Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-200/2025 17.04.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 1985-ci ildə Xaçmaz rayonu, Qaraqurdlu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, Xaçmaz rayonu, Qaraqurdlu kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 234.2 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda əkmək, yetişdirmək və onları (onların hissələrini) toplamaqla kultivasiya etmək, həmçinin satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuana hazırlamaq, saxlamaq, daşımaq və satmaq üçün naməlum mənbədən istintaqa məlum olmayan vaxtda və şəraitdə əldə etdiyi narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarının bir hissəsini 2024-cü ilin mart ayında yaşadığı Xaçmaz rayonu, Qaraqurdlu kəndində yerləşən özünə məxsus yaşadığı fərdi yaşayış evinin həyətyanı hissəsində yetişdirib onların cücərməsinə nail olduqdan sonra bitkilərin 98 ədədini həmin həyətyanı torpaq sahəsində əkmiş, həmçinin 2024-cü ilin mart ayında Xaçmaz rayonu, Hacıəhmədoba kəndinin yaxınlığında yerləşən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 5 saylı X2 Mərkəzinin Xaçmaz meşəbəyiliyinin 7 saylı dolayının 4-cü kvartalında yerləşən meşə fondu torpağında qalan çətənə toxumlarını yetişdirmiş, həmin tarixdə 95 ədədini özbaşına becərdiyi torpaq sahəsində əkməklə 21 iyun 2024-cü il tarixədək olan müddət ərzində hər iki torpaq sahəsində yerləşən ümumilikdə külli miqdarda 193 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinə aqrotexniki qulluq göstərməklə onları yetişdirərək və hissələrini toplayaraq kultivasiya etmiş, kultivasiya etdiyi tərkibində narkotik vasitələr olan həmin çətənə (kannabis) bitki kollarından toplayıb kustar üsulla qurutmaqla əldə etdiyi 2,07 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə əynində olan şalvarının sağ yan kiçik cibində saxlayaraq daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 21 iyun 2024-cü il tarixdə saat 20:19-da Xaçmaz rayonu, Qaraqurdlu kəndində yaşadığı evin qarşısında saxlanılmış, özünün razılığı və iştirakı ilə həmin tarixdə saat 20:19-dan etibarən həmin ünvana baxış zamanı yaşayış sahəsinin həyətyanı hissəsində yerləşən torpaq sahəsində əkilmiş və aqrotexniki qaydada qulluq göstərilmiş külli miqdarda ümumi sayı 98 ədəd olan yaş vəziyyətdə ümumi çəkisi 22100 qram (22 kq 100 qr) bitki nümunələri tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri, həmçinin əynində olan şalvarının sağ yan kiçik cibindən satış məqsədi ilə qanunsuz olaraq hazırlayıb saxlamaqla daşıdığı 01 ədəd bükümdə təmiz çəkisi 2,07 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. 22 iyun 2024-cü il tarixdə saat 09:05-dən etibarən Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə sonuncunun çətənə bitkilərinin yetişdirilməsi üçün Xaçmaz rayonu Hacıəhmədoba kəndinin yaxınlığında yerləşən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 5 saylı X2 Mərkəzinin Xaçmaz meşəbəyiliyinin 7 saylı dolayının 4-cü kvartalında yerləşən meşə ərazisinə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən həmin ərazidə əkilmiş və aqrotexniki qaydada qulluq olunmuş külli miqdarda ümumi sayı 95 ədəd olan yaş vəziyyətdə ümumi çəkisi 18600 qram (18 kq 600 qr) bitki nümunələri tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Xaçmaz rayonu, Qaraqurdlu kəndində yaşamışdır. Qəbir qazaraq pul qazanıb ailəsini dolandırırdı. 2024-cü il tarixdə özünün şəxsi istifadəsi üçün narkotik vasitə əkmişdir. Narkotik vasitəni həm meşə ərazisində, həm də həyətyanı sahədə əkmişdir. Evin qapısının ağzında dayanmış, polis əməkdaşlarının yaxınlaşdığını görmüşdür. Gəlib ilk öncə həyətyanı sahəyə baxış keçirilmişdir. Narkotik vasitələr öz şəxsi istifadəsi üçün olmuşdur. Heç vaxt narkotik vasitə satmamışdır. Evində 98 ədəd kol, meşədə isə 95 ədəd kol narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-in 234.2 və 237.2.3-cü maddələri ilə ittiham elan edilən zaman o, elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək qeyd etmişdir ki, İİİ qrup əlil olduğu üçün hərbi xidmətdə olmamışdır. Əliliyi sol gözünün zəif görməsi ilə bağlıdır. Hazırda əlilliyinə görə təqaüd alır. 2010-cu ildə ailə həyatı qurmuşdur. Həmin evlilikdən bir qızı vardır. 2014cü ildə boşanmışdır. Həmin övladı hazırda onun himayəsindədir. Yaşadığı kənddə qəbirstanlıqda qəbir qazaraq dolanır. Psixi xəstəliyi yoxdur. Xəzər Rayon Məhkəməsinin 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2 və 317.1-cü maddələri ilə təqsirli bilinərək 04 il 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 2018-ci ilin oktyabr ayının 5-də 05 ay vaxtından əvvəl şərti azad edilmişdir. İki il olar ki, “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Əvvəllər istifadə etdiyi maddələri aldığı şəxslərin adını xatırlamır. O, aldığı narkotik vasitə qurudulmuş marixuananın toxumlarını Xaçmaz rayonu, Qaraqurdlu kəndində yaşadığı evdə yığım saxlamışdır ki, gələcəkdə əkib becərsin və özü istifadə etsin. Təxminən 2024cü ilin mart ayının sonlarında yaşadığı evdə saxladığı toxumları əkib onlara qulluq etməyə başlamışdır. Həmin toxumları əvvəlcə kiçik vedrələrdə əkib böyütdükdən sonra torpağa köçürmüşdür. Bundan sonra yaşadığı evin həyətyanı sahəsində təmir işləri ilə məşğul olmaq üçün kifayət qədər vəsaiti olmadığından əkdiyi çətənə kollarının sayını artırıb sataraq pul qazanmaq qərarına gəlmişdir. Bunun üçün yaşadığı evdən təxminən 30-40 km aralıda yerləşən meşəlik ərazidə eyni qaydada toxumları cücərdərək orada əkməyə başlamışdır. Həm yaşadığı evin həyətyanı sahəsində olan kollara, həm də ifadəsində göstərdiyi meşəlik ərazidə əkdiyi kollara qulluq etməyə başlamışdır. Həyətyanı sahədə olan kolları həyətlərində olan su aparatı vasitəsilə suvara bilsə də, meşəlik ərazidə suvarmaq üçün şərait olmadığından və həmin əraziyə su daşımaq çətin olduğundan meşədə kiçik su quyusu qazaraq həmin quyu vasitəsilə əkdiyi çətənə kollarını sulamışdır. Həmin kolların diblərini təmizləyib lazım olduqca alaq etmişdir. Daha keyfiyyətli məhsul əldə etmək üçün torpağa gübrə də vermişdir. Təxminən bir aydan sonra həmin əkdiyi kollara artıq istifadə üçün yararlı olacaqmış. 21 iyun 2024-cü il tarixdə saat təxminən 20-21 radələrində yaşadığı evin qarşısında olan zaman ona bir neçə nəfər yaxınlaşıb özlərini təqdim edərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş və ondan özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun qanunsuz olaraq narkotik tərkibli bitkilər əkib-becərməkdə şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla onu tanış etmişlər. O, səmimi olaraq etiraf edib bildirmişdir ki, yaşadığı evin həyətyanı sahəsində çətənə kolları əkmişdir. Bundan sonra onun özünün razılığı və iştirakı ilə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı həyətin girişində sağ tərəfdə bitki kollarının olması müşahidə edilmişdir. Baxışda iştirak edən mütəxəssis həmin bitkilərə baxış zamanı bitkilərin narkotik tərkibli çətənə bitkisi kolları olduğunu, həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyini, belə ki, bitkilərin mütəmadi qaydada suvarıldığını, diblərinin yumşaldıldığını, torpağa üzvi gübrələr verildiyini, bitkilərin tam inkişaf fazasında olmasını, hündürlüklərinin ortalama 0,25-2 metr ölçüsündə olduğunu bildirmişdir. Şifahi sorğu zamanı o, həmin kolların narkotik tərkibli bitkilər olduğunu, 2024-cü ilin mart-aprel aylarında öz şəxsi istifadəsi üçün əkdiyini və qulluq etdiyini, eləcə də artıq qalarsa, satacağını, bundan başqa Xaçmaz rayonunda meşəlik sahədə də həmin bitkilərdən əkdiyini və həmin ünvana gedildiyi halda oranı göstərə biləcəyini demiş və baxışın keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Yaşadığı ünvanda əkdiyi narkotik tərkibli çətən kolları bir-bir torpaqdan çıxarılıb sayılmış və tam yığılıb qurtardıqdan sonra aşkar olunmuş bitkilərin ümumi sayının 98 ədəd olması müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş çətənə kolları polis əməkdaşları tərəfindən qablaşdırılıb möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra üzərinə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı o, əynində olan şalvarının sağ yan cibindən 01 ədəd siqaret qutusunu, 01 ədəd alışqanı və 01 ədəd “Samsung” markalı mobil telefonu, həmin şalvarının sağ yan kiçik cibindən 01 ədəd kağız büküm çıxarıb təqdim etmişdir. Təqdim etdiyi kağız bükümə baxış zamanı içərisində narkotik vasitə qurudulmuş marixuana olması müşahidə edilmişdir. Daha sonra həmin narkotik vasitə polis əməkdaşı tərəfindən qablaşdırılıb möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı o, həmin narkotik vasitəni əkdiyi bitkiləri qurudaraq əldə etdiyini və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Üzərindən aşkar edilmiş mobil telefon polislər tərəfindən götürülmüş, 01 ədəd alışqan və 01 ədəd siqaret qutusu özünə qaytarılmışdır. Bundan sonra protokol tərtib olunması üçün Xaçmaz Rayon Polis Şöbəsinə getmişlər. Polis Şöbəsində hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Orada gecə olduğu üçün meşə sahəsində əkdiyi bitkiləri təqdim edə bilməyəcəyini bildirmişdir. Buna görə də, həmin meşə sahəsinə baxış növbəti günə təxirə salınmışdır. Növbəti gün, yəni 22 iyun 2024-cü il tarixdə səhər saatlarında narkotik tərkibli bitkiləri əkib-becərdiyi meşə sahəsinə getmişlər. Orada onun iştirakı və razılığı ilə göstərdiyi sahəyə baxış keçirilmişdir. Baxış zamanı həmin ərazidə bitki kollarının olması müşahidə edilmişdir. Baxışda iştirak edən mütəxəssis həmin bitkilərin narkotik tərkibli çətənə bitkisinin kolları olduğunu, həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini, belə ki, bitkilərin mütəmadi qaydada suvarıldığını, diblərinin yumşaldıldığını və torpağa üzvi gübrələrin verildiyini bildirmişdir. Daha sonra həmin narkotik tərkibli kollar birbir torpaqdan çıxarılıb sayılmış və tam yığılıb qurtardıqdan sonra ümumi sayının 95 ədəd olması müəyyən edilmişdir. Bundan sonra həmin kollar polis əməkdaşları tərəfindən qablaşdırılıb möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı həmin bitkiləri 2024-cü ilin mart-aprel aylarında şəxsi istifadəsi və satış məqsədi ilə əkdiyini bildirmişdir. Bundan sonra onlar Xaçmaz Rayon Polis Şöbəsində qayıtmış, orada baxış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, yaşadığı evin həyətyanı sahəsində öz şəxsi istifadəsi üçün narkotik vasitə qurudulmuş marixuana hazırlamaq və sataraq pul qazanmaq üçün çətənə bitkiləri əkmişdir. Əynində olan şalvarının cibində olan olan narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bitkiləri əkmək üçün toxumları əvvəllər istifadəsi üçün aldığı narkotik vasitə qurudulmuş marixuananın toxumlarından saxlamışdır. Əvvəllər istifadə etdiyi maddələri Xaçmaz rayonundan tanımadığı şəxslərdən almış və onların anket məlumatlarını bilmir. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır, lakin əkdiyi bitkilərdən artıq qalacağı halda, pul qazanmaq üçün onları satacaqmış. Yalnız narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. Başqa heç nə istifadə etməmişdir. Evində narkotik tərkibli bitkilər əkməsindən heç kimin xəbəri olmamışdır. Evdə təsərrüfatla özü məşğul olduğu üçün başqa heç kim əkdiyi sahəyə getməmişdir. Meşə sahəsində əkdiyi bitkiləri şəxsi istifadəsi və satış məqsədi ilə əkmişdir. Meşə sahəsində əkdiyi bitkilərin toxumlarını da əvvəllər istifadə etdiyi narkotik vasitələrdən ayırıb saxlamışdır. Həmin bitkiləri əkib-becərdiyi meşə sahəsi ərazisi dövlətə məxsusdur və bu barədə başqa heç bir məlumatı yoxdur. Həmin ərazi yaşadığı evdən 30-40 km aralıda Xaçmaz rayonu, Hacıəhmədoba kəndi ərazisində yerləşir və o, oraya heç kimə görünməmək üçün gecələr getmişdir. Həmin bitkiləri əkibbecərdiyi ərazinin eni 3 metr, uzunluğu isə 7 metr olmuşdur. Başqa heç yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır. Üzərindən aşkar edilmiş “Samsung” markalı mobil telefondan özü və anası Pəri Ağasıyeva birlikdə istifadə etmişdir. Həmin mobil telefonun içərisində "xxxx" MMC-yə məxsus ***-***-**-** mobil nömrəsi vardır və həmin nömrə özünün adınadır. Nə saxlanılan zaman, nə evinin həyətyanı sahəsinə, nə də meşə sahəsinə baxış keçirilən zaman heç bir fiziki və ya psixi təzyiqə məruz qalmamış, saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. (Cild 1, iş vərəqləri 41-42, 49-50, 85-89, 104-108) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərdi ki, Xaçmaz rayonu, Hacıəhmədoba kəndi yaxınlığında yerləşən meşə sahəsi 5 saylı X2 Mərkəzinin balansındadır. O, özü 2020-ci ilin sentyabr ayından hal-hazıradək 5 saylı X2 Mərkəzində baş mütəxəssis-hüquqşünas vəzifəsində çalışır. Bildirmək istəyir ki, fiziki şəxslər nəzarətində olan ərazilərdə əkin işlərinin aparılması üçün Mərkəzin bilavasitə tabe olduğu Ekologiya və Təbii Sərvətər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinə müraciət etməlidirlər. Təqsirləndirilən şəxs işlədiyi idarə tərəfindən həmin ərazidə əkin işlərinin həyata keçirilməsi üçün icazə verilməmişdir. Təqsirləndirilən şəxslə aralarında əkin işlərinin aparılması üçün heç bir müqavilə bağlanılmamışdır. Lakin barışıq əldə olunmuşdur və hazırda şikayətləri yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş DİN-in BMCMİ-nin əməliyyat müvəkkili Şahid məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, 2024-cü il tarixdə iyun ayında Təqsirləndirilən şəxs Xaçmaz rayonunda meşə ərazisində və öz yaşayış yerində həyətyanı sahədə narkotik vasitələrin əkini ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında təqsirləndirilən şəxsə yaxınlaşmış, özlərini təqdim etmişlər. Heç bir müqavimət göstərmədən onları əvvəl meşə ərazisinə aparmışdır. Əkin yerlərini göstərmişdir. Daha sonra yaşayış yerinin həyətyanı sahəsinə gəlmiş və əkinləri onlara göstərmişdir. Əkmiş olduğu narkotik vasitə olan bitkilərə yaxşı qulluq edilmişdi. Ona heç bir zor tətbiq olunmamışdır və heç bir müqavimət göstərməmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 21 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon, şalvarın sağ yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olan büküm aşkar edilərək götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Qaraqurdlu kəndində yerləşən ünvana baxış keçirilmiş, əkdiyi narkotik tərkibli çətənə bitkisinə oxşar kollar torpaqdan çıxarılaraq sayılmış və bitkilərin ümumi sayının 98 ədəd olması müəyyən edilmişdir. Aşkar olunan bitkilər müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 17-19) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 22 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayonunda meşəlik sahədə bitkilər əkdiyi əraziyə baxış keçirilmiş, narkotik tərkibli çətənə bitkisinə oxşar kollar bir-bir torpaqdan çıxarılıb sayılmış, yığılıb qurtardıqdan sonra aşkar olunmuş bitkilərin ümumi sayının 95 ədəd olması müəyyən edilmişdir. Həmin bitkilər qablaşdırılaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 46-47) “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 21 iyun 2024-cü il və 22 iyun 2024-cü il tarixli protokollarda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış bununla bağlı 02 ədəd disk iş materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı və ünvana baxış zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 20, 48) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 22 iyun 2024-cü il tarixli 3-16-16/2-7/1022 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyində qeyd edilmişdir: Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə” yazılar və imzalar olan kağız paketdə üzəıri skoçla bağlanmış 1 ədəd kağız bükülüdə təmiz çəkisi- 2,07 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş kollar” yazılar və imzalar olan 4 (dörd) ədəd üzərləri skoçla bağlanmış qara rəngli polietilen bağlamalarda yaş vəziyyətdə, ümumi sayı 98 (doxsan səkkiz) ədəd, ümumi çəkisi- 22100,0 qram bitki nümunələri eyni növə aid olan, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi meşəlik ərazidən aşkarlanmış bitkilər” yazılar və imzalar olan 3 ədəd üzərləri skoçla bağlanmış ağ rəngli sintetik bağlamalarda yaş vəziyyətdə, ümumi sayı 95 (doxsan beş) ədəd, ümumi çəkisi-18600,0 qram bitki nümunələri eyni növə aid olan, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəylərinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Çətənə (kannabis) bitkilərində və həmin növ bitkilərdən hazırlanan marixuanada kannabinoidli komponentlər eynidirlər. (Cild 1, iş vərəqləri 60-64) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X4 Şəxsindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 22 iyul 2024-cü il tarixli 4969 nömrəli rəyində qeyd edilmişdir: Müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs narkoloji-tibbi müayinə zamanı narkotik vasitə olan marixuanadan istifadə etdiyini bildirmişdir. (Cild 1, iş vərəqləri 189-190) Cinayət işinin materiallarında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 20 noyabr 2024-cü il tarixli qərarından görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalan 2,05 qram narkotik vasitə qurudulmuş marixuana və 40690,35 qram olan 193 ədəd çətənə (kannabis) bitkiləri maddi sübut kimi tanınaraq DİN-nin BMCMİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. 02 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 227-245) Məhkəmə, təqsirləndirilən şəxsin narkotik vasitələrdən yalnız şəxsi istifadə məqsədilə istifadə etməsi, heç vaxt satışı ilə məşğul olmaması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi işin obyektiv hallarına uyğun olduğundan, həmin ifadə daha səmimi ifadə və mötəbər sübut kimi qəbul olunmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 234.2 və 237.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan torpaq sahəsini özbaşına becərmiş, eləcə də qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkmə, yetişdirmə və onları (onların hissələrini) toplamaqla kultivasiya etmiş, həmçinin satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Dövlət ittihamçısı yekun nitqində təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməli, onların əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə müvafiq olaraq az ağır və ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, 8 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin, tiryək «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr» in siyahısına daxildir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Xəzər rayon məhkəməsinin 24 iyul 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 317-1.1-ci maddələri ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Suraxanı rayon məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti olaraq azad edilmişdir. 11 mart 2019-cu il tarixdə cəza müddəti başa çatmışdır. (Cild 1, iş vərəqləri 142-143) Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinin “məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir” tələbinə əsasən hazırki iş üzrə təqsirləndirilən şəxsi məhkumluğu olmayan şəxs kimi tanıyır. Elektron məhkəmə informasiya sistemindəki məlumatlardan görünür ki, təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağı vardır. Həmçinin o, İİİ dərəcə əlil olduğuna görə pensiya alır. Təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun bu normasının tələbi baxımdan hesab edir ki, təqsirləndirilən şəxsin 3-cü dərəcə əlil olması da onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza həmin Məcəllənin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 21 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Nərimanov rayon məhkəməsinin 23 iyun 2024-cü il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin 09 oktyabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 118-123, 171-175) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 21 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə ediləsi əmlak yoxdur. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub DİN-in BMCMİ-də saxlanılan 2,05 qram narkotik vasitə qurudulmuş marixuana; 40.690,35 qram olan 193 ədəd çətənə (kannabis) məhv edilməlidir. 02 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 72 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Bundan başqa, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 21 iyun 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olub DİN-in BMCMİ-də saxlanılan 2,05 qram narkotik vasitə qurudulmuş marixuana; 40.690,35 qram olan 193 ədəd çətənə (kannabis) bitkisi məhv edilsin. Cinayət işinin materiallarına əlavə edilmiş 02 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-200/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-200/2025
17.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver