Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-205/2024 11.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X5 (sədrlik edən), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynallı Elgiz Çingiz oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs, tərcüməçi X4 iştirakları ilə, xx.xx.1972-ci ildə Abşeron rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr heroin və qurudulmuş marixuananı əldə etmə, daşıma və saxlama cinayətini törətmişdir. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, «Yoncalıq massivi» deyilən ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə içərisində 01 (bir) ədəd göy rəngli sellofana bükülmüş təmiz çəkisi 1025,6 qram olan qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısfna (Siyahı İ) daxil edilmiş külli miqdarda narkotik vasitə heroini, 03 (üç) ədəd üzərləri yapışqan lentlə yapışdırılmış sellofan bağlamalarda və 01 (bir) ədəd üzərində “spiçki” sözləri yazılmış kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 450,0 qram, 1605,0 qram, 2000,0 qram, 0,792 qram, ümumi təmiz çəkisi 4055,792 qram külli miqdarda bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz əldə edərək yaşadığı ünvan 2 ünvana daşıyıb, 01 (bir) ədəd üzərində “spiçki” sözləri yazılmış kibrit qutusunda 0,792 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı üzərində, 01 (bir) ədəd göy rəngli sellofana bükülmüş təmiz çəkisi 1025,6 qram olan narkotik vasitə heroin, 03 (üç) ədəd üzərləri yapışqan lentlə yapışdırılmış sellofan bağlamalarda, ayrı-ayrılıqda təmiz çəkiləri 450,0 qram, 1605,0 qram, 2000,0 qram, ümumilikdə 4055,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı yaşadığı həmin evdə saxlamış, xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Abşeron rayon polis idarəsinin X1 əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində yaşadığı evin qarşısında saxlanılaraq həmin gün saat 19:25 radələrindən 19:40 radələrinə kimi üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki yun köynəyin üstündən geyindiyi gödəkçənin sağ iç cibindən 01 (bir) ədəd üzərində “spiçki” sözləri yazılmış kibrit qutusunda yaşadığı evdən aşkar olunmuş narkotik vasitələr marixuana ilə tərkiblərinə görə eynilik təşkil edən təmiz çəkisi 0,792 qram narkotik vasitə qurudulmuş marixuana, bundan sonra əməliyyat tədbirinin davamı kimi həmin tarixdə saat 19:40 radələrindən 20:05 radələrinə kimi yaşadığı ünvan 3 ünvanına baxış keçirilən zaman yataq otağında olan paltar dolabının aşağı hissəsində 01 (bir) ədəd qara rəngli sellofan torbanın içərisindən 01 (bir) ədəd göy rəngli sellofana bükülmüş təmiz çəkisi 1025,6 qram olan külli miqdarda narkotik vasitə heroin, 03 (üç) ədəd üzərləri yapışqan lentlə yapışdırılmış sellofan bağlamalarda, ayrı-ayrılıqda təmiz çəkiləri 450,0 qram, 1605,0 qram, 2000,0 qram, ümumilikdə 4055,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək sərbəst ifadəsində göstərdi ki, 2023-cü ilin fevral ayında, saat 18:00 radələrində Abşeron rayon Polis İdarəsinin əməkdaşları qanunsuz onun evinə giriblər. Birinci, ondan evində nə olduğunu soruşmuşlar, o da heç nə olmadığını bildirmişdir. Şahid3 adlı əməkdaş balaca bir qutunu cibinə qoyaraq onun olduğunu söyləmiş, o, etiraz etdikdə isə onu həmin qutunu bacısının çantasından çıxaracaqları ilə hədələmişlər. Bir saatdan sonra Şahid1 və Şahid4 1 kq marixuananı və metamfetamini gətirib onun çəkməcəsinə qoyub həmin maddələrin onun olduğunu deməyini istəmişlər. Bacısının vəziyyəti pisləşdiyi üçün məcbur qalıb polis əməkdaşlarının dediklərinə əməl etmişdir. Daha sonra bölməyə gediblər və onun evinin qarşısında onu saat 6-da tutduqlarını bildirən çəkiliş ediblər. Təqsirləndirilən şəxs ona verilən sualları cavablandırarkən əvvəllər məhkum olunduğunu, tutulana qədər marixuana istifadə etdiyini, tutulduğu zaman üzərində heç bir narkotik vasitə olmadığını, polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki təsir göstərilmədiyini, bacısının səhhəti pis olduğu üçün narkotik vasitələrin onun olduğunu etiraf etdiyini, həbsdə olduğu müddətdə bacısının xəstəlikdən rəhmətə getdiyini bildirərək barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək istintaq zamanı verdiyi ifadəsində törətdiyi cinayət əməlini qismən etiraf edərək göstərmişdir ki, təxminən 2 ildir ki, arada narkotik vasitə marixuanadan çəkməklə istifadə edir. 02 fevral 2023-cü il tarixdə saat təxminən 15:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq massivində piyada gedərkən markası yadında qalmayan avtomobildən zibil qutularının yanına 01 (bir) ədəd qara rəngli sellofan torba atıldığını görmüşdür. Həmin torba diqqətini çəkmiş, avtomobil getdikdən sonra həmin torbanı götürüb içərisinə baxdıqda içərisində ayrı-ayrı sellofan torbalara bükülmüş bağlamalar olduğunu və 01 (bir) ədəd kibrit qutusu olduğunu görmüşdür. Kibrit qutusunu açıb baxanda içərisində qurudulmuş marixuana olduğunu aşkar etmişdir. O, həmin sellofan torbanı götürüb Xırdalan şəhəri, Nizami küçəsində yaşadığı 21 saylı evə gətirmişdir. Həmin bağlamalara baxanda içərisində narkotik vasitə marixuana olduğunu görüb yaşadığı otaqda paltar dolabının içərisinə aşağı hissəyə qoymuşdur. Kibrit qutusunu isə özü istifadə etmək üçün əynindəki yun köynəyinin sağ döş cibinə qoymuşdur. Həmin gün saat təxminən 18:00 radələrində yaşadığı küçəyə çıxıb siqaret çəkən zaman mülki geyimdə bir neçə nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edərək Abşeron rayon polis idarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Onun qanunsuz olaraq narkotik vasitələrdən dövriyyəsində şübhəli olduğunu bildirib bu məqsədlə üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, sonra polis idarəsindən təhqiqatçı və növbətçi vəkil yaşadığı küçəyə dəvət olunmuşlar. Yaşadığı evin qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün onun şübhəli şəxs qismində tutulmağı barədə məlumat verilmiş və üzərində şəxsi axtarış aparılmasını bildirmişlər. Şəxsi axtarış keçirilməzdən əvvəl ona vəkilin iştirakı ilə hüquq və vəzifələrini izah edilməklə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməsi təklif olunmuşdur. O da əynindəki yun köynəyinin döş cibindəki 01 (bir) ədəd kibrit qutusunu təqdim edib həmin qutunu açaraq içərisindəki kütləni göstərib qurudulmuş marixuana olduğunu və şəxsi istfiadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin narkotik vasitəni Xırdalan şəhəri, Yoncalıq massivindən tapdığını bildirmiş, sonra üzərində şəxsi axtarış aparılmış və başqa hər hansı qanunla saxlanılması qadağan edilmiş əşya və ya kütlə aşkar olunmamışdır. Üzərində aşkar olunmuş içərisində marixuana olan kibrit qutusu kağız zərfdə qablaşdırılaraq polis əməkdaşları tərəfindən götürülmüş, zərf möhürlənmiş, üzəri imzalarla təsdiq edilmişdir. Bundan sonra ona əgər evində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya narkotik vasitə vardırsa təqdim etməyi təklif olunmuşdur. O isə evdə həmin gün tapdığı narkotik vasitə olmasını bildirib evində axtarış aparılmasına etiraz etməmişdir. Polis əməkdaşları vəkilin iştirakı ilə yaşadığı evə daxil olmuşlar. Ona evində saxladığı nakrotik vasitəni təqdim etməyi təklif olunmuşdur. O, isə öz otağında olan paltar dolabının içərisində saxladığı 01 (bir) ədəd qara rəngli sellofan torbanı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin torbanın içərisində 03 (üç) ədəd selofon bağlamada olan marixuanaya, 01 (bir) ədəd sellofan bağlamada olan narkotik vasitə heroinə, 03 (üç) ədəd isə ağ rəngli sellofan bağlamadakı psixotrop maddəyə bənzər kütlələri təqdim etmişdir. Həmin bağlamalar polis əməkdaşları tərəfindən açılıb ayrı-ayrılıqda içərisinə baxılmış və bağlamaların içərisində narkotik vasitə marixuanaya bənzər kütlələr, heroinə bənzər kütlə və psixotrop maddəyə bənzər kütlələr aşkarlanmışdır. Bundan başqa otaqda olan elektron tərəzi polis əməkdaşları tərəfindən aşkar olunmuşdur. Həmin tərəzi içərisində narkotik vasitələr olan sellofan torbanın içərisində olmuşdur. Qeyd olunan bağlamalar yenidən bağlanıb, elektron tərəzi ilə birlikdə torbada qablaşdırıliış, qablaşdırmanın üzərində iştirakçılar imzalar etmişlər. Bundan sonra ona evdə qanunla qadağan olunmuş başqa nə vardırsa təqdim etməsi təklif olunmuşdur. O, isə evində başqa hər hansı bir qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları otaqları və əşyaları axtarmış, başqa hər hansı bir qanunla qadağan olunmuş əşya və maddə aşkar olunmamışdır. Bundan sonra üzərində şəxsi axtarış və evinə baxış aparılması barədə protokollar tərtib olundu və imzalarla təsdiq edildi. Torbada olan kibrit qutusundakı narkotik vasitə marixuananı bilsə də, digər bağlamaların hansında narkotik vasitə, hansında psixotrop maddə olub-olmaması barədə heç bir məlumatı olmamış, düşünmüşdür ki, həmin bağlamalarda narkotik vasitə və ya psixotrop maddələr vardır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Abşeron rayon Polis İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında əməliyyat tədbiri keçirilməsi üçün onun rəhbərlik etdiyi əməliyyat qrupu yaradılmışdır. 2023-cü il 02 fevral tarixdə, saat 19 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs saxlayaraq özlərini təqdim etmiş və Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Müdafiəçisinin də iştirakı ilə videoçəkilişdən istifadə edilməklə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq üzərində saxladığı qutunu təqdim edərək həmin qutununun içərisindəki kütlənin qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evində və ya baqşa yerdə narkotik vasitə və ya psixotrop maddə saxlayıb-saxlamadığı soruşulduqda, o, evində narkotik vasitə saxladığını bildirmişdir. Eldarın razılığı və iştirakı ilə yaşadığı evə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs bağlama təqdim etmişdir, həmin bağlamada narkotik vasitə marixuanaya, heroinə və psixotrop maddə metamfetaminə bənzər kütlələr, həmçinin elektron tərəzi aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddələrin bir gecə əvvəl yol kənarına atıldığını və oradan götürdüyünü deyib. Şahid1 ona verilən suallara cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs küçədə, yaşadığı evin yaxınlığında saxlanılıb. Əməliyyat qrupuna o, rəhbərlik etmişdir. Təqsirləndirilən şəxs axşamüstü saat 6-7 radələrində saxlanılmışdır. Əvvəlcə təqsirləndirilən şəxsin üzərinə, daha sonra evinə baxış keçirilib. Təqsirləndirilən şəxsin evinin qarşısında kamera olub-olmadığından xəbəri yoxdur. Evindəki narkotik vasitəni təqsirləndirilən şəxs özü könüllü təqdim edib. Əməliyyat məlumatı təqsirləndirilən şəxsin narkotik vasitə və psixotrop maddələri daşıması, saxlaması və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə olmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən ona polis əməkdaşları tərəfindən heç bir təzyiq göstərilməmiş, həmçinin təqsirləndirilən şəxs də onlara heç bir müqavimət göstərməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Abşeron rayon Polis İdarəsinə əməliyyat məlumatı daxil olmuş, həmin əməliyyat məlumatı rəhbərliyə məruzə edilib müvafiq rəsmiləşdirmə işləri həyat keçirildikdən sonra əməliyyat qrupu yaradılmışdır. 2023-cü il 02 fevral tarixdə, saat 19 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində keçirilmiş əməliyyat tədbiri zamanı sonradan şəxsiyyəti onlara məlum olan Təqsirləndirilən şəxs saxlayaraq özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Müdafiəçisinin də iştirakı ilə videoçəkilişdən istifadə edilməklə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki köynəyinin cibindən 01 ədəd kibrit qutusunu təqdim edərək həmin qutununun içərisindəki kütləni göstərib qurudulmuş marixuana olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını və həmin narkotik vasitəni Xırdalan şəhəri, Yoncalıq massivindən tapdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə yaşadığı evə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs 01 ədəd sellofan torbanı təqdim etmişdir, həmin torbanın içərisindəki bağlamalardan marixuanaya və narkotik vasitə heroinə bənzər kütlələr, həmçinin elektron tərəzi aşkar edilmişdir. Şahid2 ona verilən suallara cavab olaraq bildirdi ki, əməliyyat qrupu o, Şahid3 Əfsər oğlu, Şahid4 Hafıs oğlu və Şahid1 ibarət olmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən ona polis əməkdaşları tərəfindən heç bir təzyiq göstərilməmiş, həmçinin təqsirləndirilən şəxs də onlara heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs yaşadığı ev həyət evi olub, baxış keçirilən zaman evdə kimlərin olduğunu xatırlamır. Təqsirləndirilən şəxsı əvvəlcədən tanımayıb, onunla heç bir ədavəti olmayıb. Əməliyyat tədbiri həyata keçirilən zaman o, mülki geyimdə olub. Təqsirləndirilən şəxs küçədə evinin qarşısında saxlanılıb, üzərində daşıdığı kibrit qutusunda olan narkotik vasitəni şəxsi axtarış zamanı özü təqdim edib. Təqsirləndirilən şəxs evindən 1 kiloqrama yaxın narkotik vasitə heroin, həmçinin marixuana aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Əfsər oğlu və Şahid4 digər şahidlər Şahid1 və Şahid2 ilə eyni məzmunlu ifadələr verərək onların ifadələrində qeyd etdikləri xüsusatları bir daha təsdiq etmişdirlər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Abşeron rayon polis idarəsinin X1 əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində yaşadığı evin qarşısında saxlanılaraq üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki yun köynəyin sağ yan cibindən bir ədəd üzərində “spiçki” sözləri yazılmış kibrit qutusunda qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2023-cü il tarixli «baxış və götürmə aparılması haqqında» protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanda yerləşən evinə baxış keçirilən zaman yataq otağında olan paltar dolabının aşağı hissəsində 01 (bir) ədəd qara rəngli sellofan torbanın içərisindən 01 (bir) ədəd göy rəngli sellofana bükülmüş narkotik vasitə heroin, 03 (üç) ədəd üzərləri yapışqan lentlə yapışdırılmış sellofan bağlamalarda narkotik vasitə qurudulmuş marixuana və üzərində narkotik vasitə heroinin izləri olan 01 (bir) ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında yuxarıda qeyd olunan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması barədə və Təqsirləndirilən şəxs yaşadığı evə baxış və axtarış keçirilməsi barədə protokollara əlavə edilmiş diskdəki videogörüntülər nümayiş etdirilmiş və həmin videogörüntülərlə şahidlərin ifadələrində göstərdikləri xüsusatlar və protokollarda qeyd olunanlar əsasən öz təsdiqini tapmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən videogörüntüyə baxılarkən müəyyən olunmuşdur ki, həqiqətən də, təqsirləndirilən şəxsin əynində yun köynək vardır, təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əynindəki yun köynəyin üstündən geyindiyi gödəkçənin sağ iç cibindən içində narkotik vasitə marixuana olan kibrit qutusunu təhqiqatçıya təqdim edir. Məhkəmə bu məsələdə diskdə olan görüntünü əsas götürür və təqsirləndirilən şəxsə verilən ittihamda onun üzərindən aşkar olunmuş marixuananı əynində olan yun köynəkdən çıxarıb təqdim etməsi hissəsini texniki yanlışlıq kimi qiymətləndirir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, sözügedən məsələnin bu formada qiymətləndirilməsi təqsirləndirilən şəxsin üzərindən narkotik vasitə qurudulmuş marixuananın aşkar olunması prosesinin etibarsızlığına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə Abşeron RPİ-nin əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/662 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN Zərflər üçün №56 dairəvi möhür əksi, « Təqsirləndirilən şəxs evindən aşkarlanmış kütlələr.....» və s sözlər, imzalar olan 01 ədəd bağlamada təmiz çəkisi 1025,6 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir və bir ədəd gümüşü rəngli eletron tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin təmiz çəkisini müəyyən etmək mümkün olmamışdır. Həmin bağlamadakı 03 ədəd bükümdə ümumi təmiz çəkisi 403,9 qram ağ rəngli kristallardan ibarət maddələrin tərkibində narkotik vasitələrin, psixotrop, güclü təsir edən və zəhərli maddələrin komponentləri yoxdur və həmin maddələr narkotik vasitələrə, psixotrop, güclü təsir edən və zəhərli maddələrə aid deyildirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in siyahısına daxildir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 7/153 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr..» yazılar və imzalar olan 01 ədəd kibrit qutusunda təmiz çəkisi 0,792 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustalr üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ağ rəngli üzərində «Təqsirləndirilən şəxs evindən aşkarlanmış kütlələr.....» yazılar və sözlər olan üzəri skoçla bağlanmış yaşıl rəngli polietilen bağlamadakı 03 ədəd üzərləri skoçla bağlanmış sellofon bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri - 450,0 qram, 1605 qram, 2000,0 qram, ümumi çəkisi 4055,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs üzərində və evindən götürülmüş marixuanalar tərkiblərinə görə eynidirlər. Həmin marixuanaların ümumi çəkisi - 4055,792 qramdır. Təqdim olunmuş bir ədəd eletron tərəzinin üzərində bitki mənşəli narkotik vasitələrin hissəcikləri izləri yoxdur. Bitki mənşəli narkotik vasitələrin hissəcikləri olmadığı üçün onunla müqayisəli tədqiqat aparılmadı. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2019 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1025,4 qram olan narkotik vasitə heroin, ekspert tədqiqatından sonra qalıq çəkisi 403,75 qram olan ağ maddələr və ekspert tədqiqatından sonra qalıq çəkisi 4055,592 qram olan narkotik vasitə - qurudulmuş marixuana maddi sübut kimi tanınmaqla Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması anbarında saxlanılır, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, götürülmə və mənzilə baxış aparılması zamanı Azərbaycan Respublikası CPM-nin 246.3cü maddəsinə uyğun olaraq aparılmış videoçəkilişin yazıldığı 02 (iki) ədəd disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılır. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il hökmü ilə təqsirli bilinib 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər Probasiya şöbəsindən alınmış 04 aprel 2023-cü il tarixli, 21-2/3-72281 nömrəli məktubla Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il hökmü ilə təqsirli bilinib 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs cəzasının 09 ay 25 gününü çəkmiş 02 ay 03 günü içə çəkilməmiş qalmışdır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir. Ona Azərbaycan Respublikasının CM-nın 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyi üçün onun əməli cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın konkret müddəalarını rəhbər tutmuşdur. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə istinad edərək göstərmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırma və məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni üzərində və evində heç bir narkotik vasitə olmaması, bacısının səhhəti pis olduğu üçün narkotik vasitələrin onun olduğunu boynuna götürməsi ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə heç nə bildirməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, həmçinin onun üzərindən və evindən aşkar olunmuş narkotik vasitələrin miqdarı, eyni zamanda evindən elektron tərəzinin aşkar olunması təqsirləndirilən şəxsin həmin narkotik vasitələri şəxsi istifadəsi üçün deyil, satış məqsədi ilə saxladığını ehtiva edir. Onun cinayət işi üzrə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək üzərində heç bir narkotik vasitə olmadığını, bacısının səhhəti pis olduğu üçün narkotik vasitələrin onun olduğunu etiraf etdiyinə dair verdiyi ifadəsini məhkəmə məsuliyyətdən yaxa qurtarmağa yönəlmiş cəhdi kimi qiymətləndirir və onun törətdiyi cinayət əməlinin şahid ifadələri, şəxsi axtarış və evə baxış protokolları, həmin protokollara əlavə edilmiş videogörüntülər, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapdığını qeyd edir. O, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçisi “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi2 Qalib oğlu müdafiə çıxışında xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən qapının yanında dirəkdə olan kameranın naqillərinin kəsilməsini və həmin naqillərdə olan əl izlərinin müəyyən olunması məqsədilə ekspertiza təyin olunması barədə vəsatətinin təmin olunmamasını, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman adı raportda olmayan polis əməkdaşının evin içərisində olmasını, Təqsirləndirilən şəxs bacısının digər otağa aparılaraq ona təzyiq göstərildiyini, Təqsirləndirilən şəxs barəsində başqa cinayət işi üzrə ifadə vermiş şahidin hazırkı cinayət işi üzrə də onun əleyhinə ifadə verməsini, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə videogörüntüyə baxış protokolunda Təqsirləndirilən şəxs əynində rəngli gödəkçə deyil, yun köynək olduğunun göstərilərək protokolun saxtalaşdırılmasını, Təqsirləndirilən şəxs üzərinə saxlanıldıqdan 1 saat 25 dəqiqə sonra axtarış keçirilməsini və əvvəlki məhkəmə iclaslarında məhkəmə tərəfindən münasibət bildirilmiş digər arqumentləri əsas gətirərək, təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası müdafiəçinin müdafiə çıxışında qeyd etdiyi arqumentləri nəzərdən keçirərək aşağıdakıları qeyd edərək həmin arqumentlərin əsassız olduğunu qeyd edir. Belə ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra həm şübhəli şəxs kimi, həm də təqsirləndirilən şəxs kimi ifadəsi alınan zaman, özünün də məhkəmədə bildirdiyinə əsaslansaq, ona heç bir fiziki təsir, təzyiq, zor göstərilmədən müdafiəçisinin və tərcüməçinin iştirakı ilə etirafedici ifadələr vermişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 özü də bildirir ki, 24 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı evdə çəkiliş aparmış və kameranın kəsilmiş naqillərinin bir hissəsini özü ilə məhkəməyə gətirmiş və naqillərdə olan əl izlərinin müəyyən olunması məqsədilə ekspertiza təyin olunması barədə vəsatət vermişdir. Bununla əlaqədar məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuş, müdafəçi tərəfindən çəkiliş isə xx.xx.2024-cü ildə aparılmış və naqillər götürülmüşdür. Hadisənin üzərindən 01 il 05 ay keçdikdən sonra naqillərin üzərində əl izlərinin qalması ağlabatan deyildir, həmçinin həmin naqillərin 1 il 5 aydan sonra hansı şəraitdə kəsilməsi, çəkilişin hansı şəraitdə aparılması da məlum deyildir və buna görə də, müdafiəçinin verdiyi vəsatət təmin edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əməliyyat tədbirində iştirak etməyən polis əməkdaşının evin içərisində olmasını və Təqsirləndirilən şəxs bacısını o biri otağa apararaq təzyiq göstərildiyinə dair müdafiəçinin artumentinə münasibətdə isə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin bacısına təzyiq göstərilsəydi, çəkiliş zamanı onda narahatçılıq hiss olunardı, amma videogörüntüdən də müəyyən olunur ki o, özünü sərbəst aparır, heç bir təlaş keçirmədən təhqiqatçı ilə söhbət edir. Həmin polis əməkdaşının və digər əməliyyatçının başqa otaqda təqsirləndirilən şəxsin bacısına təzyiq göstərmələri barədə qeyd olunanlar müdafiəçinin şəxsi mülahizəsindən başqa bir şey deyildir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən çıxan narkotik vasitənin yun köynəkdən və ya gödəkçədən çıxması məsələsinə isə məhkəmə yuxarıda qiymət vermişdir. Göründüyü kimi müdafiəçinin qeyd etdiyi məsələlərin heç bir hüquqi əsası yoxdur və müdafiə çıxışında göstərilən xüsusatlar təqsirləndirilən şəxsi məsuliyyətdən yaxa qurtarmağa yönəlmiş müdafiə taktikalarıdır. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin (CM-nin 234.4.3) sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 ay 03 günü 01 (bir) ay 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 02 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuş və barəsində Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 02 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını və təqsirləndirilən şəxsin ərazi narkoloji dispanserində qeydiyyata alınmalı olduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Abşeron Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və mənzilindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1025,4 qram olan narkotik vasitə heroin, ekspert tədqiqatından sonra qalıq çəkisi 403,75 qram olan ağ maddələr və ekspert tədqiqatından sonra qalıq çəkisi 4055,592 qram olan narkotik vasitə - qurudulmuş marixuana məhv edilməli və iş materiallarında olan 02 (iki) ədəd disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 186 (bir yüz səksən altı) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 ay 03 günü 01 (bir) ay 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 02 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Abşeron Rayon Polis İdarəsində saxlanılan ekspert tədqiqatından sonra qalıq çəkisi 1025,4 qram olan narkotik vasitə heroin, ekspert tədqiqatından sonra qalıq çəkisi 403,75 qram olan ağ maddələr və ekspert tədqiqatından sonra qalıq çəkisi 4055,592 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut olan 02 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 186 (bir yüz səksən altı) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-205/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-205/2024
11.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver