Məhkəmə qərarları › İş №1(124)-217/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-217/2023

02.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-217/2023 02.03.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X2 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxxx 1987-ci il tarixdə Rusiya Federasiyası, Krasnoyarsk vilayətində doğulmuş, Gürcüstan Respublikası vətəndaşı, subay, iki azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Gürcüstan Respublikası Bolnisi rayonu, Qoşakilsə kəndində daimi qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, “ünvan 1 ünvanında müvəqqəti kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, rəsmi nikah münasibətlərində olduğu dayısı qızı xx xxxx 1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs ilə aralarında ailə-məişət zəminində baş verən mütəmadi mübahisələrə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli qərarı əsasında 09 sentyabr 2014-cü il tarixdə bağlanmış 1973 saylı nikah pozulduqdan bir il sonra yenə də qeyri-rəsmi ailə münasibətlərini davam etdirib aralarında eyni zəmində yenidən baş verən mübahisələrə görə 2022-ci ilin fevral ayından müxtəlif mənzillərdə ayrı yaşamalarına baxmayaraq, o, 30 may 2022-ci il tarixdə saat 21:20 radələrində yüngül alkoqol sərxoşluğunun təsiri altında Zərərçəkmiş şəxs ilə mobil telefonla danışdığı vaxt “işdən çıx evə gəl, anam da gedib, birlikdə yaşayaq” deməsinə sonuncunun “səni istəmirəm, mənim karyeram var, sən get həyatını qur, mənim yaşadığım var” deyə cavab verməsindən sonra Rəqsanənin ona xəyanət etməsi qənaətinə gəlib qısqanclıq zəminində onu qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “ünvan 1 ünvanının mətbəxindən cinayətin aləti kimi istifadə etmək üçün bir ədəd zavod üsulu ilə hazırlanmış tiyəsi 140 mm, dəstəyi 110 mm olmaqla ümumi uzunluğu 250 mm olan, soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağını götürüb sonuncunun yaşadığı həmin şəhərciyin 58-ci və 59-cu blokları arasında bir müddət gözlədikdən sonra təxminən saat 22:20 radələrində Zərərçəkmiş şəxs azyaşlı övladı, 15 dekabr 2014-cü il təvəllüdlü oğlu Şahid1 və rəfiqəsi Şahid2 ilə birlikdə gəldiklərini görüb özü ilə gətirdiyi bıçağı çıxarıb Zərərçəkmiş şəxs yaxınlaşaraq heç bir söz demədən psixi emosional sferasında yaranmış hirslilik fonunda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk edib onları idarə etmək iqtidarında olmaqla azyaşlı övladı Şahid1 gözü qarşısında anasına və oğluna xüsusi iztirab və əzab verdiyini başa düşüb, eyni zamanda müstəsna qəddarlıq nümayiş etdirərək, yəni xüsusi amansızlıqla sağ əlindəki bıçaqla Zərərçəkmiş şəxs həyat əhəmiyyətli orqanlarının yerləşdiyi nahiyələrə çoxsaylı, yəni 8 ədəd deşilmiş-kəsilmiş və kəsilmiş, 5 ədəd sıyrıq və qançır xəsarətləri olmaqla kəskin qanitirmədən ölümünə səbəb olan, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid “İV-V qabırğaarası sahədən sol plevra boşluğuna nüfuz edərək ağciyərin aşağı payını zədələyən döş qəfəsinin ön səthinin sol yarısının, İİ qabırğaarası sahədən döş boşluğuna nüfuz edərək ürək kisəsini və aortanı zədələyən döş qəfəsinin ön səthinin sol yarısının, sol bazu oynağı, sol yanaq nahiyələrinin, boyun nahiyəsinin sol yan səthinin, üst dodağın selikli qişasını dəlib keçərək ağız boşluğuna keçən və sol yanağın selikli qışasını zədələyən deşilmiş-kəsilmiş yaraları, sol saidin, başın sol gicgah nahiyəsinin kəsilmiş yaraları, habelə burun nahiyəsinin qançırı, sağ gicgah almacıq, sağ gicgah, sağ dirsək oynağı və sağ said nahiyəsinin sıyrıqları” xəsarətlərini yetirməklə Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, 2010-cu ildə öz dayısı qızı Rəqsanə ilə Gürcüstanda ailə qurmuş, 2013-cü ildə isə Bakıya köçmüşlər. Onların 9 yaşında və 3 yaşında olmaqla 2 uşaqları var. 2017-ci il tarixdə boşanmışlar, 1 il ayrı qaldıqdan sonra yenidən barışıb birgə yaşamışlar, lakin rəsmi nikah bağlamamışlar. Hadisədən 4-5 ay əvvəl valideynləri Gürcüstana qayıtmışdır. 08 dekabr 2021-ci il tarixdə atası rəhmətə getmiş, Gürcüstanda dəfn işlərini həll edəndən sonra anasını da Bakıya gətirmişdir. Anasını gətirməmişdən qabaq Rəqsanə ona narazılıq etmiş, daha sonra Rəqsanənin anası gəlib onu aparmış, ona “nə vaxt ayrı yaşayacaqsansa Rəqsanəni gəlib apararsan” demişdir. İki ay onlar ayrı qalmışlar. Valideynləri Rəqsanəyə ondan icazəsiz onun qaldığı binanın 1-ci mərtəbəsində kirayə ev tutmuş, ofisdə iş tapmışlar. 2022-ci il, mayın 24-dən 25-nə keçən gecə işə gedəndə Rəqsanənin evinin işıqlarının yanılı olduğunu və içəridən səslər gəldiyini eşitmiş, qalxıb pəncərədən baxanda onun rəfiqəsi ilə birlikdə hansısa kişiylə danışdığını görmüşdür. Aşağı düşüb ona zəng vurmuş, əsəbi halda bir-biriləriylə telefonla danışmışlar. 1-2 gün sonra dayısına zəng etmiş, dayısı telefonu açmamışdır. Daha sonra özü ona zəng edib “eşitdim qızımı öldürmək istəyirsən, Rəqsanəni öldür, sənin də, mənimdə namusum təmizlənsin” demişdir. Hadisə olan gün Rəqsanə ona birlikdə yaşadığı şəxs olduğunu, özünə başqa bir həyat qurmaq istədiyini demişdir. Rəqsanəylə danışanda onun yanında Seyidzəhra adlı rəfiqəsi olduğunu, onların mübahisə etdiyini gördükdə Seyidzəhra qaçmışdır. O, Rəqsanəyə 8 bıçaq zərbəsi vurmuşdur. Hadisə zamanı oğlu orda yox, Seyidzəhranın bacısının evində olmuş, sonradan ora gəlmişdir. Hadisə yeri binadan 2-25 metr məsafədə olmuşdur. Binanın 7-ci mərtəbəsindən hadisə yerini görmək mümkün idi. Lakin uşağın Rəqsanənin rəfiqəsinin evindən hadisə yerini görməsi qeyri-mümkün idi. Hadisəni törətdiyi bıçaq isə maşında həmişə olan bıçaq idi. Həmin vaxt ətrafda heç kim olmamış, insanlar sonradan hadisə yerinə gəlmişdir. Hadisədən qabaq saat 12-13 radələrində evdə spirtli içki qəbul etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Ramil və Rəqsanə 2013-cü il tarixdə rəsmi nikaha daxil olmuş, onların bu nikahdan 2014-cü il tarixdə Amil adlı uşaqları dünyaya gəlmişdir. Ramil və Rəqsanə 2016-cı ildə ayrılmış, 2018-ci ildə barışmışlar. 2019-cu ildə isə Əli adlı uşaqları olmuşdur. 03 fevral 2022-ci il tarixdə Rəqsanənin xahişi ilə uşaqları götürüb evə gətirmişdir. Daha sonra, Rəqsanəyə “Gənclər” şəhərciyində kirayə ev tutub ora köçürmüşlər. Rəqsanə həmin şəhərcikdə yerləşən "xxxx" mobil operatorunun ofisinə satıcı kimi işə düzəlmişdir. 30 may 2022-ci il tarixdə saat 23 radələrində evdə olarkən Amilin müəlliməsi Əsmər xanım zəng edib Ramilin Rəqsanəni bıçaqlaması barədə məlumat vermişdir. Rəqsanənin rəfiqəsi Seyidxanıma zəng edib nə baş verdiyini soruşduqda o, “Ramil Rəqsanəni bıçaqla vurub, aparıblar xəstəxanaya, lakin Amil qorxusundan qaçıb, itib, tapa bilmirik, hadisə vaxtı Rəqsanə bacısı Zəhra ilə birlikdə olub” deyə bildirmişdir. Dərhal “Abşeron Gənclər Şəhərciyi” yaşayış massivinə getmişlər. Orada çoxlu polislər olmuşdur. Amili soruşduqda isə ona tanımadığı nömrədən zəng gəlmiş, Amilin onların evində olduğunu demiş və sonra Amili hadisə yerinə gətirmişdir. Amil ona hadisə günü Seyidzəhra və anası Rəqsanə ilə birlikdə yol gedərkən atası Ramilin onlara yaxınlaşaraq Rəqsanənin üzərinə gəldiyini, Rəqsanənin “bıçaq” deyə qışqırdığını, Zəhranın Amili qucaqlayaraq kömək çağırdığını, Amilin gözünün qarşısında Rəqsanəni bıçaqladığını demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hadisəyə qədər anası ilə birlikdə Abşeron rayonu, Gənclər şəhərciyində kirayədə qalmışlar. Qardaşı isə nənəsinin yanında qalmışdır. Atasının qaldığı ev onların evinə yaxın olmuşdur. Atası onunla görüşmək istəsə də, o istəməmişdir. Atasının anası və bacısı anası Rəqsanə ilə dava edir, hətta bir dəfə anasını boğmuşlar. 2022-ci il mayın 30-da axşam saatlarında anası ilə Seyidzəhranın evinə getmişlər. Anası öz dırnaqlarını Seyidzəhraya düzəltdirmişdir. İşlərini bitirəndən sonra evə getməyə hazırlaşmışlar, anası evə tək getməyə qorxduğu üçün Seyidzəhra da onlarla gəlmişdir. Evdən çıxıb şəhərciyin ərazisi ilə evə doğru gedərkən atası əlində bıçaqla anasının üzərinə gəlmişdir. Anası qışqıraraq qaçmışdır. Atası anasının saçından tutub yerə uzatmış və onun gözləri qarşısında ona ağır zərbələr endirmişdir. Sonra gözlərini açıb ona söyüşlər söymüşdür. Atası ilə birgə yaşadıqları dövrdə anası ilə mübahisə etməmişdir. Onların mübahisələri atasının anası və bacısı onlara gəldikdən sonra başlamışdır. Hadisədən 2-3 gün əvvəl atası Ramil evdə mətbəxə keçib əlinə bıçaq götürüb anasının üstünə gəlmiş, anası bıçağı vurub ona “çıx get buradan” demişdir. Atası anasına “atamın goruna and olsun səni öldürəcəm” demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Post Patrul Xidməti bölüyünün polis nəfəri, polis serjantı Şahid5 ifadəsində göstərdi ki, 2022-ci il mayın 30-da saat 20 radələrində Şahid4la birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, “Abşeron Gənclər Şəhərciyi” yaşayış kompleksi ərazisində patrul xidmətinə başlamışlar. Saat 22 radələrində kompleksin sakinlərinin qaçdıqlarını görüb dərhal həmin istiqamətdə qaçmışlar. Orada bir qadının yerdə qan içində uzandığını görmüşdür. Onlar çatanda qadında həyat əlamətləri var idi, xırıldayırdı. Zərərçəkmiş şəxsin yanında azyaşlı uşaq olmuşdur. Ora toplaşan insanlardan nə baş verdiyini soruşanda təqsirləndirilən şəxs qabağa gəlib hadisəni özünün törətdiyini demişdir. Şahid4la birlikdə dərhal təqsirləndirilən şəxsi avtopatrul xidmətinə aparıb rəhbərliyə məruzə etmişlər. Hadisə yerinə təcili tibbi yardım xidmətini dəvət etsələr də, onların gec gələcəyini başa düşüb yaralı xanımı öz şəxsi avtomobilləri ilə xəstəxanaya aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Post Patrul Xidməti bölüyünün polis nəfəri, polis serjantı Şahid8 ifadəsində göstərdi ki, 2022-ci il mayın 30-da Abşeron rayonu, Xırdalan şəhəri, “Abşeron Gənclər Şəhərciyi” yaşayış kompleksi ərazisində Şahid7lə patrul xidmətində olarkən polis əməkdaşları tərəfindən saxlanılan təqsirləndirilən şəxsi aparıb polis idarəsinə təhvil vermişlər. Təqsirləndirilən şəxs özü təslim olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Post Patrul Xidməti bölüyünün polis nəfəri, polis serjantı Şahid7 ifadəsində göstərdi ki, 2022-ci il mayın 30-da Abşeron rayonu, Xırdalan şəhəri, “Abşeron Gənclər Şəhərciyi” yaşayış kompleksi ərazisində Şahid8la patrul xidmətində olarkən Şahid5lə Şahid4 hadisə yerinə gedib, təqsirləndirilən şəxsi saxlamış, onlara bu haqda məlumat vermişlər. Onlar da təqsirləndirilən şəxsi aparıb polis idarəsinə təhvil vermişlər. Təqsirləndirilən şəxs özü təslim olmuş, polislərə müqavimət göstərməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hadisədən təxminən bir neçə gün öncə "xxxx" MMC-nin Xırdalan şəhəri “Abşeron Gənclər Şəhərciyi”ndə olan filialına yaxınlaşıb ödənişsiz dırnaq qaynağı edəcəyini demiş, Rəqsanə də gələcəyini bildirmişdir. 2022-ci il mayın 30-da saat 20 radələrində Rəqsanə oğlu Amillə onlara gəlmişdir. O, Rəqsanənin dırnaqlarına qaynaq edən zaman anası da Amilin dərsləri ilə məşğul olmuşdur. Saat 22 radələrində Rəqsanə oğlu Amillə getməyə hazırlaşmış, marketə getməli olduğu üçün onlarla birlikdə evdən çıxmışdır. Şəhərciyin içi ilə Rəqsanənin evi istiqamətində hərəkət etmişlər. Rəqsanənin yaşadığı 59 saylı binanın yanına çatanda qarşıdan ani sürətli addımlarla Rəqsanənin əri Ramil onlara yaxınlaşanda Rəqsanə möhkəm səslə “bıçaq” deyə qışqırmış, bu an Ramilin sağ əlində olan bıçaqla onlara yaxınlaşdığını görmüşdür. Qorxudan şoka düşdüyü üçün Rəqsanənin yanından qaçıb 5-10 metr onlardan aralanıb möhkəm qışqırmış, arxaya baxanda Amili çağırmağa başlamışdır. Bu vaxt Ramil və Rəqsanə ayaq üstə mübahisə edir, Amil də onlara yaxın bir yerdə dayanıb onlara baxırdı. Onun səsinə camaat yığılmış, hətta bir polis əməkdaşı qaçaraq onların yanına gəlmişdir. Onlar Azərbaycan Respublikası DİN-nin 102 məlumat mərkəzinə xəbər vermişlər. X5 üzərindən kənarlaşdıra bilməmişdilər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, hadisədən təxminən 8 ay əvvəl “Abşeron Gənclər Şəhərciyi” ərazisində olan 10 saylı orta məktəbdə rəfiqəsi Leylanın oğlu Hüseyni məktəbə aparan zaman orada Rəqsanə ilə tanış olmuşdur. Onun oğlu Amil Hüseynlə bir sinifdə oxuduğundan həmin vaxtdan Rəqsanə ilə ünsiyyətləri yaranmışdır. Hadisədən təxminən üç həftə öncə Rəqsanə "xxxx" MMC-nin Xırdalan şəhər “Abşeron Gənclər Şəhərciyin”də olan filialına satış təmsilçisi vəzifəsinə işə düzəlmiş, ondan bir həftə sonra o da həmin yerə işə düzəlmişdir. Hadisə baş verən gün saat 20 radələrində Rəqsanə oğlu Amil ilə bacısı Seyidzəhranın onun dırnaqlarını qaynaq etməsi üçün onlara gəlmişdir. Bacısı və Rəqsanə işlərini bitirənə yaxın Ramil Rəqsanəyə görüntülü zəng etmiş, onlar telefonda mübahisə etməyə başlamışlar. Saat 22 radələrində Rəqsanə oğlu Amillə getmək üçün duranda həmin vaxt bacısı Seyidzəhra da marketə gedəcəyini deyib onlarla birlikdə evdən çıxmışdır, bir neçə dəqiqədən sonra Seyidzəhra zəng edib ağlaya-ağlaya, qışqırıq səsləri ilə Rəqsanəni ərinin vurduğunu demişdir. Dərhal evdən çıxıb hadisə yerinə getmiş, ora çatanda Rəqsanəni yerdə uzanıqlı vəziyyətdə görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, o, hadisənin şahidi olmamışdır. Hadisədən səhəri günü xəbər tutmuşdur. Ona zəng edib Ramilin Rəqsanəni öldürdüyünü demişlər. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Post Patrul Xidməti bölüyünün manqa komandiri, polis baş serjantı Şahid6 ifadəsində göstərdi ki, 2022-ci il mayın 30-da polis nəfərləri Şahid7 və Şahid8la birlikdə xidməti avtopatrul avtomobili ilə xidmətdə ikən Masazır dairəsində olanda xidməti rabitə ilə Xırdalan şəhəri “Abşeron Gənclər Şəhərciyi” yaşayış kompleksi ərazisində xidmət aparan piyada naryadın əməkdaşları hadisə baş verməsi barədə məlumat verərək kömək istəmişlər. Dərhal hadisə baş verən əraziyə getmişlər. Hadisə yerində asfalt örtüyünün üzərində yaralı qadın var idi. Həmin vaxt orada çoxlu sayda sakinlər var idi. Piyada naryadlardan Şahid4 və Şahid5 də orada idi, avtomobildən düşüb hadisə yerinin mühafizəsini təmin edib RPİ-nin növbətçi hissəsinə məlumat vermişlər. Polis nəfəri Şahid4 bir nəfər şəxsi saxlamış, onlara həmin kişinin cinayəti törədən şəxs olduğunu, onu polis idarəsinə aparmaq lazım olduğunu demişdir. Şahid4la Şahid5 hadisə yerində qalıb yaralı qadına ilkin tibbi yardım göstərmiş, onlar isə həmin şəxsi avtomobilə əyləşdirib idarəyə aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ev kirayə vermişdir. Qonşular bir müddət sonra, hadisədən bir ay əvvəl onlar arasında mübahisə olduğu üçün binada səs-küy olması barədə ona şikayət etmişdilər. O də Ramillə danışmışdır. Ramil isə hər ailə kimi onlar arasında da mübahisələr olduğunu demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, 2022-ci il mayın 30-da saat 23 radələrində evdə olarkən arvadı Qızxanıma kimsə zəng etmiş, bu zəngdən sonra arvadı Ramilin Rəqsanəni öldürdüyünü demişdir. Onlar dərhal qızının yaşadığı Xırdalan şəhərində yerləşən “Abşeron Gənclər Şəhərciyi” yaşayış massivinə getmişlər. Həmin vaxt orada çoxlu sayda adamlar olmuş, lakin Rəqsanə həmin vaxt orada olmamışdır. Orada olan söhbətlərdən bilmişdir ki, Ramil qızı Rəqsanəni yaşadığı evin qarşısında bıçaqla vurmuşdur. O, işdə olanda qızı zəng edib Ramilin onu ölümlə hədələdiyini bildirmişdir. O da Ramilə zəng edib qızından nə istədiyini soruşmuşdur. O, telefonla danışanda Ramilə “qızımı öldür, özü namusunu da mənim namusumu da təmizlə” deməmişdir. Şahid10 həmçinin təqsirləndirilən şəxsin ailəsinin barışıq üçün cəhd etmədiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, hadisəni görməmişdir. Hadisənin 2022-ci il mayın 30-da saat 23 radələrində Masazır qəsəbəsində olduğunu bilmişdir. Amilin müəlliməsi zəng edib anasına hadisə barədə məlumat vermişdir. Anasının halı pisləşmiş, nə olduğun soruşduqda Ramilin Rəqsanəni bıçaqladığını bildirmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid12 ifadəsində göstərmişdir ki, 2015-ci ildən hal-hazıradək Abşeron rayonunda yerləşən Xırdalan şəhər 10 saylı tam orta məktəbdə ibtidai sinif müəlliməsi işləyir. Zərərçəkmiş şəxs ilə münasibəti yaxşı olmuş, aralarında düşmənçilik və ya ədavət olmamış, onunla tanışlığı məktəbdə yaranmışdır. Belə ki, onun oğlu Şahid1 ibtidai sinif müəlliməsi olduğu 2-ci sinif şagirdi olmuş, o, 2020-2021-ci tədris illərindən onun sinfində oxumuşdur. Zərərçəkmiş şəxs özü və ya oğlu Amil heç vaxt ailə problemlərindən danışmamış, lakin buna baxmayaraq onların ailəsində problemlər və maddi sıxıntılar olduğu hiss olunmuş, belə ki, bəzən Amil ona müraciət edib ac olduğunu, bufetdə yemək almağa pulu olmadığını demişdir. 2022-ci ilin fevral ayında Rəqsanə danışıq vaxtı ərindən ayrıldığını, bundan sonra ərindən ayrı yaşayacağını deyib müvəqqəti öz əşyalarını onun evinə yığmağı və ona işlərini yola vermək üçün bir neçə günlük şərait yaratmağı xahiş etmiş, sonradan o öz əşyalarını gəlib onun evindən götürüb şəhərcikdə yaşayan digər valideyn Seyidzəhranın evinə aparmışdır. Bəzən Rəqsanə zəng edib Biləcəri qəsəbəsində yaşayan valideynlərinin yanına getdiyini və Amili gətirə bilməyəcəyini demiş, hətta danışıq vaxtı o, X7 qəsəbəsində orta məktəblərini birinə keçirməyi tövsiyə etsə də, Rəqsanə Amilin ona və məktəbə bağlı olduğunu dediyinə, habelə onların maddi vəziyyətinə görə Amili təmənnasız dərsdən əlavə hazırlayıb dərs keçmişdir. Rəqsanə əri ilə 2022-ci ilin fevral ayında ayrıldıqdan sonra çox pis vəziyyətdə olmuş, bir dəfə ağlayaraq ona maddi imkanı olmadığını, kirayə ev axtardığını deyib ona maddi köməklik göstərməyi xahiş etmiş, sonra o, bu məsələni digər valideynlərlə müzakirə etmiş, onlar da qadın olaraq kimin nəyə imkanı çatdığından köməklik etmiş, ona həmin şəhərcikdə kirayə mənzilin birinci ayının pullarını yığıb dəstək göstərmiş, bundan sonra Rəqsanə uşaqları ilə həmin şəhərcikdə ayrı yaşamağa başlamış, özünə iş də axtarıb xadiməliklə, sakinlərin evlərini təmizləməklə özünə əziyyətlə, güclə pul qazanmışdır. Ümumiyyətlə Rəqsanə çox mərd, uşaqlarını sevən, güclü, xasiyyətcə aktiv, ünsiyyətli, mədəni insan olmuş, bildiyi qədər o namaz da qılmışdır. 30 may 2022-ci il tarixdə saat 23 radələrində Şahid3 ona zəng edib Ramilin həmin gün “Abşeron Gənclər Şəhərciyi” yaşayış kompleksinin ərazisində saat 22 radələrində arvadı Rəqsanəni bıçaqla qətlə yetirdiyini demişdir. Danışıq vaxtı Rəqsanə əri Ramilin onu qaytarmağa çalışdığını, lakin onun razı olmadığını, ərindən başqa qayınanası və baldızı ilə da mübahisə etdiklərini demişdir. (Cild 2, iş vərəqləri 29- 31) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid13 ifadəsində göstərmişdir ki, 30 may 2022-ci il tarixdə axşam saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, “Abşeron Gənclər Şəhərciyi” yaşayış kompleksində keçmiş əri tərəfindən qətlə yetirilən Zərərçəkmiş şəxs tanımış, belə ki, dindar qadın olduğu üçün onun kimi dindar olan “Abşeron Gənclər Şəhərciyi” yaşayış kompleksində yaşayan tanışı və qonşusu Şəfəq cari ilin mart-aprel aylarında ona şəhərcikdə bir kasıb ailənin dəstəyə ehtiyacı olduğunu demişdir. Həmin ehtiyacı olan şəxs Rəqsanə olmuş, o əri ilə ayrılıb iki azyaşlı övladları ilə qonşu binada kirayədə yaşamış, ona kənardan maddi dəstək olmaq və kömək etmək qərarına gələrək Şəfəqin vasitəsilə birinci dəfə 70 manat, ikinci dəfə 30 manat maddi dəstək göndərmiş, bacardığı qədər ona dəstək olmağa çalışıb iş təklifi olanda, məsələn ev təmizləmə işləri olanda Rəqsanəyə demiş, o, da gedib işləmişdir. 30 may 2022-ci il tarixdə saat 22:30 radələrində evdə olan zaman həyətdən möhkəm səs-küy eşitmiş, qışqırıq səsi uşaq və qadın səsləri olmuşdur. Balkondan baxanda bir qadının qışqıraraq həyəcanlı ora-bura qaçdığını görüb kiminsə dalaşdığını fikirləşmiş, lakin həmin vaxt həyətə çoxlu sayda adamlar yığışmış, polis əməkdaşları da gəlmiş, iki polis əməkdaşı bir kişinin qollarına girib polis avtomobilinə oturtmağa çalışmış, lakin həmin kişi müqavimət göstərib onlardan azad olmaq istəyərək harasa dartılsa da, polislər onu avtomobilə əyləşdirib oradan uzaqlaşdırmışdır. Balkondan baxandan sonra bu hadisənin adi dalaşma deyil, həyətdə nəsə ciddi bir şey baş verdiyini fikirləşmiş, həyətə düşəndə şəhərciyin sakinlərinin hamısının oraya toplaşdığını və polis əməkdaşlarını görmüşdür. Həmin vaxt sakinlərin danışıqlarından bilmişdir ki, şəhərciyin ərazisində qətl hadisəsi baş vermiş, həmin polislər tərəfindən tutulan şəxs Zərərçəkmiş şəxs oğlunun və rəfiqəsinin gözü qarşısında bıçaqlamış, uşağı da qonşulardan kimsə evinə aparmışdır. Bu hadisədən bir gün sonra şəhərcik ərazisində olan zaman ATV televiziya şirkətinin çəkiliş apardığını görmüş, həmin vaxt müxbirlər ondan da müsahibə almış, müsahibə zamanı müxbirlər onu Rəqsanənin rəfiqəsi kimi qələmə versələr də, onunla yaxın münasibətdə olmamış, dostluqları, düşmənçilikləri və ya ədavətləri olmamışdır. Baş vermiş hadisədən sonra Şəfəqin danışıqlarından bilmişdir ki, Rəqsanə əri ilə ayrılmış, ayrılma səbəbi ərinin, anasının və bacısının onu döyüb evdən qovması, yola verməməsi olmuş, bu səbəbdən də köçüb həmin şəhərcikdə bina 59-da birinci mərtəbədə solda olan mənzildə böyük oğlu ilə yaşamağa başlamış, kiçik oğluna isə onun öz anası baxmışdır. (Cild 2, iş vərəqləri 117-119) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid14 ifadəsində göstərmişdir ki, 30 may 2022-ci il tarixdə axşam saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, “Abşeron Gənclər Şəhərciyi” yaşayış kompleksində keçmiş əri tərəfindən qətlə yetirilən Zərərçəkmiş şəxs tanımış, onunla münasibəti yaxşı olmuş, aralarında düşmənçilik və ya ədavət olmamışdır. Onunla tanışlığı məktəbdə yaranmış, belə ki, onun oğlu Şahid1 oxuduğu Xırdalan şəhər 10 saylı orta məktəbdə uşağı oxuyan bir tanışı şəhərcikdə bir kasıb ailənin dəstəyə ehtiyacı olduğunu demiş, onunla tanış olanda o əri və iki azyaşlı övladları ilə “Abşeron Gənclər Şəhərciyi” yaşayış kompleksində 44-cü binada 10-cu mərtəbədə kirayədə yaşamış, onun öz sözlərinə görə o bir dəfə əri ilə boşanmış, sonra valideynlərinin iştirakı əri ilə barışmış, lakin rəsmi nikah bağlamamışdır. 2022-ci ilin fevral ayında onu görəndə onun sözlərindən əri ilə ayrıldığını, ayrılma səbəbinin ərinin, anası və bacısının onu döyüb evdən qovması, yola verməməsi olduğunu, bu səbəbdən də köçüb həmin şəhərcikdə bina 59, birinci mərtəbədə solda olan mənzildə böyük oğlu ilə yaşamağa başladığını, kiçik oğluna isə onun öz anasının baxdığını bilmişdir. Həmin vaxt o maddi vəziyyətinin pis olduğunu, işə ehtiyacı olduğunu, nə iş olsa ona deməsini demiş, danışıq vaxtı ona əri ilə barışmağı məsləhət görmüş, çünki tək qadının uşaqları böyütməsi çətin olduğu üçün uşaqlara ata lazım olmuş, Rəqsanə də ərinin gəlib onunla yaşasa barışacağını, amma onun anası və bacısı ilə yaşamaq istəmədiyini demişdir. Bacardığı qədər ona dəstək olmağa çalışmış, iş təklifi olanda, məsələn ev təmizləmə işləri olanda Rəqsanəyə demiş, o da gedib işləmiş, bəzən təmizlik işlərinə böyük oğlu ilə də getmişdir. Bir müddət sonra Rəqsanə şəhərcikdə "xxxx" şirkətinin ofisinə işə düzəlmiş, onun orada işlədiyi vaxt keçmiş əri Ramil gəlib onun iş yerində mübahisə yaratmış, camaatın içində üzərində olan beyciki sinəsindən qoparmış, həmin vaxt da polis əməkdaşları tərəfindən çağırılmışdır. 30 may 2022-ci il tarixdə saat 22:30 radələrində evdə olan zaman həyətdən möhkəm səs-küy eşitmiş, qışqırıq səsi uşaq və qadın səsləri olmuş, gedib başını bağlayıb pəncərədən həyətə baxanda orada çoxlu adamların yığışdığını görmüş, bir qadının da “vurdu, qızı vurdu” deyə qışqırıq səsini eşitmiş, sonra orada olan polislər də həmin qadından bir kişini göstərib “budur?” deyə soruşmuş, sonra da həmin kişini tutub polis avtomobilinə əyləşdirmişlər. Bu zaman həyətdə qırmızı-narıncı rəngli köynəkli bir uşaq olduğunu, onu binanın altında olan kafeyə aparıldığını görmüş, həmin uşağın Rəqsanənin oğlu Amil olduğunu hiss etmiş, çünki həmin gün günorta saatlarında "xxxx" şirkətinin ofisinin qarşısında Rəqsanənin oğlu Amili həmin köynəkdə görmüşdür. Oğlu Nihadla həyətə düşüb evin pəncərəsindən gördüyü uşağın həqiqətən də Amil olduğunu görüb danışıqlardan bilmişdir ki, Ramil Rəqsanəni bıçaqlamış, həmin vaxt Rəqsanənin yanında oğlu Amil və tanımadığı həmin qışqıran qadın olmuşdur. Onlar çıxanda artıq polislər Ramili və Rəqsanəni aparmış, danışıqlardan eşitmişdir ki, Ramil Rəqsanəni bıçaqla vuran zaman Rəqsanə oğlu və bir qadınla birlikdə olmuşlar. Həyətə düşəndə orada qonşusu Günel xanımı görmüş, o da hadisədən şoka düşmüş və Ramilin Rəqsanəni bıçaqla vurduğunu demişdir. Onlar Amilə yaxınlaşanda onun yanında polis əməkdaşları olmuş, Amili sakitləşdirməyə çalışıb “gəl səni aparaq nənənin yanına” deyəndə Amil “nənəm bunları elədi, atamı bezdirdi və atam anamı bıçaqla vurdu” demiş, yəni Amil hadisəni görmüşdür. Onun psixoloji vəziyyətini nəzərə alıb onu Günelin evinə aparmış, sonra Amil ana babasını istədiyi üçün müəllimələrin vasitəsi ilə Rəqsanənin anasının nömrəsini tapıb onunla əlaqə saxlamış, Rəqsanənin anası tez bir zamanda gəlib uşağı aparmışdır. (Cild 2, iş vərəqləri 110-112) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Abşeron rayonu, Xırdalan şəhəri, “Gənclə şəhərciyi” yaşayış kompleksinin həyətidir, kompleksin 58-ci və 59-cu bloklarının arasındakı məsafə polis əməkdaşları tərəfindən qırmızı lentə alınmışdır. 58-ci blokun qarşısında bıçaq dəstəyi və tiyəsi aşkar olunaraq götürülmüş, bıçağı tiyəsi dəstəyindən qırılmış vəziyyətdə olmuş, dəstəyi taxta materialdan olmaqla qəhvəyi rəngdədir, tiyəsi qanabənzər mayeyə bulaşmışdır. 58-ci blokun pilləkənindən sağda yerdə qanabənzər gölməçə və ləkələr vardır. (Cild 1, iş vərəqləri 4-11) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 31 may 2022-ci il tarixli 75 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı 6 ədəd deşilmiş-kəsilmiş yara, 2 ədəd kəsilmiş yara, 2 ədəd qançır və 4 ədəd sıyrıq aşkar edilmişdir. Deşilmişkəsilmiş yaralardan 2 ədəd daxilə nüfuz etmişdir. Həmin xəsarətlər aşağıdakılardır: 1) Döş qəfəsinin ön səthinin sol yarısının deşilmiş-kəsilmiş yarası (2,0x0,4 sm ölçüdə). Yaranın aşağı kənarı ayaq altından 130 sm yuxarıda yerləşir, bayır ucu iti, iç ucu isə kütdür. Yara İV-V qabırğaarası sahədən sol plevra boşluğuna nüfuz edərək ağciyərin aşağı payını zədələyir. Yara kanalının dərinliyi 6-7 sm-dir, istiqaməti soldan-sağa, yuxarıdan-aşağı və bir qədər öndən arxaya doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır. 2) Döş qəfəsinin ön səthinin sol yarısının deşilmiş-kəsilmiş yarası (4,2x0,2 sm ölçüdə). Yaranın aşağı kənarı ayaq altından 134 sm yuxarıda yerləşir, aşağı ucu küt, yuxarı ucu itidir, Yara İİ qabırğaarası sahədən döş boşluğuna nüfuz edərək ürək kisəsini və aortanı zədələyir. Yara kanalının dərinliyi 7 sm-dir, istiqaməti soldan sağa, yuxarıdan aşağı və bir qədər öndən arxaya doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır. 3) Sol saidin kəsilmiş yarası (2,0x1,0-0,3 sm ölçüdə). Yara köndələn və bir qədər çəp istiqamətdə yerləşmişdir. Yaranın ən dərin hissəsi başlanğıc və mərkəzi sahəsi olmaqla 0,6 sm-dir. Yara boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır. 4) Sol bazu oynağı nahiyəsinin deşilmiş-kəsilmiş yarası (3,0x1,0 sm ölçüdə). Yara köndələn istiqamətdə olub iç ucu iti, bayır ucu kütdür. Yara kanalının dərinliyi 1,5 sm-dir, istiqaməti soldan sağa və bir qədər yuxarıdan aşağıya doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır. 5) Sol yanaq nahiyəsinin deşilmiş-kəsilmiş yarası (1,7x0,5 sm ölçüdə). Yara sol ağız bucağı bərabərliyində yerləşmişdir, iç ucu iti, bayır ucu isə kütdür. Yara kanalının dərinliyi 2,5 sm-dir, istiqaməti yuxarıdan aşağı və bir qədər soldan sağa doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır. 6) Boyun nahiyəsinin sol yan səthinin deşilmişkəsilmiş yarası (1,5x0,3 sm ölçüdə). Yaranın aşağı kənarı ayaq altından 148 sm yuxarıda yerləşir və aşağı ucu iti, yuxarı ucu isə kütdür. Yara kanalının dərinliyi 2,0 sm-dir, istiqaməti yuxarıdan aşağıya və bir qədər soldan sağa doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır. 7) Üst dodağın deşilmiş-kəsilmiş yarası (2,2x0,5 sm ölçüdə). Yara dodaq haşiyəsindən bir qədər yuxarıda ayaq altından 153 sm məsafədə yerləşir, bayır ucu iti, iç ucu kütdür. Yara kanalının dərinliyi 5,0 sm-dir. Yara kanalının istiqaməti yuxarıdan aşağıya və bir qədər sağdan sola doğrudur. Yara üst dodağın selikli qişasını dəlib keçərək ağız boşluğuna keçir və sol yanağın selikli qışasını zədələyir. Dodağın selikli qişasında yaranın ölçüsü 2,0x0,3 sm, sol yanaqda isə 1,2x0,2 sm-dir. Yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır. 8) Başın sol gicgah nahiyəsinin kəsilmiş yarası (2,0x0,8 sm ölçüdə). Yara köndələn-çəp istiqamətdə yerləşmişdir, hər iki ucu itidir. Yaranın ən dərin hissəsi mərkəzi olmaqla 0,6 sm-dir. Yara boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır. 9) Burun nahiyəsinin qançırı (2,5x2,0 sm ölçüdə). 10-13) Sağ gicgah almacıq nahiyəsinin (4,0x1,2 sm ölçüdə), sağ gicgah nahiyəsinin (0,5x0,3 sm ölçüdə), sağ dirsək oynağı nahiyəsinin (1,5x1,5 sm ölçüdə), sağ said nahiyəsinin (3,0x0,5 sm ölçüdə) sıyrıqları; 14) Sol budun aşağı 1/3-nin ön səthinin yaşılımtıl rəngli, sarımtıl çalarlı qançırı (5,0x2,5 sm ölçüdə); Qeyd edilən xəsarətlər həyatidirlər, həmin xəsarətlərdən sol bud nahiyəsinin yaşılımtıl rəngli, sarımtıl çalarlı qançırı (№ 14) istisna olunmaqla digər xəsarətlər Zərərçəkmiş şəxs ölümündən az əvvəl, qərarın təsviri hissəsində göstərilən 30 may 2022ci il tarixdə əmələ gəlmişlər, ölümlə birbaşa səbəbli əlaqəlidir və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş sol bud nahiyəsinin qançırı isə ölümündən 6-10 gün əvvəl əmələ gəlmişdir və sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malik olduğundan dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlərdən deşilmiş-kəsilmiş yaralar deşici-kəsici əşyanın (alətin), kəsilmiş yaralar isə iti kənarlı əşyanın (alətin) təsirindən, qançır və sıyrıqlar isə küt əşyanın təsirindən əmələ gəlmişlər. Zərərçəkmiş şəxs ölümünə səbəb – döş qəfəsinin daxilə nüfuz edərək sol ağciyəri, aortanı və ürək kisəsini zədələyən deşilmiş-kəsilmiş yaraların törətdiyi kəskin qanitirmə olmuş, onun ölümü müayinəsindən (31 may 2022-ci il, saat 11:30) 12-16 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş deşilmiş-kəsilmiş yaralar ülgücü və küpü olan tiyə tipli deşici-kəsici əşyanın (alətin) təsirindən əmələ gəlmişlər. Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlərin xarakterini, lokalizasiyasını və təqdim edilmiş maddi sübut olan bıçağın konstruktiv xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, meyitdə aşkar edilmiş xəsarətlərdən deşilmiş-kəsilmiş və kəsilmiş yaraların təqdim edilmiş bıçağın və ona oxşar bıçaqların tiyəsinin deşici-kəsici və kəsici təsirindən əmələ gələ bilmələri mümkündür. Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş qançır və sıyrıqlar isə müxtəlif şəraitlərdə və həmçinin insan bədəninin hissələrinin (əl, əl barmağı, dırnaq, ayaq və s.) təsirindən əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs xəsarətlər yetirilərkən o, ayaqüstü, yarımoturaq, oturaq və uzanmış vəziyyətlərdə ola bilərdi. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı zamanı metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1.4 benzodiapezin törəmələri və salsilatlar aşkar edilməmişdir. Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı uşaqlıq yolu və arxa keçəcək möhtəviyyatı olan iki ədəd tampon və iki ədəd yaxmanın məhkəmə-tibbi tədqiqatı zamanı spermatozoidlər aşkar edilməmişdir. (Cild 2, iş vərəqləri 60-67) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 01 iyun 2022-ci il tarixli 1130 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində xəsarət aşkar edilmədi. (Cild 2, iş vərəq 42) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi bioloji ekspertizasının 06 iyun 2022-ci il tarixli 347/2022-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu – A beta/H/(İİ)-dir. Təqdim olunan bir ədəd tampon, bir ədəd bıçaq, Təqsirləndirilən şəxs məxsus cins şalvar, Zərərçəkmiş şəxs məxsus lifçik, alt mayka, trusik, qısaqol kofta, jaket və şalvar üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda “A”, “H” antigenləri və bəzi ləkələrdə, həmçinin beta aqqlyutinini də alındı. Bu qan ləkələri A beta /H/(İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Tədqiq olunan Təqsirləndirilən şəxs məxsus qısaqol mayka, bir cüt yay başmağı və kəmər üzərində qana şübhəli ləkələr aşkar olunmadı. (Cild 2, iş vərəqləri 47-51) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi kriminalistik ekspertizasının 25 aprel 2022-ci il tarixli 284/2022-MTKŞ saylı rəyindən görünür ki, təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sol yuxarı nahiyəsində iki ədəd və arxa səthinin sol yuxarı nahiyəsində bir ədəd (cəmi üç ədəd) dəlib keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan tiyə tipli, deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus jaket, mayka, büstqalter və tuman üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynək, şalvar, kəmər və bir cüt çəkələk üzərində əhəmiyyət kəsb edən hər hansı zədə aşkar edilmədi. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində sonradan təyinatının dəyişdirilməsi üçün heç bir əlavə və dəyişiklik edilməmişdir. Təqdim olunmuş bıçaq tiyəsi və dəstəyi eyni bir tamın (bıçağın) hissələridir. (Cild 2, iş vərəqləri 54-57) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən ambulator məhkəmə narkoloji ekspertizasının 02 iyul 2022-ci il tarixli 3605 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur və narkomaniya xəstəliyindən əziyyət çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 2, iş vərəqləri 131-132) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 08 avqust 2022-ci il tarixli 2091 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə də hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir və hazırki psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs özünə qarşı hörmət tələb etmək, ünsiyyətçilik, qıcığa qarşı həssaslıq, özünəməxsus mövqe və prinsipə malik olmaq və s. kimi fərdi psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyətli halları düzgün qavraya bilər. Təqsirləndirilən şəxs başqalarının təsiri altında hərəkət etməyə, özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman psixi emosional sferasında hirslilik yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. (Cild 2, iş vərəqləri 135- 138) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs 31 may 2022-ci il tarixdə saat 00:05-də müayinə olunarkən onda yüngül alkoqol sərxoşluğu aşkar olunmuşdur. (Cild 1, iş vərəq 53) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Abşeron rayon polis idarəsinin 14 iyul 2022-ci il tarixli 48719 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs idarənin İctimai təhlükəsizlik şöbəsində münaqişəli ailə kimi qeydiyyata alınmışlar. (Cild 2, iş vərəq 99) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli 3 №-li Qərarının izah və tövsiyələrini də rəhbər tutur. Belə ki, həmin Qərarın 8-ci bəndində verilən izaha əsasən təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs azyaşlı oğlunun gözü qarşısında öldürməsi, öldürmə prosesində təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar, yəni çoxlu sayda xəsarətlər yetirməklə ona qarşı son dərəcədə qəddarlıq nümayiş etdirməsi onun əməlində onun əməlində qəsdən adam öldürmə cinayətinin tövsifedici tərkibi olan xüsusi amansızlığın mövcud olmasının aşkar təzahürüdür. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azyaşlı oğlu Şahid1 hadisə zamanı orda olmaması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin iki azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləndirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 31 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 01 iyun 2022-ci il tarixdə Abşeron rayon məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli şübhəli şübhəli şəxs kimi tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 37, 121-124) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı onun könüllü olaraq hüquq-mühafizə orqanlarına gəlib təslim olduğu və faktiki azadlığının məhdudlaşdırıldığı 31 may 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan köynək, jaket, mayka, büstqalter, tuman, köynək, şalvar, kəmər və bir cüt çəkələk, eyni bir tamın hissəsi olan bıçaq tiyəsi və dəstəyi, habelə üzərində qan nümunələri olan bir ədəd tampon məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. İş materiallarından görünür ki, iş üzrə məhkəmə xərci yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli, «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 17 (on yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 31 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Abşeron rayon prokurorluğunda saxlanılan mərhum Zərərçəkmiş şəxs məxsus, yarasız vəziyyətdə olan köynək, jaket, mayka, büstqalter və tuman, Təqsirləndirilən şəxs məxsus köynək, şalvar, kəmər və bir cüt çəkələk, eyni bir tamın hissəsi olan bıçaq tiyəsi və dəstəyi, habelə üzərində qan nümunələri olan bir ədəd tampon məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar