Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-211/2023 10.04.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, 01 oktyabr 1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, Gürcüstan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, şəxsiyyəti istintaqa məlum olmayan Əjdər adlı İran İslam Respublikasının vətəndaşından 115 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 12,691 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq tanışı Şahid1 məxsus mopedin oturacağının alt hissəsindəki saxlanc yerində gizlətmiş, 04 iyun 2022-ci il tarixdə saat 00:30-da Sumqayıt şəhəri, St.Sumqayıt ərazisində İmtahan-Qeydiyyat Şöbəsinin yaxınlığındakı fərdi yaşayış evlərinin ara küçəsində Sumqayıt ŞPİ-nin 5-ci PBnin əməkdaşları tərəfindən saxlanılaraq, həmin bölməyə gətirilmiş, orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd «Sobranie» markalı siqaret qutusunda içərisində psixotrop maddə olan metamfetaminə məxsus izlər olan 01 ədəd dəmir borucuq, onun tanışı Şahid1 məxsus mopedə baxış keçirilən zaman qırmızı-qaralı rəngdə olan mopedin oturacağının alt hissəsindəki saxlanc yerində olan qırmızı rəngli sellofan kəsiyinin içərisində şəffaf rəngli sellofan kəsiyinə bükülmüş külli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 12,691 qramkustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər narkotik vasitə heroin istifadə etmişdir. Heroindən uzaqlaşmaq üçün metamfetamindən istifadə etməyə başlamışdır. İnstagram sosial şəbəkəsində tanış olduğu İran vətəndaşı Əjdər adlı şəxsə 115 manat pul ödəməklə onun dediyi ünvandan metamfetamini götürmək üçün dostu Emilin mopedi ilə 04 iyun 2022-ci il tarixdə Ceyranbatana getmişlər. Ceyranbatanda Emilə marketə getməsini söyləmiş, Emil marketə gedən kimi o da metamfetaminin olduğu yerə gedib onu götürmüş və gətirib mopedin oturacağını qaldırıb onun saxlanc yerində gizlətmişdir. Metamfetamini mopedə qoyanda Emilin bundan xəbəri olmamışdır. Gecə saat 02-03 radələrində polislər onlara yaxınlaşmış, onları saxlayıb polis bölməsinə aparmışlar. Üstündən aşkar edilən 12,6 qram metamfetamini özünün şəxsi istifadəsi üçün almışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin PPXT-nun polis nəfəri, polis serjantı Şahid5 ifadəsində göstərdi ki, 04 iyun 2022-ci il tarixdə, saat 00:30 radələrində xidmət yoldaşları Şahid3 və Şahid4lə birlikdə Sumqayıt şəhəri, St.Sumqayıt ərazisində xidmət apararkən Sumqayıt Qeydiyyat-İmtahan Şöbəsinin yanında iki nəfər şəxsin mopedlə birlikdə ara küçədə dayandığını görüb onlara yaxınlaşmışlar. Onların şəxsiyyətlərini müəyyən edib ərazidə baş vermiş oğurluq hadisələrində əlaqələrinin olubolmamasını yoxlamaq məqsədi ilə onları Sumqayıt ŞPİ-nin 5-ci PB-nə aparmışlar. Yolda olarkən Təqsirləndirilən şəxsla söhbət zamanı o, mopedin saxlanc yerində metamfetamin olduğunu demişdir. Sumqayıt ŞPİ-nin 5-ci PB-də xidməti otaqların birində əvvəlcə Təqsirləndirilən şəxs üzərdinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hansısa əşya aşkar olunmamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs İran vətəndaşı Əjdər adlı şəxsdən psixotrop maddə metamfetamin əldə elmək üçün 115 manat pulu onun kart hesabına göndərdiyini, əldə etdiyi metamfetamini dostu Emilə məxsus mopedin oturacağının alt hissəsindəki saxlanc yerinə qoyaraq gizlətdiyini demişdir. Sonra mopedə videoçəkilişlə baxış keçirilmiş, baxış zamanı mopedin oturacağının alt hisəssindəki saxlanc yerindən metamfetamin aşkar olunmuşdur. Rəvan həmin metamfetamini şəxsi istifadəsi üçün aldığını demişdir. Daha sonra da Şahid1 üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən qanunla qadağan edilmiş hansısa predmet aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin PPXT-nun polis nəfəri, polis serjantı Şahid4 ifadəsində göstərdi ki, 04 iyun 2022-ci il tarixdə, gecə saat 00:30 radələrində Sumqayıt şəhəri, St.Sumqayıt ərazisində xidmətdə olarkən iki nəfər şəxsin mopedlə ara küçədə dayandığını görmüşlər. Onlara yaxınlaşıb şəxsiyyətlərini müəyyən etmək üçün Sumqayıt ŞPİ-nin 5-ci polis bölməsinə aparmışlar. Sumqayıt ŞPİ-nin 5-ci PBdə xidməti otaqların birində əvvəlcə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun üzərindən qanunla qadağan edilmiş hansısa predmet aşkar olunmamışdır. Lakin şifahi sorğuda Təqsirləndirilən şəxs mopedin oluracağının alt hissəsindəki saxlanc yerinə metamfetamin qoyaraq gizlətdiyini demişdir. Mopedə videoçəkilişlə baxış keçirilmiş, baxış zamanı mopedin oturacağının alt hissəsindəki saxlanc yerindən metamfetamin aşkar olunmuşdur. Daha sonra onunla birikdə olan Şahid1 üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən qanunla qadağan edilmiş hansısa predmet aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin PPXT-nun polis nəfəri, polis serjantı Şahid3 ifadəsində göstərmişdir ki, 04 iyun 2022-ci il tarixdə, saat 00:30 radələrində Sumqayıt şəhəri St.Sumqayıtda xidmətdə olarkən iki nəfər şəxsin mopedlə ara küçədə dayandığını görüb onlara yaxınlaşmış və şəxsiyyətlərini müəyyən etmək üçün Sumqayıt ŞPİ-nin 5-ci PB-nə aparmışlar. Sumqayıt ŞPİ-nin 5-ci PB-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış və onun üzərindən qanunla qadağan edilmiş hansısa predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs mopedin saxlanc yerinə metamfetamin qoyaraq gizlətdiyini dediyi üçün mopedə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı mopedin oturacağının alt hisəssindəki saxlanc yerindən metamfetamin aşkar olunmuşdur. Onunla birikdə olan Şahid1 üzərində şəxsi axtarış aparılarkən onun üzərindən qanunla qadağan edilmiş hansısa predmet aşkar edilməmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 digər şahidlər Şahid3, Şahid4 və Şahid5 ilə oxşar məzmunlu ifadələr verərək onların ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 136-138) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Suraxanı rayonu, Suraxanı qəsəbəsi, İlham Şükürov ev 165-də yaşayır, rəsmi olaraq iş yeri olmasa da, “Moped.Az” şirkətinə rəhbərlik edən Salatın xanımın yanında işləmiş və orada olan mopedlərin icarəsi ilə məşğul olmuşdur. Təxminən bir ay olar ki, əvvəllər tanıdığı qonşusu Təqsirləndirilən şəxs şirkətə məxsus olan mopedi icarəyə vermişdir. O Rəvandan mopedin harada olduğunu soruşan zaman mopedin Sumqayıt şəhəri Ceyranbatan ərazisində xarab olduğu üçün saxladığını bildirmişdir. Bundan sonra o onunla birlikdə həmin əraziyə getmək üçün ona məxsus olan digər mopedlə yola düşmüşlər və Sumqayıt şəhəri ərazisində sonradan St.Sumqayıt deyilən əraziyə gəlmişlər. Orada mopedi axtarmağa başlamışlar və Sumqayıt şəhəri, Stansiya Sumqayıt, X4 yaxınlığında çatmışlar. Bu zaman o motosikleti saxlayıb mopeti götürməli olan ünvana doğru getmişdir. Mopedi tapa bilməyib geri qayıtmış, sonra özlərinə yemək üçün ərzaq almaqdan ötrü yaxınlıqda olan mağazaya gedib oradan banan və su alıb 5-10 dəqiqədən sonra geri qayitmışdır. Həmin vaxt, yəni təxminən saat 00:30 radələrində polis əməkdaşları polis maşını ilə onlara yaxınlaşaraq həmin ərazidə xidmət etdiklərini, həmin ərazidə oğurluq hadisələri baş verdiyini bidirərək onlarla söhbət etməyə başlamışlar, onlar da özlərini təqdim etmişlər, bu zaman Rəvan özünü itirərək polis əməkdaşları ilə danışıqda titrəməyə başladığı üçün onları polis bölməsinə dəvət etmişlər. Onlar birlikdə polis bölməsinə yola düşmüşlər və o mopedi polis əməkdaşlarının müşahidəsi altında sürmüş, Rəvan isə PPX avtopatrulu ilə 5-ci PB-ə aparmış, onlar polis böməsinə çatmışlar. Orada xidməti otaqların birində ilk öncə Rəvanın izahatını alıb onun üzərinə və ona məxsus olan mopedə baxış keçirilmişdir. Sonra isə onun üzərində şəxsi axtarış aparılacağı ona izah edilmişdir. Ona təqdim edilmiş vəkil siyahısı əsasında seçdiyi vəkil Vüsal Məmmədov və polis əməkdaşlarının iştirakları ilə üzərində videogörüntü ilə şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı hüquq və vəzifələrinin izah edilməsi ilə bağlı bildiriş təqdim edilmişdir. Bildirişlə tanış olduqdan sonra ona əvvəllcədən təqdim olunan növbətçi vəkillərin siyahisindan seçmiş olduğu vəkil yəni Vüsal Məmmədov təqdim olunmuşdur. Onun vəkilə etirazının olubolmadığı dəqiqləşdirildikdən sonra, üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində hər hansı bir qanunsuz əşya və ya predmet vardırsa təqdim etməsi təşkil olunmuş, bu zaman üzərindən bir ədəd inqalyator aparatı və 1 manat pul aşkar olunmuşdur. Bundan əlavə üzərindən qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş 1 manat pul və inqalyator ona qaytarılmış, bundan sonra sənədləşmə aparılmış və sənədlər hər biri tərəfinfən imzalanmışdır. Rəvan mopedin Ceyranbatanda olduğunu söylədiyindən o Rəvana birlikdə gedib haradadırsa oradan götürüb gətirməsini demişdir. Ona məxsus olan mopedi təhvil alan zaman hər yerini yoxlayıb təhvil almış, təhvil aldığı zaman mopeddə və onun saxlanc yerində qanunsuz heçnə olmamışdır. Mopeddən aşkar olunan kütlə ona məxsus olmamış, çox güman ki, o ərzaq almaq üçün gedəndə onu saxlanc yerinə tanışı Təqsirləndirilən şəxs qoymuşdur. (Cild 1, iş vərəqləri 79-81) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Şəxsi axtarış keçirilməsi barədə” 04 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı üzərindən qanunla qadağan olunan hər hansı əşya aşkar olunmamış, lakin əynində olan göy rəngli şalvarın sol arxa cibindən İran vətəndaşı olan Əjdər adlı şəxsdən psixotop maddə metamfetamin əldə etmək üçün X2 adına 115 AZN pul göndərməsi barədə qəbz, həmçinin həmin şalvarın sağ arxa cibindən 01 ABŞ dolları, şalvarın sol yan cibindən bir ədəd dəmir boru (trubka) və bir ədəd alışqan olan “Sobranie” markalı siqaret qutusu aşkar olunaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 22-23) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” 04 iyun 2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı qırmızı-qaralı rəngdə olan mopedin oturacağının alt hisəssindəki saxlanc yerində olan qırmızı rəngli sellofan kəsiyinin içərisində şəffaf rəngli sellofan kəsiyinə bükülmüş psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Aşkar olunmuş maddə prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 25-26) Həmin istintaq hərəkətləri videoçəkilişlə aparılmış və istintaq hərəkətlərinin qeydə alındığı bir ədəd “DVD” formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə baxış keçirilməsinə dair 06 iyun 2022-ci il tarixli protokolla, eləcə də həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı və mopedə baxış zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır.(Cild 1, iş vərəqləri 128-130) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/3153 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN-in «Zərflər üçün № 242» möhür əksi, «Təqsirləndirilən şəxs üzərindən…» və s.sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 12,691 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. (Cild 1, iş vərəqləri 65-69) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş əlavə məhkəməkimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/3529 saylı rəyindən görünür ki, təqdim edilmiş zərfdəki 01 ədəd «Sobraniye» markalı siqaret qutusunun içərisində olan 01 ədəd dəmir borucuğun içərisində psixotrop maddə olan metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı və Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd bükümdə olan metamfetamin ilə müqayisəli tədqiqat aparılmadı. (Cild 1, iş vərəqləri 162-164) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 4101 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin halhazırda astinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 165-166) Cinayət işinin materiallarında olan “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” 20 avqust 2022-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 12,591 qram psixotrop maddə metamfetamin, 01 ədəd dəmir borucuq, 01 ədəd qəbz maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmişdir. 01 ədəd “DVD” formatlı disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 187-196) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəq 178) Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən aşağıdakı əsaslara görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir dəlil, birbaşa və ya dolayı sübut müəyyən edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, guya o, məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə etmiş, saxlamış və daşımışdır. Lakin istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan heç bir sübuta istinad etməməklə yanaşı, təqsirləndirilən şəxsə bununla bağlı verdiyi ittihamda şəxsin həmin maddə ilə təqsirliliyini müəyyən edən hər hansı dəlil belə göstərməmişdir. İstintaq orqanı Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə istinad edərək göstərmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Halbuki, istintaq orqanı Təqsirləndirilən şəxs verdiyi ittihamda və cinayət təqibi ilə bağlı topladığı materiallarda təqsirləndirilən şəxs tərəfindən narkotik vasitənin satacağı istehlakçı ilə razılığın əldə edilməsi, bu məqsədlə kiminləsə sövdələşməsi, narkotik vasitənin məhz satış məqsədi ilə çəkilib bir neçə xırda bağlamalara bükülməsi, həmçinin onda tərəzinin və digər vasitələrin olması ilə bağlı ümumiyyətlə heç bir dəlil və sübut gətirməmişdir. Məhkəmə həmçinin xüsusi qeyd edir ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olduğu halda, onun üzərində daha çox həcmdə və ən əsası bir neçə növ narkotik vasitə və psixotrop maddə, eləcə də elektron tərəzi aşkar oluna bilərdi. Lakin təqsirləndirilən şəxsdə yalnız bir bükümdə və bir növdə olmaqla psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibinin olması qənaətinə gələrkən, psixotrop maddənin külli miqdarda olmasına iş materiallarında öz əksini tapan yeganə sübut kimi istinad etməyə çalışsa da, yalnız bu əlamət özü özlüyündə “satış məqsədinin” qeyd-şərtsiz sübutu kimi əsas götürülə bilməz. Odur ki, məhkəmə cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1ci maddəsinə tövsif edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 26 aprel 2022-ci il tarixli qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinə yeni məzmunda 234.1-1-ci maddə əlavə edilmişdir. Həmin qanun 20 may 2022-ci il tarixdə “Azərbaycan” qəzetində dərc olunmuş və həmin gündən qanuni qüvvəyə minmişdir. Təqsirləndirilən şəxs isə ittiham olunduğu cinayət əməlini 04 iyun 2022-ci il tarixdə törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə uyğun olmaqla, həmin cinayət əməlinin onun tərəfindən törədilməsi məhkəmə tərəfindən tam sübuta yetirilmiş hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd olunanlarla bağlı məhkəmə təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1ci maddəsinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası hədlərində cəza təyin edilməsi qanuni və əsaslıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1 və 61.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 04 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 05 iyun 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 16, 123-125) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 04 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda astinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Sumqayıt ŞPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 12,591 qram psixotrop maddə metamfetamin, 01 ədəd dəmir borucuq və 01 ədəd qəbz məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “DVD” formatlı disk cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 175 (yüz yetmiş beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 04 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan 12,591 qram psixotrop maddə metamfetamin, 01 ədəd dəmir borucuq və 01 ədəd qəbz məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “DVD” formatlı disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 175 (yüz yetmiş beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-211/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-211/2023
10.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver