Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-23/2024 13.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Şabran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ə həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi çətənə (kannabis) bitkisinin toxumlarını 2022-ci ilin aprel ayının əvəllərində ünvan 3 ünvanında yerləşən evinin həyətyanı bağ sahəsinin sol yan tərəfində evdən 5 metr aralıda əvvəlcədən hazırladığı torpaq sahəsində bostan bitkiləri və meyvə ağaclarının arasında qanunsuz olaraq əkmiş, bu toxumlardan əmələ gəlmiş 23 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin şitillərinə mütəmadi olaraq aqrotexniki qaydada qulluq göstərib onları qanunsuz olaraq yetişdirməklə küllü miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini qanunsuz olaraq kultivasiya etmiş, 2022-ci il 28 iyun tarixdə, saat 09 radələrində, Şabran RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində yaş vəziyyətdə ümumi təmiz çəkisi 630 qram təşkil edən 23 ədəd əkilib becərilməsi qadağan edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Bundan başqa o, 2022-ci ilin təxminən iyun ayının əvvəllərində yaşadığı evin həyatyanı sahəsində qanunsuz olaraq külli miqdarda kultivasiya etdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin hissələrini toplayıb 10 gün müddətində yaşadığı evin həyətyanı sahəsində qurutmaqla satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq əldə etdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananın təmiz çəkisi 31,28 qram təşkil edən hissəsini 01 (bir) ədəd 1 litrlik şüşə bankaya yerləşdirib yaşadığı evin sol yan hissəsində yerləşən köhnə əşyaların yığılması üçün istifadə edilən otaqdakı işləməyən soyuducunun buzluq yerində gizlətməklə qanunsuz olaraq saxlamış, 2022-ci il 28 iyun tarixdə saat 03 radələrində Şabran RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid7 üzərinə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs məxsus təmiz çəkisi 31,28 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuananın, sonuncudan gizli olaraq götürdüyü 0,432 qram təşkil edən hissəsi əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüş, həmin tarixdə saat 09 radələrində Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman isə 30,848 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana saxladığı həmin yerdən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs kimi ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə irəli sürülən ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, iyunun 28-i evdən çıxmış və polis əməkdaşlarını görmüşdür. Evinə baxış keçirmək istədiklərini bildirmişdirlər. Üstündə heç nə olmamışdır. Nə olubsa, yaş şəkildə torpaqda olmuşdur. Nə varsa da, hamısı iş materiallarında vardır. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, çay qırağında yaşamış, toxumları da oradan əldə etmişdir. Əkdiyini heç kim bilməmişdir. Evində marixuananın yarpaqları olmuşdur. Yarpaqları istifadə etmək üçün qurutmuşdur. Şahid7 qardaşı oğludur. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, Şahid7 aidiyyatı olmamışdır. Sadəcə olaraq ona hərəkətlərinə görə əmisi kimi bir-iki sillə vurmuşdur. Bəlkə hirsini çıxmaq üçün belə bir varianta əl atmışdır. Onda kiməsə verəcək “nəşə” olmamış, çünki özü narkotik vasitə istifadəçisidir. Yarpaqları qurudub çəkən adam olmuşdur. Bir daha qeyd etmişdir ki, onun Şahid7lə heç bir əlaqəsi olmamışdır. Baxmayaraq ki qardaşı oğludur, yaxşı insan olmadığına görə onun üçün “yox” kimi bir şey olmuşdur. Video görüntüdəki ev onundur. Görüntüdəki şəxs odur. Kolları özü əkmişdir. Yadında qaldığı qədəri ilə 23 ədəd kol olmalı idi. Saxlanılan zaman üzərində heç bir şey olmamışdır. Videodakı şəxs qardaşı oğludur. Qurudulmuş narkotik vasitə bankadadır və banka da evin içərisində deyil, çöldə olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şabran RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, rayon polis şöbəsinin əməkdaşları Təqsirləndirilən şəxs qohumu, qardaşı oğlu Şahid7 şübhəli şəxs kimi rayon polis şöbəsinə gətirmişdirlər. Onun üzərində şəxsi axtarış aparılan zaman üzərindən bir bükümdə marixuana aşkar olunmuşdur. Daha sonra vətəndaş Şahid7 nə səbəbə narkotik vasitə əldə etdiyini, satmaq və ya şəxsi istifadə üçün üzərində narkotik vasitə gəzdirdiyini soruşduqda sonuncu üzərindən aşkar olunmuş narkotik vasitəni əmisi Təqsirləndirilən şəxs götürdüyünü qeyd etmişdir. Mecidin evindən və ya özündən götürməsi xüsusatı yadında deyildir. Tədbirin davamı olaraq onlar rayon polis şöbəsinin əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs Şabran şəhərində yerləşən evinə yaxınlaşmışdırlar. Orada təbii ki, müdafiəçi, istintaq şöbəsinin müstəntiqi və aqronomu olmuşdur. Həyətə daxil olmuşdurlar. Həyət özü əkin üçün nəzərdə tutulmuş həyətyanı sahə kimi idi. Ağaclar və s. var idi. Video çəkilişlə həyətə baxış keçirmişdirlər. 23 ədəd çətənə bitkisi aşkar olunmuşdur. Həyətdə həmçinin yarımtikili kimi balaca bir yer olmuşdur. Orada soyuducu var idi. Soyuducunu açmış, içərisindən bir dənə balaca bankada qurudulmuş marixuana aşkar olunmuşdur. Təqsirləndirilən şəxs nə səbəbə qurudulmuş marixuananı evində saxladığını soruşduqda şəxsi istifadəsi üçün narkotik vasitə əkdiyini və saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, polis əməkdaşının bildirdiyi kimi, bankadakı narkotik vasitəni özü təqdim etmişdir. Bankada da əkdiyi ağacların yarpaqları olmuşdur. Heç kimə də narkotik vasitə satmamış və ya verməmişdir. Şahid CAB-nin əməliyyat müvəkkili Şahid2 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 28 iyun 2022-ci il tarixdə Şabran RPŞ-nin PPXB-nün polis nəfəri Şahid6, Şahid5 və PPXB-nün komandiri polis serjantı Şahid4 Şabran şəhəri H.Əliyev prospektində xidmətdə olan zaman bir nəfər şəxsin narkotik vasitələri qanunuz olaraq üzərində saxlamasında şübhəli olduğu üçün həmin şəxsi saxlayaraq RPŞ-nə gətirib növbətçi hissəyə təhvil vermişlər. RPŞ-nin növbətçi hissəsinə təhvil verildikdən sonra həmin şəxsin xx.xx.2006-cı il təvəllüdlü, ünvan 4 ünvanında qeydiyyatda olan Şahid7 olması müəyyən edilmişdir. Bundan sonra Şahid7 üzərinə baxış keçirilən zaman əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd kağız büküm aşkar edilərək götürülmüş və Şahid7 həmin kütlənin narkotik vasitə hesab edilən qurudulmuş marixuana olmasını, onu əmisi Təqsirləndirilən şəxs evindən götürdüyünü bildirmişdir. Qeyd edilən məlumat əsasında 28 iyun 2022-ci il tarixdə o, NMQnin əməliyyat müvəkkili polis kapitanı Şahid1, PPXB-nün tağım komandiri Şahid3, X7 iştirakı ilə Təqsirləndirilən şəxs ünvan 5 ünvanında yerləşən evinə və həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həyətində meyvə ağaclarının arasında ümumilikdə 23 ədəd narkotik təkibli çətənə bitkiləri və evin sol hissəsində, köhnə əşyaların yığılması üçün nəzərdə tutulmuş otağa daxil olan zaman orada işləməyən soyuducunun buzluq yerindən 1 ədəd bankada içərisində narkotik vaitə hesab edilə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bankanın içərisindəki kütlənin nə olduğunu, kimə məxsus olmasını və hansı məqsədlə saxladığını soruşduqda o həmin kütlənin narkotik vasitə hesab edilən qurudulmuş marixuana olmasını, onları çətənə kollarının yarpaqılarını qurudaraq əldə etməsini və şəxsi istifadə məqsədilə saxlamasını səmimi olaraq etiraf etmişdir. Şahidlər Şabran RPŞ-nin PPXB-nün polis nəfəri Şahid5, polis nəfəri X1 məhkəmə istintaqı zamanı elan olunmuş ifadələrindən görünür ki, onlar, şahid CAB-nin əməliyyat müvəkkili Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsi ilə oxşar məzmunlu ifadə verərək göstərdiyi xüsusatları təqdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş , Şabran PŞ-nin PPXB-nin tağım komandiri Şahid3 ifadəsində göstərmişdir ki ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etmişdir. Şahid7 polis nəfərləri Şahid4, Şahid5 və Şahid6 saxlamışdırlar. Manqa komandiri olmuşdur. Şəxsin saxlanması ilə bağlı ona məlumat verilmiş, hadisə yerinə gəlmişdir. Həmin vaxt Şahid7 özünü şübhəli aparmış, hərəkətləri şübhə doğurmuşdur. Şəxsin barəsində qanuni araşdırma aparılması üçün onu növbətçi hissəyə təqdim etmişdirlər. Növbətçi hissədə üzərində şəxsi axtarış keçirilən zaman üzərindən kağız bükümdə narkotik vasitəyə bənzər marixuana aşkar olunmuşdur. Aqşin üzərindən aşkar olunmuş marixuananı əmisi Meciddən əldə etdiyini qeyd etmişdir. Həmin gün onlar cinayət axtarış bölməsinin əməkdaşları Şahid1 və Şahid2lə birlikdə aqronom və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirmişdirlər. Baxış zamanı evin həyətyanı sahəsindən meyvə ağaclarının dibində marixuana bitkisi aşkar olunmuşdur. Bir də evin yan tərəfində, sol hissəsində köhnə soyuducu olmuşdur. Oradan bankada marixuana bitkisi aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şabran RPŞ-nin PPXB-nün polis nəfəri Şahid6 ifadəsində göstərmişdir ki, xidmətdə olan zaman özünü şübhəli aparan, dindirən zaman qaçmaq istəyən Aqşini saxlamışdırlar. Komandirə zəng etmiş, saxladıqları şəxsi X8 gətirməkləri tapşırılmışdır. Şöbədə şəxsin üzərindən bükümdə nəsə aşkar olunmuşdur. Şahid7 üzərindən aşkar olunmuş bükümü əmisindən aldığını bildirmişdir. Aqşinin əmisinin evində olmamışdır. Şahid7 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Şabran şəhəri Təbriz küçəsi ev 11-də qeydiyyatdadır, heç bir yerdə işləmir və təhsil almır. 15 yaşı vardır. Şabran şəhəri T.Abbasov adına 1 saylı orta məktəbin 9-cu sinifinə qədər təhsil almış və təxminən 2-3 aydır ki, Şabran şəhəri H.Əliyev prospektində yerləşən istirahət parkında yaşayır, tüfeyli həyat tərzi sürür. Belə ki, onun atası və anası ondan imtina edərək onunla maraqlanmırlar. 28 iyun 2022-ci il tarixdə gecə saat 01 radələrində əmisi Təqsirləndirilən şəxs yaşadığı Şabran şəhəri Cavadxan küçəsində yerləşən evinə getmişdir. O,əmisindən xəbərsiz olaraq evin həyətyanı sahəsinə keçmiş və evin sol tərəfində köhnə əşyaların yığılması üçün istifadə edilən otağa daxil olmuşdur. Siqareti olmadığı üçün həmin otaqda siqaret axtarmağa başlamış və orada işləməyən soyuducuya baxan zaman oradakı siqaret qutusun görərək qutunu əyinindəki cins şalvarın sağ yan cibinə qoyaraq Şabran şəhəri H.Əliyev prospektinə yollanmışdır. O, 28 iyun 2022-ci il tarixdə saat 03 radələrində parkda gəzişərək siqaret qutusuna baxdıqda onun içərisdində bir ədəd büküm görmüş və həmin bükümü cibinə qoyaraq prospektdə yerləşən «Bəy» kafesinin yaxınlığına getmişdir. Orada ona 2-3 nəfər polis əməkdaşları yaxınlaşaraq onu Şabran rayon PŞ-nə dəvət etmişlər.O da onlara etiraz etmədikdən sonra onlarla birlikdə RPŞ-nə gəlmişdir. RPŞ-nin növbətçi hissəsində üzərinə keçirilən baxış zamanı o, əmisinin evindən gizlincə götürdüyü 1 ədəd içərisində narkotik vasitə hesab edilən qurudulmuş marixuana olan bükümü təqdim etmişdir. Polis əməkdaşları ondan həmin bükümdə nə olmasını və haradan əldə etməsini soruşduqda o, həmin bükümü əmisinin evindən götürdüyünü və onun içərisində nəşə kütləsi olmasını sonradan bildiyini polis əməkdaşlarına bildirmişdir. Bundan başqa o, əmisi Təqsirləndirilən şəxs həyətində bostan bitkilərinin və meyvə ağaclarının arasında narkotik tərkibli bitkiləri görməsini polis əməkdaşlarına bildirmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Şahid7 üzərinə “baxış keçirilməsi haqqında” 28 iyun 2022-ci il tarixli protokolu məhkəmə istintaqı zamanı tədqiq olunarkən müəyyən olunur ki, Şahid7 üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananı əmisi Təqsirləndirilən şəxs evindən götürdüyünü bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2022-ci il tarixli “əməliyyat məlumatının yoxlanılması barədə” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik tərkibli bitkilərin əkibbecərilməsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “əməliyyat məlumatının yoxlanılması barədə” 28 iyun 2022-ci il tarixli qərar Şabran rayon məhkəməsinin 06 iyul 2022-ci il tarixli qərarı ilə qanuni hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən evinə və həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin materiallarında olan «Baxış keçirilməsi haddında» xx.xx.2022-ci il tarixli protokol və qeyd olunan tədbirin video görüntülərini əks etdirən eyni DVD disk məhkəmə istintaqı zamanı tədqiq olunarkən müəyyən olunur ki, baxış keçirilən yer Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanında yerləşən evin həyətyanı sahəsidir. Bostan bitkiləri və meyvə ağaclarının arasında narkotik tərkibli bitkilərə bənzər kolların əkilməsi müşahidə olunur. Həmin bitkilərin ümumi sayı 23 ədəddir. Onların ən hündürünün boyu 110 sm və kiçiyinin boyu isə 15 sm-dir. Baxışda iştirak edən aqranom həmin bikilərin çətənə bitkiləri olmasını bildirərək, onlara aqrotexniki qayda da qulluq edilməsini bildirmişdir. Soyuducunun içinə baxıldıqda onun buzluq yerində bir ədəd bankada qurudulmuş marixuna aşkar edilmişdir. Cinayət işinin materiallarında olan 28 iyun 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, aşkar edilmiş çətənə bitkisinə bənzər bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-bioloji ekspertizasının 29 iyun 2022-ci il tarixli, 7/697 №-li ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığ evin həyətyanı sahəsindən aşkar edilmiş, ümumi sayı 23 (iyirmi üç) ədəd, ümumi çəkisi 630,0 qram olan bitki nümunələri, əkilib – becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Həmin çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. Aqronom (mütəxəsisin) rəyinə əsasən təqdim olunmuş 23 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Çətənə bitkisi, 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilər siyahısına daxildir. Təqsirləndirilən şəxs yaşadığ evdən aşkar edilərək götürülmüş 1 ədəd şüşə bankadakı təmiz çəkisi 30,848 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 29 iyun 2022-ci il tarixli məhkəmə-bioloji ekspertizasının 7/698 saylı rəyinə əsasən Şahid7 əynindəki şalvarın sağ yan cibindən aşkar edilmiş 1 (bir) ədəd kağız bükümdə qarışıq kütlənin tərkibində təmiz çəkisi 0,432 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 4577 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan 13 sentyabr 2022-ci il tarixli “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilərək götürülmüş ümumi sayı 23 (iyirmi üç) ədəd, ümumi çəkisi 630,0 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri, yaşadığ evdən aşkar edilərək götürülmüş 1 ədəd şüşə bankadakı təmiz çəkisi 30,848 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və Şahid7 əynindəki şalvarın sağ yan cibindən aşkar edilmiş 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,432 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana maddi sübut kimi tanınaraq Şabran RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməllərini törətməsini cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam sübuta yetirilmiş hesab edir. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 12-ci bəndinin “a” yarımbəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Həmçinin həmin qanunla təsdiq olunmuş Siyahıların İİİ siyahısının 1.2-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin xeyli miqdarının yuxarı həddi 3-15 ədəd (6- 30 hissə), külli miqdar daxil olmaqla aşağı həddi isə 16 ədəd (31 hissə) müəyyən edilmişdir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 19-cu bəndində hüquqi mövqe ifadə olunaraq izah edilmişdir ki, əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə müvafiq olaraq az ağır və ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Şabran rayon İHBnın Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Əliyev X3 şəhəri, Memear Əcəmi küçəsində yaşamış, yaşadığı müddət ərzində barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs övladları X4 xx.xx.2016-cı təvəllüdlü olmaqla azyaşlı, X5 xx.xx.2009-cu il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayandır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinin, bir yetkinlik yaşına çatmayan uşağının olmasını isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinin tələblərinə əsasən onun cəzsını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 28 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Şabran rayon məhkəməsinin 30 iyun 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 28 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. O, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edirək qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Şabran RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilərək götürülmüş ümumi sayı 23 (iyirmi üç) ədəd, ümumi çəkisi 630,0 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri, yaşadığ evdən aşkar edilərək götürülmüş 1 ədəd şüşə bankadakı təmiz çəkisi 30,848 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və Şahid7 əynindəki şalvarın sağ yan cibindən aşkar edilmiş 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,432 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 144 (yüz qırx dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 28 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs 144 (yüz qırx dörd) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Şabran RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilərək götürülmüş ümumi sayı 23 (iyirmi üç) ədəd, ümumi çəkisi 630,0 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri, yaşadığ evdən aşkar edilərək götürülmüş 1 ədəd şüşə bankadakı təmiz çəkisi- 30,848 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və Şahid7 əynindəki şalvarın sağ yan cibindən aşkar edilmiş 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,432 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana məhv edilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-23/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-23/2024
13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver