Məhkəmə qərarları › İş №1(124)-202/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-202/2022

29.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-202/2022 29.09.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxxxx 1997-ci ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Yusublu kəndində qeydiyyatda olan və həmin ünvanda faktiki yaşamış barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 12 sentyabr 2021-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu Qobu qəsəbəsi ərazisində yerləşən 1-ci daş karxanasında paltar soyunub-geyinmə otağında görüşdüyü həqiqi hərbi xidmətdə bir yerdə olmuş həmyerlisi Zərərçəkmiş şəxs ona “sən hərbi xidmətdə xəbərçi olmusan” dedikdə o, sonuncuya yaxınlaşaraq işlətdiyi ifadəyə görə iradını bildirib, üzr istəməsini tələb etmiş, bu səbəbdən aralarında yaranmış mübahisə zamanı, Zərərçəkmiş şəxs onu yumruqla sifətinə, sonra isə ayaqla ayağından vurmuş, bu zaman o, Zərərçəkmiş şəxs hərəkətlərinin qarşısını almaq məqsədi ilə üzərində gəzdirdiyi təsərrüfat-məişət təyinatlı turist bıçağı ilə sonuncunun sol kürək, ənsə, döş qəfəsinin arxa və sol bud nahiyələrinə qəsdən 4 dəfə vuraraq, ona sol kürək nahiyəsinin daxilə nüfuz edərək pnevmotoraksla müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yarası, ənsə nahiyəsinin bir ədəd döş qəfəsinin arxa səthinin, bir ədəd, sol budun bir ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan xəsarətləri yetirməklə, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2021-ci ilin sentyabr ayının 9-da yaşadığı evdən çıxıb Abşeron rayonu Qobu qəsəbəsində yerləşən birinci daş karxanasına əmisi oğlu Şahid2 yanına getmiş, təxminən saat 17 radələrində oraya çatmışdır. Əmisi oğlu Kamaz maşınına daş yüklədiyi üçün o, istirahət otağında dincəlmişdir. Sonra Zərərçəkmiş şəxs gəlmiş, söhbət əsnasında ona 2016-cı ildə əsgərlikdə olarkən tibb məntəqəsində rastlaşdığını xatırlatmış, İsmayıl onunla əsgərlikdə bir yerdə xidmət etdiyini bildirib əsgərlikdə «suka» olduğunu demiş, o da İsmayıla sən suka olmusan deyib İsmayıldan dediyi ifadələrə görə üzr istəməsini tələb etmiş, İsmayıl isə ona nalayiq söyüşlər söymüşdür. Bundan sonra aralarındaa mübahisə olmuş, Vüqar onları ayırmış, lakin İsmayıl təpiklə ayağından, yumuruqla çənə nahiyəsindən vurmuşdur. İsmayılın onu vurmağı və söyməyi ona pis təsir etdiyindən cibində gəzdirdiyi açılıb bağlanan cib bıçağı ilə İsmayılın bud nahiyəsinə yüngül zərbə ilə iki dəfə, kürək nahiyəsinə bir dəfə vurmuşdur. Zərbələrdən sonra İsmayıl yerə yıxılmış, o isə kənara çəkilmişdir. Pərvizin köməkliyi ilə İsmayılı avtomobilə qoyub xəstəxanaya aparmışlar. Sonra özü gedib polisə təslim olmuşdur. O, əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2021-ci ilin sentyabr ayının 9-da Abşeron rayonu Qobu qəsəbəsi ərazisində yerləşən 1-ci daş karxanasında daş atandan sonra istirahət otağına keçmişdir. İş yoldaşları Vüqar və Pərviz də orada olmuşdur. Onlar oturub söhbət edən zaman oraya Təqsirləndirilən şəxs gəlmiş, biraz söhbət etdikdən sonra gedib maşına daş yükləmişlər. Sonra geri qayıdıb otaqda oturmuş, Təqsirləndirilən şəxs ondan kimin oğlu olduğunu soruşmuş, o isə Orxana Aydının oğlu olduğunu demişdir. Orxan da «Bilsəydim ki, sən Aydının oğlusan səninlə görüşməzdim» demişdir. Orxanın sözlərinə əsəbləşib belə danışmasının səbəbini soruşanda Orxana «Sən əsgərlikdə suka olmusan» sözlərini demişdir. Aralarında sözlü mübahisə düşmüş, sonra Orxanın ayağından təpiklə, sifətindən yumruqla vurmuş, Vüqar onları aralamışdır. Bundan sonra Orxan onun ənsə nahiyəsindən, kürəyindən və bud nahiyəsindən bıçaqla vurmuşdur. Zərərçəkmiş şəxs ona xəsarət alması ilə bağlı dəymiş ziyanın və müalicə xərclərinin tamamilə ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını və əməlindən peşman olduğunu qeyd etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2021-ci il sentyabr ayının 9-da saat 19 radələrində işlədiyi Abşeron rayonu, Qobu qəsəbəsi 1-ci daş karxanasında işdə olan vaxt Təqsirləndirilən şəxs ora gəlmiş, onlarla salamlaşmış, təxminən 5-6 dəqiqədən sonra Orxanla İsmayılın hərbi xidmətdə olmaları ilə bağlı mübahisələrinin yarandığını eşitmişdir. Aralarında sözlə mübahisə olmuş, sonra İsmayıl Orxanının ünvanına söyüş söydüyü üçün onlar əlbəyaxa olmuşdur. Vüqar onları ayırıb Orxanı kənara çəkərkən İsmayıl Orxana yaxınlaşaraq təpiklə onun ayağından və sifətindən vurmuşdur. Onlar əlbəyaxa olan zaman Orxan cibindən bıçaq çıxarıb İsmayılı bıçaqlamışdır. Orxanın və Vüqarın köməkliyi ilə İsmayılı avtomobilə mindirərək xəstəxanaya aparmışlar. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, anası ilə oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. (Cild 1, iş vərəq 100-102) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 27 dekabr 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında tərtib edilmiş protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, qeyd olunan cinayət hadisəsinin baş verdiyi yer Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində daş karxanasıdır. (Cild 1, iş vərəqləri 120-124) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında 04 dekabr 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerində göstərməklə cinayətin baş vermə mexanizmini və digər halları göstərməklə dəqiqləşdirilmələr aparılmışdır. ( Cild 1, iş vərəqləri 87-97) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq 12 noyabr 2021-ci il tarixli 2457 №-li məhkəmə-tibb ekspertinin rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol kürək nahiyəsinin daxilə nüfuz edərək pnemvotoraksla müşayiət olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası; ənsə nahiyəsinin 1(bir) ədəd,döş qəfəsinin arxa səthinin, (onurğanın döş şöbəsinin yuxarı proyeksiyası, kürəkarasısahə) 1(bir) ədəd, sol budun 1 (bir) ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları deşiyi-kəsiyi əşyanın (alətin) təsirindən törənmişlər; törənmə müddətləri qərarda qeyd olunan vaxta yəni,xx.xx.2021-ci il tarixə uyğun gəlir; dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. (Cild 1, iş vərəqləri 103-104) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2021-ji il tarixli 4157 № li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs iş üzrə əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barədə istintaqa düzgün ifadə vermək qabiliyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs hazırkı iş üçün əhəmiyyət kəsb edən halların düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqləri 105-107) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-trasoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 3/1913 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş jiletin və şalvarın zədələr vardır. Jiletin və şalvarın səthində olan zədələr kəsici, ucu deşiyi xassəyə malik olan bir predmetin təsirindən yaranmağa xarakterik deşilmiş-kəsilmiş, zədələrdir. Belə predmetə tiyəsi həmin xassəyə malık bıçaqlar da aiddir. (cild 1, iş vərəqləri 109-111) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 16 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 (bir) ədəd jilet və 01 (bir) ədəd şalvar iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. (Cild 1, iş vərəq 112) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqləri 117-118) Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin müdafiəçisinin onun zərərçəkmiş şəxsə ağır dərəcəli bədən xəsarətinin yetirməməsi və zərərçəkmiş şəxsin söydüyü söyüşə görə affekt vəziyyətində olması ilə bağlı gətirdiyi dəlillərin əsassız olduğunu qeyd etməklə, həmin dəlillərin məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla təkzib olunduğunu qeyd edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2021-ci il təvəllüdlü X2 adlı bir azyaşlı övladı vardır. Məhkəmə hesab edir ki, cinayətin zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında vəziyyətində törədilməsi, həmçinin Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi, dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi, cinayəti törətdikdən sonra zərərçəkmiş şəxsə digər yardım göstərməklə həyat və sağlamlığına dəyə biləcək zərəri azaltması və himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.8, 59.1.11, 59.1.12, 59.1.13, 59.1.14-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanunun həmin maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsin gənc olması, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, evli olması və törətdiyi əməldən səmimi peşmanlıq çəkməsi də onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.2-ci maddəsinin tələblərinə əsasən cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal hesab edərək, həmçinin həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivini, zərəçəkmiş şəxsin əxlaqsız hərəkətlərindən irəli gələn təqsirkarın cinayətin törədilməsində rolunu, cinayətin törədilməsindən sonra onun törətdiyi əməli etiraf edərək peçmançılıq çəkməsini də müstəsna hallar hesab edərək, habelə təqsirləndirilən şəxsin gənc olması, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, törətdiyi əməldən səmimi peşmanlıq çəkməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi və dəymiş ziyanı ödəməsi kimi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan halları nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası ilə müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi cinayət qanunvericiliyinin ədalət və humanizm prinsiplərinə uyğun və cəzanın məqsədlərinə müvafiqdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 12 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Abşeron rayon məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 56-59) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 12 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan Zərərçəkmiş şəxs məxsus jilet və şalvar yarasız olduğundan məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 77 (yetmiş yeddi) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə o, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 12 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan Zərərçəkmiş şəxs məxsus jilet və şalvar yarasız olduğundan məhv edilsin. Təqsirləndirilən şəxs 77 (yetmiş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar