Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-215/2022 22.06.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), X4 və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi–Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər, “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi Şəmsəddin oğlu, xx xxxxxx 1967-ci ildə Xaçmaz rayonu, Tel kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, Xaçmaz rayonu, Tel kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya (əkmə, yetişdirmə) etmişdir. Belə ki, o, 2021-ci ilin may ayının sonlarından etibarən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Samur-Yalama Milli Parkının mülkiyyətində olan, Xaçmaz rayonu, Tel kəndinin yaxınlığında yerləşən meşə ərazisində 0,01 ha torpaq sahəsində narkotik tərkibli əkilib-becərilməsi qadağan olunmuş, külli miqdarda, yəni, 311 (üç yüz on bir) ədəd çətənə (kannabis) bitkisini qanunusuz olaraq aqrotexniki qaydada qulluq etməklə əkib, yetişdirərək kultivasiya etmiş, 09 iyul 2021-ci il tarixdə qeyd olunan ünvana saat 16:10-dan 16:45-dək olan vaxt ərzində Xaçmaz RPŞ-nin və Yalama PB-nin əməkdaşları tərəfindən onun iştirakı ilə baxış keçirilən zaman 311 (üç yüz on bir) ədəd kultivasiya olunmuş yaş vəziyyətdə, ümümi çəkisi 17560,0 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2021-ci ilin may ayının axırlarında yaşadığı kəndin yaxınlığında yerləşən meşə ərazisində fərdi təsərrüfatında saxladığı iribuynuzlu heyvanları otaran zaman açıq yerdə çətənə bitkisinin şitillərinin olduğunu görüb həmin şitilləri kökündən çıxarıb, həmin yerdən təxminən 1 kilometr uzaqda yerləşən təxminən 1 sot ərazidə ağacları və otları təmizləyib yer düzədərək əkmişdir. Təxminən 310-315 ədəd şitil basdırmış, o, həmin yerdə 4 metr su quyusu qazaraq həmin sudan əkdiyi çətənə kollarını sulayıb onlara qulluq etməyə başlamışdır. 10 gündən bir həmin çətənə kollarına qulluq etmişdir. 09 iyul 2021-ci il tarixdə təxminən saat təxminən 16 radələrində o, çətənə bitkilərinə qulluq edən zaman olduğu yerə polis əməkdaşları gəlib narkotik bitkiləri əkib-becərməkdə şübhəli olduğunu bildirərək çətənə kollarını əkdiyi yerə videoçəkilişlə baxış keçirmiş, o, həmin bitkiləri özü tək əkib-becərməyini səmimi olaraq etiraf etmiş və həmin bitkilərilə birlikdə qulluq ediyi alətləri də polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Xaçmaz RPŞ-nin Yalama PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 2021-ci ilin iyul ayında Təqsirləndirilən şəxs Tel kəndi yaxılığında, meşə ərazisində külli miqdarda çətənə bitkisi əkməklə məşğul olması barədə polis bölməsinə əməliyyat məlumatı daxil olmuş həmin əməliyyat məlumatı rəisə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna o, Şahid2 və polis nəfəri Şahid3 daxil olmuşdur. Onlarla birlikdə meşə ərazisinə baxış keçirən zaman Təqsirləndirilən şəxs də həmin ərazidə olmuş və sonuncu aşkar edilən çətənə bitkilərini özünün əkdiyini bildirmişdir. Həmin ərazidən təxminən 311 ədəd çətənə bitkisi aşkar edilmiş, Təqsirləndirilən şəxs də razılığı ilə orada videoçəkiliş aparılmış və İslan Əlimulayevdən hansı səbəbə bu qədər çətənə bitkisi əkdiyini soruşduqda sonuncu şəxsi istifadəsi üçün əkdiyini söyləmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 da ifadə verərək Şahid1 göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq edərək göstərdi ki, Xaçmaz RPŞ-nin Yalama PB-nin polis nəfəri kimi işləyir. Təqsirləndirilən şəxs barəsində daxil olan əməliyyat məlumatı əsasında Xaçmaz rayonu, Tel kəndində olan meşədə olarkən çətənə bitkiləri aşkar etmişlər. 311 ədəd çətənə kolu aşkar edilmiş və Təqsirləndirilən şəxs həmin çətənə kollarının özünə aid olduğunu demişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid2 ibtdai istintaq zamanı verdiyi ifadəsində görünür ki, o, Şahid1 Hikmət oğlunun göstərdiyi halları özünə aid hissədə təsdiq etmişdir. (i.v.166-168) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid4 ibtdai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, “2003-cü ildən Xaçmaz rayon İcra Hakimiyyəti Xaçmaz mənzil istismar idarəsinin aqronom-nəzarətçisi işləmiş, 09 iyul 2021-ci il tarixdə, saat 16 radələrində Xaçmaz RPŞ-nin Yalama polis bölməsinin əməkdaşlarının dəvəti ilə keçiriləcək baxışda aqronom-mütəxəssis kimi iştirak etmək üçün polis Yalama polis bölməsinə getmiş, polis əməkdaşları ilə birlikdə 09 iyul 2021-ci il tarixdə, saat 16 radələrində Xaçmaz rayonu, Tel kəndində yaşayan, sonradan tanıyaraq şəxsiyyəti barədə öyrəndiyi Təqsirləndirilən şəxs yaşadığı kəndin ərazisindəki meşə sahəsinə getmiş, həmin yerdə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərini külli miqdarda əkib, yetişdirməsi barədə polisə məlumat daxil olduğu və bu məlumatın yoxlanılmasından ötrü həmin sahəyə videoçəkiliş vasitəsi ilə baxış keçiriləcəyi bildirilmiş, Təqsirləndirilən şəxs baxış keçirilməsinə etiraz etməmiş, baxış keçirilməmişdən əvvəl təhqiqatçı Fehruz Qasımov tərəfindən Təqsirləndirilən şəxs, həmçinin ona və polis əməkdaşlarına hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs baxış keçirilən ərazidə əkdiyi bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu səmimi etiraf edərək, həmin bitkiləri qurudulmuş marixuana əldə etmək məqsədilə 2021-ci ilin may ayında özü tək əkib qulluq göstərərək yetişdirdiyini və bu barədə heç kimin xəbəri olmadığını bildirmiş, baxış zamanı aşkar edilmiş bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu təsdiq edərək onlara aqrotexniki qaydada qulluq göstərildiyini, yəni diblərinin yumşaldıldığını, su verilərək nəm halına gətirildiyini və alaq otlarından təmizləndiyini, günəş işığının düşdüyü yerdə əkildiyini bildirmiş, Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Tel kəndi ərazisində yerləşən meşə sahəsində narkotik tərkibli çətənə bitkilərini külli miqdarda əkib yetişdirdiyi, otlardan, agaclardan və kollardan təmizlədiyi ərazini göstərib həmin ərazidə narkotik tərkibli çətənə bitkilərini öz istifadəsi üçün əkib yetişdirdiyini bildirmiş, bununla yanaşı Təqsirləndirilən şəxs baxış keçirilən yerdə təxminən 2 metr dərinlikdə su quyusunu, iki ədəd vedrəni, bir ədəd sapı qısa olan beli, yerdə qalaqlanmış gübrələri göstərib həmin gübrədən çətənə bitkilərinin yetişdirmək üçün, qeyd olunan kənd təsərrüfat alətlərindən isə əkdiyi çətənə bitkilərinə aqro-texniki qaydada qulluq etmək üçün istifadə etdiyini bildirmiş, bundan sonra aşkar edilmiş bitkilər hamısı bir-bir kökündən çıxarılaraq sayılmış, aşkar edilən kolların ümumilikdə 311 (üç yüz on bir) ədəd olması müəyyən edilmiş, həmin 311 (üç yüz on bir) ədəd çətənə bitkisinin kolları 04 (dörd) ədəd ağ rəngli sintetik torbada qablaşdırılıb möhürlənərək maddi sübut kimi götürülmüş, təhqiqatçı tərəfindən baxış keçirilməsi və həmin bitkilərin aşkar edilərək maddi sübut kimi götürülüb qablaşdırılması barədə protokol tərtib edilmiş, protokol ucadan oxundu, protokolun məzmunu olduğu kimi yazıldığı üçün əvvəlcə Təqsirləndirilən şəxs, daha sonra o da daxil olmaqla digər iştirakçılar protokola və maddi sübut kimi götürülmüş çətənə bitkilərinin qablaşdırmasının üzərinə imza etmişdirlər.”(i.v.158-160) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 09 iyul 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Təqsirləndirilən şəxs yaşadığı Tel kəndi yaxınlığında yerləşən meşə massivindəki sahə olmuş, həmin sahə Tel kəndindən meşə maasivi ilə Ləcət kəndinə gedən torpaq yolunun sol tərəfində 3 km məsafədə yerləşmiş, sahə meşə otlarından, ağaclarından təmizlənməklə 0.01 hektar olmuş, sahənin girişində 2 metr dərinliyində su quyusu qazılmış, quyunun ətrafında 2 ədəd yaşıl rəngli plasmas vedrələr, onlardan bir qədər aralında sapı kəsik bel aşkar edilmiş, sahədə hündürlükləri təxminən 0.60 sm-dən 2 metrə kimi narkotik tərkibli bitkiyə oxşar çətənə kolları əkilmiş, baxış zamanı Təqsirləndirilən şəxs həmin çətənə kollarını göstərərək 2021-ci ilin may ayının axırlarında şəxsi istifadəsi üçün əkdiyini, həmin ərazidə aşkar olunan 2 ədəd yaşıl rəngli plasmas vedrə ilə həmin bitkilərə mütəmadi olaraq su verdiyini, 1 ədəd sapı kəsik olan bel ilə əkdiyi bitkilərin dibini yumşaltmaqla həmin bitkilərə aqro-texniki qaydada qulluq etdiyini bildirmiş, baxışda iştirak edən aqronom-mütəxəssis Şahid4 həmin bitkilərin çətənə bitkisi kolları olduğunu, bitkilərə aqro-texniki qaydada qulluq edildiyini, əkildiyi torpağın yumşaldılaraq, su verilərək münbit şərait yaradıldığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs əkib, yetişdirdiyi narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kolları özünün, aqronommütəxəssisin və digər iştirakçıların iştirakı ilə kökündən çıxarılaraq sayılmış və bitki kollarının 309(üç yüz doqquz) ədəd olması aşkar edilmiş, bundan əlavə sahənin kənarına kökündən çıxarılaraq atılmış yaş vəziyyətdə olan çətənə bitkisinə oxşar 02 (iki) ədəd bitki kolları da aşkar edilmiş, beləliklə, ümumilikdə 311 (üç on bir) ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar kollar 04 (dörd) ədəd ağ rəngli sintetik torbada möhürlənərək qablaşdırılıb götürülmüş, baxış zamanı 02 (iki) ədəd yaşıl rəngli vedrə və 01 (bir) ədəd sapı kəsilmiş bel maddi sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən götürülmüş, Təqsirləndirilən şəxs meşə ərazisində əkdiyi narkotik tərkibli çətənə bitkisinin kollarına oxşar kolların aşkar edilərək götürülməsi Xaçmaz RPŞ-nin Yalama PB-nin polis nəfəri, polis serjantı X3 tərəfindən əvvəldən axıra kimi mobil telefon vasitəsi ilə videoçəkiliş edilərək qeydə alınmış və görüntülərin köçürüldüyü disk protokola əlavə edilmişdir. (i.v.16- 17) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “DVD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Xaçmaz RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X1 RPŞ-nə Xaçmaz rayonu, Tel kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı kəndin ərazisində yerləşən meşə sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkiləri külli miqdarda kultivasiya etməsi barədə daxil olmuş məlumat əsasında, həmin əraziyə baxış keçirilməsi üçün gəldiyini bildirdikdən sonra Təqsirləndirilən şəxs müraciət edərək, onun özünü təqdim etməsini bildirmiş, Təqsirləndirilən şəxs özünü təqdim etmiş, təhqiqatçı X5 müraciət edərək, onun yaşadığı kəndin ərzisində yerləşən meşə sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkiləri külli miqdarda əkib, yetişdirməsi barədə daxil olmuş məlumat əsasında həmin yerə onun iştirakı ilə videoçəkiliş vasitəsilə baxış keçirilməsinə etirazının olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmiş, Daha sonra təhqiqatçı baxışda iştirak edən polis əməkdaşları: Xaçmaz RPŞ-nin Yalama PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, PB-nin polis nəfəri, polis kiçik serjantı Şahid3 oğlunu, Yalama PB-də manqa komandiri Şahid2, aqronom-mütəxəssis kimi dəvət edilmiş Şahid4 təqdim etmiş, təhqiqatçı Təqsirləndirilən şəxs müraciət edərək, gəldiyi ərazidə müşahidə olunan spesifik qoxulu narkotik tərkibli bitkilərə oxşar bitkiləri kimin əkdiyini soruşduqda Təqsirləndirilən şəxs həmin bitkilərin narkotik tərkibli çətənə bitkisinin kolları olduğunu, 2021-ci ilin may ayında özünün əkib, aqro-texniki qaydada qulluq etdiyini, öz şəxsi istifadəsi üçün əkibyetişdirdiyini bildirmiş, təhqiqatçı Təqsirləndirilən şəxs sual verərək, əkdiyi bitkilərə hansı formada qulluq etdiyini soruşduqda Təqsirləndirilən şəxs həmin bitkilərə su və gübrə verdiyini bildirmiş, təhqiqatçı Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri əkdiyi yerin sahəsinin nə qədər olmasını soruşduqda Təqsirləndirilən şəxs həmin ərazinin 1 sot(0.01 hektar) olduğunu demiş, Təqsirləndirilən şəxs sahənin girişində qazılan 2 metr dərinlikdə su quyusunu göstərib həmin su quyusunu özünün qazdığını və əkdiyi narkotik tərkibli çətənə bitkilərinə su vermək üçün quyudan çıxan sudan istifadə etdiyini bildirmiş, quyunun ətrafında 2 ədəd yaşıl rəngli plasmas vedrələr, onlardan bir qədər aralında sapı qısa olan bel aşkar olunmuş və Təqsirləndirilən şəxs həmin vedrələri özünün oraya gətirdiyini, vedrələrdə çətənə bitkilərinə su verdiyini, beli də özünün oraya gətirdiyini və beldən bitkilərin dibini yumşaltmaq üçün istifadə etdiyini demiş, baxış zamanı Təqsirləndirilən şəxs həmin çətənə kollarını göstərərək 09 iyul 2021-ci il tarixdə saat 16 radələrində həmin bitkilərə qulluq edən zaman polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmiş, baxışda iştirak edən aqronom-mütəxəssis Şahid4 həmin bitkilərin çətənə bitkisi kolları olduğunu, bitkilərə aqro-texniki qaydada qulluq edildiyini, əkildiyi torpağın yumşaldılaraq, su verilərək münbit şərait yaradıldığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs əkib, yetişdirdiyi narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kolları özünün, aqronom-mütəxəssisin və digər iştirakçıların iştirakı ilə kökündən çıxarılaraq sayılır, torpaqda əkilmiş 309(üç yüz doqquz) ədəd bitki kolları ilə yanaşı yaxınlıqda, sahənin kənarına kökündən çıxarılaraq atılmış yaş vəziyyətdə olan çətənə bitkisinə oxşar 2(iki) ədəd bitki kolları da aşkar edilmiş, beləliklə ümumilikdə 311 (üç on bir) ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar kollar 04 (dörd) ədəd ağ rəngli sintetik torbada möhürlənərək qablaşdırılıb götürülmüş, baxış zamanı 02 (iki) ədəd yaşıl rəngli vedrə və 01 (bir) ədəd sapı kəsilmiş bel maddi sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən götürülmüş, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs əkib yetişdirdiyi çətənə bitkisi kollarına oxşar bitki kolları ekspertiza tədqiqatına təqdim edilməsi üçün götürüldüyü izah edilmiş, bundan sonra təhqiqatçı tərəfindən baxışın başa çatması elan edilmiş. görüntü dayandırılmış, diskdə olan videogörüntü 32 dəqiqə 58 saniyə davam etmiş, diskə baxış keçirilən zaman baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdə müşahidə olunan şəxsin özü olduğunu və protokolun tərtib edilməsi barədə heç bir etirazı, vəsatəti və tələbinin olmadığını bildirmişdir. (i.v.99-100) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz rayon Mənzil İstismar İdarəsinin aqronomu Şahid4 tərəfindən tərtib edilmiş 09 iyul 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Xaçmaz rayonu, Tel kəndi ərazisində meşə sahəsinə baxış keçirilərkən aşkar edilərək götürülmüş cəmi 311 (üç yüz on bir) ədəd bitkilər çətənə (kannabis) bitkilərinə oxşar bitkilərdir. Onların dibləri boşaldılmış, aqrotexniki qaydada qulluq edilməklə kultivasiyə edilmişdir. (i.v. 19) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 10 iyul 2021-ci il tarixli, 7/658 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində izahedici yazılar və imzalar olan 4(dörd) ədəd ağ rəngli sintetik torbalarda yaş vəziyyətdə, ümumi sayı 311(üç yüz on bir) ədəd, ümumi çəkisi-17560,0 qram olan bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş, narkotik tərkibli çətənə(kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. (i.v.56-59) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 28 avqust 2021-ci il tarixli, 3118 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs Kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (i.v.186-187) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Maddi sübut qismində tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz olaraq, külli miqdarda kultivasiya etdiyi meşə ərazisinə baxış keçirilməsinin köçürüldüyü, hadisə yerinə baxış keçirilməsi protokoluna əlavə edilmiş 01 (bir) ədəd DVD disk maddi sübut hesab edilmişdir. Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərini külli miqdarda kultivasiya etdiyi əraziyə Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən baxış keçirilən zaman götürülmüş iki ədəd plasmas vedrə və bir ədəd bel habelə 311 (üz yüz on bir) ədəd, yaş vəziyyətdə ümumi xalis çəkisi 17560,0 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri maddi sübut hesab edilmiş, həmin bitki kollarının ekspert tədqiqatında sonra qalıq qalmış 17559,64 qramı, iki ədəd plasmas vedrələr, bir ədəd bel Xaçmaz RPŞ-nin Maddi sübutların saxlanma otağına verilmişdir. (i.v.104-105) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v.135) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Nabran kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikdən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs, evlidir, Xaçmaz rayonu, Tel kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin kənddə yaşayır və müsbət xarakterizə olunur. (i.v.194-195) Azərbaycan Respiblikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs etirafedici ifadələrini iş üzrə digər sübutlarla, yəni şahid ifadələri, istintaq hərəkətlərinin protokolları və ekspert rəyləri ilə tam uyğunluq təşkil etdiyinə görə ittihamın həlli üçün kifayət edən sübut qismində qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanunun 1.0.6cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 19-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının şərhi Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilər” İİİ siyahının 1.2-ci bəndinə əsasən 16 ədəddən yuxarı çətənə bitkisi külli miqdar hesab edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsini və xarakterini nəzərə almaqla yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın qanunda göstərilən məqsədlərinə nail oluna bilər. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Təqsirləndirilən şəxs cinayətini etiraf edərək əməlindən peşman olması, əvvəllər məhkum olmaması, yaşayış yeri üzrə müsbət xarakertizə olunması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6) İş materiallarından görünür ki, 09 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, 11 iyul 2021-ci il tarixli Xaçmaz rayon Məhkəməsinin qərarı ilə əvvəli 09 iyul 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, Xaçmaz rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 09 fevral 2022-ci il tarixədək uzadılmışdır. (i.v 29, 95-98, 182-185) Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, 09 iyul 2021-ci il tarixdən 09 fevral 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlandığı 7 (yeddi) ay müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılmalı, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 22 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab etdiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanılmalıdır. Bundan başqa, məhkəmə-narkoloji ekspertizasının 28 avqust 2021-ci il tarixli, 3118 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Xaçmaz Rayon Polis Şöbəsində saxlanılan 311 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, 02 (iki) ədəd vedrələr, 01 (bir) ədəd bel məhv edilməli, 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza tədqiqinə sərf olunmuş 130.46 (yüz otuz manat qırx altı qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 iyul 2021-ci il tarixdən 09 fevral 2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə və ev dustaqlığında saxlandığı 7 (yeddi) ay müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 4 (dörd) il 11 ay (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 22 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. O, qeydiyyatda olduğu ərazi üzrə narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Xaçmaz Rayon Polis Şöbəsində saxlanılan 311 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, 02 (iki) ədəd vedrələr, 01 (bir) ədəd bel məhv edilsin, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 130.46 (yüz otuz manat qırx altı qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-215/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-215/2022
22.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver