Məhkəmə qərarları › İş №1(124)-227/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-227/2025

11.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-227/2025 11.09.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), X8, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxxx 1991-ci ildə Cəlilabad rayonunda doğulmuş, Alar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Alar kəndində qeydiyyatda olmaqla faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və odlu silahı əldə etmə, saxlamaqla daşıma barədə tanışı X6 ilə danışıb razılaşdıqdan sonra qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncuya məxsus mobil telefonun “whatsapp” ani mesajlaşma sisteminə 13 fevral 2024-cü il tarixdə, saat 18:05-də narkotik vasitənin və odlu silahın qoyulduğu məkanı (konumu) və həmin tarixdə saat 18:33-də bu yerin 04 ədəd fotoşəklini göndərmiş, Vüqar Kərimov göndərilmiş məkana və şəkillərə uyğun olaraq qara rəngli çantaya qoyulmuş narkotik vasitənin və odlu silahın olduğu Quba rayonu, 1-ci Nügədi kəndinə gələrək onları götürdükdən sonra oradan uzaqlaşmaq istəyən zaman Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 13 fevral 2024-cü il tarixdə, saat 20 radələrində həmin yerdə saxlanılaraq üzərində şəxsi axtarış aparılarkən bir ədəd qara rəngli çantada təmiz çəkisi 955,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və həmin çantanın içərisindən bir ədəd odlu silah hesab edilən nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş, Tokarev(TT) konustruksiyalı, 7,62 mm kalibrli, yivli odlu silah növünə aid, texniki cəhətdən saz və atəşə yararlı tapança, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 8 ədəd 7,62x25 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hissəsi olan daraq və 05 ədəd döyüş sursatı hesab edilən, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x25 mm kalibrli olmaqla, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların, PPŞ-PPS konstruksiyalı tapança-pulemyotların ştat patronu aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Xırdalan- Binəqədi şossesində öz evində yaşayırdı. Ali təhsilli olmuş, 600 balla universitetə qəbul olmuşdur. Onun əlinə silah dəyməmişdir. 2 il bundan əvvəl Azərbaycan Respublikası Təhsil Nazirliyinə diplomun verilməsi ilə bağlı müraciət etmiş, lakin heç bir cavab gəlməmişdir. O da öz ixtisası üzrə işləmişdir. Rayonda olan müddətdə ona ********** saylı mobil telefondan zəng gəlmişdir. Azər adlı şəxs ona zəng etmişdi. O, əvvəllər onun pasiyenti olmuşdur. Ona uşağının xəstə olduğunu bildirmiş və müalicə almalı olduğunu xahiş etmişdir. O, özü Qubada axtarışda olunmağına baxmayaraq heç yerə qaçıb getməmişdir. Hətta Cəbrayıl rayonunda hərbi xidmət zamanı həkim kimi işləməyinə dair müraciət də etmişdir. Polis əməkdaşları tərəfindən “Xırdalan kruqunda” tutulmuş və haqqında “axtarışda olub” yazılsa da belə hal mövcud olmamışdır. Hadisə günü məsciddə namaz qılanda 5 nəfər polis əməkdaşı məscidə gəlmiş, üzərinə axtarış keçirilmiş, lakin heç nə aşkar olunmamışdır. Polis əməkdaşları hadisə günündən sonra səhəri gün mülki geyimdə onu tutub Quba RPŞ-nə aparmışdır. 26 sentyabr 2024-cü il tarixdə Təhsil Nazirliyi ilə bağlı məhkəməsi olacaqdı, 1 gün əvvəl polis əməkdaşları tərəfindən tutulmuşdur. Vüqar Kərimovu isə yaşadığı ərazidə aptekdə işlədiyi vaxtdan etibarən tanımışdır. Ona Masazırda müalicə etdiyi şəxs qara rəngdə “Nokia” markalı mobil telefon və içində nömrə vermişdi. Telefon ona müalicə qarşılığında verilmişdir.Telefonun təxmini 15 manat qiyməti olmuşdur. Müalicə etdiyi adam Azər adlı şəxs olmuşdur.O, telefonun içindəki nömrəni özü istifadə etməmiş, Səyyad adlı şəxsə vermişdir. Həmin nömrə ilə “Whatsapp” mobil tətbiqi açılmış, lakin nömrə onun adına olmamışdır, hədiyyə olunmuşdur. Ona verilən nömrə “0908” ilə bitdiyi üçün xoşu gəlmiş və buna görə götürmüşdür. Whatsapp” mobil tətbiqinə gələn zənglər Azərbaycan nömrəsi olmamışdır. Başqa nömrə ilə zəng edən şəxsin adını öyrənməmişdir. Onunla cəmi 1 dəfə danışmışdır. Təxmini 3-4 saat sonra ona mesajlar yazılmış və silinmişdir. Daha sonra həmin nömrə ilə əlaqə saxlaya bilməmişdir. Zəng zamanı ona “əməliyyat olunmalıdı, çanta çatdırılmalıdır” deyilmişdir. O da ona Cəlilabad rayonunda olduğunu başqa heç bir yerinin olmadığını demişdir. Çantanı Qubaya aparıb gəlməyi çox çəkəcəkdi. Həmin şəxs isə çantanı Qubadan Bakıya gətirəcəyini demiş, lakin heç bir adres atmamışdır. Özünün Qubadan olduğunu və o getsə məlumat veriləcəyini bildirmişdir. Həmin ərəfədə Vüqar Kərimov Bakıda olmuşdur. Çantanın hansı ünvanda olması barədə heç bir məlumatı olmamışdır. Vüqar Kərimov onun tutuduğu vaxtdan 1 il əvvəl tutulmuşdur. Böyrək xəstəliyi ilə bağlı Cəlilabad rayon xəstəxanasına yazılmışdır. Vüqar Kərimov ilə Umbakı təcridxanasında olduğu müddətdə üzləşmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, O, Təqsirləndirilən şəxs tanımır. Onlara qanunsuz olaraq narkotik vasitənin əldə edilməsi, saxlanması və istifadə edilməsi ilə bağlı əməliyyat məlumatı digər şəxs Vüqar Kərimov barəsində daxil olmuşdur. Hadisə yerinə daxil olmuş məlumat əsasında getmişlər və əməliyyat tədbirikeçirən zaman Vüqarın çantanı açdığını görmüşlər. Bununla bağlı sorğu zamanı dostu Təqsirləndirilən şəxs çantanı Qubadan götürüb Bakıya gətirməli olduğunu bildirmişdir. Təhqiqatçının iştirakı ilə videoçəkiliş aparılmış, çantanın içindən narkotik vasitə marixuana və tapança aşkar edilmişdir. Vüqarın telefonuna baxış keçirmişlər. Təqsirləndirilən şəxs tərəfindən ona ünvan göndərilmişdir. X11 çatana yaxın narkotik vasitə marixuana olduğunu bilirdilər. 13 fevral 2024-cü il tarixdə Vüqar Kərimov tərəfindən saxlanılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, təxmini 13 fevral 2024-cü il tarixdə X9 gələndə saxlamışlar. Təqsirləndirilən şəxs tutulmasında o iştirak etməmişdir. Köhnə xarabaxanada əlindəki çantanın içinə baxan yerdə Vüqar Kərimovu tutmuşdur. Bu zaman videoçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs ona çantanı götürməyini və qarşılığında pul alacağını bildirmişdi. Vüqar Kərimovun narkotik vasitə olan marixuananı götürməyə gəldiyini etiraf etmiş, lakin silahdan xəbərsiz olduğunu bildirmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, hadisə yadında qaldığı qədərilə 14 fevral 2024-cü il tarixdə hadisə baş vermişdir. Təqsirləndirilən şəxs ona Qubadan dərman götürmək lazım olduğunu, özünün işdə olması ilə bağlı götürə bilmədiyini bildirmişdir. Ona yol xərcini verəcəyini, dərmanları götürüb onu gözləyən şəxsə verməli olduğunu demişdir. Onun bu istəyinə qarşı onda şübhə oyanmışdır. İlk dəfə idi ki, belə dərman dalınca gedirdi. Polis əməkdaşları torbaya yanında baxış keçirmişlər. Torbadan silah və narkotik vasitə aşkar olunmuşdur. X5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsinə əsasən o, 1 ilə yaxındır ki, marixuana kimi tanınan narkotik vasitədən siqaretə doldurub çəkmək üsulu ilə qəbul etmişdir. Təqsirləndirilən şəxs təxminən 2 ilə yaxın müddətdir ki, tanıyır, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Qədir əvvəllər aptekdə işləmiş, həmin vaxtdan etibarən onun Qədir ilə münasibəti yaranmışdır. Tutulmamışdan əvvəl dostu Qədir ***-***-**-** saylı mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 13 fevral 2024-cü il tarixdə təxminən saat 12 radələrində WhatsApp vasitəsi ilə zəng edərək əlaqə saxlamışdır. Qədin onunla əlaqə saxlayan zaman Quba rayonuna getməli olduğunu demişdir. O, hansı səbəbdən gedəcəyini soruşduqda Qədir ona Quba rayonundan çanta veriləcəyini və çantanı Bakı şəhərinə, Qədirin deyəcəyi şəxsə çatdıracağını demişdir. Lakin çantanın içərisində kankret olaraq nə olduğunu əvvəlcədən deməmişdir. O, taksi ilə qeyd olunan tarixdə təxminən saat 19-20 radələrində Quba rayonuna gəlmişdir. Yolda olduğu zaman Qədir ona məkan göndərmişdir. Məkan Quba rayonunu göstərmişdir. Bakı- Quba avtomobil yolunda Nügədi kəndi yazılan lövhənin yaxınlığında taksidən düşmüşdür. Qədir ona zəng etmiş, getməli olduğu yolun istiqamətini izah etmişdir. O, Qədirdən çantanı ona verən şəxsin kim olduğunu soruşmuşdur. Qədir isə çantanın bir yerə qoyulduğunu, onun özünün oradan çantanı götürməli olduğunu bildirmişdir. Telefon danışığı zamanı Qədir ona qara rəngli çantanın içərisində narkotik vasitə və bir ədəd sellofan torbada tapanca olduğunu demişdir. Bundan sonra o, artıq çantanın içərisində narkotik və tapanca olduğunu bilmişdir. Qədir ona tam olaraq narkotik vasitənin çəkisini deməmişdir. Daha sonra Qədir ona çantanın olduğu yerin şəklini göndərmişdir. Çantanı götürmək üçün o, asfalt yoldan xeyli irəliyə getmişdir. Ona göndərilən məkan vasitəsi ilə çantanın qoyulduğu yeri tapmışdır. Yaxınlaşaraq çantanı götürmüş və oradan uzaqlaşaraq çantanın içərisinə baxmaq istədiyi vaxt iki nəfər mülki formada olan şəxslər ona yaxınlaşmışlar. Həmin şəxslər ona polis əməkdaşları olduqlarını deyərək özlərini təqdim edib odlu silahın qanunsuz saxlanması, daşınması, eləcə də barəsində narkotik vasitələrin qanunsuz dövriyəsi ilə bağlı məlumat olduğunu bildirmişlər. Polis əməkdaşları ona üzərində şəxsi axtarış aparılması üçün Quba Rayon Polis Şöbəsinə məlumat verərək digər polis əməkdaşları və vəkil dəvət edəcəklərini bildirmişlər. Onu saxlayan polis əməkdaşları çağırdıqları digər polis əməkdaşları və vəkil gələnə kimi onun hərəkətlərini nəzarətdə saxlamışlar. Digər polis əməkdaşları gəldikdən sonra vəkilin iştirakı ilə videokəçilişdən istifadə edilməklə saxlanıldığı həmin yerdə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış aparılmazadan əvvəl ona üzərində qanunla qadağan olunan hər hansı əşya və ya predmet varsa, hamısını təqdim etməyi təklif olunmuşdur. O, əynindəki çiynindən asdığı qara rəngli çantanın içərisində saxladığı bir ədəd sadə qol saatı, bir ədəd “Xalq Bank”a məxsus plastik kart, bir ədəd metro kartı, bir ədəd qulaqcıq, bir ədəd burun dərmanı, bir ədəd təsbeh, cibindən isə bir ədəd “Redmi 12” markalı mobil telefon və siqareti təqdi etmişdir. Əlində olan qara rəngli çanatanın içərisinə baxdıqları zaman oradan yaşıl rəngli, spesifik iyə malik olan, narkotik vasitə-marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Bu vaxt kütlənin arasından qara rəngli sellofan torba çıxmışdır. Seloffan torba açılan zaman içərisində “TT” markalı tapanca, bir ədəd daraq və 06 (altı) ədəd patronların olması müəyyən edilmişdir. Narkotik vasitəyə bənzər kütlələr elektron tərəzi ilə çəkilən zaman çəkisinin 1.295 kiloqram olduğu məlum olmuşdur. O, həmin çantanı, yəni narkotik vasitəni və tapancanı Qədir üçün aparacaqdı. Qarşılığında Qədir ona 60 manat yol pulunu kart vasitə ilə göndərmişdir. Daha sonra aşkar olunmuş narkotik vasitə marixuana və bir ədəd “TT” markalı tapanca, daraq və 06 (altı) ədəd patronları ilə birlikdə olmaqla hər biri ayrıayrılıqda üzərinə zərf vurularaq qablaşdırılmış və götürülmüşdür. Qabşlaşdırmanın üzərinə o və müdafiəçisi imza edərək tamlığını təsdiq etmişlər. Bundan başqa üzərimnən qanunla qadağan edilən heç nə aşkar edilməmişdir. Video çəkiliş başa çatandan sonra üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmişdir. Protokolun məzmunu video çəkilişə uyğun yazıldığı üçün o da daxil olmaqla bütün iştirakçılar imza edərək düzgünlüyünü təsdiq etmişlər. Videoçəkilişlə üzərində şəxsi axtarış aparılarkən o daha ağır məsuliyyət daşıyacağından qorxduğu üçün çantanın içərisində olan tapançadan xəbəri olmadığını bildirmişdir. Lakin sonradan bu barədə yalan danışmağın onu məsuliyyətdən azad etməyəcəyini düşünərək həqiqəti etiraf etmişdir. Əslində onun çantanın içərisində narkotiklə yanaşı silah olmasından da məlumatı olmuşdur. O, Quba rayonuna çatdıqdan sonra hansı məqsədlə gəldiyini bilmişdir. Quba rayonunda çantanın içərisində narkotik vasitə və tapancanı götürərək Bakı şəhərinə getməli olmuş və bu sifarişi ona dostu Qədir vermişdir. Çantanı götürdükdən sonra gəldiyi yolla geri qayıdıb asfalt yola çıxmağı, asfalt yola çıxdıqdan sonra da taksi vasitəsilə Bakı şəhərinə qayıtmağı düşünmüşdür. Qədir onun dostu olduğundan Qədirin xahişini icra etmişdir, Qədirin sonradan isə nə verəcəyini bilməmişdir. Ancaq Qədir qabaqcadan ona 60 manat pul ödəmişdir. Qədirin həmin narkotik vasitəni və tapancanı satmaq məqsədi ilə istədiyi barədə məlumatı olmamışdır. Qədir ona çantanı Bakı şəhərinə çatdırdıqdan sonra deyəcəyi şəxsə çatdırmalı olmuşdur. Ancaq həmin şəxs barədə məlumatsı olmamışdır. O, heç kimdən narkotik vasitə və odlu silah almamış, heç kimə də satmamışdır, satan şəxsləri tanımammışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı zor tətbiq edilməmiş və zor tətbiq etmə hədəsi işlədilməmiş, həmin vaxt hər hansı xəsarət almamışdır. Təqsirləndirilən şəxs həmin çantanı götürüb Bakı şəhərində deyəcəyi adama verdikdən sonra ona 200-300 manat da pul verəcəkdi. O da buna görə həmin çantanı götürüb Bakı şəhərinə aparmağa razılaşmışdır. Ona məxsus “Redmi 12” markalı mobil telefonda “kağız”, “tema” kimi qeyd edilən mesajlarda söhbət narkotik vasitə marixuanadan getmiş, mesaj yazan şəxslər onun tanışlarıdır, həmin şəxslərlə birlikdə arasıra narkotik vasitə istifadə etmiş, lakin o həmin şəxslərə narkotik vasitə satmamış, nə də verməmişdir, sadəcə o da narkotik vasitə istifadəçisi olduğundan ondan həmin şəxslər çəkmək üçün narkotik vasitə marixuana olub-olmadığını soruşmuşlar (cild 01, iş vər. 193- 199). Cinayət işi materiallarına əlavə edilmiş, X5 məhkum edilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş 04 noyabr 2024-cü il tarixli, 1(124)- 648/2024 nömrəli hökmündən görünür ki, Vüqar Kərimov məhkəmə istintaqı zamanı ifadəsində göstərmişdir ki, nadir hallarda narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Həmin marixuananı dost-tanışdan əldə etmişdir. O, tutulduğu vaxta kimi Bakı şəhərində yaşamışdır. Onun qeyd etdiyi dostunun adı Qədirdir. Qədiri 2-3 ildir ki, tanıyır. O, Qədirlə birlikdə marixuana qəbul etməmişdir. Qədir Bakıda yaşayır. Qədir rayonda bir nəfər şəxsin ona paltar verəcəyini bildirmişdir. Qədir birinci dəfə idi ki, onu rayona göndərirmiş. O, deyilən ünvandan çantanı götürə bilməmişdir. Qədir ona 30 manat yol pulu göndərmişdir. Tutulduğu gün üzərində olan mobil nömrəni xatırlamır. Onun narkotik alveri ilə bağlı “Whatsapp” vasitəsi ilə danışıqları olmamışdır. Qədir ondan rayona getməsini hadisə günü istəmişdir. O, əvvəllər Quba rayonunda olmamışdır. O, hadisə yerinə taksi ilə yaxınlaşmış, çantanı görmüş, amma çantaya əli dəyməmişdir. O, çantaya yaxınlaşan zaman polis əməkdaşları onu tutmuşdur. Çanta açılmamışdan əvvəl polis əməkdaşları çantada narkotik vasitələr və silah olduğunu bildirmişdir. Çanta tutulduğu yerdə açılmış və onun içərisində olan büküm narkotikə yox, daha çox kəklik otuna bənzəmişdir. Hadisə yerində həmin bükümü tərəzidə çəkməmiş, bölməyə aparıb orada çəkmiş və ümümi çəkisinin 950 qram olduğunu bildirmişlər. Polis əməkdaşları onu tutduqdan sonra telefonunu əlindən almışlar. Ondan sonra Qədiri tapa bilməmişlər. Qədir Azərbaycan Respublikası vətəndaşıdır. Həmin şəxs Təqsirləndirilən şəxsdur. Həmin şəxsin harada yaşadığını və işlədiyini bilmir. Qədirin kirayə yaşadığını bilir və onu aptekdən tanımışdır. Həmin apteki polis əməkdaşlarına bildirmişdir. O, tutulduqdan sonra Qədir onunla əlaqə saxlamamışdır. Daha sonra o, qeyd etmişdir ki, o, nadir hallarda narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Həmin marixuananı dost-tanışdan əldə etmişdir. O, tutulduğu vaxta kimi Bakı şəhərində yaşamışdır. Onun qeyd etdiyi dostunun adı Qədirdir. Qədiri 2-3 ildir ki, tanıyır. O, Qədirlə birlikdə marixuana qəbul etməmişdir. Qədir Bakıda yaşayır. Qədir rayonda bir nəfər şəxsin ona paltar verəcəyini bildirmişdir. Qədir birinci dəfə idi ki, onu rayona göndərirmiş. O, deyilən ünvandan çantanı götürə bilməmişdir. Qədir ona 30 manat yol pulu göndərmişdir. Tutulduğu gün üzərində olan mobil nömrəni xatırlamır. Onun narkotik alveri ilə bağlı “Whatsapp” vasitəsi ilə danışıqları olmamışdır. Qədir ondan rayona getməsini hadisə günü istəmişdir. O, əvvəllər Quba rayonunda olmamışdır. O, hadisə yerinə taksi ilə yaxınlaşmış, çantanı görmüş, amma çantaya əli dəyməmişdir. O, çantaya yaxınlaşan zaman polis əməkdaşları onu tutmuşdur. Çanta açılmamışdan əvvəl polis əməkdaşları çantada narkotik vasitələr və silah olduğunu bildirmişdir. Çanta tutulduğu yerdə açılmış və onun içərisində olan büküm narkotikə yox, daha çox kəklik otuna bənzəmişdir. Hadisə yerində həmin bükümü tərəzidə çəkməmiş, bölməyə aparıb orada çəkmiş və ümümi çəkisinin 950 qram olduğunu bildirmişlər. Polis əməkdaşları onu tutduqdan sonra telefonunu əlindən almışlar. Ondan sonra Qədiri tapa bilməmişlər. Qədir Azərbaycan Respublikası vətəndaşıdır. Həmin şəxs Təqsirləndirilən şəxsdur. Həmin şəxsin harada yaşadığını və işlədiyini bilmir. Qədirin kirayə yaşadığını bilir və onu aptekdən tanımışdır. Həmin apteki polis əməkdaşlarına bildirmişdir. O, tutulduqdan sonra Qədir onunla əlaqə saxlamamışdır. O, uşaqlıqda və ya yaxud da indi heç bir xəsarət almamış və hazırda hər şeyi dərk edir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “şəxsi axtarışın keçirilməsi barədə” 13 fevral 2024-cü il tarixli protokoldan görünür ki, X5 üzərinə şəxsi axtarış keçirilməsi zamanı əlində olan qara rəngli çantanın içərisinə baxdıqları zaman oradan yaşıl rəngli, spesifik iyə malik olan, narkotik vasitə-marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Bu vaxt kütlənin arasından qara rəngli sellofan torba çıxmışdır. Seloffan torba açılan zaman içərisində “TT” markalı tapanca, bir ədəd daraq və 06 (altı) ədəd patronların olması müəyyən edilmişdir. (Cild 1, iş vərəqi 13) “Şəxsi axtarışın keçirilməsi barədə” 13 fevral 2024-cü il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı 01 ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxs Vüqar Kərimovun şəxsi axtarışı zamanı protokollarda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Ədliyyə Nazirliyi MEM-in məhkəmə bioloji ekspertizasının 14 fevral 2024-cü il tarixli, 3-16-16/2-7/243 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş kütlə..." yazı və imzalar olan qara rəngli çantada təmiz çəkisi - 955,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (Cild 1, iş vərəqləri 17-18) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə ballistik ekspertizasının 15 fevral 2024-cü il tarixli, 24/347 nömrəli rəyindən görünür ki: Tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş silah, keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş Tokarev (TT) konstruksiyalı 7,62 mm kalibrli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 06 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x25 mm kalibrli olmaqla, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların, PPŞ-PPS konstruksiyalı tapança-pulemyotların ştat patronudur, döyüş sursatıdırlar. Patronlardan 05 ədədi təyinatı üzrə istifadə və atəş üçün yararlıdırlar. Yuxarıda göstərilən səbəbdən digər 01 ədəd patron isə hal-hazırda atəş üçün yararsızdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 8 ədəd 7,62x25 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hissəsidir- darağıdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Darağın hissələrinin üzərində sonradan kustar üsulla heç bir əlavə dəyişiklik edilməmişdir. DİN-in KTİ-də məhkəmə fiziki kimyəvi ekspertizası» keçirilmədiyindən qərarın f) bəndində qeyd olunan « Təqdim olunmuş silahdan axırıncı dəfə nə Vaxt atəş açılmışdır?» suala cavab verilməmişdir. (Cild 1, iş vərəqləri 30-33) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator X2 Komissiyasının xx.xx.2024-cü il tarixli, 7419 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqləri 203-204) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3474 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik müəyyən olunmamış və o, anlaqlıdır. Əqli-intellektual imkanlarına görə hadisəni adekvat qavraya və düzgün məlumat verə bilər. Təqsirləndirilən şəxs hadisə zamanı psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. (Cild 1, iş vərəqləri 205-208) Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 27 dekabr 2024-cü il tarixli qərardan görünür ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə maddi sübut kimi tanınmış bir ədəd ağ rəngli torbada qalıq çəkisi 954,8 qram narkotik vasitə qurudulmuş marixuana Quba RPŞ-nin maddi sübutların saxlanc anbarında, 01 ədəd №-si silinmiş keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş, Tokarev(TT) konustruksiyalı, 7,62 mm kalibrli, yivli odlu silah növünə aid, texniki cəhətdən saz və atəşə yararlı tapança, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 8 ədəd 7,62x25 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hissəsi olan daraq və 04 ədəd döyüş sursatı hesab edilən, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x25 mm kalibrli olmaqla, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların, PPŞ-PPS konstruksiyalı tapançapulemyotların ştat patronu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin silah-sursat anbarına təhvil verilmiş, "xxxx" MMC-dən daxil olan 01 ədəd CD disk və "xxxx" MMC-dən daxil olan 01 ədəd DVD disk iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 224-233) Məhkəmə, Təqsirləndirilən şəxs çantanın hansı ünvanda olması barədə heç bir məlumatı olmaması, şəxsin çantanı Qubadan Bakıya gətirəcəyini deməsi, lakin heç bir adres atmaması və s. ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə həmçinin hazırki iş üzrə şahid qismində dindirilmiş Vüqar Kərimovun da ifadəsinə tənqidi yanaşır, hesab edir ki, onun ibtidai istintaq zamanı və öz təqsirləndirilməsinə dair iş üzrə verdiyi ifadələri işin obyektiv hallarına uyğun olan daha obyektiv və ətraflı ifadələr kimi qiymətlərndirilməlidir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, 8 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə müvafiq olaraq az ağır və ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X1 İdarəsi tərəfindən verilmiş tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (Cild 1, iş vərəq 109) Məhkəmə həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza həmin Məcəllənin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 26 sentyabr 2024-cü il tarixdə tutulmuş, Quba rayon məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin 18 oktyabr 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 166-167) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 26 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edirək qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar və məhkəmə xərci ilə bağlı məsələlərin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 353.4.10-cu maddələrinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-648/2024 nömrəli, 04 noyabr 2024 tarixli hökmü üzrə qərar qəbul edilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçilər ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 26 sentyabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar və məhkəmə xərcləri ilə əlaqədar X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-648/2024 nömrəli, 04 noyabr 2024 tarixli hökmü üzrə qərar qəbul edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar