Məhkəmə qərarları › İş №1(124)-209/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-209/2024

06.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-209/2024 06.06.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X6 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Beyləqan rayonu, Şahseven kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsindən biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 5, otaq 39 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 76-cı məhəllə, fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda ümumi çəkisi 65,667 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq yaşadığı Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən fərdi evdə saxlamış, 16 fevral 2023-cü il tarixdə, saat 17 radələrində Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı əsasında Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış aparılarkən həmin narkotik vasitə heroin evin mətbəx otağında divara bərkidilmiş qab-qacaq yığmaq üçün istifadə olunan taxta şkafın üzərindəki «Şhivaki» markalı televizorun sol tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə günü nahardan sonra saat 2-3 radələrində o, evdən çıxaraq həyətdə saxladığı itə yem və su vermiş, daha sonra əllərini yumuşdur ki, bazarlıq etmək üçün marketə getsin. Çölə çıxmaq üçün balaca qapıya yaxınlaşan zaman 3 nəfər polis əməkdaşı onun üzərinə tullanmışdır. Daha sonra onu yerə yıxaraq təpkləməyə başlamışlar. Polis əməkdaşları ondan narkotikin yerini soruşmuş, o isə onda narkotikin olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşları evə baxış keçirəcəklərini bildirmişlər. O da qanuni sənədləri varsa evə baxş keçirmələrinə etiraz etmədiyini bildirmişdir. Daha sonra onu həyətdə saxlayaraq evə daxil olmuşlar. Həmin zaman həyat yoldaşı və uşaqları evdə olmuşdur. Polis əməkdaşları evə daxil olduqdan 5 dəqiqə sonra çölə çıxmışlar qonşulardan 2 ədəd hal şahidinin lazım olduğunu bildirmişlər. O da hansı qonşunu istəsələr çağıra biləcəklərini bildirmişdir. Daha sonra Zaur adlı polis əməkdaşı qonşulardan hal şahidi olmayacağını bildirmiş və özlərindən 2 nəfər gətirmişlər. Hal şahidləri evə daxil olan zaman o etiraz etmiş, amma polis əməkdaşları zorla evə daxil olmuşlar. Evdə axtarış keçirilən zaman polis əməkdaşları qanunsuz heç nə tapmadıqda onu küncə sıxışdırmışlar və 2 nəfər şəxs mətbəxə daxil olmuşdur. Şəxslərdən biri mətbəx şkafının üzərinə çıxmış və həmin vaxt əlində nə isə olmuşdur. Şkafın başında köhnə, istifadəsiz televizor olmuş, polis əməkdaşı oradan nə isə götürərək ona uzatmış və onun olub-olmadığını soruşmuşdur. O, əl izi qalmasın deyə həmin bükümə toxunmamışdır. Polis əməkdaşı mətbəxdə olan bıçaq vasitəsi ilə bükülünü kəsmiş və gülərək onun nə olduğunu bilib-bilmədiyini soruşmuş, o yenə də həmin bükümdən xəbərsiz olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşı həmin büküm ona məxsus deyilsə evdəkilərə məxsus olduğunu söyləmişdir. Daha sonra onu 5-ci Polis Bölməsinə gətirmişlər. Polis bölməsində olan zaman ona fiziki təsir göstərmiş və ailəsi ilə hədə-qorxu gəlmişlər. O məcbur qalaraq verdiyi ifadəsinə imza çəkmiş və ifadəsində də həmin bükümün ona məxsus olmadığını bildirmişdir. O, polis əməkdaşlarından tələb etmişdir ki, ondan analiz götürülsün, amma heç bir analiz götürülməmişdir. İfadəsinin davamında ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, tutulmamışdan 6 ay əvvəllə kimi narkotik vasitə istifadə etmişdir. O, həmin mənzildə ailəsi ilə yaşamışdır. O, tutulan zaman mənzildə qonaq olmuşdur. Polis əməkdaşları evə baxış keçirən zaman evdə həyat yoldaşı, uşaqlar və bibisi qızı olmuşdur. Bibisi qızının 102 xidmətinə zəng etdiyini bilmişdir. İstintaq zamanı da bibisi qızı onda narkotik vasitənin olduğunu bildirmişdir. O, narkotik vasitə götürmək məqsədi ilə sərhədyanı rayonlara getməmiş, tutulmamışdan əvvəl qaz və işıq pulunu ödəmiş, mərci və qənd alaraq evə gəlmişdir. Polis əməkdaşlarından birinin onunla ədavət və düşmənçiliyi olmuşdur. Polis əməkdaşının onun qonşuluğunda yaşayan qadınla münasibəti olmuş və o, bir neçə dəfə bu məsələ ilə bağlı iradını bildirmişdir. Daha sonra polis əməkdaşı səbirli olmasını və ona göstərəcəyini bildirmişdir. Həyat yoldaşı məcburiyyət qarşısında qalaraq onun ələyhinə ifadə vermişdir. Ona həyətdə və polis bölməsində fiziki təsir göstərilmiş, bu barədə prokurorluqda araşdırma getmiş və rədd qərarı qəbul olunmuşdur. Həmin narkotik vasitənin ona məxsus olmadığını barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəməyə bildirmişdir. Həyat yoldaşı ilə söz-söhbətləri olmuş, amma bu mübahisə həyat yoldaşının ondan polislərə şikayət etməsi mərhələsinə gəlməmişdir. Onun üzərində bir ədəd “Samsung” markalı telefon olmuş, həmin telefon istintaq zamanı götürülmüş, baxış keçirilmiş, amma heç nə aşkar olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində polis bölməsinə əməliyyat məlumatı daxil olmuş, məhkəmənin qərarı ilə şəxsin yaşadığı ünvana yaxınlaşaraq onu qapıda saxlamışlar və məhkəmə qərarını göstərərək evə baxış keçilməli olduqlarını bildirmişlər. Daha sonra evə daxil olmuşlar. Evə daxil olan zaman evdə iki nəfər qadın olmuşdur. Evin mətbəxindəki dolabın üzərindən qara rəngli sellofana bükülmüş büküm aşkar edilmiş və şəxslə birlikdə polis bölməsinə gəlmişlər. Ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, həmin vaxt evdə iki nəfər qadın olmuş, təqsirləndirilən şəxs evdən çıxan zaman saxlanılmış və evə baxış keçirlməsində iştirak etmiş, həmin bükümün ona məxsus olmadığını bildirmiş, təqsirləndirilən şəxsə heç bir təzyiq və təsir göstərilməmiş, şəxs onlara müqavimət göstərməmiş, evə baxış zamanı təxmini 50 qram narkotik vasitə heroinə bənzər maddə aşkar edilmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 və X10 ayrı-ayrılıqda Şahid8 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, marketə gedən zaman bir nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduğunu, məhkəmə qərarının olduğunu və bir nəfər şəxsin saxlanıldığını bildirmiş və hal şahidi kimi iştirak edə bilib-bilməyəcəyini soruşmuşdur. O, polis əməkdaşı ilə birlikdə getmiş və həyətə daxil olan zaman 6-7 nəfər mülki geyimli polis əməkdaşlarını və təqsirləndirilən şəxsin qoluna qandal vurulduğunu görmüşdür. Polis əməkdaşları ona məhkəmənin qərarını göstərmiş və evə daxil olmuşlar. Həmin vaxt ondan başqa bir nəfər hal şahidi də olmuşdur. Evə daxil olan zaman evdə iki qadın və bir uşaq olmuşdur. Evə daxil olduqdan sonra polis əməkdaşları axtarış etməyə başlamış və mətbəxdəki şkafın üzərindən şəffaf rəngli büküm aşkar edilərək götürülmüşdür. Ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, əvvəllər hal şahidi kimi iştirak etməmiş, polis əməkdaşı ona yaxınlaşaraq narkotik səbəbi ilə bir şəxsi saxladıqlarını bildirmiş və ondan hal şahidi olmasını xahiş etmiş, ondan əlavə qonşuluqda ev tikən bir şəxs də hal şahidi kimi iştirak etmiş, təqsirləndirilən şəxsi əvvəldən tanımamış, polis əməkdaşları ona heç bir təsir göstərməmiş, şəxs evdən aşkar olunmuş narkotik vasitənin ona aid olmadığını bildirmiş, polis əməkdaşlarının hamısı həyətdə olmuş, evdə iki qadın və bir uşaq olmuş, polis əməkdaşlarının hamısı birlikdə evə daxil olmuşlar, bükümü oraya kiminsə qoyduğunu görməmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Sumqayıt şəhəri 76-cı məhəllə ərazisində yol ilə gedən zamanı mülki geyimdə olan bir nəfər şəxs ona yaxınlaşıb özünü təqdim edərək polis əməkdaşı olduğunu bildirmiş, bundan sonra polis əməkdaşı yaxınlıqda yerləşən fərdi evlərdən birində məhkəmə qərarı ilə axtarış keçiriləcəyini deyib, həmin axtarışda onun hal şahidi kimi iştirak etməyə dəvət etdiyindən o könüllü olaraq həmin axtarışda iştirak etməyə razılıq vermişdir. Bundan sonra o digər polis əməkdaşları və ondan başqa dəvət olunmuş bir nəfər də hal şahidi ilə yaxınlıqda yerləşən fərdi evin həyətinə getmişlər. Polis əməkdaşları həmin evin sahibi sonradan adının Şahin olduğunu bildiyi şəxsə özlərini təqdim edib məhkəmə qərarı ilə evinə axtarış aparılacağını izah etmişlər. Polis əməkdaşları Şahin adlı şəxsi məhkəmə qərarı ilə tanış etdikdən sonra Şahin evində axtarış aparılmasına heç bir etirazı olmadığını bildirmişdir. Onların, yəni hal şahidlərinin, polis əməkdaşlarının, Şahinin və evində olan iki nəfər qadının iştirakı ilə evdə axtarış aparılmışdır. Axtarış zamanı evin mətbəx otağında olan qab-qacaq şkafının üzərindəki “Şhivaki” markalı televizorun sol tərəfində qara rəngli sellofana bükülmüş üzəri şəffaf rəngli yapışqanla bağlanmılmış büküm aşkar olunmuşdur. Polis əməkdaşları həmin bükümü açdıqda içərisində narkotik vasitəyə bənzər tünd qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Həmin kütlə onların iştirakı ilə elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq zərfə qoyulmuşdur. Bundan başqa həmin evdən heç bir əhəmiyyətli əşya aşkar olunmamışdır. Sonra axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və onlar həmin protokolla tanış olaraq protokolu imzalamışlar (cild 01, iş vər. 64-65) Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, hadisə olan ərəfələrdə Şahin onu döydüyü üçün onlar küsülü olmuşlar və o, otaqdan çölə çıxmırmış. Hadisə günü Şahin saat 11-12 radələrində evdən çıxmış və 1 saatdan sonra geri qayıtmışdır. Şahin dəfələrlə oğlunun pensiya kartından pul çıxartmış və həmin pulla narkotik vasitə almış, onlara bu barədə məlumat verməmişdir. Gecə saat 12- 01 radələrində Şahin evə gəlmiş, mətbəxə keçərək böyük oğluna şəkər vermiş və mətbəxdən çıxmalarını söyləmişdir. Onlar Şahinlə yola getmədikləri üçün mütəmadi olaraq otaqdan çölə çıxmırmışlar. Şahin mətbəxdə biraz vaxt keçirdikdən sonra böyük oğlu gələrək Şahinin mətbəxdə şkafın üzərinə nə isə qoyduğunu bildirmişdir. Şahin səhərə kimi mətbəxdə oturaraq narkotik istifadə etmişdir. Şahinin atası onlara gələrək uşaqları və həyat yoldaşını döyməsinə iradını bildirmişdir. Hadisə günü Şahin narkotik vasitə istifadə edərək çörək almaq üçün marketə getmək məqsədi ilə qapını açan zaman polis əməkdaşları həyətə daxil olmuşlar. Şahin polis əməkdaşlarını görən zaman onlara müqavimət göstərmişdir. Həmin vaxt oğlu qolu sarıqlı vəziyyətdə evdə yatmışdır. Polis əməkdaşları evə daxil olaraq hər yeri axtarmışlar və mətbəxdə şkafın üzərindəki köhnə televizorun yanından bir büküm aşkar etmişlər. Həmin büküm Şahinə məxsus olmuş, amma Şahin buna etiraz etmişdir. Daha sonra polis əməkdaşları onların hamısını polis bölməsinə aparmışdır. Hadisədən sonra Şahin hər həftə ona zəng edərək olanları bildirməməsini söyləmişdir. Ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, 102 xidmətinə o məlumat verməmiş, oğlunun əli kəsilən və Şahin ona fiziki təsirlər göstərən zaman oğlu Sərcanın telefonu ilə 102 xidmətinə zəng etmiş, amma onlarla danışa bilməmişdir. Şahin subay vaxtlarından narkotik vasitə istifadəçisidir. Şahin evə gələn zaman əlində bir paket gətirmişdir. Şahinin narkotik vasitələrin satışı ilə məşğul olduğunu görmüş, hər dəfə qapıya tanımadığı şəxslər gəlmiş, Şahin özü də narkotik vasitə almaq məqsədi ilə İrana gedibgəmişdir. Polislərin evdən aşkar etdiyi bükümü o, Şahinin əlində görmüşdür. Şahid7 onlarla yaşamır, amma Şahinin arası yaxşı olduğu üçün tez-tez zəng edib Sərcanı çağırırmış. Qonşular da dəfələrlə Şahini polisə şikayət etmişdir. Şahin əlində narkotik çəkə-çəkə evdən çıxan zaman səs-küy düşdüyünü eşitmişdir. Şahin polis əməkdaşları ilə həyətdə yarım saat söhbət etdikdən sonra məhkəmə qərarını göstərərək Şahinlə birlikdə evə girmişlər. Həmin vaxt polis əməkdaşlarının əlində heç nə olmamışdır. Şahin əvvəllər tutulan zaman da həmin polis əməkdaşlarını görmüşdür. Polis əməkdaşlarının yanında başqa heç kim olmamışdır. Polis əməkdaşları evə çəkilişlə daxil olmamışlar. Polis əməkdaşları onlara tərpənmədən sakit durmalarını tapşırmışlar. Polis əməkdaşlarının hamısı bir yerdə axtarış keçirmişlər. Evdən aşkar olunan narkotik vasitə Şahinə məxsus olmuş, dəfələrlə evdə narkotik vasitə görmüş, hətta Şahinin atası da bunlara şahid olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Həmin ifadəni heç bir təsir atında qalmadan vermişdir. Şahid6 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında müəyyən ziddiyyətlər olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli hissəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində təqsirləndirilən şəxs göstərmişdir ki, ... bildirmişdir ki, Şahid7 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-in 102 Xidməti Zəng Mərkəzinə müraciət edərək Şahin adlı şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması və istifadə etməsi barədə məlumat vermiş, lakin Sərcanın müraciətinə reaksiya verilmədiyindən o, oğlu Şaiqin istifadəsində olan 050 ***-**-** saylı mobil telefon nömrəsi ilə təkrar DİN-in 102 Xidməti Zəng Mərkəzinə zəng edərək Şahin adlı şəxsin barəsində etdikləri müraciətin baxılmamasına öz narazılığını bildirmişdir (cild 01, iş vər. 173-175) İfadəsi elan olunduqdan sonra ona ünvanlanan suallara cavab olaraq Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, polislərin Şahingilin evinə gəldiyini və həmin vaxt Şahinin də polislərin yanında olduğunu görmüşdür. Daha sonra polis əməkdaşları evə girərək axtarış keçirmiş və qara bükülü aşkar etmişlər. Ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, Şahinin oğlu onun telefonu ilə 102 xidmətinə zəng edib məlumat vermiş, polis əməkdaşları narkotik vasitəni evin mətbəxindən aşkar etmiş, o, Təqsirləndirilən şəxs gecə saat 12-01 radələrində narkotik vasitəni gətirərək mətbəxə qoymasını görmüş, Şahinin onunla arası yaxşı olmuş, Şahin mətbəxə girən zaman o, mətbəxdən çıxmış, mətbəxə qara rəngli bükümdə narkotik vasitə qoymasını Şahinin oğlu da görmüş, ibtidai istintaq zamanı heç bir təzyiq altında qalmadan verdiyi ifadəsini təsdiq edir, onun Şahinlə heç bir düşmənçiliyi olmamış, Şahin onun yanında da narkotik vasitə istifadə etmiş, Şahin subay vaxtlarından narkotik vasitə istifadəçisi olmuşdur. Məhkəmə istintaqı zamanı Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində Təqsirləndirilən şəxs qanunsuz dövriyyəsini təşkil etmək məqsədi ilə narkotik vasitələrin və psixotrop maddələri əldə edərək yaşadığı Sumqayıt şəhəri 76-cı məhəllədə, “Elmar” marketlə üzbə-üz yerləşən fərdi evində saxlaması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında, eləcə də Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitələrin və psixotrop maddələri əldə edərək yaşadığı evdə saxlamasına əsaslı şübhələr müəyyən edildiyindən, onun evində axtarış keçirilməsi üçün xx.xx.2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsindən qərar alınmışdır. Təqsirləndirilən şəxs müəyyən edib və onun iştirakı ilə evinə axtarış keçirilməsi üçün həmin gün saat 17 radələrində onun yaşadığı evə getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən çıxaraq alış-veriş üçün yaxınlıqdakı marketə getmək istəyən zaman onlar ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını demişlər, daha sonra ona narkotik vasitələrin istifadəsində, üzərində və yaşadığı mənzildə saxlamaqda şübhəli olduğunu bildirib, məhkəmə qərarı ilə yaşadığı evdə axtarış aparacaqlarını bildirmişlər və həmin qərarı ona təqdim etmişlər. Şahin məhkəmənin qərarı ilə tanış olmuşdur. Daha sonra onlar evə daxil olmuşlar, orada ilk olaraq ona təklif etmişlər ki, yaşadığı mənzildə hər hansı-bir narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. O isə onlara evində və üzərində heç bir narkotik vasitə və ya digər qanunsuz əşya olmadığını bildirib, evində axtarış aparılmasına etiraz etmədiyini demişdir. Bundan sonra onlar, iki nəfər hal şahidinin, evdə olan Şahinin arvadı Şahid6, bibisi qızı Şahid7 və onun öz iştirakı ilə yaşadığı evdə axtarış aparmışlar. Axtarış zamanı evin mətbəxinin giriş qapısı ilə üzbəüz divara bərkidilmiş qab-qacaq yığmaq üçün istifadə olunan taxta şkafın üzərindəki «Şivaki» markalı televizorun sol tərəfindən qara rəngli sellofanın içərisində üzəri şəffaf yapışqanla bağlanmış bir büküm kütlə aşkar etmişlər. Həmin kütlə hal-şahidlərinin, Təqsirləndirilən şəxs, həmçinin digər iştirakçıların iştirakı ilə götürülmüş, bükülü açıldıqda içərisindən narkotik vasitə olan heroin müəyyən olunmuşdur. Şahindən həmin heroin barədə soruşulduqda, bildirmişdir ki, həmin heroin barədə heç bir məlumatı yoxdur. Heroin elektron tərəziyə qoyularaq çəkisinin 69,82 qram olması müəyyən olunmuşdur. Daha sonra həmin heroin qablaşdırılaraq, ekspertizaya göndərilməsi üçün zərfə qoyulub möhürlənmişdir. Şahinin yaşadığı evinin digər otaqlarında və evinin həyətində, həyətində olan zirzəmisində də onlar tərəfindən axtarış aparılmış, lakin heç bir qeyri-qanuni əşya aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt Şəhəhr Polis İdarəsinin 5-ci polis bölməsinə gətirilmiş, orada xidməti otaqların birində videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra ona narkotik maddələrin istifadəsində, üzərində və yaşadığı mənzildə saxlamasına şübhəli olunduğu üçün şübhəli şəxs qismində tutulduğu bildirilərək ona Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkillərin siyahısı təqdim olunub, əgər şəxsi vəkili varsa dəvət oluna biləcəyi təklif olunmuş. Təqsirləndirilən şəxs da növbədə olan vəkil X4 həmin siyahıdan seçərək, həmin vəkilin onun hüquqlarının müdafiə etməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağı izah olunaraq buna etirazının olub-olmadığı soruşulmuş, o da heç bir etirazının olmadığını dedikdən sonra videoçəkiliş davam etməklə ona üzərində olan hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmadığı soruşulmuşdur. O da əynində olan boz qızılı rəngli parça gödəkçənin sol iç cibindən içərisində övladları Şaiq Şükürov, Sadiq Şükürov, arvadı Şahid6 aid şəxsiyyət vəsiqələri, bank kartı, kommunal kartlar və müxtəlif qəbzlər olan pul kisəsini, gödəkçənin sol yan cibindən bir qutu açılmamış «Magna» siqareti, bir tərəfi alışqan, digər tərəfi isə bıçaq olan suvenir əşyanı, gödəkçənin sağ yan cibindən bir ədəd təsbehi, əynində olan boz rəngli cins şalvarın sol yan cibindən bir manatlıq pul əskinasını, iki ədəd evinin açarlarını və həmin şalvarın sağ cibindən isə bir ədəd özünə məxsus «Samsung» markalı mobil telefonu təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən sübut əhəmiyyət kəsb edəcək digər əşyalar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd «Samsunq» markalı mobil telefon və bir ədəd bir tərəfi alışqan, digər tərəfi isə bıçaq olan əşya sübut əhəmiyyət kəsb edə biləcəyindən götürülmüş, digər qalan əşyalar isə onun özünə qaytarılmışdır. Daha sonra protokol tərtib olunmuş və Təqsirləndirilən şəxs da protokola imza etmişdir. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq göstərilməmiş, o saxlanılarkən heç bir müqavimət göstərməmişdir (cild 01, iş vər. 160-162). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə həmin tarixdə DİN-in “102 xidməti” zəng mərkəzindən məlumat daxil olmuşdur. Həmin məlumatda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə özünü təqdim etməyən şəxs Şahin adlı qonşusunun narkotik vasitə saxlaması ilə bağlı məlumat vermişdir (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Şahin adlı şəxs xx.xx.1986cı il təvəllüdlü, Sumqayıt şəhər 42-ci məhəllə yataqxana 5 otaq 30-da qeydiyyatda olan, Sumqayıt şəhəri 76-cı məhəllə “Elmir” marketin yaxınlığında yerləşən fərdi yaşayış evində yaşayan, əvvəllər CM-in 127.2.3 və 237-1-ci maddələri ilə məhkum olunmuş Təqsirləndirilən şəxsdur. Həmçinin etibarlı mənbələrdən alınmış məlumata əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsində, həmçinin yaşadığı mənzildə satış məqsədi ilə narkotik vasitələri saxlamaqda şübhəlidir (cild 01, iş vər. 06). Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri 76-cı məhəllə «Elmir» marketin yaxınlığında yerləşən fərdi yaşayış evində axtarış aparılmasına və axtarış nəticəsində istintaq üçün əhəmiyyət daşıya biləcək predmetlər (əşyalar) aşkar ediləcəyi təqdirdə həmin predmetlərin götürülməsinə icazə verilmişdir (cild 01, iş vər. 16). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının, Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakı ilə video çəkilişlə sonuncunun yaşadığı Sumqayıt şəhəri, 76-cı məhəllə, fərdi evdə axtarış keçirilmiş, axtarış zamanı evin mətbəxinin giriş qapısı ilə üzbə-üz divara bərkidilmiş qab-qacaq yığmaq üçün istifadə olunan taxta şkafın üzərindəki «Şivaki» markalı televizorun sol tərəfindən qara rəngli sellofanın içərisində üzəri şəffaf yapışqanla bağlanmış heroinə bənzər kütlə aşkar olunaraq götürülmüş, axtarış zamanı çəkilmiş fotoşəkillər cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 19-32). Cinayət işinin materiallarında olan materialların məhkəmə eskpertizasının xx.xx.2023-cü il tarixli, 6/887 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №242” dairəvi möhür əksi və “...Axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunaraq götürülmüş 01 ədəd büküm kütlə; Saxlanılan şəxs: Təqsirləndirilən şəxs-imza... Hal şahidləri: iki imza, tərtib etdi:Z. Ağayev-imza” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 ədəd bükümdəki təmiz çəkisi -65,667 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (cild 01, iş vər. 71-75). Cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2023cü il tarixli, 3348 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 190-191). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.1 maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 196-202). Cinayət işinin materiallarına əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Sumqayıt şəhər prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təsirə məruz qalması ilə bağlı qeyd etdiyi xüsusatlar prokurorluqda araşdırılmış, lakin həmin xüsusatlar öz təsdiqini tapmadığından, cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə DİN-in “102 xidməti” zəng mərkəzindən məlumat daxil olmuş, həmin məlumatda xx.xx.2023-cü il tarixdə özünü təqdim etməyən şəxsin Şahin adlı qonşusunun narkotik vasitə saxlaması ilə bağlı məlumat verməsi göstərilmiş, məlumat yoxlanılarkən həmin Şahin adlı şəxsin xx.xx.1986-cı il təvəllüdlü, Sumqayıt şəhər 42-ci məhəllə yataqxana 5 otaq 30-da qeydiyyatda olan, Sumqayıt şəhəri 76-cı məhəllə “Elmir” marketin yaxınlığında yerləşən fərdi yaşayış evində yaşayan, əvvəllər CM-in 127.2.3 və 237-1-ci maddələri ilə məhkum olunmuş Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, həmin tarixdə məhkəmə qərarı əsasında Təqsirləndirilən şəxs, polis əməkdaşlarının və hal şahidlərinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, 76-cı məhəllə, fərdi evdə axtarış keçirilmiş, axtarış zamanı evin mətbəxinin giriş qapısı ilə üzbəüz divara bərkidilmiş qab-qacaq yığmaq üçün istifadə olunan taxta şkafın üzərindəki «Şivaki» markalı televizorun sol tərəfindən qara rəngli sellofanın içərisində üzəri şəffaf yapışqanla bağlanmış heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Götürülmüş maddə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırmanın ilkin mərhələsində Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərək narkotik vasitə aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onu ifşa edən şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı narkotik vasitənin ona məxsus olmaması ilə bağlı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşaraq onları müdafiə xarakterli ifadə kimi qəbul edir və onlarla razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq zamanı zəruri istintaq hərəkətlərinin həyata keçirilməsi nəticəsində obyektiv şəkildə əldə olunaraq cinayət işinin materiallarına əlavə olunan sübutlar (hal şahidlərinin ifadəsi, öz ailə üzvlərinin ifadəsi, istintaq hərəkətlərinin protokolu, ekspertiza rəyi və.s ) iş üzrə təqsirləndirilən şəxsin özünü müdafiə etmək üçün bu məzmunda ifadə verdiyini təsdiq edir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman və daha sonra polis əməkdaşları tərəfindən fiziki təsirə məruz qaldığını bildirsə də, həmin xüsusatlar Sumqayıt şəhər prokurorluğunda araşdırılmış, lakin öz təsdiqini tapmadığından, xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanmasının rədd edilmişdir. Hazırda həmin qərar qüvvədədir, müdafiə tərəfindən mübahisələndirilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ümumilikdə (həm ibitidai, həm də məhkəmə istintaqı zamanı) verdiyi ifadələrinə tənqidi yanaşaraq onları əsaslı sübut növü kimi qəbul etmir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 76-cı məhəllə, fərdi evdə yaşayır, yaşayış yeri üzrə normal səciyyələndirilir (cild 01, iş vər. 193-194). Elektron sistemdən çıxarılaraq iş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2008 (X16 oğlu – xx.xx.2008) və 2013-cü il (X14 oğlu – xx.xx.2013) təvəllüdlü iki uşağı vardır. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 1.16-cı bəndinə əsasən cəzadan azad edilmişdir (cild 01, iş vər. 103-104). İttiham aktında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi onun əməlində cinayətlərin residivinin olması göstərilmişdir. Məhkəmə istintaqı zamanı əldə edilərək iş materiallarına əlavə edilmiş “Amnistiya aktının tətbiq edilməsi barədə” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, həmin qərarla təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə "Amnistiya" qərarına əsasən cəzadan azad edilsə də, sözügedən qərarda onun məhkumluğunun üzərindən götürülməsi qeyd olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli "Amnistiya" qərarının 7-ci bəndində göstərilmişdir ki, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən məhkumluğu olmayan şəxs olmuşdur. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, CM-in 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivi müəyyən edilmir. Odur ki, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmasını, o cümlədən cəzasını ağırlaşdıran halların olmamasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, eyni zamanda təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə onun əvvəl də cinayət törətməyə görə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum olunsa da, bundan nəticə çıxarmayaraq yenidən ağır cinayət əməli törətməsini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs yalnız həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Sumqayıt Şəhər Məhkəmənin xx.xx.2023-cü il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəq 44, 122-125). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 65,567 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 92 AZN (doxsan iki) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 65,567 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 92 AZN (doxsan iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar