Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-202/2024 19.04.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X6 (sədrlik edən), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla Şamaxı rayonu ərazisində daşımış, 17 fevral 2023-cü il tarixdə saat 18:00 radələrində Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxı rayonunun Sabir qəsəbəsindən keçən 110-cu kilometrliyində, yolun sağ tərəfində saxlanılaraq rayon polis şöbəsinə gətirilməklə, həmin gün saat 19:10-da rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılarkən əynində olan sarı- qara rəngli gödəkçənin sağ yan cibindən üzərində ağ rəngli “Rothmans” yazısı yazılmış bir ədəd siqaret qutusunun içərisindən ağ rəngli sellofana bükülmüş bükümdə satış məqsədi olmadan əldə edib üzərində saxladığı külli miqdarda - təmiz çəkisi 4.022 (dörd tam mində iyirmi iki) qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, o narkotik istifadəçisidir. 17 fevral 2023-cü il tarixdə, saat 14 radələrində yaşadığı Bakı şəhərindən Şamaxı rayonuna gəlmək üçün Bakı şəhərində “Şamaxinka” deyilən ərazidə olarkən yerdən siqaret qutusu tapmış, həmin qutunun içərisinə baxan zaman içərisində narkotik vasitə heroin olmasını görmüş, heroini istifadə etmək üçün üzərindəki gödəkçənin cibinə qoymuşdur. Həmin gün dostu Məliklə birlikdə Şamaxı şəhərinə getmişdirlər. Axşam saat 18 radələrində Şamaxı rayonunun giriş hissəsində yol kənarında olan zaman mülki geyimdə olan iki nəfər onlara yaxınlaşmış, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş, ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu demişlər. Həmin şəxslər onu və dostu Məliki Şamaxı Rayon Polis Şöbəsinə dəvət etdikdə, onlar da razılaşaraq Şamaxı rayon polis şöbəsinə getmişlər. Şamaxı Rayon Polis Şöbəsində videogörüntüyə çəkilməklə vəkilin iştirakı ilə onun üzərinə baxış keçirilərkən əynindəki gödəkçənin cibində siqaret qutusu aşkar edilmiş, polis əməkdaşları həmin siqaret qutusunu açdıqda içərisindən sellofana bükülmüş büküm və onun içərisindən narkotik vasitə heroin aşkar edilmişdir. Narkotik vasitə heroini yalnız istifadə etmək üçün üzərində gəzdirmiş, başqa heç bir məqsədi olmamış, bu günə qədər heroin və başqa narkotik vasitənin satışı ilə məşğul olmamışdırr. Dostu Məlik onun üzərində narkotik vasitə olduğunu bilməmişdir, ümumiyyətlə, ona bu barədə heç nə deməmişdir. Əməlindən peşmandır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq qeyd edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 Ziyadxan oğlu ibtidai istintaqda verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, 17 fevral 2023-cü il tarixdə Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs Şamaxı rayonu ərazisində olması və qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuş və məlumat əsasında həmin tarixdə Şamaxı RPŞ-nin əməkdaşları Şahid3 və Şahid2 ilə birlikdə Bakı- Şamaxı-Yevlax avtomobil yolunun kənarında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək onu Şamaxı RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs əvvəl üzərində heç bir narkotik vasitənin olmadığını desə də onlarla razılaşaraq Şamaxı Rayon Polis Şöbəsinə gəlmişdir. Şamaxı RPŞ-nin inzibati binasında videogörüntüyə çəkilməklə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman əynindəki gödəkçənin cibindən bir ədəd siqaretin qutusunda, ağ sellofana bükülmüş büküm və həmin bükümün içərisindən qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroinə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən, içərisində narkotik vasitə olan büküm müvafiq qaydada qablaşdırılmış və möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyən Şahid3 məhkəmədə dindirilmiş Şahid1 Ziyadxan oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə ibtidai istintaqda verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid4 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun tanışıdır. O, uzun müddətdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla aralarında münasibətləri həmişə yaxşı olub, aralarında ədavət və düşmənçilikləri olmamışdır. 17 fevral 2023-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs ilə axşam Şamaxı şəhərinə gəzmək üçün yaşadıqları Bakı şəhərindən tanımadıqları taksi sürücüsü ilə Şamaxı şəhərinə gəlmişlər. Həmin tarixdə, saat 18 radələrində tanımadıqları taksi sürücüsünün avtomabilindən Şamaxı rayonu ərazisində rayonun girəcəyində avtomabildən yerə düşmüşlər. Bundan sonra onlar birlikdə taksi axtarıb Şamaxı şəhərində gedəcəkləri ünvana getmək istəyərkən mülki geyimdə olan iki nəfər şəxs onlara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt polis əməkdaşları tanışı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu demişlər, lakin Tərlan etiraz edərək üzərində heç bir narkotik vasitənin olmamasını polis əməkdaşlarına bildirmişdir. Həmin şəxslər onu və tanışı Təqsirləndirilən şəxs Şamaxı rayon polis şöbəsinə dəvət etmişlər. Şamaxı rayon polis şöbəsinin inzibati binasında üzərinə baxış keçirilməzdən əvvəl ona qanunsuz narkotik vasitə gəzdirib- gəzdirmədiyini soruşmuşlar. O, polis əməkdaşlarına üzərində heç bir narkotik vasitə olmadığını demiş, lakin polis əməkdaşları vəkil X1 və iştirakçıların iştirakı ilə üzərinə baxış keçirmişlər, baxış zamanı üzərində hər hansı narkotik vasitə aşkar olunmamışdır. Bildirmişdir ki, onun tanışı olan Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz olaraq narkotik vasitə gəzdirməsindən məlumatı olmamışdır. Onun bu hadisə ilə heç bir əlaqəsi yoxdur. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.2023-cü il tarixdə narkotik vasitələrin saxlamasında və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Təqsirləndirilən şəxs və Şahid4 Şamaxı Rayon Polis Şöbəsinə gətirilmişdirlər. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində 17 fevral 2023cü il tarixdə Şamaxı RPŞ-nin inzibati binasında videoçəkilişdən istifadə edilməklə axtarış aparılarkən Təqsirləndirilən şəxs əynində olan sarı-qara rəngli gödəkçənin sağ yan cibindən üzərində ağ rəngli “Rothmans” yazıları yazılmış bir ədəd siqaret qutusunun içərisindən ağ rəngli sellofana bükülmüş bükümdə satış məqsədi olmadan əldə edib üzərində saxladığı külli miqdarda - təmiz çəkisi 4.022 (dörd tam mində iyirmi iki) qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilmiş və həmin büküm müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Qeyd edilən video görüntüyə məhkəmə iclasında baxılarkən də yuxarıdakı protokolda göstərilənlər və şahidlərin ifadələrindəki xüsusatlar bir daha öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/1003 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 4,022 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2499 saylı rəyində göstərilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizanın xx.xx.2023-cü il tarixli, 1277 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır, hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də o, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir, hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur, onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Aparılmış ekesperimental-psixoloji müayinə gedişində idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması, ümumilikdə adaptiv və ünsiyyətçi olmaqla, emosional-irad sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimlənməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Cinayət işinin materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizanın xx.xx.2023-cü il tarixli, 1277 saylı rəyinin təsviri hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs şifahi dinlənilən zaman “üzərində aşkar olunan narkotik maddəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirir”. Göründüyü kimi Təqsirləndirilən şəxs istintaq zamanı bildirdiyi ifadəsini kompleks ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizasının müayinəsi zamanı da təsdiq etmiş, yəni üzərindən narkotik vasitə aşkar olunduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını təsdiq etmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş məktuba əlavə edilmiş diskə baxış zamanı tərtib olunmuş “sənədə baxış aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olduğu göstərilən +**********58 saylı mobil nömrə xx.xx.2023-cü il tarixdə saat 18:38-dən Təqsirləndirilən şəxs tutulduğu saatadək Şamaxı rayonu ərazisində istifadə edilmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş ümumi çəkisi 4,022 qram olan və tədqiqata sərf edildikdən sonra qalan qalıq çəkisi 3,922 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmaqla Şamaxı RPŞ-də saxlanılır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri, İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 59 saylı Mənzil Kommunal İstismarı tərəfindən verilmiş 12 may 2023-cü il tarixli, 551 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs subaydır, yaşadığı yerdə müsbət xarakterizə olunur. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar və həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, əməlində cinayətin residivinin olmasını nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla onun barəsində 03 ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbsdə saxlama müddəti 01 (bir) ay 01 (bir) gün müddətə uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 17 fevral 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs götürülmüş, Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,922 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 01 ədəd DVD diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 17 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,922 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-202/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-202/2024
19.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver