Məhkəmə qərarları › İş №1(124)-222/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-222/2022

06.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-222/2022 06.04.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu (məruzəçi hakim) və Əliyev Hafiz Samir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1971-ci il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda kultivasiya etmişdir. Belə ki, o, tanışları Şahid1 və Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan tarixdə və mənbədən əldə etdikləri narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını yetişdirmək məqsədilə Quba rayonu, Mirzəmməd kəndi ilə üzbə-üz olmaqla Qudyalçay çayının sağ kənarında yerləşən Təqsirləndirilən şəxs məxsus bağ sahəsindəki dəmir torlu hasarın dibində və yaxınlıqdakı kolluq sahədə, həmçinin “Damba” adlanan ərazidəki su anbarının kənarında əkmiş və əkdiyi həmin toxumlardan əmələ gələn külli miqdarda, yəni 16 (on altı) ədəd çətənə (kannabis) bitkisinə 28 iyun 2021-ci il tarixə kimi olan müddət ərzində aqrotexniki qaydada qulluq göstərməklə onları yetişdirərək kultivasiya etmiş, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 28 iyun 2021-ci il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs və Şahid1 iştirakı ilə Qudyalçayın yaxınlığında yerləşən Təqsirləndirilən şəxs məxsus bağ sahəsindəki dəmir torlu hasarın dibinə baxış keçirilən zaman 1 (bir) ədəd, nəm vəziyyətdə çəkisi 1,887 qram, həmin ərazinin yaxınlığındakı kolluq sahədən 12 (on iki) ədəd, nəm vəziyyətdə çəkisi 275 qram, həmçinin “Damba” adlanan ərazidəki su anbarının kənarından 3 (üç) ədəd, nəm vəziyyətdə çəkisi 4,565 qram olan əkilib-becərilməsi qadağan olunmuş ümumilikdə külli miqdar hesab edilən 16 (on altı) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi aşkar edilərək götürülmüş, bununla da o, qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda kultivasiya etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, 28 iyun 2021-ci il tarixdə, saat 17 radələrində Quba şəhəri Qudyalçayın kənarında özünə məxsus bağ sahəsində tanışı Şahid1 ilə birlikdə işlədikdən sonra evə gedərkən Mübariz ona məxsus bağ sahəsində fəhlə kimi işləyən Xəyyamın bağ sahəsinin qarşısında çayın kənarında narkotik tərkibli çətənə bitkisini əkməsini bildirdi və həmin çətənə bitkilərinə baxmağı təklif etdi. Şahid1 və Şahid2 o, xeyli müddətdir ki, tanımışdır. Mübarizlə birlikdə bağ sahəsindən çıxaraq çətənə bitkilərinə baxmağa getdikdə polis əməkdaşları onları saxlamışdırlar. Həmin ərazidə aşkar edilmiş çətənə bitkilərini ilk dəfə görmüş, bitkilər onun tərəfindən əkilməmiş və bu birkilərə qulluq göstərməmişdir. Daha sonra, o, verilən suallara cavab olaraq göstərdi ki, narkotik vasitələrdən istifadə etmir, çətənə biktilərinin əkildiyi sahə onun bağ sahəsinə yaxın ərazidir. Narkotik tərkibli çətənə biktilərini Xəyyamla Mübariz əkmiş, istintaq zamanı ona təzyiq göstərildiyi üçün ilkin ifadələrində çətənə bitkilərinin əkilməsindən xəbərinin olduğunu göstərmişdir. Məhkəmədə elan olunaraq tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsindən görünür ki, o, özünü qismən təqsirli bilərək göstərmişdir ki, narkotik vasitələrdən istifadə etsə də, məhkumluğu olmamışdır. 28 iyun 2021-ci il tarixdə, saat 17 radələrində Quba şəhəri Qudyalçayın kənarında daş karxanaları yolunda yerləşən pay torpaq sahəsində polislər tərəfindən onun və vəkilin birgə iştirakı ilə həmin sahəyə baxış keçirilmiş, sahənin ətrafına çəkilmiş dəmir torlu hasarın dibində 1 ədəd aqrotexniki qaydada qulluq edilmiş çətənə bitkisi aşkar edilmişdir. Aqronom həmin bitkiyə baxarkən uzunluğunun kök boğazından 20 sm olması müəyyən edilmişdir. Həmin bitkiyə özü su da vermiş və bununla da qulluq etmişdir. Məqsədi isə ondan sonradan qurudaraq istifadə etmək olmuşdur. Videoçəkilişdə həmin bitkinin özünün bitməsini desə də, lakin onu Mübariz və Xəyyam adlı şəxslə birlikdə əkmiş, qulluq etmişdir. Sonradan isə onlar yaxınlıqdakı çayın kənarında qamışlıq və böyürtkən kolları olan əraziyə gedərək, orada olan 12 ədəd çətənə bitkisini göstərmişlər. Həmin bitkiləri də Xəyyam birgə əldə etdikləri toxumlardan əkmiş, onun və Mübarizin bundan xəbəri olmuşdur. Mübarizlə birgə həmin bitkilərə qulluq göstərərək əldə ediləcək qurudulmuş marixuanadan istifadə etməyi düşünmüşlər. Həmin 12 ədəd çətənə bitkisi kökü ilə birlikdə çıxarılarkən hətta birinin dibində plastik materialdan olan dibçək də müəyyən edilmişdir. Polis əməkdaşları son olaraq isə onlar Danba adlanan ərazidə Qudyalçayın kənarında 3 ədəd bitkinin olduğu yerə baxış keçirmişlər. Həmin çətənə bitkilərini isə Xəyyam özü əkmiş, onlara da bu barədə bildirmiş, Mübarizlə birgə həmin bitkilərin böyüməsi üçün onlara su vermişlər. Hər üç yerdə əkilən bitkilərin toxumları eyni olmuşdur. Xatırladığı qədəri ilə də həmin toxumları onlar bir müddət əvvəl istifadə etdikləri narkotik vasitə olan qurudulmuş marixuanadan əldə etmişlər. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı heç bir fiziki güc, zor tətbiq edilməmişdir. O, saxlanılarkən yanında tanışı Şahid1 da iştirak etmişdir. Onlar narkotik tərkibli çətənə bitkilərinin əkildiyi ərazini Mübarizlə birlikdə göstərmişlər, həmin yerlərə də polis əməkdaşları tərəfindən onların göstərməyi ilə müdafiəçilərinin də iştirakı ilə baxış keçirilmişdir. Amma həmin zaman orada Xəyyam olmamışdır. (Cild 1, iş vərəqləri 79-80) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Xəyyam ona Qudyalçayın kənarında kolluq və qamışlıq ərazidə 12 ədəd çətənə bitkiləri əkməsi barədə məlumat vermişdi. Tutulmamışdan əvvəl Elxana bu haqda demiş, çünki onun çətənə bitkilərinin əkilməsindən xəbəri olmamışdır. Bundan sonra Elxana gedib çətənə bitkilərinə bamağı təklif etmiş və o, da razılaşmışdır. Birlikdə Qudyalçayın kənarında kolluq və qamışlıq ərazidə 12 ədəd çətənə bitkilərinin əkildiyi yerə baxmağa gedərkən polis əməkdaşları onları saxlamışdır. Elxanın həmin birkilərin əkilməsindən əvvəl xəbəri olmamış, lakin özü Qudyalçayın kənarında 3 ədəd şəxsi istifadəsi üçün çətənə bitkisi əkmişdir. Daha sonra, məhkəmədə verilən suallara cavab olaraq o, göstərdi ki, Xəyyamın çətənə bitkisi əkdiyi yer Elxanın torpaq sahəsinə yaxındır. Həmin çətənə bitkilərinə Elxan qulluq etməyib. Polis əməkdaşları tərəfindən tutulmamışdan əvvəl Elxana çətənə bitkilərinin əkilməsi barədə məlumat vermişdir. Məhkəmədə elan olunaraq tədqiq olunmuş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, təxminən 4-5 ilə yaxındır ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. 28 iyun 2021-ci il tarixdə, saat 17 radələrində Quba şəhəri Qudyalçayın kənarında daş karxanaları yolunda yerləşən tanışı Təqsirləndirilən şəxs məxsus pay torpaq sahəsində polislər onların iştirakı ilə həmin sahəyə baxış keçirmişdir. Baxış zamanı sahənin ətrafına çəkilmiş dəmir torlu hasarın dibində 1 ədəd aqrotexniki qaydada qulluq edilmiş çətənə bitkisi aşkar edilmişdir. Aqronom həmin bitkiyə baxarkən uzunluğunun kök boğazından 20 sm olan çətənə bitksi olduğu müəyyən edilmişdir. Həmin bitkidən onun məlumatı olmuşdur, Elxanla birlikdə həmin bitkiyə su vermiş, bununla da onlar həmin bitkiyə qulluq etmişlər. Həmin bitkini onlar Xəyyam adlı şəxslə birlikdə əkmiş, qulluq etmişlər. Sonradan isə onlar yaxınlıqdakı çayın kənarında qamışlıq və böyürtkən kolları olan əraziyə gedərək orada da olan 12 ədəd çətənə bitkisini göstərmişlər. Oradakı bitkidən də məlumatları olub və onlar bitkilərə su vermişlər. Həmin 12 ədəd bitki Xəyyam tərəfindən birgə əldə etdikləri toxumlardan əkilmiş, onun və Elxanın bundan xəbəri olmuşdur. Həmin 12 ədəd çətənə bitkisi kökü ilə birlikdə çıxarılarkən hətta birinin dibində plastik materialdan olan dibçək də olması müəyyən edilmişdir. Son olaraq isə onlar Danba adlanan ərazidə Qudyalçayın kənarında 3 ədəd bitkinin olduğu yerə baxış keçirmişlər. Həmin çətənə bitkilərini isə Xəyyam özü əkmiş, onlara da bu barədə bildirmiş, Elxanla o da həmin bitkilərin böyüməsi üçün onlara su vermişlər. Hər üç yerdə əkilən bitkilərin toxumları eyni olmuşdur. Xatırladığı qədəri ilə də həmin toxumları onlar bir müddət əvvəl istifadə etdikləri narkotik vasitə olan qurudulmuş marixuanadan əldə etmişlər. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı heç bir fiziki güc, zor tətbiq edilməmişdir. (Cild 1, iş vərəqləri 89-90) Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Elxanın bağ sahəsində işləmiş və orada bəzən orada yerləşən balaca tikilidə qalmışdır. Bağ sahəsinin aşağısında və qamışlıq ərazidə əkilən çətənə bitkilərinin kim tərəfindən əkilməsi və qulluq göstərilməsindən onun xəbəri olmamışdır. 3 ədəd çətənə bitkisi isə onun tərəfindən əkilmişdir. Məhkəmədə elan olunaraq tədqiq olunmuş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Quba şəhər sakinləri Təqsirləndirilən şəxs və Şahid1 uzun müddətdir ki, tanıyır. Həmin şəxslər onunla qonşuluqda yaşayırlar. Onlarla heç bir düşmənçilik və ədavəti olmamışdır. Təxminən 2 ay əvvəl Təqsirləndirilən şəxs onun yaşadığı ünvanda dəqiq sayını bilmədiyi qədər narkotik tərkibli çətənə bitkiləri əkmişdir. Həmin bitkiləri əkən zaman onun evində heç kim yaşamadığından ondan heç kimin şübhələnməyəcəyi üçün orada əkdiyini bildirmişdir. Elxan narkotiki əkən zaman sərxoş olduğundan və həmçinin ona yaxşı pul qazanacaqlarını bildirdiyi üçün o, Elxana narkotik bitkilərini əkməyə razılıq vermişdir. Bir müddət sonra isə o, həmin bitkilərin cücərib inkişaf etdiyini görmüşdür. O, həmin zaman qorxduğu və narkotiklə əlaqəsi olmadığı üçün həmin bitkiləri köklərindən çıxarıb məhv etmişdir. Həmin bitkilərdən geriyə qalan 3 ədədini Qudyalçayın yuxarı tərəfindəki damba adlanan ərazidə əkmişdir. Daha sonra isə həmin 3 ədəd bitkinin olduğu yeri Mübarizə göstərmişdir. Çünki Elxanın onun yaşadığı evdə narkotik tərkibli bitkiləri əkən zaman Mübariz adlı şəxslə şərik olduqlarını bilmişdir. Buna görə də Mübarizə həmin bitkilərin yerini göstərmişdir. O, Təqsirləndirilən şəxs bağ sahəsində fəhlə işləyən zaman X2 yaxınlığındakı kolluq sahədə və Elxanın bağının dəmir torlu hasarının dibində narkotik tərkibli çətənə bitkilərini əkdiyini bilmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik tərkibli bitkiləri əkən zaman başqa kim isə ona kömək etməmişdir. O, da Elxana narkotikin əkilməsində kömək göstərməmişdir. Kasıb olduğu üçün Elxan narkotiki onun həyətyanı sahəsində əkən zaman yaxşı pul qazanacaqlarını bildirdiyi üçün o, Elxana icazə vermişdir. Amma sonradan o, peşiman olaraq Elxanın əkdiyi bitkiləri məhv etmişdir. O, Təqsirləndirilən şəxs əkmiş olduğu bitkiləri məhv etdikdən sonra Elxan ona həmin bitkilərin toxumlarının bir ədədinin 30 manata olduğunu və nə üçün məhv etdiyini bildirmişdir. O, Elxana qorxduğu üçün məhv etdiyini bildirmişdir. Bir müddət sonra isə məhv etməyinə baxmayaraq həmin bitkilərdən 3 ədədinin yenə də həmin yerdə qaldığını görmüşdür. Buna görə də o, həmin 3 ədəd bitkini aparıb Qudyalçayın kənarında əkərək bu barədə də Mübarizə bildirmişdir. X6 şərik olduğunu bilmişdir. O, həmin bitkilərin yerini Mübarizə göstərmişdir ki, Mübariz də Elxana həmin bitkilərin yerini göstərsin, sonra özləri nə istəsələr etsinlər. O, Elxanla Mübarizin şərik olduqlarını bildiyi üçün həmin 3 ədəd ağacın yerini də Mübarizə göstərmişdir ki, Elxanla birlikdə həmin ağacların yerini bilsinlər. Sonradan onun bildiyi qədəri ilə Mübarizlə Elxanın birlikdə əkmiş olduqları narkotik tərtkibli çətənə kolları ilə birlikdə həmin ağaclara da qulluq göstərib baxmışlar. Təqsirləndirilən şəxs və Şahid1 həmin çətənə bitkilərini özləri əkmişlər. O, sadəcə olaraq 3 ədədini əkmiş və bu bitkilərin yerlərini Mübarizə göstərmişdir. Bundan onun bildiyi qədəri ilə Elxanın da məlumatı olmuşdur. Çünki bir neçə dəfə ümumilikdə 16 ədəd çətənə bitkilərinə Elxan və Mübarizlə birlikdə su verib baxmışdır. Həmin çətənə bitkilərinə o, Təqsirləndirilən şəxs məxsus bağ sahəsində fəhlə işlədiyi üçün su verilməsinə kömək etmişdir. Həmin zaman orada Mübarizlə Elxan da olmuşdur. O, narkotik vasitə istifadə etmədiyi və alqı-satqısı ilə məşğul olmadığı üçün həmin bitkilərdən əldə olunacaq narkotik vasitədən ona pay verilməyəcəkdi, sadəcə olaraq Mübarizlə Elxan arasında bölüşdürüləcəkdi. (Cild 1, iş vərəqləri 138-140) Məhkəmədə şahid qismində dindirilmiş Quba rayon Polis Şöbəsinin Cinayət-Axtarış üzrə əməliyyat müvəkklili Şahid6 ifadəsində göstərdi ki, 28 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs və Şahid1 qanunsuz olaraq narkotik tərkibli bitkilər kultivasiya etməsi barədə rayon polis şöbəsinə daxil olmuşdur. Məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində Şahid3, Şahid8, Şahid4, Şahid5 və Fuad İslamov olmuşdur. Daha sonra X5 iştirakı ilə Quba şəhərində yerləşən Qudyalçayın yaxınlığında Təqsirləndirilən şəxs və Şahid1 saxlanılmışdır. Onlara qanunsuz olaraq narkotik tərkibli bitkiləri kultivasiya etmələrində şübhəli olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs yaxınlıqdakı bağ sahəsinin ona məxsus olduğunu bildirdirmişdir. Bağ sahəsi və onun yaxınlığındakı qamışlıq əraziyə baxış keçirilərkən, ümumilikdə 16 ədəd çətənə bitkisi aşkar edilmiş, onlardan 12 ədəd çətənə bitkisi qamışlıq ərazidən, 1 ədəd çətənə bitkisi hasarın dibindən, 3 ədədi isə “damba” adlanan ərazi tərəfdə aşkar edilmişdir. Aqronom həmin çətənə bitkilərinə baxış keçirdikdə həmin bitkilərə xüsusi qulluq edildiyini bildirmişdir. Daha sonra, məhkəmədə verilən suallara cavab olaraq Şahid6 qeyd etdi ki, həmin çətənə bitkilərinin bir hissəsi dibçəkdə olmuş, bitkilər haqqında Təqsirləndirilən şəxs və Şahid1 soruşduqda olnlar çətənə bitkilərini Xəyyamın əkdiyini bildirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Quba rayon Polis Şöbəsinin Cinayət-Axtarış üzrə əməliyyat müvəkklili X4 Şahid6 ilə oxşar məzmunlu ifadələr verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Quba rayon Polis Şöbəsinin PPXB-nin komandiri Şahid8 ifadəsində göstərdi ki, 28 iyun 2021-ci il tarixdə xidmət yoldaşı Şahid3 ilə xidməti ərazidə müşahidə apararkən Qudyalçayın kənarında çətənə bitkilərinə rast gəlmişlər. Biraz gözlədikdən sonra 2 nəfər şəxsin əlindı su baçokları ilə çayın kənarına endiyini görmüşlər. Həmin şəxslərə yaxınlaşıb şəxsiyyətlərini müəyyən etdikdə Təqsirləndirilən şəxs və Şahid1 olduğunu müəyyən etmilər. Həmin yerdə nə məqsədlə oldularını soruşduqda çətənə bitkilərinə su vermək üçün çayın kənarına endiklərini bildirdilər. Hadisə ilə bağlı Quba RPŞ-ə məlumat vermişlər və əməliyyat qrupu gəldikdən sonra əraziyə ətraflı baxış keçirilmişdir. Hadisə yerindən ümumilikdə 16 ədəd çətənə bitkisi aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Quba rayon Polis Şöbəsinin PPXB-nin komandirinin müavini Şahid3 Şahid8 ilə oxşar məzmunlu ifadələr verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə elan olunaraq tədqiq olunmuş Quba rayon Polis Şöbəsinin PPXB-nin polis nəfərləri Şahid4 və Şahid5 ifadələri ilə müəyyən olunmuşdur ki, onlar da şahidlər Şahid8 və Şahid3 ilə oxşar məzmunlu ifadələr vermişlər. (Cild 2, iş vərəqləri 20-25) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, hazırki cinayət işi Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə istintaq olunan cinayət işindən Təqsirləndirilən şəxs xəstəlikdə müalicə olunması səbəbində onun barəsində 01 oktyabr 2021-ci il tarixli qərarla Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə ayrıca icraata ayrılmış və ilkin cinayət işində olan istintaq sənədlərin surətləri iş materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” 28 iyun 2021-ci il tarixli protokolun surətindən görünür ki, Təqsirləndirilən şəxs Şahid1, eləcə də mütəxəssis-aqronomun iştirakı ilə Quba rayonu Qudyalçay çayının kənarında yerləşən Təqsirləndirilən şəxs məxsus 3 hektar bağ sahəsinin hasarı yaxınlığında və ətrafda aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya edilmiş ümumilikdə 16 ədəd çətənə bitkisi aşkar edilərək torpaqdan çıxarılmış və qablaşdırılaraq götürülmüşdür. Həmin istintaq hərəkəti videoçəkilişlə aparılmış və videogörüntülərin əks olunduğu bir ədəd disk istintaq materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 41-43) Həmin video diskə həm ibtidai istintaq zamanı, həm də məhkəmədə proses iştirakçıları ilə birlikdə baxılarkən “Baxış keçirilməsi haqqında” 28 iyun 2021-ci il tarixli protokolda qeyd olunan hallar, o cümlədən çətənə birkilərinin dibçəkdə əkilməsi, onların dibinin təmizlənməsi və aqrotexniki qaydada qulluq edilməsi, eləcə də Təqsirləndirilən şəxsla, Şahid1 həmin bitkilərin dəqiq yerini göstərməsi və Təqsirləndirilən şəxs dibçəkdə əkilən çətənə bitkisinin Şahid2 tərəfindən əkilməsinin bildirməsi öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 242-243) Cinayət işinin materiallarında olan aqronom Firuz Hüseynov tərəfindən tərtib edilmiş 28 iyun 2021-ci il tarixli mütəxəssis rəyinin surətindən görünür ki, aşkar edilmiş ümumilikdə 16 ədəd kol narkotik xassəli çətənə bitkisi olmaqla onlara aqrotexniki qaydada qulluq edilmişdir. (Cild 1, iş vərəq 44) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-bioloji ekspertizasının 29 iyun 2021-ci il tarixli, 7/609 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd nəm vəziyyətdə çəkisi 1,887 qram, 3 (üç) ədəd nəm vəziyyətdə çəkisi 4,565 qram və 12 (on iki) ədəd nəm vəziyyətdə çəkisi 275,0 qram olan bitkilər tərkiblərinə görə eyni olub, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Aqronomun rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. (Cild 1, iş vərəqləri 53-57) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən ambulator məcburi-narkoloji ekspertizasının 12 avqust 2021-ci il tarixli, 2821 nömrəli rəyində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq narkomaniyadan məcburi müalicəyə ehtiyyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 184-185) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən komisyon kompleks stasionar məhkəmə-psixatrik və məhkəmə-psixoloji ekspertizasının 11 noyabr 2021-ci il tarixli, 143 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs «Qarışıq tipli şəxsiyyət pozuntusu» formasında psixi pozuntu müşahidə edilir; 2) Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törətməzdən əvvəl və həmin əməlinin törədərkən «Qarışıq tipli şəxsiyyət pozuntusu» formasında psixi pozuntudan əziyyət çəkmişdir. Lakin bununla yanaşı qeyd edilməlidir ki, onda müəyyən edilən qarışıq tipli şəxsiyyət pozuntusu qərarda təsvir edilən sonuncu cinayət əməlini törədərkən həmin şəxsi öz hərəkətlərinin mahiyyətini dərk etmək və onları idarə etmək qabiliyyətindən məhrum edə biləcək dərəcədə ifadə olunmamışdır. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur; 3) Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. 24.08.2020-ci il tarixli, 73 nömrəli həmin rəyin məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissəsində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs nümayişkaranəlik, eqosentrizm, xarici qıcıqlara qarşı həssaslıq, emosional dayanıqsızlıq, hövsələsizlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Fərdi-psixoloji xüsusiyyətlərində özündən uydurmağa, başqalarının təsiri altında hərəkət etməyə və ya danışmağa patoloji meyllilik əlamətləri aşkar olunmadı, lakin özünü psixoloji müdafiə etmək məqsədi ilə situasiyanı öz xeyrinə yönəldib danışa bilər. Təqsirləndirilən şəxs hadisələri düzgün qavramaq və dərk etmək qabiliyyətinə malikdir. (Cild 2, iş vərəqləri 108-113) Cinayət işinin materiallarında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 30 sentyabr 2021-ci il tarixli qərardan və müvafiq ekspertiza rəyindən görünür ki, ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 281,132 qr. olan cəmi 16 ədəd nəm vəziyyətdə çətənə bitkiləri iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Quba RPŞ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilmişdir. Bundan başqa, iş materiallarından görünür ki, sübut əhəmiyyəti kəsb edən bir ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 242-243, Cild 1, iş vərəqləri 53-62) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqi 80) Məhkəmə, Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərinin əkilməsindən onun xəbərinin olmaması, həmin bitkilərə onun tərəfindən aqrotexniki qaydada qulluq edilməməsi, bu işdə Şahid1 və Şahid2la əlbir olmaması, eləcə də istintaq zamanı polis tərəfindən təzyiqlərə məruz qalması səbəbindən ilkin olaraq öz əməllərini etiraf etməsi ilə bağlı ifadələrində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs, eləcə də hazırki cinayət işi üzrə şahid digər cinayət işi üzrə isə Təqsirləndirilən şəxsla birgə cinayət törətməkdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə ittiham olunan Şahid1 və Şahid2 ibtidai istintaqın ilkin mərhələsində verdikləri ifadələr işin hallarına uyğun olduğundan, eləcə də bu ifadələrdə qeyd olunan hallar məhkəmədə tədqiq edilən digər sübutlarla, o cümlədən şahid ifadələri, ekspert rəyləri və istintaq hərəkətlərinin protokolları ilə təsdiq olunduğundan həmin ifadələr mötəbər sübut kimi dəyərləndirilməli və hökmün əsaslandığı sübutlar kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsassən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli Qərarının 19-cu bəndində hüquqi mövqe ifadə olunaraq izah edilmişdir ki, əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən İİİ siyahıda, yəni “qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər” siyahısına əsasən çətənə növlü bitkilər Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilərdir və həmin bitkilərin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 3-15 ədəd (6-30 hissə), külli miqdar daxil olmaqla yuxarı həddi 16 ədəd (31 hissə) müəyyən edilmişdir. Bundan əlavə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Quba RİHB-nın Quba şəhəri İƏD üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Bundan başqa, həmin nümayəndəlikdən verilmiş ailə tərkibi haqqında arayışdan və işdə olan ərizədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 4 övladı, qoca anası və işləməyən arvadı vardır. (Cild 1, iş vərəqləri 173-174, Cild 2, iş vərəqləri 33) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun qeyd edilən normasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, evli olması, himayəsində 4 övladının, qoca anasının və işləməyən arvadının olması onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.2-ci maddəsinin tələblərinə əsasən cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal hesab edərək, həmçinin həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivini də müstəsna hallar hesab edərək, habelə təqsirləndirilən şəxsin cinayətinin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan halları nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələrinin sanksiyası ilə müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzadan daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cinayət qanunvericiliyinin ədalət və humanizm prinsiplərinə uyğun və cəzanın məqsədlərinə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 28 iyun 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Quba rayon məhkəməsinin 30 iyun 2021-ci il tarixli qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Quba rayon məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddəti 3 ay, yəni 28 yanvar 2022-ci il tarixədək uzadılmışdır. Daha sonra, təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddəti üzadılmadığından bitmiş və ittiham aktını təsdiq edən Quba rayon prokurorunun 28 yanvar 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 102-103; Cild 2, iş vərəqləri 80-85, 168-170) Məhkəmə göstərilənləri nəzərə almaqla və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə ittiham olunduğu cinayət qanununun maddələrinin sanksiyası ilə müəyyən edilmiş cəza növündən daha yüngül cəza növünün təyin edilməsini əsaslı hesab edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddəti Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı, təqsirləndirilən şəxsin 28 iyun 2021-ci il tarixdən 28 yanvar 2022-ci il tarixədək həbsdə saxlanıldığı 07 (yeddi) ay müddət azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il 02 (iki) ay müddətinə bərabər tutulmaqla, həmin müddət təyin olunan cəzadan çıxılaraq qəti cəza təyin edilməlidir. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin 3-cü bəndinə əsasən həmin maddənin 1-ci bəndinin (c) yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs, dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəməyə qədər həbs müddəti müəyyən edilərkən nəzərə alınmalı olan müddət təqsirləndirilən şəxsin həbsə alındığı gündən başlayır və hökmün çıxarıldığı gün sona çatır, hətta bu hökm birinci instansiya məhkəməsi tərəfindən verilmiş olsa belə (Solmaz Türkiyə qarşı, §§ 23-24; Kalaşnikov Rusiyaya qarşı, § 110, Vemhoff Almaniyaya qarşı, § 9 ). Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur, lakin narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən hallar olduğu üçün ona narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədvirlər tətbiq edilməli, bununla belə o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Quba RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılan tədqiqatdan sonra ümumi təmiz qalıq çəkisi 281,132 qram olan 16 ədəd çətənə bitkisi, hazırki cinayət işinin ayrıldığı ********* nömrəli cinayət işi üzrə də maddi sübut olduğundan həmin cinayət işi üzrə saxlanılmalı, 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə-bioloji ekspertizasının keçirilməsinə görə müəyyən edilmiş 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs, eləcə də hazırki cinayət işinin ayrıldığı ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxslər olan Şahid1 və Şahid2 arasında bərabər bölünməklə Təqsirləndirilən şəxs 24 (iyirmi dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24.12.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25.06.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlandığı 07 (yeddi) ay müddət, azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il 02 (iki) ay müddətinə bərabər tutulmaqla, həmin müddət təyin olunan cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və o, həmin cəzanı yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 24:00-dan 05:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Quba rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Quba RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılan tədqiqatdan sonra ümumi təmiz qalıq çəkisi 281,132 qram olan 16 ədəd çətənə bitkisi, hazırki cinayət işinin ayrıldığı ********* nömrəli cinayət işi üzrə də maddi sübut olduğundan həmin cinayət işi üzrə saxlanılsın, 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 24 (iyirmi dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar