Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-231/2024 19.04.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X3 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X7 qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Xaçmaz rayonu, Qobu-Qıraq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Xaçmaz rayonu, Qobu-Qıraq kəndində qeydiyyatda olmaqla Xaçmaz rayonu, Günəşli qəsəbəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etmə, daşıma və saxlama cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 20,732 qram narkotik vasitə olan heroini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib həmin narkotik vasitənin 10,105 qramını 01 (bir) ədəd bükümdə qablaşdırıb üzərində saxlamaqla daşımış, qalan 10,627 qramını isə 01 (bir) bükümdə qablaşdırıb Xaçmaz rayonu, Günəşli qəsəbəsində yerləşən “Neptun" restoranındakı müvəqqəti yaşadığı otağa daşıyaraq orada saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 14 aprel 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 15:30-da Xaçmaz rayonu, Günəşli qəsəbəsində saxlanılaraq Xaçmaz şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən Xaçmaz Rayon Polis Şöbəsinə gətirilib həmin tarixdə saat 17:40 radələrindən etibarən üzərində şəxsi axtarış keçirilən zaman onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 10,105 qram çəkidə narkotik vasitə heroin 01 (bir) ədəd bükümdə olmaqla əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd siqaret qutusunun içərisindən aşkar edilərək götürülmüşdür. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həmin gün saat 20:00 radələrindən etibarən Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə müvəqqəti yaşadığı Xaçmaz rayonu, Günəşli qəsəbəsində yerləşən "Neptun" restoranındakı otağa baxış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı külli miqdarda 10,627 qram çəkidə narkotik vasitə heroin bir ədəd bükümdə olmaqla otaqda olan çarpayının üzərindəki döşəyin alt hissəsindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, o, əvvəllər narkotik vasitələrdən istifadə etsə də tutulmamışdan xeyli əvvəl artıq narkotikdən istifadə etmirdi. Tutulana qədər balıqçı işləmişdir. Polis əməkdaşları onu 14 aprel 2023-cü ildə tutublar. O tutularkən üzərində narkotik olmamışdır. İttihamda qeyd edilən narkotiki onun üzərinə və yaşadığı otağa polislər qoyublar. Polislər ona zor tətbiq edərək ittihamda qeyd olunan narkotikin ona məxsus olması barədə ifadə alıblar. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, əvvəllər məhkum olunmuşdur, evlidir və rəsmi olaraq heç yerdə işləmir. Fikirlərini dağıtmaq üçün təxminən bir aydır narkotik vasitə heroindən istifadə etməyə başlamış, narkotik vasitəni Xaçmaz şəhərində ayrı-ayrı yerlərdən və ayrı-ayrı şəxslərdən alıb istifadə etmişdir. Həmin şəxslərin anket məlumatlarını və mobil nömrələrini bilmədiyi üçün qeyd edə bilmir. Narkotik vasitə heroini burnuna çəkməklə həftədə 1-2 dəfə istifadə etmiş, çünki həmin maddəyə qarşı bədənində asılılıq yaranmasını istəməmişdir. Təxminən 3-4 gün əvvəl Xəzər dənizinin Xaçmaz rayonu hissəsində gəzməyə getmiş, orada təmizlik işləri aparan zaman siqaret qutularının birinin içərisində 02 ədəd bükümün olduğunu görmüş, bükümlər diqqətini çəkmiş və onları götürüb baxan zaman onların içərisində narkotik vasitə heroin olmasını görmüşdür. Həmin maddəni gələcəkdə istifadə etməsi üçün götürüb üzərində saxlamaq qərarına gəlmiş, həmin vaxt kənarda başqa şəxslərin olmadığından əmin olub bükümlərin olduğu siqaret qutusunu götürüb əynində olan şalvarın sağ yan cibinə qoyub evə getmişdir. Həmin ərəfələrdə ailə üzvləri qaynatasıgilə qonaq getdikləri üçün evdə heç kim olmamış və evə gəlib həmin bükümlərin birinin içərisindən bir qədər istifadə etmişdir. Evdə heç kimin olmadığı üçün bükümün 01 ədədini döşəyinin arasına qoymuş, qalan bükümü isə siqaret qutusunun içərisində olmaqla üzərində saxlamışdır. Üzərində olan bükümdən 3-4 gün ərzində iki dəfə istifadə etmiş, qalan bükümün 01 ədədini siqaret qutusunun içərisində olmaqla üzərində, qalan bükümü isə evində döşəyinin altında saxlamışdır. 14 aprel 2023-cü il tarixdə yaşadığı evdən çıxıb bir qədər hərəkət etmiş, bu zaman bir neçə mülki geyimli şəxslər ona yaxınlaşaraq kim olduğunu soruşmuş və özünü təqdim etmişdir. Bu zaman həmin şəxslər özlərini təqdim edib DİN-in BNMİ-nin əməkdaşları olduqlarını deyərək onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə onlarda məlumat olduğunu deyərək onu Xaçmaz RPŞ-nə dəvət etmişlər. Vəziyyəti bilib onlara etiraz etməmiş və ifşa olduğunu bilib Polis Şöbəsinə gələ biləcəyini demişdir. Polis Şöbəsinə gəldikdən sonra onu təhqiqatçının xidməti iş otağına aparmışlar. Xidməti iş otağında olan zaman təhqiqatçı tərəfindən hüquqlarının müdafiə olunması məqsədi ilə Vəkil Bürosunun vəkillərinin adlarının olduğu siyahı ona təqdim edilmiş, siyahıda olan vəkillərdən istənilən biri tərəfindən hüquqlarının müdafiə edilməsinə etirazı etmədiyini bildirmişdir. Bundan sonra təhqiqatçı vəkil Rauf Nemətovu dəvət etmiş və vəkil gəldikdən sonra təhqiqatçı ondan vəkilə etirazımın olub-olmadığını soruşmuşdur. Bu zaman etirazının olmadığını bildirmiş, bundan sonra video çəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış aparılacağı izah edilmiş, buna etiraz etməmişdir. Bundan sonra təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılmağa başlanılmış, bu zaman təhqiqatçı ilkin olaraq ona üzərində olan əşyalarını təqdim etməyini xahiş etmişdir. Üzərində narkotik vasitə heroin olduğunu bildirib əynində olan şalvarın sağ yan cibindən içərisində heroin olan 01 ədəd siqaret qutusunu təqdim etmiş, üzərinə şəxsi axtarış aparılan zaman mobil telefonu, şəxsiyyət vəsiqəsi, açar və pul aşkar edilmişdir. Sorğu zamanı siqaret qutusunun içərisinə narkotik vasitə heroin olduğunu deyərək, onları tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, yaşadığı evdə də 01 ədəd bükümdə heroin olduğunu və təqdim edə biləcəyini demişdir. Həmin büküm açıldıqda içərisindən narkotik vasitə heroin aşkar edilmiş və büküm qablaşdırılaraq götürülmüşdür. Mobil telefonu, şəxsiyyət vəsiqəsi götürülsə də, pul və açar özünə geri qaytarılmışdır. Daha sonra yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyinə dair ərizə yazmış və şəxsi axtarışda iştirak edən polis əməkdaşları ilə birlikdə yaşadığı ev istiqamətində yola düşmüşlər. Evinin yolunu izah etmiş və yaşadığı evə çatan zaman evin qapısını özündə olan açarla açaraq evin içərisinə daxil olmuşlar. Evin içərisində olan çarpayının üzərindəki yorğanın alt hissəsindən 01 ədəd bükümü təqdim edərək, ilkin izahatını təsdiq etmişdir. Büküm qablaşdırılaraq götürülmüş və onlar birlikdə Polis Şöbəsinə gəlmişlər. Orada videoçəkiliş onunla bərabər digər iştirakçılara da nümayiş etdirilmiş, sonda barədə protokol tərtib olunaraq ucadan oxunmuş, protokol düz yazıldığı üçün digər iştirakçılarla birlikdə imza etmişdir. Təqsirləndirilən şəxs ifadəsi elan olunduqdan sonra təqsirləndirilən şəxs ona verilən sualı cavablandırarkən bildirdi ki, o barəsində həbs qətimkan tədbiri seçilərkən qeyd edilən narkotik vasitələrin ona aid olmamasını hakimə, həmçinin vəkilinə deməmişdir. Barəsində həbs qətimkan tədbiri seçildikdən sonra Bakı İstintaq Təcridxanasına qəbul edilərkən həkim müayinəsindən keçirilmişdir, lakin onda xəsarət aşkar olunmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, 14 aprel 2023-cü il tarixdə Xaçmaz rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Xaçmaz rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və məlumat tərəfindən rəsmiləşdirilmişdir. Təqsirləndirilən şəxs Xaçmaz rayonunda olması barədə əməliyyat məlumatı daxil olduğundan keçiriləcək əməliyyat-axtarış tədbirində Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları Şahid3, Şahid2 və Baş İdarənin Təhqiqat qrupunun təhqiqatçısı Yelmar Vahabovdan ibarət qrup yaradılmışdır. Bundan sonra o və təhqiqatçı Yelmar Vahabov birlikdə Xaçmaz rayonuna yola düşmüş və oraya çatan zaman Xaçmaz Rayon Polis Şöbəsinə getmişlər. Orada təhqiqatçı Polis Şöbəsində qalmış və qrupun üzvləri olan əməliyyat müvəkkilləri ilə birlikdə Təqsirləndirilən şəxs yaxalanması istiqamətində müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirməyə başlamışlar. Bu zaman Təqsirləndirilən şəxs olduğu yer barədə əməliyyat məlumatı daxil olmuş və onlar Xaçmaz rayonu, Günəşli qəsəbəsinə yola düşmüşlər. Həmin gün 15-16 radələrində Xaçmaz rayonu, Günəşli qəsəbəsində yerləşən “Neptun” supermarketin yaxınlığında özünü şübhəli aparan xarici görünüşünə görə Təqsirləndirilən şəxs oxşar şəxsin olması müşahidə etmişlər. Həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını demişlər və ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Ona qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib onlarla birlikdə Xaçmaz RPŞ-nin inzibati binasına gəlməsini təklif etmişlər. Valeh onlarla birlikdə Polis Şöbəsinə gəlmiş, orada Təqsirləndirilən şəxs təhqiqat qrupunun təhqiqatçısı Yelmar Vahabovun xidməti iş otağına aparmışlar. Orada təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edilmiş, o siyahıdan özünə müdafiəçi seçmiş, hamının iştirakı ilə videoçəkilişlə şəxsi axtarışın aparılacağı izah olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb masanın üzərinə qoymasını təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən 01 ədəd siqaret qutusunu, siqaret qutusunun içərisindən isə 01 ədəd bükümü təqdim edərək, bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış və üzərindən mobil telefon, açar, şəxsiyyət vəsiqəsi və pul aşkar edilmişdir. Mobil telefon götürülsə də, digər əşyalar onun özünə geri qaytarılmış, bükümün içərisinə baxış keçirilən zaman narkotik vasitə heroin aşkar edilmiş və büküm qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitəni tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını və həmin narkotik maddədən yaşadığı evdə olduğunu bildirərək, evinə baxış keçirilməsinə etiraz etmədiyini demişdir. Bundan sonra videoçəkiliş dayandırılıb bu barədə protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs ərizə yazaraq yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və onlar birlikdə onun yaşadığı evə getmişlər. Ora çatan zaman Təqsirləndirilən şəxs evin qapısını özündə olan açarla açmış, hamı evə daxil olduqdan sonra videoçəkilişlə təhqiqatçı ondan qanunsuz əşya varsa təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs otaqda olan çarpayının üzərindəki döşəyin alt hissəsindən 01 ədəd bükümü təqdim edərək, bükümün içərisində narkotik vasitə heroin olduğunu demiş, büküm qablaşdırılaraq götürülmüş və Təqsirləndirilən şəxs ilkin izahatını təsdiq etmişdir. Bundan sonra birlikdə Polis Şöbəsinə gəlmişlər və orada baxışın keçirilməsinə dair protokol tərtib olunmaqla ucadan oxunmuş, protokol düzgün yazıldığı üçün hər bir iştirakçı tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs heç bir təsir, təzyiq, zor göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz Rayon Polis Şöbəsinin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 da məhkəmədə dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiklərini təsdiq etmişlər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 14 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 14 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilən zaman tərtib edilmiş evə baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilən zaman narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. 14 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə, həmçinin yaşadığı evə baxış keçirilərkən qeydə alınmış görüntüləri özündə əks etdirən DVD disklər məhkəmə iclasında nümayiş etdirilib baxılarkən də, yuxarıda protokolda qeyd edilənlər və şahidləırin məhkəmə iclasında göstərdiyi xüsusatlar bir daha öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə fiziki-kimyəvi ekspertizasının 15 aprel 2023-cü il tarixli 6/2221 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "... şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə..." və s. yazılar, imzalar olan kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 10,105 qram açıq qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış markotik vasitə heroindir. Üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan təqdim etdiyi..." və s. yazılar, imzalar olan kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 10,627 qram açıq qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 02 ədəd paketdəki ümumi təmiz çəkiləri 20,732 qram olan heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu İlə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı İ) daxildir. 1 №-li oby. Heroinin təmiz çəkisi - 10,105 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 10,005 qram, 2 №-li oby. Heroinin təmiz çəkisi - 10,627 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 10,527 qram. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3820 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş qalıq çəkisi – 20,532 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmaqla DİN-in BMCMl-nin maddi sübutların saxlanılması anbarında saxlanılır, həmçinin Təqsirləndirilən şəxs şəxsi axtarış və götürülmə aparılması zamanı Azərbaycan Respublikası CPM-nin 246.3-cü maddəsinə uyğun olaraq aparılmış videoçəkilişin yazıldığı 02 (iki) ədəd DVD diskin maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş istintaq zamanı narkotik vasitələrin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədilə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqana verilmiş istintaq tapşırığına cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə edib satışı ilə məşğul olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə qanunsuz əldə etdikdən sonra bu kimi maddələri qanunsuz daşıma fəaliyyəti ilə məşğul olmasına və qanunsuz saxlamasına dair əlavə məlumatlar əldə edilmişdir. Lakin cinayətin digər iştirakçılarının şəxsiyyətlərinin, onların yaxın əlaqələrinin müəyyən edilməsi hələlik mümkün olmamışdır. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə istinad edərək göstərmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cü maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən və onun Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri (narkotik vasitənin şəxsin üzərindən aşkar olunması ilə bağlı), ekspertizanın rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə şəxsi axtarış aparılarkən, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni üzərindən və yaşadığı otaqdan aşkar olunan narkotik vasitələrin ona aid olmaması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində “həbs” qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə heç bir söz deməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Məhkəmə, onun cinayət işi üzrə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsini cinayət məsuliyyətindən yaxa qyrtarmaq, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir və onun törətdiyi cinayət əməlinin şahid ifadələri və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapdığını qeyd edir. O, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin (CM-nin 234.4.3) sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 14 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 15 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 14 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, DİN-in BMCMl-nin maddi sübutların saxlanılması anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalan 20,532 qram narkotik vasitə heroin məhv edilməlidir, 2 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 14 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub DİN BMCMİ-də saxlanılan ekspert tədqiqatından sonra qalıq çəkisi 20,532 qram olan narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut olan 02 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-231/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-231/2024
19.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver