Məhkəmə qərarları › İş №1(124)-229/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(124)-229/2022

13.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-229/2022 13.04.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ SUMQAYİT AĞİR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, Əliyev Hafiz Samir oğlu (sədrlik edən), X9 və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X10, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 3 Saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, müəyyən etdi: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Məhkəmənin hazırlıq iclasında keçirilən ilkin dinləmələr zamanı dövlət ittihamçısı və təqsirləndirilən şəxsin müdafiəçisi vəsatət verərək məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin(bundan sonra CPM) 303-cü maddəsində göstərilmiş kobud qanun pozuntularına yol verildiyinə görə cinayət işinin baxılmasına xitam verilməsi və ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair qərar qəbul olunmasını xahiş etmiş, təqsirləndirilən şəxs dövlət ittihamçısının və müdafiəçinin bu vəsatəti ilə razı olduğunu ifadə edib vəsatətin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə, cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsi ilə yoxlayıb belə nəticəyə gəlir ki, qeyd edilən cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 298.5-ci maddəsinə əsasən cinayət işinin materialları məhkəmə tərəfindən öyrənilərkən məlum olmuşdur ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ona görə ki, o, özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ələ keçirmək məqsədi ilə 2014-cü ilin fevral ayında vətəndaş Zərərçəkmiş şəxs1 ilə danışığa girərək ona məxsus Xızı rayonunun Şurabad qəsəbəsində yerləşən sahəsi 3.77 ha olan kənd təsərrüfatı təyinatlı pay torpağını güya digər şəxsə 120.000 manat müqabilində satacağı bəhanəsi ilə Zərərçəkmiş şəxs1 aldadaraq həmin torpaq sahəsini pulun hissəsinin daha sonra veriləcəyi vədini verərək 07 fevral 2014-cü il tarixdə notariat qaydada 4.500 manat pulu beh olaraq verərək həmin torpaq sahəsini Şahid2 adına keçirməklə Zərərçəkmiş şəxs1 külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə zərərçəkmiş Zərərçəkmiş şəxs3 Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsində yerləşən torpaq sahəsini sənədləşdirəcəyini yalandan vəd verib aldatmaqla vahid niyyətlə əhatə olunan qəsdlə iki dəfəyə ilk dəfə Zərərçəkmiş şəxs3 2019-cu ilin aprel ayının ilk on günlüyündə metronun Elmlər Akademiyası stansiyası yaxınlığında 5.000 manat pulunu sonuncu dəfə 2019-cu ilin aprel ayının ilk on günlüyündə Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsində yerləşən ev-alqı satqı ofisinin qarşısında 4000 manat alaraq vədinə əməl etməyərək Zərərçəkmiş şəxs3 ümumilikdə 9.000 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə zərərçəkmiş Zərərçəkmiş şəxs2 Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində torpaq sahəsi alıb sənədləşdirəcəyini yalandan vəd verib aldatmaqla vahid niyyətlə əhatə olunan qəsdlə bir neçə dəfəyə ilk dəfə Zərərçəkmiş şəxs2 27 aprel 2019-cu il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən ev-alqı satqı ofisinin qarşısında 5.000 manatı R.X16-İslam vasitəsi ilə vermiş, ikinci dəfə 2019-cu ilin may ayının ikinci on günlüyündə Zərərçəkmiş şəxs2 ünvan 1 ünvanının qarşısında 3.500 manat pul vermiş, daha sonra 2019-cu ilin may ayının ilk on günlüyündə Zərərçəkmiş şəxs2 tapşırığı İlə onun qardaşı Qaradağ rayonu, Lökbatan qəsəbəsi 20 Yanvar küçəsində 1.500 manatı R.X16-İslam vasitəsi ilə vermiş, sonuncu dəfə 18 may 2019-cu il tarixdə Zərərçəkmiş şəxs2 5.000 manat pulu Qaradağ rayonu, 28 May küçəsində Təqsirləndirilən şəxs alaraq vədinə əməl etməyərək Zərərçəkmiş şəxs2 ümumilikdə 15.000 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 dair epizodlarla bağlı irəli sürülmüş ittiham üzrə vurulmuş ziyan müəyyən edilsə də, digər Zərərçəkmiş şəxs1 dair epizodla bağlı irəli sürülmüş ittiham üzrə vurulmuş ziyan müəyyən edilməmişdir. Qeyd edilən hissədə ziyanla bağlı məsələ qeyri-müəyyəndir. Eyni zamanda cinayət işinin materiallarında Zərərçəkmiş şəxs1 dair epizodla bağlı ittiham üzrə vurulması iddia olunan ziyanın dəqiq məbləğini təsdiq edə biləcək heç bir sübut yoxdur. Başqa sözlə, ittiham aktında Zərərçəkmiş şəxs1 nisbətdə vurulmuş ziyan dəqiq göstərilmədiyi halda, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs göstərilən zərərçəkmiş şəxslə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ağır ittiham irəli sürülmüşdür. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı ibtidai istintaqı həyata keçirən müstəntiq tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı epizod üzrə Zərərçəkmiş şəxs1 vurulmuş ziyanın müəyyən edilməsi istiqamətində heç bir araşdırma aparılmamış, nəticədə isə ziyanla bağlı məsələ qeyri-müəyyən olaraq qalmışdır. Bu isə o deməkdir ki, təqsirləndirililən şəxsə qarşı külli miqdarda özgə əmlakını dələduzluq yolu ilə ələ keçirilməsinə dair ittiham qanunsuz, bu hissədə aparılmış ibtidai istintaq qüsurlu olmuşdur. Göstərilən hissədə irəli sürülmüş ittihamın qanunsuz olması, aparılmış ibtidai istintaqın isə qüsurlu olması Təqsirləndirilən şəxs müdafiə hüququnun kobud şəkildə pozulmasına səbəb olmuşdur. Belə ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə (Zərərçəkmiş şəxs1 dair epizod üzrə) vurulmuş ziyanın müəyyən edilməməsi və bu ziyanın ittiham aktında göstərilməməsi nəticəsində təqsirləndirilən şəxs həmin ittihamla bağlı öz müdafiəsini qurmaq hüququndan ümumiyyətlə məhrum olmuşdur. Müdafiə hüququnun səmərəli şəkildə realizə edilməsinin əsas şərtlərindən biri kimi irəli sürülmüş ittihamın təqsirləndirilən şəxsə aydın olmasıdır. İttiham aydın olmadığı halda həmin ittihamdan müdafiə olunmaq isə heç bir halda səmərəli və real ola bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 139.0.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 264.2-ci maddəsinin tələbinə görə təhqiqatçi, müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, mütəxəssis və cinayət prosesinin digər iştirakçılarının xüsusi biliklərə malik olması cinayət təqibi orqanını müvafiq hallarda ekspertizanın təyin edilməsi zərurətindən azad etmir. Bu hissədə məhkəmə hesab edir ki, cinayətin predmeti qismində çıxış edən qızıl dəstinin qiyməti obyektiv və mötəbər sübutlarla, o cümlədən müvafiq ekspertiza rəyi ilə təsdiq olunmalı və predmetin qiyməti ilə bağlı bütün qeyri-müəyyənliklər aradan qaldırılmalı idi. Lakin ibtidai istintaqı həyata keçirən müstəntiq qeyd edilən məsələ ilə bağlı qeyri-müəyyənlikləri aradan qaldırmamışdır. Bundan başqa, CPM-in 91.5.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi) kimi hüququ var. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə görə təqsirkar şəxsin təmin edilən minimal müdafiə hüquqları arasında şəxsin nədə ittiham olunduğunu bilməsi hüququ var. Bu hüquq cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinə əsasən, “cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı ona qarşı irəli sürülmüş ittihamın “xarakteri və əsasları” haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir”. İttihamın mahiyyətinin aydın olması və ümumilikdə Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən qeyd edilən hüquqlar bilavasitə mütləq hüquqlar sırasına daxildilər, onların təmin edilməsi ittiham olunan şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd edilənlər konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ozerov Rusiyaya qarşı” iş üzrə 18 may 2010-cu il , “Pfayfer və Plankl Avstriyaya qarşı” iş üzrə 25 fevral 1992-ci il, “Bulut Avstriyaya qarşı” iş üzrə 22 fevral 1996-cı il, “Kolozza İtaliyaya qarşı” iş üzrə 12 fevral 1985-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına əsasən cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayəthüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda, həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin, konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. CPM-in 10.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası qanunlarının Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarlarında verilmiş təfsiri cinayət prosesi iştirakçıları üçün məcburidir. Cinayət qanununun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Təqsirləndirilən şəxs CM-nin 178.3.2-ci maddəsi ilə verilmiş ittihamın cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olmaması onun özünü müdafiə üsul və vasitələri seçməsinə, yəni müdafiə hüququnun pozulmasına səbəb olur. Cinayət-prosessual qanunvericiliyin və Avropa Konvensiyasının qeyd olunanlarla bağlı tələblərinə əməl edilməməsi təqsirləndirilən şəxsin müdafiə hüququnu pozur. Azərbaycan Respublikası CPM-in 21.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İrəli sürülmüş ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi, təqsirləndirilən şəxsin nədə ittiham olunduğunu, nədən müdafiə olunmalı olduğunu bilməməsi, təqsirləndirilən şəxsin öz müdafiəsi üçün düzgün dəlillər irəli sürməsini çətinləşdirir ki, bu da onun müdafiə hüququnun pozulmasına səbəb olur. Qanunla qeyd edilən hallar mövcud olduqda, CPM-in 303-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi zəruridir. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ və İİ hissələrinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən, bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 13-cü maddəsinə görə bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. İstər daxili qanunvericilikdə, istərsə də beynəlxalq müqavilələrdə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının qorunması önəmli yer tutur. Bu səbəbdən də məhkəmə ittiham aktında Zərərçəkmiş şəxs1 dair epizod üzrə ziyanın göstərilməməsini kobud qanun pozuntusu kimi qəbul edir və hesab edir ki, Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş ittiham aktı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin imperativ tələblərinin şərtlərinə cavab vermədiyindən qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 289.4-cü maddəsinə əsasən - ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri göstərilməlidir. Eləcə də, Cinayət Prosessual Məcəllənin 223.3.2-ci maddəsinə əsasən - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti, Cinayət Prosessual Məcəllənin 223.4-cü maddəsinə əsasən - həmin qərarın nəticə hissəsində şəxsin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar və törədilmiş cinayətə görə məsuliyyət nəzərdə tutan cinayət qanununun maddəsi göstərilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın mətnindən və məzmunundan aydın şəkildə görünür ki, ittiham aktı Cinayət Prosessual Məcəlləsinin 223.3.2 və 289.4-cü maddələrinin tələblərinə cavab vermir, başqa sözlə, qeyd edilən prosessual hüquq normalarının tələbləri ibtidai istintaqı həyata keçirən müstəntiq tərəfindən kobud şəkildə pozulmuşdur. Belə ki, ittiham aktının təsviri-əsaslandırıcı və nəticə hissəsində Zərərçəkmiş şəxs1 dair epizod üzrə cinayət hadisəsinin baş verməsi nəticəsində vurulmuş ziyanı göstərən heç bir müddəa yoxdur. İttiham aktının Cinayət Prosessual Məcəlləsinin 223.3.2 və 289.4-cü maddələrinin tələblərinin kobud şəkildə pozulması nəticəsində isə Təqsirləndirilən şəxs müdafiə hüququnun pozulmasına səbəb olmuşdur. Qeyd edilən məsələlərdən başqa, məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olmuş digər pozuntulara da ibtidai istintaq orqanı tərəfindən yol verilmişdir. Belə ki, ittiham aktından və cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bağlı irəli sürülmüş ittiham üzrə zərərçəkmiş şəxs qismində ancaq Zərərçəkmiş şəxs1 çıxış edir. Halbuki, cinayət işinin 2-ci cildinin 29-cu vərəqində olan 29 dekabr 2013-cü il tarixli, RX seriyalı ******* nömrəli mülkiyyət hüququnu təsdiq edən çıxarışın surətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi iddia olunan predmet, yəni Xızı rayonu, Şurabad qəsəbəsində yerləşən 3.77 ha torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ əsasında iş üzrə zərərçəkmiş şəxs qismində çıxış edən Zərərçəkmiş şəxs1 (2/6 hissə) ilə yanaşı, həmçinin digər şəxslərə - X5 (1/6 hissə), X3 (1/6 hissə), Şahid1 Novruz qızına (1/6 hissə) və X6 (1/6 hissə) məxsus olmuşdur. Məsələ ondan ibarətdir ki, dələduzluq yolu ilə ələ keçirilməsi iddia olunan torpaq sahəsi üzərində Zərərçəkmiş şəxs1 başqa digər 4 (dörd) şəxsin də rəsmi reyestr orqanında qeydə alınmış paylı mülkiyyət hüququ mövcud olduğu halda, ibtidai istintaq orqanı bu kimi vacib və əhəmiyyətli halları nəzərə almadan 5 (beş) şəxsə ümumi paylı mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsinin yeganə mülkiyyətçisi kimi Zərərçəkmiş şəxs1 qəbul edərək ancaq onu zərərçəkmiş şəxs qismində tanımışdır. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə irəli sürülmüş ittiham üzrə ibtidai istintaqı həyata keçirən müstəntiq zərərçəkmiş şəxslərin subyektiv tərkibini (dairəsini) düzgün müəyyən etməyərək bir tərəfdən təqsirləndirilən şəxsin müdafiə hüququnu, digər tərəfdən isə torpaq sahəsinin digər mülkiyətçiləri olan X11, X8, Şahid1 Novruz qızı və X4 qanuni mənafelərini pozmuşdur. Məhkəmə sözügedən məsələ ilə əlaqədar hesab edir ki, ibtidai istintaqı həyata keçirən müstəntiq Rauf Məmmədov bu hissədə ibtidai istintaqı qüsurlu şəkildə apararaq, təqsirləndirilən şəxsin müdafiə hüququ ilə yanaşı, Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələri, o cümlədən Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi ilə yüksək təminat altına alınmış X11, X8, Şahid1 Novruz qızı və X4 mülkiyyət hüquqlarına kobud şəkildə qəsd edərək sonuncuların qanuni mənafelərini pozmuşdur. Belə ki, cinayət işinə mahiyyəti üzrə baxıldıqdan sonra təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham qeyd edilən hissədə öz təsdiqini tapacağı və təqsirləndirilən şəxsin həmin epizod üzrə təqsirli olması məhkəmə qaydasında təsdiq olunacağı təqdirdə, torpaq sahəsinin digər paylı mülkiyyətçiləri olan X11, X8, Şahid1 Novruz qızı və X4 qanunla qorunan mülkiyyət hüquqlarını pozmuş olacaq, başqa sözlə, sonunculara məxsus torpaq sahəsi Zərərçəkmiş şəxs1 mülkiyyətində olan predmet kimi qəbul ediləcək. Bu isə X11, X8, Şahid1 Novruz qızı və X7 pozulmuş hüquqların bərpası istiqamətində hüquqlarının məhdudlaşdırılmasına səbəb olacaqdır. Başqa sözlə, 5 (beş) şəxsə məxsus torpaq sahəsinin 1 (bir) şəxsə məxsus olması kimi qəbul edilməsi X11, X8, Şahid1 Novruz qızı və X4 mülkiyyət hüququndan məhrum edilməsinə səbəb ola biləcək hüquqi faktdır. Cinayət işinin materiallarından açıq-aşkar görünür ki, ibtidai istintaqı həyata keçirən müstəntiq mübahisəli torpaq sahəsinin 5 (beş) mülkiyyətçisi olduğu halda, ancaq Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanıyaraq ancaq onunla bağlı istintaq hərəkətləri keçirmiş, digər mülkiyyətçilərin mövqeyini araşdırmağa borclu olduğu halda onların mövqeyini araşdırmağa belə cəhd etməmişdir. Məhkəmə hesab edir ki, tərəflərin bərabərliyi prinsipi əsasında ittiham üzrə ələ keçirilmiş predmet qismində Xızı rayonu, Şurabad qəsəbəsində yerləşən 3.77 ha torpaq sahəsi çıxış etdiyindən, həmin torpaq sahəsinin hər bir mülkiyyətçisi ilə təqsirləndirilən şəxs arasında torpaq sahəsi ilə bağlı bütün məsələlər, o cümlədən həmin torpaq sahəsinin qanunsuz şəkildə ələ keçirilməsi, alqı-satqısı və sair üsullarla özgəninkiləşdirilməsi üzrə real münasibətlərin yaranıbyaranmaması, hər hansı münasibətlərin yarandığı halda həmin münasibətlərin xarakteri və mahiyyəti mütləq qaydada ibtidai istintaq zamanı müstəntiq tərəfindən araşdırılmalı və göstərilən hallara lazımi hüquqi qiymət verilməli idi. Təəssüf ki, göstərilən halların heç biri ibtidai istintaq zamanı müstəntiq tərəfindən araşdırılmamışdır. Məhkəmə bu məsələlərlə bağlı bir daha qeyd edir ki, yuxarıda göstərilən halların araşdırılmaması birbaşa təqsirləndirilən şəxsin müdafiə hüququna, habelə torpaq sahəsinin digər paylı mülkiyyətçiləri qismində çıxış edən şəxslər X11, X8, Şahid1 Novruz qızı və X4 qanunla qorunan maraqları və mənafelərinə qəsddir. Bu səbəbdən də yuxarıda göstərilən məsələlər mütləq qaydada ibtidai istintaq zamanı araşdırılmalı, aydınlaşdırılmalı, hasil olunmuş nəticə qarşılıqlı şəkildə təhlil edilməli və yalnız bundan sonra həmin məsələlərə düzgün hüquqi qiymət verilməlidir. Bundan başqa, cinayət işinin 2-ci cildinin 31-ci vərəqində olan notarial qaydada təsdiq edilmiş 07 fevral 2014-cü il tarixli, 275696 nömrəli müqavilənin surətindən görünür ki, Zərərçəkmiş şəxs1 ilə yanaşı, X11, X8, Şahid1 Novruz qızı və X12 da müstəqil subyekt (satıcı) qismində çıxış edərək Şahid2 adlı şəxsə 4.500 manat pulun müqabilində öz paylı mülkiyyətlərində olan torpaq sahələrini satmışlar. İbtidai istintaq orqanı tərəfindən qeyd edilən sübut əldə edilib cinayət işinin materiallarına əlavə edilsə də, ibtidai istintaq orqanı tərəfindən torpaq sahəsinin 4.500 manata satılması barədə X11, X8, Şahid1 Novruz qızı və X4 iradə ifadəsi müəyyən edilməmişdir. Halbuki göstərilən məsələnin araşdırılması da iş üçün kifayət qədər əhəmiyyət kəsb edir. Eyni zamanda ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 nisbətdə 2014-cü il tarixdə törədilmiş cinayətlə bağlı ittiham irəli sürüldüyü halda, ibtidai istintaq zamanı cinayət işinin 2-ci cildinin 31-ci vərəqində olan 07 fevral 2014-cü il tarixli, 275696 nömrəli müqavilədə əks olunmuş torpaq sahəsinin dəyərinin həmin dövrdə real dəyər təşkil edib-etməməsi yoxlanılmamış, bu məsələnin aydınlaşdırılması istiqamətində məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməmiş, eləcə də torpaq sahəsinin həmin dövr ərzində real dəyərinin müəyyən edilməsi sair üsullarla araşdırılmamışdır. Bunun əvəzinə isə ibtidai istintaqı həyata keçirən müstəntiq Təqsirləndirilən şəxs ağır cinayətin törədilməsi ilə bağlı “xəyali” ittiham (2014-cü ilin fevral ayında vətəndaş Zərərçəkmiş şəxs1 ilə danışığa girərək ona məxsus Xızı rayonu, Şurabad qəsəbəsində yerləşən sahəsi 3.77 ha olan kənd təsərrüfatı təyinatlı pay torpağını güya digər şəxsə 120.000 manat müqabilində satacağı bəhanəsi ilə Zərərçəkmiş şəxs1 aldadaraq həmin torpaq sahəsini pulun hissəsinin daha sonra veriləcəyi vədini verərək 07 fevral 2014-cü il tarixdə notariat qaydada 4.500 manat pulu beh olaraq verərək həmin torpaq sahəsini Şahid2 adına keçirməklə Zərərçəkmiş şəxs1 külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir) irəli sürmüşdür. Bu isə yolverilməz olmaqla yanaşı, həmçinin qanunsuzdur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham konkret, əsaslı və qanuni olmalıdır. Lakin iş üzrə tərtib edilmiş ittiham aktından, habelə ibtidai istintaq orqanı tərəfindən sübutetmə mərhələsində toplanılmış sübutlardan görünür ki, təqsirləndirilən şəxsə Xızı rayonu, Şurabad qəsəbəsində yerləşən sahəsi 3.77 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin dələduzluq yolu ilə keçirilməsi epizodu ilə bağlı hissədə ibtidai istintaq natamam və qüsurlu aparılmış, mütləq qaydada araşdırılması tələb olunan hallar araşdırılmamış, nəticədə isə təqsirləndirilən şəxsə qeyd edilən hissədə qeyri-müəyyən ittiham irəli sürülmüşdür. Başqa sözlə, ibtidai istintaq orqanı formal mülahizələr və yetərsiz sübutlar əsasında təqsirləndirilən şəxsə ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Göründüyü kimi ibtidai istintaqın natamam və qüsurlu aparılması təqsirləndirilən şəxsin müdafiə hüququ ilə yanaşı, həmçinin torpaq sahəsinin bütün mülkiyyətçilərinin qanuni mənafelərini pozmuş, o cümlədən ibtidai istintaqın uzun müddət aparılmasına baxmayaraq, təqsirləndirilən şəxsin uzun müddət həbsdə saxlanmasına səbəb olmuşdur. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, yuxarıda göstərilməklə sadalanan kobud qanun pozuntularına yol vermiş və ibtidai istintaqı həyata keçirmiş Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Rauf Məmmədov barəsində xüsusi qərar çıxarılmalıdır. Cinayət hüququ nəzəriyyəsinə görə - dələduzluq cinayəti maddi tərkibli cinayət əməlidir. Dələduzluq cinayətinin təsnifatlaşdırılmasında dələduzluq cinayəti nəticəsində ələ keçirilmiş əmlakın dəyəri real şəkildə, yəni həmin əmlakın dəyəri qanunsuz şəkildə ələ keçirilməsi anı üçün müəyyən edilməlidir. Təəssüf ki, ibtidai istintaq orqanı həyata keçirən müstəntiq göstərilən və izahı verilən bu kimi vacib əhəmiyyətli halları araşdırmayaraq, formal mülahizələr əsasında təqsirləndirilən şəxsə ağır cinayətin törədilməsi ilə bağlı qeyri-müəyyən məzmunda ittiham irəli sürərək sonuncunun müdafiə hüququnu pozmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə irəli sürülmüş əməlinə hüquqi qiymətin verilməsində, mübahisəli torpaq sahəsi kimi çıxış edən predmetin 2014-cü ilin fevral ayına olan real dəyərinin müəyyən edilməsi halı iş üzrə çox əhəmiyyətlidir. Bu məsələlərə aydınlıq gətirilmədiyi halda, formal mülahizələr əsasında təqsirləndirilən şəxsə qeyri-müəyyən ağır cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsi qanunsuzdur. Məhkəmə hesab edir ki, ittiham aktının məzmununda və cinayət işinin materiallarında ələ keçirilməsi iddia olunan torpaq sahəsinin 2014-cü il üzrə real dəyəri müəyyən edilmədiyi halda, təqsirləndirilən şəxsə ağır cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsi birbaşa təqsirləndirilən şəxsin müdafiə və azadlıq hüququna qəsddir. Başqa sözlə, iş üzrə torpaq sahəsinin 2014-cü il üzrə real dəyərinin müəyyən edilməsi istiqamətində müvafiq ekspertiza keçirilməklə və sair üsulla torpaq sahəsinin qiymətləndirilməsi həyata keçirilməklə obyektiv həqiqətə nail olmaq, o cümlədən ittihamın qiymətləndirilməsi üçün sübutların kifayət etməsi nəticəsinə gəlmək mümkün olar. Bu səbəbdən də cinayət işinə baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarının 33-cü bəndində göstərilmiş hüquqi mövqeyə görə, dələduzluğun törədilməsi nəticəsində ələ keçirilmiş əmlakın dəyərinə dair mübahisə yarandıqda onun dəyəri məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi əsasında, belə əmlak məhv edildikdə və ya itirildikdə isə iş üzrə toplanmış sübutlar əsasında müəyyən edilir. Məhkəmələr nəzərə almalıdırlar ki, dələduzluq cinayəti zərərçəkmiş şəxsə məxsus olan və dəyərinə görə daha qiymətli əmlakın bundan ucuz əmlakla əvəz edilməsi yolu ilə törədildikdə, təqsirkarın əməli əmlakların qiymətlərində olan fərqə əsasən yox, ələ keçirilmiş əmlakın dəyərinə uyğun olaraq tövsif edilir. Belə hallarda əmlakların dəyəri arasındakı fərq zərərin ödənilməsi zamanı nəzərə alına bilər. Məhkəmə yuxarıda qeyd edilən halları məcmu halda nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət işinin ibtidai araşdırmasını həyata keçirən müstəntiq tərəfindən təqsirləndirilən şəxsin təməl hüquqlarından biri olan müdafiə hüququ pozulmuşdur. Azərbaycan Respublikası CPM-in 303.1-ci maddəsinin tələbinə görə məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.3.1 və 303.3.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması və cinayət işi üzrə ittiham aktının bu Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması kobud pozuntu kimi müəyyən edilmişdir. Xüsusilə qeyd olunmalıdır ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməməsi (külli miqdarda törədilmiş dələduzluqla bağlı vurulmuş ziyanın müəyyən edilməməsi) məhkəmə tərəfindən CPM-in 303.3.1-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması kimi qiymətləndirilərək, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının baxılmasına xitam verilməsi və onun prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) kobud qanun pozuntuları hesab edilirlər və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Qanunla qeyd edilən hallar mövcud olduqda, CPM-in 303-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi zəruridir. Məhkəməyədək icraat zamanı bir sıra qanun pozuntularına yol verildiyindən Azərbaycan Respublikası CPM-nin 303.3.1-ci maddəsinin tələbləri pozulmuşdur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ və İİ hissələrinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən, bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 13-cü maddəsinə görə bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. İstər daxili qanunvericilikdə, istərsə də beynəlxalq müqavilələrdə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının qorunması önəmli yer tutur. Bu səbəbdən də Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı pozulmuş müdafiə hüququ bərpa olunmalıdır. Məhkəmə göstərilən halları məcmu halda təhlil edərək belə nəticəyə gəlir ki, şərh olunanlara əsasən cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CPM-in 306.2-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərar qəbul etdikdən sonra məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə də baxmışdır. Hazırkı cinayət işinin baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul olunduğundan və təqsirləndirilən şəxslərin həbsdə saxlanılması üçün əsaslar aradan qalxmadığından məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti uzadılmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Smirnova Rusiyaya qarşı” 24 iyul 2003-cü il tarixli qərarında insan hüquq və azadlıqlarının müdafiəsinə dair Avropa Konvensiyasının 5-ci maddəsini rəhbər tutaraq göstərir ki, Konvensiya üzrə presedent hüququna əsasən şəxsin yaşayış məntəqəsini tərk etməmək barədə iltizam verməklə azad edilməsi üçün dörd məqbul şərt hazırlanmışdır: barəsində ittiham irəli sürülən şəxsin məhkəməyə gəlməməsi riski, barəsində ittiham irəli sürülən şəxsin azad ediləcəyi halda ədalət mühakiməsinə mane olmaq üçün addımlar atması riski, şəxsin ictimai qaydanı pozması riski və şəxsin növbəti hüquq pozuntuları törətməsi riski. Göstərilən qanun pozuntularının aradan qaldırılması üçün müəyyən müddət tələb olunur. Ona görə də məhkəmə cinayət işinin mürəkkəbliyini, təqsirləndirilən şəxslərin ağır cinayət törətməkdə təqsirləndirilmələrini, onların azadlıqda qalacağı halda istintaqdan gizlənməsinə və cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə ibtidai istintaqın normal gedişinə mane olmasına dair kifayət qədər əsas olduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 13 aprel 2022-ci il tarixdən 13 may 2022-ci il tarixədək uzadılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs müdafiəçisinin həbs qətimkan tədbirinin digər qətimkan tədbiri əvəz olunması ilə bağlı vəsatətini əsassız hesab edərək, qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş prosessual əsaslar aradan qalxmamış və müdafiə tərəfi ağır cinayətin törədilməsində ittiham olunan təqsirləndirilən şəxsin məhkəmədən gizlənməyəcəyi ilə bağlı hər hansı bir qarantiya təqdim etməmişdir. Hazırda təqsirləndirilən şəxsin barəsində qüvvədə olan həbs qətimkan tədbirini ləğv olunması yolverilməzdir və təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid olunmuş vəziyyətdə qalmasına mütləq zərurət vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 298- 300, 303.3.1, 303.3.6, 159 və 306-cı maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı:

1. Dövlət ittihamçısının və müdafiəçinin vəsatəti təmin edilsin.

2. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.

3. Barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 13 aprel 2022-ci il tarixdən 13 may 2022-ci il tarixədək uzadılsın.

4. Təqsirləndirilən şəxs Kənyaz oğlunun müdafiəçisinin həbs qətimkan tədbirinin digər qətimkan tədbiri əvəz olunması ilə bağlı vəsatəti əsassız olduğundan təmin edilməsin.

5. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin tələblərinin kobud surətdə pozulmasına yol vermiş Qaradağ Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X13 barəsində xüsusi qərar çıxarılsın.

6. Qərarın surəti icra edilməsi üçün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin.

7. Qərarın surəti qanunla nəzərdə tutulmuş müddətdə iş üzrə cinayət prosesinin iştirakçılarına verilsin. (poçtla göndərilsin)

8. Qərar qətidir, apellyasiya şikayəti və ya protesti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar