Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-231/2023 09.08.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Qusar rayonu Əniq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Qusar rayonu Əniq kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 11 iyul 2022-ci il tarixdə saat 11 radələrində yaşadığı evə sərxoş vəziyyətdə gəlib, arvadı Zərərçəkmiş şəxs ilə barışmaq istəyən zaman onun mütəmadi olaraq spirtli içki qəbul etdiyindən arvadı ilə aralarında mübahisə yaranmış, həmin vaxt o, əvvəl oturduğu stulla Zərərçəkmiş şəxsnanın belinə vurmuş, daha sonra isə stolun üstündə olan şəkər qabı ilə Zərərçəkmiş şəxsnanın başına qəsdən bir dəfə vuraraq, sonuncuya “açıq kəllə-beyin travması, baş beynin orta dərəcəli əzilməsi, sağ təpə gicgah nahiyyəsində beyin daxili qansızma və hematomdsı, sağ təpə sümüyünün basılmış çox qəlpəli sınığı, sağ təpə nahiyyəsinin əzilmiş-kəsilmiş yarası” ilə ifadə olunan dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə 11 iyulda olmuşdur, əməlindən çox peşmandır, arvadı ilə dalaşmış, stulu ona atmışdır. Sonra stolun üstündə olan qənd qabını atmış, Ritanın başına dəymiş, başından qan gəlməyə başlamışdır. Rita Vəsiləyə zəng etmiş, amma danışa bilməmişdir. Özü də çölə çıxıb qonşuları köməyə çağırmışdır. İndidə hadisənin necə baş verdiyini bilmir. Bir-iki dəfə mübahisələri olmuşdur. Hadisə vaxtı evdə ikisindən başqa heç kim olmamışdır. Yanlarına birinci Vəsilə gəlmişdir. İbtidai istintaqa verdiyi ifadəni təsdiq etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2005-ci il tarixdə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, münasibətləri həmişə normal olmuş, birlikdə Ritanın Qusar rayonu Əniq kəndində yerləşən fərdi yaşayış evində yaşamış, lakin birgə nigahdan uşaqları olmamışdır. Təxminən 2-3 İl əvvəl Rita ilə onun arasında mübahisələr başlamış, sonuncu onun spirtli içkilərə meyilli olduğu üçün ona dəfələrlə öz iradını bildirmiş, buna görə də həmin vaxt Rita ondan boşanmaq istəsə də, daha sonra onu bağışlayaraq, boşanma fikrindən daşınmışdır. xx.xx.2022-ci il tarixdə Rita onunla və ailə üzvləri ilə birlikdə bacısı Mətanət Süleymanovanamn övladının Bakı şəhərində baş tutan toy məclisində iştirak etmək üçün Bakı şəhərinə getmiş, həmin toy məclisində spirtli içki qəbul edib, sərxoş vəziyyətdə arvadı Rita ilə mübahisə etmişdir. xx.xx.2022-ci il tarixdə Rita atası Saruxanla birlikdə, o isə tək başına kəndə qayıtmışlar. Həmin vaxt Rita onun Bakı şəhərində baş tutan toy məclisində sərxoş vəziyyətdə heç bir əsas olmadan mübahisə etdiyi üçün onu evə buraxmamış, o da həmin gündən küçələrdə qalmışdır. 11 iyul 2022-ci il tarixdə, saat 11 radələrində yaşadığı evə sərxoş vəziyyətdə gəlib arvadı Rita ilə barışmaq istəyən zaman sonuncu onun mütəmadi olaraq spirtli içki qəbul etdiyinə görə irad bidirmiş və aralarında yenidən mübahisə yaranmış, həmin vaxt o, əvvəl oturduğu stulla Ritanın belinə vurmuş, daha sonra isə stolun üstündə olan şəkər qabı ilə Ritanın başına qəsdən bir dəfə vuraraq, sonuncuya xəsarət yetirmişdir. Bundan sonra Rita özünə məxsus mobil telefonla qonşusu Vəsiləyə zəng etmiş, lakin başından aldığı xəsarətdən danışa bilməmiş, sonuncu da narahat olub, dərhal onun evinə getmiş, Rita evində qapının yanında yerdə qan içində və huşsuz vəziyyətdə olduğunu görüb, ondan nə baş verdiyini soruşan zaman, o, Ritanı vurub xəsarət yetirdiyini etiraf etmişdir. Bundan sonra Vəsilə dərhal küçəyə çıxıb qonşuları Möminat və Fəridəni çağırmış, daha sonra isə Ritanın Bakı şəhərində yaşayan bacısı Mətanətə zəng edib baş vermiş hadisə barədə məlumat vermişdir. Təxminən 1 saat sonra Cəmşid idarə etdiyi “Chevrolet Niva” markalı avtomobillə Ritanın yaşadığı ünvana gəlib, qonşuların köməyi ilə sonuncunu avtomobilə mindirib Vəsilə ilə Qusar RMX-na getmək üçün yol çıxmışlar. Bundan sonra o, evə qayıdaraq təkrar spirtli içki qəbul edib, evi pəncərələrini, kompyuteri və digər əşyaları sındıraraq məhv etmişdir. (cild 1. i/v 58-60) Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, əri hər gün içki içib siqaret çəkərək onu bezdirmişdir. Ondan boşanacağını demiş, belə dediyinə görə əri onu vurmuşdur. Əri əvvəl stulla vurmuş, yıxılmış, tərpənə və danışa bilməmişdir. Sonra onu meyvə qabı ilə vurmağından xəbəri olmamışdır. Ülfət telefonu verərərk “axırıncı dəfə kimə istəyirsən zəng elə” demişdir. O, qonşusu Vəsiləyə zəng etmiş, danışa bilməmiş, Vəsilə ona “Rita bu dəqiqə gəlirəm” demişdir. Ülfət qaça-qaça gedib qonşuları çağırmış, sonra onun Bakıda olan bacısına zəng edərək “sənin bacını az qala vurub öldürmüşəm” demişdir. Bacısı da qardaşına zəng edib məlumat vermişdir. Əvvəllər də əri onu döymüş, ancaq bu dərəcə olmamış, yumruqla vurmuşdur. Əri ilə barışmamış, heç onu o biri dünyada da bağışlamayacağını bildirmişdir. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid1 ibtdai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2005-ci il tarixdə bacısı Rita, Ülfətlə ailə həyati qurmuş, münasibətləri həmişə normal olmuş, birlikdə Ritanın Qusar rayonu Əniq kəndində yerləşən fərdi yaşayış evində yaşamışlar, lakin birgə nigahdan uşaqlan olmamışdır. Təxminən 2-3 il əvvəl Ülfət və Rita arasında mübahisələr başlamış, sonuncu Ülfətin spirtli içkilərə meyilli olduğu üçün ona dəfələrlə öz iradını bildirmiş, lakin Ülfət heç bir nəticə çıxarmamış, buna görə də həmin vaxt Rita, əri Ülfətdən boşanmaq istəsə də, daha sonra onu bağışlayaraq, boşanma fikrindən daşınmışdır. xx.xx.2022-ci il tarixdə Rita, əri Ülfət və öz ailə üzvləri ilə birlikdə bacısı Mətanətin övladının Bakı şəhərində baş tutan toy məclisində iştirak etmək üçün Bakı şəhərinə getmiş, həmin toy məclisində Ülfət spirtli içki qəbul edib, sərxoş vəziyyətdə arvadı Rita ilə mübahisə etmişdir. xx.xx.2022-ci il tarixdə Rita atası Saruxanla birlikdə, Ülfət isə tək başına kəndə qayıtmışlar. 11 iyul 2022-ci il tarixdə, saat 11 radələrində Ülfət yaşadığı evə sərxoş vəziyyətdə gəlib, arvadı Rita ilə barışmaq istəyən zaman sonuncu Ülfətin mütəmadi olaraq spirtli içki qəbul etdiyindən aralarında yenidən mübahisə yaranmış, həmin vaxt Ülfət əvvəl oturduğu stulla Ritanın belinə vurmuş, daha sonra isə stolun üstündə olan şəkər qabı ilə Ritanın başına qəsdən bir dəfə vuraraq, sonuncuun sağlamlığına ağır zərər vurmuşdur. Bundan sonra Rita qonşusu Vəsiləyə zəng etmiş, lakin aldığı xəsarətin təsiri altında danışa bilməmiş və sonuncu narahat olaraq dərhal Ritanın yaşadığı ünvana gəlib, onun evində giriş qapısında yanında yerdə qan içində huşsuz vəziyyətdə görüb, əri Ülfətdən nə baş verdiyini soruşan zaman sonuncu Ritanı vurduğunu etiraf etmişdir. Bundan sonra Vəsilə onun Bakı şəhərində yaşayan bacısı Mətanətə zəng edib, hadisə barədə məlumat vermiş, sonuncu isə dərhal ona zəng edib, təcili Ritanın evinə getməsini tapşırmışdır. Bundan sonra o, idarə etdiyi “Chevrolet Niva” markalı avtomobillə Ritanın yaşadığı ünvana gedib, evə daxil olan zaman evin dağınıq vəziyyətdə, bacısı Ritanın isə evində giriş qapısında yanında yerdə qan içində huşsuz vəziyyətdə görüb, qonşuların köməyi ilə sonuncunu avtomobilə mindirib Vəsilə ilə Qusar RMX-na getmək üçün yol çıxmış və yol üstü atası Saruxanı da evdən götürmüşlər. Bundan sonra onlar Ritanı Qusar RMX-na aparmışlar, lakin sonuncunun vəziyyəti çox ağır olduğu üçün onu Qusar şəhərində yerləşən “OKİ” Hospitalına aparıb, orada Ritanı əməliyyat etmişlər.(cild 1, iş vərəqə 100-102). Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid4 ifadəsində göstərmişdir ki, Rita və onun əri Ülfətin uzun müddət ər-arvad kimi birlikdə yaşadıqlarını, münasibətlərin normal olduğunu bilmiş, lakin sonuncunun mütəmadi olaraq spirtli içki içərərk sərxoş vəziyyətdə evə gəlməsi barədə Ritanın dəfələrlə ona danışmışdır. xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində evdə olan zaman Rita ona zəng etmiş, lakin danışa bilməmiş və buna görə də narahat olub dərhal sonuncunun yaşadığı ünvana getmişdir. Həmin vaxt evə daxil olan zaman evin dağınıq vəziyyətdə, gül və şəkər qabların sındırılmış vəziyyətdə yerdə olmasını, həmçinin Ritanın evdə giriş qapısının yanında qan içində huşsuz vəziyyətdə yerdə olduğunu görüb, Ülfətdən nə baş verdiyini soruşan zaman sonuncu mübahisə zamanı Ritanı vurduğunu etiraf etmişdir. Həmin vaxt o, qonşuları Möminat və Fəridənin yanına gedib, köməyə çağırmış, daha sonra isə Ritanın Bakı şəhərində yaşayan bacısı Mətanətə zəng edib, baş vermiş hadisə barədə məlumat vermişdir. Təxminən 1 saat sonra Cəmşid idarə etdiyi “Chevrolet Niva” markalı avtomobillə Ritanın yaşadığı ünvana gəlib, qonşuların köməyi ilə sonuncunu avtomobilə mindirib və onunla Qusar RMX-na getmək üçün yola çıxmış, yol üstü atası Saruxanı da evdən götürmüşlər. Bundan sonra onlar Ritanı Qusar RMX-na aparmış, lakin sonuncunun vəziyyəti çox ağır olduğu üçün onu Qusar şəhərində yerləşən “OKİ” Hospitalına aparıb, orada Ritanı əməliyyat etmişlər, buna baxmayaraq sonuncu hal-hazıra kimi ayağa dura və danışa bilməmişdir. (cild 1, iş vərəqə 91-91). İş üzrə şahidlər Şahid3 və Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadələrindən görünür ki, onlar məhkəmədə ifadəsi elan edilib araşdırılmış Şahid4 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. ( cild1, iş vərəqə 108- 109; 114-115) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 11 iyul 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Qusar rayonu Əniq kəndində yerləşən fərdi yaşayış evidir. (cild 1, iş vərəqə 19-25). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 12 iyul 2022-ci il tarixli, 270 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, vət. Zərərçəkmiş şəxs “açıq kəllə-beyin travması, baş beynin orta dərəcəli əzilməsi, sağ təpə gicgah nahiyyəsində beyin daxili qansızma və hematoması, sağ təpə sümüyünün basılmış çox qəlpəli sınığı, sağ təpə nahiyyəsinin əzilmiş-kəsilmiş yarası” bərk küt əşyanın təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə şəkər qabı ilə yetirilə bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. (cild 1, iş vərəqə 52). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 13 avqust 2022-ci il tarixli 2162 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir xroniki psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işinin materiallarından və' hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövürdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona İttiham olunan əməl barəsində anlaqh hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur və istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir.( cild 1, iş vərəqə 125-127) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 08 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs xəsarət yetirdiyi 01 ədəd stul və 01 ədəd şəkər qabının qırıntıları iş üzrə maddi sübut kimi tanınaraq Qusar RPŞ-nin maddi sübutların saxlanılması otağına saxlanılır. ( cild 1, iş vərəqə 132-139) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda ödənilməmiş məhkulmuğu yoxdur. (cild 1. i/v 104-105) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Qusar rayon İcra Hakimiyyəti başçısının Əniq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış 18 iyul 2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qusar rayonu Əniq kəndində qeydiyyatda olmaqla yaşayır. Kənddə yaşadığı müddət ərzində barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. (cild 1, iş vərəqə 95-99). Təqsirləndirilən şəxs özünü müdafiə etmək məqsədilə hər hansı dəlil gətirməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Qusar rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 12 iyul 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 12 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Qusar RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan maddi sübut kimi tanınmış 01 ədəd stul və 01 ədəd şəkər qabının qırıntıları məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o 05 il (beş il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 12 iyul 2022-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hörkm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınmış Qusar RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan iş üzrə maddi 01 ədəd stul və 01 ədəd şəkər qabının qırıntıları məhv edilsin. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-231/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-231/2023
09.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver