Məhkəmə qərarları › İş №1(124)-198/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-198/2025

07.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-198/2025 07.01.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi: X1, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Siyəzən rayonunda doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 22:08-də işlədiyi atasına məxsus marketdən yaşadığı Siyəzən şəhəri, H.Aslanov küçəsi, ev 2 ünvanında yerləşən evə gəldikdən sonra bacısı xx.xx.1996-cı il təvəllüdlü, Siyəzən rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" ASC-nin broyler sahəsində kompüter operatoru vəzifəsində işləyən ünvan 1 ünvanda yaşamış Zərərçəkmiş şəxs qısqanclıq zəmnində baş vermiş mübahisə zamanı onu istifadəsində olan mobil telefonla istintaqa məlum olmayan şəxslərlə əxlaqsız danışıqlarda günahlandıraraq sonuncunu qəsdən öldürmək qərarına gəlmiş və həmin an mətbəxdən götürdüyü qatlanan bıçaqla Zərərçəkmiş şəxs sinə nahiyəsindən bir dəfə zərbə vurub sol ağ ciyərin, ürəyin və aorta qan damarının zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirməyə səbəb olmuş həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid sol yarısının ön divarının bir ədəd yarasının döş boşluğuna nüfuz edən xəsarət yetirməklə qəsdən öldürmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, bacısı Şəbnəm ondan 8 yaş böyük olmuş, onlar eyni evdə yaşamışdırlar. Axşam işdən evə getmiş, evdə stulu stolun digər tərəfinə qoymaq istəyəndə bacısı Şənbəmin telefonunda oğlan şəkli görmüşdür. Telefonu Şəbnəmdən almaq istəyəndə çörək kəsmək üçün əvvəlcədən götürdüyü bıçağı divana vuraraq onu qorxutmaq istəmiş, lakin zərbə istəmədən bacısına dəymişdir. Hadisədən sonra polisə gedib təslim olmuşdur. Təqsirləndirilən şəxs dövlət ittihamçısının sullarına cavab olaraq bir bıçaq xəsarəti yetirdiyini və əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq və məhkəmə istintaqı zamanı isə qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. 05 noyabr 2024-cü il tarixli qərarla zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X3 məhkəmə istintaqı zamanı ifadəsində bildirmişdir ki, axşam oğlu Təqsirləndirilən şəxs işdən gəlmiş, bir az keçdikdən sonra stəkan gətirmək üçün mətbəxə getmişdir. O, başı telefona qarışdıqda birdən qızı Şəbnəmin səsini eşitdiyini, hadisənin bir anda baş verdiyini qeyd etmişdir. Səfərin bacısını vurduğunu görməmiş, hətta Səfərlə Şəbnəmin dava-dalaş etdiklərinin də şahidi olmamışdır. Əgər belə bir hadisə baş verəcəyini bilsəydi, əvvəlcədən müdaxilə edəcəyini bildirmişdir. Qızı Şəbnəm hadisə günü evdə divanda uzanmış, Səfər bıçaqla divana vurmaq istəyəndə Şəbnəm qabağa doğru gəlmiş və bıçaq zərbəsi Şəbnəmə dəymişdir. Məhkəmə tərkibinin suallarına zərər çəkmiş şəxsin hüquqi varisi X3 cavab olaraq Səfərin Şəbnəmi qorxutmaq məqsədi ilə bıçaqla divana vurduğunu və əlindəki telefonu almaq istədiyini bildirmişdir. Şəbnəm ali təhsili və subay olmuş, Siyəzən rayonunun “Qozağacı” kənd məktəbində 1 il tarix müəllimi vəzifəsində işləmişdir. O, Səfərlə Şəbnəmin arasında münasibətlərin yaxşı olduğunu, Səfərin orta məktəbdə 11-ci sinfə kimi təhsil aldığını, qızı Şəbnəmin Siyəzən ASC-də mühasib köməkçisi kimi işlədiyini bildirmişdir. Təqsirləndirilən şəxs Səfəri bağışladığının və onunla barışdığını, ondan şikayəti və tələbi olmadığını qeyd etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, oğlu Səfər bacısı Şəbnəmə “bacıcan” deyə müraciət etmiş, Şəbnəm Səfərdən 8 yaş böyük ali təhsilli qız olmuş, 1 il tarix müəllimi vəzifəsində işləmişdir. Qızı Şəbnəm həmişə qardaşı Səfərin qayğısına qalmış, öz maaşı ilə Səfərə onun istədiyi əşyalar, geyimlər almışdır. Şəbnəmlə Səfər arasında münasibətlər çox yaxşı olmuşdur. Bu hadisə birdən-birə baş vermişdir. Hadisə günü işdən gəldikdən sonra Şəbnəm, Səfər, o və arvadı Yeganə evdə olmuş, Səfər əlində Coca-Cola gətirmiş, stolun ətrafında hamısı əyləşmişdir. Evdə kondisioner olmadığı və hava isti olduğu üçün o, digər otağa keçmiş, birdən arvadı Yeganə qışqıra-qışqıra gəlib “Əmrah, tez dur” demiş, onlar olan otağa gəldikdə isə Şəbnəm artıq ölmüş, yaxınlaşıb əlini qızının alnına qoyduqda Şəbnəm buz kimi olduğunu görmüşdür. Baş verənlərdən çox təəccüblü qalmış, Səfərə görə çölə çıxdıqda ona Səfərin polisə təslim olmağa getdiyini demişdirlər. Hadisə yerinə əvvəlcə, təcili tibbi yardım briqadası, daha sonra isə polislər gəlmişdir. Şahid2 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2023-ci ildə rəsmi nikaha daxil olmuş və ər evinə köçmüşdür. Sumqayıt Dövlət Universitetinin məzunudur. Zərərçəkmiş şəxs doğma bacısıdır. O, Bakı Qızlar Universitetinin tarix fakültəsinin məzunu olmuş, çox savadlı, aktiv idi və ictimai tədbirlərdə fəal iştirak etmişdir. Universitetdə oxuduğu dövrdə Bakı şəhərində digər tələbələrlə birlikdə kirayə yaşamışdır. Təhsili bitirdikdən sonra Şəbnəm Siyəzənə qayıdaraq Qozağacı kəndində müqavilə əsasında məktəbdə müəllim işləmişdir. Sonradan isə X7 ASC-də mühasib köməkçisi vəzifəsində çalışmışdır. Bildirib ki, Şəbnəm müasir fikirli idi, o, ailə qurub kənd şəraitində yaşamaq istəməmişdir. Elçilərin sayı çox olmuşdur, lakin bacısının fikirləri danışdığı oğlanlarla və ailələrlə üst-üstə düşmürdü. Ona görə də o köhnə fikirli insanlarla ailə qurmaq istəməmişdir. Təqsirləndirilən şəxs doğma qardaşıdır. Səfər orta məktəbi bitirdikdən sonra universitet oxumaq istəməmiş və özlərinə məxsus dükanda atasına kömək etmişdir. Səfər doğulanda kəllədaxili travma ilə doğulduğu üçün qüsurlu danışır, lakin böyüdükcə danışıq qüsuru azalsa da danışığında həmin qüsur qalmışdır. Buna baxmayaraq Səfər fikirlərini normal çatdırmış və psixikası normal olmuşdur. Səfərlə Şəbnəmin arasında münasibətlər yaxşı olmuşdur. Mehriban münasibətləri olmuş, Şəbnəm Səfərin hər zaman qayğısına qalmış, aralarında heç vaxt ədavət və düşmənçilik olmamışdır. Onların arasında bir dəfə təxminən 3-4 il bundan qabaq söz-söhbət olduğu zaman onların söhbətinə qarışdıqda Səfər bildirib ki, Şəbnəm kiminləsə telefonla danışırdı, ona görə də onun əlindən telefonu alıb sındırmışdır. Valideynləri həmin vaxtı Səfərə Şəbnəmin böyük qız olduğunu, sevdiyinin olmasını, bəlkə də ailə qurmaq niyyətinin olduğunu izah edərək onun elədiyi hərəkətin düzgün olmadığını bildirmişdir. Səfər elədiyi hərəkətinin səhv olduğunu anladı və ondan bəri onların arasında belə bir söhbətin şahidi olmamışdır. Həm də ki, Şəbnəm onunla açıq olduğunu və hər şey barədə danışdığını, əgər aralarında ciddi bir şey baş versəydi Şəbnəmin ona bu barədə deyəcəyini bildirmişdir. 24 avqust 2024-cü il tarixdə o, ər evində olduğu zaman anası zəng edərək təcili onlara gəlməyini istəmişdir. O, yoldaşı ilə birlikdə təcili özünü atasıgilə çatdırmış, evə gəldikdə çoxlu insanların toplaşdığını görüb evə daxil olub qonaq otağına keçdikdə divanda üstü örtülü vəziyyətdə bacısını görmüşdür. Nə baş verdiyini soruşduqda ona qardaşı Səfərin Şəbnəmi bıçaqla vurduğu deyilmişdir. Bir müddət sonra anasının sözlərindən Səfər evə gəlib Şəbnəmlə nəsə danışdığını, birdən Şəbnəmin “ay mama, Səfər sən neynədin” sözlərini eşitdiyini, Şəbnəmə tərəf baxanda divanda oturduğu vəziyyətdə əlini sinəsindən çəkən kimi qan fışqırdığını və Səfərin təlaşlı vəziyyətdə “can bacı, bilmədim” sözlərini təkrarladığını və özünü itirdiyini bildirmişdir. Anası dərhal 103 xidmətinə zəng edib yardım çağırmış və Şəbnəmin sinəsini dəsmalla örtmüşdür. Şəbnəmin həmin anda boynu əyilərək rəngi ağarmışdır. O, Şəbnəmin keçindiyini anlamış, qışqırığına qonşular gəlmiş, əksəriyyəti də qohumları olmuşdur. Səfər həmin vaxt çölə çıxaraq polisə zəng edib hadisə barədə məlumat vermişdir. Şahid2 əlavə olaraq bildirmişdir ki, öz düşüncəsinə görə Səfər Şəbnəmi öldürmək istəməmiş, sadəcə aralarında baş vermiş söhbət əsasında əsəbləşərək ona xəsarət yetirmək istəmiş, ya da ki, bıçaqla qorxutmaq istəmişdir, lakin ehtiyatsızlıqdan bıçaqla onun sinə nahiyyəsinə vuraraq öldürmüşdür. O, Səfərin uşaqlıqdan danışığında qüsurlar olduğunu, onun Bakı Nevroloji Mərkəzdə müalicə kurslarına yazıldığı və böyüdükcə Səfərin danışığında qüsurlar azalsa da, tam getmədiyini bildirmişdir. Səfərin danışığında qüsurlar olsa da onun heç bir ruhi xəstəliyi olmamışdır. Davranışı sağlam insanın davranışı kimi idi, amma əsəbləşəndə danışıq qüsuru gözə çarpırdı. O, bacısının heç bir əxlaqsız hərəkətinin olmadığını bildirmişdir. Səfərin Şəbnəmin əxlaqı barəsində düşündüklərinin əsassız olduğunu, özünə haqq qazandırmağa çalışdığını, özünü müdafiə etməsini, Şəbnəmin ona heç vaxt özü barəsində belə düşünməyə şərait yaratmadığını bildirmişdir. O, həmçinin ailəsində böyük faciə baş verdiyini, sevdiyi bacısını itirməsini, qardaşının həbsdə olduğunu, həbsdə neçə il yatsa da belə o bir bacı olaraq rahatlıq tapa bilməyəcəyini, qardaşının azadlığa buraxılmasını və ev şəraitində öz cəzasını çəkməsini, o, uzun müddət həbsxana şəraitində qalarsa onu da itirmiş olacağını vurğulayaraq qardaşına daha yüngül cəzanın verilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 avqust 2024-cü il tarixli təqrirdən görünür ki, Siyəzən RPŞ-dən Təqsirləndirilən şəxs bacısı Zərərçəkmiş şəxs bıçaqla ürək nahiyəsindən xəsarət yetirərək öldürməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “baxış aparılması haqqına” protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanında yerləşən fərdi evdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “ifadənin yerində yoxlanması haqqına” protokol, həmin protokola əlavə edilmiş disk və foto şəkillərdən görünür ki, Təqsirləndirilən şəxs hadisənin harada və necə baş verdiyini əyani şəkildə göstərərək verdiyi ifadəsinin təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “götürmənin aparılması haqqına” protokol və həmin protokola əlavə edilmiş foto şəkildən görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd qara rəngli cins şalvar və bir ədəd qara rəngli qısaqaol köynək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" ETT Birliyinin xx.xx.2024-cü il tarixli, 432/MTKŞ-2024 nömrəli maddi sübutların məhkəmə-tibbi kriminalistik ekspert rəyinə əsasən təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı qatlana bilən cib bıçağıdır və soyuq silah hesab edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 14 sentyabr 2024-cü il tarixli, 2667 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anemnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s.sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissəsinə əsasən Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur. O hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissəsinə əsasən Təqsirləndirilən şəxs kinlilik, inadkarlıq, eqosentrizm, başqalarının hisslərinə qarşı biganəlik kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Onun əqli-intellektual imkanları normaya uyğundur. O cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti (affekt) keçirməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 2995/K nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenialkilaminqrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4- benzodiazepin törəməmləri, salisilatlar və kannabinoid (çətənə bitkisindən və təbii mənşəli narkotik vasitə hesab edilə bilən) aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 18 sentyabr 2024-cü il tarixli 12 nömrəli tibbi ekspertiza rəyinə əsasən Zərərçəkmiş şəxs meyitinin xarici müayinəsində döş qəfəsinin sol yarısının ön divarının bir ədəd döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası, daxili müyinəsində sol ağ ciyərin, ürəyin və aortaların cırılmaları, daxili üzvlərin azqanlılığı aşkar olunmuşdur. Həmin xəsarətlər deşici- kəsici əşyanın (alətin), ola bilər ki, ekspertizaya təqdim olunmuş və yuxarıda təsvir olunmuş bıçağın və yaxud buna bənzər digər bıçağın təsirindən yaranmışdır, yaranma müddəti onun ölümündən qısa müddət əvvələ aid olub 24 avqust 2024-cü il tarixə uyğun gəlir və canlı adamlarda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir. Yara kanalının istiqaməti öndən-arxaya və bir qədər soldan-sağa doğru olmuşdur. Zərərçəkmiş şəxs ölümünə səbəb döş qəfəsinin sol yarısının ön divarının bir ədəd yarasının döş boşluğuna nüfuz edib sol ağ ciyərin, ürəyin və aorta qan damarının zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Zərərçəkmiş şəxs ölümünün baş vermə müddəti ilkin meyit əlamətlərinə əsasən meyitin meyitxanada müayinə anından (xx.xx.2024-cü il saat 11:30) 12-24 saat əvvələ uyğun gəlir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatında qanda etil spirti, narkotik vasitələr və psixotrop maddələr müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" ETT Birliyinin xx.xx.2024-cü il tarixli, 589/2024-MTBŞ nömrəli maddi sübutların məhkəmə-tibbi bioloji ekspert rəyinə əsasən, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: Abeta/H/(ll). Ekspertizaya təqdim edilmiş bir ədəd qatlanan bıçaq üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanını qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “H” antigenləri alındı, “B” antigeni və aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri Abeta/H/(ll) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs aid ola bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-lifli ekspertizasının 04 oktyabr 2024-cü il tarixli 3-16-16/2-6/4444 nömrəli rəyinə əsasən ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən donun üzərindən aşkar edilmiş qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən köynəyin tərkib liflərinə uyğun gəlirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-trasoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-3/1398 nömrəli məhkəmə trasoloji ekspert rəyinə əsasən ekspertizaya təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs....” yazı qeydləri olan bağlamadan aşkar edilmiş bir ədəd qısaqol köynəyin, bir ədəd cins şalvarın, üzərində "Zərərçəkmiş şəxs” yazı qeydləri olan bağlamadan aşkar edilmiş bir ədəd ipli qısa donun səthində trasoloji zədə yoxdur. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Cinayət işi üzrə sübutlara qiymət verilməsi və maddi sübutların tanınması haqqında” qərara əsasən hadisanin izlərini əks etdirib iş üçün əhəmiyyət kəsb etdiyindən mərhum Zərərçəkmiş şəxs istifadəsində olmuş 1 (bir) ədəd “Samsung Galaxy A14” markalı mobil telefon və hadisə vaxtı əynində olmuş 1 (bir) ədəd ipli qısa don, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 1 (bir) ədəd qısaqol köynək və 1 (bir) ədəd cins şalvar, hadisə yerindən götürülmüş 2 (iki) ədəd tampon və 1 (bir) ədəd qatlanan bıçaq maddi sübut kimi tanınmış və Siyəzən rayon prokurorluğunun maddi sübutlar üçün nəzərdə tutulmuş otaqda saxlanılmışdır. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Siyəzən RİHB-nin Siyəzən şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda yaşadığı müddət ərzində barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş elektron prokurorluq informasiya sisteminin məhkumluq məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsi öldürmək niyyətinin olmaması və zərər çəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurması barədə verdiyi ifadələrini onun müdafiə mövqeyinə söykənən, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə xüsusilə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarında olan 24 avqust 2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs özü xx.xx.2024-cü il tarixdə, saat 22:08-də Siyəzən RPŞ-ə zəng edərək bacısı Zərərçəkmiş şəxs bıçaqla ürəyindən xəsarət yetirməsi və vəziyyətinin ağır olması barədə məlumat vermişdir. Cinayət işi materiallarında olan zərər çəkmiş şəxsin hüquqi varisi X1 06 yanvar 2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və ya tələbi yoxdur, onunla barışmışdır. Azərbaycan Respublikası CM-nin cəzanı yüngülləşdirən halları müəyyən edən 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna alması Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən, zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi isə həmin məcəllənin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Odur ki, məhkəmə tərkibi Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halın mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, həmçinin təqsirləndirilən şəxsin səmimi peşman olmasını nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). İş materiallarından görünür ki, Siyəzən rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 24 avqust 2024-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Siyəzən Rayon Prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs istifadəsində olmuş 1 (bir) ədəd “Samsung Galaxy A14” markalı mobil telefon və hadisə vaxtı əynində olmuş 1 (bir) ədəd ipli qısa don, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 1 (bir) ədəd qısaqol köynək və 1 (bir) ədəd cins şalvar, onların yaxın qohumlarına qaytarılmalı, qəbul etmədikdə məhv edilməli, hadisə yerindən götürülmüş 2 (iki) ədəd tampon və 1 (bir) ədəd qatlanan bıçaq məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 152 (yüz əlli iki) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 24 avqust 2024-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Siyəzən Rayon Prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs istifadəsində olmuş 1 (bir) ədəd “Samsung Galaxy A14” markalı mobil telefon və hadisə vaxtı əynində olmuş 1 (bir) ədəd ipli qısa don, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 1 (bir) ədəd qısaqol köynək və 1 (bir) ədəd cins şalvar, onların yaxın qohumlarına qaytarılsın qəbul etmədikdə məhv edilsin, hadisə yerindən götürülmüş 2 (iki) ədəd tampon və 1 (bir) ədəd qatlanan bıçaq məhv edilsin. Təqsirləndirilən şəxs 152 (yüz əlli iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar