Məhkəmə qərarları › İş №1(124)-231/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-231/2022

28.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-231/2022 28.10.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2, xx xxxx 1980-cı ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvələr məhkum olunmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2anında yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs telefon vasitəsi ilə tanış olduğu istintaqa məlum olmayan Həmid adlı İran İslam Respublikasının vətəndaşı ilə cinayət əlaqəsinə girərək, sonuncunun satış məqsədi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli göndərdiyi və bu yolla qanunsuz əldə etdiyi külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin onların arasında əvvəllər yaranmış borcunun sonuncu tərəfindən silinəcəyi müqabilində tapşıracağı yerə çatdırmaqla Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin satışını həyata keçirməkdə vasitəçilik etməsi barədə ümumi razılığa gəlmiş, 01 oktyabr 2021-ci il tarixdə Həmid adlı şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirməyə köməkçilik edərək, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində qoyduğu qara rəngli sellofan bağlamada 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövrüyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısı»na daxil olan 554,202 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövrüyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısı»na daxil olan 32,855 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürüb qanunsuz əldə edərək, əvvəlcədən razılaşdıqları kimi narkotik vasitə heroini və psixotrop maddə metamfetamini hissələrə bölüb ayrı-ayrı yerlərə qoymaqla öz növbəsində birgə satışını təmin etmək üçün öz yaşadığı Abşeron rayonu Xırdalan şəhəri 24-cü məhəllə, bina 1, 27 nömrəli mənzilə gətirməklə daşımış, həmin narkotik vasitə heroinin 545 qram çəkidə olan hissəsini, psixotrop maddə metamfetaminin 24,419 qram çəkidə hissəsini mənzilin qonaq otağındakı divanın sağ küncünün alt hissəsində, narkotik vasitə heroinin 9,202 qram çəkidə olan hissəsini bir bükümdə, psixotrop maddə metamfetaminin 8,436 qram çəkidə hissəsini bir bükümdə əynində olan şalvarın sağ yan cibində saxlamış, 20 oktyabr 2021-ci il tarixdə saat 00:45 radələrində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Laçın rayonu 11 nömrəli tam orta məktəbin yaxınlığında saxlanılaraq DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına aparılmış, orada Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən bir bükümdə 9,202 qram çəkidə qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir bükümdə 8,436 qram çəkidə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetamin, üzərində narkotik maddə heroin izləri olan 1 ədəd elektron tərəzi, 20 oktyabr 2021-ci il tarixdə saat 03:20 radələrində DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı Xırdalan şəhəri 24-cü məhəllə, bina 1, 27 nömrəli mənzilə keçirilmiş baxış zamanı mənzilin qonaq otağındakı divanın altında qara rəngli sellofan bağlamada 545 qram çəkidə qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 24,419 qram çəkidə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetamin və üzərində narkotik maddə heroin izləri olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 4 ildir ki narkotik vasitələrin istifadəçisi olmuşdur. Metamfetamin və heroin istifadə etmiş, heç bir yerdə işləməmişdir. Narkotik vasitəni tanışı olan bir nəfərdən almışdır. Həmin şəxsin “Konum” göndərdiyi yerdən narkotik vasitəni götürəndə 20 oktyabr tarixində, saat 20-21 radələrində Masazır qəsəbəsində saxlanılmış polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları 5- 6 nəfər olmuşlar. Onu ilkin olaraq şöbəyə aparmışlar, daha sonra isə yaşadığı evə gətirmişlər. Evdə uşağın yanında polis əməkdaşları onu döymüşlər. Polis əməkdaşlarının dediklərini etmişdir. Saxlanılarkən üzərində 10 qram heroin və 10 qram metamfetamin olmuşdur. Həmin narkotik vasitələri şəxsi istifadə məqsədi ilə almışdır. Üzərində tərəzi olmamışdır. Mənzilindən 500 qram narkotik aşkar edilməmişdir. Təqsirləndirilən şəxs həmçinin göstərdi ki, polis əməkdaşları evində iki dəfə olmuşlar, 1-ci dəfə olanda çəkiliş olmamışdır. Çəkiliş zamanı bacısı oğlu Elmar da evdə olmuşdur. Həmid adlı İran vətəndaşını tanımamışdır. Onu Masazır qəsəbəsinə Mətin adlı şəxs telefonla danışaraq göndərmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış, ifadəsində göstərmişdir ki, istifadəsində ***-***-**-** nömrəli mobil nömrəsi var, whatsap sosial şəbəkədə isə ***-***-**-** mobil nömrəni istifadə edir. 20 oktyabr 2021-ci il tarixdə saat təxminən 00:45 radələrində Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Laçın rayonu, 11 nömrəli tam orta məktəbin yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövrüyyəsində şübhəli olduğunu bildirirək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərarla tanış edib onu DİN-nin Baş narkotiklərlə mübarizə idarəsinin inzibati binasına dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı üzərinin yoxlanılması üçün tanımadığı Sahibə adında bir qadında dəvət olunmuşdur. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o əynində olan şalvarın sağ yan cibindən 1 (bir) bükümdə heroin kütləsini, 1 (bir) bükümdə metamfetamin kütləsini və 1 ədəd elektron tərəzini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə Sahibə adlı qadın tərəfindən şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibində 1 (bir) ədəd açar, 1 (bir) ədəd «Samsunq» markalı mobil telefon və 90 (doxsan) manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi heroin kütləsi elektron tərəzidə çəkildi və çəkisi 10,60 (on tam yüzdə altmış) qram, metamfetamin kütləsinin çəkisi isə 9,16 (doqquz tam yüzdə on altı) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr və 1 (bir) ədəd elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 7 saylı möhürü ilə möhünlənmiş, üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd «Samsunq» markalı mobil telefon, bu barədə ona izah verildikdən sonra götürülmüş, 1 ədəd açar isə özünə qaytarılmış, həmçinin üzərindən aşkar olunmuş 90 (doxsan) manat pulun narkotik maddələrin satışından əldə olunmuş pul olduğunu bildirdiyi üçün həmin pullar içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. O verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri 01 oktyabr 2021-ci il tarixdə təxminən 2 (iki) aydır ki, facebook sosial şəbəkəsində təsadüfən tanış olub tanıdığı İran İslam Respublikası vətəndaşı olan «Həmid» adlı şəxsin vasitəsi ilə Biləcəri qəsəbəsində əvvəlcədən təyin edilmiş yerdən satış məqsədi və sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, narkotik vasitə olan heroinin qramını 15 (on beş) manatdan, metamfetamin maddəsinin qramını 20 (iyirmi) manatdan satışını həyata keçirdiyini, hazırki vaxta kimi «Həmid» adlı şəxsdən 2 (iki) dəfə narkotik vasitə əldə etdiyini, birinci dəfə 500 (beş yüz) qram, sonuncu dəfə isə 1 (bir) kq narkotik vasitə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağının qarşılığında «Həmid» adlı şəxsin onun olan 8000 (səkkiz min) manat məbləğində borcundan çıxdığını, narkotik aludəçisi olmadığını, əvvəllər məhkum olunmadığını, həmçinin Abşeron rayonu Xırdalan şəhərində yaşadığı mənzildə narkotik maddə olduğunu, həmin mənzildə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və yaşadığı mənzilə getmişdir. Orada ona mənzildə saxladığı narkotik vasitələri təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o mənzilə girişdən sol tərəfdə yerləşən qonaq otağına keçərək orada olan divanın sağ küncünün alt hissəsindən içərisində 1 (bir) bükümdə heroin kütləsi, 1 (bir) bükümdə, metamfetamin kütləsi və 1 ədəd elektron tərəzi olan 1 (bir) ədəd qara rəngli sellofan torbanı təqdim edərək stulun üzərinə qoymuşdur. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş və heroinin çəkisi 558 (beş yüz əlli səkkiz) qram, metamfetaminin çəkisi isə 30 (otuz) qram olmuşdur. Daha sonra həmin kütlələr və 1 ədəd elektron tərəzi içərisi boş olan ağ rəngli, kağız zərfə qoyularaq, qablaşdırılmış, DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş və üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra yaşadığı mənzilin digər hissəsinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövrüyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. O baxış zamanı verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri 01 oktyabr 2021-ci il tarixdə təxminən 2 (iki) aydır ki, tanıdığı İran İslam Respublikası olan «Həmid» adlı şəxsin vasitəsi ilə Bilərəci qəsəbəsində əvvəlcədən təyin edilmiş yerdən satış məqsədi ilə və sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, narkotik vasitə olan heroinin qramını 15 (on beş) manatdan, metamfetamin maddəsinin qramını 20 (iyirmi) manatdan satışını həyata keçirdiyini, hazırki vaxta kimi «Həmid» adlı şəxsdən 2 dəfə narkotik vasitə əldə etdiyini, birinci dəfə 500 (beş yüz) qram, sonuncu dəfə isə 1 (bir) kq narkotik vasitə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağının qarşılığında «Həmid» adlı şəxsin 8000 (səkkiz min) manat məğləğində borcundan çıxdığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. (cild 1, iş vərəqə 88-89) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı tam etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, Şahid1 ifadəsində göstərdi ki, 19 oktyabr 2021-ci il tarixdə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin rəisinə məruzə edildikdən sonra ondan, DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri ilə Abşeron rayonu Masazır qəsəbəsində əməliyyat axtarış tədbirləri keçirmiş və xx.xx.2021-ci il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saat 00:45-də Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Laçın rayon 11 nömrəli tam orta məktəbin yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmişdir. Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparmaqla şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman o əynində olan şalvarın sağ yan cibindən 1 bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni, 1 bükümdə ağ rəngli kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni və 1 ədəd elektron tərəzini təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş əynində olan şalvarın sol yan cibindən 1 ədəd açar, 1 ədəd Samsunq markalı mobil telefon və 90 manat pul pul aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 10,60 qram, psixotrop maddə metamfetaminə bənzər kütlənin çəkisi isə 9,16 qram olmuşdur. Sonra təhqiqatçı tərəfindən aşkar edilmiş kütlələr, 1 ədəd elektron tərəzi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri 01 oktyabr 2021-ci il tarixdə təxminən 2 aydır ki, tanıdığı İran İslam Respublikası vətəndaşı olan «Həmid» adlı şəxsin vasitəsi ilə Biləcəri qəsəbəsində əvvəlcədən təyin edilmiş yerdən satış məqsədi və sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, narkotik vasitə olan heroinin qramını 15 manatdan, psixotrop maddə metamfetaminin qramını 20 manatdan satışını həyata keçirdiyini, hazırki vaxta kimi «Həmid» adlı şəxsdən 2 dəfə narkotik vasitə əldə etdiyini birinci dəfə 500 qram narkotik vasitə əldə etdiyini, sonuncu dəfə 1 kq narkotik vasitə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymasının qarşılığında «Həmid» adlı şəxsin onun sonuncuya 8000 manat borcundan çıxdığını, narkotik vasitə aludəçisi olduğunu, əvvəllər məhkum olunmadığını, həmçinin Abşeron rayonu Xıfrdalan şəhərində yaşadığı mənzildə narkotik maddə olduğunu, həmin mənzildə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Daha sonra 20 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs, müdafiəçisinin, təhqiqatçı Nizami Omarovun, onun, DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına getmişlər. Saat 03:20 radələrində ünvan 3 ünvanındakı mənzilə baxış keçirmişlər Təqsirləndirilən şəxs mənzildə girişdən sol tərəfdə yerləşən qonaq otağına keçərək orada olan divarın sağ küncün alt hissəsində 1 bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütləni və 1 bükümdə ağ rəngli kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni və 1 ədəd elektron tərəzi olan 1 ədəd qara rəngli sellofan torbanı təqdim edərək otaqdakı stulun üzərinə qoymuşdur. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, heroinə bənzər kütlənin çəkisi 558 qram, metamfetaminə bənzər kütlənin çəkisi isə 30 qram olmuşdur. Daha sonra həmin kütlələr və 1 ədəd elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadəsində əməliyyat müvəkkili Şahid1 dediklərini təsdiq etmiş və onunla analoji ifadə vermişdir. Məhkəmə şahid qismində dindirilmişX7 oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun xalasıdır. Xalasının bu işlə məşğul olmasını bilməmişdir. Oktyabr ayının 22-si evdə yatmışdır, xalası qapını bağlayıb getmişdir. Sonra xalası polislərlə gəlmiş, polislərdən biri silahı alnına dayamış və ona nalayiq ifadələr demişdir. Sonra evi axtarmışlar. Xalasını o biri otağa salıb döymüşlər. Sonra 2-ci dəfə polis əməkdaşları videoçəkilişlər evə gəlmişlər. Evdə tərəzi görməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 oktyabr 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib, Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Abşeron rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli qərarı ilə DİNnin BNMİ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən 19 oktyabr 2021-ci il tarixli qərarı qanuna uyğun hesab edilmişdir. (cild 1, vərəqə 149-150) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş «axtarış və götürmə barədə» DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsində xx.xx.2021-ci il tarixdə saat 02:00-də tərtib edilmiş protokoldan görünür ki, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman o əynində olan əynində olan şalvarın sağ yan cibindən bir bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə heroinə bənzər maddəni, bir bükümdə ağ rəngli kristall şəkilli psixotrop maddə metamfetaminə bənzər maddəni və 1 ədəd elektron tərəzini təqdim etmiş və həmin maddə aşkar edilərək götürülmüşdür. (cild 1, iş vərəqə: 31-33) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş «baxış və götürmə barədə» DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsində xx.xx.2021-ci il tarixdə saat 03:20-də tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Xırdalan şəhəri 24-cü məhəllə, bina 1, 27 nömrəli mənzilə keçirilmiş baxış zamanı mənzilin qonaq otağındakı divanın yanında qara rəngli sellofan bağlamada qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə, ağ rəngli kristall şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. (cild 1, iş vərəqə: 36-37) Protokollarda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının məhkəmə-kimyavi ekspertizasına əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2021-ci il tarixli, 6/4655 №li rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, üzərində «.. Təqsirləndirilən şəxs təqdim etdiyi..» sözləri olan 1 nömrəli kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 9,202 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir, bir ədəd bükümdə təmiz çəkisi 8,436 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrin müqayisəli tədqiqat aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Üzərində «… X1 baxış zamanı təqdim etdiyi..» sözləri olan 2 nömrəli kağız paketdəki bir bükümdə təmiz çəkisi 545 qram olan qəhvəyi rəngli maddə kustar usulla hazırlanmış narkotik vasitə-heroindir, bir ədəd bükümdə təmiz çəkisi 24,419 qram olan ağ rəngli kristallik hissələrdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izləri vardır. İz mikrohissəcikləri cuzi miqdarda olduğu üçün onların çəkisini müəyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. 1 və 2 nömrəli kağız paketlərdəki psixotrop maddə metamfetaminlər xarici əlamətlərinə və kimyavi komponent tərkiblərinə görə eynidir və ümumi çəkisi 32,855 qramdır. Metamfetamin 2005-ci il 28 iun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövrüyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövrüyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. (cild 1, iş vərəqə 44-54) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli 2021 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqdidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqdidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 1, iş vərəqə 164-166) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 5251 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görünür. (cild 1, iş vərəqə 167-168) "xxxx" MMC-dən alınmış xx.xx.2021-ci il tarixli 32110/21 nömrəli məktuba əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 21:55 radələrində istifadə etdiyi ***-***-**-** mobil nömrə ilə ***-***-**-** nömrəsi ilə 23 saniyə, 23:56 radələrində ***-***-**-** nömrəsi ilə 701 saniyə danışıq aparmış və Təqsirləndirilən şəxs mobil telefonun 19 oktyabr 2021-ci il tarixdə saat 23:56 radələrində antenn dairəsi Abşeron rayonu Masazır qəsəbəsi ərazisində olmuşdur. "xxxx" MMC-dən alınmış xx.xx.2021-ci il tarixli məktuba əlavə edilmiş disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 176-184) Cinayət işi üzrə Təqsirləndirilən şəxs 20 oktyabr 2021-ci il tarixdə DİN-nin Baş Narkotiklərlə mübarizə idarəsində keçirilən şəxsi axtarış zamanı və yaşadığı evə baxış zamanı götürülmüş 554,202 narkotik vasitə heroin, 32,855 qram psixotrop maddə metamfetamin və 2 ədəd elektron tərəzi maddi sübut kimi qərarla tanınmış, ekspert tədqiqatından sonra qalıq qalmış 554,102 narkotik vasitə heroin, 32,755 qram psixotrop maddə metamfetamin, 2 ədəd elektron tərəzi saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. (cild 1, iş vərəqə 125-127) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqə 116) İş materiallarına əlavə edilmiş Xaçmaz RİHB-nin Xaçmaz İƏD üzrə nümayəndəsi tərəfindən verilən ictimai xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. (cild 1, iş vərəqə 118) Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olmaması, həmin narkotik vasitələri satmaq məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitələrin və psixotrop maddənin külli miqdarda olması, onların miqdarı və növ üzrə qablaşdırılması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə həmçinn müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin bacısı oğlu X3 məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, həmin ifadədə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən evinə 2 dəfə gəlinməsi, polis əməkdaşları tərəfindən döyülməsi təqsirləndirilən şəxsin müdafiəsi məqsədi ilə verilmiş ifadədir. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş tam etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə səhv, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri isə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini bilavasitə törətməsi təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs icraçı sayılır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, Cinayət Məcəlləsinin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Həzrət Xudaverdiyevin qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinin icrasında bilavasitə iştirak etməsi barədə cinayət işinin materiallarında mötəbər sübutlar olmadığından o, köməkçi qismində iştirakçısı hesab edilməli və əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2ci maddəsindən 32.5, 206.2-ci maddəsinə tövsif olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 06 may 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ağır cinayətlər, CM-nin 206.2-ci maddəsi az ağır cinayətlər kateqoriyasına aid edilir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyaları həddində, cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarlarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X6 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli 10 №-li Qərarının 19-cu bəndinə əsasən qaçaqmalçılıq cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 20 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. ( cild 1, iş vərəqə 21-22, 104-109) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 20 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görünür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Abşerin RPİ-də saxlanılan –Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 554,102 narkotik vasitə heroin, 32,755 qram psixotrop maddə metamfetamin, 2 ədəd elektron tərəzi məhv edilməli, 03 ədəd disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 81,82 (səksən bir manat səksən iki qəpik) məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib CM-nin 32.5, 206.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 il (yeddi il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respulikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8 il (səkkiz) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 20 oktyabr 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut Abşerin RPİ-də saxlanılan – ekspertiza tədqiqatından sonra qalıq qalmış 554,102 narkotik vasitə heroin, 32,755 qram psixotrop maddə metamfetamin, 2 ədəd elektron tərəzi məhv edilsin, 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, qeydiyyatda olduğu ərazi üzrə narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar