Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-204/2025 14.05.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1977-ci ildə Xaçmaz rayonu. Maşı- oba kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, Xaçmaz rayonu, Maşı-oba kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 2024-cü ilin may ayının ortalarında Xaçmaz rayonu, Maşı-oba kəndi ərazisində olmaqla yeni inşa edilmiş ödənişli Bakı-Rostov avtomobil yolundan qərb istiqamətində 300 metr aralı məsafədə yerləşən meşə sahəsində 150 kv.m təmizlənmiş sahədə qanunsuz olaraq əkdiyi külli miqdar təşkil edən 474 ədəd əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya etmiş, bu fakt 18 iyun 2024-cü il tarixdə saat 19:45-20:45 müddətində Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs iştirakı ilə Xaçmaz rayonu, Maşı-oba kəndi ərazisində olmaqla yeni inşa edilmiş ödənişli Bakı-Rostov avtomobil yolundan qərb istiqamətində 300 metr aralı məsafədə yerləşən meşə sahəsinə baxış keçirilərkən yaş vəziyyətdə ümumi çəkisi 1175 qram olan 474 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya (əkmə, yetişdirmə) etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, çoxdan narkotik vasitə istifadəçisidir, lakin narkotik vasitəni əkməmiş, sadəcə tumlarını zibillik olan torpaq sahəsinə atmışdır. Həmin ərazi zibillik olmuşdur. Verilən suallara cavab olaraq bildirdi ki, həmin narkotik vasitənin tumlarını atdığı yer zibillik olmuş, su verməmişdir, tumlar çəkdiyi narkotik vasitələrdən qalmış, həmin əraziyə getdikdə polis əməkdaşları ilə qarşılaşmışdır. Həmin əraziyə narkotik vasitə qəbul etmək məqsədi ilə getmiş, su verməmiş, torpağını yumşaltmamışdır. O, iyun ayının 8-i tutulmuş, saatı dəqiq xatırlamamışdır. Polis əməkdaşlarının ona qarşı hər hansı təzyiqi olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Xaçmaz rayonu, Maşı-oba kəndində tək yaşayır. Əvvəllər narkotik vasitədən istifadə etdiyi üçün bir neçə dəfə məhkum olunmuş, sonuncu dələ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 aprel 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.4. 234.4.1, 234.4.2, 234.4.3 və 318.2-ci maddələri ilə təqsirli bilinib 11 il 06 ay adzadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Törətdiyi həmin cinayət əməli ilə bağlı 2013-cü ilin aprel ayında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılarkən üzərində mobil telefon aşkar olunmuş və bununla bağlı Ədliyyə Nazirliyinin İstintaq İdarəsində onun barəsində Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə cinayət işi başlanıb istintaq aparılmış və barəsində olan cinayət işi baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Sabunçu Rayon Məhkəməsinin 16 iyul 2013-cü il tarixli hökmü ilə o, Azərbaycan Respublikası CM-nin 317- 2.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 66.5-ci maddəsinə əsasən 1 1 il 08 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Binəqədi Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 il 03 ay 07 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunduğu üçün cəzaçəkmə müəssisəsindən buraxılmış və həmin tarixdə Xaçmaz şəhərinə gəlib valideyinlərindən qalmış evdə tək yaşamışdır. Cəzəçəkmə müəssisəsindən buraxıldıqdan sonra heç bir yerdə işləməmiş və ycnədə aradabir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. Dəqiq tarixi xatırlamır, 2024-cü ilin may ayının ortaları olardı yaşadığı. Xaçmaz rayonu, Maşı-oba kəndi ərazisində yerləşən meşə sahəsində gəzərkən yerdə bir ədəd sellofan paket olduğunu görmüş və həmin sellofan paketi əlinə götürüb açanda görmüşdür ki. içərisində çətənə bitkisi toxumları var. Tapdığı çətənə bitkisi toxumlarını atmayıb özündə saxlamış və qərara gəlmişdir ki, tapdığı çətənə bitkisi toxumlarını əkib yetişdirsin və gələcəkdə özünün istifadə etməsi üçün qurudulmuş marixuana əldə etsin. Bundan sonra o, yaşadığı Xaçmaz rayonu, Maşı-oba kəndi ərazisində olan meşə sahəsini gəzib tapdığı çətənə bitkisi toxumlarını əkməsi üçün münasib yer axtarmış və yaşadığı kənd ərazisində olmaqla Bakı- Rostov avtomobil yolundan qərb istiqamətində 300 metr aralı məsafədə olan meşə sahəsinə gələndə orada ağaclarla və sıx kollarla əhatə olunmuş təxminən 10x15 metr ölçüdə açıq sahə olduğunu, yaxınlığından isə çay keçdiyini görüb özündə olan çətənə bitkisi toxumlarını həmin yerdə əkmək qərarına gəlmişdir, çətənə bitkisi toxumlarını həmin yerdə əkməsinə səbəb o idi ki, yaşadığı kəndə yaxın olsun və o, vaxtı-vaxtında gəlib onlara qulluq göstərə bilsin. Bundan sonra o, qayıdıb yaşadığı evə gəlmiş, səhəri gün yenidən Xaçmaz rayonu, Maşı-oba kəndi ərazisində olan həmin meşə sahəsinə gedərək bir gün əvvəl müəyyənləşdirdiyi ağaclarla və sıx kollarla əhatə olunmuş açıq sahəni qurumuş otlardan və kollardan təmizləyərək torpağını yumşaltmış, sonra isə özündə olan çətənə bitkisi toxumlarını həmin yerdə sıra ilə əkib sulamışdır. Təxminən 7-8 gün keçdikdən sonra gedib baxanda görmüşdür ki, əkdiyi çətənə bitkisi toxumlarınin bir hissəsi cücərib. Bir neçə gün keçdikdən sonra əkdiyi digər çətənə bitkisi toxumlarıda cücərmişlər və o həmin çətənə bitkilərini yetişdirmək məqsədi ilə qulluq göstərməyə, yəni diblərinə su tökməyə başlamışdır. Əkdiyi çətənə bitkilərinə qulluq etməkdə məqsədi o idi ki, yetişdirdikdən sonra həmin bitkilərin yarpaqlarını yığıb qurudaraq gələcəkdə özünün istifadə etməsi üçün qurudulmuş marixuana əldə etsin. Sonrakı günlərdə əkdiyi çətənə bitkiləri böyüyərək bəziləri 10 sm, bəziləri isə 30 sm hündürlükdə olmuşdur. O, hər 3-4 gündən bir gedib çətənə bitkilərini əkdiyi yerdə saxladığı qırmızı rəngli plastmas vedrə ilə yaxınlıqdan keçən çaydan su götürüb əkdiyi çətənə bitkilərinin diblərinə su tökərək sulamış, sonra isə qayıdıb yaşadığı evə gəlmişdir. 18 iyun 2024-cü il tarixdə təxminən saat 18 radələrində yaşadığı evdən çıxıb çətənə bitkilərini əkdiyi yerə getmişdir ki. bitkilərin diblərin su töksün. 18 iyun 2024-cü il tarixdə təxminən saat 19 radələrində çətənə bitkilərini əkdiyi yerdə olarkən ona mülki və xidməti geyimdə olan polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək kim olduğunu soruşmuşlar, o, da polis əməkdaşlarına özünü təqdim etdikdən sonra etiraf edib bildirmişdir ki, həmin yerdə əkilmiş bitkilər çətənə bitkiləridir, torpağa çətənə bitkisi toxumlarını o, səpmişdir. Çətənə bitkisi toxumlarını torağa özünün əkdiyini etiraf etsədə qorxduğuna və yenidən həbs olunmaq istəmədiyinə görə yalandan demişdir ki. çətənə bitkisi toxumlarını torpağa özü səpmiş, ancaq aqrotexniki qaydada qulluq göstərməmişdir. Fikirləşmişdir ki, əkdiyi çətənə bitkilərinə qulluq göstərmədiyini desə məsuliyyətə cəlb olunmaz. Əslində isə Xaçmaz rayona, Maşı-oba kəndi ərazisində yerləşən meşə sahəsində çətənə bitkilərini o, özü əkib-yetişdirmişdir. Bundan sonra polis əməkdaşları onun iştirakı ilə çətənə bitkiləri əkdiyi yerə videoçəkilişlə baxış keçirmişlər. Baxışda iştirak edib özünü aqronom kimi təqdim edən şəxs onun əkdiyi bitkilərin narkotik xassəli çətənə bitkisi olduğunu və bitkilərə aqrotexniki qaydada qulluq olunaraq suvarıldığını bildirmişdir. Polis əməkdaşları onun iştirakı ilə əkdiyi çətənə bitkilərini tək-tək kökündən çıxarıb saymışlar, əkdiyi çətənə bitkilərinin ümumilikdə 474 ədəd olması müəyyən edilmiş və bir ədəd göy rəngli polietilen torbada qablaşdırılıb möhürlənərək çətənə bitkilərinin əkildiyi yerdə saxladığı 01 ədəd qırmızı rəngli plastmas vedrə ilə birlikdə götürülmüşdür. Bundan sona Xaçmaz RPŞ-nin inspektor-kriminalisti tərəfindən onun çəkib çətənə bitkilərini əkdiyi yerə atdığı 03 ədəd siqaret kötükləri və həmin yerdə olan istifadə etdiyi plastmas su qablarının üzərindən əl izləri götürülüb ayrıayrılıqda 02 ədəd ağ rəgli zərflərdə qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. O da protokolu oxuduqdan sonra düzgün yazıldığını görüb protokola və bitkilərin qablaşdırıldığı polietilen torbanın üzərinə yapışdırlımış kağızın və zərflərin üstünə imza elmişdir. Bundan sonra isə o, izahatının alınması üçün Xaçmaz RPŞ-nə dəvət olunmuş və etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-nə gəlib izahat verərək Xaçmaz rayonu, Maşı-oba kəndi ərazisində yerləşən meşə sahəsində çətənə bitkilərini özünün əkdiyini bildirmişdir. O, başqa heç kimdən narkotik vasitə almamış və heç kimə də narkotik vasitə satmamış, Xaçmaz rayonu, Maşı-oba kəndi ərazisində olan meşə sahəsində əkib-yetişdirdiyi çətənə bitkilərini isə gələcəkdə yığıb qurudaraq özünün istifadə etməsi üçün qurudulmuş marixuana əldə etmək istəmişdir. Xaçmaz rayonu, Maşı-oba kəndi ərazisində yerləşən meşəlik ərazidə çətənə bitkilərini əkib-yelişdirməsi ilə bağlı ona heç kim tapşırıq verməmişdir. Həmin çətənə bitkilərini özü lək əkmişdir ki. gələcəkdə yığıb qurutmaqla özünün istifadə etməsi üçün qurudulmuş marixuana əldə etsin. Ona elə gəlir ki, Xaçmaz rayonu, Maşı-oba kəndi ərazisində yerləşən meşəlik sahədə çətənə bitkisi yetişdirdiyini görən və bu barədə məlumatı olan olmamışdır.(iş.v.183-184) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz Rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Xaçmaz Rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupuna Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Maşı-oba kəndi ərazisində olan meşə sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi barədə məlumat daxil olmuş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilib əməliyyat qrupu yaradılmışdır. Həmin meşə sahəsinə keçiriləcək baxışda iştirak etmək üçün Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsinin baş aqronomu Şahid7 mütəxəssis qismində dəvət edildikdən sonra digər polis əməkdaşları birlikdə həmin gün təxminən saat 19 radələrində onlar Xaçmaz rayonu, Maşıoba kəndi ərazisində olmaqla Bakı-Rostov avtomobil yolundan qərb istiqamətində 300 metr aralı məsafədə olan meşə sahəsinə getmişlər. Onlar həmin meşə sahəsində ağaclarla və sıx kollarla əhatə olunmuş cığırla 40 metr meşənin içərilərinə doğru getmişlər və həmin yerdə sıx ağaclarla və kollarla əhatə olunmuş 15x10 metr ölçüdə sahənin təmizlənərək çətənə bitkilərinə oxşar müxtəlif hündürlükdə yaşıl bitkilərin əkildiyini, Təqsirləndirilən şəxs da çətənə bitkilərinə oxşar bitkilərin əkildiyi yerdə olduğunu görmüşlər. Onlar yaxınlaşıb Təqsirləndirilən şəxs özlərini təqdim edərək çətənə bitkilərinə oxşar bitkiləri kimin əkdiyini soruşmuşlar. Təqsirləndirilən şəxs etiraf edib bildirmişdir ki, həmin çətənə bitkilərini özü əkib-yetişdirmiş, həmin yerə çətənə toxumlarını o, özü səpmişdir, vedrə isə əvvəlcədən orada olmuşdur. Aqronom Şahid7 da bitkilərə baxdıqdan sonra bildirmişdir ki, həmin bitkilər çətənə bitkiləridir, aqrotexniki qaydada qulluq olunaraq suvarılmışdır. Təqsirləndirilən şəxs aqronomun dediklərini təsdiq edərək bildirmişdir ki, həmin bitkilər narkotik tərkibli çətənə bitkiləridir, həmin yerə çətənə toxumlarını o, özü əkmişdir. Sonra çətənə bitkiləri tək-tək kökündən çıxarılaraq sayılmış, çətənə bitkilərinin ümumilikdə 474 ədəd olması müəyyən edilmiş və bir ədəd göy rəngli polietilen torbada qablaşdırılıb möhürlənərək çətənə bitkilərinin əkildiyi yerdə olan 01 ədəd qırmızı rəngli plastmas vedrə ilə birlikdə götürülmüşdür. Bundan sona Xaçmaz RPŞ- nin KTQ-nun baş inspektor-kriminalisti Şahid5 tərəfindən çətənə bitkilərinin əkildiyi yerdə olan 03 ədəd siqaret kötükləri və həmin yerdə olan plastmas su qablarının üzərində olan əl izləri götürülüb ayrı-ayrılıqda 02 ədəd ağ rəgli zərflərdə qablaşdırılaraq möhürlənmişdir Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz Rayon Polis Şöbəsinin İTB-nin sahə polis nəfəri Şahid4, Xaçmaz Rayon Polis Şöbəsinin KTQ-nun baş inspektor-kriminalisti Şahid5 ifadəsindən görünür ki, onlar Şahid1 ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiklərini özlərinə aid hissədə təsdiq etmişlər. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid7 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsindən görünür ki, Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini özünə aid hissədə təsdiq etmişdir. (iş.v.144- 145) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış şahid Xaçmaz Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid2, Xaçmaz Rayon Polis Şöbəsinin İTB-nin sahə polis rəisi Şahid3, Xaçmaz Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri Şahid6 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsindən görünür ki, onlar da Şahid1 ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiklərini özlərinə aid hissədə təsdiq etmişlər. (iş.v. 134-137,142-143, 144-145) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 iyun 2024-cü il tarixli “əməliyyat tədbirinin keçirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Maşı-oba kəndinin ətrafında yerləşən meşə zolağında narkotik vasitə olan çətənə kollarının kultivasiyası ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 1, vərəqə 4-5) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “baxış keçirilməsi haqqında” 18 iyun 2024-cü il tarixli protokoldan görünür ki. Xaçmaz rayonu, Maşı-oba kəndi ərazisində yerləşən meşə sahəsinə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilərkən 474 ədəd çətənə bitkiləri, 03 ədəd siqaret kötükləri. 02 ədəd plastmas su qablarının üzərindən əl-barmaq izləri, 01 ədəd plastmas vedrə aşkar edilərək götürülmüşdür.(iş.v. 14-16) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 21 iyun 2024-cü il tarixli “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Xaçmaz rayonu, Maşı-oba kəndi ərazisində yerləşən meşə sahəsinə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilərkən qeydə alınmış video görüntülər bir ədəd «CD» formatlı diskə köçürülərək cinayət işinə əlavə edilmişdir. Həmin diskə Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X3 tərəfindən 21 iyun 2024-cü il tarixdə baxış keçirilərkən Xaçmaz rayonu, Maşı-oba kəndi ərazisində yerləşən meşə sahəsinə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilməsinin, həmin meşə sahəsində 474 ədəd çətənə (kannabis) bitkilərinin əkilməsinin görüntüləri əksini tapmışdır. Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirmişdir.(iş.v. 17,80-81) “Baxış keçirilməsi haqqında” 18 iyun 2024-cü il tarixli və “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” 21 iyun 2024-cü” il tarixli protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətlərinin qeydə alındığı videogörüntülərin əks olunduğu disklərə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə Ekspertiza Mərkəzinin bioloji ekspertizalar şöbəsinin 19 iyun 2024- eü il tarixli 3-16-16/2-7/1005 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində «Xaçmaz rayon Maşıoba kəndində yerləşən meşəlik sahədə...» yazıları olan polietilen torbada ümumi sayı 474 (dörd yüz yetmiş dörd) ədəd, yaş vəziyyətdə ümumi çəkisi-1175 qram olan bitki nümunələri əkilib- becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən həmin çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. (iş.v.43-45) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsin 03 iyul 2024-cü il tarixli 4537 nömrəli rəyindən görünür ki. müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya. intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(iş.v.146-147) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X2» X7 23 iyul 2024-cü il tarixli 435/2024- MTBŞ nömrəli rəyindən görünür ki. maddi sübutların məhkəmə-tibbi tədqiqinə əsasən aşağıdakı nəticəyə gəlinmişdir. Təqsirləndirilən şəxs qan qrupu: AB(İY). Onun ağız suyunda А.В antigenləri vardır. .Məhkəmə-tibbi bioloji ekspertizaya təqdim edilən hadisə yerindən götürülmüş üzərində gümüşü rəngli "Winston" yazısı olan İ saylı siqaret kötüyündə və üzərində göy rəngli "Winston" yazısı olan 2 saylı siqaret kötüyündə ağız suyu aşkar olundu. Burada sonuncuda ağız suyu miqdarının az olması da qeyd olunmalıdır. Bu siqaret kötüklərində ağız suyunun ABO sistemi üzrə qrupu təyin olunan zaman “A" və “B” antigenləri alındı. Bu antigenlərin hər ikisi təbiətinə görə dominant olub qan (ifrazat) qrupunun yaranmasında əsas antigen kimi iştirak etdiklərindən və eyni bir şəxsdə birlikdə AB(İY) qruplu qan və ifrazatları formalaşdırdıqları üçün göstərilən halda 1 və 2 saylı siqaret kötüklərində olan ağız suyunun həmin qruplu şəxsə, o cümlədən də Təqsirləndirilən şəxs məxsus ola bilməsi inkar olunmur. Hadisə yerindən götürülmüş daha bir 3 sayla göstərilmiş siqaret kötüyündə ağız suyu aşkar olunmadı. .(iş.v.156-161) Cinayət işinin materiallarından görünür ki, Xaçmaz rayonu, Maşı-oba kəndi ərazisində yerləşən meşə sahəsində aşkar edilərək götürülmüş 1175 qram çəkidə olan 474 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri, bir ədəd plastmas vedrə Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X3 tərəfindən 21 iyun 2024-cü il tarixli qərar ilə. həmin meşə sahəsində aşkar edmlərək götürülmüş 03 ədəd siqaret kötükləri isə tərəfimdən 26 oktyabr 2024-cü il tarixli qərar ilə maddi sübut hesab olunmuş və ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 1 172.8 qram olan 474 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri. 03 ədəd siqaret kötükləri və 01 ədəd vedrə saxlanılmasından ötrü Xaçmaz Rayon Polis Şöbəsinə təhvil verilmişdir.(iş.v.82-83,162- 163) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, tələbnamədən və hökümlərin surətindən görünür ki. o. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 aprel 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.4. 234.4.1. 234.4.2 234.4.3 və 318.2-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.3-cü maddəsinə əsasən 1 1 il 06 ay azadlıqdan mərhum etmə cəzasına. Sabunçu Rayon Məhkəməsinin 16 iyul 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 66.5-ci maddəsinə əsasən 11 il 08 ay azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli qərarı ilə 01 il 03 ay 06 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuşdur.(iş.v.88-118) Məhkəmə hesab edir ki, CM-nin 83.3.4-cü maddəsinə əsasən onun məhkumluğu ödənilməmiş hesab olunur. CM-nin 18.2.2-ci maddəsinin tələbinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. CM-nin 18.2.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs oğlunun əməlində cinayətlərin təhlükəli residivi vardır ki, bu hal da cəza təyini zamanı CM-nin 65.2ci maddəsinin tələblərinin (residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz) nəzərə alınmasını imperativ edir. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs göstərilən cinayət əməllərini törətdiyi vaxtda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tələbi ilə müəyyən edilmiş məhkumluğun ödənilməsi müddəti keçmədiyindən onun əməlində cinayətlərin təhlükəli residivi vardır. Məhkəmə, Təqsirləndirilən şəxs hadisə yerindən tapılan vedrənin ona aid olmaması, toxumlarından götürüb arxın qırağına səpdiyi iki ədəd ağacın ona məxsus olmaması, onları yoldan tapması ilə bağlı verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Çətənə növlü bitkilər Azərbaycan Respublikasının 2005-ci ilin 28 iyun tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikası ərazisində “Tərkibində narkotik maddələr olan bitkilər”siyahısına aiddir ( siyahı İİİ ). 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən tərkibində narkotik maddələr olan bitkilərə daxil olan çətənə növlü bitkilərin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla aşağı həddi 3-15 ədəd (6-30 hissə) ədədi, külli miqdar daxil olmaqla aşağı həddi 16-800 ədəd (31-1550 hissə), xüsusilə külli miqdar daxil olmaqla, aşağı hədləri 801 ədəd (1551 hissə) müəyyən edilmişdir. Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarının 21-ci bəndində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi.. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi məsuliyyətini ağırlaşdıran haldır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarına əlavə edilmiş “şübhəli şəxsin tutulması haqqında” 18 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. ( i/v 32-33) 20 iyun 2024-cü il tarixli “təqsirləndirilən şəxsin tutulmadan azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs tutulmadan azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilmişdir. ( i/v 72-73) Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 07 may 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalından həbs edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 07 may 2025-ci il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 18 iyun 2024-cü il tarixdən 20 iyun 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra Xaçmaz Rayon Polis Şöbəsində saxlanılan çətənə bitkilərinin ekspertiza tədqiqatından sonra qalan ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 1172,8 qram çəkidə 474 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri. 01 ədəd plastmas vedrə. 03 ədəd siqaret kötükləri məhv edilməli, bir ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza tədqiqatının dəyəri 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 05 (beş) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı 18 iyun 2024-cü il tarixdən 20 iyun 2024-cü il tarixədək 02 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq , 05 (beş) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 07 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Xaçmaz Rayon Polis Şöbəsinə təhvil verilmiş Xaçmaz rayonu, Maşı-oba kəndi ərazisində yerləşən meşə sahəsində aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 1172,8 qram çəkidə 474 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri, 01 ədəd plastmas vedrə, 03 ədəd siqaret kötükləri məhv edilsin, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-204/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-204/2025
14.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver