Məhkəmə qərarları › İş №1(124)-197/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-197/2024

26.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-197/2024 26.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Quliyev Hüseyn İmran oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, 30 avqust 1988-ci ildə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs telefon vasitəsilə tanış olduğu "Məsud'’ adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncunun satış məqsədilə əldə etdiyi külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin 400 manat müqabilində onun göstərişi ilə müəyyən şəxslərə verməklə satışını həyata keçirməkdə vasitəçilik etməsi barədə ümumi razılığa gəlmiş, bu məqsədlə 04 noyabr 2022-ci il tarixdə "Məsud adlı İran islam Respublikasının vətəndaşının Xırdalan şəhəri ərazisinə qoyduğu 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin və psixotrop maddələrin siyahısına daxil edilən 01 ədəd sellofan bükümdə çəkisi 6,378 qram olmaqla külli miqdarda narkotik vasitə heroini, 02 ədəd sellofan bükümdə ayrı-ayrılıqda 0,550 qram və 0.407 qram ümumi çəkisi 0,957 qram psixotrop maddə metamfetamini, 05 ədəd sellofan bükümdə ayrı-ayırılıqda 42,905 qram, 1075 qram, 515 qram, 465 qram və 995 qram ümumi çəkisi 3092,905 qram (3kq 92,905 qram) olmaqla külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı götürüb, satış məqsədi ilə qanunsuz olaraq əldə edib, 01 ədəd sellofan bükümdə çəkisi 6,378 qram narkotik vasitə heroini, 02 ədəd sellofan bükümdə ayrı-ayrılıqda 0,550 qram və 0.407 qram ümumi çəkisi 0,957 qram psixotrop maddə metamfetamini, 01 ədəd sellofan bağlamada 42,905 qram narkotik vasitə qurudulmuş marixuananı üzərində, 01 ədəd ağ rəngli sintetik torbanın içərisində 04 ədəd sellofan bağlamalarda 1075 qram, 515 qram, 465 qram və 995 qram narkotik vasitə qurudulmuş marixuananı isə idarə etdiyi avtomobildə saxlamış və daşımış, 05 noyabr 2022-ci il tarixdə saat 16:15-də ünvan 2 ünvanda Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, idarə etdiyi avtomobillə birlikdə Abşeron rayon polis idarəsənə gətirilib, həmin gün saat 17:40-dan 17:55-ə kimi üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli, uzunqol gödəkçənin sağ yan cibindən 01 ədəd sellofan bağlamada çəkisi 42,905 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana, uzunqol gödəkçənin sol yan cibindən 01 ədəd sellofan bükümdə çəkisi 6,378 qram olmaqla külli miqdarda qəhvəyi rəngli toz şəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə - heroin, uzunqol gödəkçənin sol yan cibindən 02 ədəd sellofan bükümdə 0,550 qram və 0,407 qram olmaqla ümumi çəkisi 0,957 qram ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetamin, saat 18:35-dən 18:47-yə kimi idarə etdiyi “Opel Astra" markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman arxa oturacağın üzərindən 01 ədəd ağ rəngli sintetik torbanın içərisində 04 ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda 1075 qram, 515 qram, 465 qram və 995 qram ümumi çəkisi 3050 qram olmaqla külli miqdarda bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirsiz bilərək göstərmişdir ki, evdə olmuşdur. Avtomobilinə görə usta onu çağırmışdır. Xırdalan şəhərində ustanın yanına gəlmişdir. Avtomobilindən aşağı düşüb ustanın yanındakı kresloda oturub siqareti yandıran zaman üç nəfər içəri girib onu tutmuşdurlar. Bundan sonra üzərində şəxsi axtarış aparmışdırlar. Həmin vaxt üzərində 0,3 (sıfır tam onda üç) qram “patı” olmuşdur. Onu döymüşdürlər. Avtomobilini polis idarəsinə kimin sürüb aparması barədə məlumatı yoxdur. Daha sonra onu döyüb-döyüb, qarnını partlatmışdırlar. Qarnını partlatdıqdan sonra ona anasını yanına gətirəcəklərini demişdirlər. O da anasının onu o vəziyyətdə görməsini istəməmişdir. Bu səbəbdən təzyiq altında ona nə deyiblərsə, hamısını qəbul etmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, o, “nəşə”, yəni marixuana istifadə etmişdir. O, həm metamfetamin, həm də marixuana istifadə etmişdir. 0,3 qram metamfetamini tanımadığı şəxsdən almışdır. İran İslam Respublikasının vətəndaşı “Məsud”-la əlaqə saxlamışdır. Saxlanılan zaman üzərində narkotik vasitə olmamış, 0,3 qram metamfetamin olmuşdur. Onu da öz istifadəsi üçün tanımadığı şəxsdən almışdır. Mobil telefonunda İran İslam Respublikasının mobil operatoruna məxsus mobil nömrə olmuşdur. Qeyd etdiyi nömrə iranlının nömrəsi olmuşdur. İranlının mobil nömrəsi onda çoxdan olmuş, o vaxtdan da qalmışdır. Onu ayın beşi saat altı radələrində tutmuşdurlar. Ayın dördündən beşinə keçən gecə saat iki-üç radələrində iranlı ilə telefon danışığı olmuşdur. Həmin danışıq zamanı çoxdan əlaqə saxlamadıqları üçün hal-əhval tutmuşdur. İranlı ona narkotik vasitələrin atıldığı ünvanların şəklini ataraq götürməyini tapşırmışdır. Ancaq o, götürməmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, saxlanılan zaman üzərində 0,3 qram metamfetamin olmuşdur. İranlının mobil nömrəsi onda çoxdan olmuşdur. İranlı ona narkotik vasitələrin atıldığı ünvanların lokasiyasını və ya fotoşəklini göndərmişdir. Ancaq o ona ehtiyacı olmadığını bildirərək narkotik vasitələri atıldıqları ünvandan götürməmişdir. İranlının nömrəsi çoxdan onda olmuşdur. İranlı ilə danışsa da, narkotik vasitə götürməmişdir. Öz istifadəsi üçün götürmüşdür. O, saxlandıqdan sonra polis idarəsinə polis əməkdaşlarının avtomobilində getmişdir. O, ona görə video çəkilişdə özündə deyildir ki, video çəkilişə kimi onun qarnını döyərək partlatmışdırlar. O, əvvəldən qarnından əməliyyat olunmuşdur. Üzərindən aşkar olunmuş maddələrdən ağ rəngli, 0,3 qram metamfetamin ona məxsus olmuşdur. Elə vaxt olurdu ki, hər gün, bəzən də bir gündən bir narkotik vasitə qəbul etmişdir. Metamfetamin də çəkmiş, “nəşə” də çəkmişdir. Avtomobilini polis böməsinə sürən şəxsin kim olduğunu bilməmişdir. Saxlanandan sonra avtomobilini idarə etməmişdir. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, prokurorluq orqanından kimsə gəlib onu dindirməmişdir. Amma bir dəfə Kürdəxanaya təzə gələndə iki nəfər gəlmişdir. Himayəsində bir uşaq var. Uşağın 11 yaşı var. Arvadından ayrılmış, ancaq övladı onun himayəsində yaşayır. Hazırda uşaq onun anasının yanındadır. Arvadı ilə rəsmi qaydada nikaha daxil olmamışdır. Tərəzinin üzərində bükümlər olan fotoşəkillər çoxdan qalma fotoşəkillərdir. Onun avtomobilində görüntüdəki bükümlər olmamışdır. Narkoloji ekspertizaya getmiş, heç yoxlamamışdırlar ki, metamfetamin çəkdiyi bilinsin. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DİN-nin BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 bildirmişdir ki, Əbülfətin qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat tədbiri keçirilmiş və Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan qəsəbəsi Heydər Əliyev prospektində saxlanılmışdır. Əbülfəti idarə etdiyi avtomobilin yanında saxlamışdırlar. Əbülfət saxlanandan sonra Abşeron rayon Polis İdarəsinə gətirilmişdir. İdarədə inzibati otaqların birində video çəkiliş vasitəsilə vəkilin də iştirakı ilə Əbülfətin üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirildi. Şəxsi axtarış zamanı Əbülfət üzərində olan gödəkçənin cibindən bir büküm marixuana, bir büküm heroin və metamfetamin çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələri “Məsud” adlı İran vətəndaşından götürdüyünü, narkotik vasitənin bir hissəsini də avtomobilində saxladığını bildirdi. Avtomobil idarənin həyətində olmuşdur. Avtomobilə video çəkiliş vasitəsilə müdafiəçinin iştirakı ilə baxış keçirilmişdir. Avtomobilin arxa oturacağından ağ rəngli torbanı təqdim etdi. Ağ rəngli torbanın içərisində dörd büküm var idi. Həmin dörd büküm marixuana idi və çəkiləri ümumilikdə üç kiloqramdan artıq idi. Bununla yanaşı, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələri Xırdalandakı “AAFPark” ərazisindən götürdüyünü, iranlı “Məsud”-un tapşırığı əsasında tapşırılacaq ünvanlara narkotik vasitə atacağı təqdirdə 400 (dörd yüz) manat alacağını bildirdi. Avtomobildəki narkotik vasitə arxa oturacaqdan aşkar olundu. Daha dəqiq sürücünün arxasındakı oturacaqdan. Təqsirləndirilən şəxs avtomobilində olmuş, o da, onun avtomobilinə əyləşmişdir. Təsirləndirilən şəxsin saxlanıldığı yerlə Abşeron rayon Polis İdarəsi arasında iki dəqiqəlik məsafə vardır. Hər şey də avtomobildə olub. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DİN-nin BNMİ-nin əməliyyat müvəkkili Şahid1 bildirmişdir ki, 05 noyabr 2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan qəsəbəsi, Heydər Əliyev prospekti 120 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs ona məxsus “Opel Astra” markalı avtomobilin yanında saxlanılaraq Abşeron rayon Polis İdarəsinə aparılmışdırlar. İdarənin inzibati binasında xidməti otaqların birində video çəkiliş vasitəsilə və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman Əbülfət özü üzərindəki gödəkçənin sol yan cibindən üç bükümdə, sağ yan cibindən isə bir bükümdə olan narkotik vasitəni təqdim etmişdir. Bükümlərdən birində marixuana, digərlərində isə heroin və metamfetamin oluğunu bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ona məxsus olan, idarə etdiyi avtomobildə də narkotik vasitə saxladığını qeyd etmişdir. Bundan sonra avtomobilə baxış keçirilən zaman avtomobilin arxa oturacağından ümumilikdə dörd bükümdə narkotik vasitə marixuana aşkar edilmişdir. Əbülfət saxlanılan zaman onlara qarşı hər hansı müqavimət göstərməmişdir. Avtomobili polis idarəsinə aparan zaman avtomobildə şəxsin özü, o və Şahid2 olmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman avtomobilinin yanında olmuşdur. Üç kiloqram narkotik vasitə üzərində olmamış, avtomobilində olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar, eləcə də eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Abşeron rayon məkəməsinin 10 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən qəbul edilmiş 05 noyabr 2022-ci il tarixli qərar və həmin qərar əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri qanuni hesab edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli «Şəxsi axtarış və götürmə aparılması haqqında» protokol və həmin protokola əlavə edilmiş, qeyd olunan əməliyyat-axtarış tədbirinin video görüntüsünü əks etdirən DVD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sol və sağ yan ciblərindən bir ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd bükümdə narkotik vasitə heroin və 02 ədəd psixotrop maddə metamfetmin aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ərizə yazaraq ona məxsus **-FU-*** dövlət qeydiyyat nişanlı “Opel Astra” avtomobilinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Baxış keçirilməsi və götürmə haqqında” protokol və protokolun əks etdirdiyi əməliyyat-axtarış tədbirinin görüntülərini əks etdirən DVD disk məhkəmə istintaqı zamanı tədqiq edilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Astra” markalı **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa sağ oturacağından götürülmüş 01 ədəd ağ rəngli kisənin içərisindən 04 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş “mobil telefona baxış keçirilməsi haqqında” 15 may 2023-cü il tarixli protokoldan görünür ki, telefonun zənglər bölməsinin tarixçə hissəsinə baxış zamanı 05 noyabr 2022-ci il tarixdə saat 02:58-02:59-da İran İslam Respublikasının Beynəlxalq kodu olan +98 kodu ilə başlayan mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə 3 dəfə zəng daxil olmuşdur. Telefonun şəkillər bölməsinə baxış zamanı çoxsaylı sellofan bağlama şəkilləri və müxtəlif ərazilərdə olan yerlərin ox işarəsi ilə işarələnməsini göstərən şəkillərinin olması aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 06 noyabr 2022-ci il tarixli 6/6432 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ......” yazısı və imzalar olan paketdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 6,378 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,550 qr. 0,407qr. ümumi təmiz çəkisi 0,957 qr. olan ağrəngli kristal şəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlann psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasır qanunu İlə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasır ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitərlər”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin İ siyahısına daxildirlər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməbioloji ekspertizasının 06 noyabr 2022-ci İl tarixli 7/1282 nömn rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi - 42,905 qram və üzərində 04 (dörd) ədəd sellofan bağlamalarda ayrı ayrılıqda təmiz çəkiləri: 1075 qram; 515 qram; 465 qram; 995 qram olan bitki mənşə kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə quruduluş marixuanadır. Marixuanaların ümumi çəkisi 3092,905 qramdır (3kq92,905 qram). Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 06 aprel 2022-ci il tarixli 1302 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstələyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə olunan Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 06 mart 2023-cü il tarixli 6§2 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 15 may 2023-cü il tarxili qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş sonuncuya məxsus təmiz çəkisi 3092,905 qram narkotik vasitə olan marixuananın ekspertiza tədqiqatına sərf edildikdən sonra bir ədəd zərfdə qalıq çəkisi - 3092,405 qram narkotik vasitə marixuana, təmiz çəkisi 0,957 qram psixotrop maddə olan metamfetaminin ekspertiza tədqiqatına sərf edildikdən sonra bir ədəd zərfdə qalıq çəkisi - 0,857 qram psixotrop maddə metamfetamin, təmiz çəkisi 6,378 qram narkotik vasitə heroin ekspertiza tədqiqatına sərf edildikdən sonra bir ədəd zərfdə qalıq çəkisi - 6,278 qram narkotik vasitə heroin və 01 ədəd “Samsung" markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmaqla saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. 02 ədəd disk də maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinin narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə hissəsinə tənqidi yanaşaraq bildirir ki, bu hal yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təsdiq olunur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145.1 və 145.2-ci maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Mötəbərliyi şübhə doğurmayan və qanuni yolla əldə edilmiş sübutların məcmusu ilə təsdiq edilir ki, Təqsirləndirilən şəxs qabaqcan əlbir olmuş bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin, şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin və külli miqdarda narkotik vasitə marixuananı əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutları qiymətləndirərək məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməlləri törətməsi tam sübuta yetirildi və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələrlə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Kürdəmir Rayon İcra Hakimiyyəti Kürdəmir Mənzil istismarı sahəsindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Xızırı X1 şəhəri, Aran qəsəbəsi 21/4 Saylı ünvanda ailə üzvləri ilə yaşamışdır. Təqsirləndirilən şəxs barəsində Kürdəmir Rayon İcra Hakimiyyəti Kürdəmir Mənzil istismarı sahəsinə heç bir ərizə və şikayət daxil olmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs övladı X2 xx.xx.2012-cı il təvəllüdlü olmaqla azyaşlıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə uyğun olaraq, himayəsində azyaşlı uşağın olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. O, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. İş üzrə maddi sübut olub Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına saxlanılan 01 ədəd elektron tərəzi məcburi qaydada dövlət nəfinə müsadirə olunmalıdır. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra bir ədəd zərfdə qalıq çəkisi -3092,405 qram narkotik vasitə marixuana, ekspertiza tədqiqatına sərf edildikdən sonra bir ədəd zərfdə qalıq çəkisi 0,857 qram psixotrop maddə metamfetamin, ekspertiza tədqiqatına sərf edildikdən sonra bir ədəd zərfdə qalıq çəkisi 6,278 qram narkotik vasitə heroin məhv edilməli və 01 ədəd “Samsung" markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı, 02 ədəd diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 192 (yüz doxsan iki) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 05 noyabr 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra bir ədəd zərfdə qalıq çəkisi 3092,405 qram narkotik vasitə marixuana, ekspertiza tədqiqatına sərf edildikdən sonra bir ədəd zərfdə qalıq çəkisi 0,857 qram psixotrop maddə metamfetamin, ekspertiza tədqiqatına sərf edildikdən sonra bir ədəd zərfdə qalıq çəkisi 6,278 qram narkotik vasitə heroin məhv edilsin və 01 ədəd “Samsung" markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın, 02 ədəd diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınsın. Təqsirləndirilən şəxs 192 (yüz doxsan iki) manat manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar