Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-230/2024 01.03.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X5 (sədrlik edən), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, məhkumluğu olmayan, Şəmkir rayonu, Könüllü kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində "həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs “Odnoklassniki" sosial şəbəkəsində tanış olduğu özünü İran vətəndaşı kimi təqdim etmiş şəxsiyyəti istintaqa məlum olmayan Hüseyn adlı şəxslə “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə əlaqə saxlayaraq satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrin qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda əldə edilməsi, saxlanması, daşınması və satışı barədə razılaşdıqdan sonra həmin şəxsin istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda, yəni 1340,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı müəyyən pul müqabilində Quba rayonundan götürüb Bakı şəhərinə aparması öhdəliyini götürmüş, həmin narkotik vasitənin “Bakı-Quba" avtomobil yolunun Quba rayonu, 2-ci Nügədi kəndi ərazisindən keçən hissəsində yerləşən istifadəsiz tikilinin yanındakı dəmir materiallı çəlləyin içərisinə yerləşdirilmiş vəziyyətdə olan 01 ədəd qəhvəyi rəngli çantaya qoyulması barədə Hüseyn adlı şəxs tərəfindən ona mesaj gəldikdən sonra yaşadığı Bakı şəhərindən çıxaraq, həmin şəxsin “WhatsApp” vasitəsilə göndərdiyi “məkan”a və “şəkil”ə uyğun olaraq qeyd olunan əraziyə gəlmiş və çəlləkdən qəhvəyi rəngli çantanı götürərək əldə edib üzərində saxlamaqla daşımış, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, 17 mart 2023-cü il tarixdə, saat 06:00 radələrində çantanı götürüb gedən zaman saxlanılaraq həmin yerdə üzərində şəxsi axtarış aparılarkən çantanın içərisindən şəffaf rəngli yapışqan lentlə bükülmüş 02 ədəd qara rəngli sellofan bağlamada ayrı-ayrılıqda xalis çəkiləri 620,0 və 720,0 qram olmaqla ümumi xalis çəkisi 1340,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Dövlət ittihamçısı Nizami oğlu Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə irəli sürülmüş ittihamın müdafiəsindən imtina etdiyinə görə onun barəsində Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə başlanmış cinayət təqibinə 01 mart 2024-cü il tarixli qərarla xitam verilmiş və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü ona qarşı elan olunmuş ittiham üzrə deyil, CMnin 234.1-1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o həbs olunana qədər qurudulmuş marixuanadan istifadə etmişdir. Narkotik vasitənin satışı ilə heç vaxt məşğul olmamışdır. 2022-ci ilin sonlarında “Odnoklassniki” sosial şəbəkəsində Hüseyn adlı şəxslə tanış olmuşdur. Hüseyni heç vaxt görməmişdir. Hüseyn özünü İran vətəndaşı kimi təqdim etmişdi. Hüseynlə “WhatsApp” vasitəsilə ilə bir neçə dəfə əlaqə saxlamışdır. Hüseyn ona narkotik vasitələr satdığını bildirmişdir. Tutulduğu ərəfədə Bakıda narkotik tapmaq çətin olduğundan Hüseyndən öz istifadəsi üçün 200 qram marixuana istəmişdir. Hüseynlə razılaşmışlar ki, o marixuananı qoyduğu yerin məkanını və şəklini onun telefonuna atandan sonra o marixuananı götürüb pulunu Hüseynin kartına göndərməli idi. Hüseyn ona marixuananı Quba rayonunda müəyyən yerə qoyulacağını bildirmiş, o da razılaşmışdır. 16 mart 2023-cü il tarixdən 17 mart 2023-cü il tarixə gecə Bakı şəhəri Şamaxinka adlanan əraziyə getmişdir. Tanımadığı Bakı-Quba taksilərindən biri ilə Qubaya getmiş, Hüseyn tərəfindən “WhatsApp” vasitəsilə ona göndərilmiş “məkan”a uyğun olaraq Bakı-Quba avtomobil yolunun Quba rayonu, 2-ci Nügədi kəndi ərazisindən keçən hissəsində, narkotik vasitənin qoyulduğu yerin yaxınlığında taksidən düşmüş və taksi gedəndən sonra 17 mart 2023-cü ildə səhər vaxtı Hüseyn tərəfindən “WhatsApp” vasitəsilə ona göndərilmiş şəkilə uyğun olaraq yolun yaxınlığında yerləşən istifadəsiz tikiliyə yaxınlaşarkən polislər onu tutmuşlar. Polis əməkdaşları iştirakı ilə video çəkilişlə onun saxlandığı yerdə üzərində şəxsi axtarış keçirmişlər. Marixuananın miqdari 1 kq çox olmuşdur. Bildirmək istəyir ki, o Hüseyndən yalnız 200 qram marixuananı öz istifadəsi üçün istəmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, tutulana qədər “nəşə və ya ot” kimi tanınan narkotik vasitə qurudulmuş marixuna istifadə etmişdir. 2022-ci ilin dekabr ayında “Odnoklassniki” sosial şəbəkəsində adının Hüseyn olduğunu bildirməklə özünü İran vətəndaşı kimi təqdim etmiş şəxslə tanış olaraq “WhatsApp” vasitəsilə ilə əlaqə saxlamağa başlamışdır. Söhbət əsasında Hüseyn ona narkotik vasitələrin hər növündən satdığını bildirmişdir. Bunun üçün o, alacağı narkotik vasitənin pulunu Hüseynin göndərdiyi kart hesabına yükləyərək ödəniş etməli, Hüseynin Azərbaycanda olan kuryeri satacağı narkotik vasitəni müəyyən bir yerə qoyaraq bu yerin şəklini çəkib Hüseynə göndərməli, Hüseyn də öz növbəsində "WhatsApp” vasitəsilə həmin yerin “məkan”ını və şəkilini ona göndərməli, o da şəkildə göstərilən yerə gedərək qoyulmuş narkotik vasitəni götürməli idi. Hüseynin kuryerə narkotik vasitəni necə və hansı üsulla verməsi barədə məlumatı yoxdur. O, narkotik vasitə marixuana istifadəçisi olduğundan 16 mart 2023-cü il tarixdə öz istifadəsi üçün Hüseyndən marixuana istəmişdir. Narkotik vasitəni alacağı qiymət barədə Hüseyn ilə aralarında razılaşma olmamışdır. Narkotik vasitəni çox aldığı üçün Hüseyn ona ucuz verəcəyini demişdir. Aralarındakı razılığa görə narkotik vasitəni alandan sonra pulunu Hüseynin göndərdiyi kart hesabına yükləyərək ödəniş edəcəkdir. O, narkotik vasitəni öz istifadəsi üçün ona görə çox sifariş etmişdir ki, ucuz başa gəlsin, hər dəfə almasın, bir dəfəlik alıb saxlasın və özü üçün istifadə etsin. Hüseyn ona bildirmişdir ki, onun sifariş etdiyi narkotik vasitəni nə qədər imkan olsa, çox qoyacaq. O da demişdir ki, heç olmasa, 200-300 qram olsun. Əvvəllər Hüseynə narkotik vasitə sifariş etməmiş, birinci dəfə idi ki, sifariş etmişdir. Hüseyn ona sifariş etdiyi marixuananın Quba rayonunda müəyyən yerə qoyulacağını bildirmişdir. Quba Bakıya yaxın olduğu üçün o, razılaşmışdır. Aralarındakı razılaşmadan sonra o, 16 mart 2023-cü il tarixdən 17 mart 2023-cü il tarixə gecə Bakı şəhəri Şamaxinka adlanan əraziyə getmişdir. Tanımadığı Bakı-Quba taksilərindən birinə əyləşərək Qubaya yola düşmüşdür. Hüseyn tərəfindən “WhatsApp” vasitəsilə ona göndərilmiş “məkan”a uyğun olaraq Bakı- Quba avtomobil yolunun Quba rayonu, 2-ci Nügədi kəndi ərazisindən keçən hissəsində, narkotik vasitənin qoyulduğu yerin yaxınlığında taksidən düşmüş və taksi gedəndən sonra 17 mart 2023-cü il tarixə, saat 06:00 radələrində Hüseyn tərəfindən “WhatsApp” vasitəsilə ona göndərilmiş şəkilə uyğun olaraq yolun yaxınlığında yerləşən istifadəsiz tikilinin yanındakı çəlləyə yaxınlaşmışdır. Çəlləkdən əvvəlcə ağ rəngli plastik vedrəni çıxarıb kənara qoymuşdur. Sonra isə 01 ədəd qəhvəyi rəngli çantanı çıxararaq götürüb gedərkən Quba RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məlumat olduğunu bildirmişlər. Polis əməkdaşları ona üzərində şəxsi axtarış aparılması üçün Quba RPŞ-yə məlumat verərək digər təhqiqatçı və vəkil dəvət edəcəklərini bildirmişlər. Onlar təhqiqatçı və vəkil gələnə kimi onun hərəkətlərini nəzarətdə saxlamışlar. Təhqiqatçı gəldikdən sonra vəkilin iştirakı ilə video çəklişindən istifadə edilməklə saxlanıldığı həmin yerdə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Özünü Quba RPŞ-nin baş təhqiqatçısı Fərid kimi təqdim edən polis əməkdaşı ona şübhəli şəxs qismində tutularaq dəvət edilmiş vəkilin və oradakı polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə saxlandığı həmin yerdə üzərində şəxsi axtarış aparılacağını izah etmiş, o, şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış zamanı əlindəki çantanın içərisindən şəffaf rəngli yapışqan lentlə bükülmüş qara rəngli 02 ədəd sellofan bağlama aşkar olunmuşdur. Həmin sellofan bağlamaları açarkən onların içərisindən yaşıl rəngli bitki kütlələri aşkar edilmişdir ki, o, bu kütlələrin “nəşə və ya ot” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuna olmasını, "Odnoklassniki” sosial şəbəkəsində tanış olduğu Hüseyn adlı şəxs tərəfindən qoyulduğu həmin yerdən Bakı şəhərinə apardığını və Bakı şəhərində Hüseynin deyəcəyi yerə aparıb qoyacağını bildirmişdir. Bağlamalar elektron tərəzidə çəkilmiş və 01 ədəd sarı rəngli sellofan paketdə qablaşdırılmışdır. Təhqiqatçı ona bundan başqa üzərində qanunla qadağan edilən nəsə olub-olmadığı soruşaraq üzərindəki əşyaları təqdim etməyi bildirmişdir. Üzərindən həmin 02 ədəd bağlamadan başqa qanunla qadağan edilən heç nə aşkar edilməmişdir. O, İran vətəndaşı kimi tanıdığı Hüseyn adlı şəxsdən başqa kimdənsə narkotik vasitə əldə etməmiş və kiməsə satmamışdır. Tutulmamışdan əvvəl yazışmalar apardığı ***-***-**-** və ***-***- **-** mobil nömrələri münasibət saxladığı qadının istifadəsində olmuşdur. İstifadəsində olmuş ***-***-**-** nömrəsindən ***-***-**-** mobil nömrəsinə xx.xx.2023-cü il tarixdə, saat 01:45:11-də "mene narkotik aldirdin" deyil, "mən narkotik aldım" yazmaq istəmiş, birincini yazını səhv olaraq yazmışdır. Həmin qadın sözünə baxmayaraq onu əsəbləşdirdiyi üçün acığa düşüb narkotik alaraq istifadə etdiyini bildirmişdir. Yəni həmin qadın ona narkotik aldırmamış, o, özünə narkotik almışdır. Ona həmin qadın əvvəllər narkotikdən istifadə etdiyini demişdir. Onunla tanış olandan bir müddət sonra patı kimi tanınan psixotrop maddə metamfetamindən istifadə etmək istəyəndə, o, bu yoldan çəkindirmişdir. Buna görə də, istifadəsində olmuş ***-***-**-** nömrəsindən ***-***-**-** mobil nömrəsinə xx.xx.2023cü il tarixdə, saat 01:07:53-də "...səni patidan uzaq tutan..’’, ***-***-**-** mobil nömrəsinə xx.xx.2023-cü il tarixdə, saat 23:58:45-də "Pulu patiya saxlayirsan?" SMS-lərini yazmışdır. Ona məxsus mobil telefonda olan “GB WhatsApp"ın “söhbətlər” bölümündəki “+98 930 353 6416” mobil nömrəsini işlədən şəxs 2022-ci ilin dekabr ayında “Odnoklassniki" sosial şəbəkəsində tanış olduğu və özünü İran vətəndaşı kimi təqdim edərək adının Hüseyn olduğunu bildirən şəxsdir. Həmin nömrəyə göndərilmiş SMS-lər və səslər ona məxsusdur. O, “+98 930 353 6416” mobil nömrəsinə səs göndərib Hüseynə "iki dənə" deyərkən narkotik nəzərdə tutmuş və narkotiki öz istifadəsi üçün istəmişdir. Qubadan götürdüyü narkotik vasitələri də Hüseyndən öz şəxsi istifadəsi üçün pulla sifariş edərək istəmişdir. Üzərində şəxsi axtarış aparılarkən və istintaqa verdiyi əvvəlki ifadələrdə üzərindən aşkar edilmiş narkotik vasitələri pul müqabilində Quba rayonundan götürüb Bakı şəhərinə aparmaq istədiyini ona görə göstərmişdir ki, saxlanılan zaman polis əməkdaşları ona qarşı fiziki zor tətbiq edərək və mobil telefonunun “WhatsApp"ındakı bir xanımla olan şəxsi SMS-lərini göstərib onu şantaj edərək ifadəsini bu yöndə verməyini məsləhət görmüşlər. Təhqiqatçı ona narkotik vasitələri pul müqabilində götürüb aparmağı kimi ifadə verməyini bildirmişdir. O da qorxaraq polis əməkdaşlarının dediyi kimi ifadə vermişdir. Əslində həmin narkotik vasitələri Hüseyn üçün pul müqabilində daşımaq məqsədilə deyil, öz şəxsi istifadəsi üçün sifariş edərək əldə etmişdir. Onun Hüseyn adlı şəxslə narkotik vasitələrin satışı barədə qabaqcadan əlbirliyi olmamışdır. O, həmin narkotik vasitələri satmaq niyyətilə deyil, öz şəxsi istifadəsi üçün əldə etmişdir. O, narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamışdır. Bu səbəbdən özünü ona elan edilmiş ittihamla, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri deyil, həmin məcəllənin 234.1-1-ci maddəsi ilə təqsirli bilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq qeyd edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini müdafiə edərək ifadəsində göstərdi ki, Bakı şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını raportla rəhbərliyə məruzə etmiş və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmişdir. Qərar şöbə rəisi tərəfindən təsdiq edilmiş və əməliyyat müvəkkili Şahid2, polis nəfərləri Şahid3 və Şahid4, inspektor kriminalist Fuad İslamov və ondan ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı əsasında onlar Təqsirləndirilən şəxs sosial şəbəkədə tanış olduğu özünü İran vətəndaşı kimi təqdim etmiş şəxs tərəfindən qoyulmuş narkotik vasitəni götürmək məqsədilə Quba rayonuna gəlməsini müəyyən etmişlər. 17 mart 2023-cü ildə saat 06 radələrində “Bakı- Quba” avtomobil yolunun Quba rayonu, 2-ci Nügədi kəndi ərazisindən keçən hissəsində, yolun kənarında yerləşən istifadəsiz tikilinin yanındakı çəlləyin içərisindən qəhvəyi rəngli çantanı çıxararaq götürüb gedərkən Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib barəsində narkotik vasitələrin qanunsuz dövriyəsi ilə bağlı məlumat olduğunu bildirmişlər. Onlar Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması üçün Quba Rayon Polis Şöbəsinə məlumat verərək təhqiqatçı və vəkil dəvət etmişlər. Təhqiqatçı gələnə kimi Təqsirləndirilən şəxs nəzarətdə saxlamışlar. Təhqiqatçı və vəkil gəldikdən sonra polis əməkdaşlarının və vəkilin iştirakı ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs şəxsi axtarışı həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlindəki çantanın içərisindən lentlə bükülmüş qara rəngli 02 ədəd sellofan bağlama aşkar olunmuşdur. Həmin sellofan bağlamaları açarkən onların içərisindən yaşıl rəngli bitki kütlələri aşkar edilərək rəsmiləşdirilmişdir. Təqsirləndirilən şəxs ondan aşkar olunmuş qurudulmuş marixunanı sosial şəbəkədə tanış olduğu Hüseyn adlı şəxs tərəfindən qoyulmasını və həmin yerdən götürüb Bakı şəhərinə aparacağını bildirmişdir. Şahid1 ona verilən sualları cavablandırarkən həmçinin bildirdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında hər hansı münasibət, düşmənçilik və ya ədavət olmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı heç bir psixi və fiziki zor tətbiq edilməmiş, zor tətbiq etmə hədəsi işlədilərək qorxudulmamışdır. Təqsirləndirilən şəxs həmin vaxt hər hansı xəsarət almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş digər polis əməkdaşları Şahid2, Şahid3 və Şahid4 da Şahid1 eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən şəxsi axtarışın keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əlindəki qəhvəyi rəngli parça çantanın içərisində 2 ədəd izolentə bükülmüş qara rəngli sellofan bağlamada 0,625 kq və 0, 725 kq çəkilərdə yaşıl rəngli otaotabənzər kütlələr aşkar edilmişdir. Həmin 2 ədəd bağlama elektron tərəzidə çəkilərək qablaşdırılmışdır. Təqsirləndirilən şəxs həmin çantada narkotik vasitənin olmasından məlumatının olduğunu, həmin yerə yəni Quba-Bakı yolunun 2-ci Nügədi kəndi ərazisindən keçən hissəsində yolun sol kənarında yerləşən yarımtikilinin qarşısına Hüseyn kimi tanıdığı İran vətəndaşının xahişi ilə gəlməsini və dəmir çəlləkdə olan içərisində marixuana olan çantanı götürüb oradan uzaqlaşarkən polis əməkdaşları tərəfindən saxlanmasını bildirmişdir. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə”ni özündə əks etdirən və məhkəmədə tədqiq edilən videogörüntünün əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən yuxarıda protokolda qeyd olunan hallar və şahidlərin ifadələrində qeyd etdikləri xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs götürülmüş ona məxsus “Samsung" markalı, “Galaxy A10s" modelli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, telefona Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə baxış keçirilərkən “GB WhatsApp” ani mesajlaşma mübadilə sistemində onun Hüseyn adlı şəxslə qabaqcadan əlbir olaraq narkotik vasitələrin satışı ilə məşğul olması məzmunda yazışmalar və danışıq səsləri aşkar edilmiş, bu yazışmalar və danışıq səsləri 01 ədəd diskə köçürülərək baxış protokoluna əlavə edilmişdir. Həmin telefon cinayət işi üzrə “sübutların qiymətləndirilməsi haqqında" qərarla maddi sübut hesab edilmiş və təqsirləndirilən şəxsin ərizə yazaraq verdiyi razılıq əsasında yaxın qohumlarından biri kimi anasına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefonla 18 dekabr 2022-ci il tarixdən 18 mart 2023-cü il tarixədək olan müddət ərzində aparılan danışıqlara dair məlumatların köçürüldüyü "xxxx" MMC-dən 8254/23 nömrəli, 06 iyun 2023-cü il tarixli müşayiət məktubu ilə daxil olan 01 ədəd diskə baxış keçirilərkən onun narkotik vasitələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olması məzmunda yazışmalar aşkar edilmişdir. Həmin disk cinayət işi üzrə “sübutların qiymətləndirilməsi haqqında" qərarla maddi sübut hesab edilərək cinayət işinin materiallarında saxlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəməbioloji ekspertizasına dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasına dair 17 mart 2023-cü il tarixli, 7/405 nömrəli ekspert rəyi rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd sellofan bağlamada ayrı-ayrılqda təmiz çəkiləri 620,0 və 720,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi 1340,0 qramdır. Qeyd: Marixuanaların ümumi çəkisi - 1340,0 qram, tədqiqata sərf edildi - 0,1 qram (hər obyektdən 0,05 qram), qalıq - 1339,9 qram. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 09 iyun 2023-cü il tarixli, 3614 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsəhət görülür. Cinayət işinin materialların materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş ümumi 1340.0 qram çəkidə olan və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni ümumi 1339.9 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmaqla Quba rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarında saxlanılır, həmçinin Təqsirləndirilən şəxs şəxsi axtarış və götürülmə aparılması zamanı Azərbaycan Respublikası CPM-nin 246.3-cü maddəsinə uyğun olaraq aparılmış videoçəkilişin yazıldığı 01 ədəd DVD disk və "Bakcell” MMC-dən 8254/23 nömrəli, 06 iyun 2023-cü il tarixli müşayiət məktubu ilə daxil olan 01ədəd disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 21 aprel 2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.1; 69.3 maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 20% dövlət nəfinə tutulmaqla 01 (bir) il 03 (üç) ay 27 (iyirmi yeddi) gün müddətinə islah işləri cəzasına məhkum edilmiş və məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Şəmkir Rayonu İcra Hakimiyyəti başçısının Könüllü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və şəxsiyyət vəsiqələrinin surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağı var. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yanaşı Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, Təqsirləndirilən şəxs internet informasiya ehtiyatlarından istifadə etməklə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə edib saxlamışdır. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirdiyindən məhkəmənin 01 mart 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində CM-nin 234.4.4-cü maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilmiş və o həmin maddə ilə cinayət məsuliyyətindən azad edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşları tərəfindən ona fiziki təzyiq edilməsinə dair verdiyi ifadəsi ilə əlaqədar məhkəmə tərəfindən Quba rayon prokurorluğuna göndərilmiş xx.xx.2023-cü il tarixli qərarın icrası ilə əlaqədar Quba rayon prokurorluğunda aparılmış araşdırmanın nəticəsində qəbul edilmiş və cinayət işinin materiallarına əlavə edilərək məhkəmədə tədqiq edilmiş Quba rayon prokurorunun müavini İİ dərəcəli hüquqşünas İ.İsgəndərov tərəfindən qəbul edilmiş 01 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Quba RPŞ-nin əməkdaşları tərəfindən saxlanılarkən və bundan sonra Quba RPŞ-də aparılan istintaq və prosessual hərəkətlərin gedişində döyülməsi, hədə-qorxu, təzyiq, qəddar, qeyri insani, ləyaqəti alçaldan rəftar və cəzaya, o cümlədən işgəncəyə məruz qalması toplanmış sübutlarla öz təsdiqini tapmamış və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutlan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməl ibtidai istintaq orqanı düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə istinad edərək göstərmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmadığını qeyd edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı və məhkəmədə verdiyi qismən etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri (satış məqsədi ilə bağlı), ekspertizanın rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə deyil, şəxsi istifadə məqsədilə əldə etməsi ilə bağlı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin dəlillərini müdafiə mövqeyinə söykənən subyektiv mülahizə kimi qiymətləndirərək, onun törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən boyun qaçırmaq və məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən halın olmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin (CM-nin 234.4.1 və 234.4.3-cü) sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 17 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Quba Rayon Məhkəməsinin 18 mart 2023-cü il tarixli qərarı ilə barəsində 04 ay müddətində “həbs” növündə qətimkan tədbiri seçilmiş, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 17 mart 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmamasını və təqsirləndirilən şəxsin ərazi narkoloji dispanserində qeydiyyata alınmalı olduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Quba rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalan 1339.9 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 2 ədəd diskin hazırki cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalılıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 17 mart 2023-cü il tarixdən hesablansın. Onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Quba rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan 1339.9 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 02 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-230/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-230/2024
01.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver