Məhkəmə qərarları › İş №1(124)-224/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-224/2025

04.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-224/2025 04.03.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, Məhərrəmova Aişə Tahir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1992-ci il tarixdə Ağdam rayonu, Qızıllı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Ağdam rayonu Quzanlı kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu Novxanı kəndində yerləşən fərdi yaşayış sahəsində yaşamış və barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 15 avqust 2024-cü il tarixdə, saat 16 radələrində Abşeron rayonu, Novxanı qəsəbəsi Əsgər Abuzərov küçəsində yerləşən 1 nömrəli məktəbin yaxınlığında, küçədə tanışı Zərərçəkmiş şəxs ondan adına kreditlə götürdüyü mobil telefonlarını kredit ödənişlərini geçikdirməsini irad tutması və onun hazırda həmin borcu ödəməyə imkanı olmaması ilə əlaqədar aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs ondan borcunu təkidlə istəməsini bəhanə edərək sonuncunu cəzalandırmaq məqsədi ilə heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə üzərində götürdüyü iti deşici-kəsici xassəyə malik olan bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsindən qəsdən bir dəfə vuraraq, ona sol əlin lll-İV barmaqlarının, sağ əlin İ barmağının səthi kəsilmiş yaralarından ibarət olan dərəcəsi təyin olunmayan və qarın nahiyəsinin ön səthinin periton boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə yetirildiyi anda həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, iş üzrə zərər çəkmiş şəxs Samirlə 4 il bir yerdə işləmiş, Samirlə münasibətləri normal olmuşdur. Hadisə günü Novxanıda iş yerində olmuş, orada Samirlə sözləri düz gəlmədiyi üçün mübahisə etməyə başlamış və nəticədə də bu hadisə baş vermişdir. O, Samirə zərər yetirmək niyyətinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, Samirlə aralarındakı mübahisə telefon kreditinin üstündə olmuşdur. Belə ki, o, “A 14” və “A 20” markalı telefonları Samirin adına götürmüşdür. Lakin qeyd olunan mobil telefonların qiymətini xatırlamadığını, telefonlar üçün aylıq 46 və 54 manat məbləğində kredit ödədiyini bildirmişdir. O, Samiri mübahisə zəminində vurmuş, lakin onu vurmaq, zərər yetirmək niyyəti olmamış, bıçağı üzərində gəzdirməmiş, sadəcə olaraq iş yerində çörək filan kəsmək üçün həmin bıçaqdan istifadə etmişdir. O, zərər çəkmiş şəxslə barışdıqlarını qeyd etmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq ittham aktında qeyd olunan “Samir mənə mesaj yazaraq təhqiredici ifadələr işlətmişdir” hissəsini təsdiq etdiyini və onun hirslənməyinin əsas səbəbinin də elə bu olduğunu bildirmişdir. Zərər çəkmiş şəxslə barışdıqlarını və etdiyi əməldən peşman olduğunu qeyd etmişdir. 26 avqust 2024-cü il tarixli qərarla zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, zavodda Elvinlə birlikdə fəhlə işləmiş, aralarındakı münasibət normal olmuşdur. Elvin kreditə telefon götürmək istədiyini, lakin sosial yardım aldığı üçün öz adına kredit vermədiklərini bildirmiş, buna görə də onun adına kreditə telefon götürməyi xahiş etmiş və pulunu vaxtında ödəyəcəyini bildirmişdir. O da Elvinlə razılaşaraq “Kontakt Home”-dan öz adına telefon götürüb Elvinə vermişdir. Elvin bir neçə ay ödəniş etmiş, lakin dekabr ayından sonra ödəniş etməmişdir. Bundan sonra isə “Kontakt Home” ödənilməmiş borcla bağlı ona qarşı məhkəmədə iddia qaldırmışdır. Elvinlə mübahisələri də məhz bunun üstündə baş vermişdir. Sonuncu dəfə avqust ayında Elvin ona ayın 10-u görüşmələrini və ona pul verəcəyini bildirmiş, lakin sonra Elvin gəlmədiyi üçün onlar görüşə bilməmişdir. 15 avqust tarixində saat 16-17 radələrində o, Elvinin iş yerinə getmiş, Elvini çölə çağırmış və daha sonra mübahisələri başlamışdır. Onun Təqsirləndirilən şəxs tələbi sadəcə olaraq pulunu ödəməsi olmuş, başqa bir niyyəti olmamışdır. O, Elvinlə birlikdə gedib öz adına 2 telefon götürmüş, iki telefonun birlikdə qiyməti 1200 manat olmuş, həmin telefonları Elvin özü bəyənib götürmüşdür. Zərər çəkmiş şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, səhv xatırlamırsa, Elvin ona 1 bıçaq zərbəsi endirərək qarnına vurmuşdur. O, təqsirləndirilən şəxs Elvinlə barışdığını, ondan heç bir şikayət və tələbi olmadığını qeyd etmişdir. Zərər çəkmiş şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, “Kontakt Home” onu məhkəməyə verəndə həmin vaxt xəstəxanada olduğu üçün gedə bilməmiş, sonradan telefonların kreditini ödədiyi üçün məhkəmə mübahisəsi sonlanmışdır. Məbləğin qalan hissəsini isə Elvinin qohumlarının ödədiyini bildirmişdir. Hadisə günü orada ikisi olmuş, Elvinlə aralarında mübahisə yaranmış, onlar əlbəyaxa olmuş və bütün bu hadisə 15-20 dəqiqə davam etmişdir. O, təqsirləndirilən şəxslə barışdığını bildirmişdir. Zərər çəkmiş şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq telefonları 2023-cü ilin avqust ayında götürdüklərini, Elvinin pulu ona verdiyini, onun da krediti ödədiyini, Elvinin dekabr ayına qədər pul ödədiyini, sonra isə ödəmədiyini bildirmişdir. Sonradan Elvin ona imkanı olmadığını, işdən çıxdığını, ona görə də ödəyə bilmədiyini demişdir. Elvin ona telefonların kreditini ödəmək üçün 55 və 47 manat məbləğində pul vermiş, o, Elvinə pulun ödənilməsi ilə bağlı hər dəfə xəbərdarlıq etmiş, Elvin ödənişi dayandırdıqdan sonra 1 il ərzində heç nə ödəməmiş və üzərinə faiz gəlmişdir. Hadisə vaxtı Elvin məktəbdə fəhlə işləmiş və Elvini borca görə işin məhkəmədə olması barədə məlumat vermək üçün çölə çıxarmış, Elvindən pulu nə üçün ödəmədiyini soruşmuş, Elvin isə ona nə vaxt imkanı olsa, o vaxt ödəyəcəyini bildirmiş, o da Elvinə bunun imkana baxmadığını, pulun bu gün ödənilməli olduğunu bildirmişdir. Bundan sonra isə aralarında mübahisə yaranmış, əvvəlcə o, Elvinin yaxasından tutub onu yerə atmış, aralarında təpik-yumruq davası düşmüşdür. Həmin vaxt ətrafda heç kim olmamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs bir müddətdir yaşadığı qəsəbədən tanıyır. Elvinlə aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. 2023-cü ilin avqust ayında Təqsirləndirilən şəxs ondan adına kreditlə telefon götürməyini xahiş etmişdir. O, Elvindən nəyə görə öz adına götürmədiyini soruşduqda sonuncu sosial yardım aldığını və buna görə də kreditlə telefon vermədiklərini bildirmişdir. O da razılaşmış və öz adına 20 avqust 2023-cü il tarixdə kreditlə telefon götürüb Elvinə vermişdir. Elvin də öz növbəsində aylıq kredit ödənişlərini edirmiş. 2023-cü ilin sentyabr ayının 3-də Elvin yenidən ona yaxınlaşaraq arvadının da telefonunun sındığını və arvadı üçün də telefon götürməyini xahiş etmişdir. O da yoldaş olduğundan Elvinin təklifini geri çevirməmiş və Elvinin arvadı üçün də öz adına telefon götürüb Elvinə vermişdir. Bundan sonra 2023-cü ilin dekabr ayı da daxil olmaqla Elvin hər iki telefonun ödənişlərini etmişdir. Lakin 2024-cü ilin yanvar ayından Elvin ödənişləri etməməyə başlamışdır. O, bundan sonrakı müddət ərzində Elvinlə dəfələrlə əlaqə saxlamaq istəsə də, Elvin onun zənglərinə cavab verməmiş, verdikdə isə ödəyəcəyini bildirmişdir. Elvin hər dəfə öz adına müxtəlif söyüşlər söyərək və andlar içərək ödənişi edəcəyini deyirmiş. O da Elvinin onun söyüşlərindən və andından sonra bir söz deməyib ödəyəcəyini düşünürmüş. Lakin Elvin hər dəfəsində öz adına krediti ödəməyəni söyərək ödəyəcəyini deyib vaxtı uzadırmış. Sonuncu dəfə danışıqlarına görə Elvin 10 avqust 2024cü il tarixdə onunla görüşüb bütün borcunu ödəyəcəkmiş. Lakin həmin gün o, Elvinə zəng etdikdə sonuncu onun zənglərinə cavab verməyərək nömrəni əngəlləmiş və o, Elvinlə əlaqə saxlaya bilməmişdir. 15 avqust 2024-cü il tarixdə saat 16 radələrində o, Elvinin təmir işi gördüyü Abşeron rayonu, Novxanı qəsəbəsi, Əsgər Abuzərov küçəsində yerləşən 1 nömrəli məktəbə getmişdir. Həmin vaxt Elvini görüb yanına, yəni bir qədər kənara çağırmışdır. O, Elvinə onu ödənişi etmədiyinə görə məhkəməyə verəcəklərini və təcili pulu gətirib ödəməsini demişdir. O, Elvinə ödəməyən barəsində dediyi söyüşləri xatırladıb ödəmədiyi üçün həmin söyüşlərin özünə getdiyini xatırlatmışdır. Elvin də onu təhqir etdiyini bildirmişdir. O, Elvinə təhqir etmədiyini, özünün özünə qoyduğu söyüşləri təkrarlayaraq pulu gətirib verməsini bildirdiyini demişdir. Elvin də bunun qarşılığında ona “səni vuraram” demişdir. Onun Elvinə etdiyi yaxşılığın qarşılığında Elvinin ona belə cavab verməsi onu özündən çıxartmışdır. Elvin ona “səni vuraram” deyən vaxt Elvinin sağ əli belində imiş. Bu vaxt qəflətən Elvin sağ əlini belindən gətirib bıçaqla onun qarın nahiyəsindən bir dəfə vurmuşdur. Bundan sonra Elvin bıçağı çıxarıb bir neçə dəfə də ona doğru atsa da, o, Elvinin qarşısını hər iki əli ilə alanda əlləri də xəsarət almışdır. İki dəfə sol əli, bir dəfə isə sağ əli xəsarət almışdır. Bundan sonra o, özünü itirməyib sol əli ilə Elvinin sağ əlindən tutmuş, sağ əli ilə isə yaxasından tutub Elvini divara doğru sıxmışdır. Lakin həmin vaxt ondan qan axdığından əli boşalmağa başlamış və Elvin əlindən çıxaraq qaçmışdır. O, Elvinin arxasıyca qaçsa da, Elvini tapa bilməmişdir. Hadisə 15 avqust 2024-cü il tarixdə saat 16 radələrində Abşeron rayonu, Novxanı kəndində yerləşən 1 nömrəli məktəbin yaxınlığında küçədə baş vermişdir, təxminən 3-5 dəqiqə davam etmişdir. Baş vermiş hadisə zamanı başqa heç kim olmamışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və zərər çəkmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 15 avqust 2024-cü il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs 15 avqust 2024-cü il tarixdə Novxanı kəndi ərazisində bıçaqlanaraq xəsarət alması barədə Abşeron RPİ-ə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş foto şəkillərdən görünür ki, hadisə yeri Abşeron rayonu, Novxanı qəsəbəsi, İlqar Abdullayev küçəsidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması protokolu və protokola əlavə edilmiş foto şəkillərdən görünür ki, Təqsirləndirilən şəxs 15 avqust 2024cü il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi yerin Abşeron rayonu, Novxanı qəsəbəsi, İlqar Abdullayev küçəsi olduğunu göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs ilə arasında keçirilən üzləşdirmə zamanı sonuncunun üzünə deyərək bir daha tam təsdiq etmişdir. Cinayət işinin materiallarında olan “könüllü təqdim etmə, baxış keçirilmə və götürmə haqqında” xx.xx.2024-cü il tarixli protokol və həmin protokola əlavə edilmiş fotoşəkillər məhkəmə istintaqı zamanı tədqiq olunarkən görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi özünə məxsus olan Xiaomi Redmi 9T markalı mobil telefona keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə sonuncunun sağlamlığına xəsarət yetirəcəyi hədəsi məzmunlu mesaj mətnlərinin olması aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 27 avqust 2024-cü il tarixli, 1955 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər — qarın nahiyəsinin ön səthinin periton boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, sol əlin İİİ - İV barmaqlarının, sağ əlin İ barmağının səthi kəsilmiş yaraları, iti deşici-kəsici alətin (əşyanın) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan və Sumqayıt Təcili Tibb yardım Xəstəxanasına müraciət etdiyi müddətdə, yəni xx.xx.2024-cü il tarixdə bıçağın tiyəsinin təsirindən əmələ gələ bilmələri mümkündür. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərdən qarın nahiyəsinin ön səthinin periton boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, sol əlin lll-İV barmaqlarının, sağ əlin İ barmağının səthi kəsilmiş yaraları həm ümumilikdə həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işi materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 06 dekabr 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və ya tələbi yoxdur, onunla barışmışdır. Elektron məhkəmə informasiya sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşaq — xx.xx.2021-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X1 vardır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs xəsarət yetirmək niyyətinin olmaması barədə söylədiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq edildiyindən əsas götürülməlidir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Belə ki, xuliqanlıq niyyətinin mahiyyətinə aydınlıq gətirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarının 6-cı bəndində göstərilir ki, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərər çəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərər çəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərər çəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli sayıla bilməz. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, yaxud əxlaq normalarını pozan hərəkətlər edir. Ali Məhkəmə Plenumunun qeyd olunan mövqeyini nəzərə alan məhkəmə belə hesab edir ki, həmin müddəalar qəsdən adam öldürmə işləri üzrə verilsə də, qəsdən sağlamlığa ağır və az ağır zərər vurma cinayətləri üzrə də xuliqanlıq niyyətinin mahiyyəti eynidir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyəti ilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq CM-in 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Belə ki, cinayət işinin materiallarından görünür ki, təqsirləndirlən şəxs borc verilməsindən uzun müddət keçməsinə və zərər çəkmiş şəxslə aralarında olan razılaşmaya əsasən həmin borcu hər ay mütəmadi şəkildə ödəyəcəyi barədə verdiyi vədə baxmayaraq ödəməkdən yayınmış, borcun ödənməməsinin zərər çəkmiş şəxs üçün yarada biləcəyi məhrumiyyətlərə əhəmiyyət verməyərək borcu qaytarması barədə zərər çəkmiş şəxsin haqlı tələbini bəhanə edərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın həddini müəyyənləşdirərkən və cəzanı fərdiləşdirərkən təqsirləndirilən şəxsin şəxsiyyət əleyhinə yönəlmiş əməli törətdiyi anda qəsdin yaranma vaxtını, cinayətin edilmə üsulunu və hərəkətlərinin intensivliyini, habelə cinayət əməlini törətdikdən bilavasitə sonrakı davranışını da diqqətdə saxlayır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olması, həmin məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxslə barışıq əldə etməsi və həmin məcəllənin 59.1.13-cü maddəsinə əsasən zərər çəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsi onun cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Qeyd olunan iş üzrə məhkəmə məsrəfi və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinsin və 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkilməsinin əvvəli 26 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar