Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-206/2022 28.10.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2, xx xxxxxx 1972-ci ildə Xaçmaz rayonu Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən 1,113 qram çəkidə psixotrop maddə metamfetamini və külli miqdarda, yəni 43,180 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşımış, bu fakt 05 oktyabr 2021-ci il tarixdə o, Xaçmaz RPŞ-nin Xudat PB-i əməkdaşları tərəfindən Xudat şəhəri H.Əliyev küçəsində saxlanılaraq PB-nə dəvət edilmiş və ünvan 2 ünvanında yerləşən Xudat PB-nin inzibati binasında saat 14:40-15:05 müddətində onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sağ yan cibindən 01 ədəd sellofan torbanın içərisindən 07 ədəd kağız və 03 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,274 qram, 0,263 qram, 0,173 qram, 0,052 qram, 0,053 qram, 0,051 qram, 0,014 qram, 0,043 qram, 0,136 qram və 0,054 qram olmaqla ümumilikdə 1,113 qram çəkidə kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin, 06 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 40,970 qram, 0,503 qram, 0,317 qram, 0,803 qram, 0,312 qram və 0,275 qram olmaqla ümumilikdə 43,180 qram çəkidə kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin, içərilərində narkotik vasitə heroinə məxsus izlər olan 01 ədəd şüşə ampula və 01 ədəd birdəfəlik şpris aşkar edilərək götürülmüş, bununla da o, əməllərində cinayətlərin təhlükəli residivi olmaqla, təkrar, satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə və külli miqdarda narkotik vasitə əldə edib saxlamaqla daşımışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə günü səhər saat 9-un yarısı maşınının maqnitofonunu təmir etdirmək üçün ustaya getmiş, usta hələ gəlməmişdir. Polis əməkdaşları gəlmiş və onu saxlamışlar. Onun maşınında 43 qram narkotik vasitə olan heroin olmuşdur. Polis əməkdaşları onu X5 aparmışlar. Daha sonra onu Xaçmaz rayonuna aparmışlar, orda müstəntiq narkotik vasitələri çox yazmışdır, onun maşınında 1 büküm narkotik vasitə olmuşdur. Narkotik vasitəni bükümlərə polis əməkdaşları bölmüşlər. Psixotrop maddə metamfetamin ona məxsus olmamışdır. Narkotik vasitələrin istifadəçisi olsa da, heç vaxt satışla məşğul olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış, ifadəsində göstərmişdir ki, 2008-ci ildə Azərbaycan Respublikası CM-nin 120.1, 180.1, 178.2.2 və 66.3-cü maddələri ilə 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 2020-ci ildə azadlığa buraxılmışdır. Azadlığa buraxılan vaxtdan bəri narkotik vasitə heroindən inyeksiya yolu ilə istifadə edir. 04 oktyabr 2021-ci il tarixdə Xaçmaz rayonu, Xudat şəhəri H.Əliyev küçəsi ilə piyada gəzən zaman yerdə ağzı bağlı vəziyyətdə bir ədəd sellofan torba olduğunu görmüş və həmin sellofan torbanın içərisində nəsə olduğunu hiss edib əyilərək onu yerdən götürmüşdür. Sellofan torbanı açıb baxanda onun içərisində narkotik vasitə heroin və psioxotrop maddə metamfetamin olduğunu görmüşdür. Narkotik vasitə heroin istifadəçisi olduğu üçün sellofan torbanın içərisindəki maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bilmiş, buna görə də onları götürüb cibinə qoymuş və daşıyaraq yaşadığı evə gətirmişdir. Lakin yaşadığı evdə heç kim onun cibində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu görməmiş və bu barədə heç kimin məlumatı olmamışdır. 05 oktyabr 2021-ci il tarixdə saat 14 radələrində Xudat şəhəri H.Əliyev küçəsində olarkən yanında bir avtomobil dayanmış, həmin avtomobildən düşən iki nəfər polis formasında və bir nəfər isə mülki geyimli şəxs ona yaxınlaşaraq üzərində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə saxlamaqla onların satışı ilə məşğul olduğunu bildirmiş və bundan sonra onu Xudat PB-nə dəvət etmişlər. Xudat PB-nə gətirildikdən sonra müstəntiq tərəfindən ona qanunsuz olaraq narkotik vasitələri əldə etməkdə, daşımaqda, saxlamaqda və satmaqda şübhəli olduğu və bununla bağlı üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra ora vəkil dəvət olunmuş və vəkilin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilməsi prosesinə başlanmışdır. Şəxsi axtarışa başlanarkən müstəntiq tərəfindən ona üzərində nə varsa onları çıxarıb təqdim etməsi təklif olunmuşdur. O, 05 oktyabr 2021-ci il tarixdə səhər saatlarında yaşadığı evdən çıxan zaman evdən bir ədəd göy rəngli sellofan torba götürüb 04 oktyabr 2021-ci il tarixdə küçədən taparaq üstündə gəzdirdiyi narkotik vasitələri və psixotrop maddələri, bundan başqa bir ədəd sellofan paketdə olan limon turşusunu, bir ədəd şüşə qabı və bir ədəd sprisi onun içərisinə yığaraq üstündə saxladığından şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən həmin göy rəngli sellofan torbanı çıxarıb otaqda olan masanın üzərinə qoymuşdur. Müstəntiq həmin sellofan torbanı açıb içərisinə baxan zaman torbadan onun içərisində narkotik vasitə heroin qaynatdığı bir ədəd şüşə qab, bir ədəd şpris, bir ədəd sellofan paketdə olan limon turşusu, 01 ədədi böyük həcmli, 05 ədədi isə kiçik həcmli olmaqla ümumilikdə 06 ədəd selofan bükümlərdə narkotik vasitə heroin, 03 ədədi sellofan və 07 ədədi isə kağız bükümlərdə olmaqla ümumilikdə 10 ədəd bükümlərdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa onun üzərindən bir ədəd kibrit qutusu, bir ədəd “West” markalı siqaret qutusu, bir ədəd beş manatlıq pul əskinası aşkar edilmiş və həmin əşyalar sonradan onun özünə qaytarılmışdır. O, həmçinin göstərmişdir ki, narkotik vasitə heroindən istifadə etsə də, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin Xudat PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərdi ki, 05 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması və daşıması barədə Xaçmaz RPŞ-nin Xudat PB-nə daxil olmuş məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsinə icazə verilməsindən ötrü qeyd olunan tarixdə raportla bölmə rəhbərliyinə məruzə olunmuş və bununla bağlı müvafiq sənədləşmə aparılmaqla onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Xaçmaz RPŞ-nin Xudat PB-nin polis nəfərləri, polis serjantları Şahid2 və Şahid3 qrupun tərkibinə daxil edilmiş və bundan sonra onlar Xudat şəhəri ərazisində müşahidələr aparmaqla Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinə başlamışlar. Qeyd olunan tarixdə saat 13:40-da Təqsirləndirilən şəxs Xudat şəhəri H.Əliyev küçəsi ilə piyada getdiyini müşahidə edib ona yaxınlaşmış, özlərini təqdim edəndən sonra ona satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması və daşıması barədə məlumat daxil olduğunu bildirib onlarla birlikdə Xudat PB-nə gəlməsini təklif etmişlər. O, etiraz etməyib onlarla birlikdə bölməyə gəlmiş üzərinə videoçəkiliş vasitəsi ilə üstünə şəxsi axtarış keçirilmişdir. Ondan üstündə narkotik vasitə olub-olmaması soruşulmaqla üstündə olan əşyaları təqdim etməsi təklif olunanda o, əvvəlcə əynindəki şalvarın sağ yan cibindən çıxartdığı 01 ədəd göy rəngli sellofan torbanı, sonra isə sol əlində saxladığı 01 ədəd qara rəngli tibbi maskanı, 01 ədəd siqaret dənəsini və 01 ədəd kibrit qutusunu, daha sonra şalvarının sol yan cibindən çıxartdığı 01 ədəd üzərində “West” sözü yazılmış siqaret qutusunu masanın üstünə qoymuş və həmin əşyalardan başqa üzərində heç nə olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torba açıldıqda onun içərisindən 01 ədəd şüşə qab, 01 ədəd birdəfəlik şpris, 01 ədəd içərisində ağ rəngli kristal şəkilli maddə olan sellofan paket, 07 ədəd kiçik ölçülü kağız bükülülər, 08 ədəd kiçik ölçülü şəffaf sellofan bükülülər və 01 ədəd böyük ölçülü şəffaf sellofan bükülü aşkar olunmuşdur. Şəffaf sellofan bükülülərdən 01 ədəd böyük ölçülü və 05 ədəd kiçik ölçülü olmaqla 06 ədəd bükülünün içərilərində narkotik vasitə heroinə bənzər toz halında qəhvəyi rəngli kütlələrin, 03 ədəd kiçik ölçülü bükülünün içərilərində isə psixotrop maddə metamfetaminə bənzər ağ rəngli kristal şəkilli kütlələrin olduğu müəyyən edilmişdir. Bundan sonra 07 ədəd kiçik ölçülü kağız bükülülər bir-bir açılmış və həmin bükülülərin içərilərində psixotrop maddə metamfetaminə bənzər ağ rəngli kristal şəkilli kütlələrin olduğu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi üzərində “West” sözü yazılmış siqaret qutusu açıldıqda onun içərisində siqaret dənələrindən, 01 ədəd kibrit qutusu açıldıqda isə içərisində kibrit çöplərindən başqa iş üçün əhəmiyyət kəsb edən heç nə aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükülülərdən 06 ədəd şəffaf sellofan bükülülərdə olan kütlələrin narkotik vasitə heroin, 03 ədəd şəffaf sellofan və 07 ədəd kağız bükümlərdə olmaqla ümumilikdə 10 ədəd bükülünün içərilərində isə psixotrop maddə metamfetamin olduğunu etiraf etmişdir. O, həmin narkotik vasitələri və psixotrop maddələri tapdığını, 01 ədəd şüşə qabda şəxsi istifadəsi üçün narkotik vasitə heroin hazırladığını, 01 ədəd birdəfəlik şprisdən narkotik vasitə heroindən inyeksiya üsulu ilə istifadə etdiyini və 01 ədəd sellofan paketin içərisindəki ağ rəngli kristal şəkilli maddənin isə limon duzu olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərilərində narkotik vasitə heroinə bənzər kütlələr olan 06 ədəd şəffaf sellofan bükülü, içərilərində psixotrop maddə metamfetaminə bənzər kütlələr olan 07 ədəd kağız və 03 ədəd şəffaf sellofan bükülü, habelə 01 ədəd şüşə qab, 01 ədəd birdəfəlik şpris və içərisində ağ rəngli kristal şəkilli maddə olan 01 ədəd sellofan paket 01 ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır Şahidlər Xaçmaz RPŞ-nin Xudat PB-nin polis nəfərləri, polis serjantları Şahid2, Şahid3 və manqa komandiri, polis baş serjantı Şahid4 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadələrindən görünür ki, sonuncular məhkəmədə ifadəsi alınmış polis əməkdaşı Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər.(cild 1, iş vərəqə 106-108;135-137;138-140) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 oktyabr 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə etməsi, saxlaması, daşıması və göndərməsi barədə Xaçmaz RPŞ-nin Xudat PB-nə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Xaçmaz rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli qərarı ilə Xaçmaz RPŞ-nin Xudat PB-nin əməliyyat müvəkkili Şahid1 əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında 05 oktyabr 2021-ci il tarixli qərarı qanuna uyğun hesab edilmişdir. (cild 1, vərəqə 4-5, 87) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Şəxsi axtarış aparılması haqqında 05 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Xaçmaz RPŞ-nin Xudat PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilərkən onun əynindəki şalvarın sağ cibindən aşkar edilmiş 01 ədəd göy rəngli sellofan torbada olmaqla içərilərində narkotik vasitə heroin olan 01 ədədi böyük, 05 ədədi isə kiçik ölçülü olmaqla ümumilikdə 06 ədəd şəffaf sellofan bükülü, içərilərində psixotrop maddə metamfetamin olan 03 ədəd şəffaf sellofan və 07 ədəd kağız bükülü, habelə 01 ədəd şüşə qab və 01 ədəd birdəfəlik şpris aşkar edilərək götürülmüş, sorğu zamanı o, həmin narkotik vasitələri və psixotrop maddəni taparaq şəxsi istifadəsi üçün saxladığını, şüşə qabdan narkotik vasitə heroin qaynatmaq üçün, şprisdən isə inyeksiya yolu ilə heroin qəbul etmək üçün istifadə etdiyini bildirmişdir. (cild 1, iş vərəq 36-38) Şəxsi axtarış keçirilməsi barədə xx.xx.2021-ci il tarixli protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Məhkəmə-kimyəvi ekspertizasının 06 oktyabr 2021-ci tarixli, 6/4414 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində «…Təqsirləndirilən şəxs üzərindən…» sözləri olan kağız paketdəki 10 ədəd bükümdə (03 ədəd sellofan büküm + 07 ədəd kağız büküm) ayrı-ayrılıqda təmiz çəkiləri 0,274 qr., 0,263 qr., 0,173 qr., 0,052 qr., 0,053 qr., 0,051 qr., 0,014 qr., 0,043 qr., 0,136 qr., 0,054 qr. Ümumi təmiz çəkisi 1,113 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə – metamfetamindir. 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 40,970 qr., 0,503 qr., 0,317 qr., 0,803 qr., 0,312 qr., 0,275 qr., ümumi təmiz çəkisi 43,180 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə – heroindir. 01 ədəd şüşə ampula və 01 ədəd birdəfəlik şprisdə narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. 01 ədəd paketdə təmiz çəkisi 25 qram olan ağ rəngli maddi – limon turşusudur. Limon turşusu 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları»na və «Güclü təsir edən maddələr və onların külli miqdarlarının, habelə zəhərli maddələrin siyahıları»na daxil deyildir. (cild 1 iş vərəqə 46-53) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 16 dekabr 2021-ci il tarixli, 5139 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. ( cild 1, iş vərəq 143- 144) Təqsirləndirilən şəxs götürülmüş 43,180 qram çəkidə narkotik vasitə heroin, 1,113 qram çəkidə psixotrop maddə metamfetamin, narkotik vasitə heroinə məxsus izlər olan 01 ədəd şüşə ampula və 01 ədəd birdəfəlik şpris, habelə 05 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsi prosesinin video görüntüləri köçürülmüş 01 ədəd CD disk 07 oktyabr 2021-ci il tarixdə iş üzrə maddi sübut hesab edilmiş, narkotik vasitə heroinin 0,060 qramının, psixotrop maddə metamfetaminin 0,100 qramının tədqiqata sərf edilməklə istifadə olunması və 01 ədəd CD cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, qalan 43,120 qram çəkidə narkotik vasitə heroin, 1,013 qram çəkidə psixotrop maddə metamfetamin, narkotik vasitə heroinə məxsus izlər olan 01 ədəd şüşə ampula və 01 ədəd birdəfəlik şpris, həmçinin maddi sübut hesab edilməyən 24,9 qram çəkidə limon turşusu 01 ədəd kağız paketə qablaşdırılıb möhürlənmiş vəziyyətdə saxlanılmasından ötrü Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. ( cild 1, iş vərəqə 82-83) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən, habelə Sumqayıt Apellyasiya Məhkəməsinin 10 dekabr 2008-ci il tarixli, 1(105)-166 nömrəli qərarından və Xaçmaz rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 1(067)-134/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 01 iyul 2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 120.1, 180.1 və 178.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 66.3cü maddəsi tətbiq edilməklə 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 10 dekabr 2008-ci il tarixli, 1(105)- 166 nömrəli qərarına əsasən Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 01 iyul 2008-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, 11 noyabr 2020ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, bundan başqa Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Xaçmaz stansiyası X7 tərəfindən istintaq edilmiş ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq 20 avqust 2021-ci il tarixdə baxılmasından ötrü aidiyyəti üzrə Xaçmaz rayon Məhkəməsinə göndərilmiş, Xaçmaz rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 1(067)-134/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə əvəz edilmiş və Xaçmaz rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 4(067)-116/2021 nömrəli qərarı ilə əvvəli 05 oktyabr 2021-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır. Azərbaycan Respublikası CM-nin 18.2.2, 83.1 və 83.3.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş, əməllərində cinayətlərin təhlükəli residivi vardır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Xudat şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. ( cild 1, iş vərəqə 112) Məhkəmə, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş psixotrop maddənin ona məxsus olmaması, narkotik vasitələrin bükümlərdə olmaması, həmin narkotik vasitələri satmaq məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitələrin külli miqdarda olması, onların miqdarı və növ üzrə qablaşdırılması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər, yəni üzərində aşkar olunmuş narkotik vasitəni satmaq məqsədinin olmaması kimi gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş qismən etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. CM-nin 66.5-ci maddəsinə əsasən, Xaçmaz rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 1(067)-134/2021 nömrəli hökmü ilə təyin edilmiş 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanaraq təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 05 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Xaçmaz rayonməhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 05 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. ( cild 1, iş vərəqə 33, 76-77) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 05 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Xaçmaz RPŞ-də saxlanılan –, 43,120 qram çəkidə narkotik vasitə heroin, 1,013 qram çəkidə psixotrop maddə metamfetamin, narkotik vasitə heroinə məxsus izlər olan 01 ədəd şüşə ampula və 01 ədəd birdəfəlik şpris məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Xaçmaz rayon məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və 02 (iki) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün hissədə çəkilməmiş qalan azadlığdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 05 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınmış Xaçmaz RPŞ-də saxlanılan –, 43,120 qram çəkidə narkotik vasitə heroin, 1,013 qram çəkidə psixotrop maddə metamfetamin, 01 ədəd şüşə ampula və 01 ədəd birdəfəlik şpris məhv edilsin, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-206/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-206/2022
28.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver