Məhkəmə qərarları › İş №1(124)-204/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-204/2024

21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-204/2024 21.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X10 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi – Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-cı ildə Türkmənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Füzuli rayonu, Horadiz şəhəri, Nəsimi küçəsi ev 40-da qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Kiristal Abşeron 1 ünvanında yaşayan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdrada narkotik vasitə əldə üçün 16 fevral 2023-cü il tarixdə saat 23:00 radələrində markası və dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan taksi fəaliyyəti göstərən avtomobillə əvvəlcədən mobil telefon vasitəsilə əlaqə saxladığı şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı tərəfindən narkotik vasitənin qoyulduğu əraziyə - Bakı-Şamaxı- Yevlax avtomobil yolunun Şamaxı rayonu Sabir qəsəbəsi ərazisindən keçən 117-ci kilometrliyinə gəldikdən sonra avtomobildən düşərək özünə məxsus mobil telefonuna «WhatsApp» mobil tətbiqi vasitəsilə göndərilmiş narkotik vasitənin olduğu yerin dəqiq parametrləri üzrə yolun sağ tərəfində yerləşən "Şam” restoranının həyətində yerləşən sanitar qovşağın yanından üzərinə “Kinqston" yazıları yazılmış siqaret qutusunun içərisində bir ədəd bükümdə narkotik vasitə olan heroini götürüb əldə edərək üzərində saxlamaqla həmin ərazidən markası və dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan avtomobilə əyləşərək Şamaxı şəhəri ərazisinə daşımış, 17 fevral 2023-cü il tarixdə saat 00:05 radələrində Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı şəhəri, X17 küçəsində yerləşən “Qoşqar” marketin yaxınlığında tutularaq Şamaxı rayon polis şöbəsinə gətirilməklə, həmin gün saat 00:50 radələrində rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkçənin sol yan cibindən üzərinə "Kinqston” yazıları yazılmış siqaret qutusunun içərisində ağ rəngli sellofan torbaya bükülmüş bükümdə təmiz çəkisi 20,931 (iyirmi tam mində doqquz yüz otuz bir) qram olan külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, o, 10 ildir ki qəlyançı kimi fəaliyyət göstərir. 2022-ci ilin əvvəllərindən isə narkotik vasitə olan heroin, marixuana və psixotrop maddə olan metamfetamin istifadə edir. 16 fevral 2023-cü il tarixində o, tanışı Şahid3 ilə birlikdə Şamaxı şəhərinə istirahət etmək məqsədi ilə gəlmək istədiyindən İran İslam Respublikası vətəndaşı ilə “whatsapp” vasitəsi ilə danışmış və Şamaxı şəhərinə gedəcəyini, ona narkotik vasitə olan heroin lazım olduğunu bildirmiş, həmin şəxs narkotik vasitə olan heroini Şamaxı şəhəri ərazisində yerləşən köhnə bir restoranın həyətində ağaclıq olan əraziyə qoyduğunu bildirmiş və bundan sonra İran İslam Respublikası vətəndaşı həmin yerin ona şəklini və konumunu göndərmişdir. Daha sonra o, həmin günü axşam 22-23 radələrində tanışı Şahid3 ilə birlikdə Bakı şəhərindən Şamaxı şəhərinə gəlib avtovağzal dairəsində avtomobildən enmişlər. Həmin vaxtı o, narkotik vasitə olan heroini götürmək məqsədi ilə konumda göstərilən yerə getmək üçün yolu keçərək bir taksi saxlatdırıb onu Bakı istiqamətinə aparmasını, təxminən iki kilometr sonra isə yolda avtomobildən enəcəyini bildirmişdir. O, Şahid3 ilə avtomobilə əyləşib İran İslam Respublikası vətəndaşının ona söylədiyi ünvana getmiş və həmin ünvana çatan zaman avtomobili saxlatdırıb avtomobildən enmiş və həmin sürücüyə gedməsini söyləmişdir. Daha sonra Şahid3 ilə yolu keçib köhnə bir restoranın yanına gəlmiş, restoranın kənarında Aydana gözləməsini bildirmişdir. Aydan ondan nə üçün orada gözləməyini soruşduqda o, sanitar qovşağına gedib gələcəyini ona söyləmişdir. Daha sonra o, şəkildə göstərilən yerə gedib restoranın köhnə sanitar qovşağının yanında narkotik vasitə olan heroini götürmüş və geriyə qayıdaraq Aydanla birlikdə yol kənarında dayanıb yoldan keçən avtomobillərin birinə əl edərək onları avtovağzal dairəsinə aparmalarını söyləmişdir. Daha sonra o, markasını və modelini xatırlamadığı avtomobil ilə təxminən saat 23:50 radələrində Şamaxı şəhəri avtovağzal dairəsinə gəlmiş və yol kənarında avtomobildən enmişlər. O, başqa bir taksi gözləməyə başlamışdır ki, həmin taksi vasitəsi ilə Şamaxı rayonu Çuxuryurd kəndi istiqamətinə getsin. Bu zaman təxminən saat 00:05 radələrində mülki geyimdə olan iki nəfər şəxs onlara yaxınlaşmış, həmin şəxslər polis əməkdaşları olduqlarını bildirərək üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu ona bildirmişlər. Lakin o, etiraz edərək üzərində heç bir narkotik vasitənin olmamasını onlara demişdir. Həmin şəxslər onu Şamaxı rayon polis şöbəsinə dəvət etdikdə, o, onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmiş, Şamaxı rayon polis şöbəsinin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə onun üzərinə baxış keçirmişlər. Üzərinə baxış keçirərkən əynindəki qara rəngli gödəkçənin sol yan cibində siqaret qutusu aşkar edilmiş, polis əməkdaşları həmin siqaret qutusunu açdıqda içərisindən açıq qəhvəyi rəngli, narkotik vasitə olan heroin aşkar edilmişdir. Onların iştirakı ilə üzərindən aşkar edib götürdükləri içərisində narkotik vasitə olan, heroin bükümünü polis əməkdaşları kağız zərfdə qablaşdıraraq üzərini Azərbaycan Respublikasının DİN-nin 73 saylı möhürü ilə möhürləmişlər. Bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu o, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. O, İran İslam Respublikası vətəndaşına “whatsapp" vasitəsi ilə zəng edərək narkotik vasitə olan heroin istədikdə həmin şəxsə hər hansısa bir məbləğdə pul göndərməmişdir. Ona pulunun olmadığını, daha sonra pul verəcəyini bildirmişdir. Lakin dəqiq olaraq ona çəki söyləməmişdir. Həmin şəxslə danışan zaman təxminən 10-20 qram arası ona narkotik vasitə olan heroin lazım olduğunu bildirmişdir. O, adətən narkotik vasitə olan heroin alan zaman bir neçə günlük alır. Adətən bir gün ərzində 1-2 qram arası narkotik vasitə istifadə edir. O, heç vaxt kiməsə narkotik vasitə satmamış və heç vaxt tanışı Şahid3 yanında narkotik vasitə istifadə etməmiş, həmçinin narkotik vasitədən istifadə etməyini isə ümumiyyətlə ona bildirməmişdir. O, ilkin olaraq saxlanılan zaman məsuliyyətinin ağırlaşacağından ehtiyat etdiyi üçün həmin narkotik vasitə olan heroini Abşeron rayonu ərazisində yerdən tapdığını bildirmiş, lakin o həmin narkotik vasitəni Şamaxı şəhərində yerləşən “Şam" restoranının sanitar qovşağının yanından götürmüşdür. O, narkotik vasitə aldığı İran İslam Respublikası vətəndaşını şəxsən tanımır. O, ümumiyyətlə narkotik vasitələri İran vətəndaşlarından alır. Lakin onların dəqiq olaraq kim olduqlarını bilmir. Çünki o, hər dəfə biri ilə danışıb onlara özü üçün narkotik verməsini söyləyib pulu qısa zamanda ödəyəcəyini bildirir. O, İran vətəndaşlarını adətən aldadıb həmin şəxslərdən narkotik vasitə alaraq pullarını ödəmir. İran vətəndaşı ona narkotik vasitəni Şamaxı şəhərinə qoyacağını bildirdiyindən və o, da Şamaxı şəhərinə gəldiyi üçün ilk əvvəl ona inanmamış, çünki ona pul göndərməmişdir. Həmin şəxsi gözləmişdir ki, narkotik vasitəni Şamaxı şəhərində harasa qoyub oranın şəklini ona göndərsin və daha sonra o, Bakı şəhərindən çıxıb Şamaxı şəhərinə gəlsin. xx.xx.2023-cü il tarixində təxminən saat 21:00 radələrində İran vətəndaşı narkotik vasitəni qoyduğu yerin şəklini ona çəkib göndərdikdən sonra o, yaşadığı Abşeron rayonundan çıxaraq Bakı şəhərinə getmiş və oradanda taksiyə əyləşib Şamaxı şəhərinə gəlmişdir. Buna görə də İran vətəndaşı ona 23:00-dək zəng etməyə davam etmişdir. O, ilk əvvəl həmin şəxsdən istifadə məqsədi ilə beş ədəd psixotrop maddə olan metamfetamin istəmiş, lakin daha sonra İran vətəndaşı ona 3 ədəd metamfetamin, 2 ədəd isə heroin qoyacağını bildirmiş, o, onunla razılaşmış və bundan sonra isə İran vətəndaşı vatsapda onunla danışan zaman metamfetamin olmadığı üçün 5 ədəd heroin qoyacağını bildirmiş, o, da həmin şəxsə pul verməyəcəyi üçün və Şamaxı şəhərində gəlib dincələcəyi üçün razılıq vermişdir. O, dəqiq saatı bilmir lakin hava qaralmışdı ki onlar təxminən saat 21:30 radələrində Bakı şəhərindən çıxmışdırlar. Onlar saxlanılaraq Şamaxı RPŞ-nə gətirilən zaman onlara qarşı hər hansısa bir qanunsuz hərəkət edilməmişdir. Təqsirləndirilən şəxs ifadəsində eyni zamanda əməlinin cinayət olduğunu başa düşdüyünü, peşman olduğunu, bildirərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsinə dair məhkəməyə verdiyi ifadəsi ilə yanaşı, məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla da təsdiq olundu. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, Şamaxı rayon X6 Mübarizə Qrupunun əməliyyat müvəkkili vəzifəsində, polis leytenantı rütbəsində çalışarkən, 16 fevral 2023-cü il tarixdə Abşeron rayon Xırdalan şəhəri Kiristal Abşeron 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirməsi barədə RPŞ-nə məlumat daxil olmuş, o, da Təqsirləndirilən şəxs bu əməlini ifşa etmək məqsədi ilə həmin tarixdə RPŞ-nin rəhbərliyinə raportla müraciət etmiş, rəhbərliyin göstərişinə əsasən əməliyyat-axtarış tədbiri həyata keçirilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixində saat 00:05 radələrində o, rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis baş leytenantı Mirrəşad Mirzəyevlə birlikdə Şamaxı rayonu Avtovağzal dairəsi yaxınlığında Qoşqar marketin yanında yol kənarında Təqsirləndirilən şəxs və Şahid3 ilə rastlaşmış və onlara yaxınlaşaraq əvvəlcə özlərini onlara təqdim edib sonra Təqsirləndirilən şəxs üzərində cinayət xarakterli əşya və ya narkotik vasitə olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs onlara üzərində heç bir cinayət xarakterli əşyanın və narkotik vasitənin olmadığını bildirmiş, lakin şübhə yarandığından Təqsirləndirilən şəxs və yanında dayanan Şahid3 RPŞ-nə dəvət etmişlər. O, da onlara heç bir müqavimət göstərmədən onlarla RPŞ-nə gəlmişdir. RPŞ-də təhqiqatçı Telman Xasayevin xidməti otağında müdafiəçi Əlisa Abdullayev və onların iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibində siqaret qutusu aşkar edilmiş və onlar tərəfindən həmin siqaret qutusu açıldıqda içərisindən açıq qəhvəyi rəngli, narkotik vasitə olan heroin aşkar edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir, həmin narkotik vasitəni Abşeron rayonunda yerdən tapmış və istifadə məqsədi ilə üzərində gəzdirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə oxşar maddə zərfə qoyularaq qablaşdırılmış, AR DİN-nin 73 nömrəli möhürü ilə möhürləndikdən sonra bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, doğru yazıldığı üçün imza etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış videoçəkilişlə aparılmış və çəkiliş diski tərtib olunmuş protokola əlavə edilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 işin halları ilə bağlı şahid X8 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirdi ki, uzun müddətdir ki, o, Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs ilə arasında münasibətlər həmişə normal olmuş, ədavət olmamışdır. 16 fevral 2023-ci il tarixdə təxminən saat 20:30 radələrində Təqsirləndirilən şəxs ilə axşam Şamaxı şəhərinə qonaq gəlmək üçün yaşadığı Abşeron rayon Xırdalan şəhərindən çıxaraq tanımadığı taksi sürücüsü ilə Şamaxı şəhərinə gəlmişlər. Həmin tarixdə saat təxminən 22:23 radələrində tanımadığı taksi sürücüsünün avtomabilindən Şamaxı rayon ərazisində rayonun girəcəyində avtomabildən yerə düşmüşlər. Daha sonra Təqsirləndirilən şəxs ona işinin olduğunu bildirmiş və onlar avtovağzalda dayanan tanımadıqları bir nəfər şəxsin avtomobilinə əyləşmiş və həmin taksi onları yenidən Bakı istiqamətinə aparmışdır. Daha sonra onlar bir qədər getmişdir ki, yol kənarında İsi avtomobili saxlatdırmış və köhnə adını bilmədiyi bir restoranın yanına düşüb getmişdir. Ona da bildirmişdir ki, onunla birgə gəlsin. O, İsi ilə birlikdə avtomobildən enib yolu keçərək həmin köhnə restoranın yaxınlığına gəlmiş və kənarda gözləmişdir. Təqsirləndirilən şəxs isə bir qədər işi olduğunu söyləyib restoranın yanına gedib daha sonra geri qayıtmış və onlar Şamaxı rayonunda restorana getmək üçün yoldan keçən tanımadıqları bir avtomobili saxlatdıraraq onları Şamaxı rayon avtovağzal dairəsi yaxınlığına aparmağını xahiş etmişlər. Həmin avtomobilin sürücüsü onları Şamaxı rayon avtovağzal dairəsinə kimi gətirmiş və onlar təxminən 23:50 radələrində Şamaxı istiqamətində avtovağzal yaxınlığında avtomobildən enərək digər bir taksi gözləmişlər ki, Şamaxı rayon Çuxuryurd kəndinə getsinlər. Təxminən 00:00 radələrində mülki geyimdə olan iki nəfər şəxs onlara yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirib, tanışı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu söyləmiş, lakin Təqsirləndirilən şəxs etiraz edərək üzərində heç bir narkotik vasitənin olmamasını onlara bildirmişdir. Həmin şəxslər onu və Təqsirləndirilən şəxs Şamaxı rayon polis şöbəsinə dəvət etmişlər. Şamaxı rayon polis şöbəsində üzərinə baxış keçirilməzdən əvvəl ona qanunsuz narkotik vasitə gəzdirib gəzdirmədiyi soruşulmuş, o, polis əməkdaşlarına üzərində heç bir narkotik vasitə olmadığını demiş, lakin polis əməkdaşları vəkil X3 və iştirakçıların iştirakı ilə üzərinə baxış keçirmiş, baxış zamanı üzərində hər hansı narkotik vasitə aşkar olunmamışdır. Onun tanışı olan Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz olaraq narkotik vasitə gəzdirməsindən məlumatı olmamışdır. Onun bu hadisə ilə heç bir əlaqəsi yoxdur. O, heç bir zaman narkotik vasitələrdən istifadə etməmişdir. Təqsirləndirilən şəxs heç vaxt ona narkotik vasitə istifadə etməyi barədə məlumat verməmişdir və onunda bundan hər hansısa bir məlumatı olmamışdır. Onun göz nahiyəsinin alt hissəsində olan qara ləkə yaşadığı evdə işıq söndüyündən qapını açan zaman qapıya dəydiyi üçün yaranmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Şamaxı Rayon Polis Şöbəsinə xx.xx.1995-ci il təvəllüdlü Fizuli rayonunda anadan olmuş, Fizuli rayonu Horadiz şəhəri Nəsimi küçəsi ev 40-da qeydiyyatda olmaqla, Abşeron rayonu Xırdalan şəhəri Kristal Abşeron 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlaması və dövriyyəsi ilə məşğul olması barədə məlumatı daxil olmuşdur. xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə narkotik vasitə saxlaması və dövriyyəsi ilə məşğul olan xx.xx.1995-ci il təvəllüdlü Fizuli rayonu Horadiz şəhəri Nəsimi küçəsi ev 40-da qeydiyyatda olmaqla, Abşeron rayonu Xırdalan şəhəri Kristal Abşeron 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Şamaxı Rayon Polis Şöbəsinə gətirilmişdir. 17 fevral 2023-cü il tarixdə tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan görünür ki, 17 fevral 2023-cü il tarixdə saat 00:50-dən başlayaraq Şamaxı RPŞ-də xidməti otaqda Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə vəkilin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış aparılmış və onun əynindəki qara rəngli gödəkçənin sol yan cibində olan bir ədəd üzərinə “Kingston” yazıları yazılmış siqaret qutusu aşkar edilmiş və həmin qutuya baxıldıqda qutunun içərisində ağ rəngli sellofana bükülmüş 01 (bir) ədəd bükümdə saxladığı narkotik vasitə olan heroin aşkar edilmiş, həmin narkotik vasitə olan heroin bir ədəd zərfdə qablaşdırılmaqla möhürlənmiş, bu barədə protokol tərtib edilmiş və istintaq hərəkətinin gedişatı zamanı çəkilmiş videogörüntü olan DVD disk iş materiallarına əlavə edilmişdir. Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-ci il tarixli “6/991” nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, “..Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinə oxşar kütlə...” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 20,931 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir.” Məhkəmə-narkoloji ekspertizasının 14 aprel 2023-ci il tarixli 2175 nömrəli rəyinə əsasən müəyyən edilir ki, "müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür". Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizanın 10 mart 2023-cü il tarixli 689 nömrəli rəyinə əsasən müəyyən edilir ki, “Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs 01 fevral 2023-cü il tarixdən həmin vaxta qədər habelə həmin vaxtdan sonra hal-hazırki vaxtadək xroniki psixi xəstəlik, psixi fəaliyyətinin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. O, qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs təlqinə qapılmağa, özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri aşkar edilməmişdir.” Təqsirləndirilən şəxs məxsus “İphone 7" markalı mobil telefona baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məxsus olan “İphone 7” markalı mobil telefon ağ rəngli olmaqla, "smartfon” funksiyalf, tək simkart tipli, sensorlu (ekrana toxunuşla işləyən) mobil telefondur. Mobil telefon işə salınaraq funksiyalarına baxıldıqda, zənglər siyahısında xx.xx.2023-cü il tarixində 98-***-***-**-** mobil nömrəsindən saat 13:53-dən başlayaraq saat 22;43-dək olan müddət ərzində ümumilikdə 76 dəfə “WhatsApp” vasitəsi ilə zəng gedib gəldiyi, xx.xx.2023-cü il tarixində saat 23:26-dan etibarən xx.xx.2023-cü il tarixdə saat 17:00-dək olan müddət ərzində 98-***-***-**-** mobil nömrəsindən ümumilikdə 16 dəfə “WhatsApp” vasitəsi ilə zəng gedib-gəldiyi, mesajlar siyahısının isə boş olması müəyyən edilmiş, eləcə də, telefondakı “WhatsApp" sosial mesajlaşma proqramına baxıldıqda həmin proqramda Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində saat 11:33-də etibarən İran İslam Respublikası vətəndaşına məxsus 98-***-***-**-** mobil nömrəsi ilə yazışdığı, bir-birinə səs atması müəyyən edilmiş və həmin səslərə qulaq asan zaman Təqsirləndirilən şəxs ilkin olaraq İran İslam Respublikası vətəndaşından 5 ədəd iysiz metamfetamin istəmiş, həmin şəxs isə ona 03 ədəd “daş”, 02 ədəd “kola”nı Şamaxı şəhərinə qoyacağını bildirmiş, Təqsirləndirilən şəxs isə ona həmin narkotik vasitəni götürüb inandıqdan bir saat sonra pulunu göndərəcəyini bildirərək həmin ərazinin konumunu və şəkilini ona göndərməsini söyləmiş, bundan sonra İran İslam Respublikası vətəndaşı kimi özünü təqdim edən şəxs xx.xx.2023-cü il tarixində saat 20:50 radələrində Təqsirləndirilən şəxs Şamaxı rayon “Şam” restoranının şəklini, həmçinin narkotik vasitəni qoyduğu sanitar qovşağının şəklini göndərmiş və bundan sonra saat 23:43-dək ona zəng etmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər hərbi məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.1, 62-ci maddələri təqsirli bilinib 200 (iki yüz) manat cərimə edilmiş, ********* nömrəli cinayət işi üzrə Abşeron rayon məhkəməsinin xx.xx.2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinmiş, lakin cinayət məsuliyyətindən azad edilərək iş üzrə icraata xitam verilmiş, həmçinin ********* nömrəli cinayət işi üzrə Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2021-ci ildə Sumqayıt şəhər məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.5 bəndinə əsasən cəzadan azad edilmişdir. Şamaxı rayon məhkəməsinin 18 fevral 2023-cü il tarixli 4(074)-13/2023-cü il saylı qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” Şamaxı rayon prokurorunun xx.xx.2023-cü il tarixli qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılmasına dair Şamaxı RPŞ-nın İBnin müstəntiqi polis katitanı Elvin Nəbiyevin vəsatətinin müdafiə olunmasından imtina edilmişdir. 17 may 2023-cü il tarixdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seşilməsi və MSY-dən azad edilməsi haqqında” qərar qəbul olunmuşdur. 17 may 2023-cü il tarixli qərardan və qəbzdən müəyyən olunur ki, “İphone 7” markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün təqsirləndirilən Təqsirləndirilən şəxs təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. İş materiallarından görünür ki, Şamaxı Rayon Polis Şöbəsinə xx.xx.1995-ci il təvəllüdlü Fizuli rayonunda anadan olmuş, Fizuli rayonu Horadiz şəhəri Nəsimi küçəsi ev 40-da qeydiyyatda olmaqla, Abşeron rayonu Xırdalan şəhəri Kristal Abşeron 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlaması və dövriyyəsi ilə məşğul olması barədə məlumatı daxil olmuş, şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən psixotrop maddə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür, bundan sonra həmin maddə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (ağırlaşdıran hallar yoxdur), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs 17 may 2023-cü il tarixədək həbsdə saxlanılmışdır. 17 may 2023-cü il tarixdən barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilməklə həbsdən azad edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 21 fevral 2024-cü il tarixdən hesablanmalı, onun 17 fevral 2023-cü il tarixdən 17 may 2023-cü il tarixədək həbsdə saxlanıldığı müddət, yəni 03 (üç) ay Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbs edilməli, cəzasını çəkməsinin əvvəli 21 fevral 2024-cü il tarixdən hesablanmaqla, barəsində həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 80 (səksən) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs götürülmüş, Şamaxı Rayon Polis Şöbəsində maddi sübutların saxlanması otağında saxlanılan ümumi qalıq çəkisi 20,831 qram olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 17 fevral 2023-cü il tarixdən 17 may 2023-cü il tarixədək həbsdə saxlanıldığı müddət, yəni 03 (üç) ay Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanaraq üzərində 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 21 fevral 2024-cü il tarixdən hesablanmaqla, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 80 (səksən) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs götürülmüş, Şamaxı Rayon Polis Şöbəsində maddi sübutların saxlanması otağında saxlanılan ümumi qalıq çəkisi 20,831 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Nurəddin Hüseynli Hakimlər Nahid Mirzəyev Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar