurmaya aid olan 4 ( dörd) ədəd xəsarət yetirərək Zərərçəkmiş şəxs1 sağlamlığının qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 1992-1995-ci illərdə Tovuz rayonunda hərbi xidmət keçmiş, sonra Rusiya Federasiyası, Surqut şəhərinə gedib orada ərzaq məhsullarının satışı ilə məşğul olmuşdur. 1999-cu ildə Tovuz rayonuna gəlib ailəvi tanışları Zərərçəkmiş şəxs2 ilə ailə həyatı qurmuşdur. Evlənəndən sonra X3 şəhərinə gedib orada yaşamışlar. Bu evlilikdən Türkan və Samir adlı iki uşaqları olmuşdur. 2012-ci ildə uşaqların təhsili ilə əlaqədar Bakı şəhərində gəlib Nərimanov rayonundan 03 otaqlı mənzil almışdır. İlahə daimi olaraq Bakı şəhərində yaşamağa başlamış, o, isə Rusiya Federasiyasının Surqut şəhərinə gedib ildə 3-4 Bakıya gəlmişdir. Tez-tez ailəsinin dolanışığı üçün pul göndərmiş, 2016-cı ildə Bakı şəhərində Xətai rayonundan 03 otaqlı ev almış, 2019-cu ilin yay aylarında isə istirahət etmək üçün Sumqayıt şəhəri, Novxanı bağlarında bağ evi almışdır. Övladları Samir və Türkan təhsili almaq üçün Türkiyəyə getdikdən sonra qaynanası Zərərçəkmiş şəxs1 İlahə ilə Xətai rayonunda olan evdə qalmışlar. İlahə 2019-cu ildən Nərimanov rayonunda yerləşən uşaq bağçasında müəllimə kimi işləmişdir. 2021-ci ilin dekabr ayının sonlarında Rusiya Federasiyasından Azərbaycana gəlmişdir. 2022-ci il yanvarın 2-də Bakıda olarkən İlahəni yataq otağına dəvət etmiş, lakin o, yataq otağına gəlmədiyinə görə mübahisələri düşmüşdür. 2022-ci il yanvarın 30-da Rusiyaya getmiş və oradan İlahəyə zəng vursa da o, zənglərə cavab verməmişdir. 30 mart 2022-ci il tarixdə Bakıya gəlmiş lakin İlahə onu görən kimi "sənin nə işin var burda nə üçün mənə deməmiş Azərbaycana gəlmisən" bildirməklə həmin gün saat 02-dək evə gəlməmiş. İlahə onunla yaşamaq istəmədiyini, boşanacağını dedmişdir. Rusiyadan pulsuz gəldiyindən İlahədən evdə olan pullarını istədikdə o, pulunun olmadığını deyərək anası ilə birlikdə bacısı Rimanın yaşadığı Günəşli qəsəbəsindəki evə getmiş, ona pul verməmiş və məhkəmədə görüşəcəyini demişdir. Sonra Əkbər adlı polis əməkdaşı ona zəng edərək nə üçün Azərbaycana gəldiyini soruşmuşdur. Evə gedib seyfə açıb baxdıqda evdə olmalı 165.000 dollar puldan sadəcə 12.000 dollar pulun qalmasını görmüşdür. Bundan başqa, seyfdə dəftər tapmış və İlahənin pulları faizə verdiyini aşkar etmişdir. Bu haqda İlahədən soruşduqda o, pulları heç kimə vermədiyini, daha sonra onu görmək istəmədiyini və boşanacağını deyib üstünə ayaqqabı və müxtəlif əşyalar ataraq evdən qovmuşdur. Daha sonra İlahə boşanmaq üçün Tovuz rayon məhkəməsində iddia qaldırmışdır. 2022-ci il mayın 8-də saat günorta vaxtı İlahə ilə barışmaq üçün qardaşının arvadı Xalidə ilə Novxanı qəsəbəsində yerləşən bağa getmişlər. Xalidə qapını döydükdən sonra İlahə qapını açmış, Xalidə içəri keçmiş, lakin İlahə onu evə buraxmamışdır. Bir müddət sonra hasarı aşıb həyətə daxil olmuş və təxminən 3 saat həyətdə oturmuşdur. İlahə həyətə çıxanda onu görüb "nə gəzirsən burda çıx rədd ol burdan" deyərək üstünə gəlib təhqir etmiş və yumruqla sinəsinə vurmuş, əlində olan dəmir parçasını ona tərəf atmışdır. Həmin vaxt qaynanası İsvet ilə qardaşının arvadı Xalidə evdə olmuşlar. İlahənin hərəkətlərinə əsəbləşərək həyətdən dəstəyi qırmızı rəngli bıçağı götürüb İlahənin müxtəlif nahiyələrinə vurmağa başladım. Sonra maşınla Nərimanov rayon polis idarəsinə gedərək təslim olmuşdur. Bu zaman qaynanası Zərərçəkmiş şəxs1 necə xəsarət yetirdiyini bilməmişdir. Daha sonra, verilən suallara cavab olaraq o, göstərdi ki, bağ evinə gələrkən özü ilə bıçaq gətirməmiş, bağ evinin həyətində aynanın önündən götürdüyü bıçaqla İlahəni vurmuşdur. Rusiyada ticarətlə məşğul olduğundan İlahə və övladları üçün aylıq 10.000 manatadək pul göndərmişdir. İlahənin özü isə bağçada müəllimə işləmişdir. İlahə ilə aralarında olan mübahisənin yaranma səbəbi isə İlahənin ona xəyanət etməsindən şübhələndiyi olmuşdur. Belə ki, İlahəyə aldığı “Toyota Rav 4” markalı maşında və evinin yataq otağında siqaret yandırmaq üçün istifadə olunan alışqan tapmış, halbuki İlahə siqaret çəkən olmamış, İlahə onun zənglərinə cavab verməmiş və evə gecə gəlmişdir. Bundan başqa, o, göstərmişdir ki, arvadı İlahəni öldürmək niyyəti olmamış, əməlindən peşmandır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də iş üzrə qiymətləndirilməsini və sübut növü kimi qəbul edilməsini zəruri hesab edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, qızı İlahə 1999-cu ildə Təqsirləndirilən şəxslə evləndi. Evləndikdən sonra İlahə və Tofiq X3 şəhərinə gedərək orada yaşamışlar. İlahənin Tofiq ilə birgə nikahlarından Türkan və Samir adlı uşaqları olmuşdur. Tofiq və İlahə tez-tez Azərbaycana gəlib-getmişlər. Tofiq ilə İlahə evliliklərinin ilk vaxtlarından bir-biri ilə yola getməkdə çətinlik çəkmişdirlər. 2012-ci ildə İlahə və Tofiq Bakı şəhərində gələrək Bakı şəhəri, Nərimanov rayonundan 03 otaqlı mənzil almışlar və İlahə övladlarının təhsili ilə bağlı Bakı şəhərində yaşamağa başlamışdır. Tofiq isə işlərinə görə Rusiya Federasiyasının Surqut şəhərinə getmişdir. 2016-cı ildə Bakı şəhər Xətai rayonundan ev almışlar. 2019-cu ildə Tofiq Novxanı bağlarından ev almışdır. İlahə Bakı, şəhəri Nərimanov rayonunda yerləşən bağçada müəllimə kimi işləmişdir. 2022-ci il yanvarın 3-də İlahə telefonla kiminləsə danışdığı üçün onunla Tofiq arasında mübahisə olmuş və Tofiq mübahisə zamanı İlahəni döymüşdür. 2022-ci ilin mart ayının sonlarında Tofiq Azərbaycana geri qayıtmış və İlahə ilə arasında mübahisə yarandıqda İlahə boşanacağını demişdir. Tofiq barışmaq üçün qardaşı arvadı Xalidə ilə bir neçə dəfə gəlsə də İlahə barışmaq istəməmişdir. 2022-ci il mayın 8-də saat 12 radələrində Novxanı qəsəbəsində bağda olarkən qapı döyülmüş və İlahə özü qapını açaraq Tofiqin qardaşının arvadı Xalidənin gəldiyini demişdir. Onunla evdə bir neçə saat oturmuşlar və sonra Xalidəni yola salmaq üçün çölə çıxdıqda Tofiqin həyətdə yelləncəkdə oturduğunu görmüşlər. Tofiq onları gördükdə İlahə ilə mübahisə etmiş, sonra İlahəni sürüyərək həyətin ortasına aparmış və bıçaqla İlahənin bədənin müxtəlif nahiyələrinə bıçaqla vurmağa başlamışdır. Bunu gördükdə Tofiqə mane olmaq üçün ona yaxınlaşmış və Tofiqin əlindəki bıçağı əlləri ilə tutmuşdur. Bu zaman özünə 4 bıçaq zərbəsi dəymişdir. Daha sonra İsvet Nagıyeva verilən suallara cavab olaraq göstərdi ki, Xalidə ilə evdə oturub söhbət edirkən Tofiqin həyətdə oturmasından xəbərləri olmamışdır. Çölə çıxdıqda pilləkənin qarşısında Xalidə ilə İlahədən 5 metr kənarda dayanmışdır. Tofiq İlahə ilə mübahisə etdikdə onun İlahəni bıçaqla vurduğunu görməmişdir. Tofiqlə İlahənin mübahisə etdiyini gördükdə onlara yaxınlaşmışdır. Tofiqi itələmək üçün onun əlindən tutanda bıçağı görmüşdür. Bıçaq qatlanmış bıçaq olmuşdur. Tofiqin onu bıçaqla vurmasını sonradan hiss etmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, 2019-cu ildə orta təhsilini başa vuraraq Türkiyə Resublikası, Antalya şəhərində yerləşən Akdeniz Universitetinə daxil olmuş və hal-hazırda həmin universitetinin 4-cü kurs tələbəsidir. X10 Türkiyə Resublikası, Qazientep şəhərində yerləşən Qazientep Universitetinin 2-ci kurs tələbəsidir. Bakıda olarkən qardaşı və anası ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən evlərində yaşamış, atası Təqsirləndirilən şəxs isə Rusiya Federasiyasında işləmişdir. Atası ildə təxminən 1-2 dəfə Azərbaycana gəlmişdir. Atası Tofiq tez-tez dolanışıqları üçün pul göndərmişdir. Atası Bakıya gəldikdə anası İlahə ilə mübahisə etmişdir. 08 may 2022-ci ildə xalası Rima ona zəng edərək atasının mübahisə zamanı anasını vurub öldürdüyünü demişdir. Hadisənin baş verməsinə səbəb isə anasının boşanmaq istəməsi olmuşdur. Bundan sonra qardaşı ilə birlikdə Türkiyədən Azərbayacna qayıtmışdırlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Tofiq onun ərinin qardaşıdır. Ailəsi ilə Tovuz rayonunda yaşamaqla məktəbdə müəllimə işləyir. 2022-ci il mayın 6-da Tofiq ona zəng edib Bakıya gələrək İlahə ilə onu barışdırmağı xahiş etmişdir. Mayın 7-də əri Fəxrəddin ilə birlikdə Tovuz rayonundan Bakı şəhərinə gəlmişlər. Mayın 8də Tofiq onu özünə məxsus avtomobillə Bakı şəhəri, Binəqədi rayonundan götürərək İlahənin yaşadığı Sumqayıt şəhəri, Novxanı qəsəbəsində yerləşən bağ evinə aparmışdır. İlahəni çağırıb qapını döydükdə İlahə qapını açaraq onu içəri dəvət etmiş, Tofiq həyətə daxil olmaq istədikdə isə İlahə ona imkan verməyərək "sən bu həyətə girə bilməzsən, şərəfsiz" demişdir. Tofiqə "sən get avtomobildə gözlə mən bir azdan gələcəm" deməklə içəri keçmişdir. Evə daxil olub İlahə və anası ilə söhbət etmiş və İlahəyə Tofiqin barışmaq istədiyini, uşaqların gələcəyi üçün narahat olduğunu demiş, onları barışdırmağa çalışmışdır. Lakin İlahə barışmayacağını israrla demişdir. Söhbət etməyin mənasız olduğunu görüb getməyə qərar vermiş, İlahə və anası İsvet onu yola salmaq üçün birlikdə çölə çıxdıqda Tofiqin həyətdə olan yelləncəkdə əyləşdiyini görmüşlər. Tofiqi həyətdə görən İlahə "ay şərəfsiz, ay oğraş mən səni həyətə buraxmadım? Nə işin var burda" demişdir. Bu sözlərdən sonra İlahə ilə Tofiq arasında mübahisə başlamış və İsvet ilə birlikdə Tofiq və İlahəni aralaşdırmağa çalışmış, lakin gücü çatmamışdır. Qonşuları köməyə çağırsa da, kimsə səsini eşitməmiş və geri qayıtdıqda artıq Tofiqin İlahəni bıçaqla vurduğunu görmüşdür. Daha sonra, Şahid2 verilən suallara cavab olaraq göstərdi ki, Tofiq özü ilə bıçaq gətirməmiş, mübahisə zamanı Tofiqlə İlahəni aralaşdırmağa çalışmış və İlahənin saçını yolmamış, Tofiqin bıçaqla İlahəni vurduğunu görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 08 may 2022-ci il tarixdə saat 16 radələrində əri Eldəniz ona zəng edərək Tofiq ilə İlahənin mübahisə edərək bıçaqla vurduğunu demişdir. O, dərhal hadisə yerinə gəldikdə artıq bacısı İlahənin öldüyünü, anası İsvetin isə bıçaq xəsarəti aldığını görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonunda yerləşən Mərkəzi Univermaqda qızıl alqı-satqısı ilə məşğul olmuşdur. 6 il əvvəl Zərərçəkmiş şəxs2 tanımış, İlahə faizlə müxtəlif məbləğdə pul vermiş, bu məqsədlə onu Şahid5 ilə tanış etmiş və Leyla İlahədən faizlə pul götürmüşdür. 2022-ci il mayın 8-də isə İlahənin bacısı Rima ona zəng edərək İlahənin əri Tofiq tərəfindən öldürüldüyünü demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 2022-ci ilin fevral ayında İlahəni rəfiqəsi Könül vasitəsi ilə tanımış, ondan iki dəfəyə aylıq 3 faizlə 20.000 manat pul götürmüşdür. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilən Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun atasının xalası nəvəsidir. İlahəni ilk dəfə təxminən 10 il bundan öncə görmüşdür. Belə ki, onların arasında qohumluq münasibətləri olduğundan yas və toy mərasimlərində tez-tez bir-birlərini görmüşlər. O, İlahənin iki övladının olmağı və sonuncuların Türkiyə Respublikasında təhsil almağın, əri Tofiqin isə Rusiya Federasiyasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduğun bilmişdir. 2022-ci ilin yanvar ayında İlahə ona zəng edərək əri Tofiq tərəfindən döyüldüyünü və DİN-nin 102 xidmət mərkəzinə bununla bağlı müraciət etdiyini demişdir. Daha sonra İlahə tez-tez məsləhət almaq üçün öz istifadəsində olan ***- ***-**-** mobil nömrədən onun istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng etmişdir. İlahə və Tofiqin aralarında olan mübahisəyə görə Xətai rayon polis idarəsinin 37-ci polis bölməsində araşdırma aparılmış və sonuncular barışdığından barələrində aparılmış araşdırma sona çatmışdır. İlahə və Tofiqin bu mübahisəsindən sonra münasibətləri bir müddət düzəlmişdir. Təxminən 2022-ci ilin yanvar ayının sonlarında o, bibisi oğlu Anar və Tofiq ilə Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən kafelərin birində oturaraq çörək yemişlər. O, və Anar söhbət zamanı Tofiqə övladlarının artıq böyüdüyünü, buna görə də, İlahə ilə aralarında olan xoşagəlməz söhbətlərə son qoymağını, yenidən ailəsi ilə mehriban yaşamağını təklif etmişdir. Tofiq isə söhbət zamanı İlahə ilə aralarında olan xoşagəlməz söhbətlərin başa çatdığını və ailəsi ilə əvvəlki kimi mehriban yaşayacağını demişdir. Tofiq təxminən 2022-ci ilin fevral ayında Rusiya Federasiyasına getmiş və 2022ci ilin mart ayında ölkələrinə geri qayıtmışdır. Tofiq ölkələrinə qayıtdıqdan sonra İlahə ona zəng vuraraq Tofiqin gəldiyini, yenidən onu döyəcəyindən qorxduğunu və buna görə də bacısı Rimanın mənzilində yaşadığı demişdir. 2022-ci ilin aprel ayında Tofiq ilə təsadüfən Bakı şəhəri, Yeni Günəşli qəsəbəsində görüşmüş və sonuncu İlahənin bacısıgildə qaldığını, sonuncunun onunla görüşmək istəmədiyini, həmçinin İlahə ilə onu barışdırmağı üçün kömək istəmişdir. Söhbət zamanı Tofiq ailəsinin və özünün bu cür vəziyyətə düşməsinə səbəb qayınanası İsvetin olduğu demişdir. O, yenidən Tofiqi sakitləşdirərək İlahəyə vaxt verməsini və özünün də səbirli olmağını istəmişdir. Bundan sonra Tofiqi görməmiş və aralarında telefon danışığı olmamışdır. 08 may 2022-ci il tarixdə bibisioğlu Anar ona zəng edərək İlahənin Tofiq tərəfindən öldürüldüyünü demişdir. Tofiqin İlahəni hansı səbəbdən öldürməyi barədə məlumatı yoxdur. (Cild 2, iş vərəqləri 16-19) İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilən Şahid3 ifadəsindən görünür ki, o, 2009-cu ilin mart ayından ***-***- **-** mobil telefon nömrəsi almışdır. Həmin nömrə qohumu X8 adına rəsmiləşdirilsə də, həmin nömrədən daima o, istifadə etmişdir. O 2021-ci ilin iyul ayından Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, dəniz kənarında yerləşən "Flaqman" restoranında direktor vəzifəsində işləyit. 2022-ci ilin avqust ayından Zərərçəkmiş şəxs2 işlədiyi restorana daim gəldiyi üçün müştəri kimi münasibətləri yaranmışdır. İlahə hər dəfə gəlməmişdən əvvəl onun ***-***-**-** mobil nömrəsinə zəng edərək yer sifariş etmişdir. İlahə ay ərzində boz rəngli "Toyota Rav4" markalı avtomobil ilə 3-4 dəfə anası, uşaqları və rəfiqələri ilə birlikdə restorana gəlmişdir. İlahənin bir neçə dəfə sifarişi əsasında sonuncunun yaşadığı Sumqayıt şəhəri, Novxanı bağlarına kabab və digər yeməklər göndərmişdir. O, İlahənin istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamışdir. Təxminən may ayının ortalarında İlahənin "Whatsap" durumuna baxarkən sonuncunun şəklinin yanında qərənfil olduğunu görüb öldüyünü başa düşmüş, lakin hadisənin necə baş verdiyini, sonuncunun nədən ölməsini Sumqayıt şəhər prokurorluğunda olarkən öyrənmişdir. (Cild 2, iş vərəqləri 1-4) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan “hadisə yerinə baxış keçirilməsi haqqında” 08 may 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yerindən Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd tünd-göy rəngli don və qanabənzər ləkələr pambıq tampona hopdurularaq müvafiq qaydada götürülmüşdür. (Cild 1, iş vərəqləri 3-4) Cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan 08 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 meyitinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 01 ədəd qara rəngli mayka, 01 ədəd qara rəngli sviter, 01 cüt çəhrayı rəngli corab, 01 ədəd qara rəngli trusik və 01 ədəd boz rəngli idman şalvarı müvafiq qaydada götürülmüşdür. (Cild 1, iş vərəqləri 11-12) Cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan 08 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən hadisə zamanı üzərində olan paltarlar – 01 ədəd ağ rəngli mayka, 01 ədəd tünd göy rəngli, üzərində qəhvəyi-qara-sarı zolaqlı sviter, 01 ədəd göy rəngli cins materialdan olan şalvar, 01 ədəd bıçaq və "lihgt flowers" yazısı olmaqla gül naxışları olan dəftər müvafiq qaydada götürülmüşdür. (Cild 1, iş vərəqləri 37-38) Cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 52 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Döş qəfəsinin ön səthinin sol yarısının ürəyi və sol ağciyəri zədələyən deşilmiş-kəsilmiş yaraları (3 ədəd), döş qəfəsinin sol yarısının 2 ədəd, döş qəfəsinin sağ yarısının 2 ədəd döş boşluğa keçməyən yaraları, sağ bazunun 1 ədəd, sol bazunun 2 ədəd, sol əlin İ barmağının 1 ədəd, sağ əlin İ barmağının 1 ədəd, sağ əlin V barmağının 1 ədəd, sol kürəkaltı nahiyyənin 1 ədəd döş boşluğuna keçməyən yaraları (11 ədəd) müşahidə olunur. Qeyd olunan xəsarətlər həyatidirlər, ülgücə və küpə malik yastı tiyə tipli hər hansı deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir, ola bilsin ki, ekspertizaya təqdim olunmuş bıçağın təsirindən törənmişdirlər, törənmə müddəti meyitin müayinəsindən bir qədər əvvəl olmaqla qərarda göstərilən tarixə ,yəni xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə döş qəfəsinin sol yarısının döş boşluğuna keçərək sol ağ ciyəri və ürəyi zədələyən 3 ədəd yarası həyat üçün təhlükəli olan və bu halda ölümlə nəticələnən sağlamlığa AĞİR zərərvurmaya aid edilirlər. Meyitin bədəni üzərində olan digər yaralar (ll ədəd yara) canlı şəxslərdə birlikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilirlər. Mərhum Zərərçəkmiş şəxs2 əynində olan qara rəngli maykada olan xəsarətlər döş qəfəsində olan xəsarətlərlə yerləşmə nahiyəsinə görə bir-birinə uyğundurlar. Mərhum Zərərçəkmiş şəxs2 xəsarətlər yetirilərkən zərər yetirənlə üzbəüz, yan-yana və s. qarşılıqlı vəziyyətdə ola bilərdi. Xəsarətlər eyni vaxtda qısa müddət ərzində ardıcıl olaraq yetirilmişdirlər. Zərərçəkmiş şəxs2 ölümünə səbəb almış olduğu yuxarıda göstərilən xəsarətlər nəticəsində baş vermiş qanitirmə olmuşdur. Ölüm meyitin müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Meyitdən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. (Cild 1, iş vərəqləri 151-159) Cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 611 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sol sağrının, sol əlin üstünün, sağ əlin İV barmağının, sağ əlin İİİ barmağının yarası müşahidə olunur. Qeyd olunan xəsarətlər kəsici kənarlı alətlə, ola bilsinki, bıçaqla vurulmaqla əmələ gəlmiş, müddəti müayinədən bir qədər əvvəl olmaqla xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə birlikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb sağlamlığa yüngül zərərvurmaya aid edilir. (Cild 1, iş vərəqləri 160-162) Cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan kompleks komisyon stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 20 iyul 2022-ci il tarixli 84 №-li rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ona ittiham edilən cinayət əməlini törədən zaman hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs cinayəti törətdikdən sonra da hər hansı psixi pozuntudan əziyyət çəkməməmişdir. Təqsirləndirilən şəxs hal-hazırda da hər hansı bir psixi patologiyadan əzab çəkmir. Onda hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlikdən əziyyət çəkməmişdir. Buna görə də Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət hadisəsini törədən zaman öz hərəkətlərinə cavab vermək iqtidarında və onlara rəhbərlik etmək qabliyyətində olmuşdur. Təqsirləndirilən şəxs artıq yuxarıdakı sual cavablandırılarkən qeyd edildiyi kimi, hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs hazırda öz psixi vəziyyətinə görə cinayət hadisəsini və iş üçün əhəmiyyət kəsb edən halları, törətdiyi hərəkətləri düzgün qavramaq və təsvir etmək, hərəkətlərinin məsuliyyətini dərk etmək, onlara cavab vermək və rəhbərlik etmək, həmçinin öz prosessual hüquq və vəzifələrini şəxsən həyata keçirmək və onları lazımi səviyyədə yerinə yetirmək, törətdiyi hadisə barəsində istintaqa düzgün ifadə vermək və digər məhkəmə-istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi patologiyadan əziyyət çəkmədiyinə görə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs özü və ətrafdakılar üçün sosial təhlükə kəsb etmir, törətdiyi əməlin qanunazidd olmsını başa düşür. Bütün bunlar hal-hazırda onun psixi vəziyyətinin qənaətbəxş səviyyədə olduğunu göstərir. Odur ki, Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs təqsirləndirilidiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. (Cild 2, iş vərəqləri 36-42) Cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-tibbi-kriminalistik ekspertizasının 03 avqust 2022-ci il tarixli, 357-MTKŞ/2022 №-li rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 məxsus donun arxa səthində solda bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədə kafi itilikdə olan ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs2 məxsus qolsuz maykanın ön səthində sağda bir ədəd, ön səthinin sol yuxarı nahiyəsində altı ədəd (biri kənaridir), arxa səthinin sol yuxarı nahiyəsində bir ədəd, idman şalvarın ön səthində solda iki ədəd, sviterin ön səthinin yuxarı orta-sol nahiyəsində iki ədəd və sol qolunun arxa səthində iki ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr kafi itilikdə olan ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs2 məxsus bir cüt corabda və trusikdə əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Təqsirləndirilən şəxs məxsus cins tipli şalvarın ön səthində solda iki ədəd cırılma xarakterli zədələr aşkar olundu. Bu cırılmalar küt yaranma mexanizminə malikdirlər, ola bilsin ki, şalvarın müvafiq nahiyələrinin dartılması və ya hər hansı bir predmetə (predmetlərə) ilişib-dartılması nəticəsində əmələ gələ bilərdi. Təqsirləndirilən şəxs məxsus maykada və sviterdə əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Maddi sübutların məhkəməbioloji tədqiqat zamanı (442/2022-MTBŞ saylı rəyə əsasən) aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmi aşağıdakı kimi qiymətləndirmək olar. Həmin rəyə əsasən Təqsirləndirilən şəxs cins şalvarın ön səthində sağda və solda, geniş sahədə yayılmış və maykanın arxa səthinin aşağı hissəyə yaxın və sağ yan səthində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə statik (hərəkətsiz) və ya az dinamik (az hərəkətli) kontaktı, sonra isə materialına fiziki-kapillyarlıq faktoru üzrə hopması nəticəsində əmələ gəlmişlər. Təqsirləndirilən şəxs məxsus köynəyin (sviterin) ön səthində və hər iki qolunun ön və arxa səthlərində (sol qolunda daha az olmaqla) aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə statik (hərəkətsiz) və ya az dinamik (az hərəkətli) kontaktı, sonra isə materialına fiziki kapillyarlıq faktoru üzrə hopması nəticəsində, onlardan bəziləri yaxma xarakterlidir, qan mənbəyi ilə dinamik kontaktı nəticəsində əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs2 məxsus corabların hər iki tayının üst və alt hissəsində aşkar edilmiş qan ləkələrdən bir qrupu (corabların üst səthində olan qan ləkələri) qan mənbəyindən (qanlı səthdən) yuxarıdan aşağıya hündürlükdən səthə düşən damcıları nəticəsində, digər bir qrup qan ləkələri isə (corabların alt hissəsində olan qan ləkələri) qan mənbəyi ilə statik (hərəkətsiz) kontaktı nəticəsində əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs2 məxsus qolsuz maykanın bütün səthində, trusikin ön səthinndə və uzunqol koftanın (sviterin) bütün səthində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə statik (hərəkətsiz) və ya az dinamik (az hərəkətli) kontaktı, sonra isə materialına fiziki kapillyarlıq faktoru üzrə hopması nəticəsində, onlardan bəziləri əmələ gəlmişlər. Zərərçəkmiş şəxs2 məxsus idman şalvarının bütün nahiyəsində aşkar edilmiş bir qrup qan ləkələri qan mənbəyi ilə statik (hərəkətsiz) və ya az dinamik kontaktı, sonra isə materialına fiziki-kapilyarlıq faktoru üzrə hopması nəticəsində, digər qrup qan ləkələri (dairəvi və ovalvari formalı ləkələr) isə qan mənbəyindən (qanlı səthdən yuxarıdan aşağıya hündürlükdən səthə düşən damcıları (bəziləri bir qədər bucaq altında) nəticəsində əmələ gələ bilərdi.Qatlanan cib bıçağının tiyəsinin sol səthinin əsasında və dəstəyin aşağı kənarında əsasına yaxın hissədə aşkar edilmiş qan ləkələri yaxma xarakterli olub, qan mənbəyi ilə (qanlı səthi ilə) dinamik ( hərəkətli) kontaktı nəticəsində əmələ gəlmişdir. Bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsicixassəyə malik, məişət təyinatlı qatlanan tipli cib bıçağıdır və soyuq silah hesab olunmur. (Cild 2, iş vərəqləri 43- 50) Cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-tibbi bioloji ekspertizasının 02 avqust 2022-ci il tarixli, 442/2022-MTBŞ №-li rəyi ilə müəyyən edilmişdir ki, 01 ədəd qatlanan cib bıçağı, 05 ədəd çubuqlu pambıq tampon, Zərərçəkmiş şəxs2 məxsus kofta, idman şalvarı, trusik, 01 cüt corab, alt mayka, Təqsirləndirilən şəxs məxsus cins şalvar, alt mayka və köynək üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda «A»,«B» və «H» antigenləri alınmışdır. Bu qan ləkələri bir şəxsə məxsusdursa AB(H)/İV/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus ola bilər. Qanın qarışıq olduğu halında isə ləkələrdə həmçinin Balfa/İİİ/ qruplu Təqsirləndirilən şəxs da qarışmış qanının olması inkar olunmur, əgər hadisə zamanı onda qanaxma ilə müşahidə olunan xəsarət olubsa. Dəqiq elmi əsaslandırılmış müayinə metodları olmadığından maddi sübutlar üzərində olan qanın yaranma müddətini, canlı və ya meyit qanından əmələ gəlməsini təyin etmək mümkün olmamışdır. (Cild 2, iş vərəqləri 51-56) Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının qərarından görünür ki, hadisənin izlərini əks etdirib iş üçün əhəmiyyət kəsb etdiyindən Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd qara rəngli mayka, 01 ədəd qara rəngli sviter, 01 ədəd çəhrayı rəngli corab, 01 ədəd qara rəngli trusik və boz rəngli idman şalvarı, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd tünd göy rəngli don, Təqsirləndirilən şəxs məxsus 01 ədəd ağ rəngli mayka, 01 ədəd tünd göy rəngli, üzərində qəhvəyi-qara-sarı zolaqlı sviter, 01 ədəd göy rəngli cins materialdan olan şalvar, habelə 01 ədəd bozumtul-gümüşü rəngli bıçaq, 01 ədəd "lihgt flowers" yazısı olmaqla gül naxışları olan dəftər, hadisə yerinə keçirilmiş baxış zamanı pambıq tampona hopdurularaq götürülmüş və Sumqayıt şəhər prokurorluğunun maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 2, iş vərəqə 13) Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 120.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli 3 №-li Qərarının izah və tövsiyələrini də rəhbər tutur. Həmin Qərarın 8-ci bəndində verilən izaha əsasən təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 120.2.4-cü maddələri ilə düzgün tövsif edilmiş və bu tövsif vahid məhkəmə təcrübəsinə uyğundur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 120.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş Azərbaycan Respublikası 128 və 120.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməllər başa çatmış cinayətlər olmaqla təsnifata görə müvafiq olaraq böyük ictimai təhlükə törətməyən və xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 120.2.4-cü maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs özü könüllü polisə gələrək təqsirini boynuna almış və cinayət törətdiyi bıçağı təhvil vermişdir. (Cild 1, iş vərəqi 16) Məhkəmə, Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayətin törədilməsinə təkan vermiş səbəb və şəraiti, eləcə də təqsirləndirilən və zərərçəkmiş şəxsin davranışlarını da təhlil edərək cinayət qanununun həmin tələbi baxımdan hesab edir ki, təqsirləndirilən şəxsin səmimi peşmançılıq çəkməsi, cinayət əməllərini etiraf etməsi, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, qeydiyyat yeri üzrə müsbət xarakterizə olunması da onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cəza təyin edərkən həmçinin nəzərə alır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 08 may 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 09 may 2022-ci il tarixli qərarı ilə əvvəli tutulduğu tarixdən hesab olunmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 74-76). Məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 08 may 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərək belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Sumqayıt şəhər prokurorluğunun maddi sübutların saxlanc otağında saxlanılan Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd qara rəngli mayka, 01 ədəd qara rəngli sviter, 01 ədəd çəhrayı rəngli corab, 01 ədəd qara rəngli trusik və boz rəngli idman şalvarı, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd tünd göy rəngli don, Təqsirləndirilən şəxs məxsus 01 ədəd ağ rəngli mayka, 01 ədəd tünd göy rəngli, zolaqlı sviter, 01 ədəd göy rəngli cins şalvar, habelə 01 ədəd bozumtul-gümüşü rəngli bıçaq və pambıq tampon məhv edilməli, 01 ədəd "lihgt flowers" yazısı olan dəftər zərərçəkmiş şəxsin hüquqi varisi X4 verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə qeyd edir ki, iş üzrə məhkəmə xərcləri yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli, «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 120.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə 15 (on beş) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs qəti olaraq 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 08 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Sumqayıt şəhər prokurorluğunun maddi sübutların saxlanc otağında saxlanılan Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd qara rəngli mayka, 01 ədəd qara rəngli sviter, 01 ədəd çəhrayı rəngli corab, 01 ədəd qara rəngli trusik və boz rəngli idman şalvarı, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd tünd göy rəngli don, Təqsirləndirilən şəxs məxsus 01 ədəd ağ rəngli mayka, 01 ədəd tünd göy rəngli, zolaqlı sviter, 01 ədəd göy rəngli cins şalvar, habelə 01 ədəd bozumtul-gümüşü rəngli bıçaq və pambıq tampon məhv edilsin, 01 ədəd "lihgt flowers" yazısı olan dəftər zərərçəkmiş şəxsin hüquqi varisi X4 verilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar