Məhkəmə qərarları › İş №1(124)-210/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-210/2024

24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-210/2024 24.04.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən) , X8 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi - Bakı şəhəri 26 saylı Vəkil Bürosu vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, 29 iyun 1984 - cü il tarixdə Şabran rayonunda anadan olmuş, evli, orta təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Şabran rayonu Melorasiya küçəsində nömrəsiz evdə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, barəsində “həbs” qətimkan tədbiri seçilmiş . Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt məhkəmə kopleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə əldə etdiyi ümumi təmiz çəkisi 5,259 qram kustar üsulla hazırlanmış külli miqdar təşkil edən narkotik vasitə hesab edilən heroini qəsdən qanunsuz olaraq satış məqsədi ilə, vahid niyyətlə əldə edib ayrı-ayrı bükümlərdə qablaşdıraraq, təmiz çəkisi 0,30 qram təşkil edən bir ədəd bükümü 10 manat pul qarşılığında xx.xx.2023-cü il tarixdə Şabran şəhəri Nizami küçəsində tanışı Şahid7 satmış, təmiz çəkiləri 0,798 qram, 0,743 qram, 0,082 qram, 0,699 qram, 0,648 qram olmaqla ümumi təmiz çəkisi 3,770 qram narkotik vasitə hesab edilən heroini əynindəki qara rəngli gödəkçənin sol iç cibində 1 ədəd siqaret qutusunun içərisində, təmiz çəkiləri 0,206 qram, 0,338 qram, 0,416 qram, 0,229 qram olmaqla ümumi təmiz çəkisi 1,189 qram narkotik vasitə hesab edilən heroini isə 4 ədəd bükümdə “ Pall Mail” markalı siqaret qutusunun içərisində gizlətməklə idarə etdiyi Vaz 21099 markalı, 17-BD - 189 qeydiyyat nömrə nişanlı avtomobilin salonunda qanunsuz olaraq saxlamış, xx.xx.2023-cü il tarixdə Şabran RPŞ-nin əməkdaşlarının narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində keçirilən əməliyyat tədbirləri nəticəsində o, Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən Azpetrol yancaq doldurma məntəqəsində etibarnamə əsasında idarə etdiyi Vaz 21099 markalı, 17-BD - 189 qeydiyyat nömrə nişanlı avtomobildə saxlanılmış və RPŞ-də onun üzərinə şəxsi axtarış, eləcə də avtomobilinə baxış keçirilən zaman sözügedən narkotik vasitə hesab edilən heroin aşkar edilərək müvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilərək, sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, Təxminən 7-8 aya yaxındır ki, narkotik vasitələrin qəbulu ilə məşğuldur. Əsasən də narkotik vasitə hesab edilən heroindən istifadə edir. Narkotik vasitələrin qəbulu ilə məşğul olsa da onun satışı ilə məşğul olmur. Narkotik vasitə əldə etmək üçün təsadüfən sosial şəbəkədə adını bilmədiyi İran İslam Respublikası vətəndaşı ilə tanış olmuşdur. Ondan 200 manat dəyərində bir bükümdə 8 qram ağırlığında narkotik vasitə heroin almışdır. Həmin heroini Bakı şəhərində tanımadığı ərazidə, sosial şəbəkədə tanış olduğu şəxs tərəfindən ona bildirildiyi yerdən götürərək yaşadığı Şaban rayonuna qayıtmışdır. Rayona qayıtdıqdan sonra da həmin narkotik vasitələri ayrı-ayrı bükümlərə bölmüşdür. Şahid7 onun iş yoldaşıdır və onunla birlikdə Şabran şəhərində yerləşən avtovağzalın içərisindəki tikintidə işləyir. xx.xx.2023-cü il tarixdə axşam saat 18:00da işdən Şahid7lə birgə işdən çıxmışlar. İşdən çıxdıqdan sonrada tanışı Elmar onda narkotik vasitə heroinin olub-olmadığını soruşmuşdur. O da, Elmara üzərində narkotik vasitə hesab edilən heroin olduğunu söyləmişdir. Beləcə, Elmar və o, etibarnamə əsasında idarə etdiyi **- BD-*** dövlət qeydiyyat nişanlı “Vaz 21099” markalı avtomobilə əyləşərək Şabran şəhəri, Nizami küçəsinə gəlmişlər. Elmar avtomobildən enən zaman 01 ədəd bükümdə narkotik vasitə hesab edilən heroini ona vermiş və oradan uzaqlaşmışdır. Avtomobilində benzin az olduğuna görə Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən yanacaq doldurma məntəqəsinə gedən zaman T.Abbasov küçəsində piyada hərəkət edən tanışı Malik adlı şəxsi görmüşdür. Malik də piyada olduğuna görə onun idarə etdiyi avtomobilə əyləşmiş və onlar birlikdə yanacaq doldurma məntəqəsinə getmişlər. Yanacaq doldurma məntəqəsində dayanıb avtomobilə benzin vurmaq istəyən zaman RPŞ-nin əməkdaşları avtomobilə yaxınlaşaraq onu və Maliki RPŞ-nə dəvət etmişlər. Onlar da öz növbəsində könüllü şəkildə RPŞ-nə gəlmişlər. Şöbəyə gəldikdən sonra hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuş və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkçənin sol iç cibindən siqaret qutusunun içərisindən 05 ədəd bükümdə narkotik vasitə hesab edilən heroin, avtomobilə baxış keçirilən zaman isə ona məxsus siqaret qutusunun içərisindən 04 ədəd bükümdə narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Həmçinin o qeyri qanuni təzyiq və təsirə məruz qaldığını. Barəsində qətimkan tədbiri ilə əlaqədar məsələ həll olunarkən bu barədə işə baxan məhkəməyə heç bir məlumat vermədiyini, həmçinin istintaq təcridxanasınada qəbul olunarkən hər hansı bir xəsarəti barədə məlumat vermədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində eyni zamanda özünü təqsirli bildiyi əməlindən peşiman olduğunu bildirərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsinə dair məhkəməyə verdiyi ifadəsi ilə yanaşı, məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla da təsdiq olundu. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, 03 mart 2023-cü il tarixdə Şabran RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Şabran RPŞ-nin PPXB-nün manqa komandiri Şahid5 ilə birgə xidmətdə olan zaman narkotik vasitələri qanunsuz olaraq üzərlərində daşımaları və istifadə etmələri ilə bağlı etibarlı mənbədən daxil olmuş məlumata əsasən, Şabran şəhər sakini Əliyev X9 şəhəri A.Sultanova küçəsində saxlanılaraq RPŞ-nə gətirilmişdir. RPŞ-də Şahid7 üzərində şəxsi axtarış aparılan zaman əynindəki cins şalvarın sol arxa cibindən 1 ədəd bükümdə içərisində narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Şahid7 həmin narkotik vasitə hesab edilən heroinin onun özünə məxsus olmasını, şəxsi istifadəsi məqsədilə üzərində saxlamasını səmimi olaraq etiraf etmişdir. Şahid7 üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə hesab edilən heroini Şabran rayon sakini, onunla bir yerdə işləyən Təqsirləndirilən şəxs 10 manat pul qarşılığında almasını bildirmişdir. Bundan sonra keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Şabran şəhər sakini Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 21099 markalı, **-BD-*** qeydiyyat nömrə nişanlı avtomobili və həmin avtomobildə sərnişin qismində əyləşmiş Şabran şəhər sakini Şahid6 ilə birgə Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən Azpetrol yanacaqdoldurma mənəqəsində saxlanılaraq RPŞ-nə gətirilmişlər. RPŞ-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aprılan zaman onun əynindəki qara rəngli gödəkçənin sol iç cibindən 1 ədəd siqaret qutusunda içərisində narkotik vasitə hesab edilən heroin olan 5 ədəd büküm, idarə etdiyi “vaz 21099” markalı, **-BD-*** qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilən zaman isə avtomobilin salonunda sürət qutusunun qarşısında 01 ədəd “ Pal Mail” markalı siqaret qutusunda içərisində narkotik vasitə hesab edilən heroin olan 4 ədəd büküm və 1 ədəd borcuq aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilərək götürülmüş narkotik vasitə hesab edilən heroinin onun özünə məxsus olmasını səmimi olaraq etiraf etmişdir.Daha sonra Təqsirləndirilən şəxs yaşadığı Şabran rayonu Melorasiya küçəsində yerləşən nömrəsiz evinə baxış keçirilmiş və evdən hər hansı bir qanunla qadağan edilmiş əşya, predmet, narkotik vasitə aşkar edilməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 və Şahid4 işin halları ilə bağlı Şahid1la eyni məzmunlu ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Həmçinin məhkəmə istintaqı zamanı ifadələri elan olunmaqla araşdırılmış şahidlər Şahid3 və Şahid5 da şahidlər Şahid1, Şahid2 və Şahid4 ifadələrinə uyğun ifadə verdikləri və onların göstərdikləri xüsusatları təsdiq etdikləri müəyyən olunmuşdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid6 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, Təqsirləndirilən şəxs orta məktəbi onunla bir sinifdə oxuyub. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Şabran rayonu T.Abbasov küçəsi ilə piyada hərəkət edən zaman Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 21099 markalı, 17-BD - 189 qeydiyyat nömrə nişanlı avtomobili ilə ona yaxınlaşaraq ondan hal əhval tutmuşdur. Bundan sonra Elşad ona avtomobilinə əyləşməyi və onu gedəcəyi yerə aparmasını təklif etmişdir. O da Elşadla razılaşıb avtomobilə əyləşmişdir. Elşad avtomobilində benzin olmadığını deyərək avtomobili Şabran şəhərinin giriş hissəsində yerləşən Azpetrol yanacaq doldurma məntəqəsi istiqamətində hərəkət etdirməyə başlamış və onlar yanacaqdolduma məntəqəsinə daxil olan zaman polis əməkdaşları onlara yaxınlaşaraq narkotik vasitələri qanunsuz olaraq saxlanması və satışında şübhəli olduqlarını bildirib onları RPŞ-nə dəvət etmişlər. RPŞ-də onun üzərinə baxış keçirilən zaman üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet, və yaxud narkotik vasitə aşkar edilməmişdir. Daha sonra ona, Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən narkotik vasitə hesab edilən heroinin çoxlu sayda bükümlərə doldurulmuş vəziyyətdə tapılması məlum olmuşdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid7 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,300 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroini 03 mart 2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs pul qarşılığında almamış, həmin narkotik vasitəni Təqsirləndirilən şəxs pulsuz almışdır. Şahid7 ibtidai istintaq zamanı dindirilərkən qorxuduğu üçün narkotik vasitəni 10 manat pul qarşılığında aldığını bildirmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə aralarında üzləşdirmə istintaq hərəkəti aparılmış və bu xüsusatları orada da vurğulamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Əməliyyat tapşırığı” barədə HK-1/239 nömrəli materialdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Əliyev X9 şəhəri, A.Sultanova küçəsində narkotik vasitələrin əldə olunmasında və saxlanmasında şübhəli bilindiyinə görə saxlanılaraq Şabran RPŞ-nə gətirilmiş və sonuncunun üzərində şəxsi axtarış aparılan zaman üzərində geyindiyi cins şalvarın sol arxa cibindən 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. xx.xx.2023-cü il tarixli “Əməliyyat tapşırığına cavab” HK-1/239 saylı materialdan görünür ki, istintaq zamanı Şahid7 aşkar olunan narkotik vasitə olan heroini, Elşad adlı şəxsdən 10 manata aldığını bildirmişdir. Əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən edilməklə, Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən “Azpetrol” yanacadoldurma məntəqəsində saxlanılaraq RPŞ-nə gətirilərək “Növbətçi Hissə” yə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli “şəxsi axtarış aparılması haqqında protokol”dan və həmin protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış nəticəsində üzərində olan qara rəngli gödəkçəsinin sol iç cibindən 1 ədəd siqaret qutusunun içərisindən 05 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi barədə” protokoldan və həmin protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi **-BD-*** dövlət qeydiyyat nişanlı “ Vaz 21099” markalı avtomobilə baxış keçirən zaman avtomobilin salonunda sürət qutusunun qarşısında 01 ədəd “Pall Mall” markalı siqaret qutusu aşkarlandı. Həmin qutuya baxan zaman ümumilikdə 4 bükümdə narkotik vasitə heroinə bənzər kütlələr və 01 ədəd kustar üsulla hazırlanmış borucuq aşkar edildi. Məhkəmə-kimyəvi ekspertizasının 6/1331 №-li ekspert rəyində göstərilmişdir ki,Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,798 qram, 0,743 qram, 0,882 qram, 0,699 qram, 0,648 qram, ümumi təmiz çəkisi 3,770 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Təqsirləndirilən şəxs avtomobilindən götürülmüş 4 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,206 qram, 0,338 qram, 0,416 qram, 0,229 qram ümumi təmiz çəkisi 1,189 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir ədəd borucuğun üzərində heroinin izləri vardır. İz şəkilində olduğu üçün heroinin təmiz çəkisini və bükümdəki heroinlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir.Tədiqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 4,959 qram təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş Şahid7 üzərindən aşkar edilmiş yazısı və imzaları olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz şəkisi 0,300 qram qəhvəyi tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilərək götürülmüş heroinlər və Şahid7 üzərindən aşkar edilmiş heroin kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3433 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal hazırda müayinə zamanı Təqsirləndirilən şəxs oğu “NARKOMANİYA” xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı texniki rabitə kanallarında edilmiş çıxarışı özündə əks etdirən 1 ədəd “dvd” disklə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrə ilə, əməliyyat yolu ilə Şahid7 məxsus olması müəyyən edilmiş ***-***-**-** saylı mobil nömrələr bir birləri ilə öz aralarında əlaqə saxlamamışlar. Lakin texniki rabitə kanallarından edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə, rəsmi olaraq Şahid7 adına olan ***-***-**-** saylı mobil nömrə öz aralarında qarşılıqlı zənglər edilməklə, sms yazışmaları da olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə, Şahid7 adına olan ***-***-**-** saylı mobil nömrə xx.xx.2023-cü il tarixdə, saat 19:05:04 radələri olmaqla 40 saniyə, xx.xx.2023-cü il tarixdə, saat 01:15:17 radələri olmaqla 134 saniyə, xx.xx.2023 -cü il tarixdə, saat 07:35:24 radələri olmaqla - 28 saniyə, xx.xx.2023-cü il tarixdə, saat 20:02:08 radələri olmaqla 6 saniyə, xx.xx.2023-cü il tarixdə, saat 20:03:06 radələri olmaqla 5 saniyə, xx.xx.2023-cü il tarixdə, saat 09:40:01 radələri və anten dairəsi Şabran rayonu Gəndob kəndi, Gəndob mədəniyyət evinin yanı olmaqla 9 saniyə əlaqə saxlamışlar. Cinayət işinin materiallarında olan şübhəli olan şəxsi tutma haqqında protokoldan görünür ki, 1984-cü il 29 iyul tarixdə Şabran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, Şabran şəhəri, Meliotar küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğu üçün xx.xx.2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs barəsində əvvəli 03 mart 2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-ci il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs Şabran rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib 1000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Milli Məcisin xx.xx.2016-cı il tarixli “Amnistiya” Qərarına əsasən təyin edilmiş cərimə cəzasından azad edilmişdir. Cinayət işinin materiallarında olan 203726 saylı Nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində 01 az yaşlı və 3 yetkinlik yaşına çatmayan övladı vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. İş materiallarından görünür ki xx.xx.2023-cü il tarixdə, Şahid7 aşkar olunan narkotik vasitə olan heroini, Elşad adlı şəxsdən 10 manata aldığını bildirmiş Təqsirləndirilən şəxs həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi nəticəsində saxlanılaraq polis idarəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə və maşınına video çəkilişlə baxış, şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən və maşınından n arkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür, bundan sonra həmin maddələr materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə və avtomobilinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 9-cu bəndində qeyd olunmuşdur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs polis bölməsində ona fiziki və psixoloji təzyiq olunduğunu, üzərindən və maşınından aşkar olunmuş narkotik vasitələrin ona məxsus olduğunu bildirdiyi halda nəyə görə polis əməkdaşlarını bu cür etdiyini başa düşə bilmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində üzərindən aşkar olunan narkotik vasitənin ona məxsus olduğunu və heç bir təzyiqə və təsirə məruz qalmadığını qeyd etmişdir. Həmçinin üzərinə baxış keçirilməsi haqqında istintaq hərəkəti aparılarkən özü sərbəst şəkildə narkotik vasitəni təqdim edir və özünə məxsus olduğunu bildirir. Bundan başqa təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən hər hansı bir təzyiq və təsirə məruz qalmasını bildirməmişdir və belə bir hal müvafiq qərarda qeyd olunmur. Həmçinin fiziki və psixoloji təzyiqə məruz qaldığını bildirsədə barəsində cinayət işi üzrə araşdırma aparılmağa başlanıldığı andan hökm elan olunan zamanadək bir ilə yaxın müddət keçsədə onun hər hansı bir dövlət orqanına bu barədə müraciəti olmamışdır. Bundan başqa təqsirləndirilən Təqsirləndirilən şəxs fiziki və psixoloji təsirə məruz qalmasını cinayət işinin materiallarında olan heç bir sübutla öz təsdiqini tapmır, yaxud bu halı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd olunan fikirlərini müdafiə taktikasından irəli gələn hərəkətlər olması kimi qiymətləndirir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ondan aşkar edilmiş narotik vasitə heroinin ona məxsus olduğunu lakin həmin nakotik vasitəni satmaq məqsədinin olmadığını bildirməklə özünü qismən təqsirli bilmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs hazırki mövqeyinə qiymət verərkən qeyd edir ki, heroini şəxsi istifadəsi üçün aldığını bildirsədə əldə etdiyi heroinin miqdarı, küllü miqdar olmaqla, həmin vasitələrin gündəlik istifadəsi üçün mümkün ola biləcək miqdardan artıqdır. Həmçinin məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əldə etdiyi nakotik vasitələrin xırda bükümlər şəklində olmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən həmin qadağan olunmuş vasitələri satış məqsədilə əldə etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyrisəmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq nakotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər üç ilədən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar. Eyni zamanda, həmin Məcəllənin 234.4.3-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əməllərə görə təqsirli bilinən şəxslər beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi himyəsində bir az yaşlı övladının və 3 yetkinlik yaşına çatamayan övladlarının ( 59.2) olmasını müəyyən edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən olunmamışdır), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 03 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 114 (yüz on dörd) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq maddi sübut kimi tanınıb, Şabran rayon polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş ümumi qalıq çəkisi 3,520 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin və idarə etdiyi “vaz 21099” markalı, **-BD-*** qeydiyyat nömrə nişanlı avtomobilindən aşkar edilmiş ümumi qalıq çəkisi 0,989 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 03 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 114 (yüz on dörd) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq maddi sübut kimi tanınıb, Şabran rayon polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş ümumi qalıq çəkisi 3,520 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin və idarə etdiyi “vaz 21099” markalı, **-BD-*** qeydiyyat nömrə nişanlı avtomobilindən aşkar edilmiş ümumi qalıq çəkisi 0,989 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Nurəddin Hüseynli Hakimlər Nahid Mirzəyev Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar