Məhkəmə qərarları › İş №1(124)-232/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-232/2024

10.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-232/2024 10.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X5 (sədrlik edən), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X11 qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Qubadlı rayonu, Əliquluuşağı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ında yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma, satma və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Fərhad” adlı şəxslə istifadəsində olan “Samsung Galaxy A01” markalı mobil telefon avadanlığında quraşdırılmış “Whatsapp” proqram təminatından istifadə etməklə əlaqə saxlayıb, əvvəlcədən vəd verməklə onunla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən İran İslam Respublikasının vətəndaşı “Fərhad” adlı şəxsin 17 sentyabr 2022-ci il tarixdə şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda, istintaqa dəqiq məlum olmayan çəkidə psixotrop maddə - metamfetamini və narkotik vasitə - heroini, Bakı şəhəri, Biləcəri qəsəbəsi ərazisində istintaqa dəqiq məlum olmayan yerdə gizlədərək həmin bükümün və yerin fotoşəkillərini Afıq Məmmədovun istifadəsində olan “Samsung Galaxy A01” markalı mobil telefonda quraşdırılmış “Whatsapp” proqram təminatına göndərmiş, sonuncu İran İslam Respublikasının vətəndaşı “Fərhad” adlı şəxsin göndərdiyi külli miqdarda narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə həmin yerdən qanunsuz əldə etmək üçün ona göndərilən ünvana gedərək qeyd olunan çəkidə psixotrop maddə metamfetamin və narkotik vasitə heroini gizlədilmiş yerdən götürmüş, İran İslam Respublikasının vətəndaşı “Fərhad” adlı şəxsin tapşırığı ilə bükümlərə bölüb müxtəlif ünvanlara qoymaqla bu barədə ona məlumat vermiş, özündə qalan külli miqdarda, yəni 6 ədəd bükümdə ümumi təmiz çəkisi 28,595 qram olan psixotrop maddə metamfetamini və şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 2 ədəd bükümdə ümumi təmiz çəkisi 1,121 qram olan narkotik vasitə heroini daşımaqla üzərində saxlamış, 19 sentyabr 2022-ci il tarixdə, saat 21:45 dəqiqədə ünvan 3 ünvanının yaxınlığında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb Sumqayıt ŞPİ-yə gətirildikdən sonra, xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən satış məqsədilə əldə edib daşıyaraq üzərində saxladığı külli miqdarda, yəni 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,464 qram, 0,523 qram, 2,385 qram, 1,374 qram, 19,308 qram, 4,541 qram, ümumi təmiz çəkisi 28,595 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddəmetamfetamin və şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 2 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,365 qram, 0,756 qram, ümumi təmiz çəkisi 1,121 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Dövlət ittihamçısı Nizami oğlu Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə irəli sürülmüş ittihamın müdafiəsindən imtina etdiyinə görə Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə başlanmış cinayət təqibinə 10 may 2024-cü il tarixli qərarla xitam verilmiş və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitə və psixotrop maddə istifadəçisi olmuşdur. Sumqayıt şəhəri, Kotec qəsəbəsində kirayə qaldığı evdə dostları ilə yığışıb həmin maddələrdən istifadə etmişdirlər. 2022-ci il sentyabr ayında 3 nəfər dostu ilə narkotik istifadə etmək üçün həmin kirayə evə getmişdirlər. 10-15 dəqiqə sonra evə polis əməkdaşları basqın etmiş və onların telefonlarına baxmağa başlamışdırlar. Onun telefonunda sadəcə Fərhad adlı şəxsin nömrəsi olmuş, heç bir yazışma olmamış, polis əməkdaşları Fərhadla onun adından yazışmış, o da polis əməkdaşlarına Fərhadın tutulması məqsədilə kömək etmiş, lakin planları baş tutmamışdır. Bundan sonra polis əməkdaşları ona şifahi formada hədə-qorxu gələrək onların dedikləri kimi ifadə verməsini demiş, yoxsa işini çətinləşdirəcəklərini bildirmişdirlər. Şəxsi axtarış zamanı çəkilişdə dediklərini polis əməkdaşları ona əzbərlətdirmişdirlər. 2022-ci ilin iyulun 5-i cəzasının sonu ilə cəzaçəkmə müəssəsəsindən azad edilmiş və indiki ittiham üzrə tutulana qədər Fərhaddan 2 dəfə narkotik vasitə almışdır. Sonuncu dəfə hadisədən 5-6 gün əvvəl Fərhaddan 5 qram narkotik vasitə heroin almış və tutulana qədər ondan istifadə etmişdir. Marixuananı isə başqa yerdən əldə etmişdir. Şəxsi axtarış zamanı üzərindən çıxan metamfetamin onun olmamışdır. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Fərhadın nömrəsini tanışlarından əldə etmişdir. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin iyul ayının əvvəllərində çəzaçəkmə müəssisəsindən azad olunmuşdur. Həmin vaxtdan isə narkotik vasitə istifadəçilərinin “kakos” adlandırdığı narkotik vasitə heroin və arada bir isə “patı” adlandırılan psixotrop maddə-metamfetamin istifadə edir. Həmin narkotikləri yandırıb tüstüsünü nəfəsinə çəkmək yolu ilə qəbul edir. Təxminən 1 ay bundan qabaq adını xatırlamadığı tanışının vasitəsilə İran İslam Respublikası vətəndaşı “Fərhad” adlı şəxslə tanış olmuş və onunla telefon vasitəsilə əlaqə saxlamışlar. O, narkotik vasitə istifadə etdiyinə görə “Fərhad”dan pulla narkotik vasitə də alıb istifadə etmişdir. Belə ki, “Fərhad” ona plastik kart şəkli göndərmiş, o həmin karta pul göndərdikdən sonra “Fərhad” ona narkotikin yerini demiş və gedib götürərək istifadə etmişdir. Sonradan “Fərhad”la telefon vasitəsilə danışarkən ona maddi vəziyyətinin yaxşı olmadığını bildirmiş, “Fərhad” ona onunla birlikdə işləməyini bildirmiş və onunla razılaşmışdır. Razılaşmaları belə olmuşdur ki, o, “Fərhad”ın Azərbaycan Respublikası ərazisində olan narkotik vasitələrini onun dediyi ərazilərə qoyacaq və qarşılığında “Fərhad” ona ya narkotik vasitə ya da pul verəcək. Təxminən 15 gün bundan qabaqdan etibarən “Fərhad”la işləməyə başlamışdır. Belə ki, “Fərhad” əvvəlcə özünə məxsus olan narkotikin Bakı şəhəri, Biləcəri qəsəbəsində gizləşdilmiş yerinin şəklini ona göndərmiş, o isə gedib heroin və metamfetamindən ibarət təxminən 300 qram çəkisi olan narkotikİ götürüb özündə saxlamışdır. Bundan sonra mütəmadi olaraq “Fərhad”la telefonla danışmışlar. “Fərhad” hər dəfəsində ona hansı çəkidə, hansı növ narkotiki hansı ərazi istiqamətində gizlətdiyini bildirmiş, o isə “Fərhad”ın dediyini edib, gizlətdiyi ərazinin şəklini çəkib ona göndərmişdir. Həmin 300 qram narkotikin 250 qramını “Fərhad”ın dediyini yerlərə qoyduqdan sonra qalan 50 qramını razılaşmalarına görə öz istifadəsi üçün götürüb istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə yenidən “Fərhad”la telefonla danışarkən eyni qaydada “Fərhad”ın əvvəlcə ona məxsus olan narkotikin Bakı şəhəri, Biləcəri qəsəbəsində gizləşdilmiş yerinin şəklini ona göndərmiş, o isə gedib heroin və metamfetamindən ibarət təxminən 200 qram çəkisi olan narkotiki götürüb özündə saxlamışdır. Bundan sonra mütəmadi olaraq “Fərhad”la telefonla danışmışlar. “Fərhad” hər dəfəsində ona hansı çəkidə, hansı növ narkotiki hansı ərazi istiqamətində gizlətdiyini bildirmiş, o isə “Fərhad”ın dediyini edib, gizlətdiyi ərazinin şəklini çəkib “Fərhad”a göndərmişdir, 19 sentyabr 2022-ci il tarixdə, saat 21:45 radələrində Sumqayıt şəhəri, Təzə Kotec, 20-ci məhəllə ərazisində piyada hərəkət edərkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Sumqayıt ŞPİ-yə dəvət etmişlər. Sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun üzərinə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra əynində olan göy rəngli şalvarın sağ yan cibindən 2(iki) bükümdə, qəhvəyi rəngli, narkotik vasitə heroin, 6 (altı) bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetamini təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən pul qabı, həmin pul qabının içindən 9(doqquz) manat pul, leobanka məxsus plastik kart və 1 ədəd “Samsung” markalı mobil telefon aşkar olunmuşdur. Daha sonra heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 1 qram olmuşdur. Sonra metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 31 qram olmuşdur. Sonra həmin kütlələr qablaşdırılmış, üzəri imzalanmış və götürülmüşdür. Pul qabı və 9 manat pul ona qaytarılmış, plastik kart və mobil telefonu isə götürülmüşdür. Ona verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik maddələri Bakı şəhəri, Binəqədi rayonu ərazisindən İran İslam Respublikası vətəndaşı “Fərhad” adlı şəxsin vasitəsilə sonuncunun deyəcəyi ünvanlara çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, üzərindən aşkar olunan bank kartından narkotik vasitələrin dövriyyəsi ilə bağlı pulları əldə etmək üçün istifadə etdiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, ***-***-**-** mobil nömrəsini işlətdiyini, polis əməkdaşları tərəfindən ona zor tətbiq olunmadığını, başqa hardasa narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, doğru və səmimi cavablar verdiyini bildirmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılarkən, ŞPİyə gətirilərkən və ŞPİ-də olarkən ona qarşı hər hansı formada fiziki qüvvə tətbiq edilməmiş, təzyiq göstərilməmiş və hədə qorxu gəlinməmişdir. Onun üzərindən aşkar olunmuş leobanka məxsus olan 4098 5844 6789 2335 nömrəli plastik kart ona məxsusdur, onun içərisində özünə məxsus pullar var, həmin kartdan narkotik vasitələrin dövriyyəsi ilə bağlı pulları əldə etmək üçün istifadə etməmiş, lakin həmin kartın kodunu İran İslam Respublikası vətəndaşı “Fərhad”a göndərəcəkdi ki, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə onun dediyi yerdən götürdüyü 200 qram çəkisi olan narkotiki onun dediyi yerlərə qoyub qurtardıqdan sonra ona pul göndərsin. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq qeyd edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi ifadəsini müdafiə edərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib Sumqayıt şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupunun rəhbəri Şahid1 və o, 19 sentyabr 2022-ci il tarixdə, saat 21 radələrində Afıq Məmmədovu ünvan 4 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlamışdırlar. Onlar Afıq Məmmədova polis əməkdaşları olduqlarını, onun qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib Sumqayıt şəhəri ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğundan saxlanıldığını bildirib üzərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-yə dəvət etmişlər. Afıq Məmmədov onlara etiraz etmədən onlarla birlikdə ŞPİ-yə gəlmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik maddə olubolmaması sual olunan zaman Afıq Məmmədov özü əynində olan şalvarın cibindən bir ədəd büküm çıxarıb təqdim edib bükümün içərisində “şüşə” və “kakos” olduğunu bildirmişdir. Həmin büküm açıldıqda içərisindən 2 ədədi qəhvəyi rəngli, narkotik vasitəheroinə bənzər maddə kütlələri olmaqla, 6 ədədi isə ağ rəngli, psixotrop maddəmetamfetaminə bənzər maddə kütlələri olmaqla, ümumilikdə 8 ədəd büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs qəhvəyi rəngli bükümlərin içərisindəkinin “kakos”, ağ rəngli bükümlərinin içərisindəkinin isə. “şüşə” olduğunu bildirmişdir, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, əynində olan şalvarın cibindən bir ədəd qara rəngli mobil telefon, 1 ədəd pul qabı, həmin pul qabının içərisindən isə bir ədəd qara rəngli plastik bank kartı və 9 manat pul aşkar edilmişdir. Aşkar edilmiş bükümlər elektron tərəzidə çəkildikdə 2 ədəd qəhvəyi rəngli bükümlərin ümumi çəkisinin 1 qram, 6 ədəd ağ rəngli bükümlərin ümumi çəkisinin isə 31 qram olduğu müəyyən edilmişdir. Həmin bükümlər zərfdə qablaşdırılaraq götürülmüşdür. Həmçinin, aşkar edilmiş mobil telefon və plastik bank kartı götürülmüş, 9 manat pul və pul qabı Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Afıq Məmmədova ünvanlanan suallara cavab olaraq aşkar edilmiş bükümləri adını bilmədiyi köhnə tanışının vasitəsilə 1 aydır tanıdığı “Fərhad” adlı İran vətəndaşından 2 gün əvvəl əldə etdiyini, belə ki, həmin narkotik vasitələri “atıldığı” Binəqədi rayonundan götürdüyünü, pul müqabilində İran vətəndaşının dediyi yerlərə qoyduğunu, özünün istifadə etmədiyini, 15 gündür bu işlə məşğul olduğunu, bu müddət ərzində 2 dəfə İran vətəndaşından narkotik vasitə götürdüyünü və deyilən yerlərə qoyduğunu, əvəzində pul almadığını, lakin üzərindən aşkar olunan bank kartına gələcəkdə göndəriləcəyini, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, valideynlərinin, yaxın qohumlarının bu işlə məşğul olmasından məlumatlarının olmadığını, aşkar olunan mobil telefonun üzərində nömrə ilə İran vətəndaşı ilə telefon vasitəsilə danışdıqlarını bildirmişdir. Məhkəmədə Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və onun Şahid2 məhkəmədə verdiyi ifadə ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini qismən təsdiq edərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla heç bir ədavət və düşmənçiliyi yoxdur. Özü narkotik vasitə istifadəçisidir və əvvəllər də buna görə məhkum olunmuşdur. Afiq onların evində kirayədə qalmışdır, onu 2 ilə yaxındır tanıyır. Heç vaxt Afiqlə birlikdə narkotik vasitə istifadə etməmiş və ondan narkotik vasitə almamışdır. Afiqin narkotik vasitə istifadəçisi olduğunu bilməmişdir. İbtadai istintaq zamanı verdiyi ifadəsində qeyd olunanları sonradan oxumamış, orda nə yazıldığını bilməmişdir. Ona görə də həmin ifadəsini tam təsdiq etmir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanın həyətyanı sahəsində anası Şahid3 əlavə olaraq kiçik ölçülü, 5 otaqlı ev tikdirmiş, həmin 5 ədəd otağı ayrı-ayrılıqda aylıq 80 manata kirayə verib dolanır. O, narkotik vasitə istifadəçisidir, bununla bağlı Sumqayıt narkoloji dispanserində qeydiyyatdadır, həmçinin, əvvəllər üzərimdən narkotik vasitə aşkar olunduğuna görə məhkum olunmuşdur. Təqsirləndirilən şəxs təxminən 2022-ci ilin yay aylarından tanıyır, onunla heç bir düşmənçilik ədavətləri yoxdur. Afıq Məmmədov bir neçə dəfə anası Şahid3 kirayə verdiyi evə gəlib qalmış, beləcə onunla münasibətləri yaranmışdır. Afıq Məmmədovla aralarında olan söhbət zamanı onun narkotik vasitələrin satışı ilə məşğul olmasını bilmişdir. O, narkotik vasitə istifadəçisi olduğuna görə Təqsirləndirilən şəxs 2-3 dəfə pulla “kakos” adlandırdıqları narkotik vasitə-heroin alıb istifadə etmişdir. 19 sentyabr 2022-ci il tarixdə, saat 21:30 radələrində Afıq Məmmədov onların yaşadıqları ünvana gəlmişdir. Həmin vaxtlar onun ağrıları olduğuna görə Təqsirləndirilən şəxs ona istifadə etmək üçün “heroin” pay vermişdir. Eyni tarixdə, saat 21:45 radələrində Təqsirləndirilən şəxs yaşadıqları evin həyətyanı sahəsini tərk edərək çıxıb getmiş, sonra küçədən səs-küy gəldiyini eşidib anası Şahid3 və o küçəyə çıxdıqda mülki geyimli şəxslərin Afıq Məmmədovu tutduqlarını və onu avtomobilə əyləşdirib apardıqlarını görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla heç bir ədavət və düşmənçiliyi yoxdur. Onu yaxşı insan kimi tanımışdır. Onun narkotik vasitə istifadəçisi olduğunu bilməmişdir. Evinin 2-ci mərtəbəsində olanda oğlu zəng edərək polis əməkdaşlarının Afiqi tutub apardığını demiş, həyətə çıxdıqda 4 nəfər polis əməkdaşının Afiqi tutub apardıqlarını görmüşdür. Oğlu Rəfailin əvvəllər məhkumluğu olmuşdur. Afiqin Rəfaillə birlikdə narkotik vasitə istifadə etdiyini, Afiqin Rəfailə narkotik vasitə satdığını görməmişdir. İbtidai istintaq zamanı ifadə verərkən ona heç bir təzyiq göstərilməmişdir. Həmin ifadəsini özü deyil, müstəntiq ona oxumuş, o isə yazılanları təsdiq edərək ifadəsini imzalamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanın həyətyanı sahəsində əlavə olaraq kiçik ölçülü, 5 otaqlı ev tikdirmişdir. Həmin 5 ədəd otağı ayrı-ayrılıqda aylıq 80 manata kirayə verib dolanır. Məmmədov Afıq Murtuza oğlunu təxminən 10 ildir ki, tanıyır, onunla heç bir düşmənçilik ədavətləri yoxdur. Təqsirləndirilən şəxs əvvəllər onun evində qalmış, adını xatırlamadığı şəxsin yanına qonaq kimi gəlibgetmiş və həmin vaxtdan onu tanımış və Afıq Məmmədovun narkotik vasitə istifadəçisi olduğunu bilmişdir. Həmçinin, onun narkotik vasitə istifadəçisi olan oğlu Şahid4 bir neçə dəfə istifadə etməsi üçün narkotik vasitə vermişdir. Oğlu Şahid4 da narkotik vasitə istifadə etdiyinə görə 3 dəfə məhkum olunmuşdur. 19 sentyabr 2022-ci il tarixdə, saat 21:30 radələrində Afıq Məmmədov onun yaşadığı ünvana gəlmiş, Afıq Məmmədov Şahid4 narkotik vasitə verdikdən sonra yaşadığı evin həyətyanı sahəsini tərk edərək çıxıb getmişdir. Sonra küçədən səs-küy gəldiyini eşidib küçəyə çıxdıqda mülki geyimli şəxslərin Təqsirləndirilən şəxs tutduqlarını və onu avtomobilə əyləşdirib apardıqlarını görmüşdür. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun Baş Təhqiqatçısı, polis kapitanı X8, BNMİ-nin əməliyyat müvəkkili Şahid2, saxlanılan şəxs Təqsirləndirilən şəxs və Mərkəz Vəkil Bürosunun vəkili X4 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən ona saxlanılmasının səbəbi izah edilmiş, Afıq Məmmədova üzərində hər hansı bir narkotik maddə olub-olmaması sual olunan zaman Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd büküm çıxarıb təqdim edib bükümün içərisində “şüşə” və “kakos” olduğunu bildirir. Həmin büküm açıldıqda içərisindən 2 ədədi qəhvəyi rəngli, narkotik vasitə-heroinə bənzər maddə kütlələri olmaqla, 6 ədədi isə ağ rəngli, psixotrop maddə- metamfetaminə bənzər maddə kütlələri olmaqla, ümumilikdə 8 ədəd büküm aşkar edilir. Təqsirləndirilən şəxs qəhvəyi rəngli bükümlərin içərisindəkinin “kakos”, ağ rəngli bükümlərinin içərisindəkinin isə “şüşə” olduğunu bildirir. Afıq Məmmədovun üzərinə şəxsi axtarış keçirilir, əynində olan şalvarın sol yan cibindən bir ədəd qara rəngli mobil telefon, 1 ədəd pul qabı, həmin pul qabının içərisindən isə bir ədəd qara rəngli plastik bank kartı və 9 manat pul aşkar edilir. Aşkar edilmiş bükümlər elektron tərəzidə çəkildikdə 2 ədəd qəhvəyi rəngli bükümlərin ümumi çəkisinin 1 qram, 6 ədəd ağ rəngli bükümlərin ümumi çəkisinin isə 31 qram olduğu müəyyən edilir. Həmin bükümlər 1 ədəd zərfdə qablaşdırılaraq götürülür. Həmçinin, aşkar edilmiş mobil telefon və plastik bank kartı götürülür, 9 manat pul və pul qabı Təqsirləndirilən şəxs özünə geri qaytarılır. Təqsirləndirilən şəxs ünvanlanan suallara cavab olaraq aşkar edilmiş bükümləri adını bilmədiyi köhnə tanışının vasitəsilə 1 aydır tanıdığı “Fərhad” adlı İran vətəndaşından 2 gün əvvəl əldə etdiyini, belə ki, həmin narkotik vasitələri “atıldığı” Binəqədi rayonundan götürdüyünü, pul müqabilində İran vətəndaşının dediyi yerlərə qoyduğunu, özünün istifadə etmədiyini, 15 gündür bu işlə məşğul olduğunu, bu müddət ərzində 2 dəfə İran vətəndaşından narkotik vasitə götürdüyünü və deyilən yerlərə qoyduğunu, əvəzində pul almadığını, lakin üzərindən aşkar olunan bank kartına gələcəkdə göndəriləcəyini, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, valideynlərinin, yaxın qohumlarının bu işlə məşğul olmasından məlumatlarının olmadığını, aşkar olunan mobil telefonun üzərində ***- ***-**-** nömrəsinin olduğunu, İran vətəndaşı ilə telefon vasitəsilə danışdıqlarını bildirir. Cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən və məhkəmədə tədqiq edilən videogörüntünün əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən yuxarıdakı protokolda qeyd olunan hallar və şahidlər polis əməkdaşlarının ifadələrində qeyd etdikləri xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş üzləşdirmə aparılması haqqında protokollardan görünür ki, şahidlər Şahid3 və Şahid4 Təqsirləndirilən şəxs ilə üzləşdirilmiş, üzləşdirmə zamanı Şahid3, Şahid4 ibtidai istintaqda verdikləri ifadələri bir daha təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı deyerək Təqsirləndirilən şəxs ifşa etmişlər. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd diskə baxış keçirərkən müəyyən edilmişdir ki, diskin yaddaşında 04 ədəd fayl vardır. Həmin fayllara ardıcıl olaraq baxış keçirdikdə "xxxx" mobil operatoruna məxsus “55 286 77 60” mobil nömrəsi ilə digər mobil operatorlara məxsus mobil nömrələrin sahibləri arasında mütamadi olaraq telefon danışıqları həyata keçirildiyi və “SMS” mətnləri göndərildiyi, həmçinin Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 21:45-də Sumqayıt şəhəri, Təzə Kotec, 20-ci məhəllə (Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Məmmədyarov küçəsi 5) ərazisində olduğu müəyyən olunmuşdur. Məhkəmə SMS mətnlərin məzmununda nalayiq ifadələr olduğunu nəzərə alaraq onların hazırkı hökmə yazılmasını məqsədə müvafiq hesab etməsə də, həmin SMS mətnlərdə narkotik vasitə və psixotrop maddənin satışına dəlalət edən yazışmaların olduğunu xüsusilə vurğulayır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “mobil telefona baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus mobil telefon “Samsung Galaxy A01” markalıdır, üzərində ***-***-**-** nömrəsi vardır. Baxış zamanı mobil telefonda olan “Whatsapp” proqramına daxil olduqda “zənglər” bölməsində İran İslam Respublikasının beynəlxalq telefon kodu(+98) ilə başlayan “+98 914 242 0827” mobil nömrə ilə telefon danışıqlarının olduğu görünür. Daha sonra “söhbətlər” bölməsinə daxil olduqda həmin nömrə ilə narkotik vasitələrin dövriyyəsi ilə bağlı qarşılıqlı olaraq yazışmaların, səsli mesajların və fotoşəkillərin göndərilməsi müəyyən olunur. Belə ki, “+98 914 242 0827” nömrə ilə olan yazışmalara, səsli mesajlara və fotoşəkillərə baxış zamanı müəyyən olunur ki, həmin nömrənin istifadəçisi ilə Təqsirləndirilən şəxs öz aralarında birbirilərini başa düşəcək şifrəli sözlərlə danışır. Həmçinin, “+98 914 242 0827” nömrəsinin sahibi Təqsirləndirilən şəxs narkotik vasitənin miqdarını və növünü deyərək onu “atmasını” bildirir. Təqsirləndirilən şəxs isə həmin şəxsin dediyini edərək narkotik vasitənin gizlədilmiş yerinin şəklini, xəritə proqramı vasitəsilə yerləşdiyi yeri “+98 914 242 0827” nömrəsinə göndərib mesajla gizlədilmiş yeri izah edir. Odur ki, Təqsirləndirilən şəxs götürülmüş “Samsung Galaxy A01 ” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, işə əlavə edilmiş disk prosessorun disk yuvacığında yerləşdirildikdən sonra kompüterin pəncərəsində görsənən “Kart - 2335” adlı “Excel” formatında olan fayla daxil olundu. **********892335 nömrəli “Leobank” hesabı X6 məxsusdur. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində “eManat” və “MilliÖn” terminalları vasitəsilə həmin hesaba hissə-hissə olmaqla ümumilikdə 1699 manat pul göndərilmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində həmin hesaba digər bank hesablarından hissə-hissə olmaqla ümumilikdə 520 manat pul göndərilmişdir, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində İnternet vasitəsdə həmin hesaba hissə-hissə olmaqla ümumilikdə 145 manat pul göndərilmişdir. Baxışda iştirak edən təqsirləndirilən şəxs Məmmədov Afıq Murtuza oğlu şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş "xxxx" KB ASC-yə məxsus **********892335 nömrəli “Leobank” plastik kartının tanışı X6 məxsus olduğunu, həmin bank kartını 2022-ci il avqust ayının sonlarında istifadə etmək üçün Sabir Qəribovdan aldığını, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ona göndərilən pul vəsaitlərinin tanışlarından aldığı borc pulların olduğunu, narkotik vasitələrin dövriyyəsi üə bağlı olmadığını bildirdi. Odur ki, "xxxx" KB ASC-dən daxil olmuş 01 (bir) ədəd disk və **********892335 nömrəli “Leobank” plastik kartı cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəməkimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/5344 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki iki ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,365 qram, 0,756 qram, ümumi təmiz çəkisi 1,121 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə-heroindir, 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,464 qram, 0,523 qram, 2,385 qram, 1,374 qram, 19,308 qram, 4,541 qram, ümumi təmiz çəkisi 28,595 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə-metamfetamindir. Qeyd: Heroinin ümumi təmiz çəkisi - 1,121 qram, tədqiqata sərf edildi - 0,100 qram, qalıq-1,021 qram; metamfetaminin ümumi təmiz çəkisi - 28,595 qram, tədqiqata sərf edildi - 0,120 qalıq- 28,475 qram. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli tarixli, 5588 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş (iki) ədəd bükümdəki ümumi təmiz çəkisi 1,121 qram olan narkotik vasitə-heroindən tədqiqatdan sonra qalıq qalmış 1,021 qram heroin və 6(altı) ədəd bükümdə ümumi təmiz çəkisi 28,595 qram olan psixotrop maddə-metamfetamindən tədqiqatdan sonra qalıq qalmış 28,475 qram metamfetaminin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır. Şəxsi axtarış zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məmmədov Afıq Murtuza oğlundan götürülmüş “Samsung Galaxy A01” markalı mobil telefon maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. "xxxx" KB ASC-dən və "xxxx" MMC-dən daxil olmuş 02 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs götürülmüş **********892335 nömrəli “Leobank” plastik kartı maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 194.1, 234,1, 66.2, 69.3-cü maddələrinə əsasən 01 il 04 ay 18 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1, 67.1, 93.1,2-ci maddələrinə əsasən 01 il 02 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci ildə cəza müddəti başa çatmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarına əsasən cəzası 06 ay azaldılaraq üzərində qəti olaraq 01 il 06 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs hazırda ittiham olunduğu cinayət əməlini törədərkən məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resdivini yaradır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir və onun əməli cinayətin residivini yaradır. Belə ki, Təqsirləndirilən şəxs cəzasının sonu ilə azad edildikdən sonra qanunla müəyyən olunmuş 2 il müddət keçmədən, yəni 19 sentybar 2022-ci ildə hazırkı cinayəti törətmişdir. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəlki hökmlə təyin olunmuş cəzasını çəkib qurtardıqdan sonra 2 il keçmədən hazırki cinayəti törətmişdir. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yanaşı Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, Təqsirləndirilən şəxs internet informasiya ehtiyatlarından istifadə etməklə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə edib saxlamışdır. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirdiyindən məhkəmənin 10 may 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində CM-nin 234.4.4-cü maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilmiş və o həmin maddə ilə cinayət məsuliyyətindən azad edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşları tərəfindən ona təzyiq edilməsinə dair verdiyi ifadəsi ilə əlaqədar məhkəmə tərəfindən Sumqayıt rayon prokurorluğuna göndərilmiş xx.xx.2023-cü il tarixli qərarın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən və həmçinin aparılan istintaq və prosessual hərəkətlərin gedişində döyülməsi, hədə-qorxu, təzyiq, qəddar, qeyri insani, ləyaqəti alçaldan rəftar və cəzaya, o cümlədən işgəncəyə məruz qalması toplanmış sübutlarla öz təsdiqini tapmamış və cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutlan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməl ibtidai istintaq orqanı düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə istinad edərək göstərmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olmadığını və əməlində cinayətin residivinin olmasını CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal olduğunu qeyd edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı və məhkəmədə verdiyi qismən etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri (satış məqsədi ilə bağlı), ekspertizanın rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Məhkəmədə dindirilmiş şahidlər Şahid3 və Şahid4 ifadələrinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs onların evində kirayədə qaldığından və bu müddət ərzində onların qonşu kimi münasibətləri yarandığından həmin şahidlərin məhkəmədə təqsirləndirilən şəxsin xeyrinə ifadə vermələri, onu müdafiə etmələri anlaşılandır. Belə olan halda məhkəmə onların məhkəmədə verdikləri ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, şahidlər Şahid3 və Şahid4 ibtidai istintaq zamanı verdikləri ifadələri sübut kimi qəbul edilərək ittihamın əsasına qoyulmalı, məhkəmədə verdikləri ifadələri isə iş materiallarında mövcud olan digər sübutlarla ziddiyət təşkil etdiyindən sübut hesab edilməməlidir. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə deyil, şəxsi istifadə məqsədilə əldə etməsi ilə bağlı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, onun öz ifadəsində də qeyd etdiyi kimi dostları ilə birlikdə müxtəlif narkotik vasitə və psixotrop maddələr istifadə etməsi, Fərhad adlı şəxslə telefon danışıqlarının olması, kirayə qaldığı evin sahibinin və onun oğlunun ibtidai istintaq zamanı verdikləri ifadələri, üzləşdirmə aparılması haqqında protokollar, telefonundan aşkar edilmiş SMS mətnlər göstərir ki, təqsirləndirilən şəxsin söylədikləri müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsidir və məqsədi törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən boyun qaçırmaq və məsuliyyətini yüngülləşdirməkdən ibarətdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən halların olmamasını, həmçinin cəzanı ağırlaşdıran halın olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin (CM-nin 234.4.1 və 234.4.3-cü) sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 19 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətində “həbs” növündə qətimkan tədbiri seçilmiş, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacını olduğunu və onun ərazi narkoloji dispanserində qeydiyyata alınmalı olduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Sumqayıt ŞPİ-də saxlanılan ekspert tədqiqatından sonra qalıq çəkisi 1,021 qram olan narkotik vasitə heroin və ekspert tədqiqatından sonra qalıq çəkisi 28,475 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut olub iş materiallarında saxlanılan Məmmədov Afıq Murtuza oğluna məxsus 01 ədəd telefon və **********892335 nömrəli “Leobank” plastik kartı onun yaxın qohumlarından birinə qaytarılmalı və 03 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 19 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan ekspert tədqiqatından sonra qalıq çəkisi 1,021 qram olan narkotik vasitə heroin və ekspert tədqiqatından sonra qalıq çəkisi 28,475 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olub iş materiallarında saxlanılan Məmmədov Afıq Murtuza oğluna məxsus 01 ədəd telefon və **********892335 nömrəli “Leobank” plastik kartı onun yaxın qohumlarından birinə qaytarılsın. İş üzrə maddi sübut olan 03 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxsdən 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxsə isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar