Məhkəmə qərarları › İş №1(124)-211/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-211/2024

10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-211/2024 10.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1966-cı ildə Qazax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Qazax rayonu, Qazax şəhəri, X8 küçəsi, ev 36 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs telefon vasitəsi ilə tanış olaraq əlaqə saxladığı “Maqsud" adlı İran İslam Respublikası vətəndaşı, qohumu X5 və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, Nurəddin Cabbarovun “Maqsud" adlı şəxsdən satış məqsədi ilə qanunsuz əldə etdiyi külli miqdarda narkotik vasitələrin Azərbaycan Respublikasının ərazisində birlikdə satışını həyata keçirmək barədə ümumi razılığa gəlmiş, bu məqsədlə 2022-ci ilin avqust ayında bir qrup şəxs halında “Maqsud” adlı İran İslam Respublikası vətəndaşının tapşırığı ilə satışını həyata keçirmək üçün Nurəddin Cabbarovun yaşadığı Qazax şəhərindən bir ədəd yorğana bükülmüş vəziyyətdə taksi sürücüsü Şahid5 vasitəsi ilə onun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən 71 saylı binanın yanına göndərdiyi 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxil olan külli miqdarda 06 ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 50 qram, 790 qram, 345 qram, 315 qram, 230 qram və 220 qram, ümumi təmiz çəkisi 1950 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda 01 ədəd sellofan bağlamada 315 qram çəkidə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranını qəbul edərək satış məqsədi ilə qanunsuz əldə edib ünvan 3 ünvanında yerləşən yaşadığı mənzilə daşıyıb satışını həyata keçirərək əldə olunan gəliri “Maqsud" adlı İran İslam Respublikasının vətəndaşı və Cabbarov Nurəddin Heydər oğlu ilə aralarında bölmək üçün həmin narkotik vasitə qurudulmuş marixuananın bir bükümdə 50 qram çəkidə olan hissəsini üzərində, beş bükümdə ümumi 1900 qram çəkidə olan hissəsini və bir bükümdə 315 qram çəkidə həşiş qətranını isə yaşadığı evdə saxlamış, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi, bina 71 ünvanının yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq Abşeron rayon polis idarəsinin inzibati binasına gətirildikdən sonra həmin gün saat 19:00-dan 19:09-dək üzərində şəxsi axtarış aparılan zaman əlində saxladığı ağ rəngli sellofan torbanın içərisindən 50 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, həmin tarixdə saat 20:20-dən 20:49-dək DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ünvan 5 ünvanında yerləşən mənzilinə keçirilmiş baxış zamanı isə 05 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 790 qram, 345 qram, 315 qram, 230 qram və 220 qram olmaqla ümumi təmiz çəkisi 1.900 qram olan qurudulmuş marixuana, 01 ədəd sellofan bükümdə 315 qram çəkidə narkotik vasitə həşiş qətranı və 01 ədəd üzərində narkotik vasitə həşiş qətranının izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, narkotik vasitə istifadəçisidir. O, arabir marixuana növündə narkotik vasitə istifadə edir, narkotik vasitəni internet vasitəsilə əldə edirdi.16 avqust 2022-ci il tarixdə saat 15:00 radələrində yaşadığı evdə olarkən qapı döyülmüşdür. O, qapıya yaxınlaşdıqda qolsuz köynək geyinmiş bir nəfər şəxs “qonşu, aç” deyə ona səslənmişdir. O, qapını açdıqda təxminən 8-10 nəfər içəri daxil olmuş və ona əl qandalı tətbiq etmişlər. Onlar həmçinin, onun 1337 manat məbləğində pulunu götürmüşlər. Bundan əlavə, yaşadığı evdən marixuana növündə narkotik vasitə aşkar olunmuşdur. Həmin qanunsuz vasitələr İran İslam Respublikasının vətəndaşı tərəfindən göndərilmişdir. Həmin qanunsuz vasitələri ona qohumu olan şəxs göndərmiş və onları sadəcə saxlamağını bildirmişdir. Qohumu olan şəxsə həmin vasitələri götürməsini bildirdikdə, onları gəlib götürəcəyini demişdir. Aşkar olunan narkotik vasitələri ona Nurəddin adlı qohumu göndərmişdir. Onun Maqsud adlı şəxslə heç bir əlaqəsi olmamışdır. Maqsud adlı şəxsi Nurəddin adlı qohumu tanımışdır. Narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamışdır. Polis bölməsində də ona təzyiqlər göstərilmişdir və onların dediklərini bildirməyini tələb etmişlər. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, 2022-ci ilin təxminən 10 və ya 11 avqust tarixində qohumu Nurəddin Cabbarov ona zəng edərək, ona əmanət veriləcəyini, onu saxlamağını və ondan götürüəcəyini bildirmişdir. O, əmanət dediyi şeyin nə olduğunu soruşmamışdır. Daha sonra Şahid5 ona zəng edərək, yük gətirdiyini, düşüb götürməyini demişdir. O, aşağı düşmüş və köhnə yorğanı götürmüşdür. Onu evə gətirdikdə, içərisini açıb baxmamışdır. Növbəti gün onun içərisinə baxmış, içərisində həşiş qətranı, marixuana növündə narkotik vasitələr və tərəzi görmüşdür. Bundan sonra Nurəddin Cabbarova zəng edib onları gəlib götürməsini bildirmişdir. Nurəddin Cabbarov gəlib götürəcəyini demişdir. Nurəddin Cabbarov evə gəlmiş, narkotik vasitələri axşam götürəcəyini bildirmişdir. Sonra o, həkimə getmişdir. Evə gəldikdə, polis əməkdaşları evlərinə gəlmişlər. Maqsud adlı İran İslam Respublikasının vətəndaşı olan şəxsin telefon nömrəsi onda olmuşdur. Onun nömrəsini Nurəddin Cabbarov ona vermişdir. Maqsud adlı şəxs ondan narkotik vasitənin pulunu istəmişdir. O da Nurəddin Cabbarova bu barədə bildirmişdir. Nurəddin Cabbarov özünün həll edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, göstərmişdir ki, on ildən artıqdır ki, narkotik vasitə marixuanadan istifadə edir, lakin xx.xx.2022-ci il tarixdə yaşadığı mənzildə aşkar edilərək götürülmüş narkotik vasitələr ona məxsus olmamışdır. İstintaq zamanı verdiyi ilkin ifadəsi ilə bağlı bildirmişdir ki, həmin ifadələr həqiqətə uyğun deyil. Belə ki, iyul ayının sonlarında qohumu və yerlisi X5 onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək həm onun, həm də Nurəddinin ortaq tanışı Elşən adlı Qazax rayonu sakini vasitəsi ilə ona narkotik vasitə göndərəcəyini və həmin narkotik vasitəni özündə saxlamasını xahiş etmiş və gəlib götürəcəyini demişdir. O, qohum olduğu üçün Nurəddinə etiraz etməmişdir. Həmin əmanətin nə olduğunu Nurəddindən soruşsa da Nurəddin deməmişdir. Növbəti gün gecə saatlarında Elşən ona zəng edərək Nurəddin göndərdiyi malı gətirdiyini və məhəllədə onu gözlədiyini bildirmişdir. O, qeyd etmişdir ki, həm Elşən, həm də Nurəddin onun yaşadığı mənzildə dəfələrlə qonaq olduğu üçün ünvanı yaxşı tanımışdır. Daha sonra o, küçəyə düşdükdə Elşən ona bükülü halda bir ədəd köhnə yorğan vermişdir. O, həmin yorğanı evə apardıqdan sonra içərisində altı ədəd qara rəngli bağlama və bir ədəd elektron tərəzi olduğunu görmüşdür. Həmin bükümləri açıb içərisinə baxdıqda narkotik vasitə marixuanadan istifadə etdiyinə görə həmin bağlamalardan beşinin içərisində marixuana, birində isə tanımadığı tünd rəngli maddənin olduğunu aşkar etmişdir. Bundan sonra həmin bükümləri yaşadığı evdə saxlamışdır. O, Nurəddinə zəng edərək göndərdiyi əmanətin narkotik vasitə olduğunu dedikdə, Nurəddin ona narahat olmamağını və ən qısa zamanda gəlib götürəcəyini bildirmişdir. Daha sonra o, Nurəddindən həmin marixuanadan istifadə edib- edə bilməyəcəyini soruşduqda Nurəddin istifadə edə biləcəyini, lakin pulunu verməli olduğunu bildirmişdir. Bir neçə gün sonra Nurəddin ona zəng edərək onun mobil nömrəsini İran İslam Respublikası vətəndaşı olan Maqsud adlı şəxsə verdiyini, Maqsud ona zəng etdikdə narkotik vasitələrin onda olduğunu və pulunun yaxın zamanda ödəniləcəyini deməsini xahiş etmişdir. O, Nurəddinin xahişini nəzərə alaraq həmin Maqsud adlı şəxs ona zəng etdikdə Nurəddinin ona dediklərini Maqsud adlı şəxsə çatdırmışdır. Bundan sonra həmin şəxs ona tez-tez zəng etməyə başladığına görə o bu barədə Nurəddinə demiş, Nurəddin ondan həmin şəxsin telefonlarını açmamağı və bloka salmağı tələb etmiş və yaxın zamanda özün Bakı şəhərinə gələrək məsələni yoluna qoyacağını demişdir. Həmin vaxtlar Nurəddin ona Qazax rayonunda olduğunu demişdir. Bir neçə gün sonra Nurəddin Xırdalan şəhərində yaşadığı mənzilə gəlmiş, narkotik vasitələri yoxladıqdan sonra bir neçə gün daha saxlamağını xahiş etmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə saat 15 radələrinədək şəxsi İşləri ilə əlaqədar Xırdalan şəhərində olmuşdur. Saat 15 radələrində yaşadığı evə gəlmiş, həmin vaxt oğlu Məhəmməd, qardaşı oğlu Məhərrəm, qardaşı Çingiz və Valeh adlı dostu da onun yanında olmuşdur. Sonradan onlar evdən çıxdıqdan sonra o, evdə tək qalmışdır. Oğlu Məhəmmədlə və Məhərrəmlə işlərini həll etdikdən sonra qidalanmaq üçün birlikdə harasa getmək barədə razılaşmışlar. Bundan təxminən 15 dəqiqə sonra o, Məhəmmədə zəng edərək gəlib-gəlmədiyini soruşmuş, Məhəmməd on dəqiqəyə çatacaqlarını və çatdıqda ona zəng edəcəklərini bildirmişdir. Məhəmmədlə telefon vasitəsi ilə danışdıqdan təxminən bir-iki dəqiqə sonra qapı döyülmüş və bir nəfər şəxs "qonşu" deyə onu çağırmışdır. Gözlükdən baxdıqda tanımadığı bir nəfər təxminən otuz yaşlarında kişinin qolsuz maykada qapıda dayandığını görmüşdür. Qapını açdıqda təxminən on nəfər tanımadığı şəxs yaşadığı mənzilə daxil olmuşdur. Həmin şəxslər əvvəlcə onun qoluna qandal vurub üzərinə baxış keçirmiş, əynindəki şalvarın sol yan cibində olan 1337 manat məbləğində nağd pulu və mobil telefonunu götürmüşdür. Evdə pul, qızıl-ziynət əşyaları və narkotik vasitə olub- olmadığını soruşduqda qızıl və pul olmadığını, lakin narkotik vasitə olduğunu demişdir. Bundan sonra polis əməkdaşları ona narkotik vasitələri verən Elşən adlı şəxsi tanıyıb- tanımadığını, habelə Elşəni tutuduqlarını və aşağıda saxladıqlarını bildirmişlər. Daha sonra ondan Maqsud adlı iranlını tanıyıb-tanımadığını soruşduqda tanımadığını, lakin bir neçə dəfə telefon vasitəsi ilə əlaqə saxladığını demişdir. Polis əməkdaşları onda Maqsudun malının olduğunu dedikdə, Maqsudu haradan tanıqlarını soruşmuşdur. Bunun cavabında ona aidiyyətinin olmadığını demişlər. Daha sonra Nurəddinin ondan saxlamağı xahiş etdiyi həmin narkotik vasitələrin yerini polis əməkdaşlarına göstərmişdir. Daha sonra həmin şəxslər onu yaşadığı mənzilin mətbəxinə aparmış, bu zaman oğlu Məhəmməd və qardaşının oğlu Məhərrəmin mənzilə daxil olduğunu görmüşdür. Polis əməkdaşları onların kim olduğunu soruşduqda onları təqdim etmişdir. Daha sonra polislər Məhəmməd və Məhərrəmin mobil telefonlarını alaraq aşağı düşərək gözləmələrini tələb etmişdir. Bundan sonra mənzildə axtarış aparmağa başlamışdır. Bundan sonra mətbəxdə Bəylər adlı əməkdaş onun narkotik vasitələrlə birlikdə foto şəklini çəkmiş, daha sonra həmin əməkdaş bir nəfərlə telefon əlaqəsi saxlayaraq narkotik vasitə aşkar etdiklərini və onu tutuqlarım bildirmişdir. Ona elə gəlir ki, həmin şəxs Maqsud adlı İran İslam Respublikası vətəndaşı ilə danışmışdır. Daha sonra ondan evin kimin adına olduğunu və kimlərin yaşadığını maraqlanmışlar. O, evin oğlu Kənanın adına olduğunu və ailə üzvləri ilə birlikdə yaşadığını bildirmişdir. Daha sonra polis əməkdaşları qara rəngli sellofan torbalardan birində olan marixuananın bir hissəsini götürüb başqa bir torbaya qoyub özləri ilə birlikdə götürmüşlər və ondan kamera qarşısında deyilən formada ifadə verməsini tələb etmişlər. Əks halda oğlanlarını da onunla birlikdə tutacaqlarmı bildirmişlər. O da qorxduğu üçün polis əməkdaşları ilə razılaşmışdır. Bundan sonra polislərin idarə etdiyi avtomobillə birlikdə Abşeron rayon polis idarəsinin inzibati binasına gəlmiş, yolda yanında olan şəxslərdən birinə zəng gəlmişdir. Həmin şəxs mobil telefonu danışmaq üçün ona uzatmış, telefonu qulağına apardıqda Bəylər adlı əməkdaş bir daha onu tapşırıqdan kənara çıxmamaq barədə tənbehləmişdir. Orada müdafiəçi dəvət olunmuş və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmışdır. O,övladlarının həbs olunacağından qorxduğu üçün polis əməkdaşlarının tələb etdiyi hər şeyi demişdir. Polis idarəsində çəkiliş qurtardıqdan sonra o vəkilin iştirakı ilə təkrarən yaşadığı mənzilə aparılmış və orada Nurəddinə məxsus narkotik vasitələri təqdim edərək özünə məxsus olduğunu demişdir. Bundan başqa o, polis idarəsinə aparan zaman polislərdən bir neçəsi onun yaşadığı mənzildə qalmış, sonradan həmin mənzildən ona məxsus olan 12500 manat pulun da polis əməkdaşları tərəfindən götürüldüyü ona məlum olmuşdur. (Cild 2, iş vərəqləri 27-30) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən hal ilə bağlı dərhal əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri ərazisində saxlanılmış, müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə ona üzərində olan qanunsuz vasitələri təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən quruulmuş marixuana növündə narkotik vasitə aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik vasitə olduğunu bildirmişdir. Onun yaşadığı evə baxış keçirildikdə, oradan 2 kiloqrama yaxın qurudulmuş marixuana növündə narkotik vasitə və səhv etmirəmsə, tiryəkə bənzər maddələr aşkar olunmuşdur. Həmin qanunsuz vasitələri də İran İslam Respublikasının vətəndaşı olan şəxsdən satmaq və şəxsi istifadə etmək məqsədilə əldə etdiyini demişdir. Məhkəmədə şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən hal ilə bağlı dərhal əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılmış, müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə ona üzərində olan qanunsuz vasitələri təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik vasitə olduğunu bildirmişdir. Onun yaşadığı evə baxış keçirildikdə, oradan 2 kiloqrama yaxın narkotik vasitə aşkar olunmuşdur. Həmin qanunsuz vasitələri də İran İslam Respublikasının vətəndaşı olan şəxsdən şəxsi istifadə etmək məqsədilə əldə etdiyini demişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışını həyata keçirməsinə dair əməliyyat məlumatı olsa da, bu fakt təsdiqini tapmamışdır. Ümumilikdə, Təqsirləndirilən şəxs 2 kiloqrama yaxın marixuana və həşiş növündə narkotik vasitələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında, küçədə saxlamışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Bakı şəhərindən Qazax şəhərinə və Qazax şəhərindən Bakı şəhərinə **-EU-*** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz” markalı avtomobili ilə taksi sürücüsü kimi fəaliyyət göstərirdi. Qazax şəhərində tanımadığı bir qadın ona iplə bağlanmış yorğan vermiş və onu dediyi ünvana çatdırmağını bildirmişdir. O da həmin yorğanı gətirib Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs bacısı Qazax şəhərində onların qonşusudur. O, narkotik vasitə istifadə etməmiş, narkotik vasitə daşınmasına görə cinayət məsuliyyətinə cəlb olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o atası və digər ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi, 71 nömrəli binada yaşamışlar. Hadisə baş verdiyi gün atası Təqsirləndirilən şəxs diş həkiminə aparmışdır. Günorta radələrində atasını yaşadıqları evin həyətinə düşürmüş və ustaya təmir üçün verdiyi telefonu götürməyə getmişdir. Yenidən evə qayıtdıqda, evdə 8-10 nəfər şəxsin olduğunu görmüşdür. Onlar atasına əl qandalı tətbiq etmişlər. Daha sonra əmisi oğlu Məhərrəm Hacıyev gəlmişdir. Polis əməkdaşları onların telefonlarını götürmüşlər. Bundan sonra onlar atasını aparmışlar, bir qədərdən sonra yenidən evə gətirmişlər. Yaşadıqları evdə narkotik vasitə olmasından xəbəri olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, hadisə baş verdiyi vaxt o işdə olmuş, qardaşı və əmisi oğlu ona zəng edib polis əməkdaşlarının evə gəldiklərini demişlər. O, dərhal evə gəlmişdir. Polis əməkdaşları əvvəlcə onu evə buraxmamışlar. Polis əməkdaşları qardaşı Şahid4 və əmisi oğlu Məhərrəm Hacıyevin mobil telefonlarını götürmüşdülər. Onlar ona başqa şəxsin telefonu vasitəsilə zəng edib məlumat vermişdilər. Polis əməkdaşları onu evə buraxmadıqları üçün o, çöldə gözləyirdi. Az sonra onlar atasını aparmışlar və 15 dəqiqədən sonra yenidən gəlmişlər. Bu dəfə evə videoçəkiliş vasitəsilə baxış keçiriləcəyini bildirib evin onun adına qeydə alınması səbəbindən onun da baxışda iştirak etməli olduğunu demişlər. Bundan sonra onu Abşeron Rayon Polis İdarəsinə dəvət etmişlər. Atası Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələr barədə sonradan soruşduqda, onları Şahid5 gətirdiyini, əmisinin qaynı Nurəddin Cabbarovun götürməli olduğunu bildirmişdir. Nurəddin Cabbarovun mobil telefonu onlarda olmuşdur. Atasından narkotik vasitələr barədə soruşduqda ona İran İslam Respublikasının vətəndaşı olan şəxs barəsində demişdir. Nurəddin Cabbarovun telefonundan İran İslam Respublikasının vətəndaşı olan şəxsin telefon nömrəsini götürüb onunla əlaqə saxlamışdır. Həmin şəxs Nurəddin Cabbarov ilə aralarında problemlər olduğunu, onun pul verməli olduğu halda vermədiyini bildirmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» 16 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman sağ əlində saxladığı ağ rəngli sellofan torbanın içərisindəki sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 31-34) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “evə baxış və götürmə aparılması haqqında” 16 avqust 2022-ci il tarixli protokoldan görünür ki, ünvan 3 ünvanında yerləşən Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilərkən girişdən sol tərəfdə yerləşən yatağının aşağı hissəsində 01 ədəd qara rəngli idman çantasının içərisində 01 ədəd bükümdə həşiş qətranına bənzər kütlə, 5 sellofan torbada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və 1 ədəd elektron tərəzi aşkar olunmuşdur. (Cild 1, iş vərəqləri 38-40) «Şəxsi axtarış və götürmə aparılması haqqında» və «evə baxış və götürmə aparılması haqqında» 16 avqust 2022-ci il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı 02 ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu disklərə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı və evə baxış zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertiza üzrə 17 avqust 2022-ci il tarixli, 7/903 nömrəli rəyin nəticə hissəsində aşağıdakılar göstərilmişdir – təqdim olunmuş üzərində: “Təqsirləndirilən şəxs üzərindən...” yazısı və imzalar olan kağız paketdəki oi(bir) ədəd sellofan torbada təmiz çəkisi - 50 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim olunmuş üzərində: "Təqsirləndirilən şəxs yaşadığı..., yazısı və imzalar olan qara rəngli idman çantasındaki 05 (beş) ədəd sellofan torbada ayrı-ayrılıqda təmiz çəkiləri: 790 qram; 345 qram; 315 qram; 230 qram; 220 qram; olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (Cild 1, iş vərəqləri 46-50) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 22 sentyabr 2022-ci il tarixli, 5420 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərinqəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 147-148) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Bakcell MMCdən daxil olmuş xx.xx.2023-cü il tarixli BKC/LGL-3974/23 nömrəli məktuba əlavə edilmiş CD diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi vasitəsi ilə X2 anası Yeganə Cabbarovanın adına olan ***-***-**-** saylı və atası Heydər Cabbarovun adına olan ***-***-**-** saylı mobil nömrələri ilə 2022-ci ilin iyul ayından 2022-ci ilin avqust ayının 16-dək olan müddətdə dəfələrlə və mütəmadi olaraq əlaqə saxladığı, habelə X4 istifadəsində olan ***-***-**-** sayır mobil nömrəsi ilə 07-08 avqust 2022-ci il tarixdə cəmi dörd dəfə əlaqə saxladığı müəyyən edilmişdir. (Cild 1, iş vərəqləri 213-265) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “mobil telefona baxış keçirilməsi haqqında” 20 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş bir ədəd “Samsung” markalı mobil telefona baxış keçirilmiş, həmin telefonun üzərində olan Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəsi ilə X6 məxsus ***-***-**-** saylı mobil nömrəsi arasında 06 iyun 2022-ci il tarixdən 14 avqust 2022-ci il tarixədək dəfələrlə və mütəmadi olaraq telefon danışıqları aparılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs məxsus həmin telefonda müxtəlif adlar altında qeyd edilmiş +**********75 və +**********71 saylı İran islam Respublikasına məxsus mobil nömrələr aşkar edilmişdir. (Cild 2, iş vərəqləri 6-12) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş komisyon ambulator məhkəmə-psixiatrik ekspertizasının 24 sentyabr 2022-cİ il tarixli 2545 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Onun barəsində tibbi xarakterli məcburi müalicə təbirlərinin tətbiq edilməsinə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqləri 149-151) Cinayət işi materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 02 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 1949,4 qram narkotik vasitə qurudulmuş marixuana, 314,95 qram narkotik vasitə həşiş qətranı, 01 ədəd elektron tərəzi və 01 ədəd “Samsung” markalı mobil telefon maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. Şəxsi axtarış, evə baxış görüntülərini əks etdirən 02 ədəd disk, həmçinin "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 2, iş vərəqləri 41-59) “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 500 qram, narkotik vasitə həşiş qatranının isə şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,4 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 40 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı narkotik vasitə qurudulmuş marixuana və həşiş qatranının həmin narkotik vasitələrin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddindən, həmçinin külli miqdar daxil olmaqla aşağı həddindən böyük həcmdə artıq olması, həmçinin üzərindən elektron tərəzi aşkar olunması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları, narkotik vasitələrin satışı ilə məşğul olmaması, narkotik vasitə döşəyin arasında onun evinə gətirilməsi, əşya kimi saxlanılması üçün ona verilməsi və gətirilənədək həmin əşyalar arasında narkotik vasitə olmasında onun məlumatının olmaması, eləcə də polis əməkdaşlar tərəfindən ona təzyiq olunması ilə bağlı bağlı gətirdiyi dəlilləri və irəli sürdüyü iddiaları özünü müdafiə xarakterli kimi qiymətləndirib, hesab edir ki, bu dəlillər və iddialar işin hallarına uyğun olmamaqla yanaşı iş üzrə digər obyektiv sübutlarla təkzib olunur. Məhkəmə həmçinin təqsirləndirilən şəxslərin övladladlarının məhkəmədə verdiklərin ifadələrinin onun mənafeyinə uyğun şəkildə verilmiş ifadə kimi qiymətləndirir, lakin bununla belə bu ifadələrin məğzi Mahir Haxıyevdə narkotik vasitənin aşkar edilməsini təkzib etmir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, 8 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon Məhkəməsinin 11 oktyabr 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2008-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkumluğu ödənildiyindən və həmin Məcəllənin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv etdiyindən, məhkəmə hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsi məhkumluğu olmayan şəxs kimi tanıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1 və 61.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 16 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 18 avqust 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, daha sonra həmin məhkəmənin 14 dekabr 2022-ci il, 15 mart 2023-cü il və 13 iyun 2023-cü il tarixli qərarları ilə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 21-22, 79-83, 142-145, 195-199) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 16 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan bir ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan 1.949,4 qram narkotik vasitə qurudulmuş marixuana, 314,95 qram narkotik vasitə həşiş qətranı məhv ediməli, 01 ədəd “Samsung" markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarından birinə qaytarılmalıdır. 03 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 78 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, ««Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 16 avqust 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan 1.949,4 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 314,95 qram çəkidə narkotik vasitə həşiş qətranı məhv edilsin, bir ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınsın, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung" markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılsın. 03 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar