Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-218/2025 11.02.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Nərimanov rayonu, Sübhan Ələsgərov küçəsi ev 85-də qeydiyyatda olmaqla barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 05 sentyabr 2024-cü il tarixdə saat 20 radələrində “Amir” adlı İran İslam Respublikası vətəndaşının 200 manat pul müqabilində Abşeron rayonu, Mehdiabad qəsəbəsində Mehdiabad-Fatmayı yolunun kənarına qoyduğu bir bükümdə külli miqdarda - 4,926 qram çəkidə ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamini götürüb satış məqsədi olmadan qanunsuz əldə edərək saxlamış və daşımış, 05 sentyabr 2024-cü il tarixdə saat 20:56-da Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Mehdiabad-Fatmayı yolunun kənarında yerləşən “İnci” şadlıq sarayının qarşısında Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq, həmin yerdə saat 21:01-dən 21:12-dək üzəri yoxlanılan zaman əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə 4,926 qram çəkidə külli miqdarda ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, evdə olarkən İİR vətəndaşı iki gündən bir ona mesaj yazmış, lakin İİR vətəndaşının nömrəsi onda olmamışdır. Onun 200 manat məbləğində pulu olmuş, İİR vətəndaşı ona psixotrop maddəni qoyduğu yeri və psixotrop maddəni həmin yerdən götürə biləcəyini demiş, o, psixotrop maddəni deyilən yerdən gedib götürən zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs dövlət ittihamçısının sullarına cavab olaraq göstərmişdir ki, o, 2019-cu ildə cəzaçəkmə müəssisəsindən çıxmış, sonrakı 5 il narkotik vasitə və psixotrop maddə istifadə etməmiş, təxminən saxlanılmamışdan 2-3 ay əvvəl yenidən istifadə etməyə başlamışdır. İttiham aktında adı qeyd edilmiş İİR vətəndaşını tanımamış və hər dəfə həmin şəxsdən narkotik vasitə və psixotrop maddə almamış, həmin şəxs özü bir neçə dəfə ona yazmışdır. O, İİR vətəndaşına psixotrop maddəyə görə 200 manat məbləğində pul ödəmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq ittiham aktında qeyd olunmuş 4,926 qram çəkidə olan metamfetaminin özünə məxsus olduğunu, elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini bildirmişdir. O, polis əməkdaşları tərəfindən 05 sentyabr 2024-cü il tarixdə, axşam saat 20 radələrində saxlanılmış və saxlanılarkən ona qarşı təzyiq olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Abşeron RPİ-nin Mehdiabad PB-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 bildirmişdir ki, 2024-cü ilin sentyabr ayında Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri öz şəxsi istifadəsi üçün əldə edərək üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatı tərəflərindən yoxlanılmış, Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən olunmuş, rəhbərliyə məruzə edilmiş və daha sonra isə bununla bağlı olaraq əməliyyat qrupu yaradılmışdır. Bundan sonra keçirilən əməliyyat tədbirləri nəticəsində təqsirləndirilən şəxs Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “İnci” şadlıq evinin yaxınlığında saxlanılmış, həmin yerdə onun üzərinə video çəkiliş vasitəsilə baxış keçirilmiş, psixotrop maddə aşkar edilərək götürülmüş və Təqsirləndirilən şəxs psixotrop maddəni sosial şəbəkə vasitəsilə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşlarına qarşı heç bir müqavimət göstərməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Abşeron RPİ-nin Mehdiabad PB-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri öz şəxsi istifadəsi üçün əldə edərək üzərində daşıması barədə daxil olmuş əməliyyat məlumatı tərəflərindən yoxlanılmış, təqsirləndirilən şəxsin şəxsiyyəti müəyyən olunmuş, rəhbərliyə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmış, o da əməliyyat qrupunda iştirak etmişdir. Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “İnci” şadlıq evinin yaxınlığında təqsirləndirilən şəxs saxlanılmış, ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı predmetin olub-olmaması barədə sual verdikdə Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olduğunu etiraf etmiş və metamfetamini təqdim etmişdir. Aşkar olunmuş psixotrop maddə müvafiq qaydada qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə Abşeron RPİ-yə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Əməliyyat axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilinə və evinə baxış keçirilməsinə dair” protokola və eyni tarixli “Təqdim olunan əşyalara baxış keçirilməsi və götürmə haqqında” protokol və həmin protokola əlavə edilmiş disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs üzərinə baxış sağ cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümü təqdim edib həmin bükümün içərisindəki maddənin psixotrop maddə metamfetamin olduğunu, İran vətəndaşı vasitəsi ilə şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Aşkar olunmuş büküm elektron tərəzidə çəkildikdə çəkisinin 5,14 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd üzərində ***-***-**-** nömrəsi olan Redmi Note 5 markalı mobil telefon və aşkar olunmuş büküm müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 06 sentyabr 2024-cü il tarixli 6/4480 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş maddi sübut..” yazısı, imzlar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 4,926 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə — metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı 1) daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli 7156 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hazır da abstinensiya, intoksasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 06 sentyabr 2024-cü il tarixli “Əşyanın maddi sübut hesab edilməsi haqqında” qərar və 13 dekabr 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,826 qram olan meteamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin Növbətçi hissəsinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı qyedə alınmış video görüntünü özündə əks etdirən 01 ədəd DVD formatlı disk cinayət işi üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan tələbnamədən göründüyü kimi, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. Məhkəmə şahid ifadələrini, cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı öz müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan əməlin cinayət olmasını aradan qaldıran hallar və onun bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hazır da abstinensiya, intoksasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Buna görə də Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan qalıq çəkisi 4,826 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 110 (yüz on) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 05 sentyabr 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan qalıq çəkisi 4,826 qram olan psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 110 (yüz on) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-218/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-218/2025
11.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver