Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-203/2024 21.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X5 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1996-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki olaraq Abşeron rayonu, Saray qəsəbəsi, “Üzümlük” yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs telefon vasitəsi ilə tanış olaraq əlaqə saxladığı özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş şəxsiyyəti istintaqa “Yəhya” adı ilə məlum olan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun satış məqsədi ilə qanunsuz əldə etdiyi külli miqdarda narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin Azərbaycan Respublikasının ərazisində birlikdə satışını həyata keçirmək barədə ümumi razılığa gəlmiş, bu məqsədlə 05 fevral 2023-cü il tarixdə bir qrup şəxs halında həmin şəxsin 1200 manat müqabilində Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində qoydurduğu 44,757 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini və psixotrop maddələrin siyahısı»na daxil olan 11,643 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürüb satış məqsədi ilə qanunsuz əldə edib Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən yaşadığı evə daşıyaraq 01 ədəd bükümdə 44,757 qram çəkidə narkotik vasitə heroini yaşadığı evin qonaq otağındakı taxta konstruksiyalı dolabın içərisində, bir ədəd bükümdə 11,643 qram çəkidə psixotrop maddə metamfetamini isə əynində olan qara rəngli şalvarının sağ yan cibində saxlamış, 07 fevral 2023-cü il tarixdə saat 18:30 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Saray qəsəbəsi, “Üzümlük” yaşayış massivində yerləşən yaşadığı nömrəsiz fərdi yaşayış evinin yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin inzibati binasına gətirilərək həmin gün saat 19:45-dən 19:55-dək üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə 11,643 qram çəkidə psixotrop maddə metamfetamin, həmin tarixdə saat 20:45-dən 20:55-dək yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, “Üzümlük” yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinə keçirilmiş baxış zamanı qonaq otağındakı taxta konstruksiyalı dolabın içərisindən isə 01 ədəd sarı rəngli sellofan torbanın içərisində bir ədəd bükümdə 44,757 qram çəkidə narkotik vasitə heroin, o cümlədən üzərində psixotrop maddə metamfetamin və narkotik vasitə heroin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəmə istintaqının əvvəlində özünü yalnız CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilərək yaşadığı evdən aşkar olunan narkotik vasitə heroin və bir ədəd tərəzinin ona məxsus olduğunu, həmin narkotik vasitəni yalnız şəxsi istifadəsi üçün əldə edib yaşadığı evdə saxladığını bildirmiş, əslində çöldə deyil, yaşadığı evdə polis əməkdaşları tərəfindən saxlanıldığını, üzərindən aşkar olunan psixotrop maddə metamfetaminin isə ona aid olmadığını, polis əməkdaşları tərəfindən onun üzərinə qoyulduğunu, polis əməkdaşları tərəfindən döyüldüyünü, lakin bu barədə heç kimə və heç bir orqana bildirmədiyini, nə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən, nə də istintaq təcridxanasına qəbul olunarkən keçirilən müayinə zamanı bu halları qeyd etmədiyini, şikayət vermədiyini vurğulamış, daha sonra isə ibtidai istintaq zamanı verdiyi ifadənin müstəntiq tərəfindən yazıldığını, özü tərəfindən isə yalnız imzalandığını, lakin buna baxmayaraq ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, özü narkotik vasitə heroin istifadəçisi olmuş, həmin narkotik vasitə heroini yalnız istifadə üçün əldə etmişdir. Həmişə narkotik vasitə heroini pul qarşılığında “İnstagram” sosial şəbəkəsində tanış olduğu iran vətəndaşı “Yahya” adlı şəxsdən almışdır. Həmin şəxsin kart hesabına pul vurmuş, əvəzində həmin şəxs narkotik vasitəni müəyyən yerlərə qoyaraq ona konum atmış və beləcə həmin yerdən narkotik vasitəni götürmüşdür. Sonra isə həmin yazışmaları telefonundan silmişdir. Sonuncu dəfə aldığı narkotik vasitənin bir qisminin pulunu vermiş, bir qisminin isə pulunu sonra verəcəyi ilə bağlı iranlı ilə razılaşmışdır. Əməlindən peşmandır, məhkəmədən bu halın nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsində özünü ona CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunan ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, təxminən üç il olar ki, narkotik vasitə heroindən istifadə edir. Narkotik vasitələri əsasən sosial şəbəkə vasitəsi ilə əlaqə saxladığı tanımadığı şəxslərdən alır. Son bir neçə aydır isə narkotiki özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən “Yəhya” adlı şəxsdən alır. Yəhyadan həm istifadə etmək, həm də satmaq üçün narkotik vasitələr və psixotrop maddələr alır. Yəhya adlı şəxsin etibarını qazandığı üçün bəzi vaxtlarda narkotik vasitəni göndərir o, həmin narkotik vasitədən həm istifadə etmiş, həm də satmışdır. Daha sonra əldə etdiyi qazancı “Yəhya’’ya göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində “Yəhya” adlı şəxsin Abşeron rayonu, Masazır qəsəbəsində əvvəlcədən qoyduğu bir bükümdə narkotik vasitə heroini və bir bükümdə psixotrop maddə metamfetamini götürmüş, həmin narkotik vasitələri və psixotrop maddələrin qramını 40 manata satdıqdan sonra Yəhyaya 1200 manat vermək barədə razılaşmışdır. Həmin narkotik vasitələri və psixotrop maddələri cibinə qoyub Abşeron rayonu, Saray qəsəbəsində yaşadığı evə gətirib qoymuşdur. xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində psixotrop maddə metamfetamini əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoyaraq yaşadığı evdən çıxmışdır. Bir qədər sonra Abşeron rayonu, Saray qəsəbəsi, “Üzümlük” yaşayış massivində yaşadığı evin yaxınlığında iki nəfər tanımadığı şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin inzibati binasına dəvət etmişlər. O polis əməkdaşlarına etiraz etmədən birlikdə Abşeron rayon Polis İdarəsinin Saray polis bölməsinə gəlmişdir. Bölmədə ona xidməti otaqların birində üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, o, heç bir etirazı olmadığını bildirdikdən sonra əvvəlcə onun hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına vəkil dəvət olunmuşdur. Daha sonra video çəkiliş və dəvət olunmuş vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah olunaraq üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuş, o, könüllü olaraq əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı bir bükümdə psixotrop maddə metamfetamini təqdim etmişdir. Daha sonra üzərinə şəxsi axtarış aparılan zaman həmin şalvarın sol yan cibindən bir ədəd içərisində ***-***-**-** mobil nömrəsi olan Redmi markalı mobil telefon, bir ədəd açar, əlli doqquz manat pul, **********456620 nömrəli plastik bank kartı və ona məxsus şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülmüşdür. Bundan başqa şəxsi axtarış zamanı üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Metamfetamin elektron tərəzi ilə çəkildikdə çəkisinin 14 qram olması müəyyən edilmişdir. Daha sonra həmin kütlə içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, üzəri o, vəkili və təhqiqatçı tərəfindən imzalanmışdır. Üzərindən aşkar edilərək götürülmüş əlli doqquz manat pul və bir ədəd açar özünə qaytarılmış, şəxsiyyət vəsiqəsi, mobil telefonu və bank kartı ona izah verildikdən sonra götürülmüşdür. Daha sonra o, suallara cavab olaraq üzərində aşkar edilmiş kütlənin ona məxsus olduğunu, iki gün əvvəl uzun müddətdir ki, İran İslam Respublikası vətəndaşı kimi tanıdığı Yəhya adlı şəxsin Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində əvvəlcədən təyin edilərək qoyulmuş yerdən satış məqsədi ilə götürdüyünü, habelə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən yaşadığı evdə narkotik vasitə saxladığını, yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə Saray qəsəbəsində yaşadığı evə getmişdir. Orada ona evdə saxladığı narkotik vasitələri təqdim etməyi təklif olunmuşdur. Təklifdən sonra o, yaşadığı evdə qonaq otağında taxta konstruksiyalı dolabın içərisində ağ rəngli paketdə saxladığı bir bükümdə narkotik vasitə heroini və bir ədəd elektron tərəzini təqdim etmişdir. Daha sonra həmin narkotik vasitə və bir ədəd elektron tərəzi içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri o, vəkili və təhqiqatçı tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra yaşadığı evin digər hissələrinə də baxış keçirilmiş, baxış zamanı narkotik vasitə, psixotrop maddə, habelə qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyəti kəsb edəcək hər hansı əşya və predmet aşkar edilməmişdir. Sonda o, polis əməkdaşları tərəfindən saxlanılan zaman və polis bölməsinə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı bir fiziki və psixi, həmçinin hər hansı bir digər formada təsir olmadığını bildirmişdir (cild 01, iş vər. 70-72). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində onun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması məqsədilə əməliyyat tədbiri keçirilmiş, şəxs 07 fevral 2023-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində piyada hərəkət edərkən saxlanılaraq Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin inzibati binasına gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuş və “patı" adlandırdığı psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs həmin psixotrop maddəni İran İslam Respublikası vətəndaşından 1200 manat müqabilində satış məqsədi ilə əldə etdiyini, həmçinin yaşadığı evdə də narkotik vasitə saxladığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs və müdafiəçinin də iştirakı ilə Təqsirləndirilən şəxs evə baxış keçirilmişdir. Baxış zamanı həmin evdən bir büküm narkotik vasitə heroinə bəınzər kütlə və bir ədəd tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, əməliyyat məlumatı ona daxil olmuş, məzmunu narkotik vasitənin satışı ilə bağlı olmuş, onlar tərəfindən şəxsə hər hansı bir təsir olmamış, həmçinin şçəxs heç bir müqavimət göstərməmişdir. Şəxs barəsində əvvəllər əməliyyat məlumatı olmamış, əməliyyat qeydiyyat işi açılmamışdır. Məhkəmə istintaqı zamanı Şahid3 məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və onun da Şahid2 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir (cild 01, iş vər. 122-125). Məhkəmə istintaqı zamanı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. 07 fevral 2023-cü il tarixədək Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivində yerləşən ona məxsus fərdi yaşayış evində birlikdə yaşamışlardır. Sadiqin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatı olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində oğlu Sadiq və tanımadığı bir neçə nəfər şəxs yaşadıqları evə gəlmişdir. Həmin vaxt o evdə olmuşdur. Ondan həmin evə baxış keçirilməsinə etiraz edib-etmədiyini soruşduqda etirazı olmadığını bildirmişdir. Daha sonra Sadiq evdə narkotik vasitə gizlətdiyini bildirmiş və həmin narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa yaşadıqları evə baxış keçirilərkən oradan qeyri-qanuni hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə xx.xx.1996-cı il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Saray qəsəbəsi, “Üzümlük” yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 04-05). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1996-cı il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Saray qəsəbəsi, “Üzümlük” yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:30 radələrində polis əməkdaşları tərəfindən yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, “Üzümlük” yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinə gətirilmişdir (cild 01, iş vər. 09). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə 11,643 qram çəkidə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüş, çəkilişin əks olunduğu CD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 29-31). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Saray qəsəbəsi, “Üzümlük” yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etiraz etməmişdir (cild 01, iş vər. 32). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Evə baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, “Üzümlük” yaşayış massivində yerləşən nömrəsiz fərdi evə baxış keçirilmiş, baxış zamanı evin qonaq otağındakı taxta konstruksiyalı dolabın içərisindən 01 ədəd sarı rəngli sellofan torbanın içərisində bir ədəd bükümdə 44,757 qram çəkidə narkotik vasitə heroinə bənzər kütlə, o cümlədən 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, çəkilişin əks olunduğu CD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 36-38). Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 08 fevral 2023-cü il tarixli, 6/754 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün 7№-li dairəvi möhür əksi olan 2(iki) ədəd paketdəki üzərində “Təqsirləndirilən şəxs təqdim edilən kütlə” yazısı və imzalar olan paketdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 11,643 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan ” yazısı və imzalar olan paketdə 1(bir) ədəd bükümdə təmiz çəkisi 44,757 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1(bir) ədəd elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini və bükümdəki heroinlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir (cild 01, iş vər. 44-49). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 18 mart 2023-cü il tarixli, 1632 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 137-1338). Cinayət işinin materiallarında olan komisyon ambulator məhkəmə-psixiatrik ekspertizasının 03 aprel 2023-cü il tarixli 846 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 01, iş vər. 134-136). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 206-cı maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddəni əldə etdiyi İran İslam Respublikası vətəndaşı “Yəhya” adlı şəxsin barəsində CM-in 234.4.1 və 234.4.3-cü maddələrlə ayrıca icraata başqa cinayət işi ayrılmışdır (cild 01, iş vər. 152-164). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə xx.xx.1996-cı il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Saray qəsəbəsi, “Üzümlük” yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunaraq şəxsin olduğu yer müəyyən olunmaqla Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən psixotrop maddə metanfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüş, daha sonra şəxsin yaşadığı ünvana baxış keçirilmiş və həmin ünvandan narkotik vasitə heroinə bənzər kütlə və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Götürülmüş maddələr məhkəmə fiziki-kimyəvi ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı ünvana baxış keçirilərək psixotrop maddə metamfetamin və narkotik vasitə heroin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Sözügedən qərarın 11-ci bəndinə əsasən isə qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi deyildiyində bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs əvvəla həm şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni üzərindən aşkar olunan psixotrop maddə metamfetaminin onun üzərində olmaması, həmin kütlənin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması, döyülməsi ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə məhkəməyə bildirməmişdir. Bütün bunları ümumiləşdirən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin qeyd etdiklərinin müdafiə taktikasından irəli gələn hərəkətlər olması qənaətinə gələrək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai araşdırma dövründə müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan narkotik vasitənin və psixotrop maddənin onun üzərindən və yaşadığı evdən aşkar olunması ilə bağlı verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayışlardan və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olsa da, ailəsi ilə (arvadı və 2017, 2018-ci il təvəllüdlü iki azyaşlı uşaqları ilə) birlikdə faktiki olaraq Abşeron rayonu, Saray qəsəbəsi, “Üzümlük” yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayır (cild 01, iş vər. 110-115) İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs yalnız həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023cü il tarixli protokoldan və məhkəmənin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü tarixdə şübhəli şəxs qismində tutulmuş, əvvəli həmin tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 27, 79-83). Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmalı, cəzasının başlanğıcı isə onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2023cü il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəylərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. CPM-in 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 44,657 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 11,543 qram olan psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd CD diksin cinayət işinin matriallarında saxlanması nəzərə alınmalı, bir ədəd “Redmi" markalı mobil telefon və bir ədəd bank kartı hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə 114 AZN (bir yüz on dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 44,657 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 11,543 qram olan psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd CD diksin cinayət işinin matriallarında saxlanması nəzərə alınsın, bir ədəd “Redmi" markalı mobil telefon və bir ədəd bank kartı hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə 114 AZN (bir yüz on dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-203/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-203/2024
21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver