Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-20/2024 29.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxxxx 1990-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi fərdi yaşayış evində faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə təmiz çəkisi 53,122 qram olan külli miqdarda heroin əldə edib üzərində daşıyaraq saxlamış, xx.xx.2022-ci il tarixdə saat 10:55-də Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən 45-ci kilometrində yerləşən “Azpetrol” YDMnın yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilib, xidməti otaqlardan birində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd sellofan bükümdə olan təmiz çəkisi 50,061 qram külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bundan başqa xx.xx.2022-ci il tarixdə saat 13:38-cə Sumqayıt ŞPİ-nin MSY-nə təhvil yerilən zaman MSY-nin əməkdaşları tərəfindən üzərində axtarış keçirilərkən əynində olan alt paltarının içərisində ağ-göy rəngli sellofana bükülmüş 3,061 qram ümumilikdə 02 ədəd bükümdə kimyəvi tərkib komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən təmiz çəkisi 53,122 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, əvvəllər də heroin və marixuana növündə narkotik vasitə istifadəçi olmuşdur. Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində, “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında taksi avtomobilindən özünə siqaret və su almaq üçün düşmüşdür. Həmin vaxt təxminən saat 05:30 radələrində polis əməkdaşları onu saxlamışlar və avtomobilə əyləşdirmişlər. Avtomobilin içərisində olan zaman ondan üzərində nə olmağı barədə soruşmuşlar. O da cibində olan telefonu və s. çıxarıb onlara təqdim etmişdir. Üzərində narkotik vasitə yox idi. Daha sonra onu polis idarəsinə gətirmişlər. Orada köynəyini, şalvarını və s. çıxarıb üzərinə baxış keçirmişlər. Üzərindən narkotik vasitə aşkar edilməmişdir. Bundan sonra 50 qram miqdarında narkotik vasitə gətirib qarşısına qoymuşlar və ona məxsus olduğunu bildirməyini tələb etmişlər. O isə razılaşmamışdır. Ona psixi təzyiqlər göstərək, onu ailəsi ilə hədələmişlər. O da məcbur olub onlarla razılaşmışdır. Daha sonra onu X4 yerləşdirməzdən əvvəl yenidən üzərinə baxış keçirilmişdir. Paltarlarını çıxaran zaman yerdə büküm görmüşdür. Bu zaman bir polis əməkdaşı digər polis əməkdaşından yerə düşənin nə olduğu barədə soruşmuşdur. Həmin büküm ona məxsus olmamışdır Polis əməkdaşları tərəfindən ona fiziki təzyiq də göstərilmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində 2 ədəd mobil telefon olmuşdur. Onlardan birində nömrə mövcud olmuşdur. Digərində isə mobil telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi “Whatsapp” mobil tətbiqindən istifadə edirdi. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, özünü elan olnmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, bir neçə ildir ki, narkotik vasitələrin alüdəçisidir. xx.xx.2022-ci il tarixdə, təxminən saat 10:55 radələrində evinin yanında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Sorğu zamanı üzərindən aşkar olunmuş maddənin narkotik vasitə "kakos” olduğunu, sosial şəbəkə vasitəsilə əlaqə yaratdığı, tanımadığı şəxs tərəfindən Bakı şəhəri Xətai rayonu «Ağ Şəhər» deyilən ərazidə qoyulduqdan sonra götürdüyünü, həmin narkotik vastəni özü istifadə edəcəyindən üzərində saxlayaraq daşıdığını bildirmişdir . Həmin vaxt üzərindən aşkar olunmuş maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin sellofanla birlikdə çəkisinin 50,63 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddə qablaşdırılaraq möhürlənmiş, üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən aşkar edilmiş iki ədəd qara rəngli mobil telefon xüsusi qaydada qablaşdırılaraq protokola əlavə edilmişdir. Bundan sonra o, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. Sumqayıt ŞPİ-nin MSY-nə qəbul edilərkən üzərinə tam baxış keçirildikdə üzərimdən bir ədəd sellofana bükülmüş vəziyyətdə olan bir büküm içərisindəki maddə ilə birlikdə aşkar olunaraq götürülmüşdür. Üzərindən aşkar edilmiş bir ədəd ağ-göy rənglərin qarışığından ibarət sellofana bükülmüş vəziyyətdə olan bir büküm videokamera vasitəsi ilə müdafiəçinin iştirakı ilə saxlanıldığı kamera otağında açılmaqla baxış keçirilmiş, baxış zamanı həmin bükümün içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı həmin maddəni bir gün əvvəl Neman adlı şəxsdən şəxsi istifadəsi üçün 60 (altmış) manata aldığını və alt paltarının içərisində saxladığını bildirmişdir. Həmin büküm içrəsindəki maddə ilə birdlikdə elektron tərəzidə çəkilmiş, çəkisinin 4,17 qram olması müəyyən edilmişdir. Həmin şəxs adının Arif olduğunu bildirmişdir. Ondan bundan əvvəl də bir dəfə 190 manat ödəməklə 10 qram, 2 dəfə də hər dəfə 20 qram olmaqla bir dəfə 340, bir dəfə də 300 manata narkotik vasitə heroin almışdır. Hazırda da aşkar edilmiş narkotik vasitəyə görə də ona 700 manat kart vastəsi ilə ödəmişdir. (Cild 1, iş vərəqləri 74-76;177-178) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edərək qiymətləndirir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələr əldə etməsi, daşıması və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən hal ilə bağlı dərhal əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində, “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanılmış, Sumqayıt Şəhər Polis İdarəsinə dəvət edilmişdir. Müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə ona üzərində olan qanunsuz vasitələri təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edilmişdir. Müəyyən olunmuşdur ki, onun üzərindən aşkar edilən heroin növündə narkotik vasitələrdir. Həmin narkotik vasitələrin miqdarı təxminən 50 qram miqdarında idi. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin MSY-nin növbətçisi vəzifəsində işləyən, polis baş serjantı Şahid4 ifadəsində göstərdi ki, 17 may 2022-ci il tarixdə Şahid5 və Şahid2 ilə birlikdə xidmətdə olduqları zaman saat 13:00-14:00 radələrində şübhəli şəxs qismində Təqsirləndirilən şəxs X4 yerləşdirmək üçün gətirmişlər. Onun üzərinə tam axtarış keçirərkən əynində olan alt paltarının iç hissəsində sellofan büküm aşkar edilmişdir. Həmin sellofan bükümün içərisində təxminən 4 qram miqdarında narkotik vasitə var idi. Lakin, həmin narkotik vasitənin hansı növdə olduğunu bilmir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin kiçik inspektoru X3 ifadəsində göstərdi ki, 2022-ci ilin may ayının ortalarında Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələr əldə etməsi, daşıması və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən hal ilə bağlı dərhal əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində, “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanılmış, Sumqayıt Şəhər Polis İdarəsinə dəvət edilmişdir. Müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə ona üzərində olan qanunsuz vasitələri təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs sağ yan cibindən təxminən 50 qram miqdarında narkotik vasitə aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid6 ifadəsində göstərdi ki, 2022-ci ilin may ayının ortalarında Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələr əldə etməsi, daşıması və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən hal ilə bağlı dərhal əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində, “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanılmış, Sumqayıt Şəhər Polis İdarəsinə dəvət edilmişdir. Müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə ona üzərində olan qanunsuz vasitələri təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs sağ yan cibindən təxminən 50 qram miqdarında narkotik vasitə aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt Şəhər Polis İdarəsinin Müvəqqəti saxlama yerinin polis nəfəri növbətçisi vəzifəsində işləyən Şahid5 ifadəsində göstərdi ki, 17 may 2022-ci il tarixdə Şahid4 və Şahid2 ilə birlikdə xidmətdə olduğumuz zaman saat 13:00-14:00 radələrində şübhəli şəxs qismində Təqsirləndirilən şəxs X4 yerləşdirmək üçün gətirmişlər. Onun üzərinə tam axtarış keçirərkən əynində olan alt paltarının iç hissəsində sellofan büküm aşkar edilmişdir. Həmin sellofan bükümün içərisində təxminən heroin növündə narkotik vasitə var idi. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid2 digər şahidlər Şahid1 və X3 ilə oxşar məzmunlu ifadə verərək, onların ifadələrində göstərdikləri xüsusatları təstiq etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “Şəxsi axtarış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən şəffaf rəngli sellofan bükümü çıxararaq təqdim edir. Həmin bükümdə 50,63 qram heroinə bənzər maddə müəyyən edilir. Bundan başqa, “Baxış keçirilməsi və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokola əsasən Sumqayıt RPİ-nin MSY-də Fərid Mənsurzadənin üzərindən 4,17 qram çəkidə narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. (Cild 1, iş vərəqləri 25, 39) “Şəxsi axtarış keçirilməsi barədə” və “Baxış keçirilməsi və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokollarda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və videogörüntülərin əks olunduğu disk protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 17 may 2022-ci il tarixli, 6\2831 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində:” Təqsirləndirilən şəxs üzərindən..” yazı və imzalar olan zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 50,061 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin olması müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı aşkar olunmuş narkotik vasitə olan heroinin çəkisi 50,061 qram olması nəzərə alınmışdır. (Cild 1, iş vərəqləri 46-50 ) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 18 may 2022-ci il tarixli, 6\2835 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs aşkar edilmiş maddə..” yazı və imzalar olan zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 3,061 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bu heroin ondan aşkar edilmiş qalıq çəkisi 49,961 qram olan heroinlə kimyəvi komponent tərkiblərinə görə eynidirlər. (Cild 1, iş vərəqləri 51- 55 ) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 4386 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 131-132 ) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərcell MMCdən daxil olmuş “diskə baxış keçirilməsi haqqında” 08 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, DVD diskə baxış keçirildiyi zaman disk açıldıqda 08 ədəd qovluq açılır, həmin qovluqlardan zənglərin detallaşması, məxsusluq və sms tarixçəsi qovluqları olmaqla +**********04 nömrəsinə daxil olan sms mətnləri və digər məlumatlar qeyd olunmuşdur. Həmin nömrəyə müxtəlif vastlarda daxil olan sms mətnləri vardır ki, onlardan əsasən bir neçə mətndə ‘‘Allaha and olsun həmişə verdiyivin yarsidi komada patida, tozdu.cek; Ferid 10 manat pati demisemde sen brat, Ay yetim qaqaş cixib gedecey qalacam lomkada; Qaqa bidene cavab verde yari isdiyen var alindirmaq olar diyim gelsin pulu versin mene; Salam necesen? bu mal qatqili dermanlidi sehere mene birwey duz qow ele gorum bunuda neynirem Qaqa vezyetim cox pisdi resden gelmiwem olecem senen bawka adam yoxdu yiga bileceyim üzürlü say sen allah menim imkanin varsa iwimi düz qow pulum var” kimi sms mətnləri və narkotik maddələrin dövsiyyəsinə xas mesajlaşmalar qeyd olunmuşdur. (Cild 1, iş vərəqləri 148-168) İş materiallarında olan 09 sentyabr 2022-ci il tarixli “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 2 büküm 49,861 qram və 2,961 qram narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir.(Cild 1, iş vərəqləri 181-191) Cinayət işinin materiallarında olan “Cinayət işinin materiallarından digər cinayət işinin ayrılması barədə” 09 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, hazırki cinayət işində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqləri 193-194) Məhkəmə, Təqsirləndirilən şəxs tutulduğu vaxt üzərində narkotik vasitə olmaması, polis əməkdaşları tərəfindən təzyiq olunduğu üçün boynuna alması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək, saxladığı və daşıdığı ümumilikdə 53,122 qram narkotik vasitə heroinin şəxsi istehlak miqdarından, həmçinin külli miqdarda dəfələrlə artıq olması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqləri 139-140) Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 17 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 19 may 2022-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 17-18, 83-84) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 17 may 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə olunası əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 52,822 qram narkotik vasitə heroin məhv edilməlidir. 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 220 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 17 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 52,822 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. 02 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 220 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-20/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-20/2024
29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver