Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-226/2025 30.06.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 2003-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 22 iyun 2024-cü il tarixdə, saat 23 radələrində tanışı Zərərçəkmiş şəxs ilə Abşeron rayonu, Şəfəq qəsəbəsində yerləşən sonuncunun dönərçi işlədiyi “Dadım Dönər” adlı dönərxananın şüşə qapısına ehtiyatsızlıqdan dəyməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranan mübahisəni aydınlaşdırmaq üçün Abşeron rayonu, Şəfəq qəsəbəsində yerləşən su kanalının yaxınlığına gəlib orada mübahisə zamanı, Zərərçəkmiş şəxs onu sifət nahiyəsinə bir dəfə yumruqla vurduğuna görə üzərində olan mətbəx bıçağı ilə bir dəfə qəsdən Zərərçəkmiş şəxs qarın nahiyəsinə vuraraq ona qarın nahiyəsinin sol yarısının qarın boşluğuna nüfuz edən və peritonu yaralayan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə baş verdiyi gün içkili olmuş, Zərərçəkmiş şəxs ilə 15-20 gün qabaq sözlü mübahisələri olmuş, hadisə günü marketin yanına gəlmiş və dostları ilə zarafatlaşarkən onu itələmişlər və o, dönərxananın pəncərəsinə dəymişdir. Həsən çölə çıxaraq ondan başqa heç kimə heç nə deməmişdir. Həsən cüssəcə və yaşca ondan böyük olmuş, Həsən ona əsəbləşərək bildirmişdir ki, o, şüşəyə qəsdən vurur. Daha sonra Həsən onu söhbət etməyə çağırmış və o, onun bıçaq götürməsindən şübhələnərək gedib evdən bıçaq götürmüş, sonra Həsən ilə söhbət etdikləri vaxt Həsən onu sifətindən yumruq ilə vurmuş və o, yıxılmış, ardınca onu bir daha vurmuş və artıq bundan sonrasını çox əsəbi olduğu üçün xatırlamamışdır. Həmin vaxt Həsənin əlində bıçaq olmamışdır. Verilən suallara cavab olaraq bildirdi ki, törətdiyi əməldən çox peşmandır. İlkin mübahisələri ciddi olmamış, zarafat üstündə aralarında soyuqluq olmuşdur. Həsən ona çox təhqiramiz sözlər deməmiş, onun sifət nahiyəsinə vurmuş, dodağı partlamışdır. Onlar barışmışlar, hal-hazırda danışırlar. Həsənə dəymiş zərəri ödəmiş, əməlindən peşmandır, həmçinin şəkər xəstəsi yaşlı anasına baxır, ailədə qazanc mənbəyi təkcə odur. İbtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Həsən adlı şəxsi təxminən 7-8 ay müddətdir ki, tanımışdır. Belə ki, Həsən onun yaşadığı Abşeron rayonu, Şəfəq qəsəbəsində yerləşən dönərxanada dönərçi işləmişdir. O da həmin dönərxanaya əvvəllər müştəri kimi getmiş və Həsənlə münasibətləri yaranmışdır. O, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə bıçaqla xəsarət yetirmişdir. Belə ki, hadisə baş verən vaxtdan təxminən 10-15 gün əvvəl Həsənin onların məhəlləsində yaşayan qızlara baxmasını görmüşdür. Çünki Həsənin özü Saray qəsəbəsində yaşamışdır. Yalnız iş üçün onların məhəlləsinə gəlmişdir. Bundan sonra Həsənə qarşı münasibəti dəyişmiş və qərara gəlmişdir ki, Həsənlə danışmasın. Həsən bu 15 gün ərzində onunla mübahisə etməyə başlamışdır. Onu hər görəndə salam vermədiyini görəndə qıcıqlanır və ona niyə görə salam vermədiyini soruşmuşdur. Sonuncu dəfə mübahisələri xx.xx.2024-cü il tarixdə, saat 22 radələrində Həsənin işlədiyi dönərxananm qarşısından keçərkən dönərxananın şüşə qapısına ehtiyatsızlıqdan dəydiyi zaman yaranmışdır. O, hadisə baş verən gün spirtli içki qəbul etmişdir. Həsən çölə çıxıb üzərinə qışqırmışdır. O, Həsənə üzərinə qışqırmamasını bildirmiş və kənara gələrək sakitcə söhbət etməyi təklif etmişdir. Həsən də onunla parka gəlmişdir. Həsənlə söhbət əsnasında onun Həsəni vurmaq istəməyini soruşmuşdur. O, belə bir niyyəti olmadığını desə də Həsən yenə də əsəbi halda olmuşdur. Həsən ona dönərxananı bağlayacağını kənarda gedib söhbət etməyini demişdir. O da Həsənlə razılaşsa da ürəyində bir narahatlıq hissi yaranmışdır. O, Həsənin onu döyəcəyini bilmişdir. Buna görə özünü müdafiə etmək məqsədilə yaşadığı evə gedərək mətbəxdən bıçaq götürmüşdür. Bıçağı belinə taxmış və həyətə enmişdir. Görmüşdür ki, Həsən orada onu gözləyir. Ona maşınla Həsənin dediyi yerə getməyi təklif etmişdir. Lakin, o razılaşmamışdır. Bundan sonra Həsənlə piyada formada Şəfəq qəsəbəsindən keçən su kanalının yaxınlığına gəlmişlər. Həsən ona üzərində niyə bıçaqla gəlməsini soruşmuşdur. O da üzərində bıçaq olduğunu Həsənə bildirərək bıçağı çıxarıb kənara qoymuşdur. Bu zaman Həsən ona bir dəfə yumruqla dodaq nahiyəsindən vurmuşdur. Bundan sonra o, Həsənin üzərinə təkrar hücum etmək istəyərkən Həsən ona qarşı nalayiq formada söyüş söymüş və onu itələmişdir. O da yerə kolun kənarına qoyuduğu mətbəx bıçağını götürərək, Həsənin üzərinə getmiş və qarın nahiyəsinə bir dəfə bıçaqla zərbə vurmuşdur. O, bıçağı kənarda əraziyə tullamışdır. Sonra oraya yaxınlaşan adını bilmədiyi şəxslərlə köməkləşərək taksi çağırmış və Həsəni xəstəxanaya göndərmişlər. O, bundan sonra evə qayıtmışdır. Sonra olanlar barədə məlumatı olmamışdır. Əlavə olaraq bildirmişdir ki, hadisə xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində Abşeron Şəfəq qəsəbəsində yerləşən su kanalının yaxınlığında baş vermişdir. Hadisə zamanı orada yalnız ikisi olmuşlar. Qeyd etmişdir ki, həmin vaxt aralarında olan münaqişə təxminən 5-10 dəqiqə davam etmişdir. Münaqişə zamanı Həsən onun dodaq nahiyəsindən bir dəfə yumruqla vurmaqla xəsarət yetirmişdir. Həsən ona qarşı nalayiq söyüş söydüyü üçün o, Həsənə bıçaqla xəsarət yetirmişdir. Hadisə zamanı onun üzərində 1 ədəd sarı rəngli mətbəx bıçağı olmuş və bıçağı orada əraziyə tullamış, hazırda harada olmasını bilməmişdir. Hadisə açıq sahə olmuşdur. Həmin vaxt Həsənlə aralarında söyüştəhqir faktları, kənar şəxslər görərək yaxınlaşması faktları olmamışdır.(iş.vərəqə:94-96) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hadisə Bəhram ilə aralarındakı anlaşımazlıqlar səbəbi ilə baş vermişdir. O, dönərxanada işləmiş, çölə çıxmış və bir-biriləri ilə bir qədər əsəbi danışmışlar. Kiminsə dönərxananın pəncərəsinə dəydiyini gördüyü üçün çölə çıxmış, həmin vaxt görmüşdür ki, əvvəlcədən tanıdığı Bəhramdır və niyə səs-küy saldığını soruşmuşdur, sözlə mübahisə etmişlər. Daha sonra o, dönərxananı bağlamış və gedib qıraqda “söhbət” etmişlər. “Söhbət” etdikləri vaxt aralarında mübahisə yaranmış və o, Bəhramı yumruqla, Bəhram isə onu bıçaqla vurmuşdur. Ona bir bıçaq zərbəsi vurmuşdur. Verilən suallara cavab olaraq bildirdi ki, Bəhram onu yenidən vurmağa cəhd göstərməmiş, təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir tələbi yoxdur. Hal-hazırda səhhətində narahatlıq, hər hansı bir problem yoxdur, işləyir və kursa gedir. Bıçaq zərbəsindən sonra təxminən 5-6 gün müalicə almış və tez bir zamanda sağalmışdır. İndi sağlamlıqla bağlı şikayəti yoxdur. hadisə günü Bəhramdan içki iyisi gəlmiş, mübahisə axşam vaxtı baş vermiş, o, Bəhrama “söhbət” etməyi təklif etmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 24-cü il tarixdə Abşeron rayonu, Şəfəq qəsəbəsində yerləşən su kanalının yaxınlığında Bəhram ona bıçaqla xəsarət yetirmişdir. O, 2024-cü ilin mart ayından iyun ayının sonlarınadək Abşeron rayonu, Şəfəq qəsəbəsində yerləşən dönərxanada dönərçi işləmişdir. Bəhramı da həmin ərazinin sakini kimi tanımışdır. Bəhram onun işlədiyi dönərxanaya müştəri qismində gəlib getmişdir. Buradan da aralarında münasibət yaranmışdır. xx.xx.2024-cü il tarixdə, saat 22 radələrində dönərxanada olan zaman dönərxananın şüşə qapısına kiminsə çırpılmağını görmüşdür. O, çölə çıxdıqda Bəhramın orada olmasını görmüşdür. Bəhramdan nə baş verməsini soruşduqda Bəhram ona əsəbi cavab vermişdir. Aralarında mübahisə yaranmış, Bəhram ona kənara çəkilib söhbət etməyi təklif etmiş, o, Bəhrama belə danışmamasını, aralarında xətir hörmət olmasını bildirmişdir. Lakin, Bəhram özündən çıxmışdır. Bəhram içkili vəziyyətdə olmuş və danışığını bilməmişdir. O, Bəhrama gözləməsini, dönərxananı bağlayıb və Bəhramla söhbət edə biləcəyini demiş, dönərxananı bağlamış və çölə çıxmışdır. Bəhramın orada onu gözləməsini görmüş və Bəhrama yaxınlaşmışdır. Bəhramla söhbət edə-edə ərazidən bir qədər aralanmışlar. Getdikcə Bəhram ondan irəlidə olan zaman belində bıçaq olmasını hiss etmiş, Bəhramdan nə üçün bıçaq gəzdirdiyini, onu bıçaqla vurmaq istəməsini soruşmuşdur. Bəhram ona üzərində bıçaq olsa da üzərinə bıçaq çıxarmayacağını demişdir. Onlar kanalın kənarına gəldikdə Bəhram ona yaxınlaşmışdır. O, Bəhrama ağzının içinə girməməsini demişdir. Bəhram da “zor edirəm” ifadəsini işlətmişdir. O, Bəhrama bir dəfə yumruqla yüngül formada dodaq nahiyəsinə zərbə vurmuş, Bəhram səndərlənib geriyə getmişdir. Hava zil qaranlıq olduğu üçün Bəhramı görə bilməmişdir. Qəfildən bıçaqla qarınının sol tərəfindən yəni, bel hissəndən bir dəfə zərbə vurmuşdur. O, əlini bel nahiyəsinə vurmuş və qanamasını hiss etmişdir. Bəhram həmin zaman oradan uzaqlaşıb getmişdir. O, qan itirdiyini görərək yola çıxaraq maşın gözləmişdir. Onun paltarında qan izləri olmuşdur. O, xəstəxanaya çatarkən paltarı zibil qutusuna atmışdır. Sonra vəziyyəti pisləşdiyi üçün baş verənləri xatırlamamışdır. Məhkəmə, iş üzrə məhkəmədə dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 08 avqust 2024-cü il tarixli “baxış keçirilməsi barədə” protokoldan görünür ki, həmin tarixdə hadisə yerinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, hadisə yeri Abşeron rayonu, Şəfəq qəsəbəsi, “Dadım dönəri” iaşə obyekti ünvanı olmuşdur. Hadisə yerinin foto şəkilləri çəkilərək bu barədə tərtib edilmiş baxış protokoluna əlavə edilmişdir. (cild 01 iş vərəq; 57- 59) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “MTE və PA Birliyi”-nin Abşeron rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1450 nömrəli ekspert rəyindən görünür ki, 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına və onun adına tərtib olunmuş tibbi sənəddə qeyd olunanlara əsasən, hadisə haqqında qərarda göstərilən məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlirəm: Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət - qarın nahiyəsinin sol yarısının qarın boşluğuna nüfuz edən və peritonu yaralayan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası iti deşici- kəsici əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə bıçağın tiyəsinin təsirindən əmələ gələ bilməsi mümkündür və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir.(iş.vərəqə: 71-73) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 2650 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törədənədək, cinayət əməlini törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törədənədək, cinayət əməlini törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci, 21.3-cü və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyəti onun istintaq və prosessual hərəkətlərində iştirak etməsinə və öz prosessual hüquq və vəzifələrini icra etməsinə imkan verir.(iş.vərəqə: 116-119) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.( cild 1, iş vərəqə 69) Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs ibtida istintaq zamanı təqdim etdiyi 11 sentyabr 2024-cü il tarixli və məhkəmə baxışı zamanı təqdim etdiyi 30 aprel 2025-ci il tarixli ərizələrindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona heç bir şikayət və tələbi yoxdur. (i.v. 111) Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. Məhkəmədə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini məhkəmə istintaqı zamanı səmimi olaraq etiraf etmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 23 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 25 iyun 2024-cü il tarixli qərar ilə Abşeron RPİ-nin MSYdən azad edilmiş, 10 avqust 2024-cü il tarixdə barəsində axtarış elan edilmiş, 04 sentyabr 2024-cü il tarixdə saxlanılaraq Abşeron RPİ-nin MSY-nə təhvil verilmiş və 05 sentyabr 2024-cü il tarixli “təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi və saxlanıldığı MSY-dən azad edilməsi haqqında” qərarla o, Abşeron RPİ-nin MSY-dən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Sumqayıt Ağır Cinayətlər məhkəməsinin qərarı ilə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.( iş.vərəqə: 16, 30, 36, 65, 76-78,97-99) Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 23 iyun 2024-cü il tarixdən 25 iyun 2024-cü il tarixədək və 04 sentyabr 2024-cü il tarixdən 05 sentyabr 2024-cü il tarixədək cəmi 03 (üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Cinayət işi üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə xərci yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.1996-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 23 iyun 2024-cü il tarixdən 25 iyun 2024-cü il tarixədək, 04 sentyabr 2024-cü il tarixdən 05 sentyabr 2024-cü il tarixədək, 03 (üç) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 03 (üç) il 05 (beş) ay 27 ( iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 30 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-226/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-226/2025
30.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver