Məhkəmə qərarları › İş №1(124)-233/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(124)-233/2024

15.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-233/2024 15.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (cinayət işinin aidiyyəti üzrə göndərilməsi barədə) Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri X5 (sədrlik edən), X4 və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər –Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 Füzuli qızı, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 221.3, 228.4, 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 181.3.3 və 318.1-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 181.3.3 və 228.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 4 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: 05 iyul 2023-cü il tarixdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 221.3, 228.4, 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 181.3.3 və 318.1-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 181.3.3 və 228.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi daxil olmuş və 21 avqust 2023-cü il tarixdə iş üzrə məhkəmənin hazırlıq iclası keçirilərək Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 127.2.3, 221.3, 228.4, 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 181.3.3 və 318.1-ci maddələri, Təqsirləndirilən şəxs2 isə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 181.3.3 və 228.4-cü maddələri ilə məhkəməyə verilməsi və iş üzrə məhkəmə baxışının təyin olunması qərara alınmışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, hazırki cinayət işinin məhkəmə aidiyyəti Bakı Ağır Cinayətlər Məhkəməsinə aiddir. Bekı ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 qarşı Cinayət Məcəlləsinin 127.2.3, 221.3, 228.4, 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 181.3.3 və 318.1ci maddələri, Təqsirləndirilən şəxs2 isə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 181.3.3 və 228.4-cü maddələri ilə ittiham irəli sürülmüşdür ona görə ki, Təqsirləndirilən şəxs1 19 oktyabr 2021 -ci il tarixdə saat 19 radələrində ünvan 1 ünvanında yerləşən binanın qarşısında ümumi tanışları olan X3 qarşı quya nalayiq ifadələr işlətməsini bəhanə edərək tanışı Zərərçəkmiş şəxs2 münaqişəyə cəlb edib onunla sözlü mübahisə edərək, bu zaman özünün şəxsiyyətini başqalarının şəxsiyyətinin fövqündə qoyub cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını kobud surətdə pozmaqla, bu qaydalara açıqca etinasızlıq göstərərək, ətrafın sıx yaşayış sahəsi olub çoxsaylı insanların yaşamasına, hərəkətləri ilə onların rahatlığını və istirahətini pozacağını əvvəlcədən dərk edib, buna məhəl qoymadan aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs2 və sonuncu ilə birgə olan Zərərçəkmiş şəxs3 onu guya təhqir etmələrini bəhanə gətirib xuliqanlıq niyyətilə əlində olan silah qismində istifadə etdiyi istintaqla müəyyən edilməsi mümkün olmayan əşya-beşbarmaqla hər iki şəxsin bədən nahiyələrinə bir neçə zərbə vuraraq Zərərçəkmiş şəxs2 sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid "sol əlin 4-cü barmağının dırnaq falanqasının əsasının yerdəyişmiş sınığı, sol qulaq seyvanının qançırı, sol əlin təpə nahiyəsinin əzilmiş-cırılmış yarası” kimi xəsarətlər yetirməklə xuliqanlıq niyyətilə onun sağlamlığına qəsdən az ağır zərər vurmuş, Zərərçəkmiş şəxs3 isə sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən "alının sıyrığı” xəsarətini yetirməklə eyni zamanda ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində silah qismində əşyadan istifadə etməklə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 əvvəllər törətdiyi cinayət əməllərinə görə saxlanıldığı istintaq təcridxanasında tanış olduğu dostu Təqsirləndirilən şəxs2 ilə özünün tanışı Zərərçəkmiş şəxs1 tamah məqsədilə qəsdən öldürüb sonradan sonuncunun güman etdiklərinə görə evində olan 40.000 (qırx min) manat pulunu ələ keçirmək barədə birgə razılığa gəlib cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah, habelə quldurluq niyyəti ilə, 09 yanvar 2022-ci il tarixdə saat 23:30 radələrində etibarnamə əsasında idarə etdiyi babası Şahid2 məxsus “Nissan Xtrail” markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs2la birlikdə Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən Zərərçəkmiş şəxs1 ofisiant işlədiyi “Prestije” çay evinin qarşısına getmiş, cinayətin aləti kimi istifadə etmək üçün yaşadığı evdən özü ilə gətirdiyi qanunsuz əldə edərək gəzdirdiyi üç ədəd bıçaqdan birini - dəstəyi qara rəngli metal korpusdan, tiyəsi gümüşü rəngli metaldan olmaqla ümumi uzunluğu 220 mm olan, zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik, soyuq silah hesab edilən, ümumi təyinatlı ov bıçağını Təqsirləndirilən şəxs2 verib birgə planlaşdırdıqları cinayət əməlini əlverişli şəraitdə törətmək üçün Təqsirləndirilən şəxs2 avtomobildə əyləşdiyi yerdən, yəni qabaq oturacaqdan sağ arxa oturacağa keçməsini tapşırmış və təxminən - saat 23:40 radələrində Zərərçəkmiş şəxs1 işdən çıxdıqdan sonra avtomobili kafenin qarşısına sürüb sağ ön qapını açıb evə aparmaq adı ilə avtomobilə əyləşməyə dəvət edib mindirərək oradan uzaqlaşmışlar. Bundan sonra Təqsirləndirilən şəxs1 avtomobilin sükanı arxasında, Təqsirləndirilən şəxs2 avtomobilin arxa, Zərərçəkmiş şəxs1 isə qabaq sərnişin oturacağında əyləşib yanvar ayının 9-dan 10-na keçən gecə saat 00:00 radələrində Bakı şəhəri Nizami rayonunda yerləşən “8-ci kilometr” adlanan ərazidə hərəkətdə olduqları vaxt, o, Təqsirləndirilən şəxs2la birgə planlaşdırdıqları cinayət əməlini həyata keçirmək üçün avtomobilin sürətini azaldaraq sol ön qapının saxlanc yerində əvvəlcədən gizlətdiyi istintaqla müəyyən olmayan özündəki bıçaqlardan birini götürüb əmlakını ələ keçirtmək məqsədilə həyat və sağlamlığı üçün təhlükəli olan basqın edib anidən Zərərçəkmiş şəxs1 boğaz nahiyəsindən zərbə vurduqdan sonra Təqsirləndirilən şəxs2 da onunla birgə hərəkətlərini uzlaşdıraraq cinayətin aləti kimi istifadə etmək üçün ona verilən silah kimi istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs1 qarşı müstəsna qəddarlıq nümayiş etdirməklə hər ikisi çoxsaylı zərbələr vuraraq, baş, sinə, kürək və ayaq nahiyələrinə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid daxilə nüfuz edən döş qəfəsinin sağ yan səthinin bir ədəd, döş qəfəsinin sağ yan səthinin arxa qoltuqxətti üzrə Vİ-Vİİ qabırğaarası sahədə yerləşən bir ədəd, döş qəfəsinin ön səthinin sol yarısının məmə və bayır körpücük xətləri arasında Vİİ- Vİİİ qabırğaarası sahədə yerləşən bir ədəd, döş qəfəsinin ön səthinin sağ yarısının məmə xətti üzrə V-Vİ qabırğaarası sahədə yerləşən bir ədəd, qarının ön səthinin sağ epiqastral nahiyədə yerləşən bir ədəd, qarın nahiyəsinin sağ yan hissəsinin bir ədəd, cəmi 6 ədəd deşilmiş-kəsilmiş yaraları, həmçinin sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid daxilə nüfuz etməyən bel nahiyəsinin sağ yarısının bir ədəd, döş qəfəsinin sağ yan səthinin bir ədəd, döş qəfəsinin sağ yarısının arxa səthinin bir ədəd, döş qəfəsinin arxa səthinin bir ədəd, döş qəfəsinin arxa səthinin sol yarısının bir ədəd, sağ kürək nahiyəsinin bir ədəd, sağ kürəküstü nahiyənin iki ədəd, sol kürəküstü nahiyənin bir ədəd, boyun nahiyəsinin arxa səthinin üç ədəd, sol bud nahiyəsinin orta 1/3-nin bayır səthinin iki ədəd, sol bud nahiyəsinin orta 1/3-nin ön səthinin bir ədəd, sol bud nahiyəsinin yuxarı 1/3-nin ön səthinin bir ədəd, döş qəfəsinin ön səthinin sağ yarısının bir ədəd, döş qəfəsinin sağ yan səthinin bir ədəd, döş qəfəsinin sol yan səthinin iki ədəd, sol süd vəzinin yuxarı-bayır kvadratının bir ədəd, boyun nahiyəsinin ön səthinin sol yarısının bir ədəd, boyun nahiyəsinin ön səthinin sol yan hissəsinin bir ədəd, sifətin sol yarısının bir ədəd, sol qulağın ön hissəsinin bir ədəd, sol qulaq seyvanının dəlibkeçən bir ədəd, cəmi 26 ədədi deşilmiş-kəsilmiş, eləcə də sol mil-bilək nahiyəsinin bir ədəd, sağ əlin ovuc səthinin bir ədəd, cəmi 2 ədəd kəsilmiş yaraları, habelə sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən boyun nahiyəsinin qançırı xəsarətlərini yetirməklə ona ölümünə səbəb olan ümumilikdə 34 xəsarət yetirmiş, bu zaman sonuncunun çantasında əvvəlcədən ələ keçirmək niyyətində olduqları məbləğin olmadığını müəyyən etdikdən sonra dəyərini və markasını istintaqla müəyyən etmək mümkün olmayan bir ədəd qadın çantasını, həmin çantada olan evdə saxlanıldığını güman etdikləri məbləği ələ keçirtmək, yəni tamah məqsədilə zərərçəkmişin yaşadığı evin açarını və dəyəri 1.500 (bir min beş yüz) manat olan “İphone pro max 12” markalı mobil telefonunu götürərək Təqsirləndirilən şəxs2la birgə ələ keçirib quldurluq etmiş, daha sonra törətdikləri xüsusilə ağır cinayət əməlinin izlərini itirmək məqsədilə hər ikisi birlikdə Zərərçəkmiş şəxs1 meyitini həmin gün saat 02:30 radələrində Abşeron rayonu, Fatmayı kəndi ərazisinə gətirərək “Fermalar” adlanan yerə gedən qrunt yolun kənarında çöllük sahədə atmaqla bir qrup şəxs halında xüsusi amansızlıqla, tamah məqsədi ilə və quldurluqla əlaqədar onu qəsdən öldümüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 qeyd olunan əməllərinə görə Azərbaycan Respublikasında cinayət və məhkəmə məsuliyyətindən, ədalət mühakiməsindən kənarda qalmaq üçün ölkə hüdudlarını gizli şəkildə tərk etmək qərarına gəlmiş və bu məqsədlə 11- 12 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini şəxsiyyətini təsdiq edən sənədlər olmadan, müəyyən edilmiş sərhəd və digər növ yoxlamalrın aparıldığı xüsusi təchiz olunmuş nəzarət buraxılış məntəqələrindən kənarda Gürcüstan Respublikasının ərazisinə keçməklə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 29-cu maddəsinə əsasən heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. İşin qanuni hakimin icraatından əsassız götürülməsi və ya bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Hazırkı cinayət işinin materiallarından (mahiyyəti üzrə araşdırma aparmadan) görünür ki, cinayət işinin ağır cinayətlər məhkəməsində baxılmasına, ağır cinayətlər məhkəmənin aidiyyətinə aid olmasına səbəb olan xüsusilə ağır cinayət əməli, yəni Zərərçəkmiş şəxs1 qəsdən həyatdan məhrum edilməsindən ibarət cinayət əməli Bakı şəhəri Nizami rayonu ərazisində törədilmişdir. İbtidai istintaqın gedişində mərhum zərərçəkmiş şəxsin meyitinin Abşeron rayonu, Fatmayı kəndi ərazisində aşkar edilməsi, ilkin istintaq hərəkətlərinin Abşeron rayon prokurorluğu tərəfindən aparılması və digər obyektiv səbəblər nəzərə alınmaqla Azərbaycan Respublikasının Baş prokuroru, 1-ci dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin xx.xx.2022-ci il tarixli qərarı ilə ibtidai istintaqın davam etdirilməsi Abşeron rayon prokurorluğuna həvalə edilmişdir. Belə olan halda, yəni Zərərçəkmiş şəxs1 qəsdən həyatdan məhrum edilməsindən ibarət cinayət əməli Bakı şəhəri Nizami rayonu ərazisində törədildiyindən, ərazi aidiyyəti üzrə hazırki cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 74.5-ci maddəsində isə göstərilmişdir ki, cinayət işlərindən biri ağır cinayətlər məhkəməsinə, digəri isə rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə ağır cinayətlər məhkəməsində baxılır. “Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.1, 74.5 və 74.8-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Plenum qərarında da göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.5-ci maddəsinə müvafiq olaraq, cinayət işlərindən biri ağır cinayətlər məhkəməsinə, digəri isə rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə ağır cinayətin törədildiyi yer üzrə ağır cinayətlər məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 75-ci maddəsinə əsasən, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli qərarına əsasən Bakı şəhəri Nizami rayonu Bakı Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 221.3, 228.4, 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 181.3.3 və 318.1-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 181.3.3 və 228.4cü maddələri ilə təqsirləndirilmələrinə dair 1(124)-233/2024 saylı cinayət işi baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 21 avqust 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Odur ki, Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə iclası keçirilənə və qətimkan tədbiri ilə bağlı müvafiq qərar qəbul edilənə qədər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması barədə sözügedən qərarın mövcudluğu nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 29, 69, 74, 75-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 221.3, 228.4, 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 181.3.3 və 318.1-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 181.3.3 və 228.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması barədə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 21 avqust 2023-cü il tarixli qərarının olması nəzərə alınsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar