Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-228/2022 15.09.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs Sərdan oğlunun iştirakları ilə, xx xxxxxxxx 1974-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 438 №-li fərdi evdə faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 17 oktyabr 2021-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri “20 Yanvar” metrostansiyasının yaxınlığında Zərərçəkmiş şəxs idarə etdiyi «Mersedes- Benz C220» markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşərək 15 manat xidmət haqqı müqabilində Sumqayıt şəhəri Novxanı bağlar ərazisinə aparmasını əvvəlcədən danışmaqla Zərərçəkmiş şəxsla razılaşmış və sonuncunu onu həmin əraziyə aparmış, saat 21 radələrində orada Zərərçəkmiş şəxs xidmət haqqını vermədən özgənin əmlakını ələ keçirmə məqsədi ilə silah qismində istifadə etdiyi bıçağı nümayiş etdirib ona qarşı zorakılıq tətbiq ediləcəyi hədəsi ilə basqın edərək Zərərçəkmiş şəxs 60 manat pulunu ələ keçirərək quldurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 2021-ci il oktyabr ayının 17-də saat 20 radələrində Bakı şəhərindən Sumqayıt şəhəri Novxanı bağlar ərazisinə getmək üçün 20 yanvar metrostansiyasının yanında yerləşən «Huqqa» restoranının yanında taksi kimi fəaliyyət göstərən «Mersedes Benz» markalı avtomobilinin sürücüsünə yaxınlaşıb Sumqayıt şəhəri Novxanı bağlar massivinə neçəyə apara biləcəyini soruşmuş, sürücü razılaşacaqlarını demiş, konkret məbləğ deməmiş, bundan sonra o, maşına oturub Sumqayıt şəhəri Novxanı bağlar ərazisinə gəlmişdir. Yolda gələrkən aralarında mübahisə olmamışdır. Ünvana çatanda maşına 3 ədəd 5-lik əskinas qoyub maşından düşmüşdür. Sürücü əlavə 5 manat da istəyib ona qarşı nalayiq ifadə işlətmişdir. Evin qarşısı olduğu üçün ondan sakit olmasını xahiş etmiş, onunla söyüş söydüyü üçün mübahisə etmiş, lakin ona bıçaq çıxarmamış və ondan 60 manat pulunu almamışdır. Təqsirləndirilən şəxs onun üzərində bıçaq olmadığını bildirmişdir. Bununla belə Təqsirləndirilən şəxs məhkəmədə son söz deyərkən törətdiyi əməldən peşman olduğunu, həqiqətən göstərilən şəraitdə zərərçəkmiş şəxsin 60 manat pulunu aldığını, lakin bu zaman zərəçəkmişə bıçaq çıxarmadığını, həmin vaxt üzərində bıçağın da olmadığını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, «Mersedes Benz C220» markalı **-FH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Bakı şəhəri, «20 yanvar» metrostansiyasının yanında dayanaraq taksi xidməti ilə məşğul olur. 2021-ci il oktyabr ayının 17-də saat 20 radələrində Bakı şəhəri 20 yanvar metrostansiyasının yanında yerləşən «Huqqa» restoranının yanında dayanıb müştəri gözləyərkən Təqsirləndirilən şəxs ona yaxınlaşıb Sumqayıt şəhəri Novxanı bağlar massivinə neçəyə apara biləcəyini soruşmuş, o isə 20 manata apara biləcəyini demiş, etiraz etdiyi üçün onunla 15 manata razılaşmışdır. Yolda gedərkən söhbət etmiş, onu Sumqayıt şəhəri Novxanı bağlar ərazisinə gətirmişdir. Maşını məhəllədaxili əraziyə sürüb xeyli içəriyə getdikdən sonra geniş yerdə maşını saxlatmış, nə qədər borcunun olduğunu soruşmuş, o isə 15 manat verməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ona «sənin başın qaçıbdır» dedikdən sonra üzərində nə qədər pul olduğunu soruşmuş, o, cavabında üzərində kreditə ödəməli oduğu 60 manat pul olduğunu demişdir. Bu zaman Rauf sağ yan cibindən 01 ədəd bıçaq çıxardaraq ona tərəf tutub üzərində olan pulları ona verməyini tələb etmiş, sürücü ona bədən xəsarəti yetirməsindən qorxduğu üçün üzərində olan 60 manat pulu çıxardıb ona vermişdir. Bundan sonra təqsirləndirilən şəxs ona hədə-qorxu gələrək bununla bağlı harasa şikayət edəcəyi təqdirdə onun üçün pis olacağını bildirərək «anan namaz üstündədir ki, sənə başqa heç nə etmədim, sənin kimlərinin maşının əlindən alıram, lakin mən almıram» sözünü deyib getmişdir. O, maşını tez işə salaraq oradan uzaqlaşıb DİN-in 102 xidmətinə zəng etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2021-ci ilin oktyabr ayının 17-də Azərbaycan Respublikası DİN-in 102 xidmətinə daxil olmuş məlumat əsasında Zərərçəkmiş şəxs 1-ci PB-yə dəvət olunmuş, ona təsəlli verərək narahat olmamasını, ona qarşı cinayəti törətmiş şəxsin tezliklə tutularaq məsuliyyətə cəlb olunacağını bildirmişlər. Daha sonra xidmət etdiyi Sumqayıt şəhəri Novxanı bağları ərazisində həmin hadisəni törədə biləcək şəxsləri müəyyən etmək məqsədi ilə inanılmış şəxslərlə görüşüb ona kömək etmələri üçün onları da məlumatlandırmışdır. Həmin günün səhərisi, yəni oktyabr ayının 18-də Zərərçəkmiş şəxs bildirdiyi xarici əlamətlərinə əsasən həmin hadisəni Təqsirləndirilən şəxs törətdiyi məlum olmuş, yeri müəyyənləşdirilərək bölməyə çağırılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs əmisi oğlu olduğunu bildirmişdir. 2021-ci ilin oktyabr ayının 17-də axşam saatlarında Zərərçəkmiş şəxs ona zəng edərək bir nəfər şəxsin onun taksi fəaliyyəti göstərdiyi «Mersedes» markalı **-FH-*** nömrə nişanlı avtomobilinə minərək Sumqayıt şəhəri Novxanı şossesində məhəllədə onu bıçaqla hədələyərək 60 manatını alıb hadisə yerindən uzaqlaşdığını, həmin hadisə ilə əlaqədar Sumqayıt ŞPİ-nin 1-ci PB-yə gedib ərizə və izahat yazdığını bildirmişdir. Hadisədən bir gün sonra, yəni oktyabr ayının 18-də səhər saatlarında Sumqayıt şəhərində Şahinlə görüşəndə söhbət əsnasında ona cinayəti törədən şəxsin dolubədənli, hündürboylu, keçəl kişi olduğunu demişdir. Daha sonra, onlar Sumqayıt ŞPİnin 1-ci PB-ə getmiş, orada hadisəni törədən şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Məhkəmədə elan olunaraq tədqiq olunmuş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, öz ifadəsində Şahid2la oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 116-117) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən ifadənin yerində yoxlanılması barədə protokoldan və bu videogörüntünü əks etdirən “DVD” diskdən görünür ki, Zərərçəkmiş şəxs hadisənin konkret olaraq harada baş verməsini göstərməklə hadisə yerində ifadəsini əyani olaraq göstərməklə dəqiqləşdirmələr etmişdir. (Cild 1, iş vərəqləri 87-89) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən komisyon kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 2797 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə «emosional davamsız şəxsiyyət pozuntusu» qeyd olunmuşdur. Emosional davamsız şəxsiyyət pozuntusu psixi (ruhi) xəstəlik hesab edilmir.Təqsirləndirilən şəxs hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmur. Onun hazırki vəziyyətinə görə məcburi müalicəyə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs aşkar edilən «emosional davamsız şəxsiyyət pozuntusu» onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə iş üçün vacib olan hallırı düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətə malikdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə psixanın pozulması baş verməmişdir. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini tam dərk etmək və həmin hadisə zamanı öz hərəkətlərini idarə edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak edə bilər. Təqsirləndirilən şəxs kobudluq, qıcığa qarşı həssaslıq, eqosentrizm, impulsivlik, emosional dayanaqsızlıq kimi fərdi-psixi xüsusiyyətlərinə malikdir. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək dəyişiklik baş verməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. (cild 1, iş vərəqləri 94-98) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsin zərərşəkmiş şəxsə qarşı bıçaq çıxarmadığını və ona qarşı quldurluqla əlaqədar basqın etmədən pulunu alması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, həmin Qərarın 25-ci bəndinə əsasən təqsirli şəxsin əməli Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə tövsif edildikdə, məhkəmələr basqın zamanı tətbiq edilmiş predmetin canlı qüvvənin və ya digər hədəfin vurulması üçün yararlı silah olub-olmamasını ekspert rəyi əsasında müəyyən etməlidir. Qanunda göstərilən hallar mövcud olduqda, belə şəxsin əməli, əlavə olaraq Azərbaycan Respublikası CM-nin 228-ci maddəsi ilə də tövsif edilməlidir. Silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Təsvir olunan sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Zərərçəkmiş şəxs Sərdar oğlunun məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, ona vurulmuş zərər tam ödənilmiş, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2013-cü il təvəllüdlü Nərgiz İsgəndərli və 2014-cü il təvəllüdlü Nərmin İsgəndərli adlı 2 azyaşlı övladı vardır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin himayəsində 2 azyaşlı uşağının olması, onun zərərçəkmiş şəxslə barışıq əldə etməsi və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən təsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. (Cild 1, iş vərəqləri 60-62) Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun bu normasının tələbi baxımdan hesab edir ki, təqsirləndirilən şəxsin evli olması və əməlindən peşman olması da onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs məsuliyyətini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış məhkumluq haqqında tələbnamənin cavabından və müvafiq məhkəmə hökmləri və qərarlarının surətlərindən görünür ki, sonuncu dəfə Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2017ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Sumqayıt şəhər məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü dəyişdirilərək ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə 02 il sınaq müddəti şərti hesab edilmiş, xx.xx.2019-cu il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. (Cild 1, iş vərəqləri 84- 85, 89) Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddələsinə əsasən təqsirləndirilən şəxsin məhkumluğunun ödənildiyini əsas götürərək və həmin Məcəllənin 83.6-cı maddəsinə əsasən “məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir” tələbini rəhbər tutaraq Təqsirləndirilən şəxs hazırkı iş üzrə məhkumluğu olmayan şəxs qismində tanıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.2-ci maddəsinin tələblərinə əsasən cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal hesab edərək, həmçinin həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivini, cinayət nəticəsində vurulmuş maddi zərərin kifayət qədər az olmasını və onun ödənilməsini, cinayətdən peçmançılıq çəkməsini də müstəsna hallar hesab edərək, habelə təqsirləndirilən şəxsin himayəsində 2 azyaşlı uşağın olması və barışıq əldə olunması, ona qarşı heç bir şikayət və tələbin olmaması kimi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan halları nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsinin sanksiyası ilə müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi cinayət qanunvericiliyinin ədalət və humanizm prinsiplərinə uyğun və cəzanın məqsədlərinə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, hüquq pozuntusunun azadlıqdan məhrumetmə ilə cəzalandırılması özü-özlüyündə həlledici səciyyə daşımır, belə ki, veriləcək cəzanın nisbətən yüngül olması hüquq pozuntusunun cinayət hüququ xarakterini aradan qaldıra bilməz. (Öztürk Almaniyaya qarşı, § 53; X2rşı, § 26). Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 18 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmaqla həbs qətimkan tədbiri semilmişdir. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs q\timkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 73-74) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 18 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərinə əsasən, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işinin materiallarından görünür ki, iş üzrə məhkəmə xərci yoxdur, mülki iddia verilməmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 62.1-ci maddəsi tətbiq edilməklə ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 18 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd “DVD” disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-228/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-228/2022
15.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver