Məhkəmə qərarları › İş №1(124)-207/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-207/2022

23.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-207/2022 23.06.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu (məruzəçi hakim) və Əliyev Hafiz Samir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1991-ci ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olan, Sumqayıt şəhəri, Novxanı bağları massivi, “Əlvan metal” pansionatında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd şəffaf polietilen bükümdə 1,838 qram çəkidə narkotik vasitə olan heroin, külli miqdarda 01 ədəd gümüşü rəngli kağıza bükülmüş 3,190 qram çəkidə psixotrop maddə olan metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, 04 avqust 2021-ci il tarixdə saat 16:30-da Sumqayıt şəhəri, Bakı-Sumqayıt şosesi, “Praqa” restoranının qarşısında Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirildikdən sonra, xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilərkən, sağ əlində tutduğu qırmızı rəngli pul kisəsinin içərisində 1 ədəd şəffaf polietilen bükümdə 1,838 qram olan qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd gümüşü rəngli kağıza bükülmüş təmiz çəkisi 3,190 qram olan ağ rəngli kristallardan ibarət, kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə olan metamfetamin və üzərində heroin və metamfetamin izləri olan 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, 03 avqust 2021-ci il tarixdə gecə saatlarında qeyri-rəsmi münasibətlərdə olduğu Şahid6 və rəfiqəsi Nahidə ilə birlikdə Sumqayıt şəhəri “Praqa” restoranında oturub çay içərkən polis əməkdaşları içəri daxil olmuş və onu tutaraq Sumqayıt şəhər polis idarəsinə aparmışlar. Orada bir gün saxladıqdan sonra Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə gətirilmişdir. Saxlanılarkən üzərində 2 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi olmuşdur. Həmin “şüşə” deyilən psixotrop maddəni Bakı şəhərindən tanımadığı şəxsdən almış, elektron tərəzini isə narkotikin çəkisini dəqiq ölçmək üçün özündə saxlamışdır. Polis bölməsində çəkiliş aparılarkən o, üzərində olan pul qabının içərisində olan psixotrop maddəni təqdim etmişdir. Daha sonra, o, göstərdi ki, onun üzərində ittihamda göstərilən həcmdə narkotiklər olmamış, yalnız öz istifadəsi üçün aldığı 2 qram “şüşə” olmuşdur. Lakin polis əməkdaşları ona təzyiq etdikləri üçün və onunla birgə olan Niyaməddini döydükləri üçün o, etiraz etməyərək polis əməkdaşlarının ona verdiyi narkotikləri video çəkiliş zamanı təqdim etmişdir. Bundan başqa, o, qeyd etdi ki, himayəsində 3 azyaşlı uşağı var, əməlindən peşmandır, uşaq vaxtlarından atası və anasını itirmiş, atası hərbiçi olmaqla 1-ci Qarabağ müharibəsində şəhid olmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili vəzifəsində xidmətdə olarkən Sumqayıt şəhər Novxanı bağlar massivində yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməsi üzərində gəzdirməsi və satması ilə bağlı əməliyyat məlumatı daxil olmuş və 04 avqust 2021-ci il tarixdə əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri özü olmaqla əməliyyat qrupuna polis əməkdaşları Şahid2 və Hafiz Məmiyev daxil olmuşlar. Həmin gün saat 16:30 radələrində Sumqayıt şəhəri, Bakı Sumqayıt yolunun “Praqa” restoranının yaxınlığında bir nəfər şəxslə piyada hərəkət edən Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 5-ci PB-nə aparılmışdır. Polis bölməsində xidməti otaqlardan birində təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və üzərində olan qanunsuz əşyaların təqdim edilməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əlində olan qırmızı rəngli, kiçik ölçülü qadın əl çantasını açaraq içərisində olan boz rəngli dəmir qutunu təqdim etmişdir. Qutunu açdıqda içərisində bir ədəd elektron tərəzi olmuşdur. Bundan sonra, o, qırmızı əl çantasının digər cibini açaraq oradan biri şəffaf biri gümüşü folqaya bükülmüş iki ədəd bükümü masanın üzərinə qoymuş və onların birində içərisində “kokos”, digərinin içərisində isə “şüşə” olduğunu demişdir. Həmin bükümlərə baxdıqda onların içərisində narkotik vasitə heroinə və prsixotrop maddə metamfetaminə bənzər kütlələrin olduğu müəyyən edilmişdir. Bundan sonra həmin kütlələr və elektron tərəzi qablaşdırılaraq götürülmüşdür. Soruşulduqda Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddəni “Razin” qəsəbəsi ərazisindən şəxsi istifadəsi üçün aldığını, tərəzidən isə narkotik vasitəni aldığı və gündəlik istifadə etdiyi zaman çəkisini dəqiq müəyyən etmək üçün istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ilə birlikdə saxlanılan Şahid6 adlı şəxsin isə izahatı alınaraq buraxılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2, Şahid5 və Şahid4 Şahid1la oxşar məzmunlu ifadələr verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə Bakı şəhərinin ərazisində yerləşən çayxanaların birində işləyən zaman tanış olmuşdur. Lakin iki il əvvəl Fəxriyyə ilə əlaqələrini kəsmiş, onunla yalnız telefon vasitəsilə əlaqə saxlamışdır. 2021-ci ilin avqust ayının 3-də günorta saatlarında Fəxriyyə onunla əlaqə saxlayaraq görüşüb söhbət etmək istədiyini bildirmişdir. Onunla avqust ayının 4-də Bakı-Sumqayıt yolunda olan “Praqa” restoranında görüşmüşdür. Həmin vaxt polislər Fəxriyyəyə yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib şəxsi axtarış keçirilməsindən ötrü PB-ə aparmışlar və Fəxriyyənin üzərində axtarış aparılarkən narkotik vasitə aşkar edilmişdir. Daha sonra, o, ifadəsində göstərdi ki, polislər tərəfindən ona qarşı fiziki zorakılıq göstərilməmiş, onu bir gün polis bölməsində saxlamışlar və bu zaman Fəxriyyənin yanında daha bir qız olmuşdur. Saxlanıldıqdan sonra Fəxriyyənin üzərindən “kakos” və “şüşə” adlandıırlan narkotiklər 2 bükümdə aşkar olunmuşdur. Həmçinin Fəxriyyənin qırmızı rəngli kaşelyokun bir ədəd elektron tərəzi də olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 Firuddin qızı ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ögey anasıdır. Təqsirləndirilən şəxs atası və anası Ağdam rayonunda şəhid olmuşdur. Belə ki atası hərbi xidmətdə şəhid olmuş, anası isə mülki şəhid olmuşdur. Onların evlərinə “Alazan” raketi düşmüş, bundan sonra anası qaraciyərin aldığı xəsarətdən sağalmamış və ölmüşdür. Fəxriyyə tutulmamışdan əvvəl Sumqayıtda pansionatda qalmışdır. Fəxriyyənin keçmiş ərinin harada olmasını o, bilmir və hazırda Fəxriyyənin 3 azyaşlı övladına özü baxır. Məhkəmədə şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun anasıdır. Anası tutulanadək bacıları və anası birlikdə yaşamışlar. Hazırda nənələri ilə qalırlar. Atasının harada olmasını bilmir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 04 avqust 2021-ci il tarixli protokoldan görünür ki, həmin gün saat 18:10-da Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən o, əlində olan qırmızı rəngli, kiçik ölçülü qadın əl çantasını açaraq içərisində olan boz rəngli dəmir qutunu çıxardaraq masanın üzərinə qoymuş və qutunu açdıqda içərisində 1 ədəd elektron tərəzi olduğu görünmüşdür. Bundan sonra, o, qırmızı əl çantasının digər cibini açaraq oradan biri şəffaf biri gümüşü folqaya bükülmüş iki ədəd bükümü masanın üzərinə qoymuşdur. Həmin bükümlərə baxış keçirildikdə birinin içərisində tozşəkilli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər, digərində isə metamfetamini bənzər ağ rəngli kristalik büküm aşkar edilir. Aşkar olunmuş bükümlər və elektron tərəzi prosessual qaydada qablaşdırılaraq götürülür. (Cild 1, iş vərəqləri 25-26) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 04 avqust 2021-ci tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd DVD formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə baxış keçirilməsinə dair 14 avqust 2021-ci il tarixli protokolla, eləcə də həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 118-120) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 05 avqust 2021-ci il tarixli, 6/3304 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən…» yazılar olan zərfdəki 03 ədəd zərfdə - 01 (bir) ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 1,838 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01(bir) ədəd “gümüşü” rəngli falqa bükümdə təmiz çəkisi 3,190 qram ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 (bir) ədəd elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəkilində olduğu üçün heroinin və metamfetaminin çəkisini müəyyən etmək mümkün olmamışdır. (Cild 1, iş vərəqləri 39-45) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair ekspertizanın 10 noyabr 2021-ci il tarixli, 4399 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (Cild 1, iş vərəqləri 165-166) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş təqsirlən şəxs Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefon danışıqları məlumatlarına baxış keçirilməsinə dair protokoldan görünür ki, həmin nömrəyə aşağıdakı məzmunlu “sms” mətnləri daxil olmuş və bu nömrədən digər nömrələrə göndərilmişdir: “Fəxri quzu kəsərəm patin varsa mənə biraz pas ata bilərsən çıxaram” , “Fəxri mənə bir qıran kola lazımdı ə ürəy hə həl eləməyə olar”, ikinci sms məntləri olan qovluqda isə **********80 nömrəsindən çıxan smslər yazılmışdır ki, həmin sms mətlərində ferid hardasan, teli ac, menem fexriye, tekem, getdiler, sumqayitdayam, harda goruwek, poxuvu apar, niyameddine zeng catmir, onun poxuydu bu, “wako 90 manata 5 qram pati var axsamki patidan, lezetdi patidi, elim yandyla verirler”, “butun alacaqlarim sabaha qaldi, gelecem, birazdan”, “30 manatda temiz yaridan artiq”, “xosdu qadasi mala soz ola bilmez”, “heresinen yari-yari 50 manat elyir, getr gotur, bir manati eksik olsa, vermiyecem, incime, menim deyil satmaqa veribler”, “aqilnan hereket ele yalvariram, mali tokme cir-cindrin qabaqina, wowunu cixiram, birdene, qalan hec kime bir manatda kecme, zloy olki pulun olsun pulun malin” (Cild 1, iş vərəqləri 121-136) Cinayət işinin materiallarında olan “Maddi sübut qismində tanıma haqqında” 06 avqust 2021-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 1.738 qram narkotik vasitə heroin, 3.090 qram psixotrop maddə olan metamfetamin və 01 ədəd elektron tərəzi saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş, “Şəxsi axtarış” istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd “DVD” formatlı və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd “CD” formatlı disklər cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqi 80) İş materiallarında olan “Cinayət işinin materiallarından digər cinayət işinin ayrılması barədə” 22 noyabr 2021-ci il tarixli qərardan görünür ki, hazırki cinayət işindən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə və psixotrop maddənin mənbəsinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqləri 204-205) Məhkəmə, Təqsirləndirilən şəxsq qızının tutularkən üzərində az miqdarda psixotrop maddənin olması, həmçinin narkotik vasitələrin satışı ilə məşğul olmaması, polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməsi və digər qanunsuz hərəkətlərə məruz qalması, ittihamda göstərilən vaxtda və yerdə deyil başqa vaxtda və yerdə tutulması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, təqsirləndirilən şəxsin himayəsində 25 dekabr 2009-cu il təvəllüdlü X2, 08 iyun 2016-cı il təvəllüdlü X3 və 16 noyabr 2017-ci il təvəllüdlü X5 adlı uşaqları Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İş materiallarına əlavə edilmiş SHXÇDX-nin Ağdam rayon şöbəsi tərəfindən verilmiş 23 iyun 2022-ci il tarixli 755 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs atası mərhum X7 N saylı hərbi hissənin tərkibində xidmət edərkən 24 yanvar 1993-cü il tarixdə partlayış nəticəsində qəhrəmancasına həlak olmuşdur. Taleh Babayev şəhid statusundadır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs anası X8 29 fevral 1992-ci il tarixdə Ağdam rayonunun Əhmadavalar kəndində ölmüşdür. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci madddəsini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs şəhid övladı olması, iki yaşında olarkən erməni təcavüzü nəticəsində həm anası, həmdə atasını itirməsi, bu halın onun həyat şəraitinə və tərbiyəsinə təsir etməsi, Təqsirləndirilən şəxs azyaşlı övladlarının ana qayğısına ehtiyacının olmasını, eləcə də əməlində peşman olmasını da onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcıllısinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt şəhər Probasiya Şöbəsi tərəfindən verilmiş 26 may 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu ilə bağlı “8 noyabr Zəfər Günü” ilə əlaqədar verilmiş 06 noyabr 2021-ci il tarixli amnistiya aktı tətbiq edilmiş, 06 noyabr 2021-ci il tarixə ona təyin olunmuş 01 il 06 ay azadlığı məhdudlaşdırılması növündə cəzanın 01 hissəsi azaldılaraq 26 may 2022-ci il tarixə onun çəkilməmiş cəzası 06 ay təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə görə, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə cinayət qanununun həmin normasını rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya, Sumqayıt şəhər məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli hökmü ilə təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəzanın amnistiya aktı tətbiq edilməsi nəticəsində çəkilməmiş qalan 06 ay azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub 03 (üç) ay azadlıqdan məhrumetmə cəzası müəyyən edilərək tam birləşdirilməli və təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 04 avqust 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 06 avqust 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 73-75) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, qanun tələbinə görə təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 04 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Bununla belə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların məcmusuna və cəzasını ağırlaşdıran halların olmamasına, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmədiyə və üç azyaşlı uşaqlarının olduğuna görə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci tətbiq edilməsinə kifayət qədər əsas olduğundan, ona təyin edilən azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməsi uşaqları on dörd yaşına çatanadək təxirə salınmalıdır. Belə ki, cinayət qanunun həmin maddəsinə görə şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində cəzanın icrası təxirə salındığından Cinayət-Prosessual Məcəlləsinin 357-ci maddəsinin tələblərinə əsasən məhkəmənin hökmü elan edildikdən dərhal sonra təqsirləndirilən şəxs həbsdən azad edilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan: 1,738 qram narkotik vasitə heroin, 3,090 qram psixotrop maddə olan metamfetamin hazırki cinayət işindən ayrılmış ********* nömrəli cinayət işinin materiallarında saxlanılmalı, 01 (bir) ədəd elektron tərəzi xüsusi müsadirə olunaraq əvəzsiz olaraq dövlət nəfinə alınmalı, 01 (bir) ədəd “DVD” və 01 (bir) ədəd “CD” formatlı disklər cinayət işinin materiallarında saxlanılmalıdır., Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 114 (yüz on dörd) manat manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Sumqayıt şəhər məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəzanın amnistiya aktı tətbiq edilməsi nəticəsində çəkilməmiş qalan 06 ay azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub 03 (üç) ay azadlıqdan məhrumetmə cəzası müəyyən edilərək Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya ilə tam birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməklə 05 (beş) il 03 (üç) ay azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq edilərək Təqsirləndirilən şəxs himayəsində olan 25 dekabr 2009-cu il təvəllüdlü X2, 08 iyun 2016-cı il təvəllüdlü X3 və 16 noyabr 2017-ci il təvəllüdlü X5 adlı uşaqları on dörd yaşına çatanadək ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, həbsdən dərhal azad edilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi və tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi Sumqayıt şəhəri Probasiya Şöbəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan 1,738 qram narkotik vasitə heroin, 3,090 qram psixotrop maddə olan metamfetamin hazırki cinayət işindən ayrılmış ********* nömrəli cinayət işi üzrə saxlanılsın, 01 (bir) ədəd elektron tərəzi xüsusi müsadirə olunaraq əvəzsiz olaraq dövlət nəfinə alınsın, 01 (bir) ədəd “DVD\” və 01 (bir) ədəd “CD” formatlı disklər cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar