Məhkəmə qərarları › İş №1(124)-225/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-225/2022

15.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-225/2022 15.09.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1966-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qusar rayonu Mucuq kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2016-cı ildə Bakı şəhərində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən əldə etdiyi çətənə toxumlarını 2019-cu ilin aprel ayında yaşadığı evin həyətində qanunsuz olaraq kultivasiya etmiş, yetişmiş çətənə bitkilərindən əldə etdiyi çətənə toxumlarını 2020-ci ilin aprel ayının əvvəllərində yaşadığı evin həyətində yenidən qanunsuz olaraq kultivasiya etmiş, 2020-ci ilin avqust ayında həmin toxumlardan kök üstə bitmiş 25 ədəd külli miqdarda çətənə bitkisini dibindən kəsərək yaşadığı evdə toplayıb ipdən asmaqla qurudaraq qanunsuz olaraq əldə etdiyi narkotik vasitə olan qurudulmuş marixuananı yaşadığı evdə qanunsuz olaraq satış məqsədi ilə saxlamış, 18 aprel 2021-ci il tarixdə saat 22 radələrində Qusar RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman yataq otağında ipdən asdığı quru vəziyyətdə, üzərində yarpaqlar olan 36(otuz altı) ədəd, ümumi təmiz çəkisi 90,0 qram bitki hissələri(üzərində yarpaqlar nazik bitki budaqları), quru vəziyyətdə, üzərində yarpaqları olan 07 (yeddi) ədəd, ümumi təmiz çəkisi 285,0 qram, kök və baş hissələri kəsilmiş üzərində yarpaqlar olan gövdə ilə birlikdə budaqlar, quru vəziyyətdə üzərində yarpaqları olan 17 (on yeddi) ədəd, ümumi təmiz çəkisi 495,0 qram, kök və baş hissələri kəsilmiş üzərində yarpaqlar olan gövdə ilə birlikdə budaqlar, cəmi 60 (altımış) ədəd olmaqla külli miqdarda əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələri və həmin kolların budaqlarından qurudaraq qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi, hazırladığı və saxladığı ayrı-ayrılıqda çəkiləri 140 qram və 55 qram qurudulmuş marixuana olmaqla cəmi 195 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələri verilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, təxminən otuz ildən artıq müddətdə narkotik vasitə qurudulmuş marixuana qəbul etmişdir. 2019-cu ilin aprel ayında çətənə bikisi toxumlarından bir neçəsini yaşadığı evin həyətində əkmiş və onlar bitmişdir. Həmin toxumlara quluq etmiş, sonra isə budaqlarından və yarpaqlarından yığıb özü üçün istifadə etmişdir. Həmçinin onların toxumlarının da bir hissəsini toplayıb növbəti il əkmək üçün saxlamışdır. 2020-ci ilin aprel ayının əvvəllərində yaşadığı evin həyətində saxladığım çətənə bitkisi toxumlarını əkmişdir. 2020-ci ilin avqust ayının sonlarında evinin həyətində olan 25 ədəd çətənə bitkisi kolunu gövdəsindən kəsib bəzilərini kökləri ilə birlikdə çıxarıb yaşadığı evdə qurumaları üçün ipdən asmışdır. 2021-ci il aprel ayının 18-də saat 20 radələrində yaşadığı kənddə olan zaman Qusar RPŞ-nin əməkdaşı onu rayon polis şöbəsinə aparmış, üzərimdən hər hansı narkotik vasitə aşkar olunmamış, lakin çətənə kolları əkdiyini və onları yığıb yaşadığı evdə saxladığı barədə polislərə məlumat vermişdir. Daha sonra polislər onun evinə baxış keçirmişlər və orada əkdiyi və qurutduğu çətənə bitkilərini və onun hissələrini aşkar etmişlər. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş DİN-nin Qusar RPŞ-nin X2 əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Qusar rayonu Mucuq kənd sakini Təqsirləndirilən şəxs 18 aprel 2021-ci il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və əkməsi ilə bağlı alınmış məlumat əsasında həmin gün saat 20 radələrində Qusar RPŞ-yə gətirilmiş, lakin üzərində axtarış aparılarkən narkotik vasitə aşkar olunmamışdır. Daha sonra, Təqsirləndirilən şəxs narkotik tərkibli bitki olan çətənə kolları əkdiyini və onları yığıb yaşadığı evdə saxladığını bildirmiş və yaşadığı evə baxış keçirilməsi ilə bağlı etirazının olmaması barədə ərizə yazmışdır. Bununla əlaqədar, Təqsirləndirilən şəxs razılığı ilə Qusar rayonu Mucuq kəndində yerləşən evinə müdafiəçinin iştirakı ilə və videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı evdə, Nadirin yataq otağında ipdən asdığı 24 ədəd çətənə bitkisi kolları, həmin kollara aid 36 ədəd budaqlar və narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuş, sonra isə evin birinci mərtəbəsində olan taxta yeşiyin içərisində, sellofan paketdə saxladığı narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuş, bundan sonra həmin çətənə bitkisi kolları və narkotik vasitə olan qurudulmuş marixuana kütlələri qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Qusar RPŞ-nin əməkdaşı Şahid3 ifadəsində göstərdi ki, Qusar rayonu Mucuq kənd sakini Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayının 18-də yaşadığı kənddə saxlanılaraq Qusar rayon polis şöbəsinə gətirilmiş, polis şöbəsində müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmış, lakin narkotik vasitə aşkar olunmamışdır. Daha sonra, Nadirin çətənə kollarını əkdiyini və onları yığıb yaşadığı evdə saxlaması barədə verdiyi məlumat əsasında onun yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı evdən Təqsirləndirilən şəxs evində çətənə bitkisinin kollarının hissələri və qurudulmuş marixuana aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Cəlilov X5 Müzəffərov və Şahid3 ilə oxşar məzmunlu ifadələr verməklə onların ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsindən görünür ki, Qusar rayonu Mucuq kəndində yaşayan Təqsirləndirilən şəxs onun həmkəndlisidir. 18 aprel 2021-ci il tarixdə, saat 22 radələrində yaşadığı kənddə küçədə həmkəndliləri ilə birlikdə dayanmış, bu zaman Qusar RPŞ-nin Həzrə PB-nin əməkdaşları ona yaxınlaşaraq həmkəndlisi Nadirin razılığı ilə yaşadığı ünvana baxış keçirilməsində hal şahidi qismində iştirak etməsini ondan xahiş etmişlər və o da razılaşmışdır. Bundan sonra, Nadirin yaşadığı ünvana gəlmişlər, orada digər hal şahidi olan həmkənlisi Şahid6, müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə videoçəkilişlə Nadirin yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı evdə, Nadirin yataq otağında ipdən asdığı 24 ədəd çətənə bitkisi kolları, həmin çətənə kollarına aid 36 ədəd budaqlar və narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuş, sonra isə evin birinci mərtəbəsində olan taxta yeşiyin içərisində, sellofan paketdə saxladığı narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuş, eləcə də həmin çətənə bitkisi kolları və narkotik vasitə olan qurudulmuş marixuana kütlələri qablaşdırılaraq götürülmüşdür. Şahid qismində dindirilmiş Şahid6 da Şahir Heydərov ilə oxşar məzmunlu ifadələr verməklə onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş ekspert X4 məhkəmə-bioloji ekspertizasının 19 aprel 2021-ci il tarixli 7/369 saylı rəyinin onun tərəfindən tərtib ediməsini və həmin rəyi təsdiq etməsini göstərmişdir. Bununla yanaşı ifadəsinə davam edərək o, qeyd etmişdir ki, ona təqdim edilən maddi sübutlar arasında narkotik tərkibli bitkilər olmamış və onun tərəfindən tərtib edilən rəydə olanlar narkotik tərkibli bitkilərin hissələri olmuş, həmçinin qurudulmuş marixuana müəyyən edilmişdir. Ekspert qeyd etmişdir ki, marixuana, çətənə kannabis bitkisinin müxtəlif dərəcəli xırdalanmasından əldə edilmiş narkotik vasitədir. Çətənə - kannabis bitkisinin bütün vegetativ orqanları yəni kökü, gövdəsi, yarpaqları və budaqları üzərində olarsa bu zaman bitki nümunəsi sayılır. Əgər çətənə-kannabis bitkisinin hər hansı bir hissəsi yəni kökü, gövdəsi, baş hissəsi kəsilərsə bitkinin hissəsi sayılır. Bitki bütöv deyilsə kökü, gövdəsi, budağı üzərində deyilsə artıq bitki nümunəsi kimi nəzərdən keçirilmir. Ekspert həmçinin göstərmişdir ki, 02 ədəd 140 qram və 55 qram marixuana kütləsindən başqa aşkar edilən maddi sübutlar (o cümlədən 90 qram çəkidə olan 36 ədəd narkotik narkotik tərkibli bitkinin hissələri) narkotik vasitə hesab edilə bilməz, onlar, çətənə biktikisinin hissələridir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” 18 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Qusar rayonu Mucuq kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə onun razılığı ilə baxış keçirilərkən onun yaşadığı evdən qurudulması üçün ipdən asılmış vəziyyətdə çətənə bitkisinin hissələri və qurudulmuş marixuana aşkar edilərək prosessual qaydada qablaşdırılmaqla götürülmüşdür. Qeyd edilən istintaq hərəkəti videoçəkilişlə aparılmış və videogörüntüləri özündə əks etdirən bir ədəd “DVD” formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. bir (Cild 1, iş vərəqləri 29-39) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə ibtidai istintaq zamanı baxış keçirilməsinə dair 21 aprel 2021-ci il tarixli protokoldan və həmin disklərə bilavasitə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin evinə baxış zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 100-101) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-bioloji ekspertizasının 19 aprel 2021-ci il tarixli 7/369 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “.....X3 yaşadığı mənzilin yataq otağından aşkar edilib götürülmüş” yazılar olan qara rəngli polietilen torbada təmiz çəkisi - 140,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş üzərində “.....X3 yaşadığı evin birinci mərtəbəsində olan istifadə olunmayan otaqdan aşkar olunaraq götürülmüş......” yazılar olan qara rəngli polietilen torbada bir ədəd sellofan torbada təmiz çəkisi – 55,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş üzərində “.....X3 yaşadığı evin yataq otağından aşkar olunaraq götürülmüşçətənə bitkisinin kollarının budaqları...” yazılar olan ağ rəngli polietilen torbada quru vəziyyətdə, üzərində yarpaqları olan 36 ədəd, ümumi təmiz çəkisi - 90,0 qram bitki hissələri (üzərində yarpaqlar nazik bitki budaqları) əkilib0becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələridir. Tədqiqata təqdim olunmuş üzərində “.....X3 yaşadığı evin yataq otağından aşkar olunaraq götürülmüş çətənə bitkisinin kollarının budaqları...” yazılar olan ağ rəngli sintetik kisədə quru vəziyyətdə, üzərində yarpaqları olan 7 ədəd, ümumi təmiz çəkisi - 285,0 qram (kök və baş hissələri kəsilmiş üzərində yarpaqlar olan gövdə ilə birlikdə budaqlar) bitki hissələri, əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələridir. Tədqiqata təqdim olunmuş üzərində “.....X3 yaşadığı evin yataq otağından aşkar olunaraq götürülmüş 25 ədəd çətənə bitkisinin kolları ...” yazılar olan ağ rəngli sintetik kisəni açdıqda içərisində quru vəziyyətdə, üzərində yarpaqları olan 17 ədəd, ümumi təmiz çəkisi - 495,0 qram (kök və baş hissələri kəsilmiş üzərində yarpaqlar olan gövdə ilə birlikdə budaqlar) bitki hissələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələridir. Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağından, evin birinci mərtəbəsində olan istifadə olunmayan otaqdan götürülmüş marixuanalarla, onun yaşadığı evin yataq otağından götürülmüş çətənə(kannabis) bitkisinin hissələri tərkiblərinə görə eynidirlər. (Cild 1, iş vərəqləri 50-54) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 21 may 2021-ci il tarixli, 1078 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlikdən əziyyət çəkməmiş və onda psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. O, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqləri 130-131) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məcburinarkoloji tibbi yoxlamaya dair ekspertizanın 24 iyun 2021-ci il tarixli, 2054 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 133-134) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 13 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 194,96 qram olan qurudulmuş marixuana və qalıq çəkisi 868,8 qram olan 60 ədəd çətənə bitkisinin hissələri maddi sübut kimi tanınmaqla Qusar RPŞ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Bundan başqa, istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd “DVD” formatlı disk də maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 2, iş vərəqləri 96-105) Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmaması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməllərini törətməsini tam sübuta yetirilmiş hesab edir. Həmçinin məhkəmə təqsirləndirilən şəxs tərəfindən evində saxladığı narkotik vasitə barədə polisə könüllü məlumat verməsi ilə bağlı qeyd edir ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat-istintaq tədbirləri çərçivəsində həmin narkotik vasitənin aşkar olunacağını əvvəlcədən dərk edərək bu haqda polisə məlumat verən Təqsirləndirilən şəxs əməlləri könüllü təqdim etmə kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin özünün və müdafiə tərəfinin şahidlərinin onun müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 12-ci bəndinin “a” yarımbəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Həmçinin həmin qanunla təsdiq olunmuş Siyahıların İİİ siyahısının 1.2-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin xeyli miqdarının yuxarı həddi 3-15 ədəd (6- 30 hissə), külli miqdar daxil olmaqla aşağı həddi isə 16 ədəd (31 hissə) müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs evində topladığı ümumilikdə 195 qram olan narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından 39 dəfə artıq olması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarının 19-cu bəndində hüquqi mövqe ifadə olunaraq izah edilmişdir ki, əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə müvafiq olaraq az ağır və ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqi 114) Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını qeyd edir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 18 aprel 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Qusar rayon məhkəməsinin 20 aprel 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmış, daha sonra onun həbsdə saxlanılması müddəti uzadılmaqla o, fasiləsiz həbsdə saxlanılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 11, 87-89) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 18 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin 3-cü bəndinə əsasən həmin maddənin 1-ci bəndinin (c) yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs, dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəməyə qədər həbs müddəti müəyyən edilərkən nəzərə alınmalı olan müddət təqsirləndirilən şəxsin həbsə alındığı gündən başlayır və hökmün çıxarıldığı gün sona çatır, hətta bu hökm birinci instansiya məhkəməsi tərəfindən verilmiş olsa belə (Solmaz Türkiyə qarşı, §§ 23-24; Kalaşnikov Rusiyaya qarşı, § 110, Vemhoff Almaniyaya qarşı, § 9 ). Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edirək qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Qusar RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılan: ekspertiza tədqiqatından sonra qalıq çəkisi 194,96 qram olan qurudulmuş marixuana və qalıq çəkisi 868,8 qram olan 60 ədəd çətənə bitkisinin hissələri məhv edilməli, istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 66 (altmış altı) manat 46 (qırx altı) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə oğlunun cəzaçəkmə müddətinin başlanğıcı 18 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Qusar rayon Polis Şöbəsində saxlanılan: 194,96 qram çəkidə qurudulmuş marixuana və 868,8 qram çəkidə 60 ədəd çətənə bitkisinin hissələri məhv edilsin, iş materiallarında olan 01 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 66 (altmış altı) manat 46 (qırx altı) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar