Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-208/2025 12.02.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs - X9 və onun qanuni nümayəndəsi - Qanuni nümayəndə2 iştirakları ilə, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakları ilə xx xxxxxxx 2007-ci ildə Quba rayonu, Zərdabi qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli (11-ci sinif şagirdi), işləməyən, məhkum edilməmiş, subay, Quba rayonu, Zərdabi qəsəbəsində qeydiyyatda olmaqla həmin qəsəbədə yaşayan, barəsində “ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 26 avqust 2024-cü il tarixdə, saat 20:30 radələrində Quba rayonu, Zərdabi qəsəbəsində “çay yolu” və ya “qəbiristanlıq yolu” kimi adlanan yolun kənarında yerləşən meyvə bağı səhəsində onunla eyni qəsəbədə yaşayan tanışı Zərərçəkmiş şəxs “İnstagram” sosial şəbəkəsində onun sevgilisinə yazıb tanışlıq təklif edərək narahat etməsi və sevgilisinin rəfiqəsinə onun arxasınca danışıb barəsində onu gözdən salan ifadələr işlədərək etdiyi həmin səhvlərə görə üzrxahlıq etmək əvəzinə onunla kobud və özündən razı şəkildə danışdığı üçün aralarında şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı qisas almaq məqsədilə Zərərçəkmiş şəxs əvvəlcə sifət və sağ gicgah nahiyəsinə yumruq zərbəsi ilə iki dəfə, sonra baş nahiyəsinə yenidən yumruq zərbəsi ilə bir dəfə, daha sonra isə özü ilə gətirib üzərində saxladığı mətbəx bıçağı ilə qarın nahiyəsinin sağ və sol tərəfinə iki dəfə vuraraq sonuncuya “qarının yan divarında göbəkdən yuxarıda solda və sağda hərəsində bir yerdə qarın boşluğuna nüfuz edərək bağırsağın, onun müsariqəsinin, peritonarxası sahənin, aşağı boş venanın hissəvi zədələnməsi ilə nəticələnən və qanaxmadan sonrakı şokla müşayiət olunan deşilmişkəsilmiş yaralar”ndan ibarət xəsarətlər yetirməklə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə qismən CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, hal-hazırda 11-ci sinif şagirdidir, ali məktəbə sənəd verməyə hazırlaşır, X9 ilə aralarında anlaşılmazlıq olmuş, Rəvan onun sevgilisinə yazmış, o da bundan xəbər tutandan sonra Rəvanla görüşmüş və sözləri uyğun gəlməyib deyə aralarında mübahisə yaranmışdır. Verilən suallara cavab olaraq bildirdi ki, Rəvan mesajlarda sevgilisini narahat etmişdir. Şahid oraya o dəvət etmiş, çünki sevgilisi ilə Rəvan Mikayılov arasında olan mesajlar Nihadın telefonunda olmuşdur. X5 bıçaqla vuracağı haqda söhbət yayılmış, o da bıçağı özünü qorumaq məqsədilə götürmüş, onu yumruq və bıçaqla vurmuşdur. Hadisə baş verdikdən sonra Şahid Rəvan Mikayılovu xəstəxanaya aparmasını demiş, özü isə onlardan əvvəl hadisə yerini tərk etmişdir. Bıçağı hara qoyduğu yadımda olmamışdır. Əməlindən peşman olmuşdur. Rəvan Mikayılovun sevgilisinə yazdığını ona sevgilisi özü demişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Quba rayonu, Zərdabi qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda atası, anası, nənəsi, babası və bir bacısı ilə birlikdə yaşayır. Quba rayonu, Zərdabi qəsəbə tam orta məktəbində 11-ci sinfdə oxuyur. X9 onun eyni qəsəbədə yaşayır və Rəvanı uşaqlıqdan tanıyır. Münasibətləri həmişə yaxşı olmuş, aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. 2024-cü ilin avqust ayının ortalarında istifadə etdiyi mobil telefonu naməlum şəraitdə itirmişdir. Bu səbəbdən sevdiyi qızla, yəni onunla eyni qəsəbədə yaşayan Aylinlə əlaqə yarada bilməmişdir. Telefonunu itirdikdən bir neçə gün sonra onunla eyni qəsəbədə yaşayan dostu Nihad yaşadıqları qəsəbədə görüşərək ona bildirmişdir ki, Rəvan tanış olmaq məqsədilə Aylinin “İnstagram” hesabını rəfiqəsi Xədicədən götürmüş və “İnstagram”da Aylinə yazıb tanışlıq təklif etmişdir. Təklifi qəbul etməyən Aylin Rəvanı qara siyahıya salmış, Rəvan isə başqa hesabdan yenidən yazaraq Aylini narahat etmişdir. Həmin vaxtlarda onun telefonu olmadığı üçün Aylin məcbur olub Rəvan tərəfindən narahat olunması barədə ona dostu Nihad vasitəsilə xəbər göndərmişdir. Görüş zamanı Nihad həmçinin ona bildirmişdir ki, Rəvan başqa oğlanların pis olduğunu və özünü yaxşı göstərmək üçün onun barəsində Xədicəyə həqiqətə uyğun olmayan və onu gözdən salan ifadələr demişdir. Hətta Nihad ona Xədicə ilə Rəvan arasında aparılmış yazışmaların şəkillərini göstərmişdir. O, Nihadın telefonuna baxanda görmüşdür ki, Rəvan həqiqətən də Aylinə yazaraq narahat etmiş, həmçinin Xədicəyə onun barəsində nüfuzdan salan sözlər demişdir. Bundan sonra o, qərara gəlmişdir ki, Rəvanla görüşərək “dərsini” versin. Onun telefonu olmadığından Nihadın telefonunu götürüb Rəvana zəng etmişdir ki, görüşə çağırsın. Telefon zənginə cavab vermədiyi üçün Rəvanın “İnstagram” hesabına öz adından yazaraq görüşə çağırmışdır. Rəvan cavab yazaraq bildirmişdir ki, hazırda Qobustan rayonundadır, Qubaya qayıtdıqdan sonra onunla söhbəti həll etməyə gələcək. 26 avqust 2024-cü il tarixdə, saat 19 radələrində nənəsinin mobil telefonundan öz “İnstagram” hesabına daxil olanda görmüşdür ki, Rəvan ona “haradasan, Qubadayam, gəl görüşək” məzmununda mesaj yazıb. O, Rəvana cavab yazmışdır ki, yaşadıqları Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən parkın yaxınlığına gəlsin, orada görüşsünlər. Rəvan onunla görüşməyə razılaşmışdır. Bundan sonra Nihada telefonla zəng edib demişdir ki, “Rəvan mənimlə Zərdabi qəsəbəsində yerləşən parkın yaxınlığında görüşməyə gəlir, telefonunu da götür gəl, əgər etdiyi əməlləri boynuna almazsa, yazışmaları göstərib ona sübut edim”. Bundan bir neçə gün əvvəl Rəvan söz-söhbət yaymışdır ki, onu görüşəndə bıçaqla vurub cəzalandıracaq. Bu səbəbdən də o, yaşadığı evdən çıxanda özünü qorumaq üçün hər ehtimala qarşı mətbəx bıçağı götürüb əynindəki şalvarın sol yan cibinə qoymuşdur. Həmin günü, saat 20 radələrində o, Zərdabi qəsəbəsində yerləşən parka gəlmiş və az sonra Nihad da gəlmişdir. Təxminən 5-10 dəqiqə sonra Rəvan da parka gələrək onlara yaxınlaşmışdır. Rəvanla görüşdükdən sonra söhbət etmək üçün o, çay yolu və ya qəbiristanlıq yolu adlanan kənar bir əraziyə getməyi təklif etmişdir ki, parkda camaat onların mübahisəsini görməsin. Onların söhbət etmək üçün kənara getməyindən narahat olan Nihad onlarla gələcəyini bildirmişdir. Üçü birlikdə parkdan təxminən 600-700 metr həmin istiqamətdə getdikdən sonra dayanaraq çay yolu və ya qəbiristanlıq yolunun kənarında yerləşən ətrafı açıq meyvə bağı sahəsinə keçmişlər. Orada o, Rəvandan arxasınca danışmasının və Aylini hansı səbəbdən narahat etməsinin səbəbini soruşmuşdur. Rəvan əvvəlcə ona heç nəyi etiraf etməmiş, lakin o, Nihadın telefonunu götürüb yazışmaların şəkillərini Rəvana göstərdikdə, Rəvan etdiyi hərəkətləri boynuna almışdır. Rəvan söhbət əsnasında etdiyi səhvə görə üzrxahlıq etmək əvəzinə onunla kobud və özündənrazı şəkildə danışmağa başlamışdır. O, bundan əsəbiləşərək Rəvanın sifət nahiyəsindən yumruq zərbəsi ilə iki dəfə vurmuşdur. Sifətinin hansı nahiyəsindən vurduğunu xatırlamır. Onun yumruq vurduğunu görən Nihad dərhal onu tutaraq sakitləşdirməyə başlamışdır. Rəvan Nihadın araya girib onları ayırmasına narazılıq bildirərək Nihada kənarda durmasını demişdir. Lakin Nihad “yumruq hərəkətləri lazım deyil” deyərək kənara çəkilməyib onları ayrımağa davam etmişdir. Nihad onu tutub saxlamış, Rəvan isə Nihada kənara çəkilməsini deyərək onun üzünə tərəf yumruq zərbələri atmaqla onu vurmağa cəhd etmişdir. Lakin Rəvanın yumruq zərbəsi ona deyil, onu əlləri ilə tutub saxlayaraq sakitləşdirən Nihadın sifətinə dəymişdir. Nihadın üzünə yumruq zərbəsi dəyəndən sonra əlləri boşalmış və o, Nihadın əlindən çıxaraq Rəvanın baş nahiyəsinə yumruq zərbəsi ilə bir dəfə vurmuşdur. Zərbədən sonra Rəvan bir qədər arxaya çəkilmiş və əlini belinə atmışdır. O, bu an elə bilmişdir ki, Rəvanın şalvarının kəmərinin altında bıçaq var və belinin üstündəki həmin bıçağı götürüb onu vuracaq. Buna görə də Rəvanı qabaqlayıb bıçaqlamaq qərarına gəlmişdir. Bu məqsədlə o, Rəvan arxaya çəkilib əlini belinə atarkən şalvarının sol yan cibində saxladığı mətbəx bıçağını çıxarıb Rəvanın qarın nahiyəsinə həmin bıçaqla iki dəfə vurmuşdur. Rəvan bıçaq zərbəsinin təsirindən qarnını tutub qışqırmağa başlamışdır. Nihad isə yaralı vəziyyətdə olan Rəvana kömək etmişdir. O, həyəcan keçirib qorxaraq əlindəki bıçağı kəmərinin altına keçirmiş və hadisə yerindən uzaqlaşaraq bağ sahələrinə doğru qaçmağa başlamışdır. Nihad hadisə yerində qalaraq Rəvana kömək etməkdə davam etmişdir. Hadisə yerindən təxminən 3 km məsafədə qaçandan sonra bağ sahələrinə gəlib çatmışdır. Üzərinə baxanda görmüşdür ki, hadisəni törətdiyi bıçaq üzərində yoxdur, başa düşmüşdür ki, bıçağı yolda düşürmüşdür. Bıçağı konkret olaraq harada düşürdüyünü bilmir. O, bağ sahəsində oturub səhərin açılmasını gözləmiş və növbəti gün, yəni 27 avqust 2024-cü il tarixdə, saat 07 radələrində yaşadığı evə getmişdir. Ailə üzvlərinə hadisə barədə danışmışdır. Sonra atası ilə birlikdə Quba RPŞ-yə gələrək hadisəni törətdiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq ifadəsində həmçinin göstərmişdir ki, həmin vaxt elə zənn etmişdir ki, Rəvanın üzərində bıçaq var və o, həmin bıçaqla onu vuracaq, o da Rəvanı üzərindəki bıçaqla vurmuşdur. Növbəti bıçaq zərbələrini davam etdirərək yenə də vurmağa imkanı olsa belə, vurmağı davam etdirməmişdir. Hadisə vaxtı o, Rəvan və Nihad olmuş, orada onlardan başqa heç kim olmamışdır. Hadisə insanların olmadığı kənar bir ərazidə baş verdiyi üçün hadisəni görərək və ya səs-küy eşidərək hadisə yerinə yaxınlaşan və yaxud hadisəni kənardan müşahidə edən şəxslər olmamışdır. Hadisə konkret olaraq 26 avqust 2024-cü il tarixdə, saat 20:30 radələrində Quba rayonu, Zərdabi qəsəbəsində “çay yolu” və ya “qəbiristanlıq yolu” kimi adlanan yolun kənarında yerləşən meyvə bağı səhəsində başlamış, başlandığı yerdə başa çatmış və təxminən 20 dəqiqə davam etmişdir. (i.v: 166- 167) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır. Əvvəllər onların dostluq münasibətləri olmuş, son iki ildə münasibətləri soyumuşdur. Buna baxmayaraq onların ümumi münasibəti qalmışdır. Aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. 2024-cü il avqust ayının əvvəllərində qız dostu, onunla eyni qəsəbədə yaşayan Xədicə ilə İnstagram sosial şəbəkəsində yazışarkən o, söz açaraq bildirmişdir ki, tanış olmaq üçün ona bir qız tapsın. Xədicə rəfiqəsi, onlarla eyni qəsəbədə yaşayan Aylini ona tanış olmaq üçün təklif etmişdir. O, Xədicədən Aylinin kiminləsə sevgili olub-olmamasını soruşduqda, Xədicə Aylinin əvvəllər Məhəmmədəli ilə sevgili olduğunu, lakin ayrıldıqlarını bildirmişdir. O, Aylinin həyatında heç kimin olmadığını öyrəndikdən sonra tanışlığa qərar vermiş və Xədicə ona Aylinin İnstagram səhifəsini vermişdir. Xədicə Aylinə onun tanış olmaq istəməyi barədə dedikdən sonra o, Aylinə İnstagramda yazaraq əlaqə saxlamağa başlamışdır. Bir-iki gün yazışdıqdan sonra Aylin ona yazmışdır ki, “bizdə alınmaz”. O, bunun səbəbini soruşduqda Aylin səbəbinin ona aid olmadığını bildirib onu qara siyahıya salmışdır. O, Xədicədən Aylinin onu istəməməsinin səbəbini soruşmuşdur. Xədicə Aylinin qərarsız olduğunu bildirmişdir. O, Xədicəyə demişdir ki, “seçim özünündür, öz həyatıdı, özü bilər”. Bir neçə gün sonra o, Xədicə ilə İnstagramda yazışarkən sözgəlişi soruşmuşdur ki, “Aylin Məhəmmədəlidən hansı səbəbdən ayırılıb?”. Xədicə bildirmişdir ki, aralarında olan mübahisə zamanı Məhəmmədəli Aylinə qarşı təhqiredici söz işlədib. O, Xədicəyə yazaraq bildirmişdir ki, qıza qarşı təhqiredici söz işlətmək nakişilikdir. O, Xədicəyə Məhəmmədəlinin yaramaz və nakişi olduğunu demişdir. Çünki qəsəbədə yaşıdları arasında gəzən söhbətlərdən belə başa düşmüşdür ki, Məhəmmədəli yaramaz uşaqdı və nakişidi. 2024-cü ilin avqust ayının ikinci ongünlüyünün sonlarında “İnstagram”da Məhəmmədəli öz hesabından ona yazaraq Aylini narahat etdiyini və arxasınca danışdığını bildirərək onu görüşə çağırmışdır. Məhəmmədəli öz telefonu olmadığı üçün dostu Nihadın telefonundan “İnstagram”a daxil olaraq ona yazdığını bildirmişdir. Məhəmmədəlinin dediyinə görə bir neçə gün əvvəl telefonunu itirdiyi üçün Aylin narahat olunması barədə Məhəmmədəliyə dostu Nihad vasitəsilə xəbər göndərmişdir. O, Məhəmmədəliyə cavab yazaraq Qobustan rayonunda olduğunu və Qubaya qayıtdıqdan sonra görüşüb bu məsələyə aydınlıq gətircəyini bildirmişdir. 25 avqust 2024-cü il tarixdə Qobustandan Qubaya gəlmişdir. 26 avqust 2024-cü il tarixdə “İnstagram”da Məhəmmədəliyə yazaraq Qobustandan gəldiyini və görüşmək istədiyini bildirmişdir. Məhəmmədəli cavab yazaraq yaşadıqları Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən parkda görüşməyi bildirmişdir. Həmin günü, saat 20 radələrində parka getmiş və görmüşdür ki, Məhəmmədəli öz dostu Nihadla birlikdə onu gözləyir. Məhəmmədəli bildirmişdir ki, Aylin narahat olunması barədə Nihad vasitəsilə xəbər göndərdiyindən və onun arxasınca danışdığı barədə yazışmaları Nihadın telefonunda gördüyündən ona bunu sübut etmək üçün Nihadı da görüşə çağırmışdır. Məhəmmədəli parkda olan insanların mübahisəni görməməsi üçün ona söhbət etmək məqsədilə çay yolu və ya qəbiristanlıq yolu adlanan kənar bir əraziyə getməyi təklif etmişdir. Onların kənara getməyindən narahat olan Nihad onlarla gələcəyini bildirmişdir. Onlar üçü birlikdə piyada çay yolu və ya qəbiristanlıq yolu adlanan tərəfə yerə getməyə başlamışlar. Parkdan təxminən 600-700 metr həmin istiqamətdə getdikdən sonra dayanraq yolun kənarında yerləşən ətrafı açıq meyvə bağı sahəsinə daxil olmuşlar. Məhəmmədəli ondan Aylini narahat etməyinin və Aylinin rəfiqəsi Xədicəyə arxasınca danışmağının səbəbini soruşmuşdur. O, Məhəmmədəliyə demişdir ki, "sən qıza qarşı təhqiredici söz işlətmisən və bu düzgün hərəkət deyil". Məhəmmədəliyə arxasınca danışmağına aydınlıq verib demişdir ki, "mən səni necə tanımışamsa, elə də Xədicəyə demişəm". Onun bu cavabından sonra Məhəmmədəli gözləmədiyi halda qəflətən onun sifət və sağ gicgah nahiyəsinə yumruq zərbəsi ilə iki dəfə vurmuşdur. Nihad dərhal Məhəmmədəlini tutaraq sakitləşdirməyə çalışsa da, Məhəmmədəli ona yumruq atmışdır. O da özünü müdafiə etmək üçün Məhəmmədəliyə yumruq zərbələri atmışdır. Lakin onun atdığı yumruq zərbəsi Məhəmmədəliyə deyil, Məhəmmədəlini əlləri ilə tutub saxlayaraq sakitləşdirən Nihadın sifətinə dəymişdir. O, Nihadı qəsdən vurmamış, atdığı yumruq zərbəsi istəmədən olaraq təsadüfən Nihada dəymişdir. Nihadın üzünə yumruq zərbəsi dəyəndən sonra əlləri boşalmış və Məhəmmədəli Nihadın əlindən çıxaraq onun baş nahiyəsinə yumruq zərbəsi ilə bir dəfə vurmuş, sonra isə cibindən bıçaq çıxararaq onun qarın nahiyəsinin sağ və sol tərəfinə bıçaqla iki dəfə vurmuşdur. Bıçaq zərbələri qarnına dəyəndən sonra gözləri qaralmış və huşunu itirmişdir. Bir neçə dəqiqə sonra görmüşdür ki, Nihad onun üzünə əli ilə vuraraq onu oyatmağa çalışmışdır. O, özünə gələndən sonra Nihad yaxınlıqda yaşayan “dədə” kimi tanınan Pəncəli adlı şəxsi köməyə çağırmış və onlar məni bağ sahəsindən yola çıxarmışlar. Pəncəli təsadüfən yoldan keçən qəsəbə sakini Samir adlı şəxsin idarə etdiyi avtomobili saxlatmış və onlar onu Samirin avtomobili ilə xəstəxanaya apardılar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, X9 onunla eyni qəsəbədə yaşayır və Rəvanı uşaqlıqdan tanıyır. Əvəllər onların aralarında dostluq münasibəti olmuş, son bir ildə isə səbəbsiz olaraq araları soyumuşdur. Aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs onunla eyni qəsəbədə yaşayır və Məhəmmədəlini uşaqlıqdan tanıyır. Elə uşaqlıqdan indiyə qədər onların dostluq münasibəti olmuş, aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. 2024-cü ilin avqust ayının ortalarında “İnstagram” sosial şəbəkəsində ona Məhəmmədəlinin sevgilisi Aylin yazaraq demişdir ki, Rəvan İnstagramda ona yazaraq tanışlıq təklif etməklə onu narahat edir, Rəvanı qara siyahıya salsa da, Rəvan başqa hesabdan yenə də yazaraq onu narahat etməkdə davam edir". Aylin ondan Rəvanın hərəkətləri barədə sevgilisi Məhəmmədəliyə xəbərə verməyi xahiş etmişdir. Çünki həmin vaxtlarda Məhəmmədəli öz telefonunu itirdiyi üçün Aylinlə əlaqə saxlaya bilməmişdir. Aylin ona həmçinin bildirmişdir ki, Rəvan rəfiqəsi Xədicəyə Məhəmmədəlinin arxasınca həqiqətə uyğun olmayan və gözdən salan sözlər danışıb. Aylinlə yazışandan bir neçə saat sonra Xədicə “İnstagram”da ona yazaraq bildirmişdir ki, Rəvan Məhəmmədəlinin arxasınca həqiqətə uyğun olmayan və Məhəmmədəlini gözdən salan ifadələr işlədib. Xədicə bunu təsdiq etmək üçün Rəvanla öz aralarında “İnstagram”da aparılmış yazışmaların şəkillərini çəkərək ona göndərmişdir. O, görmüşdür ki, Rəvan həqiqətən də Aylinlə tanış olmaq və qızların yanında özünü yaxşı göstərmək üçün Məhəmmədəlini pisləyərək barəsində gözdən salan sözlər deyib. O, Məhəmmədəli ilə yaşadıqları qəsəbədə görüşərək Aylinin və Xədicənin ona dedikləri, yəni Rəvanın Aylinə tanışlıq təklif edərək narahat etməsi və Rəvanın Xədicəyə arxasınca danışması barədə bildirmişdir. O, Xədicə və Rəvan arasında olan yazışmaların şəkillərini Məhəmmədəliyə göstərmişdir. Məhəmmədəli bu məsələyə aydınlıq gətirmək üçün onun telefonu ilə Rəvana zəng etmişdir ki, Rəvanı görüşə çağırsın. Rəvan telefon zənginə cavab vermədiyi üçün Məhəmmədəli Rəvanın “İnstagram” hesabına öz adından yazaraq görüşə çağırmışdır. Rəvan cavab yazaraq bildirmişdir ki, hazırda Qobustan rayonundadır, Qubaya qayıtdıqdan sonra söhbəti həll etməyə gələcək. 26 avqust 2024-cü il tarixdə, saat 19 radələrində Məhəmmədəli ona zəng edərək demişdir ki, “Rəvan mənimlə Zərdabi qəsəbəsində yerləşən parkın yaxınlığında görüşməyə gəlir, telefonunu da götür gəl, əgər etdiyi əməlləri boynuna almazsa, yazışmaları göstərib ona sübut edim”. Həmin günü, saat 20 radələrində yaşadıqları Zərdabi qəsəbəsində yerləşən parka gedərək Məhəmmədəli ilə görüşmüşdür. Təxminən 5-10 dəqiqə sonra Rəvan da parka gəlmişdir. Məhəmmədəli parkda olan insanların onların mübahisəsini görməməsi üçün Rəvana söhbət etmək məqsədilə çay yolu və ya qəbiristanlıq yolu kimi adlanan kənar bir əraziyə getməyi təklif etmişdir. O, onların kənara getməsindən narahat olaraq onlarla birlikdə gedəcəyini bildirmişdir. Onlar üçü birlikdə piyada çay yolu və ya qəbiristanlıq yolu adlanan tərəfə yerə getməyə başlamışlar. Parkdan təxminən 600-700 metr məsafə həmin istiqamətdə getdikdən sonra dayanraq yolun kənarında yerləşən ətrafı açıq meyvə bağı sahəsinə daxil olmuşlar. Məhəmmədəli ona kənarda dayanmağı, söhbətə qarışmamağı, söhbəti Rəvanla öz aralarında həll edəcəyini demişdir. O, Məhəmmədəliyə və Rəvana demişdir ki, əl-qol hərəkətləri olmasın. X6 narahat etməsinin və Aylinin rəfiqəsi Xədicəyə arxasınca danışmasının səbəbini soruşmuşdur. Rəvan söhbətdən yayınaraq əvvəlcə heç nəyi etiraf etməmişdir. Lakin Məhəmmədəli onun telefonunu götürüb yazışmaların şəkillərini Rəvana göstərdikdə, Rəvan etdiyi hərəkətləri boynuna almağa məcbur olmuşdur. Məhəmmədəli Rəvana demişdir ki, “kişi kişinin arxasınca danışmaz, nə sözün varsa, üzümə de”. Rəvan cavab vermişdir ki, “lazım olsa sənin üzünə də deyərəm”. Məhəmmədəli Rəvana demişdir ki, “de görüm, nə deyirsən?”. Rəvan tutulub qalaraq heç bir söz deyə bilməmişdir. Məhəmmədəli Rəvana demişdir ki, “sən idin, mənim arxamca danışan, indi gördük ki, nakişilik edən elə sənin özünsən”. Rəvan etdiyi səhvə görə üzrxahlıq etmək əvəzinə Məhəmmədəli ilə kobud və özündənrazı şəkildə danışmağa başlamışdır. Məhəmmədəli bundan əsəbiləşərək Rəvanın sifət nahiyəsinə yumruq zərbəsi ilə iki dəfə vurmuşdur. Sifətinin hansı nahiyəsindən vurduğunu xatırlamır. O, dərhal Məhəmmədəlini tutaraq sakitləşdirməyə çalışsa da, Məhəmmədəli Rəvana yumruq ataraq vurmağa cəhd etmişdir. Rəvan da Məhəmmədəlinin üzünə tərəf yumruq zərbələri atmışdır. Lakin Rəvanın yumruq zərbəsi Məhəmmədəlinin deyil, onun sifətinə dəymişdir. Onun üzünə yumruq zərbəsi dəyəndən sonra əlləri boşalmış və Məhəmmədəli onun əlindən çıxaraq Rəvanın baş nahiyəsinə yumruq zərbəsi ilə bir dəfə vurmuş, sonra isə cibindən bıçaq çıxararaq Rəvanın qarın nahiyəsinin sağ və sol tərəfinə bıçaqla iki dəfə vurmuşdur. Rəvan bıçaq zərbəsindən sonra qarnını tutub qışqıraraq köynəyini qaldırıb qarnına baxmışdır. O, yaralı vəziyyətdə olan Rəvana kömək etməyə başlamış və Rəvanın qarnına telefonun işığını tuşlayıb baxanda qarnının qana bulandığını görmüşdür. Məhəmmədəli ona həyəcanıb qorxduğunu deyərək hadisə yerindən bağ sahələrinə tərəf qaçıb getmişdir. O, hadisə yerində qalaraq Rəvana kömək etmişdir. Rəvanı xəstəxanaya aparmaq üçün kömək etməyə adam çağırmaq məqsədilə əlində telefon işığını tutub qəsəbəyə tərəf qaçmağa başlamışdır ki, yaxınlıqda kim qarşısına çıxsa, xahiş edib köməyə çağırsın. Hadisə yerindən təxminən 150 metr məsafədə qəsəbəyə tərəf qaçandan sonra yolda bir nəfər şəxslə rastlaşmışdır. Həmin şəxs onu tanımasa da, o bu şəxsin ötəri tanıyaraq yaxınlıqda yaşayan “dədə” kimi tanınan Pəncəli olduğunu bilmişdir. O, Pəncəliyə yaxınlıqdakı bağ sahəsini göstərərək orada tanış uşağın bıçaqlandığını və xəstəxanaya aparmaq üçün kömək etmək lazım olduğunu bildirmişdir. Pəncəli onu tanımadığı üçün onun və bıçaqlanan uşağın kim olduğunu, nə hadisə baş verdiyini və uşağın kim tərəfindən bıçaqlandığını soruşmuşdur. O, Pəncəliyə Zərdabi qəsəbəsində yaşadıqlarını bildirsə də, öz adını və Rəvanın adını deməkdən, həmçinin Rəvanın Məhəmmədəli tərəfindən bıçaqlandığını bildirərək hadisə barədə danışmaqdan ehtiyat edib tam açıqlama verməmişdir. Bıçaqlanma hadisəsini eşidərək təşvişə düşən Pəncəli təkrar olaraq onun adını və kimin oğlu olduğunu, hadisənin necə baş verdiyini soruşmamışdır. O, Pəncəlini hadisə yerinə aparmış və onlar birlikdə Rəvanı bağ sahəsindən yola çıxarmışlar. Bu vaxt təsadüfən digər bağ sahələri və qəbiristanlıq tərəfdən gələn VAZ 21099 markalı avtomobili Pəncəli əllə işarə verərək saxlatmışdır. Pəncəli avtomobildən düşən şəxsi tanıyıb adını çəkən zaman həmin şəxsi o da təxminən tanıyaraq qəsəbə sakini Samir olduğunu bilmişdir. Onların qəsəbəsinin əhalisin sayı çox və qarışıq olduğundan camaat biri-birini tam yaxşı tanımır. Ona görə də o, Samiri ötəri tanımış və hiss etmişdir ki, Samir onu tanımamışdır. Pəncəli yerdə uzanmış vəziyyətdə olan Rəvanı Samirə göstərərək bıçaqlandığını və təcili xəstəxanaya aparmaq lazım olduğunu bildirmişdir. Samir Pəncəlidən nə baş verdiyini və uşağın kim tərəfindən bıçaqlandığını soruşmuşdur. Pəncəli Samirə yaşadığı evdən təsadüfən çıxarkən uşağı bıçaqlanmış vəziyyətdə gördüyünü, hadisənin necə baş verdiyindən və uşağın kim tərəfindən bıçaqlandığından özü də xəbərsiz olduğunu bildirmişdir. Onlar yaralı uşağı Samirin avtomobilinə əyləşdirib təcili şəkildə Quba Rayon Mərkəzi xəstəxanasına apararaq təhvil vermişlər. Məhkəmə, iş üzrə məhkəmədə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 27 avqust 2024-cü il tarixli “təqsirini boynuna almaqla könüllü gəlmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq Quba RPŞ-yə gələrək təqsirini boynuna almışdır. (cild 1, iş vərəq 21) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X7” Publik hüquqi şəxsin Quba Rayon Şöbəsi tərəfindən verilmiş canlı şəxsin məhkəmə-tibbi ekspertizasına dair 28 avqust 2024-cü il tarixli, 758 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - “qarının yan divarında göbəkdən yuxarıda solda və sağda hərəsində bir yerdə qarın boşluğuna nüfuz edərək bağırsağın, onun müsariqəsinin, peritonarxası sahənin, aşağı boş venanın hissəvi zədələnməsi ilə nəticələnən və qanaxmadan sonrakı şokla müşayiət olunan deşilmişkəsilmiş yaralar” deşici-kəsici əşyanın (əşyaların) təsirindən törənməklə yerinə yetirilmə müddəti qərarda qeyd olunan vaxta, yəni 26 avqust 2024-cü il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə həyat üçün təhlküə törətdiyindən sağlamlığa ağır zərər vurmaya aiddir.(i.v: 52-53) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v: 103) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs barəsində Quba rayon İcra Hakimiyyəti başçısının Zərdabi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndiliyinin xx.xx.2024-cü il tarixli 887/2 nömrəli arayış və xasiyyətnaməsində onun Quba rayonu Zərdabi qəsəbəsində yaşadığı, Quba rayon İcra Hakimiyyəti başçısının Zərdabi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə haqqında heç bir şikayət daxil olmadığı göstərilmişdir. (cild 01 iş vərəq; 130-131) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs barəsində Quba rayon İcra Hakimiyyəti başçısının Zərdabi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndiliyinin xx.xx.2024-cü il tarixli 954 nömrəli arayış və xasiyyətnaməsində onun Quba rayonu Zərdabi qəsəbəsində yaşadığı, Quba rayon İcra Hakimiyyəti başçısının Zərdabi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə haqqında heç bir şikayət daxil olmadığı göstərilmişdir. (cild 01 iş vərəq; 132-133) Cinayət işi üzrə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyi üçün Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirərək bu barədə 03 sentyabr 2024-cü il tarixli ərizəni ibtidai istintaq zamanı, 08 yanvar 2025-ci il tarixli ərizəni isə məhkəmə baxışı zamanı təqdim etmişdir. (cild 01 iş vərəq; 91) Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. Məhkəmədə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini məhkəmə istintaqı zamanı səmimi olaraq etiraf etmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi, 59.1.10-cu maddəsinə əsasən şəxsin könüllü gəlib təqsirini boynuna alması, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 27 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş,(cild 1, iş vərəqə 36-37) 29 avqust 2024-cü il tarixdə Quba rayon məhkəməsinin qərarı ilə barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 75-76) Quba rayon məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir.(i.v. 96-102) Sumqayıt Ağır Cinayətlər məhkəməsinin qərarı ilə barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs 27 avqust 2024-cü il tarixdən 12 fevral 2025-ci il tarixədək 05 (beş) ay 06 (altı) gün həbsdə və 05 ( beş) ay 16( on altı) gün ev dustaqlığında olmasını nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, hüquq pozuntusunun azadlıqdan məhrumetmə ilə cəzalandırılması özü-özlüyündə həlledici səciyyə daşımır, belə ki, veriləcək cəzanın nisbətən yüngül olması hüquq pozuntusunun cinayət hüquqi xarakterini aradan qaldıra bilməz. (Öztürk Almaniyaya qarşı, § 53; X4rşı, § 26). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər.” «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, qanunun yuxarıda şərh edilən tələbləri baxımından məhkəmə hesab edir ki, törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, Təqsirləndirilən şəxs əməlindən peşman olması, yetkinlik yaşına çatmaması, 11-ci sinif şagirdi olması, həmçinin zərərçəkmiş şəxslə barışması, könüllü gəlib təqsirini boynuna alması kimi yüngülləşdirici halların məcmusu nəzərə alınmaqla təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxsin və ailəsini ciddi məhrumiyyətlərə düçar edər, təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə onun barəsində CM-nin 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut yoxdur Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə xərci yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.1996-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Musayev X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin və onun üzərində 01 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Quba rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs tətbiq olunan sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-208/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-208/2025
12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver