Məhkəmə qərarları › İş №1(124)-22/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-22/2025

09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-22/2025 09.04.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Masallı rayonu, Binə Xocavar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hazırda Masallı rayonu, Binə Xocavar kəndində yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan “Mərifət" adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs “Mərifət” adlı şəxsin sifarişi və 2000 manat pul təklifi ilə gələcəkdə ayrı-ayrı yerlərə və ya “müştərilərə" çatdırılması üçün sonuncunun naməlum tarixdə, vaxtda və şəraitdə şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə Masallı rayonu ərazisində yerləşdirdiyi “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan külli miqdarda - 6 kq 300,944 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan külli miqdarda - 3 kq 926 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"-in İİ siyahısına daxil olan üzərində “Methadone40” markalanma göstəricisi olan konvalyutlarda, üzərlərində “F/M 40" yazısı həkk olunmuş, təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda - 111,96 qram olan 2799 ədəd metadon həblərini əldə etmiş, əldə etdiyi narkotik vasitə metadon həblərinin və psixotrop maddə metamfetaminin hamısını, narkotik vasitə heroinin isə bir hissəsini yaşadığı ünvan 3 ünvanına daşıyaraq həmin evdə saxlamış, narkotik vasitə heroinin qalan hissəsini isə üzərində saxlamaqla yaşadığı binanın yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 27 fevral 2023-cü il tarixdə saat 19:35-də Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron Gənclər şəhərciyi bina 21 ünvanının yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş və orada həmin tarixdə saat 21:05-dən üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 40,044 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Tədbirin davamı olaraq 27 fevral 2023-cü il tarixdə saat 22:30-dan Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə yaşadığı ünvan 1 ünvanına baxış keçirilən zaman mənzildə olan taxta dolabın qarşısından satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 03 ədəd sellofan bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 2040,7 qram, 2125,1 qram və 2095,1 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 6260,9 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1915,7 qram və 2010,3 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 3926 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində “Methadone 40” markalanma göstəricisi olan konvalyutlarda, hər həbdə təsiredici maddəsinin miqdarı 0,04 qram olmaqla təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda - 111,96 qram olan 2799 ədəd metadon həbləri aşkar edilərək götürülmüş, bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutların məcmusu ilə həmin ittihamın əsassız olduğu müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, Masallı rayonunda doğulmuş, ailəsi ilə birlikdə orada yaşamış, Masallı rayonunda mal-qara ticarəti ilə məşğul olmuşdur. Pandemiya ilə əlaqədar olaraq işlər bağlanmış, o, işləmək üçün Bakı şəhərinə getmiş, Binəqədi rayonu ərazisində “London taksi qarajında” arendaya avtoyuma məntəqəsi götürmüş və orada işləmişdir. 22 fevral 2023-cü il tarixdə rayonda olmuş, 27 fevral 2023cü il tarixdə, saat 01-02 radələrində rayondan bacısı oğlu Məmmədağa ilə birlikdə Bakıya getmiş, gecə evə gəlib çatmış, evə gəldiyi zaman oğlu Yusif və bacısı oğlu Tural onları qarşılamışdır. Gecə birlikdə qalmış, evdəkilər səhər işə getdikdən sonra o, saat 11:00-da yuxudan durub ev-eşiyə bir az əl gəzdirmiş, nahar hazırlamış, saat 13 radələrində namaz vaxtı bacısı oğlunu yuxudan oyadıb o özü namaz qılana qədər, Məmmədağaya nahar etməsini və daha sonra işə getmələrini bildirmişdir. O, namaz qılana qədər Məmmədağa da hazırlaşmış, daha sonra qapıdan çıxıb liftə yaxınlaşanda Məmmədağa zibil sellofanını götürmədiyi üçün o, evə qalxmış, zibil sellofanını götürüb aşağı düşəndə Məmmədağanın dediyi yerdə olmadığını görmüş və həyətdə səs-küy eşitmişdir. Bir neçə nəfərin həyətdə qaçdığını görüb hər hansı bir hadisənin baş verdiyini düşünmüşdür. Daha sonra həyətdəkilərin bacısı oğlu Məmmədağanın maşınına tərəf qaçdıqlarını görmüş, onlar Məmmədağanı döyməyə başlamış, o da onları ayırmaq istəyəndə ona bu işə qarışmamasını bildirmişdirlər. Daha sonra Məmmədağanın dayısı olduğunu bildikdə onu da tutaraq Masallıdan narkotik vasitə gətirdiklərini demişlər. O, həmin şəxslərə narkotik vasitə ilə heç bir əlaqələrinin olmadığını bildirmişdir. Daha sonra əməliyyatçılar maşını filan axtarıb heç bir şey aşkar edə bilməmiş, evə qalxdıqları zaman Məmmədağa ilə onu liftin içərisinə salıb onları vura-vura evə qaldırmış, otağa salan kimi qollarına və ayaqlarına qandal bağlamışdırlar. Bacısı oğlu Məmmədağa ilə onu saat 14:00-dan axşam saat 20:00a qədər döymüş, oğlu Yusif və digər bacısı oğlu Tural işdən gəldikdə artıq o, özündə olmamışdır. Əməliyyatçılar onları da döyməyə başlamış, oğlu Yusifə “bu narkotik atanındır, ya sən bunu boynuna al, ya da ki, sizin nəslinizi tutduracağıq” demiş, yenidən döyüldükdən sonra onları polis şöbəsinə aparıb orada da yenə onlara hədə-qorxu gəlib təzyiq göstərmişdirlər. O, məcburiyyətdən polis əməkdaşlarının dedikləri ilə razılaşmış, həmin vaxt özündə olmamış, polis əməkdaşları tərəfindən döyülməyi nəticəsində müxtəlif xəsarətlər almış, həm özü, həm də ailəsinin taleyindən narahat olduğu üçün polis idarəsində deyilənlərlə razılaşmış, narkotik vasitəyə heç bir aidiyyəti olmamasına baxmayaraq ittihamda qeyd olunan narkotik vasitənin özünə məxsus olması, Masallıdan gətirməsi barədə ifadə verməyə məcbur olmuşdur. İstintaq təcridxanasına keçdikdən sonra isə ailə üzvləri və müdafiəçisi tərəfindən müxtəlif dövlət orqanlarına məruz qaldığı qanunsuz hərəkətlər və işgəncə barədə çoxsaylı ərizələr yazmışdır. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq əvvəllər qurudulmuş marixuana istifadə etdiyini, lakin təzəlikcə narkotik vasitələrdən istifadə etmədiyini, Abşeron rayonu əraizisindəki kirayə mənzildə oğlanları ilə birgə yaşadığını, polis əməkdaşları tərəfindən 27 fevral 2023-cü il tarixdə, təqribən saat 13-14 radələrində Abşeron rayonunda yaşadığı evin həyətində saxlanıldığını, həmin polis əməkdaşlarının hansı orqanın əməkdaşları olduqlarını bilmədiyini qeyd etmişdir. Hadisə günü özü bacısı oğlu Məmmədağa ilə, polis əməkdaşları isə 30-40 nəfərə yaxın olmuşdur. Polis əməkdaşları əvvəlcə bacısı oğlu Məmmədağanı döymüş, onları ayırmaq istəyəndə ona qarışmamasını və bu işin başqa iş olduğunu demiş, daha sonra ondan 150.000 manat məbləğində pul istəmişlər. O, arendaya avtoyuma məntəqəsi götürüb işlətdiyini, həmin vaxt oranın müdiriyyəti ilə bir az problemlərin olduğunu, həmin müdirin yeznəsinin Baş Narkotiklərlə Mübarizə İdarəsində işlədiyini bildirmişdir. Həmin müdir onun başına oyun açacağını dediyinə görə o, bu məsələnin ondan qaynaqlandığını düşünmüşdür. Hadisə günü xəsarət almış, özündə olmadığı və şiddətli ağrılardan əziyyət çəkdiyi üçün barəsində qətimkan tədbiri seçilən məhkəmədə hakimə döyülməyi ilə bağlı məlumat verməmiş, Nərimanov rayon məhkəməsində olduğu zaman sərbəst yeriyə bilməmişdir. O, 22 fevral 2023-cü il tarixdən 27 fevral 2023-cü il tarixinədək nəvəsinin ad günü ilə əlaqədar olaraq Masallı rayonunda olmuşdur. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq demək olar ki, hər yerində xəsarət olduğunu, polis əməkdaşları tərəfindən müxtəlif işgəncələrə məruz qaldığını, döyülməsi nəticəsində sağ ayağının incik sümüyünün qırıldığını, Masallı rayonundan Bakı şəhərinə getdiyi zaman ayağında heç bir zədə olmadığını, istifadə etdiyi telefonunun markasını, telefonda müxtəlif tətbiqlərdən istifadə etməyi və latın dilində yazmağı bilmədiyini, sadəcə oxuya bildiyini qeyd etmişdir. İbtidai istintaq zamanı özündə olmadığı üçün ona təqdim olunmuş sənədlərlə tanış olmamış, üzərinə şəxsi axtarış keçirilən zaman müdafiəçi iştirak etməmişdir. Baş vermiş qanunsuzluqlarla bağlı müstəntiqə məlumat verdikdə isə müstəntiq onu bu işlərə qarışdırmamasını bildirmişdir. O, 1998-ci ildən indiyə qədər 2-ci qrup əlil olduğunu qeyd etmişdir. Məhkəmə istintaqı ittiham tərəfinin sübutlarını tədqiq etməklə davam etdirilmiş, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadə elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı təqsirləndirilən şəxs kimi verdiyi 25 may 2023-cü il tarixli və 15 noyabr 2023-cü il tarixli ifadələrində özünü elan edilmiş ittiham üzrə təqsirsiz bilərək ifadəsində bildirmişdir ki, Masallı rayonu Binə Xocavar kəndində ailəsi ilə birlikdə yaşayır. O, xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində bacısı oğlu X8 ilə birgə kirayədə yaşadığı ünvan 3 ünvanından həyətə düşüb iş yerinə getmək istəyərkən mülki formada olan və sonradan Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildiyi şəxslərin basqınına və fiziki zorakılıqlarına məruz qalmış, daha sonra 11 nəfərə yaxın polis əməkdaşı onu və bacısı oğlu X10 rayonu, Xırdalan şəhəri, Abşeron Gənclər şəhərciyi, ev 21, mənzil 33 ünvanına gətirib heç kəslə əlaqə saxlamamaları üçün onların telefonlarını söndürmüş, üzərlərinə və kirayədə qaldıqları 33 saylı mənzili axtarsalar da, heç bir narkotik maddə və psixotrop vasitə aşkar etməmişdirlər. Ancaq buna baxmayaraq polis əməkdaşları əllərində heç bir fakt və sübut olmadan tam qanunsuz və əsassız olaraq onları narkotik vasitələrın qanunsuz dövriyyəsində ittiham etməyə başladılar. O, polis əməkdaşlarına etiraz edib onları kiminləsə səhv saldıqlarını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmadıqlarını, icarəyə götürdükləri avtoyuma məntəqəsində oğlu Yusif və bacısı oğlu Tural Teymurovla birgə işləyib çörək pulu qazanmaqla ailəsini saxladığını bildirmiş, lakin polis əməkdaşları onların dediklərinin heç birinə inanmamış, onların hər ikisinin qollarını arxadan qandallayaraq ayaqlarını bağlamış və onların hər ikisini saat 20 radələrinə kimi, 5-6 saata ərzində dəfələrlə vəhşicəsinə döymüşdürlər. Onlara fiziki işgəncələr verərək dəfələrlə bədənlərinin müxtəlif nahiyələrinə rezin dəyənəyə oxşayan elektro şok aparatı ilə tok vermiş, onun üzərinə adyal atıb yumruqla, təpiklə döyüb işgəncə verməklə bərabər, dəfələrlə üzərinə su töküb əynindəki paltarları isladandan sonra polis əməkdaşları elektro şok aparatı vasitəsilə qulaqlarına, qollarına, dodaqlarına, dilinə, kürək nahiyəsinə, cinsiyyət orqanına tok verməklə ona işgəncələr vermişdirlər. Onlar hər dəfə polis əməkdaşlarına dedikləri narkotik vasitələrdən xəbərlərinin olmadığını, bu işlərlə məşğul olmadıqlarını, onları kiminləsə səhv saldıqlarını dedikcə, döyülmələr, işgəncələr daha amansız şəkildə davam etdirilmişdir. Polis əməkdaşları vəziyyəti belə görəndə özləri ilə gətirdikləri narkotik və psixotrop maddələri onların yaşadığı mənzilə qoymuş və onları döyərək, işgəncələr verərək həmin maddələrin onlara məxsus olmasını və bununla bağlı etirafedici ifadələr verməyə məcbur etməyə başlamışdırlar. Həmin gün saat 19 radələrində oğlu Yusif Teymurlu və bacısı oğlu Tural Teymurov işdən sonra yaşadıqları 33 saylı mənzilə gələndən sonra polis əməkdaşları heç bir əsas olmadan oğlu Yusif Teymurlunun da qollarına qandal vuraraq onu da dəfələrlə döymüş və işgəncələr vermişdirlər. Polislər əgər onların dedikləri ilə razılaşmasa və 33 saylı mənzilə qoyduqları narkotik və psixotrop maddələrin özünə məxsus olmasını boynuna almasa, oğlu Yusifin və bacısı oğlu Məmmədağa Həmidovun da narkotik və psixotrop maddələrin külli miqdarda satışında şərlənib tutulacaqlarını bildirməklə onu hədələməyə, təhdid etməyə başlamışdırlar. Polislər bacısı oğlu Tural Teymurovun 2-ci Vətən Müharibəsi qazisi olduğunu müəyyən etdiklərinə görə ona qarşı heç bir qanunsuz hərəkət etməmişdirlər. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində polis əməkdaşları tərəfindən onlar kirayədə yaşadıqları 33 saylı mənzildən DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, orada da onlara qarşı eyni zorakılıqlar edilmişdir. Özü ilə bərabər oğlu Yusif Teymurlu və bacısı oğlu Məmmədağa Teymurovun da şərlənib narkotik maddələrin külli miqdarda satışı ilə tutulacağını açıqaşkar görəndən sonra o, polis əməkdaşlarının qanunsuz təklif və tələbləri ilə razılaşmağa və ona heç bir aidiyyəti olmayan narkotik və psixotrop maddələrin onun özünə məxsus olmasını yalandan etiraf etməyə məcbur olmuşdur. Polis əməkdaşları ona onsuz da dəli olduğunu, dəlixanada yatdığını, onlarla razılaşmasını, onun tutulandan sonra Maştağaya göndəriləcəyini, xəstəliyinə görə onu tutmayıb buraxacaqlarını, hətta bu işdə özlərinin də ona kömək edəcəklərini, Maştağada adamları olduqlarını bildirmişdirlər. Əgər onların dedikləri ilə razılaşsa, oğlu Yusif və bacısı oğlu Məmmədağanı bu işlərə qatmayacaqlarını, onları buraxacaqlarını, əgər razılaşmasa, onları da külli miqdarda narkotik vasitələrin satışı ilə tutacaqlarını dedikləri üçün polis əməkdaşları ilə razılaşmağa məcbur olandan sonra polis əməkdaşları onun cibinə bir büküm narkotik maddə qoymuş və video çəkiliş aparmışdırlar. Video çəkiliş vaxtı o, yalandan həmin narkotik maddənin özünə məxsus olmasını bildirmişdir. Daha sonra polis əməkdaşları onu kirayədə qaldıqları mənzilə aparacaqlarını, orada da video çəkiliş aparılacağını, mənzilə özləri torbada narkotik maddə qoyacaqlarını, çəkiliş vaxtı həmin narkotik maddənin də özünə məxsus olmasını deməyini bildirmişdirlər. O, polis əməkdaşlarına etiraz edərək evə narkotik vasitə qoymamalarını bildirmiş, həmin vaxt onlar oğlu Yusifi qolları qandallı vəziyyətdə yanına gətirərək ona oğlunun cibinə narkotik qoyub video çəkiliş edib onu da külli miqdarda satışla tutacaqlarını, həmçinin idarədə olmayan digər oğlu Əli və yeznəsi Əlixanı da gətirib tutacaqlarını bildirmişdirlər. Həmin vaxt o, məcbur qalıb onların dedikləri ilə razılaşmış, daha sonra 28.02 2023-cü il tarixdə, gecə saat 01-02 radələrində BNMİ-nin əməkdaşları onu həmin idarədən götürüb kirayədə qaldığı 33 saylı mənzilə gətirmiş, video çəkiliş aparmış və çəkiliş vaxtı o, yenidən yalandan, ona heç bir aidiyyəti olmayan, polis əməkdaşlarının 33 saylı mənzilə qoyduqları narkotik və psixotrop maddələrin ona məxsus olduğunu bildirmiş, daha sonra onu yenidən götürüb BNMİ-nə gətirmiş, onu şübhəli şəxs kimi tutub saxlamış, oğlu Yusif Teymurlu və bacısı oğlu Məmmədağa Həmidovu isə həmin gecə buraxmışdırlar. Oğlu Yusif və bacısı oğlu Məmmədağanın buraxılmasını Bakı İstintaq Təcridxanasına gətiriləndən və telefonla oğlu Yusiflə danışandan sonra bilmişdir. Barəsində həbs qətimkan tədbiri seçilərkən hakim onun düşdüyü vəziyyəti görmüş, polislər onu məhkəməyə çəliklə aparmış, hərəkət edə bilmədiyinə görə qoluna girib hərəkət etməyinə kömək etmişdirlər. Məhkəməyə aparılmamışdan əvvəl polislər ona qarşı edilən hərəkətlər barədə hakimə deyəcəyi təqdirdə oğlu Yusif və bacısı oğlu Məmmədağanın da narkotik maddələrin külli miqdarda satışı ilə cinayət məsuliyyətinə cəlb edilib tutduracaqları ilə onu hədələyib qorxutduqlarına görə oğlu Yusif və bacısı oğlu Məmmədağaya görə hakimə ona qarşı polis əməkdaşları tərəfindən edilmiş qanunsuzluqlar barədə heç nə deməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də tədqiq edilərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Məhkəmə istintaqı zamanı şahid kimi ifadə vermiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili olmuş Şahid1 ifadəsində bildirmişdir ki, səhhəti və ailə vəziyyəti ilə əlaqədar olaraq orqandan xaric olunmuşdur. xx.xx.2023-cü il tarixdə ona Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, rayondan şəhərə İİR vətəndaşının malını gətirib yerləşdirməsi barədə məlumat daxil olmuşdur. O, əməliyyat qrupunun rəhbəri olmuş, əməliyyat qrupunda ondan başqa Şahid3 və Şahid2 olmuş, hal-hazırda əməliyyat məlumatının hansı saatda daxil olduğunu xatırlamamışdır. Onlar təqsirləndirilən şəxsi kamera görüntüsü ilə izləmişdirlər. Abşeron rayonu, Gənclər şəhərciyində izlədikləri zaman kamera görüntüsündə VAZ 2107 markalı maşınının şüşə silən hissəsinin paslı olmağı görünmüş, Gənclər şəhərciyində piyada gəzərkən həmin maşın onların qarşısına çıxmış, orada post quraraq gözləmiş və Təqsirləndirilən şəxs gəlib maşına yaxınlaşmışdır. Onlar hadisə yerinə erkəndən gedərək kameraya düşən maşını axtarmış, həmin yerə dəqiq hansı saatda getdiklərini xatırlamamışdır. Həmin maşını yoxlatdıraraq həqiqətən də rayondan gəlməsini dəqiqləşdirmişdirlər. Axşam saatlarında təqsirləndirilən şəxs maşına yaxınlaşan zaman ona tərəf gedib özlərini təqdim etmiş, Təqsirləndirilən şəxs özü gecə rayondan gəldiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən tək olmuş, onun yanında Məmmədağa adlı şəxs olmamış, Məmmədağa adlı şəxsi polis idarəsinə aparılmamış, həmin vaxt maşına baxış keçirilməmişdir. Nazim saxlanılarkən tabe olmayaraq onlara qarşı müqavimət göstərmişdir. Əməliyyat tədbiri zamanı onlar 3 nəfər olmuş və Təqsirləndirilən şəxs qarşı hansısa qanuna ziddi hərəkət olunmamışdır. Əməliyyat tədbirində olarkən istifadəsində ***-***-**-** saylı mobil nömrəsi olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs idarəyə aparmış, 15-20 dəqiqə sonra vəkilin iştirakı ilə idarədə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış istintaq hərəkəti zamanı o da iştirak etmiş, şəxsi axtarış zamanı Nazimin üzərindən 01 büküm narkotik vasitə aşkar olunmuşdur. Daha sonra isə vəkilin, şahidlərin iştirakı ilə Təqsirləndirilən şəxs məxsus telefona baxış keçirilmişdir. Təqsirləndirilən şəxs İİR vətəndaşından əldə etdiyi narkotik vasitə və psixotrop maddəni Azərbaycan Respublikasına gətirmiş, hadisə vaxtı isə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni binanın yaxınlığında zibil vedrəsinin yanına qoymuşdur. O, İİR vətəndaşının həmin narkotik vasitə və psixotrop maddələrin qarşılığında ona 2.000 manat məbləğində pul verməli olduğunu etiraf etmiş, daha sonra isə onun yaşadığı evə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzildə 2 büküm psixotrop maddə metamfetamin, 2 büküm narkotik vasitə heroin aşkar olunmuş, təhqiqatçının və vəkilin iştirakı ilə aşkar olunanlar qablaşdırılaraq götürülmüş, aidiyyəti üzrə təhvil verilmişdir. Polis idarəsində şəxsi axtarış zamanı iştirak edənlər evə baxış zamanı da iştirak etmişdirlər. Evə baxış keçirilərkən evdə heç kim olmamış, sonradan isə Təqsirləndirilən şəxs oğlu gəlmişdir. Təqsirləndirilən şəxs tez-tez dili tutulduğunu, huşunun getdiyini demiş, lakin ona qarşı hər hansı psixi-fiziki zor tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs müdafiəçinin sualına cavab olaraq ifadə verən polis əməkdaşı Şahid1 tərəfindən zorakılıqlara məruz qaldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi ifadə vermiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili olmuş Şahid2 ifadəsində bildirmişdir ki, hal hazırda polis əməkdaşı deyil və orqandan xaric olunmuşdur. 2023-cü il tarixdə baş idarənin əməkdaşı Şahid1 daxil olan məlumat əsasında o və Şahid3 ibarət əməliyyat qrupu yaradılmış, Abşeron rayonu, Xırdalan şəhəri, Gənclər şəhərciyində axşam saat 19-20 radələrində Təqsirləndirilən şəxs piyada hərəkətdə olan zaman tərəflərindən saxlanılaraq təxminən 1 saat ərzində baş idarəyə aparılmışdır. Saxlanılarkən Təqsirləndirilən şəxs yanında heç kim olmamışdır və onu saxlamamışdan 1 saat əvvəldən əməliyyat qrupu həmin ərazidə olmuşdur. Baş idarədə təqsirləndirilən şəxsin üzərinə baxış keçirilərkən şalvarının cibindən heroini təqdim etmiş və 2 gün öncə Masallı rayonundan İİR vətəndaşı olan “Mərifət” adlı şəxsin vasitəsilə əldə etdiyini və həmin narkotik vasitələri müəyyən yerlərə qoymaq qarşılığında 2.000 manat məbləğində pul alacağını bildirmişdir. İİR vətəndaşı olan “Mərifət” adlı şəxslə bağlı əməliyyat tədbiri keçirilməmişdir. Təqsirləndirilən şəxs sonradan yaşadığı mənzildə də narkotik vasitə olduğunu bildirmiş, təhqiqatçının, vəkilin və sonradan evə gələn təqsirləndirilən şəxsin oğlunun iştirakları ilə mənzilə baxış keçirilərkən 03 büküm heroin, 02 büküm metamfetamin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələri özü təqdim etmişdir. O, Təqsirləndirilən şəxs saxlanılarkən ayağında xəsarətin olub-olmamasını xatırlamadığını, ona qarşı hər hansı qanunsuz hərəkət, psixi-fiziki zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin sualına cavab olaraq ifadə verən polis əməkdaşı Şahid1 tərəfindən zorakılıqlara məruz qaldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi ifadə vermiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə baş idarənin əməkdaşı Şahid1 daxil olmuş əməliyyat məlumatı əsasında Şahid1 rəhbərliyi ilə tədbir keçirilmiş, əməliyyat tədbiri zamanı 3 əməkdaş olmuş və Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, axşam saat 19-20 radələrində Abşeron rayonu, Gənclər şəhərciyi ünvanında binanın qarşısında piyada hərəkət edən zaman tərəflərindən saxlanılmışdır. O, əməliyyat məlumatının nə zaman daxil olduğunu bilmədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən yanında heç kim olmamışdır. Daha sonra təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə idarəsinə aparılmış, idarədə vəkilin gəlməsini gözləmiş, vəkil gəldikdən sonra onun iştirakı ilə video çəkiliş aparılaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və istintaq hərəkəti 30 dəqiqədən çox çəkmişdir. Şəxsi axtarış zamanı onun üzərindən 01 büküm heroin və xatırlamadığı məbləğdə pul aşkar olunmuş, daha sonra idarədə olarkən o, Abşeron rayonu, Gənclər şəhərciyində yaşadığı mənzildə də narkotik vasitə olduğunu bildirmişdir. Təqribən 2 saat sonra Nazimin öz ərizəsi əsasında həmin mənzilə daxil olmuş və video çəkiliş aparılaraq vəkilin iştirakı ilə baxış keçirilmiş, mənzildə həmin vaxt başqa bir şəxs də olmuşdur. Evdə olan şəxs Nazimin oölu olmamış, ya bacısı oğlu, ya da qardaşı oğlu olmuşdur. Həmin şəxsin təqdim etdiyi dolabdakı 02 ədəd bağlamanın içərisindən 03 ədəd büküm narkotik vasitə heroin, 02 ədəd büküm isə psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Aşkar olunan heroinin çəkisi 06 kiloqramdan çox, metamfetaminin çəkisi isə 04 kiloqramdan çox olmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixitrop maddələri 2 gün əvvəl Masallı rayonundan götürdüyünü, İİR vətəndaşı kimi özünü təqdim edən “Mərifət” adlı şəxslə danışdığını, narkotik vasitə və psixitrop maddələri onun deyəcəyi yerə qoymaq qarşılığında 2.000 manat məbləğində pul alacağını bildirmişdir. “Mərifət” adlı şəxs İİR-da yaşadığı üçün barəsində əməliyyat tədbiri keçirə bilməmişdirlər. İstintaq hərəkəti zamanı sənədləşməni təhqiqatçı özü tərtib etmişdir. O, tərəflərindən Nazimə qarşı xəsarət yetirilmədiyini, Nazimin dediklərinin özünü müdafiə xarakteri daşıdığını, əməliyyat təbirində olarkən istifadəsində ***-***-**-** saylı mobil nömrənin olduğunu, idarəyə Təqsirləndirilən şəxs tək aparıldığını və mənzilə baxış keçirilməsinin neçə dəqiqə çəkdiyini xatırlamadığını bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin sualına cavab olaraq ifadə verən Şahid3 onun saxlanılmasında iştirak etmədiyini, onun sonradan gəldiyini, Şahid1 tərəfindən döyülməsi nəticəsində ayağının sındığını, Şahid3 tərəfindən də döyüldüyünü və nəticədə sifətində xəsarət izləri qaldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində ifadə vermiş X8 ifadəsində göstərmişdir ki, hadisə günü dayısı Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Gənclər şəhərciyində yerləşən 33 saylı mənzildə təmizlik işləri görmüş, o da yuxudan durub hazırlaşmışdır. Gecə rahat yer olmadığı üçün özünə məxsus VAZ 07 markalı maşını kənarda saxlamış, səhər isə aşağı düşüb maşını işə saldıqdan sonra binanın qabağında saxlamış və yuxarı qalxmışdır. Dayısı Nazim namazını qıldıqdan sonra birlikdə aşağıya düşmüş, maşına tərəf yaxınlaşmış, dayısı isə zibil atmağa getmişdir. O, maşının qapısını açanda 1 nəfər mülki geyimli şəxs gəlib qollarının üstündən tutmuş, nə baş verdiyini soruşduqda isə, heç nə deməmişdir. Daha sonra isə bir neçə nəfərin üstünə gəldiyini görmüş, ona qarşı təhqiredici ifadələr işlədilmiş, o da həmin şəxslərə cavab vermişdir. O, həmin şəxslərin polis əməkdaşları olduğunu bilməmişdir. Sonradan səs-küyə dayısı gəlmiş, nə baş verdiyini soruşduqda, dayısına onluq bir iş olmadığını və həmin yerdən uzaqlaşmasını bildirmişdirlər. Polis əməkdaşları Nazimin onun dayısı olduğunu bildikdən sonra dayısını da tutmuş, onları evə qaldırmış, liftdə onları döyməyə başlamış, evdə onlara qarşı zorakılıq etmiş, təhqiredici ifadələr işlətmiş, onlara elektro şok vermiş, onun belinə isə 40 yerdən elektro şok vermişdirlər. Bir nəfər polis əməkdaşı əlində göy rəngli çanta ilə evə gəlmiş, çantanın içərisində olan narkotik vasitələrin onlara aid olduğunu demişdir. Dayısı Nazimə evdə olan zaman polis əməkdaşları müxtəlif işgəncələr verdikləri üçün artıq o, özündən getmiş, əlləri də arxadan qandallı olmuşdur. Polis əməkdaşları dayısını nəyləsə ayıltmağa çalışmış, çox çətinliklərlə Nazim ayılmışdır. Axşam saat 19:00da onları ayrı-ayrı maşınlarda Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışdırlar. Vəziyyəti o qədər pis olmuşdur ki, haraya getdiklərini də bilməmişdir. İdarədə də dayısı ilə onu ayrı-ayrı otaqlara apararaq yenidən döyməyə başlamış, dılar. narkotik vasitələri boyunlarına götürsünlər deyə təzyiqlər göstərmişdirlər. Əks təqdirdə, daha pis şeylər olacağı ilə bağlı hədələmişdirlər. Məcburiyyətdən dayısı Nazim hər şeyi öz üzərinə götürmüş, polis əməkdaşları evə gedib orada baxış aparan zaman onları evə buraxmamış, dayısı oğlu Yusif həmin vaxt işdən gəlmişdir. Şahid müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, dayısı Nazimin Masallı rayonunda olanda zəng edərək taksilərin işləmədiyini və vaxtı varsa, onu Bakıya gedən maşınların yanına aparmasını, sabah işə getməli olduğunu demişdir. Həmin gün elə olmuşdur ki, Bakı yoluna gedən maşın olmamış, o da təkər axtardığı üçün dayısı ilə birlikdə Bakıya getməyə qərar vermişdir. Bakıya gəldikdə onları dayısı oğlu Tural qarşılamış, həmin vaxt Yusif də evdə olmuş, dayısının əlində Masallı rayonundan Bakıya gələn zamanı heç nə olmamış, yolda gəldikləri zaman maşını saxladıb heç nə götürməmiş, gecə saat 03-04 radələrində gəlib mənzilə çatmışdırlar. Onlar 10-15 nəfər polis əməkdaşı tərəfindən saxlanılmış, saxlanılan zaman onların üzərlərini də, maşının içərisini də axtarmış, daha sonra yaşadıqları mənzildə də heç nə aşkar olunmamışdır. Yusiflə Tural saat 19:00-da işdən evə gəlmişdirlər. Polis əməkdaşları Yusifin də əllərini qandallayıb döymüşdürlər. Polis əməkdaşları tərəfindən döyülmələri nəticəsində dayısının ayağının incik sümüyü sınmış, gəzə bilməmiş, sifətində də gözlə görünəcək dərəcədə xəsarətlər olmuş, o özü də müxtəlif xəsarət almışdır. Onlara edilən qanunsuzluqlarla bağlı qorxduqları üçün heç bir yerə müraciət etməmişdirlər. Şahid dövlət ittihamçısının suallarına cavab olaraq Masallı rayonunda yaşadığını, təkər almaq üçün Bakıya gəldiyini, dayısı Nazimin Abşeron rayonu, Gənclər şəhərciyində yaşadığını və Bakıda avtoyuma məntəqəsində işlədiyini bildirmişdir. O, narkotik vasitənin heç bir növündən istifadə etməmiş, dayısının da narkotik vasitədən istifadə etməsi ilə bağlı məlumatı olmamışdır. Həmin kirayə mənzildə dayısı oğlu və xalası oğlu yaşamışdır. Polis əməkdaşları onlara yaxınlaşdıqda əvvəlcə heç nə deməmiş, sonradan onları narkotikə görə tutduqlarını bildirmişdirlər. Polis əməkdaşlarının işi ən çox dayısı və onunla bağlı olmuşdur. O, məhkumluğu olmadığını bildirmişdir. Şahid məhkəmə tərkibinin suallarına cavab olaraq fəhlə işlədiyini, evli və himayəsində uşaqlarının olduğunu, VAZ 07 markalı maşının 2017-ci ildən istifadəsində olduğunu, indi isə maşının olmadığını, həmin maşınla taksi fəaliyyəti ilə məşğul olduğunu və təkər almaq üçün Bakıya getdiyini bildirmişdir. Gecə saat 01 radələrində dayısı ilə birlikdə Bakıya yola düşmüş, yanlarında başqası olmamışdır. O, əvvəl də həmin mənzildə olduğunu, maşını gecə binadan kənar bir yerdə saxladığını, həmin gün evdə Turalla Yusifin olduğunu və Bakıya gələndə onları Turalın qarşıladığını bildirmişdir. İlk öncə polis əməkdaşlarının onun maşını ilə başqa birinin maşınını səhv salaraq onları saxladıqlarını düşünmüşdür. O, çöldə maşının yanında polis əməkdaşları tərəfindən saxlanılmış, dayısı ilə həmin vaxt maşınla gedib təkər satılan yerə baxmağı planlamışdırlar. Yol gecə saatlarında daha rahat olduğu üçün həmin saatlarda Masallı rayonundan Bakıya getmişdirlər. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində ifadə vermiş X14 ifadəsində bildirmişdir ki, 22 fevral 2023-cü il tarixdə atası Nazim Masallı rayonuna getmiş, 26 fevraldan 27-nə keçən gecə saat 03-04 radələrində Məmmədağa ilə atası Bakıya qayıtmış, Tural qapını açandan sonra o da oyanaraq atasıgili qarşılamış, gecə gəldikdə atasında heç bir xəsarət olmamış, gecə vaxtı yol gəldikləri üçün işə Turalla getmiş, atasıgilə sonradan gəlmələrini demişdir. Günorta vaxtı atasıgildən heç bir xəbər çıxmamış, sonradan başı işə qarışdığı üçün atasıgilə zəng etməmiş, saat 18:00-da atasıgilə zəng etmiş, lakin zənginə cavab verən olmamışdır. Saat 19:00-da evə gələndə 2 nəfər kənar şəxs görmüş, qapını açanda 10-15 nəfər polis əməkdaşının atasını döydüyünü görmüş, həmin vaxt ev çox dağınıq olmuş, yerdə qan ləkələri olmuş, Məmmədağa ilə atasının vəziyyəti yaxşı olmamışdır. Polis əməkdaşları tərəfindən çox döyüldükləri üçün taqətsiz olmuşdurlar. Tural ilə ondan kim olduqlarını soruşmuş, onlar da Nazimin bacısı oğlu və oğlu olduqlarını bildirmişdirlər. Turalın evdə medalları və diplomlarını görüb qazi olduğunu anladıqları üçün ona heç bir şey etməmişdirlər. O, atasının bu halını görüb çox qorxmuş, atasına yaxınlaşmaq istəyəndə polislər onu vuraraq yaxınlaşmağa qoymamış, digər otağa salaraq ona qarşı da işgəncələr etmiş, daha sonra isə onu çölə çıxararaq atasından narkotik vasitəni hara qoyduğunu soruşmuş, atası da onlarda narkotik vasitə olmadığını dəfələrlə təkrarlamışdır. Polis əməkdaşları tərəfindən işgəncələrə məruz qaldıqdan sonra atasının ayağı qırılmış, öz gözü ilə bunun şahidi olmuşdur. Polis əməkdaşları narkotik vasitəni boyunlarına almaq üçün onlara qarşı müxtəlif işgəncələr verərək onlara şərböhtan atmışdır. Onları polis əməkdaşları aparmış, atası yeriyə bilmədiyi üçün onu belində aşağıya qədər aparmışdır. Onları apardıqdan sonra da gecə saat 01:00-a kimi döymüş, atasını müxtəlif vasitələrlə təhdid və təhqir etmiş, atası belə təhdidlərdən sonra onunla Məmmədağanı buraxmaları üçün hər şeyi məcbur öz üzərinə götürmüşdür. Onları sonra yenidən yaşadıqları mənzilə aparmış, Şahid1 adlı şəxs əlindəki içərisində narkotik vasitələr olan 1 ədəd ağ rəngli kisəni evə boşaltmış, hər şeyi hazırladıqdan sonra video çəkilişə başlamışdırlar. Vəkillər də orada olmuş, video çəkiliş bitənə qədər onları yenidən təhdid etmiş, sonra polis əməkdaşları onları yenidən idarəyə aparmış, çölə çıxdıqları zaman Məmmədağanın qardaşı Həmid Həmidlini görmüş və orada nə işi olduğunu soruşduqda, Həmid Məmmədağanı çıxarmaq üçün polis əməkdaşlarının ondan 20.000 manat məbləğində pul istədiklərini bildirmişdir. Daha sonra isə Şahid1 adlı polis əməkdaşı ilə 10.000 manat məbləğinə razılaşmış və nəticədə Məmmədağanı çıxarmışdır. 11 nəfər polis əməkdaşı tərəfindən təpik, yumruqla döyülməyi nəticəsində o özü də xəsarət almışdır. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində ifadə vermiş X15 ifadəsində göstərmişdir ki, o, dayısı Nazim və onun oğlu Yusiflə bərabər avtoyuma məntəqəsində işləmiş, hadisə günü Yusiflə saat 18-19 radələrində işdən evə getmiş, evə daxil olduqda 10-15 nəfər polis əməkdaşlarının olduğunu görmüş, polis əməkdaşları onları içəri salıb üzərlərini yoxlamışdırlar. Polis əməkdaşları Yusifi içəri salmış, onu isə qapının ağzında saxlamış, Yusifdən atasının narkotik vasitə istifadə etməsini soruşmuş, Yusif isə atasının istifadə etmədiyini bildirmişdir. Həmin vaxt Yusifi də döyməyə başlamış, Yusifin əllərini qandallayaraq yanında oturmuşdurlar. Dayısı Nazimi həddindən artıq çox döydükləri üçün artıq Nazim özündə olmamış, güclə nəfəs almışdır. O, polis əməkdaşları ilə idarəyə getməmiş, Yusifi, dayısı Nazimi və Məmmədağanı idarəyə aparmışdırlar. Onlar getdikdən sonra Əliyə zəng etmiş, daha sonra Əli ilə birlikdə idarəyə getmişdirlər. Şahid müdafiəçinin suallarına cavab olaraq dayısı ilə xalası oğlu Məmmədağanın Masallı rayonundan fevral ayının 26-dan 27-nə keçən gecə saat 03-04 radələrində Məmmədağanın maşını ilə gəldiklərini, onları qarşıladıqda əllərində heç nə olmadığını bildirmişdir. O, işə getdikdə dayısı oyaq olmuş, ona qarşı polis əməkdaşları tərəfindən heç bir qanunsuz hərəkət olunmamış, evdə polis əməkdaşları onun medallarını görüb Tural Teymurov olduğunu aydınlaşdırdıqdan sonra kənarda durmasını bildirmişdirlər. İşdən evə qayıtdıqda dayısının vəziyyəti hədsiz çox pis olmuş, danışa bilməmiş, Məmmədağa da əlləri qandallı vəziyyətdə yerdə oturmuşdur. Polis əməkdaşları çəkiliş üçün evə gələndə o, Əli ilə birlikdə olmuş, lakin Əli ilə içəri girməmişdir. Polis əməkdaşları Məmmədağanın qardaşına 20.000 manat məbləğində pul qarşılığında Məmmədağanı sərbəst buraxacaqlarını bildirmiş, Məmmədağanın qardaşının 10.000 manat pul verməsi nəticəsində onu sərbəst buraxmışdırlar. Evdə axtarış zamanı narkotik vasitə aşkar olunmamışdır. Şahid dövlət ittihamçısının suallarına cavab olaraq dayısı ilə Məmmədağanı evə apardıqları zaman evdə olmadığını, Yusif və dayısı ilə birlikdə tır parkında avtoyuma məntəqəsində işlədiklərini, səhər tezdən işə getdiklərini, Yusifin evə getməmişdən əvvəl atasına zəng çatmadığı üçün çox narahat olduğunu, Yusifin səhhətində evə getməmişdən əvvəl problem olmadığını bildirmişdir. Şahid məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, həmin gün dayısı rayondan gecə gəldiyi üçün yatmış, ona görə dayısını oyatmamışdır. Onlar evə axşam işdən çıxıb gəlmiş, qapını polis əməkdaşları açmış, axşam saat 21-22 radələrində polis əməkdaşları evdəkiləri idarəyə aparmışdır. Dayısıgili idarəyə apardıqları zaman o da evdə olmuşdur. Axşam polis əməkdaşları çəkiliş üçün gələndə o, Əli birlikdə olmuş, onlar video çəkilişə getməmişdirlər. Onun Məmmədağanın Bakıya hansı məqsədlə gəldiyi və dayısının nə üçün başqa maşınla gəlməməsi haqqında məlumatı olmamışdır. Dayısı Nazim nəvəsinin ad gününə görə Masallı rayonuna getmiş, dayısı evə gələndə ayağında heç bir axsaqlıq olmamış, Nazim işlədiyi üçün Masallıya tez-tez getməmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində ifadə vermiş X19 ifadəsində hadisə günü işdən çıxıb evə getdiyini, Neft emalı zavodunda çilingər işlədiyini, Abşeron rayonu, Gənclər şəhərciyində yaşadığını, atasıgilin başqa mənzildə yaşadığını, özünün isə ailəsi ilə birlikdə başqa mənzildə kirayədə yaşadığını bildirmişdir. Tural zəng edərək baş verən hadisələri danışmış, atasıgilin narkotik üstündə tutulduğunu bildirmiş, o da atasıgilin qaldığı kirayə mənzilə getmiş, yuxarı qalxanda evin vəziyyətinin yaxşı olmadığını görmüş, ev çox dağınıq olmuş, Tural hər şeyi ona ətraflı danışmışdır. O, daha sonra Yusiflə bərabər polis idarəsinə getmiş, onları həmin vaxt içəri buraxmamış, orada 1-2 saat gözləmiş, Məmmədağanın qardaşı Həmid Həmidliyə zəng etmiş, bir az gözlədikdən sonra polis əməkdaşları Məmmədağanın qardaşını içəri çağırmış, Məmmədağanın qardaşı Həmid Vasif adlı polis əməkdaşı ilə görüşmüşdür. Vasif Həmiddən qardaşını çıxarmaq üçün 20.000 manat məbləğində pul istəmiş, Həmid isə onlara o qədər məbləğdə pulunun olmadığını bildirmişdir. Daha sonra Həmidin nömrəsini götürərək ondan 10.000 manat məbləğində pu istəmiş, Həmid də dostdan-tanışdan o pulu tapıb Vasif adlı şəxsə vermişdir. Atası polis əməkdaşları tərəfindən müxtəlif təzyiqlərə məruz qalmış, həmin vaxt Məmmədağanın da halı yaxşı olmamışdır. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində ifadə vermiş X9 ifadəsində əri Təqsirləndirilən şəxs işi ilə əlaqədar olaraq gecə vaxtı bacısı oğlu Məmmədağa ilə birlikdə Masallı rayonundan çıxıb Bakıya getdiyini, evdən çıxanda Nazimin əlində heç nə olmadığını bildirmişdir. Bakıya çatanda Nazim çatması barədə məlumat vermiş, ertəsi gün Nazimgilə zəng etdikdə heç birinin telefonuna zəng çatmamış, daha sonra uşaqlar zəng edərək baş verən hadisə ilə bağlı ona məlumat vermişdirlər. Nazim Masallı rayonuna 1 həftədən bir gəlib getmiş, çox vaxt Masallı rayonunda olmuşdur. O, özünün də işlədiyini, ərinin narkotik vasitə istifadə etmədiyini, Nazimin əvvəllər məhkum olunduğunu, Nazim evdən çıxanda bədənində xəsarət izləri olmadığını, polis əməkdaşları tərəfindən döyüldükdən sonra Nazimin həmin vəziyyətə gəldiyini bildirmişdir. Nazim gecə yolun daha rahat olduğu üçün həmin vaxt yola çıxmağın daha məsləhətli olduğunu bildirərək gecə saatlarında Məmmədağa ilə birlikdə Masallı rayonundan Bakıya getmişdirlər. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində ifadə vermiş X16 ifadəsində hadisələrin heç birinə şahid olmadığını, Nazimin 23 fevral 2023-cü il tarixdə nəvəsinin ad günü ilə əlaqədar Masallı rayonuna gəldiyini, avtoyuma məntəqəsində işləməsi ilə bağlı Bakıda yaşadığını, Nazim ilə Masallı rayonunda çox yaxın qonşu olduqlarını, Nazimin 26 fevral tarixində yenidən Bakıya getdiyini bildirmişdir. Hadisədən 2 gün sonra Nazimin Yusif və bacısı oğlu Məmmədağa ilə birlikdə tutulduğunu, onu döydüklərini və ayağını sındırdıqlarını öyrənmişdir. Nazimi 26 fevral 2023-cü il tarixdə axşama kimi gördüyünü, həmin vaxt Nazimin ayağında heç bir xəsarət olmadığını bildirmişdir. Nazim çölə çıxdıqdan sonra onunla görüşmüş, Nazim 30 nəfərə yaxın polis əməkdaşı tərəfindən haqsız yerə döyüldüklərini, təzyiqlərə məruz qaldıqlarını demişdir. Axtarış zamanı Nazimin, Yusifin, Məmmədağanın üzərindən, maşından, yaşadıqları evdən heç bir narkotik vasitə aşkar olunmamış, Nazimi başına gələn hadisələrdən 2 ay sonra çölə çıxanda gördükdə onun ayağı artıq gipsdə olmuş, baş vermiş hadisə ilə bağlı Məmmədağa ilə də söhbət etmiş, Məmmədağa da Nazim kimi hər şeyi ətraflı danışmışdır. Məhkəmə istintaqı zamanı ekspert qismində dindirilmiş X3 ekspertiza aparılarkən təqdim olunmuş rentgen şəklinin Azərbaycan Tibb Universitetinin Radiologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Məlahət xanıma verildiyini, Məlahət xanımın rentgenə baxaraq onun gips altında çəkilib-çəkilmədiyini müəyyənləşdirdiyini bildirmişdir. Orada sümükdə hər hansı travmatik dəyişikliyin müəyyən edilməməsi qeyd olunmuşdur. Hər sahə üzrə Səhiyyə Nazirliyinin ayırdığı mütəxəssislər var. Həmin mütəxəssislər də Respublikada yüksək ixtisaslı mütəxəssilərdir. Onlar da öz sahələrinə uyğun olaraq həmin köməkliyi göstərməyə borcludurlar. Həmin mütəxəssislərin içərisində Məlahət xanım da var. O, əgər rentgenoqrafiyada sınıq aşkar edilməmişdirsə, demək ki, orada sınıq olmadığını, gipsin 15 gün də, 1 ay da qala biləcəyini qeyd etmişdir. Bundan əlavə həmin izlər elektro-şok cihazından qalan əlamətlər olmamışdır. Çünki orada mütləq yanıq izləri olmalıdır. Müayinədə qeyd olunmuş qartmaq elektro-şok cihazından yarana bilməz. Həmin izlər sürtünmə xarakterli izlər olmuşdur. Əgər orada travma olmuşdursa, ilk dəfə baxılan kimi onlar yazılmalıdır. Lakin tibbi kitabçada birinci müayinədə bu haqda məlumat verilmədiyindən onu yaranma səbəbinin dəqiq izah edilə bilməməsi qeyd olunmuşdur. Məhkəmə istintaqı zamanı ekspert qismində dindirilmiş X6 rəyi zərər çəkmiş şəxsin müayinəsi və tibbi sənədlər əsasında verdiklərini, tibbi sənədlərə də rentgen plyonkasının daxil olduğunu bildirmişdir. Hadisədən 1 il yarım vaxt keçdiyi üçün tam xatırlamamış, rentgen plyonkalarını özü təqdim etmişdir. Həmin rentgen plyonkası yüksək ixtisaslı radioloqa, professora baxılması üçün göndərilmiş, radioloq orada sınıq aşkar etməmiş, sınıq aşkar olunmadığına görə də nəticə çıxarılmamışdır. Onlara təqdim olunmuş rentgen plyonkasında sınıqlar açıq-aşkar görünməlidir. Şəxsi müayinə etdiyi zaman bütün xəsarətlərinə diqqətlə baxmış və şikayətlərini dinləmişdir. Sınıqla bağlı 07 nömrəli poliklinikadan təqdim edilmiş rentgenin cavabı olmuş, lakin həmin cavabı kimin təqdim etdiyini xatırlamamışdır. Onlarda artıq rentgenin (bitişmiş sınığın) cavabı olmuşdur. Radioloq rentgendə sınığın olmasını görmədiyi üçün o, Məlahət Sultanovaya rentgen plyonkasını göndərmişdir. Sümükdə travmatik dəyişikliklər varsa, sınıq olur. Əgər çat və ya bitişmiş sınıq görünmüş olsaydı, onun mütləq qeyd ediləcəyini bildirmişdir. O, təkrar ekspertizalar şöbəsində işlədiyini, qeyd olunan iş üzrə ilkin rəy olduğunu, gipsin altından rentgen keçirildiyini bildirmişdir. Əgər gips qoyulub sümük birləşsə də, onun bitişmiş olduğu görünür. 07 nömrəli poliklinikada həmin sınıq görülümş, lakin onların yönləndirdikləri professor həmin sınığı aşkar etməmişdir. Rentgen onun ixtisası olmadığı üçün rentgeni oxuya bilmədiyini, əgər qərarda mütəxəssis cəlb olunması ilə bağlı qeyd olunsaydı, onu realizə edəcəklərini qeyd etmişdir. O, şəxsin dediyi hər bir şeyi qeyd etdiyini, ikin ekspertiza zamanı bədənində hər hansı bir xəsarət aşkar olunmadığını bildirmişdir. Ümumiyyətlə, qartmaqlı yara dedikdə, o müxtəlif formada və ölçüdə ola bilər. Qeyd olunan yaranın yeri və yaranın ətraflı məlumatları təcridxananın tibbi kitabçasında dəqiq yazılmamışdır. Sadəcə olaraq qartmaq yazılmış və onun nədən yarandığı da müəyyən olunmamışdır. Yaranı ilk görən ətraflı qeyd etməlidir ki, sonradan baxdıqda yaranın nədən yarandığı anlaşılan olsun. O, ilkin yaranı gördükdə onun nədən yarandığını bilməyin mümkün olduğunu, lakin çapıq izini müəyyən etməyin mümkün olmadığını bildirmişdir. Onlara qərar 3 aydan sonra daxil olmuş, şəxs təcridxanaya daxil olduqdan 2 həftə sonra qulaq pərdəsinin cırıldığını bildirmişdir. Bunların hamısını aydınlaşdırmaq isə ilkin araşdırmada daha effektiv olur. Ekspert qulağın rentgeni olmadığını, qulaq sahəsində olan piqmentasiya hissəsini də qeyd etdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli şəxsi axtarış keçirilməsi barədə protokol və həmin protokola əlavə edilmiş disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış Daxili İşlər Nazirliyinin BNMİ-nin xidməti otaqlarından birində keçirilir. Protokolda baxışın keçirilmə saatı 21:05-21:16 kimi göstərilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs şalvarın sağ cibindən bir ədəd bükümdə heroini, şalvarın sol cibindən bir ədəd içərisində 050 ***-**-** simkart nömrəsi olan “Redmi” markalı mobil telefonu, bir ədəd açarı, bir ədəd plastik bank kartını, bir ədəd şəxsiyyət vəsiqəsini və 34 manat pulu təqdim edərək masanın üzərinə qoymuşdur. Sorğu zamanı üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Mərifət" adlı şəxsin vasitəsi ilə iki gün əvvəl Masallı rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Mərifət” adlı şəxsin ona 2000 manat pul verəcəyini, həmçinin Abşeron rayonunda yaşadığı mənzildə narkotik maddə olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Aşkar olunanlar müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli mənzilə baxış keçirilməsi və götürmə haqqında protokol və həmin protokola əlavə edilmiş disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına baxış keçirilmişdir. Protokolda baxışın keçirilmə saatı 22:30-22:55 kimi göstərilmişdir. Baxış keçirilən zaman mənzildə olan taxta dolabın qarşısından 03 ədəd bükümdə narkotik vasitə heroin, 02 ədəd bükümdə psixotrop maddə metamfetamin və 2799 ədəd narkotik vasitə metadon həbləri aşkar edilmişdir. Aşkar olunanlar müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli şübhəli şəxsin ilkin izahatından və 01 mart 2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan olunan zaman o, elan edilmiş ittihamla razı olaraq ifadəsində bildirmişdir ki, təxminən 30 ildir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan çəkmə yolu ilə istifadə etmiş, narkotik vasitə əldə etmək üçün təxminən 1 aya yaxındır ki, sosial şəbəkələrin birində tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Mərifət” adlı şəxsdən öz istifadəsi üçün narkotik vasitə əldə etmişdir. Əvvəllər ondan bir neçə dəfə öz istifadəsi üçün 100 və ya 200 qram narkotik vasitə qurudulmuş marixuana əldə etmişdir. Sonradan Mərifət ondan göndərəcəyi narkotik vasitələri onun qeyd etdiyi ünvanlara aparıb yerləşdirməyi xahiş etməyə başlamış, hər dəfə isə ona yaxşı məbləğlərdə pul verməyi vəd edirmiş. O, isə pul lazım olmadığını, onun əvəzində ona narkotik vasitə göndərməsini xahiş etmişdir. Mərifət ona onun göndərdiyi narkotik vasitəni aparıb başqa ünvanda yerləşdirdiyi halda ona 2000 manat pul göndərəcəyini demişdir. O isə əvəzində narkotik vasitə qurudulmuş marixuana göndərməsini xahiş etmişdir. Tutulmamışdan iki gün qabaq, yəni 25 fevral 2023-cü il tarixdə Mərifət ona zəng edib Masallı şəhəri ərazisində narkotik vasitə yerləşdirəcəyini, onu götürüb Abşeron rayonuna gətirmək lazım olduğunu demişdir. O, razılaşmışdır. Bundan sonra o, bacısı oğlu ilə birlikdə Masallı şəhərinə getmişlər, Masallı şəhərində o, həqiqətən gedib toxum almış, daha sonra isə Masallı rayonunda meşə zolağının yanından keçdiyi zaman bacısı oğlu Məmmədağadan xahiş etmişdir ki, maşını saxlasın. O, düşüb yolun kənarında gizlədilən yerdən bir torbanı götürüb avtomobilin arxa hissəsinə qoymuşdur. Bacısı oğluna nə götürdüyünü deməmişdir. Onun bundan xəbəri yox olmamışdır. Daha sonra o, yaşadığı Abşeron rayonuna gəlmiş və götürdüyü əşyaları yaşadığı evə qoymuş, Mərifətin göndərdiyi əşyaları o, evə qoymuş və onun dediyi ünvana aparacaqmış. Evdə onu öz əşyaları olan yerdə gizlətmiş, evdə heç kəs bunu görməmiş və ondan xəbəri olmamışdır. Mərifət hələ ona bir ünvan göndərmədiyi üçün narkotik vasitələr evdə qalmışdır. O, həmin paketi açdıqda içərisində narkotik vasitə qurudulmuş marixuana olmadığını görmüşdür. Özü isə yalnız narkotik vasitə qurudulmuş marixuanadan istifadə edirmiş. Onu çəkməyən zaman əsəbi olurmuş. Ona görə də gündəlik həmin narkotik vasitədən istifadə edirmiş. Həmin bağlamada dərmanların, “kokos" kimi tanıdığı narkotik vasitə heroin və psixotrop maddə olduğunu görmüşdür. O, “kokos”dan bir qədər götürüb üzərində saxlamışdır ki, kimsə tapa bilsə onu qurudulmuş marixuana ilə dəyişdirə bilsin. Bundan sonra 27 fevral 2023-cü İl tarixdə saat 19:35-də o, Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron Gənclər şəhərciyi bina 21 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim etmişlər. Onlar onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər və onu barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmişlər. Bundan sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər. O, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə idarəyə getmişdir. Ora gəldikdən sonra o, müdafiəçi ilə təmin olunduqdan sonra şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra şəxsi axtarış keçirilən zaman o, şalvarın sağ cibindən bir ədəd bükümdə heroini, şalvarın sol cibindən bir ədəd içərisində 050 ***-**-** simkart nömrəsi olan “Redmi” markalı mobil telefonu, bir ədəd açarı, bir ədəd plastik bank kartını, bir ədəd şəxsiyyət vəsiqəsini və 34 manat pulu təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Abşeron rayonunda yaşadığı mənzildə narkotik maddə olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş, və bununla bağlı ərizə vermişdir. Sonra yaşadığı ünvana baxış keçirilərkən o, mənzildə olan taxta konstruksiyalı dolabın qarşısından üç ədəd bükümdə heroini, iki ədəd bükümdə olan metamfetamini və 2799 ədəd narkotik vasitə olan metadon həblərinə bənzər kütləni təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Heroinin ümumilikdə çəkisi 6 kq 890 qram, metamfetaminin ümumilikdə çəkisi 4 kq 245 qram olmuşdur. Daha sonra həmin kütlələr müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 28 fevral 2023-cü il tarixli 6/1205 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim edilən kütlə" yazısı və imzalar olan paketdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 40,044 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 7 N"li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs təqdim edilən kütlələr” yazısı və imzalar olan kisədə 3 (üç) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 2040,7 qram, 2125,1 qram, 2095,1 qram, ümumi təmiz çəkisi 6260,9 qram qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 2 (iki) ədəd bağlamada ayrı-ayrılıqda təmiz təmiz çəkiləri 1915,7 qram və 2010,3 qram, ümumi təmiz çəkisi 3926 qram (3 kq 926 qr) ağ rəngli kristallardan ibarət maddə kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “Methadone 40” markalanma göstəricisi olan konvalyutlarda, ümumilikdə 2799 ədəd, üzərlərində “F/M 40” yazısı həkk olunmuş həblər metadon tərkibli dərman preparatlarıdır və 2799 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 111,96 qramdır (konvalyutların üzərindəki qeyd olunmuş göstəricisinə əsasən bir həbdə 0,04 qram metadon olmaqla). Həblər xarici əlamətlərinə və təsiredici maddəsinin miqdarına görə eynidirlər. Vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 6300,944 qram ( 6 kq 300,944 qram) təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Məhkəmə yuxarıda göstərilən ifadələri və digər sübutları mötəbərliyi üzrə qiymətləndirmədən öncə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1 və 124.1.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında məhdudlaşdırmaqla əldə olunduqda cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Məhkəmə, cinayət prosessual qanunvericiliyinin həmin müddəalarını rəhbər tutaraq məhkəməyədək icraat zamanı toplanılmış aşağıdakı sübutları onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olduğundan mötəbər sübut kimi qəbul etmir və hesab edir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs təqsirliliyi ilə bağlı istintaq orqanının gəldiyi nəticələr əsassızdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni polis əməkdaşları tərəfindən döyülməsi və işgəncəyə məruz qalması nəticəsində özünə qarşı ifadə verməsi aşağıdakı sübutlarla kifayət qədər öz təsdiqini tapır. Cinayət işi materiallarında olan və təqsirləndirilən şəxslə aparılan ilkin təhqiqat hərərkəti kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında 27 fevral 2023-cü il tarix saat 21:05-dən saat 21:16-dək aparılan şəxsi axtarış əməliyyat axtarış tədbirinin video görüntüsü məhkəmə istintaqı zamanı tədqiq edirlərkən aydın olur ki, Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşlarının nəzarətində olmaqla təhqiqatçının iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təhqiqatçının göstərişi ilə çəkiliş başlayarkən dayandığı masanın arxasından kənara çəkilərək təhqiqatçıy tərəf gəlmiş, bu zaman onun yeriməkdə çətinlik çəkdiyi aşkar görsənmişdir. Belə ki, Təqsirləndirilən şəxs addım atmadan, sağ ayağını qaldırmadan ayağını yerlə sürüyərək irəliyə gəlmiş, müvazinətini saxlamaq üçün yanındakı masadan tutmuş, həmçinin baxış bitdikdən sonra ayağını sürüyərək və masadan tutaraq yerinə qayıtmışdır. Bütün çəkiliş müddəti ərzində onun ayaq üstə dayanmağa və müvazinətini saxlamağa çətinlik çəkdiyi, masadan tutaraq dayandığı görsənmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara çətinliklə cavab vermiş, sol üz nahiyəsi və göz ətrafı hissəsi qızarmış və şişmiş vəziyyətdə olmuşdur. Baxış zamanı aşkar edilən açarın evin açarı olduğunu bildirmiş, açar onun özünə qaytarılmışdır. Əməliyyat tədbiri mənzilə baxış keçirilməsi ilə davam etdirilmiş, mənzilə baxışda oğlu Yusif Teymurlu da iştirak etmişdir. Baxış birbaşa mənzilin içərisindən başlamış, mənzilin qapısının kim tərəfindən açılması, Yusif Teymurlunun əvvəlcədən mənzildə olubolmaması, qapının onun tərəfindən, yoxsa Təqsirləndirilən şəxs özü tərəfindən üzərində olan açarla açılması qeyri-müəyyən qalmış, yenə Təqsirləndirilən şəxs ayaq üstə dayanmaqda və müvazinətini saxlamaqda çətinlik çəkdiyi aşkar görsənmişdir. Təqsirləndirilən şəxs təhqiqatçının göstərişi ilə narkotik vasitənin yerini göstərərkən məlum olur ki, narkotik vasitənin yığıldığı torba qapı ilə üzbəüz açıq şəkildə döşəmənin üzərinə qoyulmuş, torbanın ağzı bağlanmamışdır. Göründüyü kim mənzilə baxış keçirilməsi barədə video çəkiliş elə mənzilin içərisindən başlamış, açarın təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsinə baxmayarq mənzilin qapısının əvvəlcədən bağlı olması, onun özü tərəfindən açılması və ya əgər Yusif Teymurlu əvvəlcədən mənzildə olmuşsa onun tərəfindən açılması hissəsi məhkəməyə qaranlıq qalmışdır. Video çəkilişdən aydın görünür ki, narkotik vasitənin yığıldığı torba qapıdan içəri daxil olan kimi qarşıda açıq şəkildə döşəmənin üzərinə qoyulmuş, hər hansı bir formada gizlədilməmiş, mənzildə yaşayan və ibtidai istintaq zamanı verdikləri ifadəyə əsasən mənzildə olan narkotik vasitə və psixotrop maddədən xəbərsiz olan, digər şəxslər tərəfindən də aşkar edilməsi mümkün olan şəraitdə saxlanmışdır. Belə olan halda digər şəxslərin cinayət məsuliyyətinin hansı əsaslarla istisna edilməsi ibtidai istintaq orqanı tərəfindən əsaslandırılmamış, onların verdiyi ifadə ilə kifayətlənilmişdir. Cinayət işinin materiallarından olan xx.xx.2023-cü il tarixli Bakı şəhər Nərimanov rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, qərarın icrası Bakı İstintaq Təcridxanasına həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasından götürülmüş “Məhkumun tibbi kitabçası”da olan məlumatlara əsasən təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təcridxanaya gətirilmiş, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Bakı İstintaq təcridxanasında saxlanmışdır. Cinayət işinin materiallarından da aydın olur ki, təqsrləndirilən şəxs üzərinə baxış keçirilməsi üçün saxlandığı 27 fevral 2023-cü il tarix saat 19:35-dən 01 mart 2023-cü il tarix saat 15:30-dək polis əməkdaşlarının nəzarəti altında olmuş, bütün hərəkət və təhlükəsizliyi saxlanıldığı polis orqanının iradəsi çərçivəsində həll olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından təqdim edilmiş “Məhkumun tibbi kitabçası”da qeyd olunan məlumatlara əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuşdur. Müayinə zamanı bel nahiyəsində çoxsaylı kiçik ölçülü qərtməkli yaralar, sağ baldırın aşağı 1/3-də və sağ ayaqarxası nahiyədə iri ölçülü bənövşəyi qançırlar, sağ incik sümüyünün distal hissəsində yerdəyişməyən sınığı (rentgenoloji) xəsarəti müşahidə edilmişdir. Həmin tarix üçün şikayətləri baş ağrısı, hərəkət məhdudluğu və qulaqda küyün olmasından ibarət olmuşdur. Təqsirləndirilən şəxsə sağ incik sümüyünün distal hissəsində yerdəyişməyən sınığına görə gips sarğısı qoyulmuş və tibbi sanitar hissəyə yerləşdirilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə sol qulaq nahiyəsində olan ağrı və eşitmə zəifliyi şikayətləri ilə müalicə həkiminə müraciət etmiş, onun qulağı müayinə olunmuş və sol təbil pərdəsinin zədələnməsi müşahidə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinədən keçirilməsinə dair ekspertizanın 28 fevral 2023-cü il tarixli, 86/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan sağ aşıq-baldır oynağında yayılmış şişkinlik, göyümtül rəngli açıq qançır (hematoma) və hərəkət funksiyasının ağrı hesabına pozulması küt əşyanın təsirindən əmələ gəlmişdir, törənmə müddəti müayinədən 1-2 gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinədən keçirilməsinə dair ekspertizanın 25 may 2023-cü il tarixli, T 440/2023 rəyindən görünür ki, Təqsirləndirilən şəxs sağ aşıq-baldır oynağında yayılmış şişkinlik, göyümtül rəngli qançır (hematoma) və hərəkət funksiyasının ağrı hesabına pozulması aşkar olunmuşdur. Qeyd edilən xəsarət bərk küt əşyanın təsirindən törənmiş, yetirilmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Təqdim edilən tibbi sənədlərdə bel nahiyyəsində olan çox saylı kiçik ölçülü üzəri qərtməkli yaralar tam təsvir edilmədiyindən onların yaranma səbəbi və müddəti haqqında dəqiq fikir söyləmək mümkün deyil. Sol qulağının təbil pərdəsinin zədələnməsi ilə əlaqədar ilkin tibbi sənəd olmadığından onun yaranma səbəbi və müddəti haqda dəqiq fikir söyləmək mümkün deyil. “Cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında Səbail rayon prokurorluğunun 01 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs şikayəti əsasında araşdırma aparılmış, həmin material üzrə o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BNMİ-nin əməkdaşları tərəfindən döyülməsini, işgəncələrə məruz qalmasını, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qaldığını göstərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətlərin edilməsi ilə bağlı Səbail rayon prokurorluğunun “Cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında 01 iyun 2023-cü il tarixli qərarla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin müddəalarını rəhbər tutaraq belə qənaətə gəlir ki, iş üzrə dindirilmiş şahidlər — X8, X14, X15, X4 ifadələrinə əsasən Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulanadək tam sağlam olmuşdur. Təqsirləndirilən şəxs istintaq orqanına döyülmə və işgəncə nəticəsində özünə qarşı ifadə verməsi ilə bağlı əsaslı ehtimallar onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə verilmiş vəsatətə baxılması nəticəsində qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin 14 aprel 2023-cü il tarixli qərarı ilə də təsdiq olunur. Belə ki, həmin qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, 27 fevral 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs polis əməmkdaşlarının göstərişi əsasında çətinliklə dayandığı yerdən bir neçə addım irəliyə doğru gələrək, ayaqqabılarını çıxararaq baxışın davam etməsini təmin etmiş, eyni zamanda çəkilişdən aşkar surətdə müəyyən edilmişdir ki, şəxsin sol üz nahiyəsində göz ətrafı hissəsi hər hansı kənar təsir nəticəsində zədələnərək şişmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasından əldə olunmuş tibbi kitabçaya əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həbs olunan zaman xəsarət aldığını bildirmiş, baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsviri barədə məlumatlar bölməsində ”bel bahiyəsində çoxsaylı kiçik ölçülü qərtməkli yaralar, sağ baldırın aşağı 1/3də və sağ ayaqarxası nahiyədə iri ölçülü bənövşəyi qançırlar” qeydi, obyektiv müayinə barədə məlumatlar bölməsində “hal-hazırda şikayəti baş ağrılarından, hərəkət məhdudluğundan və qulaqlarda küyün olmasındandır”, “sağ incik sümüyünün distol hissəsinin yerdəyişməyən sınığı” qeyd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirini “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz etmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2, 125.2.1, 125.2.3 və 125.2.4-cu maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud həmin Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə, cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 125.3-cü maddəsinə əsasən həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 27 fevral 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, 27 fevral 2023-cü il tarixli “Mənzilə baxış keçirilməsi və götürmə aparma haqqında” protokol, eləcə də Təqsirləndirilən şəxs qismində verdiyi 01 mart 2023-cü il tarixli ifadəsi mötəbər sübut olmadığından təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübutlar kimi həmin ifadə və protokollara istinad oluna bilməz. Məhkəmə yuxarıda göstərdiyi halları əsas gətirərək bildirir ki, 27 fevral 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol və “Mənzilə baxış keçirilməsi və götürmə aparma haqqında” 27 fevral 2023-cü il tarixli protokol bu əsaslara görə mötəbər sübut hesab edilmədiyindən təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübut kimi qəbul oluna bilməz və həmin protokol ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Məhkəmə müdafiə tərəfinin gətirdiyi dəlilləri-sənədləri, həmin sənədlərlə uzlaşan əlavə şahid ifadələrini tədqiq edib qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs və şahid Məmmədağa Həmidov, Yusif Teymurlu, Tural Teymurov və Vüsalə Teymurovanın məhkəmə istintaqı zamanı verdikləri ifadənin Təqsirləndirilən şəxs saxlanılmamışdan əvvəl hər hansısa bir xəsarətinin olmaması barədə olan hissəsi iş üzrə araşdırılan digər sübutlarla tam təsdiq olunduğu üçün iş üzrə mötəbər sübut kimi qəbul edilməlidir. Yuxarıda qeyd olunan hallar həmçinin Təqsirləndirilən şəxs təhqiqat və ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən özünə qarşı alınmış izahat və ifadələrin zorakılıq, işgəncə və digər qəddar, qeyri-insani, ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə alınmasını təsdiq edir. Odur ki, mövcud vəziyyətdə Təqsirləndirilən şəxs özünə qarşı verdiyi ifadə mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs özünə qarşı alınmış etirafedici ifadələrə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, Dikmə Türkiyəyə qarşı 11 iyul 2000ci il tarixli məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmur. (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub.) Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüququna malik olmadığı üçün, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Hazırkı baxılan cinayət işi üzrə məhkəmə tərəfindən araşdırılmalı olan məsələlərə dair Avropa Məhkəməsinin kifayət qədər geniş presedent təcrübəsi olduğundan məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə araşdırma apararkən Avropa Məhkəməsinin presedentlərinə müraciət edərək onun mövqeyini nəzərə almışdır. Belə ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan Hüquqlarının və əsas Azadlıqların müdafiəsi X2 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Konvensiyanın həmin maddəsi çərçivəsində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı iş üzrə qəbul etdiyi 11 yanvar 2007-ci il tarixli qərarda qeyd etmişdir ki, Konvensiyanın 3-cü maddəsində demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən biri təsbit olunur. Hətta ən çətin şəraitdə, məsələn, terrorçuluqla və mütəşəkkil cinayətkarlıqla mübarizə zamanı Konvensiya işgəncəni, qeyriinsani və alçaldıcı rəftarı və cəzanı tamamilə qadağan edir. Konvensiyanın, onun 1 və 4 saylı protokollarının əksər maddi müddəalarından fərqli olaraq, hətta xalqın həyatına təhlükə törədən fövqəladə hallarda 15-ci maddənin 2-ci bəndinə əsasən 3-cü maddə üçün istisna halının, yaxud qeyd-şərtin edilməsi nəzərdə tutulmur (bax, məsələn, Selmuni Fransaya qarşı (Böyük Palata), № 25803/94, § 95, İHAM 1999-V; Labita İtalyaya qarşı (Böyük Palata), № 26772/95, § 119, İHAM 2000-İV və Dikme Türkiyəyə qarşı, №20869/92, § 89, İHAM 2000-Vİİİ) Avropa məhkəməsi həmçinin vurğulamışdır ki, «şəxs polisə aparılarkən sağlam olduğu, azad edildiyi zaman isə bədənində xəsarət müəyyən olunduğu halda həmin xəsarətlərin əmələ gəlməsi səbəblərinə dair inandırıcı əsaslar gətirilməsi Dövlətin öhdəliyidir, əks halda Konvensiyanın 3-cü maddəsinə əsasən aydın məsələ ortaya çıxır» (bax, Tomasi Fransaya qarşı, 27 avqust 1992-ci il tarixli qərar, A Seriyaları № 241-A, s. 40- 41, §§ 108-11 və yuxarıdakı Selmouni işi, § 87). Bundan başqa, sübutların mötəbərliyi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallardan irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ). Sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur ( “Allan” işi, 47-ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v. Russia [GC], no. 4378/02, § 95, ECHR 2009). Polis əməkdaşları olmuş Şahid1, Şahid2 və BNMİ-nin baş əməliyyat müvəkkili Şahid3 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələri ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, göstərilən şahid ifadələri onların sübut kimi qəbul edilməsinin mümkünlüyünü istisna edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində sadalanan hallar olduğundan sübut kimi qəbul edilə və Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamın əsasını təşkil edə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 95.1-ci maddəsinə əsasən iş üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs ittiham tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, müdafiə tərəfindən isə məhkəmə baxışı zamanı çağırılıb şahid qismində dindirilə bilər. Təqsirləndirilən şəxsi tutaraq ona qarşı sübut toplayan, ittihamın təsdiq olunmasında maraqlı olan, eləcə də vəzifələrinə uyğun olaraq biri-digərinə tabe olan polis əməkdaşlarının verdikləri ifadələr isə qərəzsiz və obyektiv ifadə kimi qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, həmin ifadələr еyni zamanda digər polis əməkdaşlarının fəaliyyətini əks еtdirən informasiya daşıyıcısıdır. Bu ifadələr Təqsirləndirilən şəxs vеrilmiş ittihamın təsdiqi ilə yanaşı, еyni zamanda digər polis əməkdaşlarının hərəkətlərinin qanuni və əsaslı olmasının da təsdiqi vasitəsidir. Belə ki, polis əməkdaşlarının cinayət təqibi üzrə prosessual fəaliyyətinin əsaslığı və şahid qismində verdikləri ifadələrin mötəbərliyi üzrə qiymətləndirilməsi baхımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən еtmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X5rşı 18 yanvar 1978-ci il tarixli qərarında, həmçinin bir sıra qərarlarda Avropa Məhkəməsi sübutları qiymətləndirərkən “əsaslı şübhə yеrinin qalmaması” sübutеtmə standartını tətbiq еdir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların vеrdikləri ifadələrin qеyd еdilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə hеç bir şübhə yеri qalmamalıdır. Oхşar yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Muradova Azərbaycana qarşı 2 aprеl 2009-cu il tariхli qərarında (128-ci bənd) öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi vеrdiyi ifadələrin “əsaslı şübhə doğurmayan” sübut növünə aid olmadığı göstərilmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi, mənsubiyyəti və mümkünlüyü üzrə qiymətləndirilməsini zəruri hesab edir. Bundan əlavə, məhkəmə tərkibi cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının 28 fevral 2023-cü il tarixli 6/1205 nömrəli rəyi ilə bağlı qeyd edir ki, bu rəy Təqsirləndirilən şəxs aşkar edilməsi sübuta yetirilməyən narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və metadon tərkibli həblərlə bağlıdır. Rəyin özü bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş maddə ilə bağlı əsaslandırılmış tədqiqatla gəlinmiş nəticə mövcuddur. Bununla belə, narkotik vasitənin, psixotrop maddənin və həblərin təqsirləndirilən şəxsə məxsus olmaması ilə bağlı gəlinmiş nəticə və buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə, qeyd edilən ekspert rəyinin təqsirləndirilən şəxsə qarşı deyil, həmin narkotik vasitə və psixotrop maddəni əldə etmiş, hazırlamış, saxlamış, daşımış və satmış şəxsin müəyyən edilməsində sübut kimi istifadə oluna bilməsi mümkündür. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının 01 iyun 2023-cü il tarixli 3385 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinodilərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edlməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görünür. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi halı belə ona qarşı irəli sürülmüş ittiham üzrə sübut kimi qiymətləndirilməsinə əsas ola bilməz. Bununla bağlı “Sakit Zahidov Azərbaycana qarşı” işdə də Avropa Məhkəməsi müəyyən etmişdir ki, narkomaniya xəstəliyinin aşkar olunduğunu təsdiqləyən ekspertiza rəyi özü-özlüyündə şəxsin hətta satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələrini şəxsi istehlak miqdarından artıq miqdarda görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas kimi qəbul edilə bilməz (bax, Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, § 51, 12 noyabr 2015). Azərbaycan Respublikası Cinayət Prosessual Məcələsinin 25.2.1 insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla əldə edilmiş məlumatlar, sənədlər bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda onlar sübut kimi qəbul edilə bilməzlər. Həmçinin ibtidai istintaq zamanı ifadə vermiş ittiham tərəfinin şahidləri — Şahid1, Şahid2 və Şahid3 ifadələrində göstərdiyi xüsusatlar yuxarıda təhlil olunmuş sübuların məcmusu ilə tam təkzib olunduğundan mötəbər sübut kimi qəbul edilə bilməzlər. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittihamın sübutu kimi məhkəməyə təqdim olunan xx.xx.2023-cü il tarixli “əməliyyat axtarış tədbirinin keçirilməsi barədə” qərar və raportu, 27 fevral 2023-cü il tarixli “şübhəli şəxsin tutulması” haqqında qərarı, 27 fevral 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolu və həmin protokola əlavə edilmiş videoçəkilişi, 27 fevral 2023-cü il tarixli “Mənzilə baxış keçirilməsi və götürmə aparma haqqında” protokolu və həmin protokola əlavə edilmiş videoçəkilişi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həm şübhəli, həm də təqsirləndirilən şəxsin 01 mart 2023-cü il tarixli dindirmə protokolunu, şahidlər Şahid1, Şahid2 və Şahid3 ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ifadələri isə mötəbər sübut hesab etməyərək həmin sənədləri və ifadələri sübutların siyahısından çıxarır. Beləliklə məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsinə ona görə bəraət verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 2-ci bəndində və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Eyni Məcəllənin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Həmin Məcəllənin 42.1 və 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 42.2 və 42.2.4-cü maddələrinə əsasən bəraət hökmü həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Beləliklə məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsinə görə bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilərkən onun həmin cinayətdə təqsirli olmasını sübut edə bilməmiş, bu barədə ittiham ehtimallar üzərində qurulmuş, ittiham orqanı sübut kimi istinad etdiyi dəlillər yuxarıda qeyd edilən prosessual qanunvericiliyin 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Hazırkı cinayət işində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübutlardan, həyata keçirilmiş məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından da görünür ki, Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittiham üzrə onun təqsirliliyi sübuta yetirilməmişdir. Bununla da məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi əsasına görə ona bəraət verilməsini əsaslı və qanuni hesab edir. Təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarılması ilə əlaqədar onun barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınması, tutulduğu müddət, cəza təyini, cəzaçəkmə müəssisəsinin növü, tibbi xarakterli məcburi tədbirlərin tətbiqi, məhkəmə xərcləri, mülki iddia və xüsusi müsadirə edilməli əmlak ilə bağlı məsələlərin müzakirəsi istisna təşkil edəcəkdir. Məhkəmə həmçinin qeyd edir ki, cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 27 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs baraət verilməsi ilə bağlı onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 353.5.2-ci maddəsinə əsasən ləğv edilməlidir. Cinayət işinin materiallarında olan “Maddi sübut kimi tanıma” haqqında 06 mart 2023-cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 6300,144 qram narkotik vasitə heroin, qalıq qalmış 3925,6 qram psixotrop maddə metamfetamin və qalıq qalmış 2789 ədəd metadon tərkibli həblər maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan 6300,144 qram narkotik vasitə heroin, qalıq qalmış 3925,6 qram psixotrop maddə metamfetamin və qalıq qalmış 2789 ədəd metadon tərkibli həblər narkotik vasitəsini əldə etmiş, daşıyaraq saxlamış şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməli, 02 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə bəraət verildiyindən məhkəmə ekspertizalarının aparılması ilə bağlı ümumilikdə 114 (yüz on dörd) manat məbləğində xərclər təqsirləndirilən şəxsə aid edilməməli və cinayət törətmiş şəxsin müəyyən edilməsi ilə bağlı aparılacaq cinayət təqibinin nəticəsinə uyğun həll edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bununla belə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət alması ilə əlaqədar ona cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42, 318, 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilsin və o, verilmiş ittiham üzrə təqsirsiz hesab olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübutlar – DİN-nin BMCMİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 6300,144 qram narkotik vasitə heroin, qalıq qalmış 3925,6 qram psixotrop maddə metamfetamin və qalıq qalmış 2789 ədəd metadon tərkibli həblər hökm qanuni qüvvəyə mindikdən sonra narkotik vasitəsini əldə etmiş, daşıyaraq saxlamış şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. İş üzrə sübut kimi qiymətləndirilmiş, iki ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verildiyindən 28 fevral 2023-cü il tarixli 6/1205 nömrəli məhkəməkimyəvi ekspertizasının keçirilməsinə sərf olunan 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs aid edilməsin, cinayət törətmiş şəxsin müəyyən edilməsi ilə bağlı aparılacaq cinayət təqibinin nəticəsinə uyğun olaraq həll edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması, barəsində həbs və ev dustaqlığı qətimkan tədbirlərinin seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunsun. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar