Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-201/2023 09.03.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi X6 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 1966-cı il tarixdə Xaçmaz rayonu, Nabran kəndində doğulmuş, Rusiya Federasiyası vətəndaşı, evli, orta təhsilli məhkumluğu olmayan, Rusiya Federasiyasının Krasnoyarsk diyarının Krasnoyarsk şəhərinin Sovetsk rayonu, Molokov küçəsi, ev 12, mənzil 143 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Xaçmaz rayonu, Ləcət kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmişdir. Belə ki, o, 2021-ci ilin noyabr ayında yaşadığı Xaçmaz rayonu, Ləcət kəndi ərazisində, Yalama-Xudat avtomobil yolunun həmin kənd ərazisindən keçən hissəsinin sağ tərəfində yerləşən evin həyətində dibçəklərdə, plastmas vedrələr və dəmir qazanda qanunsuz olaraq əkdiyi külli miqdar təşkil edən 52 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinə 04 may 2022-ci il tarixədək aqrotexniki qaydada qulluq göstərməklə becərmiş, bu fakt 04 may 2022-ci il tarixdə saat 14:10-dan 14:45-dək olan müddətdə Xaçmaz Rayon Polis X9 bölməsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Ləcət kəndi ərazisində, Yalama- Xudat avtomobil yolunun həmin kənd ərazisindən keçən hissəsinin sağ tərəfində yerləşən evin həyətyanı sahəsinə baxış keçirilərkən həyətin giriş hissəsindən sağ tərəfdə mişar daşı ilə çəkilmiş hasarın içəri tərəfində dibçəklərdə, plastmas vedrələr və dəmir qazanda əkdiyi 4865,0 qram çəkidə olan ümumilikdə 52 ədəd kök üstə yaş vəziyyətdə əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüş, bununla da o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya (əkmə və ya yetişdirmə) etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, o, Azərbaycan Respublikasında doğulub, 30 ildir ki Rusiyanın Krasnoyarsk şəhərinin Molkov küçəsində yaşayır. Ailəlidir, uşağı var. Rusiya Federasiyası vətəndaşıdır. SİT transservis daşıma şirkəti var. Rusiyadan Azərbaycana gələndə ferma tikmişdir. 2020-ci il tarixdə birdəfəlik Azərbaycana gəlmiş, artıq iki ildir ki, Xaçmaz rayonu, Ləcət kəndində yaşayan Şahid5 ilə birlikdə onun evində yaşayır, faktiki ər-arvad münasibətləri var. 04 may 2022-ci il tarixdə saat 14 radələrində evin həyətinin giriş qapısından tanımadığı şəxslər onu çağırmışlar. Səbirə ilə birlikdə qapıya çıxanda onu çağıranların polis əməkdaşları olduqlarını görmüşlər. Onlar yaşadığı evin həyətində çətənə bitkiləri əkib yetişdirməsi barədə Yalama Polis bölməsinə məlumat daxil olduğunu deyib evin həyətinə baxış keçirmiş, evin həyətində dibçəklərdə çətənə bitkilərini aşkar etmişlər. Şahid5 da onunla birlikdə aparacaqlarını dedikləri üçün çəkiliş olanda çətənə bitkisini öz əkdiyini demişdir. Evdə iki dəfə çəkiliş olmuşdur.Şahid5 həyətində heç vaxt çətənə bitkisi əkilməmişdir. Onun Əsgər adlı sinif yoldaşı ilə mübahisəsi olduğuna görə belə güman etmişdir ki, narkotik vasitəni onun həyətinə Əsgər qoymuşdur. Onun narkotik vasitə ilə əlaqəsi olmamış, narkotik vasitə istifadə etməmiş, çətənə bitkisi toxumları əkməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, Azərbaycan Respublikasının CM-nin 237.2.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Qusar rayonu, Qaratoba kəndində müvəqqəti qeydiyyatda olsa da, faktiki olaraq Xaçmaz rayonu, Ləcət kəndində yaşayır. O, xx xxxx 1966-cı ildə Qusar rayonu, Qaratoba kəndində anadan olmuşdur. Orta təhsilini Qusar rayonu, Qaratoba kənd tam orta məktəbində almışdır. Belə ki, 8-ci sinifə qədər Qusar rayonu, Qaratoba kəndində azərbaycan dilində təhsil aldıqdan sonra, Bakı şəhərində yerləşən 80 nömrəli peşə məktəbində dərzilik peşəsi üzrə azərbaycan dilində təhsil almışdır. 1989-cu ilin sonlarından Rusiya Federasiyasında yaşamağa başlamış və həmin vaxtdan Rusiya Federasiyası vətəndaşlığını almış, ancaq buna baxmayaraq tez-tez Azərbaycan Respublikasına gəlib getmişdir. Ona görə də Azərbaycan dilində sərbəst danışa və başa düşə bilir. O, iki il bundan əvvəl Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəlmiş və bu müddət ərzində Rusiya Federasiyasına getməmişdir. O, Azərbaycan Respublikasına gəldiyi vaxtdan, yəni iki ildir ki, Xaçmaz rayonu, Ləcət kəndində yaşayan Şahid5 ilə birlikdə sonuncunun evində yaşamışdır. Onun Şahid5 ilə arasında rəsmi nigah olmasa da, iki ildir ki, birlikdə yaşamışlar və sonuncu ilə ər-arvad kimi münasibəti olmuşdur. O, bir müddət narkotik vasitə olan qurudulmuş marixuana istifadə etmiş, indi də hərdən əlinə düşəndə, yəni tapanda istifadə edir. 2021-ci ilin noyabr ayının əvvəllərində Xaçmaz rayonu, Ləcət kəndində piyada gəzən zaman yolda bir ədəd sellofan torba olduğunu görüb diqqətini çəkdiyi üçün həmin sellofan torbanı əlinə götürüb içərisinə baxan zaman içərisində çətənə bitkisinin toxumlarının olduğunu görmüşdür. O, həmin toxumları özünün istifadəsi üçün əkib yetişdirmək qərarına gəlmişdir. Bu məqsədlə, 2021-ci ilin noyabr ayında Ləcət kəndindəki yaşadığı evin həyətində balaca istixana düzəltmiş və həmin istixanaya tapdığı çətənə bitkisinin toxumlarını əkmək üçün dipçəklər, plastmas vedrələr alıb yığmışdır. Həmçinin həyətdə olan dəmir qazanlardan da çətənə bitkisinin toxumlarını əkmək üçün istifadə etmişdir. Qabları istixanaya yığdıqdan sonra, həmin qabların içərisinə torpaq və peyin daşıyıb qabları doldurmuşdur. Bundan sonra tapdığı toxumları həmin qabların içərisinə əkmişdir. O, ümumi 52 ədəd qabda toxumları əkib onları sulamışdır. İstixanada həmin toxumlara qulluq etmiş, belə ki, onları mütəmadi olaraq sulamış, dibinə peyin vermişdir. İstixanada bitkiləri şaxta vurmaması üçün odun sobası qoyub, içərisində odun yandıraraq istixananın qızdırmışdır. Toxumları əkdiyi vaxtdan bir müddət keçdikdən sonra toxumların bəziləri cücərməyə başlamışdır. O, bitkilərin böyüdüyünü görüb, mütəmadi olaraq onlara qulluq etmişdir. Əkdiyi toxumların hamısı, yəni 52 ədəd bitki əmələ gəlmişdir. Bitkilərin bəziləri daha yaxşı inkişaf etdiyindən boylarında fərqlər olmuşdur. 2022-ci ilin mart ayınının sonlarında istixananın polietilen örtüyünü sökmüşdür ki, həmin bitkilər daha yaxşı gün görsün. Həm də artıq havalar isindiyindən polietilen örtüyə ehtiyac olmamışdır. Polietilen örtüyü sökdükdən sonra, evin həyətaynı torpaq sahəsinin həmin hissəsinə qırmızı rəngli örtük çəkmişdir ki, həyətə gələn insanlar həmin bitkiləri görməsinlər. O, 04 may 2022-ci il tarixədək həmin bitkilərə qulluq etmişdir. 04 may 2022-ci il tarixdə saat 14 radələrində o, yaşadığı evin həyətində olan zaman evin həyətinin giriş qapısından tanımadığı şəxslərin onu çağırdıqlarını eşitmişdir. O, arvadı Səbirə ilə birlikdə qapıya çıxdıqdan sonra qapıda olan şəxslər polis əməkdaşları olduqlarını, onun yaşadığı evin həyətində tərkibində narkotik maddələr olan bitkiləri əkib yetişdirməsi barədə Yalama Polis bölməsinə məlumat daxil olduğunu bildirmişlər və onun yaşadığı evin həyətinə baxış keçirmək istədiklərini bildirib ondan və arvadı Səbirədən buna etirazlarının olub-olmadığını soruşmuşlar. O, yaşadığı evin həyətində dipçəklərdə, plastmas vedrə və dəmir qazanda narkotik tərkibli çətənə bitkiləri əkdiyinə görə həqiqəti gizlətməyib etirazının olmadığını bildirmişdir. Polis əməkdaşları evin həyətinə baxış keçirmək üçün Şahid5 da icazə istəmişlər, sonuncu da heç bir etirazının olmadığını bildirmişdir. Baxış keçirilməsinə başlamazdən avvəl, polis əməkdaşları həqiqətən narkotik tərkibli bitkiləri əkib-əkmədiyini soruşmuşlar, o da əkdiyini etiraf etmişdir. Bundan sonra polis əməkdaşları həmin bitkiləri göstərməsini təklif etmişlər. O, öz razılığı ilə həyətə daxil olaraq qablarda əkdiyi çətənə bitkilərini polis əməkdaşlarına təqdim etmişdir. Bitkiləri təqdim edən zaman özünün istifadəsi üçün əkib yetişdirdiyini, bitkilərə daimi olaraq qulluq etdiyini bildirmişdir. Bundan sonra aqronom həmin bitkilərə baxıb bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, həmin bitkilərə aqrotexniki qulluq olunduğunu bildirmişdir. Daha sonra aqronom onun və polis əməkdaşlarının iştirakı ilə bitkiləri çıxarmış, saymış, ümumilikdə 52 ədəd çətənə bitkisi olmuş, daha sonra təhqiqatçı tərəfindən həmin bitkilər bir ədəd ağ rəngli kisədə qablaşdırılıb götürülmüşdür. Bundan sonra o, Yalama PB-nə aparılmış, orada ona müdafiəçi təqdim olunmuş və o, şübhəli şəxs qismində tutulmuşdur. Yalama PB-də izahat verən zaman hər şeyi səmimi şəkildə etiraf etmişdir. O, iki ildir ki, Xaçmaz rayonu, Ləcət kəndində Şahid5 ilə birlikdə yaşayır və sonuncu ilə aralarında rəsmi nigah olmasa da ərarvad kimi birlikdə yaşayırlar. O, əvvəllər narkotik vasitə olan qurudulmuş marixuana istifadə etmişdir. Son zamanlarda isə əlinə düşəndə istifadə etmişdir. Ancaq 2021-ci ilin noyabr ayında çətənə bitkilərinin toxumlarını tapdıqdan sonra fikirləşmişdir ki, həmin bitkiləri gələcəkdə özünün istifadəsi üçün əkib yetişdirsin. Bu məqsədlə yaşadığı evin həyətində istixana düzəldib həmin istixanada dipçəklərin, plastmas vedrə və dəmir qazanın içərisində narkotik tərkibli çətənə bitkisinin toxumlarını əkmiş və onlara qulluq edib yetişdirmişdir. Onun yaşadığı evin həyətinə kənar şəxslər gəlməmiş və orada narkotik tərkibli çətənə bitkiləri əkib yetişdirməsindən heç kimin məlumatı olmamışdır. O, həmin bitkiləri qablarda əkdikdən sonra mütəmadi olaraq diblərinə peyin vermiş, diblərini yumşaltmış və sulamış, qışda şaxta vurmaması üçün istixana düzəldib odun sobası ilə həmin istixananı qızdırmışdır. (Cild 1, iş vərəqləri 74-76) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz RPŞ-in Yalama PB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 2022-ci il mayın 4-də Xaçmaz rayonu Ləcət kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətinda qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərini əkib yetişdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatı rəhbərliyə raportla məruzə etdikdən sonra, əməliyyat axtarış tədbirləri keçirilmişdir. Əməliyyat qrupunun üzvləri olan R. Şükürov və T. Abuzərovla birlikdə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Ləcət kəndində yerləşən evin həyətinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs özü etiraf edərək yaşadığı evin həyətində çətənə bitkilərini şəxsi istifadəsi üçün əkib yetişdirdiyini demişdir. Onun yaşadığı evin həyətindən qırmızı rəngli polietilen örtüyün arxasında, hasarın yanında dibçəklərdə, plastmas vedrələr və dəmir qazanda ümumilikdə 52 ədəd çətənə bitkiləri aşkar edilmişdir. Baxışda iştirak edən aqronom Şahid4 həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, aqrotexniki qaydada qulluq göstərildiyini demişdir. Evin həyətində 1 dəfə çəkiliş olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz RPŞ-in Yalama PB-in polsi nəfəri Şahid3 ifadəsində göstərdi ki, 2022-ci il may ayının 4-də Təqsirləndirilən şəxs Xaçmaz rayonu Ləcət kəndində yaşadığı evin həyətinda qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərini əkib yetişdirməsi barədə daxil olan əməliyyat məlumatı əsasında əməliyyataxtarış tədbirləri keçirilmiş, əməliyyat-axtarış tədbirləri zamanı günorta saatlarında Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Ləcət kəndində yerləşən evin həyətinə baxış keçirilmişdir. Baxış zamanı onun yaşadığı evin həyətində təqsirləndirilən şəxsin dediyinə görə şəxsi istifadəsi üçün əkib yetişdirdiyi 52 ədəd çətənə bitkiləri aşkar edilmişdir. Çətənə bitkiləri evin həyətində hasarın yanında qırmızı rəngli polietilen örtüyün arxasında dibçəklərdə, plastmas vedrələr və dəmir qazanda əkilmişdi. Aqronom həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu və aqrotexniki qaydada qulluq göstərildiyini demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxslə faktiki nikah münasibətindədilər. Onunla 2019-cu ildən etibarən Xaçmaz rayonu Ləcət kəndində onun evində birlikdə yaşayırlar. Həmin hadisədən əvvəlki 2-3 gün iş yerində qalmışdır. Ruslan da qardaşıgilə gedəcəyini demişdir. Mayın 3-də axşam saatlarında o evə gəlmiş, bir müddət sonra Ruslan da içkili şəkildə evə gəlmişdir. Səhəri gün saat 11 radələrində qapı döyülmüş, qapını açanda 4-5 nəfər polis əməkdaşı olduğunu görmüşdür. Ona yoxlama apardıqlarını deyərək sənədlərini gətirməyi tələb etmişlər. Sənədləri gətirəndə polislərin həyətdə olduğunu görmüşdür. Onlar həyətdə yeni tikilən hamamın yanında olan hasarın yanında dibçəklərdə çətənə bitkiləri olduğunu demişlər. Onun həmin bitkilərdən xəbəri olmamışdır. Həyətlərində istixana olmamışdır. Polislər onu da həbs edəcəklərini deyərək dedikləri sənədləri imzalamağını tələb etmişlər. Şahid5 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə Xaçmaz rayonu, Ləcət kəndində yaşayır. O, 30 ildən çoxdur ki, Xaçmaz rayonu, Ləcət kəndində yerləşən atası X4 məxsus fərdi yaşayış evində yaşayır. Atası 10 ildən çoxdur ki, dünyasını dəyişmişdir. Anası isə 7 il əvvəl dünyasını dəyişmişdir. X2 isə 2013-cü ildə ailə quraraq Rusiya Federasiyasının Dağıstan Respublikasına gəlin köçmüş və həmin vaxtdan orada yaşamışdır. O, 2020-ci ildə Xaçmaz rayonu, Ləcət kəndində Təqsirləndirilən şəxslə tanış olmuşdur. Həmin vaxtdan sonra Ruslan Abdurzevlə aralarında münasibət yaranmış və onlar həmin vaxtdan etibarən birlikdə yaşamağa başlamışlar. Həmin vaxta qədər Ruslan Qusar rayonu, Qaratoba kəndində özünə məxsus evdə yaşamışdır. 2020-ci ildən isə onlar Ruslan ilə birlikdə onun yaşadığı Xaçmaz rayonu, Ləcət kəndində yaşamışlar. Ruslan mütəmadi olaraq spirtli içki qəbul etmiş, ancaq Ruslan heç bir vaxt onun yanında narkotik vasitə istifadə etməmişdir. O, Xaçmaz rayonu, Nabran kəndində yerləşən “El-faro” istirahət mərkəzində aşpaz işləmişdir. İşi ilə əlaqədar olaraq hərdən gecələr də orada qalmışdır. Ancaq buna baxmayaraq Ruslan onun evində daimi olaraq yaşamışdır. 2022-ci ilin fevral ayında Ruslan yaşadıqları evin həyətində istixana düzəldib orada pomidor, xiyar və digər tərəvəzlər əkmişdir. O, səhərlər evdən çıxıb axşamlar evə gəldiyinə görə Ruslanın evin həyətində hansı işləri görməsindən məlumatı olmamışdır. 2022-ci ilin mart ayının sonlarında aprel ayının əvvəllərində Ruslan istixananın polietilen örtüyünü çıxarıb kənara atmış və həmin yerə parçadan örtük çəkmişdir. O, 2022-ci ilin may ayının 1-də görmüşdür ki, Ruslanın örtüyü çəkdiyi yerdə dibçəklərdə bitkilər əkilmişdir. O, Ruslanın işinə qarışmadığı üçün həmin bitkilərin nə olması ilə maraqlanmamış və ona görə də həmin bitkilərin hansı bitkilər olmasını bilməmişdir. Ancaq hərdən Ruslanın dibçəklərdə, plastmas qablarda və dəmir qazanda əkilmiş həmin bitkilərə qulluq etdiyini, su verdiyini görmüşdür. 04 may 2022-ci il tarixdə o, Ruslanla yaşadıqları evin həyətində olan zaman yaşadıqları evin həyətinin qapısından Ruslanı kiminsə çağırdığını eşitmişlər. Onlar həyətdə olduqlarına görə ikisi də evin həyətinin qapısına getmiş və qapıdan küçəyə çıxanda görmüşlər ki, gələnlər polis əməkdaşlarıdır. Polis əməkdaşları Ruslanı küçəyə çıxarıb videoçəkiliş apararaq Ruslana demişlər ki, o, yaşadığımız evin həyətində narkotik tərkibli çətənə bitkiləri əkib yetişdirmişdir. Ruslan da orada etiraf edərək bildirmişdir ki, yaşadığımız evin həyətində narkotik tərkibli çətənə bitkiləri əkib yetişdirmişdir. O da polislər Ruslanı tutandan sonra öyrənmişdir ki, Ruslanın yaşadıqları evin həyətində əkib yetişdirdiyi bitkilər narkotik tərkibli çətənə bitkiləridir. O, Ruslanla iki ildir ki, biryerdə yaşamışdır. Onların aralarında rəsmi olaraq nikah olmasa da dini nikah vardır. (Cild 1, iş vərəqləri 109-112) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Xaçmaz RPŞ-in İTB-in sahə rəisi Şahid2 digər şahidlər Şahid3 və Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onların ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 116-118) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid4 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Xaçmaz şəhəri, A.Babayev küçəsi, ev 7-də yaşayır. Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsində aqronom işləyir. 04 may 2022-ci il tarixdə Xaçmaz RPŞ-nin Yalama PB-nin əməkdaşlarının dəvəti ilə Xaçmaz rayonu, Ləcət kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə keçirilmiş baxışda iştirak etmişdir. Həmin gün baxış başlamazdan əvvəl, onlar Təqsirləndirilən şəxs yaşadığı evin həyətinin giriş qapısının qarşısında olan zaman, sonuncu yaşadığı evin həyətində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərini əkib yetişdirdiyini bildirmişdir. Bundan sonra baxışda iştirak edən təhqiqatçı həmin bitkiləri təqdim etməsini demişdir. Bu zaman Təqsirləndirilən şəxs onları yaşadığı evin həyətinə dəvət etmişdir. Onlar Təqsirləndirilən şəxs arxası ilə həyətə daxil olub, sağa dönüb 15-20 metr irəli getdikdən sonra, bir daha sağa dönüb orada ipdən asılmış qırmızı rəngli polietilen örtüyün arxasına keçmişlər. Bu zaman görmüşlər ki, həmin örtüyün arxasında yerə düzülmüş vəziyyətdə olan dibçəklərdə, plastmas vedrə və dəmir qazanda əkilmiş çətənə bitkiləri vardır. O, həmin bitkiləri nəzərdən keçirib müəyyən etmişdir ki, həmin bitkilər narkotik tərkibli çətənə bitkiləridir, onlara uzun müddət aqrotexniki qaydada qulluq edilmiş və dibləri sulanmışdır. Bundan sonra o, həmin bitkiləri bir-bir kökündən çıxarmağa başlamışdır. Həmin bitkilərin uzun olanları əyilib qırılmasın deyə bəziləri mişar daşından tikilmiş hasara, bəziləri isə dibçəklərdə basdırılmış ağac və dəmir parçalarına bağlanmışdır. Orada olan bitkilərin balaca olanları 20-50 sm aralığında, böyük olanları isə 1-1,80 metr aralığında olmuşdur. O, əvvəlcə böyük olan bitkiləri, daha sonra isə digərlərini çıxarmışdır. Orada olan bitkilərin 9 ədədi ağ rəngli plastmas vedərələrə, 1 ədədi dəmir qazana, qalanları isə dibçəklərə əkilmişdir. O, həmin bitkilərin hər birini çıxardıqdan sonra orada yerə düzərək saymış, onların sayı ümumilikdə 52 ədəd olmuşdur. Daha sonra təhqiqatçı Samir Alxanov həmin bitkiləri ekspertizaya təqdim etmək üçün bir ədəd ağ rəngli kisədə qablaşdırmışdır. Orada olan böyük bitkilər uzun müddət idiki əkilmişdir, ancaq həmin bitkilərə aqrotexniki qaydada qulluq edilsə də, dibləri yumşaldılıb sulansa da onlar tam yaxşı inkişaf etməmişdir. (Cild 1, iş vərəqləri 127-129) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” 04 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Ləcət kəndindəki evin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən evin həyətində olan dibçəklərdə, plastmas vedrələr və dəmir qazanda əkilmiş vəziyyətdə 52 ədəd çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Həmin istintaq hərəkəti videoçəkilişlə aparılmış və videogörüntülərin əks olunduğu bir ədəd disk istintaq materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 14-17) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə baxış keçirilməsinə dair 11 iyun 2022-ci il tarixli protokolla, eləcə də həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 104-105) Cinayət işinin materiallarında olan aqronom-mütəxəssis Şahid4 tərəfindən tərtib edimiş 04 may 2022-ci il tarixli rəydən görünür ki, baxış zamanı 52 (əlli iki) ədəd yaş kök üstündə narkotik təbiətli çətənə bitkiləri müəyyən edilərək götürülmüşdür. bitkilərin əkildiyi qablarda xüsusi torfşəkilli torpaqlar toplnmışdır ki, həmin torpaq narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərilməsi üçün tam əlverişli münbit şəraitlidir. (Cild 1, iş vərəq 18) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bioloji ekspertizalar şöbəsinin 05 may 2022-ci il tarixli 7/443 nömrəli ekspert rəyindən görünür ki, vət. Təqsirləndirilən şəxs həyətindən aşkar edilib götürülmüş 52 (əlli iki) ədəd yaş vəziyyətdə ümumi çəkisi 4865,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. (Cild 1, iş vərəqləri 54-56) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının 02 iyun 2022-ci il tarixli 2906 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müyinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 113-114) Cinayət işinin materiallarında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 05 avqust 2022-ci il tarixli qərardan görünür ki, evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş 4865 qram çəkidəolan 52 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 4863,96 qram çəkidə 52 ədəd narkotik tərkibli çətənə bitkiləri Xaçmaz RPŞ-ə təhvil verilmişdir. Sübut əhəmiyyəti kəsb edən bir ədəd ”DVD” formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir .(Cild 1, iş vərəqləri 136-143) Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (Cild 1, iş vərəq 93) Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsassən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 19-cu bəndində hüquqi mövqe ifadə olunaraq izah edilmişdir ki, əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən İİİ siyahıda, yəni “qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər” siyahısına əsasən çətənə növlü bitkilər Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilərdir və həmin bitkilərin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 3-15 ədəd (6-30 hissə), külli miqdar daxil olmaqla yuxarı həddi 16 ədəd (31 hissə) müəyyən edilmişdir. Bundan əlavə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 04 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş,06 may 2022-ci il tarixdə Xaçmaz rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. 04 avqust 2022-ci il tarixdə isə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəq 131) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı 03 (üç) ay müddət ona təyin edilən cəza müddətinə hesablanmaqla çıxılmalı, təyin edilən azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı isə hökmün elan olunduğu və təqsirləndirilən şəxsin məhkəmə iclas zalında həbsə alındığı tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində məhkəməyədək icraat zamanı seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar cəza təyin edildiyindən və təyin olunan cəza çəkilməli olduğundan qeyd olunan qətimkan tədbiri çıxarılacaq hökmlə dəyişdirilib “həbs” qətimkan tədbiri ilə əvəz olunmalı, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsə alınmalı və cəza çəkməsinin əvvəli hökmün elan olunacağı 09 mart 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, tədqiqatdan sonra təmiz çəkisi 4863,96 qram cəkidə olan 52 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi məhv edilməli, iş materiallarında olan 01 (bir) ədəd “DVD” formatlı disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X3 72 (yetmiş iki) manat manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 may 2022-ci il tarixdən 04 avqust 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 03 (üç) ay müddət ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzadan çıxılsın və o, qəti olaraq 04 (dörd) il 03 (üç) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli hökmün elan olunduğu 09 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Xaçmaz RPŞ-də saxlanılan 4863,96 qram cəkidə olan 52 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi məhv edilsin. 01 ədəd “DVD” formatlı disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Fəhmin
Məhkəmə qərarları › İş №1(124)-201/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-201/2023
09.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver