Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-238/2022 12.05.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), X8 və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs oğlunun və tərcüməçi X4 iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Xaçmaz rayonu, Müqtədir kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, qonşusu Zərərçəkmiş şəxs 2021-ci ilin avqust ayının sonlarında evinə qonaq gəldiyi gün onun yatmasından istifadə edərək arvadı Şahid7 yatdığı otağa keçdiyini və sonuncunun ayağından əli ilə tutduğunu zənn edərək 02 oktyabr 2021-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs yaşadığı Xaçmaz rayonu Xudat şəhəri R.Behbudov küçəsi 12 nömrəli evə çağırmış, sonuncu ilə evin mətbəx-zal kimi istifadə olunan otağında söhbət edərək ondan etdiyi hərəkəti etiraf etməsini tələb etmiş, lakin Zərərçəkmiş şəxs etiraf etmədiyini görərək sonuncuya inanmayıb aralarında yaranmış münaqişə zamanı daha öncədən evin mətbəxindən götürərək arxa cibində saxladığı soyuq silah hesab edilməyən - tiyəsi gümüşü rəngli metaldan hazırlanmış, sol yan səthində “BASS” sözləri yazılmış, yuxarı kənarı boyu uzunluğu 190 mm, eni əsasında 39 mm, ortada 28 mm, uc hissədə 1 mm, dəstəyinin uzunluğu isə 135 mm, eni 20 mm-dən 35 mm-ə qədər, qalınlığı 15 mm-dən 23mm-ə qədər olmaqla ümumi uzunluğu 325 mm olan, zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs bir neçə dəfə qəsdən bıçaq zərbəsi endirərək sonuncuya döş qəfəsinin arxa tərəfində boşluğa keçməyən iki ədəd, təpə, alın, ənsə və sağ çiyin nahiyələrinin kəsilmiş yaraları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, sağ tərəfli hemopnevmotoraksla müşaiyət olunmuş plevra boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətləri yetirmiş, bununla da, o, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən səmimi peşman olduğunu və ifadə verməkdən imtina etdiyini bildirmişdir. Məhkəmədə elan olunaraq tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə qonşu olduğundan onu uzun müddətdir ki, tanımış, düşmənşiliyi və ədavəti olmamışdır. 2021-ci ilin avqust ayının sonlarında Rəhmanı evinə dəvət etmiş və onlar gecəyə qədər yemək yeyib spirtli içki içmişlər, sonra yatmışlar. Arvadı Şiklə və 5 azyaşlı uşağı isə öz otaqlarında yatmışlar. Səhər saat 06 radələrində yuxudan durduqda Rəhmanın evdə olmadığını görmüşdür. Arvadı və uşaqları olan otağa keçdikdə isə arvadının otaqda olmadığını görmüşdür. Qızı Ceyla ona demişdir ki, gecə Rəhman onların yatdığı otağa girməklə anası Şiklənin ayağından tutmuş və Şiklə onu qovmuşdur. Lakin arvadı Şiklə və Rəhman ona belə bir hadisənin olmadığını demişlər. Bundan sonra, onda Rəhmandan şübhələri yaranmışdır ki, o, gecə onun arvadının yatdığı otağa girib onun arvadına sataşmışdır. 02 oktyabr 2021-ci il tarixdə arvadı Şiklə ilə bu zəmində aralarında baş vermiş mübahisə zamanı o, evdən getmiş və Şiklənin harada olmasını tapa bilməmişdir. Həmin zaman əsəbləşdiyindən gedib Rəhmanı çağırmaq qərarına gəlmişdir. Bu məqsələ qonşuluqda yaşayan Rəhmanın evinə gedib onu çağırmış, bu zaman Rəhmanın qardaşı Bəhruz çıxmış və Rəhmanın evdə yemək yediyini demişdir. O, Bəhruza Rəhmana satmaq üçün dəmir vermək istədiyini deyib çağırmasını xahiş etmişdir. Saat 14 radələrində Rəhman onların evinə gəlmiş və o, mətbəx-zal kimi olan otağa onu aparmışdır. Sonra o, mətbəx rəflərində olan bıçaqlardan birini götürüb belinə qoymuş və otağın qapısını bağlamaqla Rəhmandan arvadı Şikləyə sataşmasını etiraf etməyi tələb etmiş və onu qorxuzmaq üçün bıçağı nümayiş etdirmişdir. Rəhman isə belə bir şey etmədiyini bildirmişdir. Rəhmanla sözlə mübahisə etdikdən sonra ona əsəbləşərək Rəhmana əlində olan bıçaqla zərbələr vurmuşdur. Rəhman isə olanları etiraf etməklə onu vurmamasını xahiş etmişdir. Bu zaman o, dayanmış və kənara çəkilmişdir. Bundan sonra, Rəhmanın anası Rəfiqə və qardaşı Bəhruz gəlmişdir. Bəhruz ona sakitləşəməyini bildirmişdir. O Bəhruza “qardaşını burdan apar əlimdə qalacaq” demişdir. Bundan sonra, onlar getmişlər. Daha sonra o, mərhum dostu Samirin evinə getmiş və atası ilə dava etdiyini yalandan deməklə onlarda olmuşdur, belində olan bıçağı isə onların evində olan yarımtikilidə daşların arasında gizlətmişdir. Daha sonra verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərmişdir ki, Rəhmanın olanları boynuna almasını və qorxmasını istədiyindən ona bıçaq zərbələri vurmuşdur. Onun Rəhmanı öldürmək məqsədi olmamış, belə bir məqsədi olduğu halda onu bıçaqla vurmağa davam edə bilərdi. Rəhman qorxaraq özünü müdafiə etdiyindən onun vurduğu zərbənin Rəhmana yüngül dəydiyini hiss etmiş bu məqsədlə ona bir neçə dəfə zərbə vurmuşdur. (Cild 1, iş vərəqləri 93-96) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2021-ci ilin avqust ayında gecə vaxtı qonşusu Fərid ilə onun evində oturub yeyib-içərək spirtli içki qəbul etmişlər. Gecəni onlarda qalmış və səhər getmişdir. Sonra Fərid ona demişdir ki, guya o, gecə onun evində olarkən arvadına sataşmışdır. Lakin Fəridə dəfələrlə belə bir hadisənin olmadığını, onun evinə gedib-gəlmədiyini və arvadına sataşmadığını demişdir. 02 oktyabr 2021-ci il tarixdə saat 15 radələrində Fərid onu evinə çağırmış və onun arvadına sataşdığını deməklə bunu boynuna almasını tələb etmiş, bunu etmədiyini dedikdə isə evdən götürdüyü mətbəx bıçağı ilə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuşdur. Həmin vaxt Fəridin anası və qaynı da evdə olmuşdur. Sonra qardaşı Bəhruz gəlmiş və onu taksi ilə xəstəxanaya aparmışdır. Zərərçəkmiş şəxs həmçinin qeyd etdi ki, o, hazırda Təqsirləndirilən şəxslə barışmış, ondan şikayəti və tələbi yoxdur, onun müalicəsi üçün çəkilmiş xərclər tam olaraq ödənilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2021-ci ilin oktyabr ayının 2-də günorta vaxtı qonşusu Fərid onun qardaşı Rəhmanı çağırmış və bunun səbəbi ilə maraqlandıqda Fərid işi olduğunu demişdir. Bir müddət keçdikdən sonra Fəridin anası Cəmilənin onu uca səslə çağırdığını, çölə çıxdıqda isə Fərid Rəhmanı bıçaqladığını bilmişdir. Onların evinə qaçaraq içəri girdikdə Fəridin əlində bıçaq olduğunu, Rəhmanın isə qan içində olduğunu görmüşdür. Həmin vaxt Fərid artıq dayanmış və Rəhmanı bıçaqla vurmamışdır. O, Fəridi sakitləşdirmiş, Rəhman isə otaqdan çıxmışdır. Sonra Rəhmanı taksi ilə xəstəxanaya aparmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 Bəruz Rəhmanovla oxşar məzmunlu ifadələr verməklə onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan X2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, oğlu Şahid3la oxşar məzmunlu ifadələr vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, oğlu Fərid gəlini Şikləni qonşusu Rəhmana qısqandığı üçün evlərində söz-söhbət olmuşdur. 02 oktyabr 2021-ci il tarixdə mübahisə olmasın deyə gəlini Şikləni evdən yola salmışdır. Sonra oğlu Fəridlə qonşuları Rəhman evdə mübahisə etmişlər və Fərid ondan boynuna almasını tələb etmişdir. Buna görə qaçaraq Rəhmanın qardaşı və anasını çağırmışdır. İçəri daxil olduqda isə Fərid Rəhmanı bıçaqla artıq vurmurdu, buna görə onları aralamamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, 2021-ci ilin avqust ayında qonşuları Rəhman onlara gəlib əri Fəridlə birlikdə yeyib-içmişlər. Özü isə uşaqları ilə birlikdə digər otaqda olmuşdur. Səhər saat 07 radələrində qapının səsin eşitmiş və Rəhmanın evdən çıxmasını görmüşdür. Sonra gedib əri Fəridi oyatmış, bu zaman Fərid ondan nə vaxt bayıra çıxmasını, gecə çölə çıxıb-çıxmadığını soruşmuşdur. Daha sonra, mütəmadi olaraq Rəhman ona bununla bağlı suallar vermişdir. 2021-ci ilin oktyabr ayının 2-də qaynanası Cəmiləyə Fəridin qısqanclığı ilə bağlı artıq dözə bilmədiyini deyib çıxıb evdən getmişdir. Sonradan ona məlum olmuşdur ki, Fərid Rəhmanı evə çağırmış və onu bıçaqla vurmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2021-ci ilin oktyabr ayının 2-də bacısı Şiklənin qaynanası Cəmilə onlara zəng edərək Şiklənin evdən getməsi demişdir. Bundan sonra anası Dilarə ilə onlara getmiş və bacısının əri Fərid Şiklənin ona xəyanət etdiyini bildirmişdir. Sonra bacısı Şiklənin gətirmək üçün evdən getmiş və geri qaıtdıqda eşitmişdir ki, Fərid qonşusu Rəhmanı bıçaqlamışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, oğlu Şahid4lə oxşar məzmunlu ifadələr vermişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 02.10.2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında tərtib edilmiş protokoldan görünür ki, qeyd olunan cinayət hadisəsinin baş verdiyi yer Xaçmaz rayonu Xudat şəhəri R.Behbudov küçəsi ev 14-dür. Baxışda iştirak edən baş vermiş hadisənin şahidi olan Şahid1 02.10.2021-ci il tarixdə oğlu Təqsirləndirilən şəxs qonşuları Zərərçəkmiş şəxs bıçaqladığı yeri göstərmişdir. (Cild 1, iş vərəqləri 6-11) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 12.10.2021-ci il tarixli 659 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər sağ tərəfli hemopnevmotoraksla müşaiyət olunmuş plevra boşluğuna nüfuz edən bir ədəd deşilmişkəsilmiş yara deşici-kəsici alətin təsirindən törənməklə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, döş qəfəsinin arxa tərəfində boşluğa keçməyən iki ədəd, təpə, alın, ənsə və sağ çiyin nahiyələrinin kəsilmiş yaraları kəsici alətin təsirindən törənməklə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Göstərilən xəsarətlərin yetirilmə müddəti qərarda qeyd olunduğu kimi 02.10.2021-ci il tarixə uyğun gəlir. (Cild 1, iş vərəqləri 37-38) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən komisyon kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 15.01.2022-ci il tarixli 70 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs cinayəti törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilməyib. Təqsirləndirilən şəxs ona ittiham edilən əməli törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onda hazırda hər hansı psixi xəstəlik əlamətləri əşkar olunmur. O hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. O istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi emosianal vəziyyətində hirslilik yaranmış, həmin halın yaranması onda müəyyən edilən xasiyyətin psixopatik cizgiləri fonunda zərərçəkmiş şəxsin həyat yoldaşı ilə münasibətindən şübhələnməsi ilə əlaqədar olmuşdur. O cinayət əməlini törədərkən fizioloji affekt güclü ruhi həyəcan vəziyyətində olmamışdır. Hadisə baş verən vaxt emosianal halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. (Cild 1, iş vərəqləri 175-177) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən kompleks məhkəmə-tibbi kriminalistik və soyuq silah ekspertizasının 21.01.2022-ci il tarixli 819/2021-MTKŞ saylı rəyinə əsasən Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus sviterin və köynəyin arxa hissəsinin sağ-yuxarı nahiyəsində üç ədəd; sviterin və köynəyin sağ çiyin-sağ qol nahiyəsində dörd ədəd; sviterin arxa hissəsinin sol-orta nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus sviterin və köynəyin arxa hissəsinin sağ-yuxarı nahiyəsində aşkar edilmiş üç ədəd deşilmiş-kəsilmiş zədələr onun bədəninin döş qəfəsinin arxa səthində olan üç ədəd; sviterin və köynəyin sağ çiyin, sağ qol nahiyəsində aşkar edilmiş dörd ədəd deşilmiş-kəsilmiş zədələr onun bədəninin sağ çiyin nahiyəsində olan eyni xarakterli xəsarətlərlə yerləşmə nahiyələrinə görə nisbi olaraq üstüstə düşürlər. Zərərçəkmiş şəxs məxsus sviterin arxa hissəsinin sol-orta nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə ona məxsus olan köynəkdə və onun bədənində öz əksini tapmamışdır. Bu da yalnız sviterin zədələnməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi və ucu əyri olduğuna görə bu bıçaqla müqayisəli müayinə üçün eksperiment aparmaq mümkün olmadı. Ona görə də Zərərçəkmiş şəxs məxsus paltarlar üzərində olan zədələrin və onun bədənində olan xəsarətlərin təqdim olunan bıçaqla yetirilib-yetirilməməsi haqqında fikir söyləmək mümkün olmadı. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus sviterin boynunun ön hissəsində bir ədəd kombinə olunmuş zədə aşkar lundu. Bu zədə əvvəlcə hər-hansı bir iti kənara malik alətin (əşyanın) təsirindən kəsilmiş, sonra isə gərilib- dartılaraq cırılmışdır. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus sviterin arxa hissəsinin sol-yuxarı nahiyəsində bir ədəd, sviterin sol qolunun arxa nahiyəsində dörd ədəd və sviterin sol qoltuqaltı nahiyəsində bir ədəd məhdud cırılmalar aşkar olundu. Bu cırılmalar küt yaranma mexanizmə malikdir, sviterin müvafiq nahiyələrinin gərilib-dartılması və ya hər-hansı bir əşyaya ilişib-dartılması nəticəsində yaranmışlar. Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. (Cild 1, iş vərəqləri 187-189) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən kompleks məhkəmə-tibbi bioloji ekspertizasının 19.01.2022-ci il tarixli 957/2021-MTBŞ nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs qan qrupu, şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən, ABO sistemi üzrə O alfa beta(1)dir. Ekspertizaya təqdim edilmiş mayka, kofta, bıçaq üzərində olan ləkələrdə O alfa beta (1) qruplu insan qanı aşkar olundu. Bu qan ləkələri O alfa beta (1) qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. (Cild 1, iş vərəqləri 164-166) Hadisə zamanı Zərərçəkmiş şəxs əynində olan 1 ədəd qısaqol köynək, bir ədəd uzunqol jaket (sviter) və götürülmüş bir ədəd bıçaq işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduqlarından cinayət işi üzrə 21.01.2022-ci il tarixli qərarıla maddi sübut kimi tanınmış və Xaçmaz RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. (Cild 1, iş vərəqi 214) Cinayət işinin materiallarında olan tanınma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət törədilərkən istifadə etdiyi mətbəx bıçağını digər oxşar bıçaqlar arasında tanımışdır. (Cild 1, iş vərəqləri 131-133) Cinayət işinin materiallarında olan ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerində göstərib dəqiqləşdirmələr aparmaqla onları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 217-219) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 13 noyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xaçmaz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 17 yanvar 2022-ci il tarixli 155 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs cəza müddəti 20 dekabr 2019-cu il tarixdə başa çatdığı üçün Xaçmaz Rayon İcra və Probasiya Şöbəsindən qeydiyyatdan çıxarılmışdır. (Cild 1, iş vərəqləri 161, 179) Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən məhkumluğun ödənildiyini nəzərə alaraq və Cinayət Məcəlləsinin 83.6-cı maddəsinin “məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir” tələbini rəhbər tutaraq Təqsirləndirilən şəxs hazırkı iş üzrə məhkumluğu olmayan şəxs qismində tanıyır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən, həmçinin bilavasitə məhkəmədə verdiyi ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxslə barışmış, ona müalicəsi ilə əlaqədar dəymiş maddi zərər tamamilə ödənilmiş, onun hər hansı tələbi, şikayəti və iddiası yoxdur. (Cild 1, iş vərəqi 159) Bundan başqa, iş materiallarında olan nikah haqqında şəhədətnamənin və azyaşlı uşaqların şəxsiyyət vəsiqələrinin surətlərindən, eləcə də yaşayış yeri üzrə arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2017, 2018, 2019, 2020 və 2021-ci il təvəllüdlü beş azyaşlı uşağı vardır. Həmçinin ifadələrdən göründüyü kimi, təqsirləndirilən şəxsin arvadı Şahid7 işləmir, ailənin dolanışığı Təqsirləndirilən şəxs üzərində olmuşdur. (Cild 1, iş vərəqləri 168-173) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində beş azyaşlı uşağın olması, həmçinin zərərçəkmiş şəxslə barışıq əldə etməsi və onun tərəfindən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və aradan qaldırılması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun bu tələbi baxımdan hesab edir ki, Təqsirləndirilən şəxs səmimi peşmançılıq çəkməsi və evli olması, ona qarşı heç bir şikayət və tələbin olmaması da onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.2-ci maddəsinin tələblərinə əsasən cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal hesab edərək, həmçinin həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivini, cinayətin törədilməsindən sonra onun törətdiyi əməli etiraf edərək peçmançılıq çəkməsini də müstəsna hallar hesab edərək, habelə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsi kimi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan halları nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası ilə müəyyən edilmiş aşağı həddən də az azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cinayət qanunvericiliyinin ədalət və humanizm prinsiplərinə uyğun və cəzanın məqsədlərinə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, hüquq pozuntusunun azadlıqdan məhrumetmə ilə cəzalandırılması özü-özlüyündə həlledici səciyyə daşımır, belə ki, veriləcək cəzanın nisbətən yüngül olması hüquq pozuntusunun cinayət hüququ xarakterini aradan qaldıra bilməz. (Öztürk Almaniyaya qarşı, § 53; X3rşı, § 26). Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 13 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Xaçmaz rayon məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 125-127) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 13 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Xaçmaz rayon Polis Şöbəsində saxlanılan 01 ədəd qısaqol köynək, 01 ədəd uzunqol jaket (sviter), 01 ədəd bıçaq məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə qeyd edir ki, iş üzrə məhkəmə xərcləri yoxdur, mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24.12.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25.06.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 62.1-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 13 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Xaçmaz rayon Polis Şöbəsində saxlanılan 01 ədəd qısaqol köynək, 01 ədəd uzunqol jaket (sviter), 01 ədəd bıçaq məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-238/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-238/2022
12.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver