Məhkəmə qərarları › İş №1(124)-212/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-212/2024

13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-212/2024 13.03.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X6 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1987-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli və himayəsində üç azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olub, ünvan 2vanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 14,057 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində daşıyaraq saxlamış, 01 fevral 2023-cü il tarixdə, saat 13:40-da Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Koroğlu küçəsində yerləşən “Əşya” bazarının yaxınlığında saxlanılaraq polis idarəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan yaşıl rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd bükümdə ümumi təmiz çəkisi 14,057 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə ailə üzvləri ilə birgə yaşadığı ünvandan çıxaraq qız övladlarını rəsm kursuna aparmış, 4-cü məhəllə ilə 5-ci məhəllənin kəsişməsində həyat yoldaşı və qızlarını düşürdükdən sonra avtomobili ilə əşya bazarında yerləşən yağlama mərkəzinə getmiş və orada namazını qılıb avtomobilinə aid yanacaq qatqısını alıb çıxarkən 8-9 mülki geyimli polis əməkdaşı ona yaxınlaşaraq zorakı şəkildə və təhqiramiz ifadələrlə qollarına qandal vuraraq “Range Rover” markalı avtomobilə mindirmişlər. Avtomobildə olarkən belinə və qarın nahiyəsinə zərbələr vuraraq ondan telefon və avtomobilinin açarın istəyərək əllərini cibinə salaraq telefon və açarı götürmüşlər. Bundan sonra Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmişdir. Yuxarı mərtəbədələrdən birinə qaldırılaraq arxadan ayağına təpik vuraraq dizi üzərində otuzdurulmuşdur. Bundan sonra başına və belinə müxtəlif zərbələr endirilmiş, sonra otaqlardan birinə salınaraq növbəti dəfə təhqirlər edilmiş və qarnına təpiklə zərbə vurulmuşdur. Sonra ciblərindəki əşyaların stolun üzərinə çıxartmasını istəmişlər, cibindəki əşyaları çıxardarkən heç vaxt üzünü görmədiyi ona aid olmayan əşya və predmet stolun üzərinə qoyulmuş, bu zaman yenidən ona qarşı zorakılıq tətbiq edilərək təhqiramiz ifadələrlə cibindən çıxan əşya predmetin narkotik olduğunu və bunun ona aid olduğunu boynuna qoymağa çalışmışlar. O, imtina etdikdə və ona aid olmadığımı dedikdə isə ailə üzvlərinin - qızı və həyat yoldaşının maşından düşürdüyü yerə götürdüklərini cibindən çıxan və ona aid olmayan predmetin üzərinə götürməyəcəyi təqdirdə ailə üzvlərini bölməyə gətirəcəklərini və onların problemlə üzləşəcəyini bildirmişlər. Bundan sonra onu qaramaskalıların olduğu otağa aparacaqları ilə təhdid etmişlər. Bütün bunlardan sonra cibindən çıxan predmetin ona aid olduğunu məcburi şəkildə etiraf etmişdir. Polis əməkdaşları sözügedən kütləni boynuna alaraq Bakı şəhəri, 20 yanvar metrosu tərəfdən tanımadığı şəxsdən 30 manata almasını deməsini bildirmişlər. Bütün təhdid və təhqirlərdən sonra deyilən formada ifadəni vermişdir. Bundan sonra ona təhiqatçının yanına qaldırılacağını, orada da eyni ifadələri təkrar etməli olduğunu demişlər. Bundan sonra təhqiqatçının otağına getmiş, ona dövlət hesabına təyin edilmiş vəkil təqdim olunmuş, prosesin öz vəkili ilə birgə olmasını istədikdə isə təmin edilməmişdir. Bundan sonra polis əməkdaşarının iştirakı ilə üzərinə baxış keçirilmiş və təhdid təzyiq ilə cibinə qoyulan predmeti videoçəkilişlə stolun üzərinə qoymuş və ona aid olduğunu məcbur şəkildə bildirmişdir. Videoçəkiliş 2 dəfəyə həyata keçirilmiş, birinci videoçəkiliş zamanı dövlət hesabına təyin edilən vəkildən imtina etdiyini bildirdikə videoçəkiliş dayandırılmış, Tural və Elmir adlı polis əməkdaşları təhqiqat otağının yanındakı severə (tualetə) onu apararaq aşağıdakı təhdid və təzyiqləri xatırlatmışlar və vəkildən imtina etmədiyini bildirməsini istəmişlər. Bundan sonra növbəti videoçəkiliş olmuşdur. İkinci videoəçkilişdə bir çox sənədlər artıq birinci video çəkiliş zamanı imzalanmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, polis əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə saat 13-14 arası saxlanılmışdır. Onun heç bir polis əməkdaşı ilə ədavət və ya düşmənçiliyi olmamışdır. Hesab edir ki, dindar olması səbəbi ilə ona qarşı belə bir hərəkətə yol verilmişdir. İbtidai araşdırmanın ilkin mərhələsində verilən ifadəni qəbul etmir, çünki həmin ifadəni polis əməkdaşlarının diqtəsi ilə vermişdir, daha doğrusu onlar tərəfindən hazırlanmış və onun tərəfindən imzalanmışdır. Narkotik vasitənin ona heç bir aidiyyəti yoxdur. O, heç vaxt narkotik vasitə istifadə etməmişdir. Döyülməyə məruz qalsa da, bununla bağlı heç kimə, o cümlədən heç bir orqana şikayət etməmişdir. Üzərində heç bir xəsarət qalmamışdır. İbtidai araşdırmanın ilkin mərhələsində müdafiə hüququ pozulmuşdur. İstədiyi vəkillə müdafiə olunması üçün şərait yaradılmamışdır. Məhkəmədən barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Üzərinə video çəkilişlə şəxsi axtarış keçirilən zaman narkotik vasitənin onun üzərinə polis əməkdaşları tərəfindən qoyulması ilə bağlı müdafiəçisinə heç bir söz deməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 13 radələrində Suqmayıt şəhəri, Koroğlu küçəsində yerləşən “Əşya” bazarının yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirərək onu Sumqayıt Şəhər Polis İdarəsinə dəvət etmişlər. O, buna etiraz etməmişdir. Üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin etmək üçün vəkil X7 təqdim olunmuş, o, etiraz etmədiyini bildirmişdir. Daha sonra videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmış, o, əynində olan gödəkcəsinin sol yan cibində saxlamış olduğu telefonunu, həmin gödəkcəsinin sağ yan cibində saxlamış olduğu 01 ədəd sellofan bükümdə olan heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra onun təqdim etdiyi 01 ədəd büküm açılan zaman bükümün içərisində heroinə bənzər maddənin olduğu aşkar edilmişdir. Sorğu zamanı həmin maddənin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni 2 gün əvvəl Bakı şəhəri, 20 Yanvar metrosu ərazisində tanımadığı şəxsdən 30 manata şəxsi istiafdəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 01 fevral 2023-cü il tarixdə ona Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi, satması və saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, dərhal təxirə salınmaz qaydada əməliyyat tədbirinin keçirilməsi qərara alınmış, əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 13:40-da Sumqayıt şəhəri, Koroğlu küçəsində yerləşən “Əşya” bazarının yaxınlığında saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmişdir. İdarədə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin olunmuş və üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində yaşıl rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd sellofan bükümdə heroinə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddəni 2 gün əvvəl Bakı şəhəri, 20 Yanvar metrosu ərazisində tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün aldığını bildirmiş, həmin heroinə bənzrə maddə elektron tərəzi vasitəsi ilə ölçülmüş və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən şahid göstərmişdir ki, şəxsə qarşı hər hansı təsir və ya təzyiq olmamış, həmçinin təqsirləndirilən şəxs saxlanılan zaman hər hansı bir müqavimət göstərməmiş və ona güc tətbiq olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 ayrıayrılıqda Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsuatları təsdiq etmişlər. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Sumqayıt Şəhər Polis İdarəsinə Sumqayıt şəhəri ərazisində Xəyal adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin istifadəsi, satışı və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat yolu ilə həmin şəxsin xx.xx.1987-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olub, ünvan 2vanında yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olmuşdur (cild 1, iş vərəqi 03). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə Sumqayıt şəhəri ərazisində vətəndaşların sorğusu əməliyyat tədbirlərin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, daxil olmuş əməliyyat məlumatına əsasən xx.xx.1987-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olub, ünvan 2vanında yaşayan Təqsirləndirilən şəxs həmin tarixdə Sumqayıt şəhəri “Əşya bazarı” yaxınlığında saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmişdir (cild 1, iş vər. 08). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı əynində olan yaşıl rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd bükümdə ümumi təmiz çəkisi 14,057 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq qanunauyğun qaydada qablaşdırılaraq götürülmüş, şəxsi axtarışın əks olunduğu video görüntü CD diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir (cild 01, iş vər. 30-31). Cinayət işinin materiallarında olan məhkəmə fiziki-kimyəvi eskpertizasının xx.xx.2023cü il tarixli 6/627 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Zərflər üçün №124” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə..” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 14,057 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (cild 01, iş vər. 37-41). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 31 mart 2023-cü il tarixli, 1776 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 162-163). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 206, 234.4.1, 234.4.4, 167-2 və 167-3-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 220-232). Məhkəmə istintaqı zamanı əldə olunaraq cinayət işinin materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs tərəfindən polis əməkdaşları tərəfindən təzyiqə və təsirə məruz qalması ilə bağlı qeyd olunan xüsusatlar Sumqayıt şəhər prokurorluğunda araşdırılmış və həmin xüsusatlar öz təsdiqini tapmadığından xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edilməsi, şübhəli şəxs qismində tutulması, üzərinə şəxsi axtarış keçirilərək narkotik maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamla bağlı, yəni Təqsirləndirilən şəxs sözügedən narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi və üzərində daşıması ilə bağlı gəldiyi nəticə, dolayısı ilə də sonuncunun əməlinin CM-in məhz 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi qənaət əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyatqeydiyyat işi açılmamış, polis əməkdaşları tərəfindən narkotik vasitənin satışını həyata keçirən şəxs kimi nəzarətə götürülməmiş və konkret olaraq narkotik vasitənin satışını həyata keçirərkən saxlanılmamış, sadəcə barəsində əməliyyat məlumatı daxil olduğu üçün polis şöbəsinə dəvət olunaraq şübhəli şəxs qismində tutulmuş və üzərinə şəxsi axtarış keçirilərkən üzərindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 14,057 qram külli miqdarda olan narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Sözügedən narkotik vasitənin satış məqsədi ilə əldə olunmasına gəldikdə isə, məhkəmə kollegiyası hesab edir ki, bu hissədə də ittiham yalnız ibtidai istintaq orqanının ehtimalına əsaslanmışdır. Belə ki, cinayət işinin materiallarında olan sübutlar, o cümlədən həmin narkotik vasitələrin ayrı-ayrı bağlamalara, xırda və eyni ölçülü bükümlərə yığılmaqla saxlanılmaması, evindən və həyətyanı sahəsindən başqa narkotik vasitənin aşkar olunmaması, habelə üzərindən və evindən elektron tərəzinin aşkar olunmaması onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan 01 ədəd sellofan bükümdə təmiz çəkisi 14,057 qram külli miqdarda olan narkotik vasitə heroin satış məqsədi olmadan əldə olunaraq saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi özünün ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertizanın rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, onun əməli CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyünü, narkotik vasitəni üzərinə polis əməkdaşlarının qoyduğunu bildirsə də məhkəmə kollegiyası vurğulamağı zəruri sayır ki, qeyd olunan xüsusatlar Sumqayıt şəhər prokurorluğunda araşdırılmış və həmin xüsusatlar öz təsdiqini tapmadığından, xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar müdafiə tərəfinə təqdim olunmuşdur. Lakin müdafiə tərəfindən həmin qərar mübahisələndirilməmiş və hazırda qüvvədədir. Digər tərəfdən, Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni polis əməkdaşları tərəfindən döyülməsi, aşkar olunan narkotik vasitə heroinin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin dövründə deyil, yalnız müqavilə üzrə müdafiəçisi prosesə qoşulduqdan sonra bu halı qeyd etmişdir ki, məhkəmə bu halın müdafiə taktiksasından irəli gələn hərəkətlər olması qənaətindədir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai istintaqın sonrakı mərhələsində, həm də məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai araşdırmanın ilkin dövründə müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsini qoyur. Müdafiəçi məhkəmə iclasındakı çıxışında və məhkəməyə təqdim etdiyi yazılı müdafiə nitqində Təqsirləndirilən şəxs barəsində ibtidai araşdırmanın ilkin mərhələsində həyata keçirilən prosessual hərəkətlərin pozuntularla aparıldığını, istədiyi və seçdiyi müdafiəçi ilə təmin olunmadığını, maddi imkanı ona istədiyi vəkillə müqavilə bağlamağa imkan verdiyi halda dövlət hesabına təyin olunan müdafiəçi ilə təmin olunaraq ilkin prosessual hərəkətlərin məhz həmin müdafiəçi ilə həyata keçirildiyini, bu halın isə şəxsin müdafiə hüququnu pozduğunu, əməliyyat qrupuna daxil olduğu üçün maraqlı şəxs olması əsası ilə ilkin prosessual hərəkətləri həyata keçirən təhqiqatçının özü-özünə etiraz etməli şəxs olduğu halda, bunu etmədən prosessual hərəkətlərin həyata keçirildiyini, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun isə bu hala heç bir münasibət bildirmədiyini, bundan əlavə cinayət işinin başlanması qərarının Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin rəis müavini Elşad Şahbazov tərəfindən qəbul edildiyini, habelə həmin şəxsin iş üzrə ibtidai istintaqın gedişində hüququ olmadığı halda bir sıra prosessual hərəkətlər etdiyini, istintaq hərəkətləri həyata keçirdiyini, bütün bunlara isə cinayət prosessual əsasların olmadığını, qeyd olunan bu halların isə nəticədə ibtidai araşdırmanın ilkin mərhələsində əldə edilən sübutların etibarsızlığına dəlalət etdiyini, həmin sübutların qanunazidd əldə olunduğunu bildirməklə həmin sübutların sübutlar siyahısından xaric edilməsini və təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir ki, məhkəmə kollegiyası müdafiəçinin çıxışında vurğuladığı xüsusatlara münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin mərhələsində müdafiə hüququnun pozulması ilə bağlı müdafiə tərəfin arqumentinə münasibətdə qeyd edir ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs polis idarəsinə gətirildikdən sonra onun şübhəli şəxs qismində tutulması barədə qərar qəbul olunmuş, daha sonra ona vəkillərin siyahısı təqdim olunmuş, şəxs heç bir təsir altında qalmadan öz seçimi əsasında Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 müdafiəçi qismində seçmiş, müdafiəçi ilə bağlı heç bir etirazını bildirməmiş, özünün müqavilə əsasında vəkilinin olması ilə, ya da özünün müqavilə əsasında istədiyi vəkilin dəvət olunması ilə bağlı hər hansısa bir qeyd aparmamışdır. Daha sonra həmin müdafiəçinin iştirakı ilə müəyyən prosessual hərəkətlər həyata keçirilmiş, həmin prosessual hərəkətlərin həyata keçirilməsi ərəfəsində də Təqsirləndirilən şəxs müdafiəçi ilə bağlı hər hansısa bir etiraz bildirməmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı ibtidai araşdırmanın ilkin mərhələsindən Təqsirləndirilən şəxs hüquqlarının təmin olunması, xüsusən də müdafiə hüququnun təmin olunması baxımından zəruri olan bütün tədbirləri görmüşdür. Belə olan halda, ibtidai araşdırmanın ilkin mərhələsində təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə bağlı qənaətə gəlmək qeydi-mümkündür. Müdafiə tərəfin mübahisələndirdiyi digər bir məsələ əməliyyat qrupuna daxil olduğu üçün maraqlı şəxs olması əsası ilə ilkin prosessual hərəkətləri həyata keçirən təhqiqatçının özü-özünə etiraz etməli şəxs olduğu halda, bunu etmədən prosessual hərəkətləri həyata keçirdiyi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun isə bu hala heç bir münasibət bildirmədiyi ilə bağlıdır ki, bu hala münasibətdə məhkəmə kollegiyası vurğulamağı zəruri sayır ki, cinayət işinin materiallarına əsasən əməliyyat məlumatının əldə edilməsi nəticəsində müvafiq tədbirlərin keçirilməsi üçün əməliyyat istintaq qrupu yaradılmış, sözügedən təhqiqatçı da həmin əməliyyat qrupuna üzv təyin olunmuşdur. İş üzrə müvafiq ilkin sənədləşmələri həyata keçirən həmin təhqiqatçı isə birbaşa həmin əməliyyat tədbirinin keçirilməsində deyil, yalnız müvafiq rəsmiləşdirilmələrin həyata keçirilməsində iştirak etmişdir. Belə olan halda həmin təhqiqatçının işdə maraqlı olması qənaətinə gəlinməsi qeyrimümkündür. Odur ki, ibtidai araşdırmanın gedişində həmin əsasla şəxsin özünün-özünə etiraz etməli olmasına, həmçinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun da buna münasibət bildirməsinə heç bir zərurət qalmamışdır. Cinayət işinin başlanması qərarının Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin rəis müavini Elşad Şahbazov tərəfindən qəbul edilməsi, habelə həmin şəxsin iş üzrə ibtidai istintaqın gedişində hüququ olmadığı halda bir sıra prosessual hərəkətlər etməsi, istintaq hərəkətlərini həyata keçirməsi ilə bağlı müdafiə tərəfinin arqumentlərinə gəldikdə isə qeyd olunmalıdır ki, cinayət prosessual qanunvericiliyin heç bir müddəasında belə bir fəaliyyətin istintaq şöbəsinin rəis müavininə qadağan edildiyi əks olunmamışdır. Əksinə CPM-in 85-ci maddəsinin müddaəlarından görünür ki, istintaq şöbəsinin rəisi (o olmadıqda müavini) müstəntiqin bütün səlahiyyətlərindən istifadə etmək səlahiyyətindədir. Odur ki, müdafiəçinin müdafiə nitqində göstərdiyi xüsusatlar nəzərə alınmaqla iş üzrə ibtidai araşdırmanın ilkin mərhələsində əldə edilən sübutların sübutlar siyahısından xaric edilməsi və təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması qeyrimümkündür. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə (arvadı və 2012, 2015 və 2018-ci il təvəllüdlü üç uşağı ilə) birlikdə ünvan 1 ünvanında qeydiyyatda olub, ünvan 2vanında yaşayır, yaşayış yeri üzrə normal səciyyələndirilir (cild 01, iş vərəqi 176, 214-215). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır (cild 01, iş vər. 118-119). Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olması CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən halın olmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə il tarixdə saat 14:00-da şübhəli şəxs qismində tutulmuş, lakin həmin protokolda şəxsin hüquqlarının faktiki olaraq həmin tarixdə saat 13:40-da məhdudlaşdırıldığı göstərilmişdir (cild 01, iş vər. 25). Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 76-77). Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzasının başlanğıcı şabhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bundan əlavə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 31 mart 2023-cü il tarixli, 1776 nömrəli tibbi yoxlamaya dair rəyə əsasən ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata götürülməlidir. İş üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 14,007 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 (bir) ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 80 AZN (səksən manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 14,007 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 (bir) ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 80 AZN (səksən manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar