Məhkəmə qərarları › İş №1(124)-218/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-218/2024

22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-218/2024 22.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X8 və X6 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1975-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt məhkəmə kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 mart 2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Qanlıgöl” adlanan yerin yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan “Əli" adlı İran İslam Respublikası vətəndaşından satış məqsədilə külli miqdarda ümumi çəkisi 5,178 qram olmaqla 3 (üç) ədəd şəffaf sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,925 qram, 0,522 qram və 0,731 qram psixotrop maddə metamfetamini və ümumi çəkisi 1,612 qram olan 4 (dörd) ədəd şəffaf sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,387 qram, 0,432 qram, 0,367 qram və 0,426 qram narkotik vasitə heroini 150 manat müqabilində qanunsuz olaraq əldə etməklə əynindəki qara rəngli dəri gödəkçənin sağ yan cibinə qoyub Abşeron rayonu Xırdalan şəhəri M.Hüseynzadə küçəsinə daşıyaraq saxlamış, 13 mart 2023-cü il tarixdə saat 22:30-da Abşeron rayon polis idarəsinin Narkotiklərlə mübarizə qrupunun əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu Xırdalan şəhəri M.Hüseynzadə küçəsində saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilmiş və 13 mart 2023-cü İl tarixdə saat 23:45-dən 14 mart 2023-cü il tarixdə saat 00:05-ə kimi üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli dəri gödəkçənin sağ yan cibindən həmin 3,925 qram, 0,522 qram, 0,731 qram psixotrop maddə metamfetamin, 0,387 qram, 0,432 qram, 0,367 qram, 0,426 qram narkotik vasitə heroin və sol yan cibindən isə üzərində heroin və metamfetamin izləri olan 1 (bir) ədəd “NV” markalı elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, 13 mart 2023-cü il tarixdə evində olmuşdur. Polis əməkdaşları onun evinə gələrək oradan onu aparmışlar. O narkotik istifadəçisidir və həmin vaxt üzərində bir qram yarım narkotik vasitə olmuşdur. Təqsirləndirilən şəxs narkotikin satışı ilə məşğul olmadığını qeyd etdi. Onun əynində olan gödəkcənin cibindən aşkar olunan narkotik ona məxsus olmamış və ümumiyyətlə gödəkcənin cibi istifadə üçün yararsız olmuşdur. Üzərinə baxış keçirilən zaman narotik vasitənin ovucunda olduğunu bildirmişdir. O təkrarən narkotik istifadəçisi olduğunu, istintaq zamanı verdiyim ifadəsini özü yazmadığını sadəcə imza etdiyini bildirmişdir. Əvvəlcə ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş sonra isə öyrənmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə qeydiyyata alıblar.Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu, uzun müddət Azərbaycanda yaşamadığından tanımadığı üçün harada tutulduğunu dəqiq bilmədiyini, tutulan zaman üzərində mobil telefon olmadığını bildirmişdir. Tutalan zaman ona polis əməkdaşları tərəfindən heç bir fiziki və psixoloji təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü təqsirli bilərək qeyd etmişdir ki, 12 mart 2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində İran İslam Respublikası vətəndaşından 150 manat pul müqabilində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin almışdır. 13 mart 2023-cü il tarixdə saat 22:30-da Abşeron rayonu Xırdalan şəhəri M.Hüseynzadə küçəsində piyada hərəkətdə olarkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşmışdır. Onlar özlərini təqdim edərək Abşeron rayon Polis İdarəsinin əməkdaşları olduqlarını bildirmiş və xidməti vəsiqələrini təqdim etmişlər. Daha sonra ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu, bu barədə əməliyyat məlumatı əldə edildiyi bildirilmiş, saxlanıldığı yerdə müvafiq sənədləşmə işlərinin aparılması qeyrimümkün olduğundan Abşeron rayon Polis İdarəsinə dəvət olunmuşdur. O, heç bir etiraz etmədən xidməti avtomobilə əyləşib polis əməkdaşlarının müşayiəti ilə polis idarəsinə getmişdir. Üzərində şəxsi axtarış keçirilməsinin zəruriliyi izah edildikdən sonra müvafiq ərizəni imzalamaqla hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına vəkil dəvət edilməsini xahiş etmişdir. Vəkili gəldikdən sonra aralarında konfidensial görüş polis əməkdaşları tərəfindən təmin edilmişdir. Daha sonra müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış keçirilmişdir. Əvvəlcə, ona hüquq və vəzifələri izah edilmiş, daha sonra üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. Bu zaman əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 4 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroin və 3 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetamin, daha sonra həmin gödəkçənin sol yan cibindən 1 ədəd “NV” markalı elektron tərəzini çıxararaq təqdim etmişdir. Daha sonra polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış davam etdirilmiş, lakin qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş 4 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroin, 3 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetamin və 1 ədəd "NV” markalı elektron tərəzi ekspertiza təyin edilməsi məqsədilə qablaşdırılmış və bunu imzalarla təsdiq etmişlər. Ona verilən suallara cavab olaraq həmin narkotik vasitə və psixotrop maddəni 12 mart 2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən "Qanlıgöl” adlanan yerdə İran İslam Respublikası vətəndaşından 150 manat müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində daşıdığını demişdir. Həmçinin Təqsirləndirilən şəxs dindirilərkən ona verilən suallara cavab olaraq 55-461- 94-19 və 70- 373-54-54 mobil nömrələrindən istifadə etdiyini, 12 mart 2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində narkotik vasitə və psixotrop maddə aldığı İran İslam Respublikası vətəndaşının adının Əli olduğunu, həmin şəxsdən ilk dəfədir narkotik vasitə və psixotrop maddə aldığını, Əli ilə "Whatsapp" ani mesajlaşma mobil tətbiqi vasitəsilə tanış olub əlaqə saxladığını, həmin şəxsin mobil nömrəsini sonradan sildiyini, narkotik vasitə və psixotrop maddəni axşam saatlarında aldığı üçün “Əli” adlı şəxsin zahiri əlamətləri barədə heç nə deyə bilməyəcəyini, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, narkotik vasitə və psixotrop maddə alarkən çəkisini müəyyən etmək məqsədilə elektron tərəzi götürdüyünü, həmin elektron tərəzini səbəbsiz üzərində gəzdirdiyini, 13 mart 2023-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhəri M.Hüseynzadə küçəsində saxlanılıb polis idarəsinə gətirilərkən və üzərində şəxsi axtarış keçirilməzdən Öncə əynindəki geyimlərə heç kimin baxmadığını və hər hansı bir formada müdaxilə olunmadığını göstərmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, Abşeron rayonu Xırdalan şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir münasibət olmamışdır. 13 mart 2023-cü il tarixdə Abşeron rayon Polis İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri satış məqsədilə əldə edib Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Ona görə də həmin tarixdə daxil olmuş məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs əməlinin ifşa olunaraq yaxalanması məqsədilə ondan və idarənin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Daha sonra tərəfindən əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs 13 mart 2023-cü il tarixdə saat 23:00 radələrində Abşeron rayonu Xırdalan şəhəri M.Hüseynzadə küçəsində piyada hərəkətdə olarkən saxlayıb əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmiş və saxlanıldığı yerdə müvafiq sənədləşmə işlərinin aparılması mümkün olmadığından Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. İdarədə şəxsin hüquqlarının müdafiə edilməsi məqsədilə müdafiəçi dəvət edilmiş və Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunmaqla buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra şübhəli şəxsin, müdafiəçisinin, həmçinin Şahid2 və onun iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması, daşınması, gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa, könüllü təqdim etməsi bildirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli dəri gödəkçənin sağ iç cibində saxladığı 4 ədəd şəffaf sellofan büküm və 3 ədəd şəffaf sellofan bükümü, sol iç cibindən isə 1 ədəd “NV" markalı elektron tərəzini çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərin nə olduğu soruşulduqda 4 ədəd bükümün içərisindəki kütlələrin narkotik vasitə heroin, 3 ədəd bükümün içərisindəki kütlələrin isə psixotrop maddə metamfetamin olduğunu demişdir. Şəxsi axtarış davam etdirilsə də, Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Ardınca aşkar edilmiş bükümlər və elektron tərəzi təhqiqatçı tərəfindən kağız zərflərdə qablaşdırılıb üzəri möhürlənərək götürülmüşdür. Şifahi sorğu zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs sellofan bükümlərdəki narkotik vasitə və psixotrop maddələri 12 mart 2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində adını bilmədiyi İran İslam Respublikası vətəndaşından 150 manat pul müqabilində aldığını və şəxsi istifadəsi məqsədilə üzərində saxladığını, elektron tərəzini isə aldıqlarının çəkisini ölçmək üçün istifadə etdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən heç bir zor tətbiq etməyə və psixoloji təzyiqə məruz qalmadığını, verilən sualları aydın başa düşüb doğru və səmimi cavablar verdiyini, başqa heç yerdə narkotik vasitə saxlamadığını, istifadəsində 55-461- 94-19 və 70-373-54-54 mobil nömrələrinin olduğunu bildirmişdir. Sonra şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib edilərək ucadan oxunmuş və iştirakçılar həmin protokolu düzgün hesab etməklə imzalamışlar. Bundan başqa Şahid1 ifadəsində Təqsirləndirilən şəxs 13 mart 2023-cü il tarixdə saxlanılan və Abşeron rayon Polis İdarəsinə gətirilən zaman ona qarşı polis əməkdaşları tərəfindən fiziki güc, zorakılıq tətbiq edilmədiyini, psixoloji təsir göstərilmədiyini, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən onun üzərinə heç bir müdaxilə edilmədiyini bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 işin halları ilə bağlı Şahid1la eyni məzmunlu ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.19175-ci il təvəllüdlü, ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, xx.xx.19175-ci il təvəllüdlü, ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.19175-ci il təvəllüdlü, ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilmişdir. Məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 mart 2023-cü il tarixli 6/1539 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar qeyd edilmiş kağız paketdə 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,387 qram, 0,432 qram, 0,367 qram, 0,426 qram, ümumi çəkisi 1,612 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 3,925 qram, 0,522 qram, 0,731 qram, ümumi çəkisi 5,178 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 1 ədəd elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric mikroçəki) iz mikrohissəciklərinin miqdarını müəyyən etmək mümkün deyildir. Məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X12 daxil olmuş 12 aprel 2023-cü il tarixli 2123 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixosimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-psixiatrik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 12 aprel 2023-cü il tarixli 982 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törədənədək, cinayət əməlini törətdiyi zaman və halhazırda hər hansı psixi pozuntudan (xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədən anda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-in 21.1, 21.3 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar edilməmişdir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyəti onun istintaq və prosessual hərəkətlərində iştirak etməsinə və öz prosessual hüquq və vəzifələrini icra etməsinə imkan verir. Şəxsi axtarış və götürmə aparılması haqqında 13 mart 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs 13 mart 2023-cü il saat 23;45-dən 14 mart 2023-cü il saat 00:05-dək Abşeron rayon Polis İdarəsinin inzibati binasında üzərində videoçəkilişdən istifadə edilməklə axtarış aparılarkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli dəri gödəkçənin sağ iç cibindən 4 ədəd şəffaf sellofan bükümlərdə narkotik vasitə heroini, 3 ədəd şəffaf sellofan bükümlərdə psixotrop maddə metamfetamini və sol iç cibindən 1 ədəd “NV” markalı elektron tərəzini könüllü surətdə polis əməkdaşlarına təqdim etmiş və həmin bükümlər və elektron tərəzi müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 1 ədəd “DVD" diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Abşeron rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmiri Birliyinin 2 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsindən daxil olmuş 16 iyun 2023-cü il tarixli 426 nömrəli arayışdan və həmin tarixli 427 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, yaşadığı müddət ərzində onun haqqında 2 saylı MTİİTS-ə heç bir şikayət və ərizə daxil olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 26 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyası Uxtu rayon məhkəməsinin 11 iyul 2005- ci il tarixli hökmü ilə Rusiya Federasiyası CM-in 162-ci maddəsinin 2-ci hissəsi ilə 06 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və hazırda qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilmişdir. Məhkəmə-tibbi ekspertizasının 03 aprel 2023-cü il tarixli 510 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə xx.xx.19175-ci il təvəllüdlü, ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis idarəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən psixotrop maddə olan metanfetaminə bənzər və heroinə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür, bundan sonra həmin psixotrop maddə və narkotik vasitə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərək narkotik vasitənin və psixotrop maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 9-cu bəndində qeyd olunmuşdur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən Tərlan Məmmədovun üzərində aşkar olunmuş narkotik vasitənin və psixotrop maddənin xırda bükümlər halında olmasını, əldə etdiyi vasitələrin növ müxtəlifliyini həmçinin, üzərindən tərəzi aşakar olunmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən həmin narkotik vasitəni satış məqsədilə əldə etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməsinə dair ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsini isə işin faktiki hallarına uyğun gəldiyindən və digər təkzibedilməz sübutlarla təsdiq olunduğundan daha obyektiv və səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal emtə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.4.3-cü maddələsində göstərilmişdir ki, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əməllərə görə təqsirli bilinən şəxslər beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X4 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən (müəyyən olunmamışdır) və ağırlaşdıran hallar (müəyyən olunmamışdır), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 13 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə tərkibi cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 55 (əlli beş) manat məhkəmə məsrəfi təqsirləndirilən şəxs X3 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınıb Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən aşkar edilərək götürülmüş, saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutlar otağına təhvil verilmiş ümumi qalıq çəkisi 1,412 qram olan narkotik vasitə heroin və ümumi qalıq çəkisi 5,028 qram olan psixotrop maddə metamfetamin və 01 ədəd “NV” markalı elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 55 (əlli beş) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınıb Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən aşkar edilərək götürülmüş, saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutlar otağına təhvil verilmiş ümumi qalıq çəkisi 1,412 qram olan narkotik vasitə heroin və ümumi qalıq çəkisi 5,028 qram olan psixotrop maddə metamfetamin və 01 ədəd “NV” markalı elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Nurəddin Hüseynli Hakimlər Nahid Mirzəyev Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar